§ 1. Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri
Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri Səfəvi dövlətinin süqutu və dövlətin
iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi. Bu isə natural təsərrüfatın hökm
sürdüyü feodalizm cəmiyyətinin təbiətindən doğurdu. Böyük coğrafı kəşflərdən sonra dünya ticarət
yolları öz istiqamətini dəyişdi, vaxtı ilə ticarət yollarının düyün nöqtəsi olan İran və Zaqafqaziya indi
kənarda qalmışdır. Şəhərlərdə xarici ticarətin tənəzzülə uğraması feodalları və şah xəzinəsinin gəlirinin
azalmasına səbəb olmuşdur. Xanlıqların meydana çıxmasının iqtisadi amillərindən danışarkən
Azərbaycan şəhərləri ilə Rusiya arasında ticarət əlaqələrinin genişləndiyini qeyd etməliyik. Bunun
nəticəsində Azərbaycan şəhərləri - Bakı, Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla
əlaqələri zəifləmişdir. Şəhərlərin iqtisadi cəhətdən zəif olmalarına baxmayaraq ayrı-ayrı xanlıqların
mərkəzlərinə çevrilirlər.
Xanlıqların meydana çıxmasında və bu prosesin sürətlənməsində xalq kütlələrinin azadlıq
mübarizəsi mühüm rol oynamışdır. XVIII əsrin əvvəllərində Səfəvi dövlətinə zorla birləşdirilmiş
xalqların azadlıq mübarizəsi şiddətlənir. A.Volınski yazır ki, Səfəvi dövlətindən çox az yer tapmaq olar
ki, orada hökumətə qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir zülmünə qarşı üsyanlar
daha kəskin xarakter almışdır. Xoy, Şəki və Şirvanda baş verən üsyanlar xüsusi ilə qeyd edilməlidir.
Xanlıqların meydana gəlməsində beynəlxalq şərait də müəyyən rol oynamışdır. XVII əsrin sonu XVIII
əsrin əvvəllərində İran və ona daxil olan ölkələrdə iqtisadi və siyasi böhran dərinləşdiyi halda, Qərbi
Avropa dövlətləri, həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya digər
dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və onlar arasında kəskin mübarizə
gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək
üçün ayrı-ayrı Azərbaycan xanlarına müstəqillik vermə yi vəd edirdi. Ona görə də bir sıra xanlar rus
çarına məktublarla müraciət edirdilər. Belə bir vəziyyət xanlıqların müstəqil yaşamalarına şərait
yaradırdı.
XVIII əsrin ortalarında Azərbaycan Əfşar əsarətindən azad olduqdan sonra onun ərazisində 19
xanlıq yarandı. Onların 11-i Azərbaycanın şimalında; -Şəki, Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə,
Dərbənd, Naxçıvan, Salyan, Lənkəran, Cavad; 8-i isə Azərbaycanın cənubunda - Təbriz, Urmiyə, Xoy,
Qaradağ, Marağa, Ərdəbil, Sərab, Maku yaranmışdır. Qarabağ xanlığına tabe olan 5 malik: Vərəndə,
Gülüstan,
Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən Camaatı, 5 sultanlıq; - Şəki xanlığına tabe olan İlisu,
Qəbələ, Ərəş və müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe olan Qazax,
Şəmsəddil əmələ gəldi.
Dostları ilə paylaş: |