Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə nəzarət edir. Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin fəaliyyətinə xitam verir:
şəxs öz arzusu ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə;
şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;
şəhadətnamə aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə;
attestasiyadan keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
ekspert məhkum edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
ekspert vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri Reyestrdən çıxarır.
Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat verilir. Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:
1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;