Qrup təzyiqi fenomeni. XX əsrin 50 və 60- cı illərində sosial psixologiyada şəxsiyyətin davranışının onun fərqli sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət mərkəzində olmuşdur. Bu cür psixoloji konfliktlər qrupun şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup təzyiqi hadisəsi kimi qeyd olunurdu. Fərd və qrup arasındakı konflikti həll etməyin yollarından biri kimi konformizm özünü göstərməyə başlamışdır.
Konformizm (və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir. Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir.
Konformizm fenomeni empirik şəkildə insanlara çoxdan məlumdur. Prof. Ə.Əlizadə hələ qədim zamanlarda Azərbaycan güzəran psixologiyasında konformizmin müxtəlif bədii modellərinin təsvir olunduğunu aşkara çıxarmışdır.1 Konformluq və nonkonformluq probleminin eksperimental tədqiqi başlıca olaraq M.Şerif, S.Aş, R.Kraçfild, D.Kreçin əsərləri meydana gəldikdən sonra diqqəti cəlb etməyə başlamışdır. Burada məşhur Amerika psixoloqu S.Aşın xidməti xüsusilə böyuk olmuşdur. Onun 1956- cı ildəki eksperimentlərinin nəticələri sosial psixologiyanın «ən heyrətamiz kəşflərindən biri kimi» (V.E.Çudnovski) səciyyələndirilməyə başladı.
S.Aşın eksperimenti çox sadə olmaqla hər hansı bir mürəkkəb texniki ölçü tələb etmirdi. Eksperiment 7- 8 nəfərdən ibarət qrupda aparılmışdır. Yoxlananları yazı taxtasından 3-5 metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən belə bir təlimat verilmişdir: Siz taxtada çəkilmiş xətlərin uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ vərəqdə xətlər çəkilmişdir. Birinci vərəqdə bir xətt vardır. Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2 və 3). Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm hər biriniz öz cavabınızı verəsiniz. Mən cavabları qeyd edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq».
Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir ki, qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd etsinlər. Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup» adlandırılmışdır. 7-ci və sonrakı yoxlananı eksperiment aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bunu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan sonra cavab verən «sadəlövh subyektlərin» bir çoxu da xətləri onların təsiri altında qiymətləndirməyə başlayırlar.
S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh subyektin» qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız bir nəfər iştirak edirsə, qrup «təzyiqi» effekti, demək olar ki, təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi ilə rastlaşırsa, qrup «təzyiqi» effekti çox cüzi olur. Düzəltmə qrup 3 nəfərdən ibarət olduqda, müvafiq effekt tam aydınlığı ilə təzahür edir. Düzəltmə qrup üzvlərinin sayının daha da artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.
Şəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «neqativizm» anlayışına sinonim, «konformluq» anlayışına antonimdir.