"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   2   3   4   5   6   7   8   9   10   ...   47
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dino Buttsati 


 
19
 
"Kabus" 
 
hekayə 
    
 
 
   Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq 
yatırtmışdılar. Hər ikisi də çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdılar. Birdən-
birə arvad dedi: "İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey 
damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir". 
   "Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!" - deyə əri acıqlı tərzdə cavab verdi. 
   İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, 
vəfat etmişdi. 
   "Bilirəm… bilirəm ki, dəhşətdir" - deyə arvad söylədi, -"ancaq bu nə fikirdisə, mən 
ondan heç cür azad ola bilmirəm". 
   "Eh, əgər mümkün olsaydı..." - deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq 
təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.  
   Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən qapının zəngi çalındı. 
Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər. 
   "Yenə axşam-axşam kim ola?" - deyə arvad dilləndi.  
   Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq 
səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı. 
   "İnes, kimdir orada?" - deyə xanım soruşdu. 
   Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: "Sinyor Torti, bir dəqiqəlik 
çıxaydız… orada... Əgər bilsəydiz!.." 
   "Axı kimdir orada, kim?" - deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da, 
hirsli-hirsli soruşdu. 
   İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə 
pıçıldadı: "Orada... orada... Sinyor Torti, siz özünüz gəlin... Maestro Appaşer qayıdıb!" 
   "Lənət şeytana"- deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da 
arvadına tərəf çevrilib dedi: "Mən özüm baxaram... sən burada qal". 
   O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişərək dəhlizə açılan qapının 
dəstəyini var gücü ilə özünə tərəf çəkdi.  
   Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı. 
Ancaq o, nədənsə, eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq 
görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi? 
Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad 
olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya 
idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy 
rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey 
əzib, bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır). 
   Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə 
bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son 
mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında 
dayanmışdı! 
   "Amedeo!"- deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən 
ötrü gülümsəyərək dilləndi. 


 
20
   "Bu sənsən? Sən - burada?" - deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki 
keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə, onda 
yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona 
intəhasız bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün 
milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər 
şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ 
üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, 
bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə 
narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun 
dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı.  
   "Hə, görürsən də... mənəm"- deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən 
əzib, bürüşdürərək söylədi. "Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən, 
bizim aramızda nə təşrifat... Əgər narahat edirəmsə…" 
   "Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?" - deyə dəli kimi özündən 
çıxmış Torti bağırdı. "Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə.... Hələ 
narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!" Sonra o, tam ümidsizlik 
içində öz-özünə dedi: "İndi mən başıma nə çarə qılım?"  
   "Bura bax, Amedeo", - Appaşer dilləndi, - "əsəbiləşib eləmə... Hər şey bir yana, ancaq 
məndə günah yoxdur... Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) nəsə 
anlaşılmazlıq baş verib... Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir ay, ya 
da bir az çox... Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər yaşayır..."  
   "Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?"  
   "Yatmaq? Yox, mən daha yatmıram.... Söhbət yatmaqdan getmir... Mənə balaca bir 
künc də bəs edərdi... Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç... nə isə, heç 
tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə 
də, yağışın altında". 
   "Necə yəni yağışın altında... sən hələ islana da bilirsən?" 
   "Yox, təbii ki, islanmıram", - Appaşer yüngülcə irişdi,- "ancaq yenə də, lənətə gəlmiş 
zəhlətökən şeydir".  
   "Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?" 
   "Əgər icazə versən…" 
   "Hə də, əgər icazə versəm!... Heç nə anlaya bilmirəm... Bura bax, sən ağıllı adamsan, 
mənim köhnə dostumsan... Sənin bütün həyatın demək olar ki, artıq arxadadır... necə olur 
ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!" 
   Appaşer pərt halda qapıya doğru geri çəkildi. "Bağışla, mən elə bilirdim... Axı söhbət 
cəmisi bir aydan gedir..."  
   "Sən sadəcə, məni anlamaq istəmirsən"- deyə Torti az qala incimiş kimi söylədi. "Mən 
özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on 
yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən 
əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə 
bağışla, ancaq… axı sən... axı sən kabussan ... və orada ki, mənim uşaqlarım var, mən ora 
kabusları buraxmaram, mənim əzizim..." 
   "Deməli, heç cür?"  
   "Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de..." Onun son kəlməsi ağzında qaldı. 
Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən 
birisinin ayaq səsləri eşidilirdi. 
    
   * * * 


 
21
   Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə 
qayıdanda, - onun mənzili də elə konservatoriyanın içində idi, - saatların zəngi gecə birin 
yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə salıb, bir 
dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: "Maestro, Maestro!" O, birdən geri 
çevriləndə, qarşısında dayanmış Appaşeri gördü. 
   Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı-fransızca), tədbirli, 
həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri 
və ya qüsurları, - onu cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə 
qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi. 
   "Ah, mənim əzizim" - deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi, 
- o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox yaxınlaşmamağa 
çalışırdı. "Mənim əzizim, əzizim... sən əgər bilsəydin qəlbimdəki bu boşluq..." 
   "Necə, necə?"- deyə qulaqdan bir az zəif olan Appaşer, - belə ki, xülyalarda hissiyyat 
adətən kütləşmiş olur, - təkrar soruşdu. "Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək 
eşitmirəm..." 
   "Oh, başa düşürəm, əzizim, başa düşürəm... Ancaq nə etməli, bağıra bilmərəm ki! 
İçəridə Ada yatıb, bir də ki..." 
   "Bağışla… əlbəttə... ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır 
ayaq üstəyəm." 
   "Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq." 
   "Necə? Necə dedin?" 
   "Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən... O elə hay-küy qaldırar 
ki... Gözətçi dərhal oyanar... sonra da, Allah bilir..."  
   "Deməli, heç mümkün deyil ki, mən bir-neçə gün..." 
   "Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!... Təsəvvür et ki, sənin kimi 
bir dost üçün ... Ancaq bağışla, bəs itlə nə edək?" 
   Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi: 
"Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən 
sən ağlayırdın, maestro, ağlayırdın... Xatırlayırsanmı? Elə bilirsən mən sənin 
hıçqırıqlarını eşitmirdim? " 
   "Oh, mənim əzizim, onu demə, onu demə... mən burada (o, əli ilə ürəyini tutdu) elə bir 
ağrı gəzdirirəm ki.... Aman Allah, deyəsən Blitsdır!" 
   Həqiqətən də qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi. 
   "Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim, 
sonra ... Bircə dəqiqə əzizim, bircə dəqiqə". 
   O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm 
yerinə oturtdu. Aralığa sakitlik çökdü.  
   Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə "Tamburlani, Tamburlani" - deyə 
dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə 
qapını astaca tıqqıldatmağa başladı. Cavabı - tam sükut idi.  
   Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan, 
dəfələrlə vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda, 
kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda 
gecə saat üçdən keçmişdi. Bəxtindən adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə 
qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, - gəzib- dolaşmaqdan artıq 
tamam əldən düşmüşdü.  


 
22
   Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi. 
Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli 
oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: "Kimdir?... Kimdir yenə gecənin bu vaxtı?" 
   "Canna, təksən? Aç... mənəm, Toniyəm".  
   "Gecənin bu vaxtı?"- deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar 
etdi. "Gözlə, indi gəlirəm". 
   İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar 
buruldu. "Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?" - deyə Canna qapını açıb, onu 
bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin 
qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən 
keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna 
yeridi. "Axı sən... axı sən.... axı sən" O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən 
bunu yaxşı xatırlayıram... Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer 
yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. "Axı 
sən ... axı sən" Birdən Canna ucadan çığırdı: "Çıx get... Allah xatirinə, çıx get!" - qız 
dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: "Canna, xahiş edirəm... Mən 
sadəcə, bir az dincəlmək istəyirdim"- deyə dil tökürdü. "Yox, yox, çıx get! Heç ağlına da 
gətirmə ... Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün binanı 
yuxudan oyatmaq istəyirsən?"  
   Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini 
arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu. 
   "Gedirəm, gedirəm" - deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən 
doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı 
heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. "Ah, Toni, bağışla 
mən bunu etmək istəmirdim" - deyə qız vahimə içərisində çığırdı. "Yox, yox... ay, 
qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!" - deyə Appaşer əsəbi halda ucadan 
pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi.  
   Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı: 
"Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!"  
   Ancaq Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı. 
    
   * * * 
   Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin 
keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı, 
mehriban don Raymondoya? 
   "Dəf ol, dəf ol, şeytan əməli!" - deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını 
bu sözlərlə qarşıladı. 
   "Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?... Don Raymondo, icazə 
ver burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq 
vermir. Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən..." 
   "Mən bilə bilmirəm sən kimsən" - deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi. 
"Bəlkə sən iblissən, yainki duyğularımın mübhəm görüntülərisən, bilmirəm! Yox, əgər 
sən həqiqətən də Appaşersənsə, onda buyur, - bu mənim yatağım, bu da sən, uzan, 
dincəl!.."  
   "Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki..." 
   "Sən heç təşvişə düşmə" - deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, - "heç 
təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir... Təşvişə 
düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla nəticələnə 


 
23
bilər... Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura göndəriblərsə 
ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, - Tanrı özü bilən məsləhətdir!.. Bura 
bax, sən nə edirsən? Gedirsən, nədir?" 
    
    * * *  
   Bax, elə buna görədir ki, xülyalar, - əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə 
bir qədər yubanmağa səylə cəhd edirsə də, - bizimlə qalmaq istəməyərək, baxımsız 
evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz 
kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir, 
döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar. 
    
    
 
 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin