İndi xəstə öz uzaq aləmindən doktor Abasəliyevə hədsiz heyrətlə baxırdı.
Bu dilli-dilavər gümrah qoca Saday Sadıqlıya tanış gəlirdi və artist haçansa, haradasa gördüyü bu adamın kim olduğunu sanki var gücü ilə yada salmağa çalışırdı. Qadınlar səbirsizliklə bu kilsə, keşiş, Əylis söhbətinin qurtarmağını gözləyirdi. Və xəstənin vəziyyəti barədə danışmağa bu dəfə Münəvvər xanım başladı:
-Yaraları tez sağaldı, doktor. – Şəfqət bacısı doktor Abasəliyevə deyirdi. – Qolunun birində çıxıq vardı, əlinin barmaqları da 3 yerdən çıxmışdı, 4-5 günün içində bitişdi hamısı. Sınığının da heç bir qorxusu yoxdu, barmaqların rahatca tərpədir. Bədən cavandı, möhkəmdi, sınığı da, inşallah, tez bitişəcək. Beyin silkələnməsinin fəsadları çox olur. Siz bunu hamıdan yaxşı bilirsiz. Ancaq, doktor, 10 gün az vaxt deyil. Xəstə indiyəcən, heç olmasa, danışmalıydı. Xəstəni, bəlkə, vaxt ikən Moskvaya aparmaq lazımdı? Fərid Qasanoviçlə Azadə xanım da bu fikirdədi.
-Anqioqrafiya eləmisən? – Doktor Abasəliyev Fərzanidən soruşdu.
-Dünən kraniqrafiya eləmişəm. Bizdə anqioqrafiya aparatı yoxdu.- Doktor Fərzani fikirləşdi. – Münəvvər xanım düz deyir, Moskvaya götümək məsləhətdi. Ancaq bunu yerindən tərpətmək də indi çox təhlükəlidi. Bir az da gözləyək, görək. Ancaq Moskvasız ağlım bir şey kəsmir. – Doktor Fərzani müqəssircəsinə Azadə xanımın üzünə baxdı və başını aşağı salıb durdu.
Dostları ilə paylaş: |