Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan



Yüklə 1,29 Mb.
səhifə293/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   289   290   291   292   293   294   295   296   297
psix

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş. Yuxarıda qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir. Məlum olduğü kimi, təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird şəxsiyyətinin formalaşması və inkişafı onun böyüdüyü və tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır.
Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox şey asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün zəruri olan psixoloji şərait yaradılmadığı, onun psixoloji xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra çətinliklər meydana çıxır. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə psixoloji xidmətin rolu böyükdür. Adətən, valideynlər uşaqla əlaqədar hər hansı bir problemə rast gəldikdə kömək üçün məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər hallarda uşağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları nəzərə alaraq məktəb psixoloqu şagirdlərin davranışı, onların şəxsiyyətdaxili vo şəxsiyyətlərarası münaqişə problemləri ilə məşğul olarkən uşağın yaşadığı və tərbiyə aldığı ailə, həmin ailə üzvləri arasındakı qarşılıqlı münasibət və s. ilə də maraqlanmalıdır. Buradan çıxış edərək psixoloq öz xidmətini göstərməlidir. Lakin bütün ailələr psixoloqun onun övladı ilə müvafiq iş aparmasına, yeri gəldikdə valideynlərə lazımi məsləhət verməsinə eyni cur yanaşmırlar.
Bəzi ailələr özləri psixoloqun övladlarının şəxsiyyətini tənzim etməsi ilə maraqlanır və bu sahədə ona şərait yaradırlar, başqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu işə hər yolla mane olurlar. Ona görə də psixoloqun işi həmişə istədiyi kimi gedə bilmir. Xüsusilə uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün müvafiq şərait olmayan ailələrlə iş zamanı bu çətinlik özünü qabarıq şəkildə göstərir. Belə ailələrin müxtəlif tipləri mövcud ola bilər ki, onların hər birində psixoloqun yerinə yetirəcəyi iş o birilərindən fərqlənir. Bu cür ailələrin aşağıdakı tiplərinə rast gəlmək mümkündür: 1) boşanma ərəfəsində olan ailələr, 2) boşanmış ailələr, 3) şəxsiyyətlərarası və şəxsiyyətdaxili munaqişələri həll olunmamış ailələr, 4) əxlaq, ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sistemi formalaşmış ailələr. Psixoloqun həmin ailələrdən gələn uşaqlarla müvafiq iş apara bilməsi üçün həmin ailələr, orada uşaqların tərbiyəsi üçün yaradılan şəraitin xüsusiyyətləri ilə ətraflı tanış olması zəruridir.
Adətən, birinci tip ailələrdə uşaqların tərbiyəsi və sosiallaşması üçün yaranmış şəraitin xarakterik xüsusiyyəti bundan ibarətdir ki, həmin ailələrdə uşaqlar artıq kəskin, açıq xarakter almış ailə münasibətlərindəki münaqişələrə cəlb olunurlar. Onlar münaqişədə olan valideynlərinə öz münasibətlərini bildirməyə məcbur olurlar. Bütün bunlar həmin ailədəki uşaqların psixoloji və mənəvi zədə almasına, eləcə də məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.
Məktəb psixoloqunun vəzifəsi bu cür şəraitə düşən şagirdləri müəyyənləşdirmək və onlarla psixoloji məsləhət işi aparmaqdan ibarətdir. Bu sahədə aparılan iş uşağın özünü qiymətləndirməsini təshih etməyə, günahkar olmaq fikrini, hissini aradan qaldırmağa yönəldilməlidir. Psixoloq uşağın öz gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər və göstərməlidir. Bu dövrdə valideynlərlə də izahat xarakterli söhbət aparmaq mümkündür və lazımdır. Söhbət zamanı valideynlərin uşağa qarşı müvafiq şəkildə davranmaq məsələsinə toxunmaq lazımdır.
İkinci tip ailələrdə böyüyən uşaqlarla əlaqədar psixoloqun aparacağı iş də düşünülmüş xarakter daşımalıdır. Burada da nəzərə alınması zəruri olan cəhətlər çoxdur. Adətən, bu cür ailələrdə uşaqdan bir növ qisas almaq silahı kimi istifadə olunur. Belə ki, uşağın onunla olmayan valideynlə ünsiyyət saxlamasına qəti imkan vermirlər. Bu isə uşağın nəinki ümumi inkişafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir göstərir.
Bu cür ailə şəraitində olan uşaqlarla psixo­loqun apardığı iş onların yaş və cinsi xüsusiyyətlərini nəzərə almaq əsasında qurulmalıdır. Psixoloq bu zaman rollu treninqdən istifadə etməklə uşağın evdə əldə edə bilmədiyi rolu mənimsəməsinə, ünsiyyət sahəsinin genişlənməsinə və özü üçün yaxın dost seçməsinə nail olmalıdır. Bu kimi hallarda uşağın yanında qaldığı valideyni ilə məsləhət xarakterli iş aparılması məqsədəuyğundur.
Üçüncü tip ailələrdə də uşağın inkişafı və sosiallaşması üçün uyğun olmayan şərait yaranır. Psixoloji tədqiqatlar göstərmişdir ki, həmin ailələrdəki şərait gizli, həll olunmamış münaqişələrin və ya uyğun şəkildə həll edilməyən münaqişələrin olması ilə xarakterizə olunur. Bu cür münaqişələr isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır ki, bu da çox vaxt uşağın şəxsiyyətinin inkişafına mane olur. Onun şəxsiyyətində arzu olunmayan əlamət və keyfiyyətlər, uyğun olmayan özünüqiymətləndirmə formalaşır, məktəbdəki davranışına, mənimsəməsinə, sinif yoldaşları və müəllimlərlə qarşılıqlı münasibətinə mənfi təsir göstərir. Yenietməlik dövründə bu daha aydın şəkildə təzahür edir.
Məktəb psixoloqu bu cür ailələri aşkara çıxarmaqla burada böyüyən uşaqlara mümkün olan psixoloji köməkliyi göstərməlidir. Valideynlərlə müvafiq izahat işi aparmalı, onların arasındakı münasibətin uşağın tərbiyəsinə nə kimi təsir göstərməsini qeyd etməlidir. Yeri gəldikcə həmin valideynlərə müvafiq psixoloji məsləhətlər verməlidir.
Nəhayət, dördüncü tip ailələrlə psixoloqun apardığı iş də özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir. Bu cür ailələrdə güc, gobudluq, alkoqolizm hökm sürə bilər. Həmin ailə mühiti nəinki uşaqlarda şəxsiyyətin ahəngdar inkişafına şərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı işi sıradan çıxarır. Belə ailələrdə böyüyən uşaqlarda ikili əxlaq, mənəviyyat formalaşır. Həmin uşaqlar qanunu pozmağa daha çox meylli olurlar. Onlarda, adətən, şübhə, inamsızlıq, onu əhatə edənlərlə mülayim şəxsi təmas yarada bilməmək, təcavüzkarlıq, zəifiradəlilik, xüdbinlik və s. kimi mənfi xarakter əlamətləri formalaşır.
Məktəb psixoloqunun bu cür ailələrdən gələn uşaqlarla apardığı iş olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq, kənardan ona qarışmağa yol verməmək xarakterik haldır. Buna baxmayaraq həmin ailələr və onlardan gələn uşaqlarla iş aparılmalıdır. Məktəbin, məktəb psixoloqu­nun vəzifəsi uşağı tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan, onun şəxsiyyətindəki müsbət cəhətləri möhkəmləndirməkdən ibarətdir. Bütün bu işləri həyata keçirərkən psixoloq sinif rəhbərinin, ayrı-ayrı müəllim­­lərin, valideyn komitəsinin, şagird təşkilatlarının köməyindən istifadə etməlidir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin