Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər.
Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları eyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər. Bununla yanaşı olaraq şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur. Bu zaman tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla qruplaşdıra bilir. Məsələn, prof. Ə.Bayramov müxtəlif məktəblərdə və siniflərdə apardığı müəyyənedici eksperimentlərə əsasən aglın tənqidiliyinin səviyyəsinə görə şagirdləri 4 qrupa bölmüşdür: təhriksiz olaraq tənqidi düşünənlər; qismən təhriklə tənqidi düşünənlər; tam təhriklə tənqidi düşünənlər; heç cür tənqidi düşünə bilməyənlər.
Real qruplara gəldikdə bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal). Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır. Özünün şəxsi töhfəsi və özünün xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmiqruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun gəldikdə qrupun fəaliyyətinin müvəffəqiyyətlə həyata keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı olduğunu qeyd edirlər.