Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə292/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   289   290   291   292   293   294   295   296   297
psix

Hər şeydən əvvəl, hər uşaq yalnız bir dəfə yoxlamadan keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir. Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə almaqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum olduğu kimi, həmin yaş dövründə uşaqların əqli iş qabiliyyətinin səviyyəsi məhz 20-30 dəqiqədən ibarət olur. Digər tərəfdən, uşağı I sinfə yazdırmaq üçün valideynlər onu bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla yanaşmırlar.
İkincisi, psixoloji yoxlamaları valideynin iştirakı ilə aparmaq məqsədə müvafiqdir. Belə olduqda uşaqlarda və valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlamadan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın məqsədi uşağı imtahan etməkdən ibarət deyildir. Burada əsas məqsəd uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir. Yoxlama motivinin bu cür izahı valideynin psixoloqa inamla yanaşmasına və yeri gələndə ona köməklik göstərməsinə imkan yaradır.
Ücüncüsü, yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin keyfiyyət xarakteristikasını verməlidir.
Gələcək I sinif şagirdləri üzərində aparılan eksperi­mental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu cür suallar standart xarakter daşıyır: sənin adın nədir, neçə yaşın var, uşaq bağçasına gedirsənmi. Sualları verməklə psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır. Burada yeri gəldikcə bu və ya digər cəhətə əsasən uşağı tərifləmək tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxşı donu, saçı var. Oğlana demək olar ki, afərin, nə yaxşı oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.
Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür mü­raciət edir: "İndicə səninlə birlikdə məşğul olacağıq. Mən sənə tapşırıq verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir az məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".
Bundan sonra "Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetirilir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir, onları sakitləşdirir, gərginliyi aradan qaldırır. Bununla yanaşı, dərhal müvəffəqiyyət şəraiti yaradır. Uşaq öz işinin nəticəsini qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə tapşırığı yerinə yetirə bilməsindən və tanımadığı adamın onu tərifləməsindən ibarətdir.
"Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Həmin lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə hissəyə kəsilməsindən asılıdır.
Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə etmək olar. Birinci (1 №-li) lövhə toplusu aşağıdakı doqquz bütöv fiqurdan ibarətdir: dairə, xaç, kvadrat, üçbucaq, romb, oval, trapesiya, ulduz, altıguşəli fiqur. İkinci lövhə (2 №-li) iki hissəyə bölünmüş fiqurdan (dairə, oval, altıguşəli, kvadrat) və üç hissəyə bölünmüş bir fiqurdan (xaç) ibarətdir. Tapşırığı yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat verilməlidir: "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran kimi fiqurları tökmək, uşağın işə başlamasını gözləmədən saniyəölçəni işə salmaq lazımdır. Əgər uşaq işə dərhal başlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt keçdiyini göstərmək lazımdır. Protokolda uşağın bütün hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35 saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir.
Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq həmin çətinliyin nədən ibarət olduğunu: uşağın buna necə münasibət bəslədiyini, onu aradan qaldırmağa necə cəhd göstərdiyini protokola qeyd etməlidir. Uşağa necə hərəkət etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona birinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan qaldırsın. Əgər uşaq elə ilk andan ona köməklik göstərilməsini istəyirsə, onu dərhal protokola qeyd edib uşağı müstəqil işə istiqamətləndirmək lazımdır. Çox zaman uşaqlar ən azacıq çətinlikdən kömək üçün böyüklərə müraciət edir və deyirlər: "Mən bunu edə bilmərəm", "bilmirəm necə edim", "bacarmıram". Belə olduqda çox mülayim şəkildə uşağı tapşırılan işi müstəqil şəkildə yerinə yetirməyə məcbur etmək lazımdır. Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə uşağın köməyinə gəlmək lazımdır. Köməyi daima ehtiyatla etmək lazımdır, uşağın özünün yerinə yetirə biləcəyi işə qarışmaq lazım deyildir.
"Seqen lövhəsi"ndən sonra uşaqlara N. A. Brenşteynin "ardıcıl hadisələr" tapşırığını vermək olar.
Bunun üçün "Canavarlar" seriyasından ibarət beş süjetli şəkildən istifadə etmək olar. Hər bir şəkil müəyyən bitkin situasiyanı əhatə edir. Həmin şəkillərin məzmunu aşağıdakı kimidir: birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan uşağı qarla örtülmüş meşə yolu ilə gedir. İkinci şəkildə -nədənsə çox qorxmuş həmin uşaq əlində çanta meşə ilə qaçır, şəklin sağ tərəfində uşağın yolu üstündə böyük ağaclar görünür. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür.
Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın altında görünür. Sol tərəfdə pöhrəlikdə üç canavar uşağın dırmaşdığı ağaca tərəf qaçır. Dördüncü şəkildə uşaq ağacın ortasındakı aşağı budağın üstündə uzanmışdır. Ağacın altında onun çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür. Ağacın dövrəsində üç canavar dayanmışdır. Onlardan biri qabaq pəncələrini ağacın gövdəsinə söykəyib, ikinci dayanıb ağzını uşaq olan tərəfə qaldırıb, üçüncü isə ağacın yanında nəyisə iyləyir. Beşinci şəkildə sağ tərəfdə hündür ağac çəkilmiş, onun gövdəsini qucaqlayıb aşağı düşmək istəyən uşaq və ona aşağıdan kömək edən saqqallı kişi görünür. Sol tərəfdə arxa planda xizəyə qoşulmuş at görünür. Xizəkdə oturmuş adam fiquru var. Xizəyin qarşısında başqa bir adam fiquru çəkilmişdir. O, ensiz ağaca bənzəyən bir əşyanı üfüqi vəziyyətdə çiyninə söykəmiş, onun ucundan qırmızıya çalan bir iz uzanır.
Şəkillər uşağa ardıcıl deyil, qarışıq verilir. Məsələn, beşinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aşağıdakı təlimatla müşayət olunur: "Mən sənə bir hadisəni təsvir edən şəkillər verəcəm. Lakin həmin şəkillər qarışıb. Sən həmin şəkillərə diqqətlə baxıb, yaxşı-yaxşı düşünüb ardıcıl şəkildə stolun üstünə düzməlisən. Bax bura hadisənin başlanğıcını göstərən şəkli, sonra qalanlarını qoymalısan (ikincini və sonrakı şəkillərin hər birini hara qoyacağını göstərməklə). Onda şəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy».
Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini protokola daxil edir.
Əgər uşaq bir dəqiqə ərzində işə girişmirsə onu bu kimi sözlərlə ruhlandırmaq olar: "Şəklə bax, sən onları sıra ilə düzməlisən" və yaxud "Qorxma, bir düz görüm".
Uşaq işi yerinə yetirməyə başlayıbsa onun nə dərəcədə düzgün işləməsi barədə heç nə demək lazım deyildir. Yalnız uşaq bütün şəkilləri düzüb qurtardıqdan sonra demək olar: "Şəkillərin hamısını sıra ilə düzmüsənmi?" İndi göstər görüm birinci şəkil hansıdır? İkinci hansıdır? Üçüncü, dördüncü, sonuncu hansıdır?" Uşağın düzdüyü ardıcıllığı protokolda qeyd etmək lazımdır. Əgər ardıcıllıq düzgündürsə, sadəcə (+) işarəsi qoymaqla kifayətlənmək olar.
Bundan sonra demək lazımdır: "İndi mənə bu hadisəni danış". Uşağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir, əgər süjet düzgün ardıcıllıqla tərtib olunarsa uşağa həmin hadisəyə ad verməsini təklif etmək lazımdır.
Bu cür işin köməyi ilə uşağın şəraitin gizli mənasını nə dərəcədə uyğün şəkildə anladığını aşkara çıxarmaq mümkündür.
Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə yetirdiyi işə görə tərifləmək, sonra köməkçi suallar vasitəsilə ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.
Bundan sonra başqa (üçüncü) tapşırığın yerinə yetirilməsinə başlamaq olar. Burada Vekslerin testlərinə daxil olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür.
Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün "Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən istifadə etmək olar. Bu metodika psixologiya sahəsində çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən geniş tətbiq olunur. Bu zaman verilmiş dörd əşya (və ya onların şəkli) arasında birinin artıq olduğu bildirilir və yoxlanandan tələb olunur ki, onu tapsın və götürsün. Məsələn, a) karandaş, çanta, dəftər, şlyapa şəkilləri, b) stol, stul, kitab şkafı, çaynik şəkilləri və s.
Beləliklə, bu tapşırığın əsasında anlayış əlamətinə görə təsnif etmək dayanır. Məktəbə hazırlıqla əlaqədar həmin metodikanı tətbiq edərkən burada bir qədər başqa məqsəd güdülməlidir. Burada uşağın nəyi artıq sayması deyil, tanış və ya az tanış olduğu əşyalar haqqında nə deməsi mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı olaraq uşağın həmin tapşırığı, iş tərzini necə yerinə yetirməsi də nəzərdə tutulan cəhətlərdəndir.
Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər verməyə imkan yaradır. Bununla yanaşı olaraq həmin qeydlər uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını, başlanğıcını təşkil edir.
Məktəbə psixoloji xidmət sahəsində diqqəti cəlb edən cəhətlərdən biri də çətin tərbiyə olunan ("çətin") uşaqlarla aparılan işdir. Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uşaqda "çətinliyin" yaranması səbəblərinin aşkara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir. Bu barədə kitabın ikinci bölməsində danışıldığı üçün burada geniş bəhs olunmağı lazım bilmədik.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin