Maddə 51. Müalicə həkimi
Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir.
Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir.
Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicəhəkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
Pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarını pozduqda müvafiq rəhbər şəxslə razılıq əsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər.
Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |