məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;
ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;
məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir;
məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.
məhkəmə ekspertizası tədqiqatının metodu - məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir.
Maddə 2. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik
Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi
Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
Maddə 4. Məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri
Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.
Maddə 5. Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunması
Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır.
Məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər.
Maddə 6. Ekspertin müstəqilliyi
Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.
Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır.
Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı
Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.
Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.
Maddə 8. Ekspert tədqiqatının obyektləri
Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.
Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir.
Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir.
Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır.
II fəsil
Dostları ilə paylaş: |