1) yük gömrük bəyannamələri;
2) yükü müşayiət edən sənədlər;
3) dövlət orqanlarının lisenziyası və icarələri;
4) hesabat (uçot) jurnalları;
5) gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər.
Xarici ticarətin gömrük statistikasının aparılması üçün ilkin məlumatlar malların gömrük
rəsmiləşdirilməsində təqdim olunan YGB-dəki məlumatlar sayılır.
Boru kəməri (neft, neft məhsulları, qaz və s.) və elektrik ötürücü xərcləri ilə nəql edilən malların uçotu,
boru kəmərlərinin və ya elektrik ötürücü xətlərinin sərhəd və ya nəzarət - bölüşdürücü məntəqələrində malların
qəbulunu təsdiq edən sənədlərə müvafiq olaraq, onların göndərilmə miqdarları üzrə bəyan edilməsi
xüsusiyyətlərinə görə aparılır.
Xarici ticarətin, gömrük statistikası “Azərbaycan Respublkası xarici ticarətin gömrük statistikasının
metodologiyası” əsasında aparılır. Metodologiya DGK sədrinin 15.02.1999-cu il tarixli 011 saylı əmri ilə təsdiq
edilmişdir.
DGK-da informasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat vasitələrinin
tətbiqi sahəsində aşağıdakı işlər görülmüşdür:
Gömrük statistikasının ilkin formaları 1 saylı TM, 4 saylı TM, 6 saylı TM, 7 saylı TM, 11 və 12 saylı
TM formalarında olur. 1 saylı TM formasında gömrük rejimləri üzrə rəsmiləşdirilmiş idxal və ixrac YGB-nin
sayı göstərilir.
4 saylı TM-də isə valyuta gəlirlərinin miqdarı və müddəti barədə məlumatlar öz əksini tapır ki, bu da
valyuta nəzarətinin statistikasının aparılmasına xidmət edir.
6 saylı TM formasının göstəriciləri ilə bərabər, YGB-nin 47-ci qrafasının göstəriciləri gömrük ödənişləri
statistikasının formalaşmasına xidmət edir. Statistik formada bir ay ərzində hesablanmış gömrük ödənişlərinin
cəmi (gömrük rəsmiləşdirilməsinə görə yığımlar, ixrac və idxal rüsumları, ƏDV, aksizlər, plandankənar gömrük
gəlirləri) göstərilir.
7 saylı TM forması isə rüblük olub, beynəlxalq yükdaşımaların statistikasının aparılmasına imkan verir.
Buraya bütün nəqliyyat vasitələrinin növləri (avtomobil, avtobus, təyyarə, dəniz gəmiləri, dəmiryol vaqonları və
s.) göstərilir (gedən və gələn).
11 TM və 12 TM saylı formalar qaçaqmalçılığın statistikası üçün istifadə olunur.
Bütün toplanan məlumatlar son statistik formaya salınır ki, bunlar da 4 cür olurlar:
1) təcili;
2) aylıq;
3) rüblük;
4) illik.
Təcili hesabatda aşağıdakı məlumatlar olur:
- Azərbaycanın MDB ölkələri və digər dövlətlərlə olan xarici ticarətin inkişafı barədə;
- əsas malların idxalı və ixracı barədə.
Təcili hesabatlar dövlət idarələrinə hər hesabat ayından 15 gün keçdikdən sonra göndərilir.
Rüblük hesabatlar dövlət idarələrinə və beynəlxalq təşkilatlara rübün sonundan 40 gün keçdikdən sonra
göndərilir. Bu hesabatda ölkənin xarici ticarətinin ümumi yekunları, ayrı-ayrı ölkələr və ölkə qrupları ilə olan
xarici ticarət, XİFƏN üzrə ölkənin idxalı və ixracı, ölkələr və mallar üzrə idxal-ixrac, xarici iqtisadi əlaqə
iştirakçılarının kateqoriyaları üzrə idxal-ixrac malları, habelə barter əməliyyatları üzrə ixrac malları barədə
məlumatlar olur.
İllik hesabatlarda isə Azərbaycan Respublikasının xarici ticarətinin ümumi yekunu, xarici ticarətin
qitələr və ölkə qrupları üzrə bölgüsü haqqında məlumatar olur (MDB, AB, OPEK və s.).
Gömrük statistikasının məlumatları Azərbaycanın xarici ticarətinin vəziyyəti, xarici ticarətin milli və
beynəlxalq göstəricilərinin tutuşdurulması və s. üçün lazımi şərait yaradır.
Gömrük statistikasının aparılması ilə bağlı olan hüquqpozmalar, eyni zamanda gömrük orqanlarının
normal fəaliyyətini pozan hüquqpozmalar deməkdir. Belə ki, gömrük statistikasının aparılması üçün əsas
informasiya mənbəyi yük gömrük bəyannaməsi və digər sənədlərdir ki, bunlar da gömrük rəsmiləşdirilməsi
zamanı deklarant tərəfindən təqdim olunur. Odur ki, gömrük statistikasının aparılması ilə bağlı aşağıdakı
hüquqpozmalar ola bilər:
- malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması (AR İnzibati Xətalar Məcəlləsi,
maddə 274);
- gömrük orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdimedilmə
müddətlərinin pozulması (275-ci maddə);
- gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi (İXM,
277-ci maddə);
129
- sənədlərdən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsi (AR İXM 260-cı maddə);
- malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi (AR İXM 261-ci
maddə).
Gömrük statistikasının aparılması ilə bağlı hüquqpozmalara görə hüquqi və fiziki şəxslər AR-in İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Məsələn, malların və nəqliyyat vasitələrinin
bəyanetmə qaydasının pozulması AR İXM-in 274-cü maddəsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin beş
mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək
miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 30 mislindən 10 mislinədək miqdarda cərimə edilir. Gömrük
orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsinə görə, AR İnzibati
Xətalar Məclləsinin 277-ci maddəsi ilə - xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin 20 mislindən 70
mislinədək miqdarda cərimə edilir.
Nomenklatura (latınca “nomenclatura” - “siyahı”, “adların cədvəli” deməkdir) elm, texnika və praktiki
fəaliyyətin hər hansı bir sahəsində istifadə olunan terminlər və adların sistemi (toplusu) deməkdir.
“Mal nomenklaturası” termini daha çox “əmtəəşünaslıq”, “gömrük işi”, “istehsal”, “istehlak”, “xarici
iqtisadi fəaliyyət”, “xarici ticarət” və s. kimi elm sahələri və ictimai praktika (təcrübə) ilə bağlıdır. Beləliklə,
“mal nomenklaturası” gömrük orqanlarının vəzifəli şəxsləri və deklarantların gündəlik iş fəaliyyətində
rastlaşdıqları əsas terminlərdən biridir. Bu onunla əlaqədardır ki, gömrük orqanlarında qeydə alınan istənilən
xarici ticarət əməliyyatlarının əsas predmeti məhz “maldır”.
Gömrük sərhədindən keçirilən malların əhəmiyyətli xüsusiyyətləri, onların material əşya formasında
olması və daşına bilməsidir (nəqliyyat vasitələrilə).
Azərbaycan Respubliksının Gömrük Məcəlləsinin 17-ci maddəsində “mallar istənilən daşınan əmlak, o
cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu maddənin 4-cü bəndində göstərilən
nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri” kimi izah olunur. Ümumiyyətlə, bu maddədə izah
olunan əsas anlayışların hamısı məhz bu terminlə əlaqədardır.
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhədindən keçirilən malların
sistemləşdirilməsi mühüm məsələlərdən sayılır. Bunun üçün malları təsnifatlaşdırırlar.
“Təsnifat” termini çoxsaylı obyektlərin (söhbət tədqiq olunan, öyrənilən məsələlər toplusundan gedir)
konkret olaraq sinif, yarımsinif, qrup, yarımqrup, növ, yarımnöv və s. kimi bölgülərə ayrılması kimi başa
düşülməlidir.
Qarşıya qoyulmuş məqsədə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehlak
təyinatına və s. görə təsnifatlaşdırıla bilər.
Malların qəbul olunmuş təsnifat sistemindən asılı olaraq, bütün bölmə, qrup və yarımqrupları xüsusi
şifrələrlə qeyd olunur.
Təsnifatlaşdırılan malların (obyektlərin) siyahısında hər birinin öz konkret yeri və şərti işarəsi ilə qeyd
olunması kod adlanır.
Kod işarə formasında olub rəqəmlərlə, hərflərlə və ya rəqəm - hərf kombinasiyası ilə ifadə olunur.
Gömrük işlərində istifadə olunan mal nomenklaturası təsnifat sisteminə ayrılmış malların toplu siyahısı
kimi dərk olunmalıdır.
Malların kodlaşdırılması təsnifat sisteminə uyğun olaraq işarə və ya işarələr qrupu şəklində
müəyyənləşdirilmiş texniki üsuldur. Malların kodlaşdırılmasının əsas məqsədi gömrük orqanlarında iqtisadi
əməliyyatların (gömrük rüsumunun alınması, gömrük dəyərinin müəyyənləşdirilməsi, hesabatın aparılması və
s.) daha səmərəli aparılması və xarici ticarətin mal strukturunun öyrənilməsidir.
Hal-hazırda Azərbaycan Respublikasının gömrük orqanlarında, dünya təcrübəsində istifadə olunan
malların kodlaşdırılması və təsvirinin harmonikləşdirilmiş sistemi (HS) əsasında yaradılmış mal
nomenklaturasından istifadə olunur.
Ölkələrin bir çoxu və beynəlxalq təşkilatlar xarici fəaliyyət təcrübəsi və gömrük tənzimlənməsi işlərində
aşağıdakı 2 təsnifat sistemindən istifadə edirdilər:
1) Gömrük Əməkdaşlığı Şurasının Nomenklaturası (GƏŞN) və ya Brüssel Gömrük Nomenklaturası
(BGN)
2) BMT-nin Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT).
BGN gömrük tarif nomenklaturası adlanaraq, gömrük tariflərinin təsnifat sxemini və eyni zamanda
beynəlxalq ticarət təsnifatını özündə əks etdirmişdir.
Brüssel Gömrük Nomenklaturasının BMT-nin Beynəlxalq Standart Ticarət təsnifatı ilə
uyğunlaşdırılması nəticəsində Gömrük Əməkdaşlığı Şurasının nomenklaturası yaradıldı.
BGN-dən fərqli olaraq GƏŞN-nin sxeminin əsasını emal dərəcəsi (səviyyəsi) və malın mənşəyi təşkil
edir. Eyni zamanda bu nomenklaturada mal kodlarında (şifrələrdə) bölmələrin nömrələri öz əksini tapmamışdır.
130
Beynəlxalq aləmdə Brüssel Gömrük Nomenklaturası adı ilə tanınan, habelə BMT Standart Beynəlxalq
Ticarət Təsnifatı (SBTT) mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazaları
əsasında “balların təsviri və kodlaşdırılmasına dair harmonikləşdirilmiş sistem nomenklaturası” (HSN) yaradıldı
və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarından qüvvəyə mindi.
HSN-dən, Avropa Birliyi ölkələri də daxil olmaqla, 41 ölkə tərəfindən istifadə olunur. Ümumdünya
Gömrük Təşkilatının üzvü olan ölkələr tərəfindən malların təsnifatı 6 rəqəmə qədər detallaşdırılmaqla, 9-14
rəqəmə qədər kodlaşdırılmanın aparılması ilə xarici iqtisadi fəaliyyətin milli mal nomenklaturaları sistemləri
işlənib hazırlanmışdır.
HSN - xarici iqtisadi fəaliyyətin çoxməqsədli yeni mal nomenklaturasıdır. Bu nomenklatura yenidən
işlənən, vahid sistemə gətirilən və detallaşdırılan; beynəlxalq məlumatların toplanmasını; müqayisəsini; statistik
təhlilini, habelə digər məsələlərin həllini təmin edən; kommersiya fəaliyyətinin, statistika xidmətinin və gömrük
orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə Harmonik Sistem haqqında
Beynəlxalq Konvensiyanın tərkib hissəsidir.
Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya aşağıdakı terminləri müəyyənləşdirmişdir:
1) malların harmonik sisteminin təsviri və kodlaşdırılması - mal mövqeləri, submövqeləri
(subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın
əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;
2) gömrük-tarif nomenklaturası - malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün
sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;
3) statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün
sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;
4) kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli)
qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif
və statistik nomenklaturaları birləşdirən nomenklaturadır.
HSN-nin də, digər iqtisadi təsnifedicilər kimi, öz spesifik strukturu vardır. Onun əsas elementləri
təsnifat sistemləri və kodlaşdırılmaqdan ibarətdir. Ümumilikdə bu toplu 6 pilləli sistemdən ibarətdir:
1) bölmələr - 21;
2) qruplar - 97;
3) yarımqruplar - 33;
4) mal mövqeləri - 1241;
5) yarımmövqelər - 3553;
6) submövqelər (subpozisiyalar) - 5019.
Bu mal nomenklaturasının əsasını müxtəlif əlamətlərin məcmusu təşkil edir:
- malın hazırlandığı materialın növü;
- malın mənşəyi;
- malın təyinatı;
- malın kimyəvi tərkibi.
Mal qrupu, onların emalının ardıcıllıq prinsipinə uyğun olaraq xammaldan, yarımfabrikatlardan hazır
məmulatın alınmasından əmələ gəlir. Bu isə harmonikləşdirilmiş sistemin gömrük tariflərinə tətbiqi üçün
əlverişli şərait yaradır. Bu məqsədlə hazırda dünyanın yüzdən artıq dövlətində bu sistemdən istifadə olunur.
HSN əsasında “Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası (AR XİF
MN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitkiçilik. əzcaçılıq, mineral və s.) bölmə və
yarımqruplardan, onların emal dərəcəsi üzrə (xammal, yarımfabrikatlar, hazır məmulat) sistemləşdirilmiş
siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikası XİF-in dövlət tənzimlənməsi sistemləri
alətidir.
AR XİF MN malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş və Avropa Birliyinin kombinə
olunmuş nomenklaturaları və sistemlərinin bazası əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat
sistemini pozmadan malların nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Bu məqsədlə
nomenklaturada 3 ehtiyat qrupu - 77, 98 və 99-cu qruplar saxlanmışdır. Bunlar yalnız nomenklaturaların
genişləndirilməsi üçün deyil, habelə milli təcrübədə istifadə olunan spesifik malların, material xarakterli
xidmətlərin, Nou-hau-ların dəqiq təsnifatında tətbiq oluna bilər.
Azərbaycan Respublikasında dövlətlərarası təsnifatlandırıcı kimi MDB hökumət başçılarının qərarı ilə 3
noyabr 1995-ci ildə təsdiq edilmiş Müstəqil Dövlətlər Birliyi XİF MN 1 yanvar 1999-cu ildən tətbiq olunur. AR
XİF MN, milli kombinə edilmiş tarif statistika təsnifatı olub, 10 rəqəmli kod sisteminə malikdir. Qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikası 10 rəqəmli kod sisteminə AR Nazirlər Kabinetinin 22 dekabr 2003-cü ildə
qəbul olunmuş 161 saylı qərarı ilə keçmişdir. Burada 1-6 rəqəmlər Ahəngdar sistemə görə malın kodu, 7-8-ci
rəqəmlər Avropa Birliyinin kombinə edilmiş nomenklaturasına uyğun kodu, 9 və 10-cu rəqəmlər isə ənənəvi
131
milli malların kodudur. Hələlik mal mövqeləri daha dərin detallaşdırılmadığından 9 və 10-cu rəqəmlər sıfır
qəbul edilir.
132
Mövzu 15.
Gömrük sistemində iqtisadi təhlil
İqtisadi təhlil - təsərrüfat proseslərinin qarşılıqlı əlaqə və asılılıqda öyrənilməsi, onların bir-birinə
təsirini müəyyənləşdirmək məqsədi daşıyır.
İqtisadi təhlilin gedişində təsərrüfat faktları, hadisələr, hallar və proseslər arasındakı əlaqələr müəyyən
edilir, təsərrüfat fəaliyyətinə bilavasitə təsir göstərən amillər aşkar edilir. Bunun üçün iqtisadi və riyazi
hesablamaların üsul və fəndlərindən istifadə olunur.
İqtisadi təhlilin nəticələrinə əsasən idarəetmə qərarları müəyyən edilir və əsaslandırılır, həmçinin
iderəetmə obyekti tənzimlənir.
İqtisadi təhlil iderəetmə qərarının qəbul edildiyi mərhələdən əvvəlki mərhələ hesab edilir. Təhlilinə
əsaslanaraq bir sıra məsələlər, məsələn gömrük orqanının saxlanılması və səmərəli fəaliyyəti üçün tələb olunan
vəsaitin miqdarı təyin edilə bilər. Bundan başqa, proqnozların yerinə yetirilməsinin təhlilində onların əsaslılığı
yoxlanılır və nəzərə alınmamış ehtiyatlar aşkara çıxarılır.
İqtisadi təhlilin əsas məsələləri aşağıdakılardır:
1) iqtisadi informasiyanın keyfiyyətinin təyini və optimal idarəetmə qərarının seçilməsi üçün
materialların hazırlanması;
2) gözlənilən nəticələrin proqnozlaşdırılması;
3) idarəçilik qərarının yerinə yetirilməsinə nəzarət və onun yekunlarının qiymətləndirilməsi;
4) əmək, material və maliyyə resurslarının sərfinə nəzarət və onlardan istifadənin səmərəsinin
artırılması üçün ehtiyatlar aşkar edilməsi.
Təhlilin predmetindən asılı olaraq maliyyə, kompleks və funksional-dəyər təhlil növləri ayırd edilir.
Maliyyə, yaxud, maliyyə-iqtisadi təhlil dedikdə, dəyər və maliyyə göstəricilərinin istehsalat göstəriciləri
ilə qarşılıqlı əlaqədə təhlili başa düşülür. Bu təhlil, əsasən hesabat göstəricilərinə görə aparılır və maliyyə
nəticələrinin və maliyyə vəziyyətinin tədqiqinə yönəlmiş olur.
Texniki və təşkilati amillərin dəyər göstəricilərinə təsirini aşkar etmək üçün texniki-iqtisadi analizdən
istifadə olunur. Texniki-iqtisadi analizin proqram və üsulları texnika, texnologiya və konkret iş sahəsinin
xüsusiyyətlərini əks etdirir və ixtisaslaşmış olur.
Funksional dəyər təhlil (FDT) analiz edilən obyektlərin səmərəliliyinin artırılması imkanlarını müəyyən
etməyə yönəlmişdir və obyektlərin öz funksiyalarını daha səmərəli həyata keçirmək və məsrəflərin azaldılması
üçün optimal variantın seçilməsinə əsaslanır.
İqtisadi hadisələrin, faktların, proseslərin başvermə zamanından asılı olaraq, bu və ya digər dövr üzrə
fəaliyyətin yekunlarına görə ilkin analizi, cari (operativ) təhlili, yekun (retrospektiv) təhlili bir-birindən
fərqləndirmək lazımdır.
İlkin iqtisadi analiz proqnoz və idarəetmə qərarlarının seçimi və əsaslandırılması ilə əlaqədardır. Bu
təhlil hər hansı təsərrüfat proseslərinə qədər aparılır.
İlkin iqtisadi təhlilin məqsədi mümkün variantların ən yaxşısını öyrənib ən yaxşı həlli tapmaqdır. Onu
fərqləndirən cəhət səbəb və amillərin təhlili əsasında onların nəticələrə təsirinin öyrənilməsidir.
Operativ iqtisadi təhlil operativ idarəetmə ilə - idarəetmə qərarlarının yerinə yetirilməsi prosesinin
koordinasiyası və tənzimlənməsi ilə əlaqədardır. Bu təhlili fərqləndirən aşağıdakı əsas cəhətlərdir: təcililik -
onun keçirilmə müddəti təsərrüfat əməliyyatları ilə üst-üstə düşür; tətbiqçilik - onun nəticələri bilavasitə
istehsalat prosesinə müdaxilə etməyə imkan verir; məqsədyönlülük - konkret məqsəd və vəzifə daşımaqla ayrı-
ayrı sahələr və göstəricilər təhlil edilir. İqtisadi təhlil iqtisadi informasiya sisteminə, proqnoz və normativ
göstəricilərə əsaslanır. Məlumat mənbələri uçot və qeyri-uçot mənbəyi olmaqla iki qrupa bölünür.
Əsas uçot göstəriciləri olan informasiya mənbələrinə - mühasibat uçotu və hesabat, statistik uçot və
hesabat, operativ uçot və hesabat, seçmə uçot göstəriciləri aid edilir.
Təsərrüfat, maliyyə vəsaitləri və prosesləri öz əksini daha bitkin şəkildə mühasibat uçotunda tapır.
Statistik uçot və hesabat kütləvi hallar və proseslər barədə məlumat üçün daha münasibdir.
Qeyri-uçot informasiya mənbələrinə aşağıdakılar aid edilir:
1) sistemdaxili təftiş materialları;
2) laboratoriya və təftiş nəzarəti materialları;
3) vergi və bank orqanlarının yoxlama materialları;
4) mətbuat materialları;
5) digər orqan və təşkilatlarla yazışmalar və s.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti çoxsaylı iqtisadi göstəricilərlə ölçülür. Bu göstəriciləri
müəyyən sistem halında birləşdirmək mümkündür.
“Göstəricilər sistemi” anlayışı o deməkdir ki, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif tərəfləri
arasında real mövcud olan əlaqələr uyğun göstəricilərin müəyyən asılılıq xüsusiyyətində öz əksini tapır.
133
Göstəriciləri dəyər və natural; kəmiyyət və keyfiyyət; həcm və xüsusi çəki kimi kateqoriyalara aid
edirlər.
“Dəyər göstəricilərinin” əsasında pul ölçüsü dayanır. Məsələn, satılan məhsul, göstərilən xidmət, gəlir,
maliyyə vəziyyəti dəyərlə ifadə olunur.
Natural göstəricilər təşkilatların analitik uçot işlərində istifadə edilir. Bu göstəricilər maddi ehtiyatları,
istehsalı, gömrük işində məsələn, müsadirə olunmuş əşyaları və s. göstərə bilər. Bu zaman ölçü vahidləri
obyektlərin fiziki xassələrindən, ölçülmədən və sairdən asılı ola bilər.
İqtisadi təhlilin üsul və fəndlərini şərti olaraq iki qrupa bölmək olar: ənənəvi və iqtisadi riyazi.
Ənənəvi üsullara aşağıdakılar aid edilir:
1) mütləq, nisbi və orta qiymətlər istifadə olunması;
2) müqayisə;
3) qruplaşdırma;
4) indeks üsulu;
5) balans üsulu.
Bu və ya digər göstəricilərin təhlili mütləq qiymətərin istifadəsindən başlanır. Mütləq qiymətlər
bazasında isə nisbi göstəricilər hesablanır ki, onlar da müəyyən əmsal və ya faizlə ifadə olunur.
Nisbi göstəricilər müəyyən zaman ərzində göstəricilərin dəyişməsini nümayiş etdirir (məsələn,
tapşırığın yerinə yetirilmə faizi; keçən ilə nisbətən artım tempi və s.).
Müqayisə üsulu iqtisadi təhlilin ən geniş yayılmış üsuludur.
Bir neçə müqayisə forması mövcuddur: plan-proqnozla müqayisə; keçmiş və ya bazis dövrü ilə
müqayisə; ən yüksək göstəricilərlə müqayisə; orta göstəricilərlə müqayisə. Bu üsulun köməyi ilə proqnoz-
tapşırıqların yerinə yetirilməsinə qiymət verilir. Aşkar olunan fərqlər təhlil obyekti hesab olunur.
Qruplaşdırma hadisə və proseslərin eyni keyfiyyət əlamətlərinə, səbəb və amillərə görə
təsnifatlaşdırılmasını nəzərdə tutur. Bu üsulla maddi ehtiyatların, iş vaxtının, kapital qoyuluşunun mövcudluq və
istifadəsi təhlil olunur.
Ənənəvi üsullarla birgə iqtisadi-riyazi üsullar, həmçinin elementar riyazi üsullar, riyazi təhlilin klassik
üsullarından, proqramlaşdırma və digər üsullardan istifadə oluna bilər.
İqtisadi təhlilin əsas göstəricilərinin müəyyən edilərək dəqiqləşdirilməsində tabeli müəssisələrin
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Sistem daxili nəzarətin əsas
vəzifələrinə aşağıdakılar daxil edilir:
- büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsinə; maddi və maliyyə
ehtiyatlarından səmərəli istifadə edilməsinə; mühasibat uçotunun düzgün qurulmasına; tarif və gömrük
dəyərinin müəyyən edilmiş qaydalarının gözlənilməsinə: maliyyə-kredit və hesablaşma əməliyyatlarının
düzgünlüyünə; büdcə-smeta, kassa, tədiyyə hesablaşma və ştat intizamının gözlənilməsinə; aparılan
əməliyyatların düzgünlüyü və qanuniliyinə; büdcəyə çatacaq ödənişlərin vaxtında köçürülməsinə nəzarəti
təmin etmək;
- ayrılmış büdcə vəsaitlərinin düzgün yerləşdirilməsi və xərc smetasına uyğun istifadəsinə nəzarət
etmək;
- gömrük vergi və rüsumlarından yayınma, depozit hesablarda vəsait qalığının artması, büdcəyə
köçürülmələrin ləngidilməsi hallarının aşkar edilməsi və ona qarşı ciddi tədbir görülməsi;
- əvvəllər aparılmış təftiş nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması
üçün görülən tədbirlərin nəticələrini araşdırmaq;
Bu məqsədlərlə Respublika Dövlət Gömrük Komitəsi gömrük orqanlarının maliyyə-təsərrüfat
fəaliyyətini ildə bir dəfə (iki ildə bir dəfədən gec olmayaraq) kompleks şəkildə, zərurət olduqda isə
plandankənar təftiş etdirir.
Təftiş seçmə, başdanbaşa və ya kombinələşdirilmiş qaydada aparıla bilər.
Maliyyə-təsərrüfat əməliyyatının həqiqiliyi sənədlərin formal və hesabi yoxlanması yolu ilə müəyyən
edilir. Gömrük əməliyyatlarının həqiqiliyi ilk sənədləri üzləşdirməklə müəyyən edilir; hesablaşma, cari və
depozit hesablar üzrə pul vəsaitlərinin hərəkəti gömrükxanada saxlanılan tədiyyə sənədləri bankda saxlanılan
sənədlərin əsli ilə üzləşdirməklə yoxlanılır.
Təftiş və ya yoxlamanın sonunda gömrük orqanının maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən akt tərtib
olunur və təftiş qrupunun rəhbəri (üzvləri), təftiş aparılan gömrük orqanının rəhbəri və maliyyə-tarif şöbəsinin
rəisi tərəfindən imzalanır.
Gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən məsələlər aktda sistemləşdirilmiş
şəkildə əks etdirilir.
Təftiş aktına gömrük orqanı rəhbərinin və maliyyə-tarif şöbəsi rəisinin irad və təklifləri olduqda
imzasının qabağında qeyd edir və akt tərtib olunan gündən 3 gün gec olmayaraq yazılı şəkildə təftiş qrupuna və
134
ya Respublika Dövlət Gömrük Komitəsinə məlumat verir. Akta ilkin yoxlama materialları ilə yanaşı təftişdə
aşkar edilmiş nöqsanlarda bilavasitə təqsiri olan vəzifəli şəxslərin izahatı da əlavə edilir.
Aktın bir nüsxəsi təftiş olunan gömrük orqanının rəhbərinə təqdim edilir və bu barədə aktda qeyd
aparılır.
Təftiş edilən ayrı-ayrı sahələrin təftişi üzrə (kassanın, maddi qiymətlilərin və əsas fondların
inventarlaşdırılması) ayrıca akt tərtib edilir, təftiş qrupunun üzvləri tərəfindən imzalanır və əsas akta əlavə
olunur. Ayrıca tərtib olunan aktın bir nüsxəsi aktı imzalayan vəzifəli şəxsə verilir.
Təftiş aktının tərtibi zamanı obyektivlik, aydınlıq, lakoniklik, aşkar edilmiş fakt və məlumatların
dəqiqliyi təmin edilməlidir.
|