Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə133/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   297
psix

IV.11.5. Təfəkkürün formaları


Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.


Məfhum (anlayış) cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Həmin məfhum altında gələcəyin mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.
Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məsələn, «ev», «ağac» məfhumları konkret məfhumlardır. Mücərrəd məfhumlar isə bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s.
Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. Onlar psixoloji ədəbiyyatlarda eyniləşdirilsələr də, gerçəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.
Təsəvvürlər obrazlı – əyanidir, bilvasitə verilmiş informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür əlamətlərinin birləşməsinə uyğun gəlmir. Təsəvvür obrazlarında predmetin əyani əlamətləri ön planda özünü göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir.
Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur.
Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı axarı həmişə təsəvvürlərlə bağlıdır, amma anlayışlar təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar halda daxil edilir. Təsəvvürlər, əyani obrazlar adətən, təkcə, anlayış isə ümumi ifadə olunur. Məfhum (anlayış) və təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan tərəflərini inikas etdirir.
Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri müşayət edən əyani material fikri proseslərə cəlb edilir. Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.
Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.
Hökmlərdə cisimlər, hadisələr arasında müəyyən əlaqənin olduğu, eləcə də cismin, hadisənin müəyyən keyfiyyətə malik olduğu təsdiq və inkar edilə bilər. Bu baxımdan hökmlər iqraıi və inkarı olmaqla iki yerə bölünür. Məsələn, «Bu kitab maraqlıdır» dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təsdiq edirik. «Bu tələbə çalışqan deyil» dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk. Ona görə də birinci hökm iqrarı, ikinci hökm isə inkarı hökmdür.
Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.
Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və s. növləri də vardır.
Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəy­yən məqsəd və motivlə bağlıdır, insanı nəyisə düşünməyə və hansı qərarı isə qəbul etməyə təhrik edir. Hökmlər fikri fəaliyyətin nəticəsidir, fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir. Hökmlər hərəki xarakter daşıyır, özündə sosial aspekti ehtiva edir.
Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib.
Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından, o nəyi isə təsdiq, inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Subyektin obyektə və digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o, həmçinin iradi aktı ifadə edir.
Hökmlərdə digər insanlara qarşı olan münasibət real aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə ehtiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən asılıdır.
Hər hansı hökmlər həqiqətə istiqamətlənib, lakin hər hansı hökm özlüyündə şərtsiz həqiqət deyil. Mühakimə hökm üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. Hökmlər mühakimənin həm çıxış, həm də son nöqtəsidir. Bu və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur. Mühakimələr əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin