Ağıl nəzəriyyəsi
Kindiyə görə, hisslər maddi surəti, ağıl isə universalı (külli olan), cinsi, növü, yəni ağla aid surətləri qavrayır. Hissi aləmdə olanlar hisslə, ağıl aləmindəkilər isə ağıl vasitəsilə qavranılır. Kindinin bu görüşü xələfləri tərəfindən daha geniş şəkildə araşdırılmışdır. Ona görə, ağıl dörd növdən ibarətdir. Həmin ağıl növləri sıra ilə belədir:
Var olan hər şeyin əsli və səbəbi olub daim aktiv olan ağıl (fəal ağıl). Kindi buna “Allah”, yaxud “əl-əql əl-əvvəl” deyir.
İnsan nəfsində potensial halda olan ağıl.
İnsan nəfsində mələkə halda fəal olan ağıl.
Nəfsin xarici aləmdə istədiyini etməsinə imkan verən hərəkətverici ağıl. Ağlın bu növü insanın konkret olaraq hərəkətləridir.
Ağlın potensial haldan aktiv hala keçməsinin ilk səbəbə bağlı olduğunu qeyd edən Kindi əsl ağlın Allahdan gəldiyini düşünür. O, bu ağlı “əl-əql əl-müstəfad” adlandırır.
Nəfs təsəvvürü
Kindiyə görə, bəşəri nəfs (ruh) fani olmayan bəsit substansiya olub, ağıl aləmindən hiss aləminə enmişdir. Nəfs bədəni və ya cismi olmayan, yüksək dəyərə malik bəsit və mükəmməl substansiyadır. İşığın Günəşdən doğması kimi, ruhun substansiyası da Tanrıdan gəlir. O, mənəvi və ilahidir. Nəfs bədəni tərk etdikdən sonra, ayrı bir substansiya kimi yaşamağa davam edə bilən bir varlıqdır və o, ilk aləmlə əlaqədar xatirələrlə zəngindir. Kindiyə görə, insan nəfsinin (ruhunun) bu aləmdə qalmamağının əsas səbəblərindən biri onun ehtiyaclarının bu aləmdə qarşılanmamasıdır. Elə buna görə də, nəfs bu aləmdə ağrı-acı çəkir. Ümumiyyətlə, bu aləmdə heç bir şeyin sabit olmadığını, hər şeyin dəyişdiyini deyən Kindi əbədiliyin, ancaq ağıl aləminə məxsus olduğunu düşünür. Ona görə də arzularımızın həyata keçməsini və xoşbəxt olmağı istəyiriksə, Tanrıdan qorxmalı, ağla, elmə və saleh əməllərə yönəlməliyik.
Ədəbiyyat siyahısı:
https://aqreqator.az/az/medeniyyet/1161623 (alındı 05.12.2021)
İ. Hakkı İzmirli “ Felsefei-Islamiyye tarihi l ” s. 15-24
http://anl.az/down/meqale/525/2010/may/117319.htm (alındı 05.12.2021)
De Boer İslamda felsefe tarihi s. 71
İ. Agah Çubukçu İslam düşüncesi hakkında araştırmalar s. 19
İSLAM FƏLSƏFƏSİ (orta əsrlər-modern dövr) Müəlliflər: Anar Qafarov Aqil Şirinov Bakı - 2019
Dostları ilə paylaş: |