Saday isə o dünyadan hələ qayıtmamışdı.
Bu dünyanın sarımtıl-çəhrayı işığından hörülmüş uca-uca divarlar boyunca, bir qara və qəşəng tülkü balasını pusa-pusa, nə zamandan bəri yol gedən o 4, ya 5 yaşlı uşaq indi kəndin aşağı məhəlləsini yuxarı məhəlləsindən ayıran dikin başında - rəngi günəşin işığında bir azca qırmızıya çalan - boz dağın döşünə sığınmış Daş Kilsənin lap yaxınlığındaydı. Havadan ceviz yarpağının acımtıl tünd qoxusu, həm də səpsərin su iyi gəlirdi. Çünki yolun qırağındakı bir uca ceviz ağacının yaşıl budaqları hər tərəfdən uşağın dayandığı o dikin üstünə sallanmışdı və Daş Kilsənin altındakı daş ovdandan axan gur suyun şırıltısı hər yeri ağzına götürmüşdü.
O qara və qəşəng tülkü balası indi o ceviz ağacının yarpaqları arasında, körpəcə uşaq kimi sevinə-sevinə, yenə atılıb düşürdü, gizlənib görünürdü və uşaq o tülkü balasını gözdən qoymaq istəmirdi. Ancaq uşaq həm də su içmək istəyirdi. Susuzluqdan uşağın başının-beyninin az qala içi də od tutub yanırdı. Və yaxındakı o daş ovdandan şırıltı ilə axıb, yolun ağzındakı xırdaca daş hovuza tökülən o sərin su uşağı maqnit kimi özünə çəkirdi. Ancaq o tülkü balasını gözdən itirməyin qorxusu onu suya yaxın düşməyə qoymurdu.
Sonra uşaq o bala tülkünün ceviz ağacından atılıb, yaxındakı daş divarın üstü ilə yenidən yol başladığını gördü. Sevinib, ürəklənib o şırhaşır axan suya, nəhayət, yaxınlaşa bildi. Ovcunu şırşırın altına tutdu. Ancaq o suyun bir damcısı da uşağın ovcuna düşmədi. Öz ovcunun içində uşaq bir zərrə sərinlik duymadı, əksinə, bir -ürəkbulandıran - isti hava duydu. O şırhaşır axan suda beyninin yanğısını söndürmək üçün uşaq başını ovdanın altına soxdu. Ancaq onun bu istəyi də alnmadı, o gur su uşağın beynindəki yanğını söndürə bilmədi. O qara və qəşəng tülkü balasını həmişəlik gözdən itirməyin bütün dəhşətini də uşaq məhz bu zaman hiss elədi. Haradasa tüfəng atıldı və açılan güllənin səsi, qaynar qurğuşun kimi, uşağın qulaqlarına doldu. Və o güllənin harda atıldığını bilmək üçün uşaq son gücünü toplayıb, başını qaldıranda əvvəlki uca və işıqlı daş divarların yerində Əylisin - palçıqdan hörülmüş - adicə bir boz divarını və o divardan üstdən-aşağı yağış suyu kimi süzülən alqırmızı qan gördü.
Və o qan o palçıq divardan hələ süzülüb axmaqda ikən haradasa bir uca Kilsənin çat verib cadar-cadar olmuş divarları arasında nə zamandan bəri, bir qara xəbər kimi dolaşan o səs də indi o tüfəngdən açılan güllənin səsinə qarışıb, bir qara bulud kimi göyün üzünə qalxdı. Və o güllənin harda açıldığını görmək üçün xəstə güc-bəla başını qaldırıb, göyə baxanda göyün nəhayətsiz ucalığında “Göyərçin bazarı” deyilən “Vurağırd” kilsəsinin çat vermiş divarını gördü.
Dostları ilə paylaş: |