Dövrə ümid eylədik, dövran da it günündə, Alim də it günündə, nadan da it günündə



Yüklə 234,53 Kb.
səhifə3/3
tarix13.04.2017
ölçüsü234,53 Kb.
#13936
1   2   3

Meymun olmuşuq

Bir zamanlar biz əsiri-eşqi-Məcnun olmuşuq,


İndisə bir fahişə mislində məlun olmuşuq.

Milli Məclis göz yumubdur qız-gəlin iqbalına,


Ac yetimlər, göz yaşın tökdükcə pozğun olmuşuq.

Nakişi məmurlar üçün sübhəcən rəqs etmişik,


Körpəyə dərman-dava almaqla məmnun olmuşuq.

«İstiribtiz» oynadıb, alman, fransız, türk bizi,


Biz müsəlman qızları, xaricdə məcun olmuşuq.

Qaş çəkib «ər»lər, bizə «qudbay» deyib, «bay-bay» deyib,


Biz Dubayda ahu-ceyran, evdə meymun olmuşuq.

Almışıq pulnan satın «şanlı» vətən kömrükçüsün,


Xalqa bir çirkab ikən, çirkaba sabun olmuşuq.

Ac tifillər qupquru təxt üstə tutmuşkən qərar.


Biz isə pərqu döşəklər üstə məskun olmuşuq.

Ta gedib torpağımız, əldən düşüb əxlaqımız,


Vermişik hər iksini, dövlətdə Harun olmuşuq.

Kimsə bu mövzuya illərlə toxunmaz, ar bilər,


Yaxşı ki, Pünhan, sənin şerində mövzun olmuşuq.

4 noyabr 1997. Bakı.



Hinger Hayıstan güdürük

Güdürük, can  güdənik canı qoyub can güdürük,


Özümüzkün havayı, özgəni pulnan güdürük.

İtirib bostanı qoltuğmuzu qarpızlamışıq,


Qayıdar bir də haçan bizlərə bostan güdürük.

İtirib bostanı qoltuğmuzu qarpızlamışıq,


Qayıdar bir də haçan bizlərə bostan güdürük.

Gün düşən hər deşiyə ölkədə pambıq tıxanıb,


Qatı zülmətlər içində, yeni dövran güdürük.

Bir olub, birdəfəlik eyləmədik darmadağın,


Nə zaman dost olacaq Hinker Hayıstan güdürük.

Düzü əyri, yanı yan, maili mail, çəpi çəp,


Üzü üzlərdən iraq Pünhanı pünhan güdürük.

16 dekabr 1997, Bakı.





Zəhləm özümdən gedir

Diş tökülür, bel sınır, nur gözümdən gedir,


İt gününə düşmüşəm, zəhləm özümnən gedir.

Doğma deyil, yadmışıq, biz evi bərbadmışıq,


Bağımızı satmışıq, söhbət üzümnən gedir.

Pünhanı pıç-pıç olub, aşkarı puç-puç olub,


Lağlağılar səmtinə ölkə əzmnən gedir.

Dad edirəm  haqq üçün, yoxdu dalımca gələn,


Bir özüməm, bir də ki, kölgəm izimnən gedir.

Atdı-qarışdırdı bu, satdı-qarışdırdı bu,


Qatdı-qarışdırdı bu, guya düzümnən gedir,

Rastrapoviç gəlir, Bıstratoviç gedir,


Xalq çörək tapmayır, amma dözümnən gedir.

Bəzmi–Füzuli olub, bəzmi-müqəddəs mənə,


Həzi bəzmnən gəlir, bəzm nəzmnən gedir.

Şerdə səhv eyləsə, tən eləmə Pünhana,


Çünki mənim hər sözüm, öz tərəzimnən gedir.

21 may 1997. Bakı.



Qafiyəsin tanımadı?!

Döndü zaman tərsinə, it yiyəsin tanımadı,


Baxdı fələk qurduğu, layihəsin tanımadı.

Oyna, toyundur toyun, işimiz oyundur oyun,


Parka girəndən qoyun, öz pəyəsin tanımadı.

Sildi üzündən üzün, xəlqə tanıtdı özün,


Heyf ki, yaltaq düzün, qafiyəsin tanımadı.

Milləti soydu getdi, əl yeri qoydu getdi,


Soy adı «soy»du getdi, şaiyəsin tanımadı.

Pünhana bax el kimi, gözdə yaşı sel kimi,


Keçdi zaman yel kimi saniyəsin tanımadı.

 23 aprel 1997. Bakı.



«Ətsiz» romansı

Bir zaman dözməz idik bir neçə saət ətsiz,


İndi aylarla qalır güllü-cəmaət ətsiz.

Elə ki, girdin evə, sumka badımcanla dolu,


Qayıdar sumka sənin başuva, əlbət ətsiz.

Kimisi beyti-Gülüstanda toyun çaldırdı,


Kimi də toy elədi, çəkdi xəcalət ətsiz.

Nə müəllimdə həvəs var ki, desin, dərs uşağa,


Nə uşaqlar eləyir dərsi qiraət ətsiz.

Batıb ordum, əriyib şam kimi şümşad bədənim,


Dağıdır hər yerimi köhnə kravət ətsiz.

Əsgərin ət payı zabit tavasında qızarır,


O səbəbdən döyüşə yoxdu cəsarət ətsiz.

Vəkilim xəstələnəndən kəsilibdir ətdən,


Ölür, amma ölə bilmir kişi rahət ətsiz.

Mənə dərs keçdi MM cincilimin xeyrindən,


Dedi, get ottaginən, eylə qənaət ətsiz.

Belə bir fikri vəkillər sala kaş gündəliyə,


Kişidə yox həvəs, arvadda təravət ətsiz.

Baba Punhandan əgər arxayın olsan da gülüm,


Səni bir gün yeyəcək qalsa, ey afət, ətsiz.

1 iyun 1999. Bakı.



Saxladı pünhan kimi

Olmamışıq cisimdə bir can kimi,


Dolmamışıq əqlə bir insan kimi.

Bir-birini çeynəmişik, didmişik,


Tülkü tutub hammızı dovşan kimi.

Qardaşımız ölsə də qan vermərik,


Bizdə paxıllıqlar axır qan kimi.

Erməni Xankəndinə tanklar yığır,


Biz yubileylər edirik xan kimi.

Laləlidir Kəlbəcərin çölləri,


Qanlar axıb üstünə leysan kimi.

Əsri-müsəlman gələcək haqdı bu,


Olmaginən əsrə nigaran kimi.

Haqq zühur eyləyəcək axırı,


Püskürəcək aləmə vulkan kimi.

Çox şeyi aşkar dedi Pünhan bu gün,


Çox şeyi də saxladı pünhan kimi

19 mart 1997. Bakı.



Kino olmalıdır

Hələ «jurnal»dı bu axırda kino olmalıdır,


Ya «Otello», ya da mütləq «Mimino» olmalıdır.

Tanımır it yiyəsin, mal pəyəsin, bel tiyəsin,


Qarışıb «on» «ona»ya axır «ono» olmalıdır.

Vəkilin bığları əlbəttə yağa batmalıdır,


Kasıbın tıxdığı ancaq «pşeno» olmalıdır.

Elə ki, gəldi qiyamət, dönəcək çərxi-fələk,


Onda sizdə «Samokat», bizdə «Reno» olmalıdır.

Qarabağ getmiş hələ, hamı içib kef eləyir,


Qarabağ gəlsə bütün ölkə «vino» olmalıdır.

Nə mən o, həm nə o mən, həm nə sən o, həm nə o sən,


Onda o, indi də bu, sonda mən, o olmalıdır.

Milləti çimdirəsən, valla çox çirkə çıxar,


Bu qədər çirkə, bu yurd boyda qano olmalıdır.

Min oyundan çıxanın qaydadı ki, son oyunu,


Puça-puçnan qutaran bir domino olmalıdır.

İndi almır vecinə xəlq Baba Pünhanı,


Amma bir gün o bu xalqın «vecino» olmalıdır.

15 iyul 1998. Bakı.



Cəllada aldanmışlarıq

Biz cahan mülkündə hər mənada aldanmışlarıq,


Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq.

Canına yel keçməmiş aldandı Adəm, sirrə bax,


Biz həmən sirr ilə bu dünyada aldanmışlarıq.

Dağ çapan Fərhadımız indi Şirinçün ev çapır,


Evdə bir şey tapmayan Fərhada aldanmışlarıq.

Məşhədü Kərbü-bəlavü, Məkkədən gəlmişlərik,


Bir açıq baldır görüb, arvada aldanmışlarıq.

Hər bir evdən yüksəlirkən göylərə fəryadımız,


Kürsülərdən səslənən «doklad» aldanmışlarıq.

Erməni qaç söyləyəndə, qaç deyib ustadımız,


Qaçmağa fərman verən ustada aldanmışlarıq.

Sərvəti dərya olan Geksona qul olmuşlarıq,


«Şirvan»ı üç dörd olan imdada aldanmışlarıq.

Biz çəpiklərnən, təpiklərnən zəfər çalmışlarıq,


Biz köpüklərnən bu göy dəryada aldanmışlarıq.

Yetmiş il, Pünhan, bizə aldanmaq azlıq eylədi,


Ol səbəbdəndir keçib həştada aldanmışlarıq.

28 mart 1999. Bakı.



Gəlim, gəlməyim?

Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?


Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?

Söz gəzir hər yanda ki, meydan sulayır iqtidar,


Bir suyu məndədi, bu meydanə gəlim, gəlməyim?

Burdakı şeytanın əlindən de, şikayətlərə,


Milli geyimlərdəki şeytanə gəlim, gəlməyim?

Bəlkə bu qürbətdə sürüm ömrümü, sadiq qalım,


Buş ilə Kullintona, Reyqanə gəlim, gəlməyim?

«Az Tələ Şirkət» sizə şampun köpüyün göstərir,


Şampunu qurtarsa, bu ekranə gəlim, gəlməyim?

Möcüzi-Quran gələcək, dövrə qiyamət günü,


Mən təzə İslam ilə Quranə gəlim, gəlməyim?

Doğma vətəndən bura zor ilə qovublar məni,


Qalmışam əvvarə de Pünhanə gəlim, gəlməyim?

14 iyul 1998. Bakı.





Kommunist gombul qalıb

Dövri-quldardan bu yana qul olanlar qul qalıb,


Pullulardan pul qalıbdır, çullulardan çul qalıb.

Bir dayım Xalq Cəbhəsiydi, bir dayım da kommunist,


Cəbhəçi çöpdən də nazik, kommunist gombul qalıb.

Ta tutub başdan-başa alver bu Azərbaycanı,


Un gəlir xaricdən, amma tarlada məhsul qalıb.

Eşq dərdi öldürübdür yazığı – biçarədir,


Haykanuşdan sonra heç evlənməyibdir, dul qalıb.

Xoş təbəssüm, şən gülüş qaçqın düşüb eldən tamam,


El deyib Segah acından, indi də Zabul qalıb.

«Bib-bib»in «Cipp»indən şeç əskik deyil, ey ərköyün,


El görür bədxərcliyindən ki, atandan pul qalıb.

Gah boğurlar bir-birin, söhbət edirlər gah şirin,


Valla kim-kimdəndi, kim-kimdir bu iş məchul qalıb.

Yetmiş il susdurdular, dindim tutub basdırdılar,


Ol qədər susdum ki, gördüm tuti dil yoxsul qalıb.

Heç siyasətdən başım çıxmır fəqət qəlbim duyur,


Xaricə kim sərf edir, ölkəmdə o konsul qalıb.

Pünhanı dişlərsə it, mütləq olar it «otravit»,


Çün acı gündən bu cismində acı məhlul qalıb.

2 iyul 1997. Bakı.



Qaçqının sərgüzəşti

Nazəndə nigarım gecə məndən genə düşdü,


Heç sən demə o yazığa məndən gənə düşdü.

İllərlə çadırlarda ki, biz it günü sürdük,


Bitlər, gənələr bir idi, birdən minə düşdü.

Murdar gənələr vəslimi hicrana çevirdi,


Mən tövləyə ta nazlı nigarım hinə düşdü.

Bir yaxşı itim var idi xalis gənəliydi,


Bilməm gənə məndən itə, itdən mənə düşdü.

Gəldim şəhərə dərdimi məclisdə deyim mən,


Qovdu, gənə ta ki, vəkilin üstünə düşdü.

Hər yerdə şəhər əhli gəzib kef eləyirdi,


Arsızları gördükcə fikir dərinə düşdü.

Vurdum gənəmi qoltuğa, Pünhan, yola düşdüm,


Göz yaşlarımın gildiri, tindən-tinə düşdü.

15 iyul 1998. Bakı. 



Kabab istər könül

Düşmüşük bir dövrə ki, dövranə tab istər könül,


Ağlamaqçün bir-iki yaylıq, bir də qab istər könül.

Biz təqaüd əhliyik, bir növ yarım insanlarıq,


İqtidardan duz-çörək, bir az da ab istər könül.

Səkkiz ildir ki, həyətdə manqalı qanqal basıb,


Ət, balıq bir yanə, kartofdan kabab istər könül.

Biz doşab aldıq, ümid etdik ki, bəlkə bal çıxa,


Həm doşabdan olduq, həm baldan, doşab istər könül.

Seçkilər vaxtı vəkillər xəlqə çox vəd etdilər,


İndi eldən gizlənib, onlar niqab istər könül.

Ey vəkillər, biz də insanıq axı sizlər kimi.


Hər səhər türk pendiri, axşam qutab istər könül.

Düz bir aydır bir qızı görməkçün həsrət qalmışam.


Vəsl üçün başmaq ilə bir cüt corab istər könül.

Çərxi korlanmış fələk də bəndədən rüşvət dilər,


Bir sevinc bəxş etməyə yüz iztirab istər könül.

Başdadır, Pünhan, qüsurlar ki, bədən zillətdədir,


Məhv olub getmiş şüurlar inqilab istər könül.

18 iyul 1996. Bakı.



Şillə qiyamətəyçən

Neynəyirsən, eylə qiyamətəycən,


Ömr külüni iylə qiyamətəycən.

Hər şeyə sövq eylədi, şeytan səni,


Qüvvədədir hiylə qiyamətəycən.

Yoxdur o dünyada fisincanpilov,


Qarnını sən piylə, qiyamətəcən.

Xərci töküb çox yerə mülk salmısan,


Mülkün olar, tövlə qiyamətəycən.

Siqnalı vur «Cipp»inə çippildəsin,


Ömrünü sür, böylə qiyamətəycən.

Qaçqın əgər yolda sənə əl açsa,


Gözləginən, söylə qiyamətəycən.

Yığdığını indi çıxart ortaya


İsrafili əylə qiyamətəycən.

Pünhana söz şilləsi haqqdan gəlir,


Yağdıracaq şillə qiyamətəycən.

31 iyul 1997. Bakı



Urra!!!

Urra! Mənə urra! Sənə urra! Ona urra!


Urra! Bizim əvvəlimizə urra, sona urra!

Urra, gələcək əsrə gedən rüşvətə urra!


Urra ki, onun rişəsi keçmiş cana urra!

Urralar içində ölülər dəfn elədik biz.


Urra qızaran torpağa urra, qana urra!

Yaltaqlara meydan açılıbdır vətənimdə,


Bir mənsəb üçün gündə girən min dona urra!

Səd heyf ki, yaltaqlığa yox ayrı məcəllə,


Yaltaqları bir-bir salasan zindana urra!

Ey xəlq, maa öylə gəlir ki, sənə urra!


Həm qarpıza urra demisən, həm yuna urra!

Pünhan, bu oyunlar yetəcəkdir sona bir gün,


Yəqin uduzanlar gedəcəkdir «zona» urra!

25 yanvar 1998. Bakı.



Qətl ilə zindan arasında

Avropa qoyub türkü iki can arasında,


Hakim də qalıbdır iki fərman arasında.

Yardan doya bilmir, nə də əldən qoya bilmir ,


Bir can da bölünmür iki canan arasında.

Avropa bu türk xalqına bir sirli oteldir,


Çox nömrəsi var sərfəli mehman arasında.

Əvvarə qoyub Əzrayılı Öcalan alçaq,


Biçarə qalıb qətl ilə zindan arasında.

«Sur»un səsi dünyanı tutub kimsə eşitmir,


Şeytan oturub haqq ilə insan arasında.

Türk əsri gəlir! Əsri-Günəş, əsri-ədalət,


Kafir batacaqdır iki ümman arasında.

Yer sirrini Peyğəmbər açar Adəmə bir gün,


Göy sirrini saxlar təzə Quran arasında.

Şirvanşahı təslim elədi axırı «göy»lər,


Lov düşdü bu «göy»lər ilə «şirvan» arasında.

Meydan sulayıb, sonra bu meydana girənlər,


Mülk saldı Motodromla bu meydan arasında.

Dağlar dağılan vaxtı çıxar dağlara Pünhan,


Dağ sirri qalar dağ ilə Pünhan arasında.

10 mart 1999. Bakı.





Yaralı qalıb

Qurmuşuq dövləti, amma qanımız qaralı qalıb,


Hələlik ölkə demokratiyadan aralı qalıb.

Hələlik daimidirsə, yaşa daim, hələlik,


Hələlik yox, bu ömürlük deyəsən buralı qalıb.

Kralın gəlini maraldır, vəkilin qudası Kral,


Bu işə mat-məəttəl Perunun Kralı qalıb.

Ehtiyac üstələdi namusu, namus getdi,


Kazinolarda Azərbaycanın maralı qalıb.

Tökülüb Türkiyə, İran, Dubaya millətimiz,


Kimə xoş harada keçibsə o adam oralı qalıb

Günə bir parça çörəkçün, eşit, ey milli vəkil,


Neçə qaçqın qızımız, əcnəbidən balalı qalıb.

Ürəyin ağrısa, Pünhan, demə bəd rüzgarə,


Öz əməllərimizdəndir ki, ürək yaralı qalıb.

15 avqust 1996. Bakı.



Sübh

Kaş ey pərvərdigarım, olmayaydı var sübh,


Körpələr ac, pul da yox, eylər tifillər zar sübh

Milli Məclis ac yetimlərdən, nədən tutmaz xəbər,


Gər vəkillərçün yumaqdan bezmişəm paltar sübh.

Nazilib cismim tamam, barmaqlarım olmuş qələm,


Zəhrimar baş barmağım, yorğanımı yırtar sübh.

Çanta yox, dəftər-kitab yox, üst-baş yox, iş də yox,


Ev dolanır başıma, dığ-dığ salanda yar sübh.

Vallah aclıq bir yana, şalvarımız əldən gedib,


Lovdayıq, üç qardaşa ta bir olub şalvar sübh.

Ey, çıxan, alçaq əməldən, hər gün axşam, agah ol,


Axşamın bəd işlərin, mütləq üzə çırpar sübh.

Mən hacılar görmüşəm ki, sübh qaçar «yüz» vurmağa,


Sübh namazın qılmağa heç eyləməz kirdar sübh.

Rəsmdir ki, vəsldən insan doğar doqquz aya,


Sirrdir Gün, Aya həsrətdən doğar təkrar sübh.

Yox yerim, yurdum ki, bir gün, bir gecə rahat yatım,


Rəhm qıl, ya rəbb, bu canı al gecə, qaytar sübh.

Can yetim, canan yetim, Pünhan yetim, Sübhan yetim,


Bir «yetim-Segahı» üstə ağlasın əşar sübh.

 15 dkabr 1997. Bakı.



Yumurta «döyüşü»

Dişinə vurub yumurta əmin ol sığortasından,


Bu gün iqtidar müxalif bilinər yumurtasından.

Saqa çəkmə xeyri yoxdur, sola əymə xeyri yoxdur,


Ona iqtidar deyərlər, vuracaq düz ortasından.

Döyülən odur, döyən bu, güdülən odur, güdən bu,


Sarısın udub dünən bu, keçinib aortasından.

Oturub cəhənnəmində, əriyən qırın dəmində,


Düşünür kasıb-kusubdan necə qan sovurmasından.

Ürəyin sevindirəydin, əl-əlüstə göndərəydin


Ciyəri vərəmlər üçün, ciyərin qovurmasından.

Ac olub yatan toyuqlar, oyanın çıxıb soyuqlar,


Vəkilin yumurta uddu yeginən çığırtmasından.

Özü burda qurdu orda, qurub orda durdu burda,


Niyə qurdu yurdu burda, bezib orda-burdasından.

O günün qiyamətində, edəcək qiyamı Pünhan,


Gecənin bir aləmində doğacaq günortasından.

17 mart 1999. Bakı.



Seçilib diqtə ilə

Bu gözü çıxmış elin icrə aparsan soru da.


Görəcək bir göz ilə yaxşını da, nankoru da.

Seçilən haqq ilə beş-altı vəkildən savayı,


Seçilib diqtə ilə yaltağı, rüşvətxoru da.

Dirijor heç xora çəkmir çubuğun, yanə çəkir,


Xora çəksə, oxumaz lağlağı dövlət xoru da.

Törənirsə Bakıda ermənidən türk uşağı,


Böyüyəndə o uşaqdan törənər terroru da.

Vətənin sərvətinə «layiq» olan burda qalır,


Vətənin sərhədinə amma basırlar koru da.

Nə qədər bəhri-Xəzər içrə balıq var, tora sal,


Kürünü xaricə çatdır, bizə dartdır toru da.

«Gedişi» mincə manatdır, maaş əvvəlki kimi.


Belə getsə, ala bilməz bu cəmaət şoru da.

Necə getsin qabağa «Azərbaycan» gəmisi.


Cırılıb yelkəni gərçi, qırılıbdır doru da.

Bu ömür yolları indi borulardan keçəcək,


Boruya girsə siyasət dözə bilməz boru da.

Biz urus-zad deyilik, körpəyə «milinki» deyək,


Uşağa yağdırarıq azzarı, dərdi, çoru da.

Neçə ildir Baba sponsoru yerlərdə gəzir,


Demə göylərdə imiş, seyfi də, sponsoru da.
Yüklə 234,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin