"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   35   36   37   38   39   40   41   42   ...   47
"İnsan səsi" 
 
(monopyes) 
 
Səhnə məkanı kimi qadına məxsus yataq otağının bir küncü seçilib. Göy rəngin tonları ilə 
boyandığından səhnə yarıqaranlıq təsiri bağışlayır. Bu məkan tamaşaçılara, qırmızı parça 
ilə üzlənmiş çərçivə əhatəsində təqdim olunur. Sol tərəfdə yığışdırılmamış çarpayı, sağ 
cinahda isə ağappaq və güclü işıqlandırılmış vanna otağının yarıaçıq qapısı gözə dəyir. 
Səhnənin mərkəzində və dərinliyində divardan məşhur bir tablo və ya hərhansı ailə 
portreti asılıb - bu tablonun insana vahimə aşılaması əsas şərtdir.  
Suflyor köşkünün böyründə alçaq kreslo və kiçik masa qoyulub. Masanın üstündə 
kitablar, telefon və ətrafa gözqamaşdırıcı işıq salan gecə lampası var. Bu otaqda sanki 
qətl törədilib. Çarpayının yanında, döşəmədə, əynində uzun gecə paltarı olan qadın 
uzanıb. Adama elə gəlir ki, o, ölüb. Pauza. Qadın hərəkətə gələrək, bir başqa poza alır və 
yenidən maneken kimi donur. Bir azdan o, yerdən qalxmaq fikrinə düşür, qalxıb 
çarpayının üstündən kürkünü alır. Telefonun yanından keçərkən bir anlığına duruxsa da, 
qapıya sarı yönəlir. Qapının dəstəyinə toxunduğu an telefondan zəng gəlir. Kürkünü yerə 
ataraq, telefona tərəf cumur. Ayağına ilişən kürkü təpiyiylə bir kənara atıb, cəld dəstəyi 
qaldırır. Bu andan etibarən telefonu özüylə ora-bura daşıyan qadın, öz telefon danışığını 
oturaraq, ayaq üstə, üzünü yana və ya zala tutaraq, bəzən də arxasını dönərək, kreslonun 
hündür söykənəcəyinin ardında dizi üstə çökərək, başını kreslonun arxalığına nazla 
söykəyərək (sanki başı bədənindən ayrılıb) və ən nəhayət, otaqda var-gəl edərək davam 
etdirir və bu durum, ta qadın gəlib çarpayıya üzüquylu sərələnənə qədər sürür. Qadının 
başı çarpayının kənarından sallana qalır, telefonun dəstəyi isə ağır dəyənək misalı onun 
əlindən düşür. 


 
277
Qadının aldığı hər poza onun monoloq-dialoqunun bu və ya digər diliminə (yalanlar 
bölümü, xətdə nasazlıq və s.) uyğun gəlməlidir. Onun əsəbiliyi hərəkətlərinin tezliyindən 
deyil, sadəcə qadının rahatsızlığını maksimum ifadə edən poza dəyişimlərindən bəlli 
olmalıdır. Səhnədəki hər şey - gecə köynəyi, gecə xələti, tavan, qapı, kreslolar, mebel 
üzlükləri, masa lampasının abajuru parlaq ağ rəngdədir. 
Suflyor köşkündən gerçəkləşəcək işıqlanmanı elə ayarlamaq lazımdır ki, oturmuş 
qadından düşən nəhəng kölgə səhnənin arxa divarında, fonda əks olunsun. Bu işıqlanma, 
masa lampasının abajurundan yaxın çevrəyə yayılan işığı bir heçə endirməlidir. Bu 
pyesin quruluşunda “brio” adıyla tanınan “parlaq aktyor ifası” üslubundan heç bir əsər-
əlamət olmamalıdır. Təhqir olunmuş qadından normal şərtlərdə gözlənilən acıdillilikdən, 
kinayədən və tikanlı sözlərdən imkan daxilində qaçmaq xahiş olunur, çünki əsərdəki 
qadın - özünü dəli bir sevgiyə qurban verib və tamaşa boyu tək bircə yol hiyləyə əl atır - 
bunu da ondan ötrü edir ki, sevgilisini etirafa məcbur etsin və öz yaxasını bu ağrılı və 
çirkin şübhələrdən qurtarsın. Müəllif, aktrisanın al-qana boyanan və hər çırpınışında 
sürəkli qan itirən yaralı məxluq kimi davranmasını nəzərdə tutub ki, bu yolla tamaşanın 
sonuna doğru artıq bütün səhnənin qan içində üzmə effekti doğsun. Mətndə rastlanacaq 
bütün təkrarların, yanlışların, ədəbi ricətlərin, zövqsüzlüyün və ədəbsiz deyimlərin 
müəllif tərəfindən dönə-dönə gözdən keçirildiyi bunların mətnboyu ən uyğun şəkildə 
paylaşdırıldığı nəzərə alınmaqla, aktrisanın mətnə sadiq qalması xahiş olunur. 
 
Allo, allo, allo… “Yox” dedim də, xanım, səhv düşmüsünüz, dəstəyi qoyun… Yox, bu 
özəl mənzildir. Yenə də… Allo!.. Yox, xanım, dəstəyi siz qoymalısınız… Allo, xanım 
qız, allo… xətti açın… “Yox” dedim də, bu doktor Şmidt deyil… Bu, sıfır yeddi yox, 
sıfır səkkizdir. Allo… Əcəb işə düşmüşük də… Mənə zəng edirlər, mən də cavab 
verirəm…  
 
Dəstəyi qoysa da, əlini ondan çəkmir. 
Zəng çalınır. 
 
Allo!.. Amma, xanım, elə isə bəs siz məndən nə istəyirsiniz? Sizə necə yardım edə 
bilərəm axı?.. Niyə mənimlə bu tonda danışırsınız?.. Mənim bunda nə günahım var?.. 
Heç də yox… Yox, elə deyil… 
Allo!.. Allo, xanım qız… Yox, danışıq alınmadı. Daim araya başqası girir. Xətt normal 
işləmir. Bu xanıma da deyin ki, xətti boşaltsın.  
 
Dəstəyi qoyur. Zəng çalınır. 
 
Allo! Sənsən?.. Bu sənsən?.. Hə… Çox pis eşidirəm… Məndən elə uzaqdasan ki… 
Allo!.. Dəhşətdir… Görürsən də, xətdə nə qədər səs var… Təzədən yığ. Allo! Tə-zə-dən 
yı-ğğğ… Deyirəm ki: təzədən yığ… Xanım, bəsdirin də. Bayaq da sizə dedim ki, mən 
doktor Şmidt deyiləm… Allo!  
 
Dəstəyi qoyur. Zəng çalınır. 
 
Hə! Axır ki… Sənsən… Hə… İndi çox yaxşı… Allo! Hə… Səsini bir sürü səsin içindən 
ayırd etmək əsil işgəncə idi mənə… Hə… Hə… Yox… həqiqətən də uğurlu oldu… 
İndicə gəlmişəm, bir on dəqiqə olar… Bundan əvvəl zəng eləməmişdin ki?.. Hə-ə! Yox, 
yox… Marta qonaq çağırmışdı… onlarda yedim… İndi yəqin ki, on ikiyə on beş dəqiqə 


 
278
işləyər… Evdən zəng edirsən?.. Elə isə elektrikli saata bax da… Mən elə belə də 
bilirdim… Hə, əzizim, hə… Dünən axşammı? Dünən axşam gələn kimi tez yuxulamaq 
üçün həb atdım… Yox… Bircə həb… Saat doqquzda… Bir az başım ağrıyırdı, amma 
özümü birtəhər ələ aldım. Marta mənə baş çəkdi. Birlikdə səhər yeməyi yedik. Sonra 
bazarlığa çıxdım. Evə dönüb, bütün məktubları sarı çantaya yığdım. Mən… Necə?.. 
Dözürəm də… And içərəm ki… Axı, mən çox, çox dözümlüyəm… Hə, sonra neylədim? 
Sonra geyinib-kecindim, Marta gəlib maşınla məni evdən götürdü və… Elə indi də 
onlardan gəlirəm. Qiyamət qızdır… Məndən ötrü heç bilmir ki, nə eləsin, lap əldən-
ayaqdan gedir… Bəlkə bu kənardan elə görünür, əslində isə o, belə deyil. Sən həmişəki 
kimi haqlı çıxdın… Çəhrayı paltarımı və xəzi… Qara şlyapa ilə… Hələ də əynimdədir… 
Yox, canım, siqaret çəkmirəm. Vur-tut üçcə siqaret çəkdim… Yox, doğru sözümdür… 
Hə, hə… Necə də qayğıkeşsən… 
Sən də indicə gəlmisən?.. Bütün vaxtı evdəydin… Nə məhkəməsi?.. Hə, onu deyirsən… 
Özünü çox da yorma belə… Allo! Allo! Yox, hələ ki danışırıq! Allo!.. Allo! Əzizim… 
Allo! Əgər danışıq kəsilsə, nömrəmi təzədən yığ… əlbəttə ki… Allo! Yox… Qulağım 
səndədir… Çantadadır… Bizim məktubların hamısı, istədiyin vaxt bir adam göndərib, ala 
bilərsən… Əlbəttə, ağırdır… Başa düşürəm… Əzizim, üzrxahlığın yersizdir, bu, son 
dərəcə təbii sayılmalıdır… Sadəcə mən bir az anlamazam… Sən isə o qədər xeyirxahsan 
ki… Sən çox, çox xeyirxahsan… Heç vaxt inanmazdım ki, buna dözümüm çatar… 
Bunda heyrətlənəcək bir şey yoxdur. İndi lap yuxudagəzənlərə dönmüşəm. Eynilə robot 
kimi geyinib evdən çıxır, yenə robot kimi geri dönürəm… Bəlkə də heç sabah bu qədər 
dözümlü ola bilməyəcəyəm… Sənmi?.. Yox, canım… yox, əzizim, mən sənə heç nəyi 
nöqsan tuta bilmərəm… mən… mən… Qoy görək də… Nə?.. Bu, çox doğal olardı… 
Əksinə… Axı, biz… Axı, biz heç vaxt biri-birimizə yalan söyləməmək haqda 
şərləşmişdik və əgər sən sonuncu ana qədər mənə bunu açıb söyləməsəydin, bu, sənin 
cinayət işləməyinə bərabər olardı. Bunu özümə qarşı amansız zərbə sayardım, çünki 
mənim yetərincə vaxtım var idi anlayım ki… Hansı komediyanı?.. Allo!.. Kim?.. Mənəm 
komediya çıxaran, eləmi?.. Sən ki, mənə bələdsən və yaxşı bilirsən ki, mən… Heç də 
yox… Yox ki, yox… Son dərəcə sakitəm… Bu, sənin gözündən yayınmazdı… Dedim ki: 
bu, sənin gözündən yayınmazdı. Bəyəm mənim səsim nəyi isə gizlədən birisinin səsinə 
bənzəyir ki… Yox. Mən dözümlü olmağa qərarlıyam və belə də qalacağam… Dayan 
görüm… Bunlar heç də eyni şeylər deyil… ola bilər, amma bədbəxtliyi duyub, ona hər nə 
qədər hazırlaşsan belə, o, adamın başının üstünü elə qəfil alır ki, əl-ayağın yerdən 
üzülür… Bir elə də şişirtmə… Hər halda bu duruma uyğunlaşmaq üçün yetərli zamanım 
vardı. Sən isə məni sakitləşdirməyə, uyutmağa çalışırdın. Sevgimiz xeyli maneəni aşmalı 
oldu. Bir an içində qərar verməliydik: beş il sürən səadətdən vaz keçək, yoxsa riskə 
gedək. Şəxsən mən heç vaxt inanmazdım ki, hər şey yenidən yoluna düşər. Bu sınırsız 
səadət yolunda mən nələrdən keçmədim… 
Allo!.. hə, sınırsız… Peşiman da deyiləm… Mən heç… mən heç nəyə heyifsilənmirəm - 
heç nəyə - heç nəyə… Sən… onda sən yanılırsan… sən… sən… sən yanılırsan… 
Mən… Allo!.. Mən haqq etdiyimi aldım. Mən dəlicəsinə sevir və qarşılığında da sınırsız 
bir səadət umurdum… Əzizim… Qulaq as… Allo!.. Əzizim… qoy bir… Allo!.. Qoy bir 
mən sözümü bitirim də. Sən özünü heç suçlama. Hər şeyin günahkarı tək mənəm. Hə, 
hə… Versaldakı o bazar gününü və o teleqramı xatırla… Hə!.. Gördün!.. Axı, mən onda 
gəlmək istəyirdim, bir də ki, səni ağız açmağa da qoymadım. Onda sənə dedim ki, mən 
hər şeyə biganəyəm… Yox… Yox… Yox… Bunda yanılırsan… Mən… Əvvəlcə mən 
zəng etdim… Yox, o gün çərşənbə axşamıydı… çərşənbə axşamı… Hə, bundan əminəm. 
Ayın iyirmi yeddisi, çərşənbə axşamı. Sənin teleqramını isə iyirmi altısında, yəni bazar 


 
279
ertəsi axşamı aldım. O tarixləri mənim əzbər bildiyim sənə də yaxşı bəllidir… Anan? Nə 
üçün?.. Narahatçılığa elə bir səbəb yoxdur… Hələlik özüm də bilmirəm… Hə… ola 
bilər… 
O! Əlbəttə ki, bir az sonra. Bəs sən?.. Sabah?.. Bunun belə erkən baş tutacağını heç zənn 
etmirdim… İndicə, bir dəqiqə dur… Amma bunda çətin heç nə yoxdur… günü sabah 
çanta xidmətçidə olacaq. Jozef gəlib onu alar… Mən? Əslində mən bəlkə də heç yana 
getməyəcəyəm, uzaqbaşı bir neçə günlüyünə şəhər kənarına, Martagilə yollana bilərəm… 
O, buralardadır. Dəngəsi pozulub, bir yerdə qərar tuta bilmir. Dünən bütün günü otaqla 
dəhliz arasında var-gəl edib. Məni şübhəli baxışlarla, həm də lal-dinməzcə dinlədi. Daha 
səni axtarmadığı yer qalmadı. Hətta arada mənə elə gəldi ki… səni tapmaqda ona… 
yardım etmədiyim üçün mənə acığı tutur… Mənə qalsa, onu öz yanına aparman daha 
məsləhətdir… əgər bu heyvan da bədbəxt olmalıydısa… O! Mən!… 
Axı, bu qadının saxlayacağı it cinsi deyil. Mən ona sən deyən yaxşı baxa bilmərəm. Onu 
gəzməyə də çıxara bilmərəm. Məncə, onun səninlə qalmağı daha məsləhətdir… Yox, 
yəqin ki, tezliklə məni yadırğayacaq… Baxarıq… Amma bu, çox da qəliz bir şey deyil. 
Deyərsən ki, guya bu dostunun itidir. İt Jozefə yamanca isnişib. Elə o da gəlib onu 
aparar… Mən itin boğazına nömrəsiz qırmızı xalta taxacam… Yaxşı, gözləyək görək… 
Hə… Hə… Hə, yaxşı, əzizim… Anladım… Oldu, əzizim… Hansı əlcəkləri?… Sənin 
maşın sürəndə geydiyin içi xəzli əlcəkləri?… Xəbərim yoxdur. Heç gözümə dəyməyib. 
Ola bilər. İndicə baxaram… Gözlə bir… Diqqət elə, danışığımızı kəsməsinlər…  
 
Masanın üstündə, masa lampasının arxasındaki dəri əlcəkləri götürüb, 
ehtirasla opür. Əlcəkləri yanağına sıxaraq, 
dəstəyə deyir. 
 
Allo!.. Yox… Komoda, kreslonun üstünə, dəhlizə, hər yerə baxdım. Heç yerdə yoxdur… 
Qulaq as… Yaxşı. Yenə də axtararam, amma arxayınam ki… Əgər sabahacan tapsam, 
onları da xidmətçi qadına verəcəyim çantaya qoyaram… Necə, əzizim?.. Məktubları… 
Hə… Yandır getsin… Səndən bir şey də xahiş etmək istəyirdim… Əlbəttə, bu yersiz 
səslənəcək… Bilirsən… deməli… Sənə deyəcəkdim ki, məktubları yandırsan, külü sənə 
bağışladığım siqaret yığmaq üçün qutuya yığarsan… həmin qutunu sən… Allo!.. Yox… 
Bilirəm ki, bu düşük səslənir… 
Bağışla məni. Vaxtilə mən hədsiz dözümlü idim… 
Hönkürür. 
 
Hə, artıq keçib getdi. Burnumu silirdim. Sadəcə olaraq həmin külü xatirə kimi saxlamaq 
istəyirdim, vəssalam. Necə də geniş qəlbin var… Nə?.. 
 
Bundan sonra gələn və dırnaq arasında verilən cümlələri aktrisa nisbətən yaxşı bildiyi 
xarici dildə səsləndirir.  
 
“Bacının kağız-kuğuzlarını mətbəxdəki sobada yandırdım. Əvvəlcə haqqında mənə söz 
açdığın o rəsmi onların arasından götürmək fikrinə düşdüm, amma mənə ” hər nə var - 
yandır” dediyin üçün, sözündən çıxmadım… Hə, yaxşı… Oldu… Hə!  
 
Yenidən əvvəlki dildə davam edir. 
 


 
280
Doğru sözündür ki, artıq xalatdasan?.. Yatmağa hazırlaşırsan?.. Çox gec saatlara qədər 
işləmə, əgər sabah tezdən qalxacaqsansa, erkən də yat. Allo!.. Allo!.. 
Bəs belə necədir?.. Amma mən olanca səsimlə danışıram… İndi necə eşidirsən?.. 
Soruşuram ki: İndi necə? Eşidirsən?.. Qəribədir, mən səni çox aydın eşidirəm, elə bil lap 
yanımdasan… Allo!.. Allo! Allo! Bəli də! İndi artıq heç mən də səni eşitmirəm… İndi 
azca yaxşılaşdı, amma səsin yenə quyu dibindən gəlir… Sən necə, məni eşidirsən?.. 
Yaxşı, hər şeyin sırası var… Yox, yox, dəstəyi qoyma!.. Allo!.. 
Xanım qız, mən hələ ki, danışıram… Mən səni eşidirəm. Mən səni çox aydın eşidirəm. 
Hə, bu, çox xoşagəlməz bir şeydir. Sən eşidirsən, amma dəridən-qabıqdan çıxsan da, səni 
eşitmirlər ki, eşitmirlər, elə bil kabussan… Hə, yaxşıdır, çox-çox yaxşıdır. Qəribədir ki, 
bizə belə uzun-uzadı danışıq imkanı tanıyıblar. Adətən üç dəqiqə sonra danışığı kəsir, 
sonra isə tamam başqa nömrə ilə calayırlar… Hə, hə… İndi mən əvvəlkindən də yaxşı 
eşidirəm, sadəcə sənin aparatında nə isə küy var. Heç elə bil sənin telefonun deyil… 
Xəbərin var ki, mən səni həm də görürəm?  
 
Kişinin suallarına cavab verir. 
 
Hansı şərfini taxmısan?.. Qırmızı… düyün soldadır… köynəyinin qollarını 
çırmalamısan… Sol əlində nə var? Telefon dəstəyi. Sağ əlində? Qələm. Bloknotda 
ürəklər, ulduzlar, başlar çəkirsən. İndi gülümsünürsən. İstəyəndə mən hətta öz 
qulaqlarımı da görə bilirəm. (Cəld hərəkətlə üzünü örtür). Yox, əzizim, mənə elə baxma 
da… Qorxuram?… Yox, qorxub eləmirəm… Bu daha betərdir… Sadəcə mən yalqız 
yatmağı yadırğamışam… Hə… Hə… Hə… Hə, hə… Sənə söz verirəm… Mən, mən… 
Söz verirəm… Bunu sənə vəd edirəm… Sən çox xeyirxahsan… Bilmirəm. Özümü 
güzgüdə süzməkdən də qaçınıram. Vanna otağında işığı yandırmaqdan çəkinirəm. Dünən 
aynada yaşlı bir qadınla burun-buruna gəldim… Yox, yox! Həqiqətdir, üzü narın 
qırışlarla örtülmüş ağ saçlı bir qarıydı… Sən çox nəcib insansan! Amma, əzizim, hardan 
idi məndə elə gözəl üz? Adətən sənət adamları belə süni danışırlar, o da nə işə yarar ki… 
Yadında, mənə “bu iyrənc sifətə baxın” deməyin əslində bundan çox ləzzət edirdi 
mənə… Haqlısınız, əlahəzrət!… Zarafat edirdim… Əcəb də söz anlamazsan ha… 
 
Yöndəmsiz olsan da, əsas odur ki, məni sevirsən. Əgər sən ayıq olub, üstəlik, məni 
sevməsəydin, yəqin ki, telefon qorxu saçan silaha çevrilərdi. İz buraxmayan, səssiz 
işləyən silaha… Mənmi? Hikkəliyəm? Allo!… Allo! Allo!… Allo, əzizim… Haraya yox 
oldun belə?.. Allo, allo, allo, xanım qız. (Nömrəni yığır.) Allo, xanım qız, danışığımız 
kəsildi.  
 
Dəstəyi qoyur. Pauza. 
Təkrar dəstəyi qaldırır. 
 
Allo! (Nömrəni yığır.) Allo! Allo! (Nömrəni yığır). Allo, xanım qız! 
 
Nömrəni yığır. Zəng çalınır. 
 
Allo, sənsən?… Yox, xanım qız. Söhbətimiz yarıda kəsildi… Hardan bilim?! Yəni ki… 
Gözləyin… Otöy, sıfır-dörd-yeddi. Allo!… Məşğuldur… Allo, xanım qız, yəqin o mənim 
nömrəmi yığır… Yaxşı.  
 


 
281
Dəstəyi qoyur. Zəng. 
 
Allo! Allo!.. Yaxşı.  
 
Dəstəyi qoyur. Zəng gəlir. 
 
Allo! Allo! Sıfır-dörd-yeddi? Yox, altı demədim, yeddi. Off!  
 
Yenidən nömrəni yığır. 
 
Allo!.. Allo, xanım qız. Nömrə yanlışdır. Məni sıfır-dörd-altıya bağlayırlar. Mən isə sıfır-
dörd-yeddini sifariş vermişəm. Otöy. (Gözləyir.) Allo! Otöy, sıfır-dörd-yeddidir? A! Hə. 
Danışan Jozefdir?.. Bu, mənəm… Cənabla söhbətimizi bayaq yarıda kəsdilər. Evdə 
yoxdur?.. Hə… Hə… Bu gün evə qayıtmayacaq ki?.. İlahi, mən əcəb huşsuzam! Cənab 
mənə restorandan telefon etmişdi, söhbətimiz yarıda kəsildi, mən isə indi onu evində 
axtarıram… Bağışlayın məni, Jozef… Sağ olun… Sağ olun… Yaxşı… Gecəniz xeyrə 
qalsın, Jozef…  
 
Dəstəyi qoyur. Qanı qaralıb. Zəng gəlir. 
 
Allo! A-a! Əzizim, sənsən?.. Sözümüz ağzımızda qaldı… Yox, yox. Mən gözləyirdim. 
Kimsə mənə zəng eləmişdi, dəstəyi qaldırdım, o biri başda susurdular. Əlbəttə… 
Sözsüz… Hə yatmaq istəyirdin… Sağ olki, zəng etdin… Çox xeyirxahsan…  
 
Ağlayır. Pauza. 
 
Yox, qulağım səndədir… Necə?.. Bağışla məni… Anlayıram ki, bu axmaqlıqdır… Eybi 
yox… Mənim işlərim qaydasındadır… And içərəm ki, bütün işlərim öz yolunda gedir… 
Yox, bu sənə elə gəlir… Heç nə baş verməyib. Yanılırsan… Eynilə əvvəlki səs tonuyla… 
Bilirsən, fərq ondadır ki, danışdığın zaman adamın ağlına da gəlmir ki, dəstəyi qoyan 
kimi susacaq və yenidən boşluğun, zülmətin ağuşuna düşəcəksən… Deməli… (Ağlayır.) 
Əzizim, bir məni dinlə. Sənə heç vaxt yalan satmamışam… Hə, bilirəm, bilirəm, sənə 
inanıram, bu barədə sənə güvənirəm… Yox, məhz bu barədə… Amma bir azca qabaq 
sənə bir yalan dedim… bir az qabaq… indicə… telefonla, bu son on beş dəqiqə ərzində 
sənə bəzi yalanlar sırıdım. Yaxşı bilirəm ki, heç bir ümid yerim və umacağım qalmayıb, 
dar gündə heç yalan da adamın karına gəlmir, bir də ki bu sənin hətta xeyrinə olsa belə, 
sənə yalan satmağı sevmirəm, bunu bacarmıram və istəmirəm bunu… Of! Elə bir şey 
deyil, əzizim, qorxma… Geyimimi sənə təsvir etməklə və Martagildə yemək yediyimi 
deməklə bir az qabaq sənə yalanlar sırıdım. 
Hələlik dilimə heç nə vurmamışam, əynimdə çəhrayı paltar yoxdur. Gecə köynəyinin 
üstündən çiynimə qısa kürkümü atmışam. Çünki sənin zənginin intizarında gözümü 
telefona zillədiyim, gah qalxıb, gah oturduğum, gah da otaqda var-gəl etdiyim bu müddət 
ərzində yavaş-yavaş ağlımı itirdiyimin fərqinə vardım! Ona görə də kürkümü çiynimə 
atdım ki, küçəyə çıxıb taksi tutum, yaşadığın mənzilin pəncərələri altında dayanıb səni 
gözləyim… Bilmirəm! Nəyi gözlədiyimi özüm də bilmədən, sadəcə gözləyim… 
Haqlısan… Hə… Hə, qulaq asıram… Özümü ağıllı aparacağam… Qulaq asıram… And 
içirəm ki, suallarına gerçək cavablar verəcəyəm… Qulağım səndədir… Yox, hələ ki, heç 
nə yeməmişəm… Meylim çəkmirdi… Əhvalım qarışmışdı… Dünən axşam yuxulamaq 


 
282
üçün yuxu həbi içmək istədim: özlüyümdə düşündüm ki, əgər bir neçə həb içsəm, daha 
rahat yataram, yox, əgər bütün həbləri içəsi olsam, onda həmişəlik yataram. (Ağlayır.) … 
Düz on iki həb içdim… 
İlıq su ilə… 
Lap ölü kimi yatmışdım. Yuxuda gördüm ki, məni atıb getmisən. O dəqiqə yuxudan 
ayıldım, yerimdən sıçrayınca bunun sadəcə yuxu olduğuna xeyli sevindim. Az sonra 
bunun gerçək olduğunu, yalqız qaldığımı, başımın sənin çiynində uyumadığını, 
aramızdaki məsafənin uzaqlığını anlayınca, bundan belə yaşamağın mənasızlığına qərar 
verdim… Vücudum lələk kimi yüngül və soyuq idi, ürəyim dayanmaq üzrə idi, amma 
ölmək bilmirdim, sonunda içimi elə qorxunc həsrət sardı ki, aradan bircə saat keçməmiş 
Martaya zəng etdim. Yalqızlıqda ölməyə cəsarətim yetmədi… 
Əzizim… Əzizim… Səhər saat dörd idi. Marta bizə binalarında yaşayan həkimlə birlikdə 
gəlmişdi. Hərarətim qırxa yaxın idi. Görünür, özünü zəhərləmək asan iş deyil, çünki çox 
adam öz dozasını bilmir. Həkim dərman yazıb getdi, Marta bütün günü yanımdan 
ayrılmadı. Bir az var gedib, bunda da mən israr etdim, mənə son kərə zəng edəcəyin 
barədə vədin xatirimdəydi və qorxurdum ki, Marta yanımda olsa, səninlə rahat danışa 
bilmərəm… İndi yaxşıyam, çox, həm də çox yaxşıyam… Yox, ağrımıram… Hə, 
haqlısan… Bir az qızdırmam var… Otuz səkkiz və üç… O da əsəbilikdəndir… 
Rahatlığını pozma… Tamam unutmuşam! Bax ha, üstəlik də söz vermişdim ki, səni 
həyəcanlandırmayacağam, səndən sabah görüşəcəkmişik kimi arxayın ayrılmışdım, səni 
arxayın yola salmışdım… Yox, bu, ağılsızlıq olardı… Hə, hə, sözsüz ki, bu ağılsızlıq 
olardı!.. Dəstəyi asıb, təkrar tənhalığa qapılmaq daha müşküldür… (Ağlayır.) Allo… Elə 
bildim yenə danışıq kəsildi… 
Sən elə səmimi, mehriban adamsan ki… Mən isə sənin kimi zavallı tifilin könlünü 
qırdım… Daxilən elə əzablar çəkirdim ki, istəyirdim özümü yerdən yerə vurum, amma 
sənin səsini duyan kimi könlümə rahatlıq və sərinlik yayıldı. Səninlə yanaşı uzanıb, 
başımı həmişəki yerinə, yəni sənin çiyninə qoyub, şirin söhbətinə qulaq verəndə də səsin, 
bax, eynilə indii telefondan eşitdiyim kimi gəlirdi… 
Alçaqlıqdır?.. Əksinə, mən özümü yaramaz aparıram. Axı, sənə söz vermişdim ki… 
Mən… Nə danışırsan! Axı, sən… Sən… Sən həmişə məni xoşbəxt etməyə çalışırdın… 
Əzizim, əmin ola bilərsən ki, bunlar yalandır. Mən aramızda bütun bu olub-keçənlərin 
gec-tez baş verəcəyinə heç vaxt şübhə etmirdim. Dünyada minlərlə qadın zənn edir ki, öz 
sevgilisi ilə ömürboyu birlikdə olacaq və elə buna görə də onlardan ötrü ayrılıq tamamən 
gözlənilməz bir şey sayılır. Mən isə bunu gözləyirdim… həm də çoxdan gözləyirdim… 
Sadəcə sənə heç nə demirdim… Onun fotosunu dərziyə gedəndə jurnalda görmüşdüm… 
Masanın üstündəki jurnal nədənsə məhz həmin səhifədəcə açılmışdı… Amma bu, çox 
təbiidir, daha dəqiq desəm, qadınsayağıdır… Çünki səninlə keçirəcəyim son həftələri bir 
heçə döndərmək istəmirdim… Yox. Bu, çox təbiidir… Gəl, məni olduğumdan daha yaxşı 
və üstün görməyə çalışma, canım… Allo! Qulağıma nəsə bir melodiya gəlir… Deyirəm 
ki, melodiya eşidirəm… Divara döyüb onlara təpin ki, gecənin bu vaxtı sakitliyi 
pozmasınlar. Gecədən keçmiş musiqi dinləmək onların köhnə adətidir, həm də 
arxayındırlar ki, sən evində gecələmirsən… Yox, istəməz… Martanın gətirdiyi həkim 
sabah mənə baş çəkəcək… Yox, əzizim, çox yaxşı həkimdir və bir başqasını gətirməklə 
onun xətrinə toxunmağa dəyməz… Narahat olma… Həqiqətən… Doğru sözümdür… 
Marta sənə bildirər… Başa düşürəm… Anladım… Yox, bu səfər mən dözümlü, çox 
dözümlü olacağam… Necə?.. Oh, indi son dərəcə yaxşıyam və əgər işdir-şayət sən zəng 
etməsəydin, çoxdan o dünyalıq olmuşdum… Yox… Gözlə görüm… Gözlə… Bir çarə 
tapmağa çalışarıq…  


 
283
 
Otaqda var-gəl edir, arada ahlayıb-uflayır. 
 
Bağışla məni. Mən də anlayıram ki, nə qədər səbirli davransan da, bütun bunlar 
dözülməzdir, amma unutma ki, mən əzablar içində çapalayıram. Bu telefon xətti - bizi 
birləşdirən sonuncu bağdır… Srağagün axşam? Hə, yatmışdım. Telefonu yatağa, yanıma 
götürmüşdüm… Yox, yox… Yatağa… 
Hə, bunun gülünc olduğunu anlasam da, telefonu özümlə məhz yatağa götürmüşdüm
çünki bunun bizi birləşdirən son bağ olduğunu bilirdim… Kabel… Həm də axı, sən söz 
vermişdin ki, yenə zəng edəcəksən. İnanmazsan ki, o az vaxtda nə qədər rəngarəng yuxu 
gördüm. Bir gördüm ki, guya sənin telefon zənginin səsindən qulaqlarım ba 
tıb, sən məni vurunca yerə sərilirəm. Sonra gördüm ki, məni boğurlar və ağlım başıma 
gəlincə özümü sənin Otöydəki mənzilində, amma dənizin dibində buluram, əynimdəki 
skafandrın kabelinin bir ucu sənə bağlıdır və sənə yalvarıram ki, məbadə onu üzüb 
atasan. Dilinə alıb danışanda bütün bunlar bəlkə axmaq səslənir, amma yuxuların hədsiz 
reallığı məni dəhşətə gətirmişdi… Artıq o hiss keçib gedib, çünki səninlə danışa bilirəm. 
Bu son beş ilimi ancaq sənə bağlı yaşamışam, ancaq səninlə nəfəs almışam, ancaq sənin 
yolunu gözləmişəm. Görüşə gecikdiyin zaman öldüyünü zənn eləmişəm, bu fikirdən 
özüm də ölməyə başlamışam, amma sən otağıma qədəm basınca, yanımda peyda olunca 
mən də dirilmişəm və yenidən məni tərk edəcəyini düşününcə qorxular canımı alıb. İndi 
rahat nəfəs ala bilirəm, çünki səninlə danışıram. Əslində yuxum sən deyən də mənasız 
deyilmiş. Məsələn, əgər sən indi dəstəyi assan və ya bizi qovuşduran bu son bağı 
kəssən… 
Hə, əzizim, birinci gecə mən ona görə yuxuladım ki, bu mənə ilk dəfə uyğulanmışdı. 
Həkim dedi ki, sinir şoku keçirmişəm, həm də ki, birinci gecə bütün xəstələr yatır. Bu cür 
sarsıntı adətən gözlənilməz olduğundan ağrısı da dözülməz təsir bağışlayır, adamı necə 
çaşdırırsa, zərbədən yayınır və dözürsən. İkinci gecə isə, yəni dünənki gecə - artıq tam 
çəkilməz oldu, bugün isə üçüncü gecəmdir. Sən dəstəyi asandan sonra, yəni bir azdan 
başlanacaq və sabahkı günü, birisigünü və daha neçə-neçə belə mənasız günləri əhatə 
edəcək. İlahi, özün mənə bir çarə qılsana! 
Yox, qızdırmam tamam keçib gedib və hər şeyi tam ayıq başla dəyərləndirməyə 
qadirəm… Bu, çarəsizlikdən doğmuşdu, odur ki, var gücümü toplayıb, sənə yalan 
sırımalı oldum… Lap elə yuxulasam belə, bunlar yuxuda da məni rahat buraxmayacaq. 
Sonra da gərək qalxıb geyinim, yemək yeyim, yuyunum, adam içinə çıxım. Yaxşı, bəs 
hara gedim, hə?.. Amma, əzizim, mənim səni sevməkdən başqa bir işim-gücüm yox idi 
axı… Ola bilsin ki, mən həmişə məşğul görünürdüm, haqlısan, amma bütün fikrim-
zikrim ancaq səninlə məşğul idi, sənin yanında idi… Marta?.. Amma onun da öz yaşamı 
var… Əzizim, bu, balıqdan susuz necə yaşayacağını soruşmağa bənzədi ha… Axı, sənə 
dedim ki, mənə başqa heç kim lazım deyil… Əylənməkmi?.. Sənə bir etiraf etmək 
istərdim, düzdür, şairanəlikdən uzaq olsa da, bu, əsil həqiqətdir. Məni qoyub getdiyin o 
mənhus gecədən sonra fikrimdən təkcə bir yol çıxmısan, o da ki, həkim dişimin sinirini 
çıxaranda… 
Təkəm… təppətək… Bayaq sənə dedim ki, it də iki gündür dəhlizdən otağa keçmir… 
Onu çağırıb, bir az oxşamaq, sığallamaq istədim. Amma yaxın buraxmır. Bir az da 
zəhləsini töksəm - dişləyə də bilər… Hə, elə məni də dişləyər!.. Dişlərini qıcayıb 
mırıldanır. İnan ki, o əməlli-başlı dəyişib, ondan lap qorxuram… Martanı?.. Bəs sənə 
demirəm ki, it heç kimi yaxına qoymur?! Marta da onu gəzməyə güc-bəla çıxara bildi, 
çünki ona qapını açmağa da imkan vermirdi… 


 
284
Hə, bu pis olmazdı. Sən inanırsan ki, mən artıq ondan qorxuram? Dilinə heç nə vurmur. 
Yerindən də tərpənmir. Gözlərini mənə zilləyəndə canımdan soyuq gizilti keçir… Mən 
bunu hardan bilim, axı? Bəlkə də itə elə gəlir ki, məndən sənə bir yamanlıq toxunub… 
Yazıq heyvan… Onun durumunu çox yaxşı anladığımdan ona zərrəcə acığım tutmur. İt 
sənə yamanca isnişib. Sən isə geri dönmək bilmirsən ki, bilmirsən… İt elə zənn edir ki, 
bunun tək baisi də mənəm… 
Bacarsan Jozefi yolla… Məncə, it ona qoşulub gedər… Ah, mən… Bunun ki, zamanı 
gəlməyib… O mənə heç vaxt bağlı olmayıb… Nə sübutum ola bilər ki? Bu sənə belə 
gəlirmiş, əslində, inan mənə, it məni artıq bir qarışlığına da buraxmır… 
Əgər sən onu bizdən almasan, gərək onu bir başqasına verim. Çünki onun bunca əsəbilik 
keçirməsini və ya xəstələnməsini heç istəmərəm… Səninlə qalsa, o heç kimi dişləməz. 
Çünki sənin seçib-sevdiklərinə o da könüldən bağlanır… Demək istədim ki, səninlə 
yanaşı yaşayanlara o da rəğbət bəsləyir… Bu barədə haqlısan, əzizim, amma unutma ki, o 
itdir, hər nə qədər ağıllı olsa da, anlaya bilməz ki… Mən şəxsən ondan heç çəkinmirdim. 
Sənin gedişindən sonra onun nələr çəkdiyini bir Allah bilir!.. Demək istəyirəm ki, it son 
dərəcə dəyişdiyim üçün it artıq məni tanımır və məndən qorxur… Nə bilmək olar axı?.. 
Əksinə… Oğlunun ölüm xəbərini Janna xalaya çatdırdığım axşamı yadına sal. Xatirində 
deyil o adətən rəngi avazımış və cılız qadın həmin axşam necə də nəhəng və qıp-qırmızı 
olmuşdu?.. Hə, it də sanki dam boyda olmuşdu, adama elə gəlirdi ki, başı tavana dəyir, 
otaqda onun əlindən dəbərmək olmurdu, kölgəsi və zəhmi hər yeri basmışdı, qəribə 
şəkildə də hürürdü… Mənim nə elədiyim heç xatirimdə deyil, əzizim! Hardan bilim axı? 
Elədə insan sanki öz mehvərindən çıxır. Yəqin ki, mən də ətrafa dəhşət saçırmışam. 
Təsəvvür eləməzsən ki, mən öz fotolarımla dolu qalın bir zərfi, özümdən xəbərsiz 
ortadan cırmışam. Adi vaxtda bunu cırmağa heç kişi xeylağının da gücü yetməz. 
Hansıları? Sürücülük vəsiqəsi üçün çəkdirdiklərimi… Necə?.. Yox, daha o vəsiqə 
gərəyim deyil… Heyifslənməyə də dəyməz. Tamam özümdən çıxıbmışam… Yox, bir də 
eləməyəcəyəm! Çünki yolda sənin qarşıma çıxman məndən ötrü bir səadət idi. İndi isə 
əgər səyahətə çıxası olsam, səninlə rastlaşmamı bədbəxtlik sayardım…Yox, məni dilə 
çəkmə… Yetər… 
Allo! Allo! Xanım, dəstəyi qoyun, sizi yanlışlıqla başqa nömrə ilə bağlayıblar… Allo! 
Yox, xanım, axı… Heç kim sizin əsəbilərinizlə oynamır. Amma başqasının danışığına da 
qulaq asmamalısınız… Əgər bizim söhbətimiz sizə gülünc gəlirdisə, bəs onda niyə 
vaxtınızı boş şeylərə sərf etməmək üçün bayaqdan dəstəyi asmırdınız? Oh!.. Nə 
dediniz?.. Əzizim! Əzizim! Sinirlənmə… Ən nəhayət… Yox. Yox, mən idim. Mən 
telefonun çəngəlinə basdım. Qadın da içində yığılan çirkabı boşaldan kimi dəstəyi asdı… 
Allo! Könlünə toxundu?.. Əlbəttə ki, yəqin bu eşitdiklərindən könlün qırıldı. Bunu 
səsindən sezirəm… Sən küskünsən!.. Mən… Əzizim, əvvəla, bu qadın çox hirsli idi, 
ikincisi də, o səni tanımır. Yəqin o zənn edib ki, sən də bütün qalan kişilərin tayısan… 
Yox, əzizim, yox! Bunlar eyni şeylər deyil… Vicdan əzabı çəkmək?.. Allo!.. Bunu bir 
yana qoy. Belə axmaq şeyləri könlünə yük etmə. Oldu, bitdi… Əcəb sadəlövhsən 
amma!.. Kimdi o? Nə fərqi varmış axı. Məsələn, srağagün mən, soyadı S hərfi ilə 
başlayan bir tanış qadına rast gəldim… S hərfi ilə… B. S. Hə, hə, o qadın Anri Marten 
küçəsində yaşayır… 
Səni xəbər alırdı, deyirdi ki, onun qardaşı var, ya yox. Sonra da açıb dedi ki, qəzetlərdə 
sənin qardaşının toy elanına rast gəlib… Zənn eləmə ki, mən bu xəbərdən sarsıldım… 
Çünki bu, bir gerçəkdir… Hansı üzlə? Dərin hüznlə… Əlbəttə, mən ondan ayrılmağa 
çalışdım. Dedim ki, evdə qonaqlarım var… Gəl, bunu bu qədər qəlizləşdirmə. Hər şey 
çox bəsitdtr. İnsanlar özlərinə olan diqqətsizliyə qarşı amansızdırlar. Mən isə get-gedə 


 
285
bütün dostlarımla üzülüşürəm… Mən birlikdəliyimizin hər dəqiqəsini dəyərləndirməyə 
çalışıram… Şayiələrə qarşı tam biganəyəm. Qoy istədiklərini danışsınlar… İnsafı əldən 
qoymaq olmaz. Başqaları bizim münasibətləri anlamağa qadir deyillər… Kənar 
adamlar… Onlardan ötrü ancaq sevgi və nifrət mövcuddur. Ayrılıq isə ayrılıqdır. Onlar 
hər şeyə üzdən yanaşırlar. Bunu onlara heç vaxt aşılaya bilməzsən… Sən… Bəzi şeylər 
var ki, sən onları başqalarına heç vaxt açıqlaya bilməzsən… Ən asan yol isə, mən etdiyim 
kimi, bunu yalanlamaqdır. Yerli-dibli…  
 
Qəfil ağrıdan sarsılıbmış kimi çığırır. 
 
Of!.. Heç. Önəmli deyil. Səninlə belə uzun-uzadı və ordan-burdan danışsaq da, arada 
xatırlamalı oluram ki, aramızda hər şey bitib… (Ağlayır.) Niyə özümü aldatmalıyam ki?.. 
Hə… Hə… Yox, keçmişdə bənzər durumlara düşən adamlar çaşqınlıq keçirsələr də, 
sözlərinə xilaf çıxsalar da, hər şeyi yenidən başlamağı, yenidən sevgililərinə sahib 
çıxmağı, onların köksünə sığınmağı, onlardan dördəlli yapışmağı bacarırdılar. Bircə 
baxışla hər şey alt-üst olurdu. İndi isə, bu telefonlar zəmanəsində, bir şey qırıldısa, yerli-
dibli qırılır… Fikir eləmə. Sui-qəsdlə ölmək təkcə bir yol mümkündür… Bəlkə də biri 
yetər uyumaq üçün… Yox, mən tapança satın ala bilmərəm. Sən təsəvvürünə gətirə 
bilirsən ki, mən necə tapança alıram?.. Axı, mənim yalan danışmağa da tabım-taqətim 
qalmayıb, əzizim… Haradan alım?.. Mən güclü, dözümlü olmalıydım… Bəzi durumlarda 
yalan da köməyə gəlir. Məsələn, sən hicran əzablarımı xəfiflətmək üçün əgər mənə yalan 
satmış olsaydın… Mən demirəm ki, sən yalan danışırsan. Dedim ki: əgər sənin yalan 
satdığını mən anlamış olsaydım… Məsələn, əgər indi sən evdə olmasaydın, amma mənə 
desəydin ki… Yox, yox, əzizim! Bir qulaq as da… Sənə etibarım var… Mən demək 
istəmədim ki, sənə inamım qalmayıb… Niyə belə əsəbiləşirsən?.. Yox, əsəbiləşirsən axı. 
Səsindən əsəbilik yağır. Mən dedim ki, sənin mənə hərhansı ardniyyətsiz yalan satdığını 
anlamış olsaydım, səni əvvəlkndən daha artıq sevərdim… Allo! Allo!.. Allo!.. (Dəstəyi 
yerinə qoyub, sakit səslə, amma sürətlə danışır.) İlahi, bir səbəb sal ki, bir də zəng etsin. 
İlahi, bir səbəb sal ki, yenə zəng eləsin.  
 
Bu cümləni daha 2 dəfə təkrarlayır. 
 
İlahi bir səbəb sal ki…  
 
Zəng. Dəstəyi qaldırır. 
 
Danışığımız kəsildi, elə sənə onu deyirdim ki, sənin mənə ard niyyətsiz yalan satdığını 
anlamış olsaydım, səni əvvəlkindən daha artıq sevərdim… Əlbəttə ki… Sənin ağlın 
çaşıb… Eşqim mənim… Mənim tək eşqim…  
 
Dəstəyin kabelini boynuna dolayır. 
 
Mən də bilirəm ki, belə lazımdır, amma bu, dözülməzdir… Yox, buna mənim heç vaxt 
cəsarətim yetməz… İndi biz danışırıq və mənə elə gəlir ki, biz yanaşı durmuşuq, biz bir-
birimizə söykənmişik, söhbət kəsilən anda yenidən aramızda zirzəmiləri və 
kanalizasiyalarıyla bir şəhər zühur edəcək… Xatirindədir, insan səsinin kabellərlə 
ötürülməsinə İvonna necə heyrətlənirdi. İndii mən telefon kabelini boynuma dolamışam. 
Və deməli, sənin səsin də … mənim boynuma dolanıb… Əgər bu ara telefon 


 
286
qovşağından təsadüfən danışığımızı kəssəydilər, heç fəna olmazdı… Ah, əzizim! Yəni 
səncə, mən sənə bunca az bələdəm ki? Bu əməliyyatın mənə nisbətən sənin üçün daha 
dözülməz olduğunu da yaxşı anlayıram… Yox… Yox, canım… Marselə?.. Əzizim, əgər 
siz birisigün axşam Marselə gələcəksinizsə, mən də istərdim ki… yəni xahiş edərdim 
ki… xahiş edərdim ki, sən adətən bizim qaldığımız oteli seçəsən. Acığın tutmur ki, 
mənə… Çünki insanın təsəvvür edə bilmədiyi şeylər ondan ötrü, ümumiyyətlə, mövcud 
deyil və ya hansısa duman arxasında mövcuddur. Bundan isə faciə yaratmağa dəyməz… 
Anladın?.. Sağ ol… Sağ ol… Necə də xeyirxahsan. Sevirəm səni.  
 
Yerindən qalxır, telefon aparatı əlində 
yatağa sarı gedir. 
 
Bax belə… Bax… Həmişəki kimi az qala deyəcəkdim “hələlik”… Güman etmirəm… 
Bunu heç kim və heç vaxt biləmməz… O!.. Hə… Belə daha yaxşıdır. Həm də çox 
yaxşıdır…  
 
Telefonu köksünə sıxıb, çarpayıya uzanır. 
 
Əzizim… Sevgilim… Gözəlim… Mən dözümlü olacağam. Tez ol. Tez ol, dəstəyi qoy! 
“Tez ol” dedim axı. Qoy yerə! Tez ol! Mən səni sevirəm, sevirəm, sevirəm, sevirəm… 
 
Telefonun dəstəyi döşəməyə düşür. 
 
Pərdə. 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin