1990-cı ilin yanvar ayının 12-si, cümə günü, axşamtərəfiydi.
Başının bir dəstə arvadı ilə şəhərin küçələrində bütün günü şüar deyib, xalqı azadlıq mücadiləsinə çağıran Savalan Turanlı indi, axşamtərəfi, Parapet bağının yanındakı erməni kilsəsinin qabağında növbəti mitinq keçirirdi. Qulaməli Qasımovun adamları bəlkə bir saatdan çox olardı ki, kilsəyə od vurmuşdu. Ancaq kilsə hələ də əməlli-başlı alışmaq bilmirdi və işin bu tərəfi şairin başına toplaşan bir neçə ərsiz, vətənpərvər arvadı xüsusilə hövsələdən çıxarırdı.
Azadə xanımla Münəvvər xanım Saday Sadıqlının cənazəsini, xəstəxananın maşınında, Göy məsciddə yudurtmağa aparırdı.
Xəstəni insultdan hifz edə bilməyən doktor Fərzani - yorğun və yazıq bir görkəmdə - öz kabinetində oturub, qızının Moskvadan zəng eləməyini o axşam xüsusi təlaş və nigarançılıqla gözləyirdi.
Parapet bağının yanındakı kilsənin pəncərələrindən çıxan qara tüstü, get-gedə arta-arta, 1990-cı ilin 13 yanvarının qara gecəsinin qan qoxulu havasına qarışırdı.
Doktor Abasəliyev Mərdəkanda hələ ki hər şeydən xəbərsiz idi.
Və o Əylisin kilsələrində gecələyən göyərçinlər hələ öz yuvalarında asudə yatırdılar.
Dostları ilə paylaş: |