Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə109/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   105   106   107   108   109   110   111   112   ...   297
psix

Appersepsiya. Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. Qavrayışın insanın psixi həyatının məzmunundan, şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir. Appersepsiya hadisəsi də qavrayışın mühüm xüsusiyyətlərindəndir.


Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur. Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən sözü eşitdikdə onu anlayırıq.
Qavrayış insanın qarşısına qoyduğu məqsədlə, fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri fərqləri qavrayır, bir sıra digər çox sayda olan konstruksiya fərqlərini qavraya bilmir.
Appersepsiya zamanı insanın emosiyaları, onun yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yaranan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vuran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür. M.F.Axundovun «Hacı Qara» komediyasında belə bir səhnə var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata yükləyir, yükün də üstündə Kərəməlini əyləşdirir, atın da yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis ermənilərinə rast gəlir. Hacı Qara əllərində oraq dayanan ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır. Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.
Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir. Gecə yatarkən ana otaqda, küçədə olan səslərə heç bir reaksiya vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı, appersepsiya hadisəsi ilə bağlıdır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin