ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ (7.96) “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”. Allahın elçilərini rədd edən kafirlərin başına gələn müsibətlərin ibrət və xəbərdarlıq, onların qismətlərinə düşən fərəhli günlərin isə təkcə azdırılma və Allahın fəndgirliyi olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, əgər bu məskənlərin sakinləri qəlbən iman gətirsəydilər və öz imanlarını xeyirxah əməlləri ilə təsbit etsəydilər, əgər onlar Ondan qəlbində qorxsaydılar və əməllərində günah etməkdən çəkinsəydilər, onda Allah göylərdə və yerdə onların qarşısında firavanlıq qapılarını açardı. Səmalar onlara bol yağışlar bəxş edər, yer isə onlar üçün həm insanların və həm də heyvanların qidalanacağı bitkilər yetişdirərdi. Onlar da ehtiyacsız həyat sürər və özlərini ağır zəhmətə qatmadan bol məhsul əldə edərdilər. Lakin onlar öz Rəbbinə iman gətirməyi və Ondan qorxmağı rədd etdilər və belə olduqda, O, onları cəzalandırdı, onların üstünə bəlalar göndərdi və onları yerin bərəkətindən məhrum etdi.
Bu, onların özlərinin törətdikləri əməllərə görə layiq olduqlarının ancaq bir qismi idi, amma əgər Allah insanları onların törətdikləri bütün günahlara görə cəzalandırsaydı, onda yer üzündə bir canlı məxluq belə qalmazdı. Fövqəluca Allah buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41).