Maddə 11. Məhkəmə eksperti Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır.
Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir.
Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.
Məhkəmə eksperti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə riayət etməlidir.
Müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.