(7.174) “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!”
Fövqəluca Allah Adəm oğullarının nəslini onların bel sütunundan çıxartmışdır. Məhz bunun sayəsində bəşəriyyət çoxalır, bir nəsil başqa nəslin yerinə keçir. İnsan atasının belindən gələn bir damcıdan əmələ gəlir. O, anasının bətnindən dünyaya çıxır və Fövqəluca Allah onun qəlbinə, Özünün – onun Vahid Rəbbi, Yaradanı və Hökmdarı olduğunun başa düşməsini həkk edir. O, onu Özünün hökmranlığına şahidlik etməyə yönəldir və insan bunu qəbul edir, çünki onun qəlbinə haqq dinə etiqad etmək və Bir olan Allaha ibadət etmək zəruriyyətinin dərki həkk olunmuşdur.
Hər bir kəs qeyri-iradi olaraq bunu bilir, lakin onun təhtəlşüuru müxtəlif yanlış baxışların təsiri altında dəyişkənliyə və təhrifə məruz qalır. Buna görə sonra Fövqəluca Allah belə buyurur: “Biz sizi sınaqdan keçirdik və sizə Allahı öz Rəbbiniz olaraq etiraf etdirdik ki, Qiyamət günü, həqiqəti bilmədiyinizi bəyan edərək, bunu inkar etməyəsiniz. Əksinə, bu sizə artıq məlumdur, lakin ona laqeyd yanaşır, diqqət yetirmirsiniz. Qiyamət günü siz özünüzə bəraət qazandıra bilməyəcəksiniz, çünki Allah əsil həqiqəti sizin diqqətinizə çatdırmışdı. Siz deyəcəksiniz ki, məhv edilməyə layiq deyilsiniz, çünki öz yolunu azmış ata-babalarınızın yolu ilə getmişsiniz və bu pis nümunəni onlardan götürmüşsünüz. Amma təhtəlşüurunuzla anlayırsınız ki, atalarınız yalana etiqad edirdilər və həqiqət Allahın elçilərinin sizə təbliğ etdiklərindən ibarət idi. Siz bilirsiniz ki, onların təlimi atalarınızın uydurmalarını darmadağın edir və onlara üstün gəlirdi”.
Şübhəsiz ki, yolunu azmış ata-babaların bir sıra baxışları və ya yanlış dini məzhəblərin nəzər-nöqtələri Allahın bəzi qullarına haqq kimi görünə bilər. Amma bunun səbəbi həmişə onda olur ki, onlar, Allahın bütün dünyaya yayılmış və ya onların özlərində əksini tapmış dəlillərindən və möcüzələrindən üz döndərirlər. Həqiqətən də, insan haqdan qaçıb yalançıların sözlərinə qulaq asanda, o, tədricən, haqqa deyil, bu yalana üstünlük verməyə başlayır. Bu ayənin ən düzgün şərhi belədir.
Belə bir rəy də mövcuddur ki, bu vəhydə Allahın Adəm nəsillərini onun bel sütunundan çıxartdığı zaman onlarla bağladığı əhddən bəhs edilir. Şərhçilər belə hesab edirdilər ki, Allah Adəm nəsillərini Onun hökmranlığına şahidlik etdirmiş və onlar şahidlik etdikdən sonra O, onlara Öz İradəsini bildirərək, onları öz imansızlıqlarını və inadcıllıqlarını bilməməzliklə həm bu dünyada və həm də ölümdən sonra doğrultmaq imkanından məhrum etmişdir. Lakin bu vəhy heç vəchlə belə şərhin lehinə şəhadət vermir. Belə izah yersizdir, çünki Fövqəluca Allahın müdrikliyinə ziddir və ətrafımızda baş verənlər bu nəzər nöqtəsini təsdiq edir.
Bu şərhçilərin rəyinə uyğun olaraq, Fövqəluca Allah Adəm oğullarını onun bel sütunundan çıxaranda onlarla əhd bağlamışdır. O zaman insanlar zərrə kimi idilər və bizim heç birimiz bunu xatırlamırıq. Doğrudanmı Allah insanları xəbərləri olmayan və özündən sonraya iz qoymayan hadisələrin əsasında mühakimə edəcəkdir?!!
Beləliklə, şərh etdiyimiz ayədə aydın bir hadisədən bəhs edilir. Allah bu qayda ilə Öz vəhylərini insanlara izah edir ki, onlar öz təhtəlşüurlarına həkk edilənə uyğun gələn baxışlara qayıtsınlar, yanlış nəzəriyyələrdən əl çəksinlər və Onunla bağladıqları əhdə tərəf dönsünlər.
Dostları ilə paylaş: |