UOLT Uitmenn
Uolt Uitmenn XIX əsrin 50-60-cı illərinin Amerika demokratiyasının şairidir. Onun ilk baxışda qəribə görünən poeziyası dünya ədəbiyyatına yeni bir yol açdı. Poeziyasında fikrin obrazlı ifadəsini əsas götürən şeirlərini bilə-bilə adi danışıq dilinə yaxınlaşdırırdı. Çox zaman şair hadisələri gördüyü kimi yox, görmək istədiyi kimi təsvir edirdi. Uitmennin poeziyası dünya proqressiv şeirinə təsir etmişdir. Onun özünəməxsus ifadə və yazı tərzi, poetik forması, şeir anlayışı, "şairin şeir tərəfdarlarının istehza və iradlarına hədəf olmuşdur. Lakin zaman keçdikcə böyük şairin yaradıcılığı — bütün mübahisəli cəhətlərinə baxmayaraq, dünya poeziyasında daha möhkəm, daha şərəfli mövqe qazanmışdır.
Verlibri yaradan və populyarlaşdıran Uolt Uitmen birbaşa deyirdi - qafiyə və klassik formalar şeirlərin ruha hopmasına mane olur. Bu buxovlar nəyimizə lazımdı axı? Şərin pozitiv baxımdan vəsfini adətən F.Nitsşenin adıyla bağlayırlar. Amma məsələnin ontoloji planda qoyuluşu ilə biz Nitsşedən öncə Uitmendə rastlaşırıq. O, 1860-cı ildə (onda Nitsşenin 20 yaşı var idi) yazdığı “Pomanokada doğulmuş” adlı poemasında deyir:
Mən şər haqqında şeir qoşuram,
şərdən də danışmaq borcumdur mənim.
…Əgər o varsa, deməli, sənin də, mənim də,
mənim ölkəmin də
varlığının ayrılmaz hissəsidir.
Poemanın konteksti və şairin başqa şeirləri ilə tanışlıq göstərir ki, o, şər anlayışına ancaq əxlaqi müstəvidə yanaşmır, ona güc və iradə daşıyıcısı kimi də baxdığından, onu vəsf edir. Uitmendə romantizm konkretləşir, reallıqla üzvi vəhdətdə tərənnüm olunur. U.Uitmen digər bir şerində məhz müharibəni də vəsf etməkdən çəkinmir. O özünün “Nə zaman ki, sakitlikdə düşünürdüm” adlı şerində azad Amerika, bütöv Amerika uğrunda müharibəni tərənnüm edir. Beləliklə, biz Uitmendə “həqiqət və güc” ideyasının materialist versiyası ilə tanış oluruq.
Gələcək əsrlərin salnaməçiləri
Gələcək əsrlərin salnaməçiləri,
haqqımda düzgün yazın.
Laqeyd zahirim sizi çaşdırmasın,
Mənim adımı, şəklimi uca tutun, çünki bu adın
sahibi dostlar tərəfindən əziz tutulardı,
öz nəğmələrilə öyünməzdi,
qəlbindəki məhəbbət ümmanını səxavətlə
hamının qəlbinə çiləməkdən zövq alardı,
yar-yoldaşının, əzizlərinin xəyalilə
tək-tənha yol-rizdə dolaşar,
dostlar intizarında xüffət çəkər,
yuxusuz gecələr keçirərdi.
Sevgilisindən umduğu
müqəddəs məhəbbət
duyğularına
şəkk gətirərkən
dəhşətli iztirablar keçirərdi,
vəhşi çöllərdə, təpələrdə, çəmənlərdə,
dolaşmaqda,
təbiətin ağuşuna atılmaqda səadət tapardı,
dostu ilə küçələrdə tez-tez qol-boyun görünərdi.
Yoxdur mənim hesabımda
İnsan əməyini yüngülləşdirən maşınlarım yoxdur -
ixtiralarım, kəşflərim yoxdur,
xəstəxanaların, kitabxanaların tikilişinə
vəsiyyət ediləsi bəxşişim yoxdur,
Amerika uğrunda qəhrəmanlığa görə
yad edilməyəcəyəm.
Nə bir zəka sahibitək,
nə də rəflərdə toz basmış
kitablarıma görə xatırlanasıyam.
Bir neçə günəşli nəğmə qoyub gedəcəyəm
dünyada dostlar üçün, sevənlər üçün.
Nakamlara
Öz böyük arzularını həyata keçirmədən
məğlub olanlara,
Ön sırada ilk güllədən həlak olmuş
əsgərlərə,
Gəmi bələdçilərinə, sədaqətli,
təmkinli sükançılara,
böyük fikirlərlə dolu olan,
ancaq bəyənilməyən bir çox nəğmələrə,
tablolara
şöhrət çələngli abidə ucaldardım.
Dünyadan vaxtsız köçən,
mənəvi ehtiraslardan alışıb
kül olanlara
Ən uca abidə düşür.
Şəhər gördüm yuxuda
Şəhər gördüm yuxuda, elə bir şəhər ki,
bütün ölkələr birləşib
hücum etsələr də məğlub olmaz.
Yuxuda gördüm ki,
bu heç zaman görünməmiş bir
Dostluq şəhəridir.
Bu şəhərdə məhəbbət hər şeydən
uca tutulur, müqəddəs sanılır.
Şəhər sakinlərinin hərəkətlərində,
onların hər kəlməsində,
hər baxışında
gördüyüm məhəbbətdi.
Şair Uolt Uitmen amerikalıları ən axmaq millət adlandırmışdı. Deyirlər ki, “bəlkə də yer üzündə yaşamış ən dahi amerikalı elə Uolt Uitmen özü olub!”
Uitmenin düz yüz il əvvəl yazdığı sözlər, hər şeyi təsdiqləyir: "İrəli, mənim sevimli amerikalılarım, atlarınızı daha da uzaqlara çapın həyəcanla! Pul, Siyasət uğrunda! Bütün kilidləri açın, daha da uzaqlara yetişmək üçün, hər kəsə dərs vermək üçün! Çox yaxında istədiyinə çatacaqsan, ancaq onları saxlamaq istəsən belə bacarmayacaqsan. Ən yaxşısı (köhnə və yeni ölkələrə) vaxtında göstəriş ver, minlərlə dəlixana tiksinlər. Çünki sən axmaqlardan ibarət bir millət yaratmaq üçün ən doğru yolu seçibsən".
Uitmennin "Ot Yarpaqları" adlı 450 səhifəlik nəhəng əsərinin ilk cildi 1855-ci ildə çap olunanda ağır tənqidlərə məruz qalır. Belə bir əsəri ancaq bir dəlixana qaçqınının yaza biləcəyini söyləyirlər. Kitabın axmaq və bayağı şeylərlə dolu olduğu irəli sürülmüş, hətta Londonda nəşr olunan “Critic” adlı jurnalda, şairi "Bir donuz riyaziyyatdan nə qədər uzaqdırsa, Uitmenn də sənətdən o qədər uzaqdır" – demişdilər. Amerikanın məşhur şairlərindən Con Qrinliff Uitterr kitabı pəncərədən fırladıb atdığını açıqlamışdır. "Hələ əsərin başındakı rəsm, Uoltun rəsmi, ədəbiyyatçıları diksindirmş, qorxutmuşdu, yekə şlyapalı, yaxası sinəsi açıq, hər hansı bir adam, bir dülgər! Dözüləcək şey deyildi bu, ədəbiyyatı, incəsənəti heçə saymaq. O paltarda bir adam şeir yaza bilməzdi"!
1892-də öləndə, böyük yaradıcılığından Avropada təriflə bəhs edilməyə başlanmış, işçilərin, qadınların, qulların və sadə insanların hekayələrini dastan havasında bir təhkiyəyə çevirməsi rəğbətlə qarşılanmışdır. Poeziyanı, poeziyadan uzaqlaşaraq quran bu şair hər zaman çaşqınlıq yaradıb. Bəziləri onun fərdiyyətçi, bəziləri də ictiami mövqedə olduğunu irəli sürmüş. Bəziləri fövqəltəbii qüvvələrə inandığını irəli sürərkən, bəziləri də tam bir materialist olduğu fikrində olmuşdur. Hətta insana və insan bədəninə duyduğu sevgi ilə yazdığı şeirlərdə qadınla kişiyə eyni heyranlıqla səsləndiyi üçün onun cinsi azlıqlardan olduğunu söyləyənlər də olmuş. Uitmenn isə İngilis ədəbiyyatçı Con A. Symondsa yazdığı məktubda şeirləri bir bütün halında oxunmadığı təqdirdə haqqında elə düşünülə biləcəyini, əslində isə homoseksualizmin "ağlından belə keçirmədiyini", "xəstəlikli", "heç xoş görmədiyi" bir şey olduğunu qeyd etmişdir. Onsuz da homoseksual olsa bunu gizlətməyəcək gücdə bir şair olduğu bütün şeirlərindən məlumdur. Uitmenn nəsr ilə nəzm arasındakı maneələri dağıtmış, çox vaxt, söylədiyi şeylərin gözəlliyi ilə qənaətlənərək formanın gözəlliyinə əhəmiyyət verməzdi. Lakin şair bunu bilə-bilə edirdi. Uitmennin şairliyi misraların düzülüşündə, sözlərin yoğruluşunda deyil, düşüncələrində, duyğularında gizlidir.
Harriyet Biçer Stou
Harriyet Biçer 1811-ci il iyunun 14-də ABŞ-ın Konnektikut ştatında dindar ailədə anadan olmuşdu. Harriyet yaxşı təhsil almışdı, latın, italyan və fransız dillərində danışa bilirdi. Amma o, utancaq, öz daxili aləmində yaşamağı xoşlayan uşaq idi. On üç yaşında atasının din barəsində söhbətlərinə qulaq asdıqdan sonra Harriyet həyatını Hz. İsaya həsr etməyi qərara aldı. Bu, onun həyatının sonrakı dövrlərini müəyyənləşdirən qərar oldu.
Kiçik yaşlarından etibarən Tanrı ilə arasında xüsusi rabitə qurdu: “Yaxşı bir insan olub Tanrıya xidmət etmək” istəyirdi. Yaşadığı coğrafiya – köləlik sisteminin ölkədəki qaradərililərə qan uddurduğu Amerika – onun fəaliyyəti üçün çox əlverişli idi. Yazmaq xoşuna gəlirdi və istedadlı idi. Demək ki, qələmindən silah kimi istifadə edərək “pisliyə” qarşı döyüşə bilərdi. 1833-cü ildə Harriyet “Aylıq Qərb jurnalı”nda ("Western Monthly Magazine") hekayə yarışması haqqında elanı oxudu. Yazıçı olmağı arzu edən Harriyet bir hekayəsini redaksiyaya göndərdi. Amma heç gözləmədiyi halda müsabiqədə birinci yeri tutdu. 1836-cı ildə 25 yaşında, quldarlıq əleyhdarı professor, eyni zamanda rahib olan Kelvin Stou ilə ailə qurdu. Buna görə bir müddət yazmağa fasilə verdi. Bu evlilikdən onların 7 uşaqları oldu. Kelvin ilə Harriyetin izdivacları uğurlu alınmışdı, çətin vaxtlarda onlar bir-birlərinə dəstək ola bilmişdilər. Həyatları boyu onlar bir çox çətinliklə qarşılaşdılar. Uşaqlarından birini kiçik yaşda itirdilər, maddi çətinliklər də onları əldən salırdı. Buna baxmayaraq, onlar bir-birilərinə dayaq olmağı və çətinliklərə sinə gərməyi bacardılar.
Hariyyetin yazıları dərhal diqqəti cəlb edərdi, qonorarı ailənin maddi durumunu da yaxşılaşdırmışdı. Harriyet daha iri həcmli əsərlər yazmağa başladı. Bu işdə onun ən böyük dayağı və ilhamvericisi yenə də əri idi.
1850-ci ildə əhalisinin sayı 23 milyon nəfər olan Amerikada əhalinin 10% - ni yəni 2,3 milyon nəfərini kölə qaradərililər təşkil edirdi. Hələ XIX yüzilin 30-cu illərindən Amerikada köləliyə qarşı mübarizə başlamışdı. Bu mübarizənin taleyini isə Harriyetin yazdığı və bütün Amerikanı sarsıdacaq "Tom dayının koması" kitabı həll edəcəkdi. O, əsərində ağdərililərin kölələrinə qarşı yaxşı rəftar etməsi barədə yaradılmış əfsanəni darmadağın etdi. "Tom dayının koması"nın qələmə alındığı illərdə Amerikada ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi.
Harriyyet məhz bu gerçəkləri yazırdı. Ətrafında isə onu dəstəkləyənlər də vardı. “Əlimdən sənin kimi yazmaq gəlsəydi, köləliyin nə qədər böyük ləkə olduğunu bütün millətə çatdırmaq üçün nə isə edərdim”. Bu sətirləri qardaşı arvadı ona məktubunda yazmışdı. Sonralar özü yazacaqdı ki, bu məktub onun qələmə möhkəm sarılmasında böyük rol oynadı.
25 il sonra kiçik oğluna yazdığı məktubunda yazıçı əsərinin yazılma prosesini belə təsvir edirdi: “Xalqımızın qullara rəva gördüyü haqsızlıq və vəhşilik müqabilində ürəyim kədərdən paralanırdı. Bəzi gecələr sən yanımda yatıb yuxuladığın vaxt, uşaqları əllərindən alınan qul anaları fikirləşirdim və gözlərimdən alov kimi yaşlar axırdı.”
1851-ci ildə Harriyyet əsərinin birinci hissəsini bitirdi, Vaşinqtonda nəşr edilən, o dövrün köləlik əleyhdarı qəzetlərindən olan “Milli era” ("National Era") qəzetinə göndərdi. Əsər üç ay boyu qəzetdə hissə-hissə nəşr olunmalıydı. Harriyyet romanını kitab kimi nəşr etdirsə belə, onun sayəsində pul və şöhrət qazanacağına inanmırdı. Bostondakı böyük nəşriyyatlardan biri, güney ştatlarındakı satış rəqəmlərinin aşağı düşməsindən çəkinərək Harriyetin kitabını nəşr eləmək barədə təklifi rədd etmişdi. Əsərin dövri mətbuatda dərc edilməsi ilə kifayətlənməyə razı olduğu əsnada Harriyet, risk etməyə hazır olan gənc bir naşir tapdı. “Köləliyə qarşı müharibə” mövzusu, bu sistemə nifrət bəslənən quzeydə belə çox da rəğbət görən bir mövzu deyildi. Bütün bunlara baxmayaraq “Tom dayının koması” əsəri 1852-ci ildə kitab rəflərində yerini tutdu. Yeni roman satışa çıxarıldığı gün üç min ədəd satıldı. Amma kitaba maraq böyük idi. Ona görə də 300 min ədəd təkrar nüsxə çap edildi. Amma bu da yetmədi, dünyanın hər yerindən kitab üçün sifarişlər gəlirdi. Nəşriyyat gecə-gündüz bu romanı çap etməklə məşğul olurdu. Az sonra kitabın tirajı üç milyona çatdı. Kitab dünyanın 50-dən çox dilinə tərcümə olundu. Harriyet, “Tom dayının koması” romanını “Qaçaq qullar haqqında” qanun qüvvəyə mindikdən sonra yazmışdı və bu, Amerika ədəbiyyatı tarixində qəhrəmanı zənci olan ilk əsər idi! Harriyet əsərində quldarlıq sistemini kəskin tənqid edir, bu sistemdən yararlanan və ya bu sistemi xoş qarşılayan ağdərililərin, əxlaq dəyərlərini (daha doğrusu, əxlaqsızlıqlarını, dəyərsizliklərini) tədricən itirdiklərini göstərirdi. Köləliyin ləğvi üçün ağdərili amerikalı dostlarını (xüsusən də quzeyliləri) qaçan qulları qaytarmamağa və onlara hörmətlə yanaşmağa dəvət edirdi.
Kitabın nəşrindən sonra, köləlik tərəfdarları da əks hücuma keçdilər. Onlar, kitabda təsvir edilən hadisələrin uydurma olduğunu deyirdilər. Bu cəfəngiyatlar Harriyeti əsəbiləşdirdi və o, “Tom dayının komasının açarı” adlı başqa bir əsər də yazdı. “Tom dayının koması”ndan sonra Harriyet, 1856-cı ildə quldarlıq əleyhinə ikinci önəmli əsəri olan “Dred” povestini yazdı və qısa müddətdə Amerikanın ən çox pul qazanan və ən ünlü yazıçılarından biri oldu.
Harriyet, hər kəsin möhkəm zənn etdiyi köləlik qalasının divarında qələmi ilə böyük bir yarıq açmış və “Quldarlıq insan heysiyyətinə ziddir və ləğv edilməlidiri” düşüncəsini milyonlarla adamın zehninə yeritmişdi.. 1854-cü ildə köləliyə qarşı mübarizə geniş vüsət aldı və ölkədə Respublikaçılar Partiyası yaradıldı. 1860-cı ildə köləlik əleyhdarı olan Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəldi və köləliyi qoruyub saxlamaq istəyən güney bölgələrlə müharibə şimal bölgələrin qələbəsi ilə başa çatdı, köləlik rəsmən ləğv edildi. Harriyet bu qələbədən sonra Linkoln ilə görüşdü.
Vətəndaş müharibəsi başa çatandan sonra Harriyet Biçer-Stounun ailəsi bir müddət Floridada yaşadı. O burada qadınların səs vermə haqqını müdafiə edənlərə qoşuldu. Harriyet “Qəlb və ev” ("Heart and Home") adlı jurnalda qadınların haqlarını müdafiə edən baş məqalələr yazdı. Qadınların bütün sahələrdə uğurlar qazanacağını bəyan edən Hariyyet Biçer onlara qarşı müəyyən sahələrdə qoyulan məhdudiyyətlərin qaldırılması tələbi ilə çıxışlar edirdi. Harriyet, qadınların Allahın və təbiətin onlara bəxş etdiyi bütün qabiliyyətlərdən istifadə etmək haqları olduğunu və onlardan faydalanmalarının vacibliyini müdafiə edirdi. .
Harriyet, Floridada çox qalmadı və qalan ömrünü keçirmək üçün Konnektikut Hartforda qayıtdı. Burada qadınları önə çıxaran “Müqəddəs tarixdə qadın” ("Woman in Sacred History") adlı əsərini qələmə aldı.
Yazıçı 1896-cı ildə 85 yaşında vəfat etdi. Massaçusets ştatının Andover şəhərində Filips Akademiyasının həyətində dəfn edildi.
Bu əsərlər də onun qələminin məhsuludur: “Xarici torpaqların günəşli xatirələri” (“Sunny memories of foreign lands”/1854), “Sam-Lawsonun ailə daşları” (“Sam-Lawson’s fireside stones” /1871), ”Mənim həyat yoldaşım və mən“ (“My wife and I” /1872), “Köhnə şəhər insanları” (“Old-town folks” /1871), “Palmetto tərk edir” (“Palmetto leaves” /1873), “Sahibin addımları” (“Footsteps of the master”/1876), ”İtin missiyası“ (“A dog’s mission”/1881)...
Dostları ilə paylaş: |