İndi doktor Abasəliyev daha heç xəstənin üzünə də baxmadan yazılı vərəqləri bir-birinin dalınca portfelindən çıxarıb, qəribə bir həvəslə sanki öz-özünə oxuyurdu.
Münəvvər xanım bu işin çox çəkəcəyini görüb, araya söz qatmağa çalışdı:
-Axı, doktor, hər yerdə yazırlar ki, o kilsələr erməni kilsəsi deyil, alban kilsəsidi. Deyirlər, ermənilər o kilsələri sonradan öz adlarına çıxıb. Elə o Zəkəriyyə də, nə bilirsiz, bəlkə heç erməni olmayıb, alban olub.
Doktor Abasəliyev başını qaldırıb Münəvvər xanımınn üzünə baxmağa da sanki vaxt sərf eləmək istəmədi. Gözlərini əlində tutduğu kağızdan ayırmadan:
-Çox biməzmun söz danışırsan, bacı! – dedi.- Əgər birisi özü özünə erməni deyirsə, mən gedib ona necə deyim ki, yox, sən erməni deyilsən. Albansan, ləzgisən, talışsan, moltanısan. Doğrudur, Əylis ermənilərinə zoq deyənlər də var. Bunların dilləri də Yerevan ermənilərinin dilindən bir az fərqli dildi. Elə yazılarında da xeyli fərq var. Ona qalsa, Bizim Ordubadın müsəlman əhalisinin də hər kənddə bir dili var. Şəkilini bakılıynan qarışdırammarsan. Dilində, xasiyyətində, adətində nə qədər desən fərq var. Erməni də belə. O albanlar kim olub, harda yaşayıb – deyəmmərəm. Amma bilirəm ki, Əylisdəkilər erməni olub. Özü də erməninin lap xalisindən.
Doktor Fərzani də fürsətdən istifadə edib, söhbətə qarışmağı lazım bildi.
Yarıciddi, yarızarafat:
-Bizim bu müsəlman dünyası, görəsən, erməniynən niyə yola getmir, ay Zülfü? – dedi. –Bəlkə, bunu elə Allahın özü belə məsləhət bilib.
Bu dəfə doktor Abasəliyev əlindəki vərəqi kənara qoyub tərs-tərs Fərzaninin üzünə baxdı.
-Bisavad-bisavad danışma, - dedi. –Sən guya bilmirsən ki, niyə biz hələ də özümüzə “qılınc müsəlmanı” deyirik. Çünki biz qılınc zoruna müsəlman olmuşuq. Dünyanın indiki müsəlman əhalisinin 99% bir vaxt xəlifətin qılıncından keçib. Elə o Naxçıvanın özündə - hələ 7-ci əsrin əvəllərindən başlayaraq, - ərəblər 100 minlərlə dinc adamın qanın axıdıb. Ərab istilasından sonra- mongol-tatar işğalı. Səlcuklar, oğuzlar nə bilim nələr... O gəlir, qırır gedir, bu gəlir, qırır gedir. Elə tək xəlifət ordusunun məhv etdiyi insanların hər birinə bircə şam yandırıb qoysaydılar, o şamların işığı, Fərid, göydəki ayın işığından inan ki, gür olardı. İranın ən rəhmdil padişaxı güya birinci Şah Abbas olub. Ancaq onun elə tək o Əylisin başına gətirdiyi müsibətlər hələ heç bir dəftər-kitaba yazılmayıb. “Allahi Əkbər” sözu dilindən düşməyən bu şeytan törəməsi hər gür murdar əmələ qol qoyub. Hələ qız-gəlin bir yana dursun, ağzından süd iyi gələn oğlan uşaqlarını da kəndlərdən, şəhərlərdən seçdirib, yığıdırıb, aparıb İsfahanda, Ərdəbildə hərəmxanalara doldurub. Erməni hər şeyə dözməyə razı olub, bircə dinini dəyişməyə heç vaxt razı olmayıb. Erməni Məhəmməd ümməti olmağı özü üçün fəlakət hesab edib. Bu millət hər şeydən bezib, ancaq öz kilsəsini tikməkdən, kitabını yazmaqdan, üzünü göyə tutub, Allahını çağırmaqdan heç vaxt bezməyib. Başqa yerin ermənisin deyəmmərəm, Fərid. Ancaq bizim o Əylis erməniləri Allahın adına layiq insanlar olub.
-Torpaqdan əli üzüləndə insan bəs neynəsin, deyirsən? Onun da əlacı göyə baxmağa qalır da! – Doktor Fərzani bığaltı gülümsəyə-gülümsəyə dedi.
Doktor Abasəliyev kağızların arasından təzə vərəq çıxardı: - “1651-ci il. 7 oktyabr. Təbriz. Qardaşım Simonla Təbrizə gəldik. Təbriz xanı Əliqulu xan Simona Məhəmməd dinini qəbul etdirmək istəyirdi. Bizi bu böyük bəladan Allah özü hifz elədi”.
Dostları ilə paylaş: |