Dünya əDƏBİyyati 42 MÜƏLLİM: f.ü. f d. M. R. Yaqubova VII mühaziRƏ Mövzu: XIX əsr amerika əDƏBİyyati


Son dövr Amerika romantizminin məşhur simaları



Yüklə 48,89 Kb.
səhifə6/11
tarix02.01.2022
ölçüsü48,89 Kb.
#42611
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire 7

Son dövr Amerika romantizminin məşhur simaları, Emerson, Toro, Lonqfello, Louell, Holms, Hotorn, Melvill, Uitmen, Po, Biçer-Stou və digərləri özlərindən sonra estetik fikir tarixində yeni ədəbi janr, yaradıcılıq üslubu, istiqamət qoymuşdular. Son dövr romantikləri tərəfindən nağıl, povest, tarixi roman nəzəri cəhətdən əsaslandırıldı, estetik parametrləri müəyyənləşdi, bədii ədəbiyyat fəlsəfi problematika əxs etmiş oldu. Məsələn, Edqar Po nağıl nəzəriyyəsini, Hotorn romantik tarixi povestlərin nəzəri-estetik əsaslarını yaratdı. Romantik tarixilik prinsipi bütün ədəbi janrlarda, o cümlədən poeziya və dramaturgiyada möhkəmləndi. Tarixi əsərlərdə süjet və mövzu tarixi fakt və dəlillərlə əsaslandırılsa da, hadisələrə əxlaqi və mənəvi cəhət prizmasından yanaşma, milli və ümumbəşəri dəyərlər, humanist meyarlar ilə qiymətləndirmək səciyyəvidir. Amerikanın ictimai və siyasi həyatında romantik sosial utopiya daha çox real gerçəklikdən çıxış edir və ictimai elmlərdə cəmiyyətin sosial fəlsəfi konturlarının, ideoloji hədəflərinin nəzəri örnəklərinin hazırlanması zərurətini ortaya qoyur. Amerika romantizmi özündən sonra böyük mədəni, bədii, fəlsəfi zəmin qoyaraq tarixin parlaq səhifəsinə çevrildi

Romantizmin Amerika ədəbiyyatında yolu başqa ədəbiyyatlardakından xeyli fərqli və ömrü isə daha uzunmüddətli olmuşdur ki, bunun da öz tarixi-ictimai, siyasi səbəbləri var idi. İlk inamlı və dəyərli addımlarını XIX əsrin birinci rübündə K.Brayent, V.İrvinq və F.Kuper kimi yazarların yaradıcılığı ilə atan Amerika ədəbiyyatı özünün həyat qabiliyyətliyini və hər şeydən öncə özəlliyini göstərdi ki, bu da ilkin mərhələdə daha çox yerli materiala müraciətdə, Amerika xalqının özünəməxsusluğunu göstərməyə və onun metropoliya sakinlərindən əsaslı şəkildə fərqlənən mentalitetini əks etdirmək cəhdində təzahür etdi. Məhz romantiklər Amerika ədəbiyyatı və bütövlükdə mədəniyyətində Amerika estetik fikrinin zəminini qoydular. Amerika ədəbiyyatında romantizmin bir cərəyan kimi təşəkkül tapıb inkişaf etməsi ilk növbədə Yeni İngiltərə adlanan bölgə və həmin ərazidə yaranan bədii əsərlərlə bağlıdır. Amerika romantiklərinin əksəriyyəti maarifçilərin demokratiya uğ- runda mübarizəsini davam etdirirdilər, adi insanın ləyaqəti və şərəfi uğrunda – üçüncü silkin nümayəndələri uğrunda – mübarizədə fəallıq göstərirdilər və bunun da özü-özlüyündə böyük əhəmiyyəti var idi. Belə ki, romantiklərin müstəqilliyin təntənəli elanı zamanı irəli sürdükləri “yaşamaq hüququ, azadlıq və xoşbəxtliyə doğru addım” şüarı irqi və sosial vəziyyətindən asılı olmayaraq hamıya aid idi. Belə ideya yönümü Amerika romantizmini ilk addımlarından fərqli edirdi. Amerika ədəbiyyatı Şimal ştatlarında yaransa da, xüsusilə də ilkin mərhələdə, əsas istiqamətləri və xüsusiyyətlərində vahid ədəbiyyat kimi inkişaf etmişdi. Hətta Cənubun ən böyük yazıçısı Simms yaradıcılığının birinci mərhələsində Yeni İngiltərə yazıçılarının fonunda bir o qədər seçilmirdi, Kennedi isə ümumiyyətlə Şimal ştatları ədəbiyyatının üzvi bir hissəsi kimi qavranılırdı. Lakin artıq 30-cu illərin ortalarından, yəni Amerika romantizminin ikinci – yetkinlik mərhələsinə qədəm qoyduğu vaxtdan başlayaraq vahid Amerika ədəbiyyatı Şimal və Cənub ədəbiyyatı olmaqla iki hissəyə ayrılmağa başlayır və onları fərqləndirən əsas xüsusiyyət kimi həmin dövrdə ölkənin ictimai-siyasi həyatının əsas ziddiyyəti olan köləlik probleminə münasibət ortaya çıxır. Məhz bu dövrdə Amerika ədəbi prosesinə nəzəri baxış formalaşmağa başlayır və onun nəzəri zəmininin qoyulması üçün şərait yaranır. Bu, öz əksini transendentalistlərin estetik görüşlərində tapdı. Onların ədəbiyyata gəlişi ilə Amerika romantizmi yetkinlik mərhələsinə qədəm qoydu. Yetkin Amerika romantizm ədəbiyyatının ən görkəmli nümayəndələrindən R.Emerson, E.A.Po, H.Lonqfello, H.Toro və b. adlarını çəkmək olar. Bu dövrün sonuna yaxın isə ədəbiyyatda H.Biçer-Stou, U.Uitmen və b. öz sözlərini dedilər, əsərləri ilə özəl Amerika ədəbiyyatının mövcudluğunu təsdiqlədilər. Vətəndaş müharibəsi ərəfəsində Amerika romantizmi öz inkişaf yolunda zirvə nöqtəsini keçir və müharibədən sonra mövqelərini tədricən tənqidi realizmə verməyə başlayır. Amma bir ədəbi cərəyanın ədəbi arenadan getməsi, digərinin isə gəlməsi ani baş vermədiyindən, müəyyən müddət onlar yanaşı mövcud olurlar. Buna görə də Amerika romantizminin ədəbi arenadan getmə vaxtı barədə vahid və birmənalı fikir söyləmək mümkünsüzdür. Bunun başqa bir səbəbi də var ki, bu da Amerika ədəbiyyatında sırf Amerika hadisəsi olan frontir anlayışının olması və ölkənin müxtəlif bölgələrində ədəbiyyatın bir mədəni hadisə kimi müxtəlif dövrlərdə formalaşmasıdır. Bundan başqa, qeyd etmək lazımdır ki, Amerika romantizminin nümayəndələri Vətəndaş müharibəsindən sonra da ədəbi arenadan getmədilər və onların öz oxucuları vardı.

Amerika romantikləri üçün səciyyəvi xüsusiyyətlər milli özünəməxsusluq ideyasının inkişaf etdirilməsi ilə bağlıdır. Qeyd olunan mövzular Amerika ədəbiyyatının ilk addımlarından müxtəlif səpkili və müxtəlif janrlarda yazılmış əsərlərdə işlənilmişdir. Buna görədir ki, romantizm dövrü Amerika ədəbiyyatından söhbət gedəndə, onun uğurları sırasında publisistik pafosun daha çox yer aldığı əsərləri də görmək olar. Bunlardan bir çox sosial-siyasi pamfletləri, Kuperin kəskin məqalələrini, R.U.Emersonun parlaq, bu gün də həyəcansız oxunmayan esseləri, Toronun düşüncələrimizi bu gün də heyrətə gətirən gündəlikləri, Ponun qeyri-adi və eyni zamanda dərin ilahi təsir qüvvəsinə malik şeirləri, G.Melvill və U.Uitmenin epistolyar irsi, abolisionistlərin nitq və moizələrini və bir sıra başqalarını göstərmək olar. Amerika romantizminin də ideoloji əsası Avropada geniş yayılan idealist fəlsəfə ilə bağlı olmuşdur. Hələ üstəlik Amerikada bu fəlsəfi dünyagörüş daha geniş yayılmış və ilkin romantiklər məhz transendental qrup adlanan birliyə daxil olmuşlar (R.U.Emerson, Toro, Ripli) Amerika romantizminin Avropa romantizmi kimi əsas ideya istiqaməti mövcud ictimai mühitin inkarı, cəmiyyətin işıqlı gələcəyi, yeni dünya haqqında təxəyyüllərdən ibarət olmuşdur. Bütün bunlarla yanaşı, Amerika romantizmi müəyyən ərazidə yaranan və konkret tarixi, ictimai-siyasi hadisələri əks etdirən bir ədəbi prosesdir. Xüsusilə, G.Melvilin, U.Uitmenin yaradıcılığında bunu açıq-aydın görmək olar və hətta bəzi tədqiqatçılar G.Melvilin “Ağ sırıqlı” romanını, U.Uitmenin bir çox əsərlərini, Ceymsin isə bütün əsərlərini tənqidi realizmin ilk nümunələri olduğunu iddia edirlər. Amerika romantizminə xas olan elə mövzular var ki, onlar Avropada yox idi. Hindu həyatı Amerika romantikləri üçün avropalıların Şərqini – yəni, ekzotik aləmi əvəz edirdi. Azad dünya quran, müstəmləkəçilikdən xilas olan insanları xoşbəxt görmək – Amerika romantizminin əsas ideya istiqamətini təşkil edirdi. Amerika romantizminin səciyyəvi xüsusiyyətlərindən biri onun maarifçiliklə sıx əlaqəsidir. Amerika romantikləri material axtarışında birinci növbədə Amerika gerçəkliyinə müraciət etmiş, formalaşmaqda olan Amerika mentallığını əks etdirmişlər.



XIX əsrin birinci yarısının Amerika yazarlarından H.Toro, N.Hotorn, V.İrvinq, F.Kuper, G.Melvill, H.Lonqfello və başqaları Amerika romantizminin inkişafında böyük rol oynamışlar. Artıq romantizmin özündə də tənqidi realizmin real kökləri meydana çıxırdı (bunu yerli koloritin timsalında görmək olar). F.Kuper, daha sonra N.Hotorn, G.Melvill və H.Toro öz yaradıcılıqlarında romantizmlə bərabər, realistik tendensiyalara da yer verirdilər. Hərçənd romantik kimi onlar daha maraqlı və bədii cəhətdən daha məhsuldar idilər. Amerika romantiklərinin antiburjua fəaliyyəti müxtəlif sosial-tarixi şəraitlərdə müxtəlif cür meydana çıxırdı. Amerika romantizmində hindu həyatı mövzusu daha çox reallıq idi və bu reallıq romantik ədəbiyyatın nəzəri prinsiplərinə daha çox cavab vermişdir. Avropa romantiklərinin ictimai-siyasi mübarizəsi ilə yanaşı, Amerika romantikləri Avropa romantizminin bədii-estetik prinsiplərini, qayda-qanunlarını nəzəri konsepsiyalarla əxz etmişlər. V.İrvinq və F.Kuper romantizm üçün xarakterik olan bədiiliyi zənginləşdirməklə, təsir dairələrini genişləndirirdilər. Amerika romantikləri yeni yollar axtarır və son nəticədə aydın olurdu ki, bu yeni yollar nəinki Amerika ədəbiyyatında, hətta dünya ədəbiyyatında yenidir. Romantiklərin etirazı estetik, mənəvi, bəzən isə sosial - siyasi xarakter daşıyır. Amerika ədəbiyyatının özəl xüsusiyyətləri, onu başqa ədəbiyyatlardakı romantizmdən fərqləndirən və ilk nəzərdən də bariz görünən xüsusiyyətlər bu ədəbiyyatda abolisionizmin mövcud olması və Amerika ədəbiyyatının müxtəlif bölgələrdə həm zaman baxımından, həm də əsərlərin ideya yönümü baxımından fərqli inkişaf etməsindədir.


Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin