"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   22   23   24   25   26   27   28   29   ...   47
Hekayələr 
 
 
Luiza 
 
İngiliscədən çevirəni: Kamran Nəzirli 
 
  
 
Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni 
sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri 
də birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri, 
köks ötürməsi öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı 
nitqindən daha əlvan idi. Bu qadın ən zəhərli komplimentlər ustasıydı.  
 
Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt 
inanmırdım ki, köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni 
kobud, sərt, abırsız və ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı 
nə üçün o, məndən əl çəkmir? Çox qəribəydi: Luiza məni rahat buraxmır, elə hey səhər 
yeməyinə, nahara dəvət edirdi.  
 
Luiza şənbə və bazar günləri məni şəhər ətrafındakı bağına bir-iki dəfə nahara dəvət etdi. 
Nəhayət, başa düşdüm ki, bu, nə məsələdir; Luizaya əzab verən şübhə vardı; o, mənim 
ona inanmadığımı bilirdi, elə buna görə də məni sevmirdi; bununla belə, mənimlə 
təmasdan qaçmırdı, çünki mən yeganə adam idim ki, onu ciddi qəbul edirdim, bu da onu 
qəzəbləndirirdi.  
 
Luiza daim narahat idi; çalışırdı ki, mən ona təslim olum, səhvlərimi boynuma alım. 
Görünür, Luiza dumanlı da olsa, hiss etmişdi ki, mən onun iç üzünü tanımağa 
başlamışam. O da dəridən-qabıqdan çıxırdı ki, məni öz həqiqətinə inandırsın, lakin mən 
inadımdan əl çəkmirdim; amma Luizanın xalis yalançı olmasına sona qədər əmin 
deyildim. Ola bilsin ki, o, özünü başqalarına nisbətən daha az aldadırdı; bəlkə də 
qəlbində adamlara gülürdü. Əgər beləydisə, onda düşünürdüm ki, bizim hər ikimiz 
fırıldaqçıyıq, bizi biri-birimizə bağlayan ümumi bir sirr var, onu da heç kim bilmir və 
ağlına belə gətirmir. 
 
 Mən Luizanı ərə getməmişdən qabaq tanıyırdım. Luiza çəlimsiz, arıq bir qız idi; onun 
qəmli, iri gözləri vardı. Valideynləri onu çox sevirdi; hansısa xəstəlikdən sonra, deyəsən 
yoluxucu idi, onun ürəyində problemlər yarandı və elə buna görə də ata-anası qızın 
üstündə əsməyə başladı, ona xüsusi diqqət göstərdi. 
 


 
153
Tom Meytlənd Luizaya evlənməyi təklif edəndə valideynləri dəhşətə gəldi; axı qızları 
ailə həyatının ağırlıqları üçün hələ çox zərif idi, buna tab gətirə bilməzdi. Luizanın ata-
anası güclə dolanırdı, yaşamaq onlar üçün çətin idi, Tom Meytlənd isə varlı adamıydı. 
Tom and içdi ki, Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Nəhayət, 
Luizanın valideynləri Tomun qızı yaxşı himayə edəcəyi vədinə inandılar. Tom Meytlənd 
boy-buxunlu, sağlam bədənli, qəşəng bir oğlan idi; o, həm də gözəl idmançıydı. Tom onu 
canı qədər istəyirdi; o, başa düşürdü ki, Luizanın xəstə ürəyi var və qız bu ürəklə çox 
yaşaya bilməz. Bununla belə, Tom nə qədər ömrü qalıbsa, bu müddət ərzində Luizanı 
xoşbəxt etməyi qərara aldı. Tom sevimli idmanından əl çəkdi; ona görə yox ki, Luiza 
bunu ondan tələb edirdi (Luiza onun uğurlarına sevinirdi). Çox qəribə təsadüf idi: Tom 
idmana, tutaq ki, qolf oynamağa, yaxud ova getməyə hazırlaşanda, bir də görürdün ki, 
Luizanın ürəyi getdi; o, bayılırdı. 
 
Lakin hər hansı bir məsələylə bağlı onların sözləri çəp gələndə Luiza dərhal güzəştə 
gedirdi; bu qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi; lakin 
Luizanın ürəyi sözünə baxmırdı. Qadın bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə 
qalırdı. Belə vaxtlarda quzu kimi mülayim olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom 
onun istəklərinin əleyhinə getsəydi, bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə 
düşdüyünə günahkar olduğunu boynuna alır, uzun müddət Luizaya inandırmağa çalışırdı 
ki, o, səhv edib. Qadın yalnız uzun çək-çevirdən sonra nəhayət razılaşırdı ki, öz bildiyi 
kimi hərəkət etsin. Bir dəfə Luiza Tomla gəzməyə çıxanda bizdən heç səkkiz mil 
aralanmamışdı ki, mən Toma dedim ki, Luiza ilk baxışdan zəif olsa da, səndən daha 
güclüdür. Tom başını buladı və az qala uçundu. Dedi: 
 
- Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri 
baxıb; həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi 
var, vəssalam. 
 
Tom mənim Luiza barədə dediklərimi ona çatdıranda əzabkeş qadın belə dedi: 
 
- Günü sabah mənə göz dəyəcək, baxarsız, mən ölümün bir addımlığında olacağam... 
 
Mən isə etiraz etdim: 
 
- Lakin mənə elə gəlir ki, sizin kifayət qədər gücünüz var; istək də olsaydı... pis 
olmazdı.... 
 
Mən çoxdan müşahidə etmişdim ki, şən məclisdə, arzu olunan tay-tuşlar arasında bu 
qadın hətta bütün gecəni yorulmadan rəqs oynaya bilir; əgər burada ona sərf etməyən 
darıxdırıcı bir şey, yaxud kimsə olsa, Tom mütləq onu evə aparır.  
 
Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə 
də, onun iri, mavi gözlərində ciddilik vardı. Nəhayət, Luiza dedi:  
 
- Siz, düzü, gözləyirdiniz ki, mən yıxılıb öləcəyəm və siz də baxıb həzz alacaqsınız... 
 
Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar; Luiza donmamaq 
üçün yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı 


 
154
miras və bir qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi də 
təəccüblüydü. Dostları Tomun ardınca onun da o dünyaya gedəcəyini gözləyirdi. Hamı 
Luizanın qızına acıyırdı; yazıq qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya 
diqqəti ikiqat artırdılar; əlini ağdan qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və 
rahat olması üçün əllərindən gələni edirdilər. Başqa cür necə ola bilərdi?! Axı Luiza üçün 
hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş versəydi, dərhal ürəyini tutur, bayılırdı. 
Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza deyirdi ki, onun qayğısını çəkə 
bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli Ayrisini bu zəif bədəni 
ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O isə ah-vay edir, 
cavab verirdi ki, bu xəstə ürəklə ərə getmək olar? Əlbəttə, sevimli Tomu da bu işi 
bəyənərdi, yəqin ki, Ayris üçün də yaxşı olardı. Eh, axı kim bu bədbəxt əlillə ailə qurar, 
onunla gün keçirmək istəyər, hə?  
 
Qəribə də olsa, belə bir missiyanı öz üzərinə götürmək istəyən “ovçular” kifayət qədər 
tapıldı; Tomun ölümündən bir il keçmiş Luiza Corc Hobhaus adlı bir nəfərə ərə getdi. 
Corc qəşəng, ümidverici cavan bir oğlan idi; kasıb deyildi. O da Luizanın qulluğunda 
durmaqdan, bu çəlimsiz varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf 
hesab edirdi. Luiza isə ona deyirdi: 
 
- Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb... 
 
Corc şöhrətpərəst adam idi; hərbçiydi, ehtiyata buraxılmışdı. Luizanın sağlamlığı tələb 
edirdi ki, o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından 
dərhal əl çəkmək istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi; 
nəhayət, Luiza həmişə olduğu kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona 
həsr etdi ki, heç olmasa arvadı qalan qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza 
isə deyirdi: 
 
- İndi artıq ömrümə lap az qalıb. Mən çalışıram ki, sənə yük olmayım. 
 
Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün 
gecə məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, qəşəng və hündürboylu 
cavan oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri 
kimi o qədər də dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi; 
buna görə də o, spirtli içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da 
Luizanın heç xoşuna gəlmirdi; lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc 
hərbi hissəyə qayıtdı və üç ay sonra həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin 
qadın başa düşürdü ki, belə vaxtlarda öz kədərinə qapılıb qalmaq olmaz. Onun 
ürəkkeçmələri baş versə də, bu barədə heç kəs xəbər tutmurdu. Fikrini dağıtmaq üçün 
Luiza Monte Karloda öz villasını sanatoriya elədi; bura sağalmaqda olan zabitlər üçün 
istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu cür gərginliyə dözə 
bilməz... Luiza razılaşırdı, deyirdi: 
 
- Əlbəttə, bu, məni öldürəcək... Bilirəm. Lakin problem də deyil. Mən öz borcumu yerinə 
yetirirəm... 
 
Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun 
sanatoriyası bütün Fransada ad çıxarmışdı.  


 
155
 
Mən Luizanı təsadüfən Parisdə gördüm. O, “Rits” restoranında çox yaraşıqlı, hündürboy 
bir fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən 
ötrü gəlib. Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif 
qadındır; buna görə də onu əziyyət çəkməyə qoymurlar. Zabitlər ona lap sevən ər kimi 
diqqət və qayğı göstərirlər... Sonra Luiza ah çəkdi və dedi: 
 
- Yazıq Corc, kim bilərdi ki, mən bu ürəklə ondan çox yaşayacam? 
 
- ...və yazıq Tom!- mən də əlavə etdim.  
 
Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim onun xoşuna gəlmədi. Luizanın üzünə 
adəti üzrə əzabkeş bir təbəssüm qondu və onun gözəl gözlərindən yaş axdı. 
 
- Siz həmişə elə danışırsız ki, guya mənim günahım var... Mənə elə gəlir ki, siz məni 
qınayırsınız... Mənim ömrümə onsuz da az qalıb... və məncə, siz buna görə də məni 
günahkar hesab edirsiniz... 
 
- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb....- dedim. 
 
- O heç vaxt sağalmayacaq. Mən bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi ki, mən 
gərək hər gün, hər an hər şeyə hazır olam... 
 
- Boş şeydi, siz artıq iyirmi ildi bu ölümə hazırlaşırsınız... 
 
Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin 
solğun olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş 
verməzdi. Ayris pansiondan çıxmış, artıq yekə qız olmuşdu; o, köçüb gəlmişdi Luizanın 
yanına və onunla birgə yaşayırdı. 
 
- Qızım mənim qayğıma qalacaq,- Luiza deyirdi.- Əlbəttə, onun üçün belə bir əlillə 
yaşamaq çətin olacaq; lakin Ayris şikayətlənən qız deyil... Axı mən də günlərimi 
sayıram, az qalıb ömrümə... 
 
Ayris gözəl idi; ona bütün ömrü boyu demişdilər ki, anan ciddi xəstədir. Hətta uşaqlıqda 
səs-küy salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına 
həyəcanlanmaq olmaz; hər cür rahatsızlıq ona ziyandır. Buna baxmayaraq, indi Luiza 
əminliklə deyirdi ki, heç vaxt razı olmaz ki, qızı özünü yaşlı, əldən düşmüş bədbəxt bir 
qadına həsr etsin. Ayris bunu eşitmək belə istəmirdi. Bu ki, özünü qurban vermək deyil?! 
Xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək köstərə bilirsənsə, bundan böyük səadət olar?! 
Luiza isə dərindən ah çəkib onun xidmətini qəbul edirdi. 
 
- Mənə yardımçı olmaq Ayrisin ürəyincədir,-Luiza dedi. 
 
- Sizə elə gəlmirmi ki, Ayris daha çox adamlar arasında olmalıdır?- deyə soruşdum. 
 
- Mən elə bunu ona hər gün deyirəm. Onu əylənməyə məcbur edə bilmirəm... Allah 
görür, mən istəmirəm ki, kimsə məndən ötrü əziyyət çəksin.  


 
156
 
Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi: 
 
- Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir...lakin 
mən harasa getmək üçün hazırlaşanda, o saat anamın ürəkkeçməsi tutur... Yaxşısı budur, 
elə evdə oturum... 
 
Çox keçmədi ki, Ayris sevdi. Mənim bir tanışım vardı; çox yaraşıqlı, münasib bir gənc 
idi. O, sevgisini Ayrisə bildirdi və qız da ona könül verdi. Ayris mənim xoşuma gəliridi, 
buna görə də onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailə 
həyatı olacaq. Görünür, Ayris əvvəllər heç ağlına gətirməzdi ki, belə şey ola bilər.  
 
Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən 
müddətə təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox 
idi, lakin buna baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay 
süfrəsinə dəvət edirdi; indi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa 
başlamışdı. 
 
- Eşitmişəm Ayris ərə gedir,- deyə hal-əhvaldan sonra soruşdum. 
 
- Hələ məlum deyil. Hələ ki yox! Amma çox istərdim ki, o, ərə getsin. Mən onun 
ayaqlarına döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi. 
 
- Sizə elə gəlmirmi ki, onun üçün çətindi? 
 
- Dəhşətli dərəcədə. Düzdür, mənim vaxtıma bir neçə ay qalıb; lakin düşünəndə ki, kimsə 
özünü məndən ötrü qurban verir, az qalır bağrım çatlasın... 
 
- Əzizim Luiza, siz artıq iki ər dəfn eləmisiniz, düzü, mən bir şeyi başa düşmürəm: axı nə 
üçün siz daha ikisini də basdırmayasınız? 
 
- Burda gülməli heç nə görmürəm,- qadın soyuqqanlıqla dilləndi. 
 
- Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır: çox qəribədir, 
hansısa bir şey istədiyiniz kimi olmursa, o saat xəstə ürəyiniz sizə mane olur... Qəribə 
deyilmi? 
 
- Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç vaxt mənim ciddi 
xəstə olduğuma inanmamısınız. Elə deyilmi? 
 
Mən düz onun gözlərinin içinə baxdım. Dedim: 
 
- Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa 
saxtadır. Mən həyatımda sizin kimi özündənrazı və qəddar qadına rast gəlməmişəm... Siz 
iki bədbəxt adamın – sizinlə ailə quran adamların həyatını məhv etdiniz. İndi də doğma 
qızınızın həyatını cəhənnəmə döndərmək istəyirsiniz. 
 


 
157
Əgər Luizanın ürəkkeçməsi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o, 
qəzəblənəcək, lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi: 
 
- Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman 
olacaqsınız... 
 
- Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi? 
 
- Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma 
çıxacaq. Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün... 
 
- Və siz də ona beləcə dediniz ki, ərə getsə, siz öləcəksiniz? 
 
- Ayris özü məni buna məcbur etdi. 
 
- Guya sizi, niyyətinizə daxil olmayan bir işi görməyə məcbur etmək olar, hə? 
 
- Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün, 
noolar! 
 
- Bəlkə risk edək? 
 
- Sizin mənə bir damcı da yazığınız gəlmir, hə? 
 
- Siz mənə gülünc görünürsünüz, nə yazığı gəlmək? 
 
 Luizanın bəbəkləri ağardı, orda azca ənlik göründü; bununla belə, o, hələ də 
gülümsəyirdi; Luizanın soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın 
hökmlə dilləndi: 
 
- Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz, 
nə də Ayris vicdan əzabı çəkməyəcəksiniz... 
 
Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi, 
dəvətnamələr göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü 
səhər saat on radələrində bu şeytan gəlinciyi Luizanın ürəkkeçməsi tutdu və o, dünyasını 
dəyişdi. Luiza öldü və onu öldürən Ayrisi alicənablıqla bağışladı... 
 
  
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin