Bilməlidir: yuxarı orqanların qərar, sərəncam və əmrlərini, sosial məsələlərin həllində metodik, normativ və başqa rəhbər materialları; əməyin sosiologiyasını; sosioloji tədqiqatların aparılması metodlarını; əməyin psixologiyasının; mühəndis və ictimai psixologiyanın əsaslarını; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; əmək haqqının forma və sistemlərini; müəssisə, idarə və təşkilatın sosial inkişafı planının tərtib edilməsinin üsul və qaydalarını; sosioloqların qabaqcıl təcrübələrini; istehsal texnologiyasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisastələbləri: 6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan ali ixtisas (sosioloq) təhsili;
8-ci dərəcə: ali ixtisas (sosioloq) təhsili və 3 ildən az olmayaraq 7-ci dərəcəli sosioloq vəzifəsində iş stajı;
9-cu dərəcə: ali ixtisas (sosioloq) təhsili və 3 ildən az olmayaraq 8-ci dərəcəli sosioloq vəzifəsində iş stajı;
10-11-ci dərəcələr (aparıcı sosioloq): ali ixtisas (sosioloq) təhsili və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli sosioloq vəzifəsində iş stajı.
FİZİOLOQ
Əmək funksiyası. Əməyin optimal fizioloji şəraitini və onun effektivliyini artırmaq məqsədilə müəssisə, idarə və təşkilatlarda işçilərin əmək fəaliyyətinin xüsusiyyətlərini öyrənir. Psixoloqla birlikdə işçilərin orqanizminə əmək şəraitinin təsirini, tibbi-fizioloji tədqiqatı, əmək şəraitini, psixo-fizioloji faktorların öyrənilməsi ilə əlaqədar müxtəlif peşə və ixtisaslardan olan fəhlə və qulluqçuların şəxsi müayinəsini aparır. Əməyin ağırlığını, gərginliyini (zərərliyini) təyin edən fizioloji xüsusiyyətləri (işçinin duruşunu, iş hərəkətlərini, onların çox təkrar olunmasını, zəhərli maddələrə toxunma, səs, titrəmə, işıqlanma, iş yerinin tozlu olması, mikroiqlim və s.) müəyyən edir. Əmək fəaliyyətinin psixo-fizioloji xüsusiyyətlərinin öyrənilməsi əsasında, daha səmərəli əmək və istirahət rejimlərinin təyin edilməsi, iş yerlərinin təşkili, əzələ və sinir enerjisi itkisinin azaldılması, işçilərin sağlamlığının qorunub saxlanılması üçün normal şəraitin yaradılması, onların hər tərəfli inkişafını təmin etmək üçün tövsiyələr işləyib hazırlayır. İşçilərin antronometrik göstəricilərinə uyğunluğuna nəzarət məqsədi ilə yeni yaradılmış və ya müasirləşmiş alətlərin, ləvazimatın layihələrinə rəy verir.
Bilməlidir:yuxarı orqanların qərar, sərəncam və əmrlərini, istehsalatın idarə edilməsi və əməyin təşkil olunmasına aid olan metodiki, normativ və başqa rəhbər materialları; işçilərin əmək fəaliyyətinin fizioloji xüsusiyyətlərini öyrənmək metodlarını; əmək şəraitini öyrənmək üçün tətbiq olunan texniki vasitələri; fizioloqların işi ilə bağlı olan qabaqcıl təcrübələri; istehsal texnologiyasının əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.