Tərcüməçidən
"Mafiyalar vesterni"
16
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya
müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var:
cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir
müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki qətl. Hər
dəfə də bütün kənd bilir ki, luparadan açılan növbəti atəş hansı tərəfin işidir və cavab
luparanın qurbanı kim olacaq. Bunu karabinyerlər də bilir, sanki oyun gedir, bütün
qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə can atır, "qocalar" öz
mövqelərini müdafiə edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq başçılar
tələsmirlər: barışıq olacağını gözləyirlər. Belə olduqda isə, onlardan biri, - ya "qocaların",
ya da cavanların başçısı, - razılığa gəldikdən, barışığa qatıldıqdan sonra dərhal
"vurulacaq"; "dostluq qədəhi"ndən içəcəyi, içər-içməz, boğazında qalacaq.
Müəyyən bir məqamda rəqabət get-gedə qızışaraq, yerli başçıların səviyyəsinə çatır.
Adətən belə olduqda, onu qızışdıran tərəf münasib vaxt seçir və sülh tələb edir: onda hər
iki tərəfi danışdırmaqdan, bir araya gətirməkdən ötrü yaxın yerlərdən ağsaqqallar axışıb
gəlirlər, - cavanları başa salırlar ki, onlar hər şeyə malik ola bilməzlər, "qocaları" isə
inandırmağa çalışırlar ki, hər şeyi əldə saxlamaq da qeyri-mümkündür. Barışıqlar,
danışıqlar başlayır. Nəhayət, tərəflər birləşdikdən sonra hər iki klanın ümumi və
dinməzcə razılığı ilə başçılardan biri aradan götürülür: ya sürgün, ya istefa, ya da ölüm.
Ancaq bu dəfə belə deyil. Ağsaqqallar gəlir, klanların nümayəndələrini görüşdürürlər:
bununla belə, bütün mövcud adətlərə və bəslənilən ümidlərə baxmayaraq, qətllərin arası
kəsilmək bilmir; daha da qəddar, hətta amansız bir şəkildə. Hər iki tərəf ağsaqqalların
qarşısında bir-birini xəyanətdə ittiham edir. Camaat nə baş verdiyini anlamır.
Karabinyerlər həmçinin. Xoşbəxtlikdən, ağsaqqallar soyuqqanlı və ayıq adamlardır.
Onlar hər iki nümayəndə heyətini yenidən bir araya gətirirlər, son altı aydakı qurbanların
siyahısı tutulur və "bunu biz vurmuşuq", "bunu isə biz", "bunu biz öldürməmişik", ''bu isə
qətiyyən bizlik deyil" və s.-dən sonra belə bir sarsıdıcı nəticəyə gəlirlər ki, qətllərin üçdə
ikisində nə bu, nə də o biri mafiyanın əli var. Deməli, az qala rəsmi şəkildə mövcud olan
bu klanların aradan götürülməsinə xidmət edən hansısa üçüncü, gözəgörünməz , gizli bir
klan da mövcuddur? Bəlkə tənha bir qisasçı, bir yalquzaq, bir sərsəm manyak var ki, hər
iki tərəfin mafiozolarını qırıb-çatmağı özü üçün bir əyləncəyə çevirmişdir? Hamı başını
itirib. Karabinyerlər də həmçinin: onlar meyitləri məlum məmnuniyyət hissi ilə yığışdırıb
aparırdılarsa da, (lupara ilə qətlə yetirilən həmin o cinayətkarların meyitlərini ki,
sağlıqlarında sübutlar vasitəsilə güllə qabağına gətirmək qeyri-mümkün olardı), o vaxt
həm də fərarilərin ucbatından çəkdikləri başağrısına görə istədikləri və arzuladıqları
yalnız o idi ki, bu qardaş qırğını tezliklə qurtarıb sona yetirəydi.
Ağsaqqallar işi yoluna qoyduqdan sonra hər iki klana məsələni bitirməyi tapşırıb,
yavaşca aradan çıxırlar. Çünki nə tərəflərdən biri, nə də hər ikisi birlikdə onların
toxunulmazlığına zəmanət verə bilmir. Yerli mafiozolar öz təhqiqatlarina başlayırlar:
ancaq mənasız bir qisasın və ya sərsəm bir özbaşınalığın qurbanına çevrilmək qorxusu,
onların ucbatından namuslu insanların daima düşdüyü vəziyyətlərə indi, bir anın
içərisində özlərinin düşə bilməsi xofu onları çaşdırır və vahimələndirir. Nəhayət, onlar
başqa bir çıxış yolu tapmayaraq, öz siyasət adamlarını qısnamağa başlayırlar ki, onlar da,
öz növbələrində karabinyerləri ciddi, dəqiq və mükəmməl bir təhqiqat aparmağa
tələsdirsinlər: ancaq həm də şübhələnirlər ki, əgər karabinyerlər mafiyanın kökünü
qanuni yolla kəsə bilmirlərsə, deməli bu qəddar və mütəşəkkil insan o v u n u n
təşkilatçısı elə onlar özləridir. Əgər hökumət əhali artımının qarşısını almaqdan ötrü hər
17
dəfə ortaya bir vəba mərəzi atırsa, onda niyə də düşünməyəsən ki, mafiozoların gizli
qırğınına karabinyerlər özləri fitva verməyib?
Naməlum şəxsin və ya şəxslərin hədəfi nişan alması isə davam etməkdədir. Köhnə
mafiyanın başçısı da qətlə yetirilir. Kənddə arxayınçılıq hissi ilə yanaşı, xof da var.
Karabinyerlər bilmirlər daha hara baş vursunlar, mafiozolar - təşviş içində. Ancaq mafiya
başçısının, bütün kəndin yalançı göz yaşları ilə iştirak etdiyi dəbdəbəli dəfn
mərasimindən dərhal sonra, mafiozoların simalarindakı çaşqınlıq və qorxu hissi bir anın
içərisində yoxa çıxır. Sən demə, onlar güllələrin kim tərəfindən açıldığını biliblər və artıq
bu adamın hökmü oxunub. Başçı öləndə də başçı kimi ölür: necə olubsa, qoca canını
tapşıranda nəyəsə işarə edib, nəyisə nişan verib və mafiozolar qatilin əlamətlərini
dəqiqləşdirə biliblər. Söhbət əsla şübhə doğurmayan bir şəxsdən gedirdi: bu, ciddi,
hamının hörmət etdiyi savadlı mütəxəssis, xasiyyətcə bir qədər qaraqabaq, tənha bir insan
idi. Ancaq kənddə, - sözsüz ki, indi bunu bilən mafiozolardan başqa, - heç kim təsəvvür
də edə bilməzdi ki, o, belə uzunsürən, amansız və sərrast müharibə aparmağa qadirdir və
bu vaxta qədər elələrini o dünyaya göndərib ki, karabinyerlər onlardan hətta birini belə
iki-üç saatdan artıq içəridə saxlaya bilməzdi. Mafiozolar bu qədər illər keçdikdən sonra
onun bu adamlara olan nifrətinin belə soyuqqanlılıqla, aydın düşüncə və sərrast ölüm
hökmləri ilə bu cür alovlanmasının səbəbini də xatırlayıblar. Sözsüz, deyilməsi artıqdır
ki, bunun səbəbkarı qadın idi.
Hələ tələbə ikən, bu adam və qədimliyi bir o qədər dəqiq olmasa da, çox varlı bir ailənin
qızı bir-birlərini sevirlərmiş. Universiteti bitirdikdən sonra oğlan, sevgisinə sadiq qalaraq,
evlənməkdən ötrü qızın valideynlərinə yaxınlıq cəhdləri edir. Onu rədd edirlər: çünki
kasıb idi və kasıbçılıqla başladığından bir mütəxəssis kimi gələcəyinə inamları yox idi.
Ancaq onun qızla məktublaşması davam edir, qarşılarina çıxan çətinliklərlə birlikdə hər
ikisinin bu maneələri dəf etmək istəyi də güclənirdi. Onda qızın varlı və adlı-sanlı
qohumları m a f i y a y a müraciət edirlər. Mafiyanın başçısı, hamının qorxub-çəkindiyi
qoca mafiozo gənc mütəxəssisi yanına çağırtdırır: müxtəlif məsəllərlə, öyüd-nəsihətlə
onu istəyindən döndərməyə çalışır; bundan bir şey çıxmadığını gördükdə, keçir birbaşa
hədələrə. Oğlana yenə heç nə təsir etmir; qız isə əməlli-başlı vahiməyə düşür. Bu
qaçılmaz təhlükənin əvvəl-axır baş verəcəyi qorxusundan o, nəhayət, belə qərara gəlir ki,
sevgiləri heç bir vəchlə baş tutan deyil və öz mühitindən olan birisinə ərə gedir. Oğlan
özünə qapanır, ancaq üzüntüsünü və qəzəbini büruzə vermir. Görünür, elə həmin o
vaxtdan da düşündüyü qisası hazırlamağa başlayır.
İndi mafiya onu açıqlamışdı. O, məhkum idi. Hökmün icrasını qoca başçının oğlu öz
üzərinə götürür: bu haqqı ona atasının bitməmiş yas mərasimi və mərhumun son
vəsiyyəti verirdi. Məhkum olunmuşun bütün vərdişləri, yaşadığı yerin ətrafı, hətta evinin
içi belə təfsilatı ilə öyrənilir. Ancaq bir şey nəzərə alınmır: artıq bütün kənd başa
düşmüşdü ki, mafiozolar hər şeyi bilirlər, - onlar yenə əvvəlki həyasız davranışlarına
qayıtmışdılar və artıq o naməlum təhlükədən açıqdan-açığa qorxub-çəkinmirdilər. Bunu
hamıdan əvvəl məhkum olunmuşun özü başa düşmüşdü.
Gecələrin birində gənc qisasçı anasından son xeyir-duasını alıb evlərindən çıxır. Məhkum
olunmuşun evi uzaqda deyildi. Gənc mafiozo pusquda durub, onun evə qayıtmasını
gözləyir. Bəlkə də evdə olduğunu düşünərək, yuxuda haqlamaq məqsədi ilə içəri girməyə
cəhd edir; və ya pəncərədən boylanacağını, balkona çıxacağını güman edərək, qapısını
döyüb, çağırır, - məlum deyil. Təkcə o məlumdur ki, vurmalı olacağı şəxs onu qabaqlayır
və aldadır. Başçının arvadı, gənc qisasçının anası atəş səsi eşidir: elə düşünür ki, vendetta
baş tutub, hər dəqiqə artan üzüntülü həyəcanla oğlunun yolunu gözləyir. Nəhayət, o, baş
vermiş müdhiş həqiqəti anlayır. Evdən çıxır: bütün tədbirlərə və ehtimallara görə həmin
18
gecə vurulmalı olacaq adamın evi qarşısında öz oğlunun meyitini tapır. Onu çiyninə alıb
evə gətirir; yatağına uzadır və ertəsi gün elan edir ki, oğlu öz yatağında güllə yarasından
keçinib, - onu kim vurub, nə vaxt vurub - məlum deyil. Onu kimin vura biləcəyi barədə
isə, karabinyerlərə - bircə kəlmə də! Ancaq oğlanın dostları hər şeyi başa düşür və qisası
daha da əsaslı surətdə hazırlamağa başlayırlar.
Yay günlərindən biri sona yetərkən, hamı axşam sərinində hava almaqdan ötrü
meydandakı klub və qəhvəxanaların, mağazaların qarşısındakı stullarda özünə yer
etmişdi (İlk dəfə olaraq mafiyanın hökmündən yaxa qurtarmağı bacarmış həmin o şəxs də
əczaxananın qarşısında əyləşmişdi). Birdən kimsə avtomobilin mühərrikini işə salmağa
başladı. Dəstək fırlanır, mühərrik ona pulemyot qatarına bənzər dəmir cingiltisi və qıcırtı
ilə cavab verirdi. Səs-küy kəsiləndə isə əczaxananın qarşısındakı oturacaqların birində,
ürəyi karabin atəşi ilə parça-parça edilmiş bir nəfərin, Siciliyanin ən qəddar
mafiyalarından birinin sıralarına ölüm və dəhşət toxumu səpməyi bacarmış bir insanın
meyiti qalmışdı.
Lupara - canavar ovunda istifadə olunan lüləsi kəsik tüfəng, bu tüfəngdən açılan atəş.
Karabinyerlər - İtalyan jandarmları
Mafiozo - mafiyaçı, mafiyanın üzvü
Vendetta - qisas, qan qisası
İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov
Dostları ilə paylaş: |