Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


I.1.3.  Psixologiya  elminin inkişaf  mərhələləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   2   3   4   5   6   7   8   9   ...   49

I.1.3.  Psixologiya  elminin inkişaf  mərhələləri

Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən

keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:

Elməqədərki I mərhələ.  Qədim dövrdən başlayaraq

bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. 

Bu dövrdə ruh (psixika)  haqqında təsəvvürlər çoxsaylı mif və

əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini

tapmışdır.


17

İlkin elmi təsəvvürlər (ikinci mərhələ).  Bu dövr

eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin so-

nuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi

fəlsəfənin tərkibində inkişaf etmişdir.  II mərhələnin başa

çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-

lidir.  Kimi ilk psixologiya məktəbinin    - assosionizmin

yaranmasıyla (XVIII əsrin sonları),  kimi də fəlsəfə və təbiət

elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla

(XIX əsrin ortaları) II mərhələnin başa çatdığını qəbul edir.

Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər

elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya

elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eks-

perimental psixologiya laboratoriyasının yaranması tarixindən

götürməyi təklif edənlər də var. Bunlarla yanaşı psixologiyanın

müstəqil elm sahəsi kimi daha əvvəlki dövrlərdən meydana

çıxdığını qəbul edənlər də olmuşdur.  Bu,  psixologiyanın

müstəqil şəkildə predmetinin müəyyənləşməsi,  humanitar və

təbiət elmləri sistemində öz yerini tutması, psixikanın daxili və

xarici təzahürlərinin eyni vaxtda öyrənilməsi ilə bağlıdır. 

Psixologiyanın müstəqil mövqeyi onun bir fənn kimi

üniversitetlərdə tədris olunması ilə də əlaqələndirilir.  Bu isə

XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə təsadüf edir.

Psixoloqların böyük əksəriyyəti psixologiya elminin

müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX

əsrin

ikinci


yarısından,  eksperimental

psixologiyanın

yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.

İstənilən halda qəbul etmək lazımdır ki,  psixologiyanın

müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin

tərkibində inkişafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin

tərkibində olduqda belə bu elm inkişaf etmiş,  onun predmeti, 

məzmunu təkmilləşmişdir.

Uzun müddət psixologiyanın predmeti ruh olmuşdur. 

Lakin müxtəlif dövrlərdə ruh anlayışı müxtəlif məzmun, 

mahiyyət kəsb etmişdir. «Ruhi aləm»  anlayışının əmələ


18

gəlməsi ibtidai insanların animistik görüşləri ilə əlaqədardır. 

İbtidai insanların təsəvvürlərində ruh bədəndən aydın surətdə

ayrılmır.  Bu təsəvvürlər həyat fəaliyyəti və şüur,  o cümlədən

yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv

– materialist şərhi nəticəsində əmələ gəlmişdi. Belə hadisələrin

səbəbini izah etməkdə çətinlik çəkən ibtidai insanlar onların

bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi

qəbul edirlər.  Qədim insanlara görə insanın ruhu – onun

bənzəridir.  Onun tələbatı və adətləri,  mövcudluq şəraiti canlı

insanlarda olduğu kimidir. 

Bununla yanaşı,  hesab edilirdi ki,  ruhun başlıca

funksiyası bədəni fəallaşdırmaqdır.  Qədim dövrün alimləri –

psixoloqlar hesab edirdilər ki,  bədən ətalətdə olan kütlədir və

onu məhz ruh hərəkətə gətirir.  Ruh yalnız fəallıq üçün enerji

vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranışını

tənzim edir. 

Tədricən ruhun funksiyasına idrak da əlavə olundu. 

Beləliklə, fəallığın mənbəyi kimi idrak, onun mərhələləri psix-

oloji tədqiqatların mühüm məsələlərinə çevrildi.

Orta əsrlərdə ruhun

öyrənilməsi ilə bağlı dini

nəzəriyyələr meydana çıxdı və elmi araşdırmaları sıxışdırmağa

başladı.  Buna görə də formal olaraq psixologiyanın predmeti

dəyişmədi,  bədənin fəallığının növləri,  idrakın xüsusiyyətləri, 

ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya, 

iradi davranış,  məntiqi təfəkkür və s.  ilahi iradə,  allaha inam

kimi təqdim olunmağa başlandı.

Lakin dini ideologiya real aləmə neqativ münasibət

formalaşdırmışdı, haqq-təalaya qovuşmaq istəyən insandan özü

ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki, 

mövcud olanlar artıq yaradılmışdır və əbədi olaraq dəyişməz

qalacaqdır.  Yeganə radikal dəyişiklik yalnız insanın «ikinci

zühuru»  zamanı baş verəcəkdir.  O vaxta qədər isə heçnə

dəyişməyəcəkdir. 

Lakin bu kimi təzyiqlərə baxmayaraq,  artıq feodalizmin



19

daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxır.  Həmin

dövrdə universitet tələbələri ilk mühazirədə professoru

qiymətləndirmək istədikdə deyirdilər:  «Bizə ruhi aləm

haqqında danışın!».

Digər elm sahələri kimi, psixologiya elmi də tədricən di-

nin təzyiqlərindən,  buxovundan azad olmağa başladı.  Antik

dövrlərdə olduğu kimi,  elm yenə də obyektiv,  rasional

düşüncəyə,  yanaşmaya,  ağıla,  inama,  real faktlara istinad

etməyə başladı. Lakin bununla yanaşı, dini inamlardan hələ də

tam imtina etmək mümkün deyildi.  Buna görə də

psixologiyanın predmeti dəyişdi. Onun predmeti ruh,  ruhu

aləm deyil, şüur, onun məzmunu, formalaşdırılması yolları ol-

du.


Lakin bu dövr ona gətirib çıxardı ki,  artıq XVIII əsrdə

faktiki olaraq idrak prosesləri psixologiyanın predmetinə çe-

vrildi. Eyni zamanda,  davranış,  emosional proseslər,  eləcə də

şəxsiyyət,  onun inkişafı hələ də psixologiyanın predmetindən

kənarda qalırdı.  Tədqiqatların belə məhdud dairəsi ilk

dövrlərdə həm də əhəmiyyətli idi. Belə ki, bu vəziyyət psixolo-

giyaya dini mövqedən uzaqlaşmağa,  sonra isə eksperimental

elmə çevrilməyə imkan yaratdı. Bu həm də onun müstəqil elm

sahəsinə

çevrilməsinə,  tədqiqat

sahəsinin,  predmetinin

fəlsəfədən fərqlənməsinə,  ayrılmasına təkan verdi.  Digər

tərəfdən isə belə yanaşma psixologiyanın inkişafına əngəl olur-

du.  Buna görə də XIX əsrin ikinci yarısında bu məsələlərə

yenidən baxmaq zərurəti yarandı.  Biologiyanın inkişafı,  o

cümlədən Ç.  Darvinin təkamül nəzəriyyəsi,  H.Spenserin və

digər tədqiqatçıların işlərinin nəticəsində psixologiya elmi

fəlsəfədən tamamilə ayrıldı,  təbiət elmlərinə yaxınlaşdı.  Bu-

nunla yanaşı,  öz predmetini genişləndirərək,  İ.N.Seçenovun

sözləri ilə desək «şüur sahəsindən davranış sahəsinə»  keçirdi. 

Beləliklə idrak proseslərindən başqa,  emosional proseslər və

davranış psixologiyanın predmetinə daxil oldu. Daha mühümü

isə ondan ibarətdir ki,  psixologiyanın obyektiv elm sahəsi ol-


20

maq cəhdi psixikanın tədqiqində yeni metodların axtarışına

səbəb olmadı. XIX əsrin 80-cı illərinə qədər introspeksiya hələ

də aparıcı metod olaraq qalırdı.

Psixologiya elminin inkişafının III mərhələsi Alma-

niyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psix-

ologiya laboratoriyasının yaratması ilə başlayır. 

Eksperimental psixologiya laboratoriyasının yaranması

ilə psixologiya müstəqil,  obyektiv və eksperimental elm

sahəsinə çevrildi.  Lakin V.Vundt-un assosianist yanaşmanın

əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosian-

al haləti,  şəxsiyyətin strukturu,  yaradıcı fəallığı ilə bağlı yeni

faktlar verə bilmədi.

Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni

metodlar axtarmağa sövq etdi. Həmin dövrdə yaranan ilk psix-

ologiya məktəbləri (strukturalizm,  funksionalizm,  Vyursburq

məktəbi)  uzun müddət fəaliyyət göstərə bilmədi.  Lakin onlar

sübut etdilər ki,  psixologiyanın predmeti,  metodları ilə bağlı

fərqli mövqelər,  yanaşmalar mövcuddur.  Beləliklə,  zamanın

tələblərinə uyğun yeni axtarışlar başladı. Bu dövrü psixoloqlar

metodoloji böhran  dövrü adlandırırlar.

Vahid mövqeyə gələ bilməmələri nəticəsində XX əsrin

əvvələrində psixologiyada bir neçə istiqamət meydana çıxdı. 

Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı. 

Nəticədə psixologiyada psixoanaliz,  biheviorizm,  qeştalt psix-

ologiya,  marksist psixologiya istiqamətləri və məktəbləri

yarandı. 

XX əsrin II yarısında yeni psixologiya məktəbləri və

istiqamətləri:  humanist psixologiya,  genetik psixologiya,  koq-

nitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX

əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni

inkişaf mərhələsinə daxil oldu.  Bu mərhələnin xarakterik

xüsusiyyəti ondan ibarətdir ki,  indi ayrılma,  parçalanma yox, 

ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi pro-

sesi gedir. 


21

I.1.4.  Azərbyacanda psixoloji fikrin və elmi

psixologiyanın yaranması, inkişafı

Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı

Bütün dünyada olduğu kimi,  Azərbaycanda da psixoloji

fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: 

elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. 

Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək

də düzgün olmazdı.  Onlar bir-birinin daxilində formalaşmış, 

biri digərinin inkişafına zəmin yaratmışdır.

Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox

qədimdən,  eramızdan əvvəldən başlanır.  O,  bir tərəfdən Şərq

fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələn-

mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər-

dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər

psixoloji fikrə öz təsirini göstərmişdir.

Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarix-

inin araşdırılmasını dünya psixologiya elminin inkişafı

kontekstindən ayırmamağı lazım bildik.

Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki

psixologiyanı eyni zamanda «güzəran psixologiyası»  adlan-

dırırlar. Onlar yazırlar: «Güzəran psixologiyasına aid biliklərin

mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim za-

manlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş

müxtəlif obrazlı ifadələrdə,  atalar sözlərində,  bayatılarda, 

nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmışdır. Bizim

hər birimiz bu bilikləri ətraf adamlardan,  eləcə də şifahi xalq

ədəbiyyatı vasitəsilə mənimsəyirik.  İnsanın şəxsi təcrübəsində

həmin biliklər daha da dəqiqləşir,  yeni məna çalarları kəsb

edir».

Onlar daha sonra yazırlar:  «Güzəran psixologiyasına aid



olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan

22

müəyyən faktlara rast gəlirik.  Lakin onların hamısı üçün bir

cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl

şəkildə izah edilmir, sübut olunmur».

İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduq-

ları,  ünsiyyətə girdikləri insanları öyrənməyə,  anlamağa,  dərk

etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən

toplanan biliklər ümumiləşdirilmiş,  dildən-dilə,  ağızdan-ağıza

keçərək ümuminin,  hamının qəbul etdiyi fikirlər olmuşdur. 

Bunlar bayatılar,  nağıllar,  atalar sözləri,  nəğmələr,  laylalar, 

miflər,  əfsanələr və s.  şəklində,  lakonik dillə çatdırılmışdır. 

Demək olar ki,  elmi psixologiyanın tədqiq etdiyi sahələr

içərisində elə bir problem yoxdur ki,  xalq yaradıcılığında da

ondan bəhs olunmasın, münasibət bildirilməsin.

Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, 

ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini

bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, üm-

id və istəklər bu yaradıcılığın əsasını təşkil edir.

Psixoloji fikrin yaranması və inşasının digər bir istiqa-

məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yara-

dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, 

Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-

mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan

psixoloji fikrinin yaranması,  inkişafı və formalaşmasında

əhəmiyyətli rol oynamışdır.  Onların yaradıcılıığı bir tərəfdən

xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən

bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır.  Yəni

Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini

müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir. 

Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos

özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail ol-

maq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, 

həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».

Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə

qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatın-


23

da və «Kitabi-Dədə Qorqud»  dastanında çox bariz şəkildə öz

əksini tapmışdır.

Dastanda totemizmin,  şamanizmin,  çoxallahlığın xeyli

açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və

eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, 

atam adın deyirsən Qocan Aslan,  mənim adım sorarsan Aruz

oğlu Basat».

Dastan belə başlayır: «Xanım hey!»

Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl

çatmayan, ötüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, ge-

nin, idrakın uyuşmadığı bir mühitə düşərək xiffəti, fəryadıdır.

Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və

şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da,  bu keçmişdən

ayrıla bilməyəcəklər.  Onlar hətta bu keçmişi məhv etməyə

çalışdıqları zaman belə onun təsiri altında olacaqlar».

Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz

qılınclarına and içir,  suyla xəbərləşir,  qurd üzü mübarəkdir

deyirdilər.

Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq ol-

duqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə

mənəviyyatda,  əxlaqda deformasiya baş verir.  Bəzən xalqın

etnogeninə,  düşüncə tərzinə yad,  yabançı olanı ona doğru, 

düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.

Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdiril-

məsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları

əvəzsiz xəzinədir.

«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarət-

dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs-

tün tutulmasıdır.  Etibar,  inam,  sədaqət,  ləyaqət aparıcı

xətlərdən birini təşkil edir.  Beyrəyin nişanlısı yalnız onun

dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi

(milçəyi) üzərimə qondurmam», - deyir.

Dastanda ən çox diqqəti cəlb edən azadlıq,  azad fikir, 

qadın və kişi bərabərliyi,  qadının uca, yüksək tutulmasıdır. 


24

Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə

sayaq qız itsədiyini soruşur.  Qantural deyir:  «Baba,  mən

yerimdən durmadan ol durmuş ola, mən qanlı kafər əlinə var-

madan ol varmış, mənə baş gətirmiş ola».

Mərdlik,  məğrurluq,  qeyrət eynilə qıza,  qadına da xas

olub.  Ərləriylə,  sevgililəriylə bir meydanda döyüşən qadınlar

eyni zamanda onların qürurunu sındırmamağa,  kişilərin

yanında qürrələnməməyə çalışıblar:  «Öyünərsə ər öyünsün –

aslandı.  Öyünməklik övrətlərə böhtandır.  Öyünməklə övrət ər

olmaz», - deyiblər.

Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya-

qət,  şərəf,  nəciblik anlayışları azərbaycanlı psixologiyasının, 

xarakterinin təməlidir.  Zaman-zaman dəyişən,  zənginləşən, 

bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan

azərbaycanlı psixologiyasının etnogeni,  nüvəsi Dədə Qorqud

dövründə təşəkkül tapmış, formalaşmışdır.

Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaş-

dırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? 

Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli

dünya. Son ucu ölümlü dünya».

Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramız-

dan əvvəl başlayıb,  islam dininin Azərbaycana gəlişiylə başa

çatır. Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Neçə

əsrlər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu para-

lelliyin bir çox cəhətləri davam edir,  yaşayır:  adət-ənənələri-

mizdə, andımızda, xarakterimizdə.

«İslamiyyətdə milli mənsubiyyət yoxdur»  şüarı ilə

Azəbaycan dünyasına daxil olan islam dini millətlərin, 

xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını di-

ni biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə

inam və əqidədə yeniləşmə demək idi. 

İslam dini təkcə qılıncla yox,  siyasətlə,  ideologiya ilə, 

şüurlara təsirlə,  inandırma yolu ilə yayıldı.  Bu yayılma

müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin


25

yayılması idi.  Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən

türk dili ədəbiyyata,  mədəniyyətə qayıtmağa başladı.  Xətai, 

Füzuli kimi böyük şairlər yetişdi.  Aşıq şeri inkişaf etdi.  Bu, 

xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq

fars,  ərəb təsirindən qurtulub,  kökünə qayıtmaq istəyirdi.  Bu, 

yeni qayıdış idi.  Artıq bu dövrdə qədim türklərdəki adət-

ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini

ərəblərə inkişaf,  qadın hüququ,  cəhalətdən qurtarmaq imkanı

vermişdisə,  qədim türklərin bir çox sərbəstliyi,  azadlığı

buxovlanmışdı.

İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb,  fars, 

türk və digər etnos və xalqların dünyagörüşü,  mədəniyyəti, 

adət-ənənələrinin sintezindən yeni mədəniyyət,  yeni təfəkkür

yaranmağa başladı.  Farsların ədəbiyyatı,  ərəblərin fəlsəfəsi, 

türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən,  adət-

ənənələrindən yeni dünyagörüşü yarandı. 

Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq

tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində

nəsihətçilik əsas yer tutdu.  Mənəviyyat məsələləri önə keçdi. 

Yalnız mənəviyyat,  maddidən imtina çağırışları öz təsirini

göstərdi.  Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı

artırdı.  Lakin bu,  aşkar deyil,  gizli mahiyyət daşıdı.  Ona görə

də deyilirdi:  «Vaiz özü lüm-lüm udur batində,  ancaq zahirdə

dediyi mənaya bir bax».

Bu mənada məşhur hind filosofu Vivekananda gözəl de-

yib:  «Şərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərə-

cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır».

Müxtəlif dövrləri, ictimai tarixi şəraiti öyrənən əksər təd-

qiqatçılar konkret tarixi şəraitdə yaşayan insanların dünyagörü-

şü,  şəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün

insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli

sürmüşlər. Belə yanaşmanın səmərəliliyi bir də ondadır ki, hər

bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-

zərsiz,  təkrarolunmazdır.  Bütün bunlar isə insana özünün


26

təsirini göstərir,  ictimai-tarixi şəraitə uyğun şəxsiyyətlər

formalaşdırır. 

Məlumdur ki,  qədim dövrün insanlarının daxili dünyası, 

xarakteri,  maraqları,  tələbatı orta əsrlərin və müasir dövrün

adamlarından fərqli olmuşdur. 

Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu

fikri qəbul edirik ki,  adət-ənənə,  tarixi və mədəni nailiyyətlər

nəsildən-nəslə keçərək eyni millətə,  xalqa,  coğrafi məkana

məxsus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli, 

dünyagörüşlü,  uyğun psixoloji tipli şəxsiyyətlər də formalaş-

dırır.


Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin

yaradıcılığında həm qədim türk,  həm də islam dəyərləri bir

tərəfdən qovuşmuş,  vəhdətdə götürülmüş,  digər tərəfdən zid-

diyət təşkil etmişdir.

Nizami şeyxdir,  islamın tədqiqatçısıdır.  Əsərlərini fars

dilində yazıb.  Amma mənşəcə,  xaraktercə türkdür.  O,  əsərlə-

rində 350-dən artıq türk adı işlədib.  Türkə xas olan

keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib.  O, 

türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyətləri onun

adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hal-

larda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik

çəkib:


Nə qədər oraya at çapsam da mən,

Bir xəbər gətirmək gəlmir əlimdən.

deyir.


Professor Ə.S.Bayramov yazır:  «Nəsiminin təbliğ etdiyi

fikir və mülahizələr,  görüşlər isə o dövrün hakim islam dini

ideyalarının tamamilə əksinə olmuşdur.  Buna görə də onun

şerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».

Orta əsrlərdə,  o cümlədən 1613-cü ildə Şah Abbasın

(1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan

İrana xeyli əhali köçürüldü.  Təbrizdən xeyli əhali İsfahana

gətirildi.  Belə yerdəyişmələr,  təbii ki,  o dövrün adamlarının


27

dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi. 

Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar.  Bu

dövrdə Bağdadda, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə ye-

ni-yeni elm ocaqları yaradıldı.  Elmin müxtəlif sahələrində

nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.

Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələr-

də,  ədəbiyyatda geniş yayılsa da,  sadə xalq arasında türk dili, 

türk ənənəsi qorunub saxlanılırdı.  Azərbaycan xalqının psixo-

logiyası da məhz bu zəmində formalaşırdı. 

XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək-

kəblik, ziddiyyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat

tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo-

loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır.

Formalaşmış bir çox keyfiyyətlər,  xüsusiyyətlər dəyişir.  Yeni

tip məktəblər açılır.  Bir çox mütəfəkkirlər yeni mühitin

yaratdığı adamlar oldu.  Formalaşmış xüsusiyyətlərlə yeni

arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə

nəticələndi.

XIX əsrin sonlarına doğru Azərbaycanda maarif,  mədə-

niyyət inkişaf edir,  ziyalılar nəsli yetişirdi.  Çar Rusiyasından

Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər

gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı

artırdı.  A.Bakıxanov,  M.F.Axundov,  N.Vəzirov,  H.Zərdabi və

başqaları elmə,  mədəniyyətə,  dövrə,  zamana uyğun,  əvvəl-

kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər

yaratmaqla bərabər milli,  bəşəri hisslərin formalaşması üçün

əllərindən gələni edirdilər.

M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı

pyeslər nəinki Azərbaycanda,  bütövlükdə Şərqdə yeni bir

hadisə idi.  Orta əsrlərdə qəzəl janrı necə məşhur idisə,  geniş

yayılmışdısa,  Axundovdan sonra dram janrları da XIX əsrin

ikinci


yarısında

eləcə


geniş

yayılmışdı, 

xalqın

maariflənməsində əvəzsiz rol oynamışdı.



XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze-

28

tinin nəşrinə başlanması böyük,  əhəmiyyətli hadisə idi.  Bu

qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında

önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki

həmin dövrün,  eləcə də sonrakı dövrlərin,  bundan sonrakı

zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq. 

Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr

tamaşalarının göstərilməsi ilə bağlıdır.  Oxumağı,  yazmağı ba-

carmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və

azadlıqlarını başa düşür,  tədricən onun uğrunda mubarizəyə

hazırlaşırdılar.

Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psix-

oloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, 

şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə

çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropa-

dan insanlar gəlir,  iş qurur,  işləyir,  yaşayır,  şəhəri zəngin-

ləşdirirdilər. 

Bir tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazır-

lanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə

tələbələr göndərilir,  mətbuat yaranır,  digər tərəfdən qadın

hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azər-

baycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdə

xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində

görənlər,  cəhaləti,  avamlığı tənqid edənlər,  digər tərəfdə isə

təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görən-

lər, bu yolda çalışanlar meydana gəldi. 

Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni

bir intibah dövrü hesab edirlər.  Məhz bu dövrdə çoxsaylı

mətbuat orqanı,  Şərqdə ilk teatr,  opera sənəti yarandı.  Xalqın

həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük

dəyişiklik baş verdi. 

XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqu-

tuna yaxınlaşdı.  Məişətdən tutmuş həyat və fəaliyyətin bütün

sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilmə-

yə,  tifaqlar dağılmağa,  münasibətlər başqa şəkil almağa


29

başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrul-

lahlar,  xudayar bəylər,  məşədi ibadlar sırasından fəxrəddinlər, 

kefli isgəndərlər,  şamxallar ayrılmağa başladılar.  İsmayıl

Şıxlının «Dəli Kür»  əsərində bu dövrün bütün çalarları, 

ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə

qədim türklərin qanını,  mərdliyini, kişiliyini daşıyan cahandar

ağaların da məhvi başladı. 

Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan mə-

kanda bir sistem yarandı.  «Öyünərsə,  ər öyünsün,  aslandı, 

öyünmək qadınlara böhtandı»  deyən qədim türk qadınlarını

sevillər,  almazlar,  həyatlar əvəz etdi.  Bu,  Azərbaycanda psix-

oloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qara-

ca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.

Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq

Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir et-

mişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu

söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xa-

tun da azaddır,  sərbəstdir.  Almaz da,  Həyat da,  Şərəbanı da

azaddır,  sərbəstdir.  Lakin bu,  tamamilə bir-birinə yad,  fərqli

azadlıqlardır. 

Beləliklə,  yeni insanlar,  yeni həyat,  yeni düşüncə tərzi

yarandı.  Yeniləşə bilməyənlər məhv oldu,  həbs edildi.  Elə bu

səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz

sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə

də, qız istəyəndə də, işə götürəndə də belə dedilər:  «Üzüyola, 

sakit, quzu kimidir».

Əlbəttə, sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil. 

Ölkədə savadsızlıq kütləvi şəkildə ləğv edildi,  savadsız insan

qalmadı.  Məktəblər,  xəstəxanalar,  klublar,  kitabxanalar açıldı. 

Elm və təhsil sürətlə inkişaf etməyə başladı. 

Milli Konservatoriya fəaliyyətə başladı.  Q.Qarayev, 

C.Hacıyev,  F.Əmirov,  S.Hacıbəyov,  A.Məlikov,  T.Quliyev və

digər dünya şöhrətli bəstəkarlarımız yetişdi.  Niyazi kimi

dünyanın ən tanınmış dirijorlarından biri yaşadı,  yaratdı. 


30

M.Abdullayev,  S.Bəhlulzadə,  T.Nərimanbəyov və digər

rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkişaf

etdi.  Üzeyir Hacıbəyov,  Müslüm Moqamayev dünya şöhrətli

əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar, dra-

maturqlar:  S.Vurğun,  S.Rüstəm,  M.İbrahimov,  S.Rəhimov, 

İ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri

yazıb yaratdılar.

Onlarla teatr fəaliyyət göstərdi.  Elmlər Akademiyası

yaradıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.

Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-

canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.

XX əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı.  Yeni

müstəqil dövlətlər yarandı.  Azərbaycan xalqı da əsrlər boyu

arzuladığı,  uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il

oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-

zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-

ləsi başladı.

Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu

illərdən başlanır. Müstəqillik sevinc və arzuların reallaşmasıdır. 

Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaş-

qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti

də olsa itirdik.  Bir milyona yaxın qaçqın və köçkünümüz var. 

Qaçqın və köçkün düşdüyümüz torpaqlarla yanaşı o yerlərin

mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaşayan insanların

özünəməxsus adət-ənənələri, həyata baxışları, həyat tərzi də de-

formasiyaya uğradı.

İdeoloji, iqtisadi sistem dəyişdi. İnsanlar həyat və düşün-

cə tərzini dəyişməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət, 

ümumi bərabərliyi,  sosial bərabərsizlik əvəz etdi.  Varlılar və

kasıblar təbəqəsi yarandı.  Bir tərəfdən keçmişimizə,  soykökü-

müzə qayıdış,  digər tərəfdən müasirləşmə,  Qərbə inteqrasiya

etməyin zəruriliyi səsləndi.

Yeni dövrün psixologiyası yaranmağa,  inkişaf etməyə

başlayıb.  Onun necəliyinin qiymətləndirilməsinə isə zaman, 



31

vaxt lazımdır.  Keçid dövrü öz insanlarını,  düşüncə və həyat

tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-

rinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir.  O demişdir: 

«Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Ame-

rika üçün nə etmisən?».

Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə

türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:



Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin