Bir müddət heç kəs cınqırını çıxarmadı.
Sonra doktor Abasəliyev başqa bir pis xəbərlə o hüznlü sükutu pozdu:
-O Nüvariş bildin də neynədi, Asya?
-Yox. Bəyəm nə olub ki, Nüvarişə?
-Deyirlər, evinin balkonundan özünü yerə atıb.
-Kim deyir? – Azadə pıçıltılı, titrək səslə soruşdu.
-Mərdəkanda çörək dükanında arvadlar danışırdılar. Ölməyin mən özüm də 3-4 gün bundan qabaq radioda eşitmişdim. Ancaq özün balkondan atmağın bilmirdim.
-Deyirəm axı, bu niyə görsənmir buralarda? – Doktor Fərzani dedi. – Ay zalım, ay zalım, bu da kəndirbazlıq eləməyə vaxt tapdı.
-Allah rəhmət eləsin! – Münəvvər xanım başını-bədənini dərdli-dərdli yırğalaya-yırğalaya dedi.
Və o gün səhər o palataya az qala uça-uça girən doktor Abasəliyev günortaya yaxın acza qalanda tamam başqa bir görkəmdə xəstəxanadan çıxıb, Mərdəkana yollandı.
Dostları ilə paylaş: |