Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)



Yüklə 192,11 Kb.
səhifə47/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   43   44   45   46   47   48   49   50   ...   71
-Bəlkə, Babaşı tapaq?

Artistin bu sözlərini Camal, necə deyərlər, alıcı quş kimi göydə qamarladı.

-Hə, - dedi, - tapaq Babaşı! Vəzifəsi, ad-sanı, xətir-hörməti... Babaş düzəldər bu işi. – Sevinə-sevinə stolun dalından qalxdı. –Sən məni Babaşın yanına sal. Day sənnik heç bir işim yoxdu.

Babaş Ziyadovun komsomoldan başlanan uğurlu vəzifə karyerasından Saday Sadıqlının da az-çox xəbəri vardı. Babaş Bakının bir neçə rayonunda RİK sədri, raykomun birinci katibi kimi sanballı vəzifələrdə işləmişdi. Bir müddət nazir olmuşdu. Lap bu son vaxtlaracan Babaş Mərkəzi Komitədə şöbə müdiri vəzifəsindəydi və cəmi bir-iki ay olardı ki, ELSEVƏRLƏR CƏMİYYƏTİ adlı təzə bir idarə yaradıb, Babaş Ziyadovu o idarəyə sədr təyin eləmişdilər.

Babaşla uzun illər boyu heç bir ünsiyyəti olmasa da, o gün Saday Camalın xatirinə hər şeyə hazır idi. O, Babaşın indiki iş yerinin harda olduğunu da dəqiq bilmirdi. Buna baxmayaraq, Saday Camalı Babaşla görüşdürmək üçün tərəddüdsüz yola düzəlməkdəydi. Bundan bərk narahat olmuş direktor birdən əl-ayağa düşüb, onu kabinetdən çıxmağa qoymadı.

-Ə, hara? – Mopoş qapının ağzını kəsdirdi. – Kətdiniz Babaş Ziyadovu demirsiz? Bir az səbr eləyin də. Qoyun, bir zəng eləyək, soruşaq. Bəlkə, heç yoxdu yerində.

Direktorun stolunun üstündə biri-birindən çox da fərqlənməyən 3 telefon aparatı vardı: daxili, şəhər və üçnömrəli hökumət telefonu. Mopoşun məhz hökumət telefonunun dəstəyini götürməyi onun birdən-birə dəyişən sifətinin əlahiddə ciddiliyindən də aşkar hiss olundu. O üç rəqəmi direktor nümayişkaranə bir ağayanalıqla yığdı. Ancaq telefonda katibənin yox, rəisin öz səsini eşidəndə çaşdığını, özünü itirdiyini gizlədə bilmədi:

-Salamməleyküm, Babaş Bilaloviç! Mirələmovdu. Teatrdandı, bəli. Var olasız. Hədsiz minnətdaram. Olacaq. Yaxşı əsər var əlimizdə. Kişi? Bəli, bilir. Xəbərdardı. Şəxsən özü oxuyub təzə əsəri. Bəyənib. Çox bəyənib. Bəli, çox aktual mövzudu. Onun obrazı? Var, var. Elə bütün pyes onun 13 ildə törətdiyi alçaq işlərə həsr olunub. Baş rolda?.. Bəli, özüdür ki, var. Sizin kəndliniz, bizim fəxrimiz. Elə müəllif də bu rolu Saday müəllim üçün nəzərdə tutub. Kişinin özü də deyib ki, o rolda şəxsən Saday Sadıqlını görmək istəyir. Bəli, özü.

Yeni rəhbərin Bakıya gəlişilə köhnə Rəhbərə qarşı hər yerdə ifşa kampaniyası aparıldığını Saday Sadıqlı yaxşı bilirdi.

Mopoşun birdən yerindən qalxıb, Babaşa ayaqüstə dönə-dönə təşəkkür eləməyindən isə artist başa düşdü ki, Babaş Ziyadov teatra nəsə vəd elədi. Sadayın direktorun kabinetində olduğunu Babaş, söz yox ki, bilirdi. Ancaq Mopassan, məmur etikasına tam riayət edib, Sadayla danışmaq təklifinin Ziyadovun öz dilindən çıxmasını səbirlə gözləyirdi. Və onun gözlədiyi məqam gəlib çatdı:

-Bəli, burdadı, yanımdadı. Hüzurunuza salam vermək istəyir.

Və Mopoş, az qala, oynaya-oynaya telefonun dəstəyini Saday Sadıqlıya verdi.

Babaşla ötəri salam-kəlamdan sonra artist birbaşa mətləbə keçdi:

-Camal gəlib, - dedi. - Sənə işi düşüb.

-Yəni elə çətin işdi? – Babaş məzələnməyə başlayırdı.

-Sənin üçün çətin olmaz.

-Bəs sənin üçün niyə çətin olur, böyük sənətkar? Bəlkə, xalq səni bizdən az tanıyır?

-Mənnik iş olsaydı, sənə zəng eləməzdim. – Artist mümkün qədər mehriban danışmağa çalışırdı. – Yaxşı, necə deyirsən? Qəbul eləyirsən Camalı?

Sadayla məzələnməkdən xeyir görməyəcəyini Babaş Ziyadov, görünür, tez başa düşdü. Səsini içinə salıb, bir qədər gözləyəndən sonra:

-Yaxşı, gəlsin, – dedi, - qəbul eləyərəm. –Və yenə bir azca susub, bu dəfə daha rəsmi və hiss olunacaq qədər incik səslə əlavə elədi:




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin