4.2. Orta nümunənin götürülməsi və tədqiqə hazırlanması
Zeytun yağının keyfiyyətini yoxlamaq üçün orta nümunə götürülməlidir. Orta nümunə bitki yağlarının qəbulu zamanı götürülür və yoxlamaya göndərilir. Zeytun yağlarından nümunələrin seçilib götürülməsi QOST 5471 standartına uyğun olaraq aparılır. Ticarətə verilən zeytun yağları müxtəlif çeşiddə olduğuna görə onlar müxtəlif nəqliyyat vasitələri ilə və müxtəlif taralarda daşınıla bilər. Zeytun yağları mütləq müəyyən həcmdə (kütlədə) butulkaya qablaşdırılmış olur. Əsasən tünd yaşıl və ya tünd qəhvəyi rəngli, tutumu 250, 400, 500, 750 və 1000 ml həcmli şüşə butulkalara, müxtəlif həcmli tənəkə qutulara qablaşdırılır. Yol verilən kənarlaşma kütləyə görə ± 1% olmalıdır.
Yağ doldurulmuş butulkaların ağzı alüminium folqadan və ya plastmasdan hazırlanmış qapaqla hermetik bağlanır. Belə qablaşdırılmış zeytun yağları 20 – 25oC temperaturdan çox olmayan anbarlarda saxlanılır və onların saflaşdırılma dərəcəsinə görə istehsal edildiyi gündən hesablanan saxlanılma müddəti standart üzrə müəyyən edilir. Son zamanlar satışa verilən zeytun yağlarının saxlanılma müddəti 2 ildir. Yağın saxlanılma müddəti standartda göstərilən müddətdən keçmişsə, həmin yağlar standart göstəricilər üzrə yenidən yoxlanılmalıdır. Partiya maldakı yerlərin (qablaşdırma vahidlərinin) sayından asılı olaraq aşağıdakı miqdarda orta nümunə götürülür.
50-ə qədər olduqda - 3 yerdən,
51-dən 150-ə qədər olduqda - 5 yerdən,
151-dən 500-ə qədər olduqda - 8 yerdən,
501-dən 1200-ə qədər olduqda - 13 yerdən orta nümunə götürülür.
Məsələn, daxil olmuş partiya malda 100-ə qədər qablaşdırma yeri olarsa, onlardan ancaq 5-i açılır. Yuxarıda göstərilənlərə əsasən açılmış yeşik və qutuların müxtəlif yerlərindən ilk nümunələr götürülür. Müxtəlif yerlərdən götürülmüş nümunələr bir yerə tökülərək qarışdırılır və qarışığın kütləsi 400 q-dan az olmamalıdır. Götürülmüş nümunə 3 yerə bölünür. Bunlardan biri laboratoriyaya ekspertiza üçün göndərilir, digər ikisi isə yağın təkrar yoxlanılması üçün saxlanılır. Əgər ekspertiza nəticələri mübahisələrə səbəb olarsa yenidən təkrar ekspertiza aparılmalıdır. Götürülən nümunələr butulkalara doldurulub, ağzı kip bağlanır. Hazırlanmış nümunə möhürlənir və ya plomblanır. Nümunə üçün akt tərtib olunur və orada aşağıdakılar göstərilir.
seçilmiş nümunənin adı;
istehsalçının adı;
hazırlandığı fabrikin adı və onun yeri;
ictehsalın tarixi və yeri;
götürülən nümunənin yeri və vaxtı;
nümunənin kütləsi;
nümunə üçün seçilmiş partiya;
nümunənin göndərildiyi nümayəndənin familiyası;
nümunənin laboratoriya üsulu ilə yoxlanılmasına hazırlanması.
Seçilmiş nümunə laboratoriyaya göndərildikdən sonra, nümunə yoxlanılmaq üçün ayrı-ayrı hissələrə bölünür. Hazırlanan nümunələr ağzı bağlana bilən kolbaya və ya digər qaba tökülüb ağzı kip bağlanır. Zeytun yağından götürülən nümunə 100 q-dan az olmamalıdır. Bu ona görədir ki, ayrılmış yağ nümunəsinin tərkibi standartın bütün göstəriciləri üzrə tədqiq edilsin. Nümunədən azacıq bir qaba tökülür, qızdırılır və onun tərkibində digər qarışıqların olub-olmaması müəyyənləşdirilir.
Ümumiyyətlə orta nümunənin götürülməsi qaydası məhsulun keyfiyyətinin ekspertizasında, onun keyfiyyət xarakteristikasında və tərkibinin yoxlanılmasında olduqca böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |