(7.177) “Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!”
Ey Peyğəmbər! İnsanlara Allahın Kitabı öyrətdiyi adam haqqında danış və de ki, o, bunun sayəsində din sahəsində dərin biliklər əldə etdi, lakin sonralar Allahın ayələri haqqında olan əsil biliklərdən üz döndərdi. Bu biliklər insanlara gözəl əxlaqi keyfiyyətlər əldə etməyə, saleh əməllər işləməyə və əzəmətli yüksəkliklərə ucalmağa kömək göstərir, lakin o, Allahın Kitabını arxasına atdı və Səmavi Vəhyin dəvət etdiyi əxlaqi keyfiyyətlərə etinasızlıq göstərdi. O, sanki adi libasını soyunub əynindən çıxartdığı kimi, əxlaqi örtüyünü çıxarıb atdı. Elə o zamandan şeytan onun dalıyca düşdü və onu məğlub etdi. O, öz təhlükəsiz qalasından çıxan kimi, dərin uçurumun lap dibinə düşdü və şeytan onu mənfur cinayətlərə sövq etməyə başladı.
O, əvvəllər haqq yolla gedirdi və onu insanlara da göstərirdi, artıq indi o azmışların sırasındadır, çünki Allah onu Öz yardımından məhrum etmiş və onu başlı-başına qoymuşdur. Əgər O istəsəydi, hökmən onu xeyirxah işlər görməyə ruhlandırar bu dinşünas həm bu dünya həyatında və həm də ölümdən sonra əzəmət sahibi olardı. Bununla yanaşı, o, öz düşmənlərindən və yaramazlardan özünü qorumağı bacarardı. Lakin o, elə əməllər etdi ki, onlar Allahı onu Öz köməyindən məhrum etməyə vadar etdi. O, yerə o dərəcədə əyildi ki, axırda alçaq ehtiraslara yol verməyə başladı və hər şeydən ancaq mənfəət güdməyə girişdi. O, öz istəklərinə güzəştə gedərək öz Qüdrətli Hamisinə itaət etməyə laqeydlik göstərdi. Dünyəvi nemətlər əldə etmək niyyəti ilə o, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (onun üçün heç bir fərqi yoxdur). O, həmişə dili sallanmış halda veyillənir və ürəyi partlaya biləcək qədər daima acgözlük içində olurdu. Heç bir şey onun tələbatını və istəklərini qane edə bilmirdi.
Allah Öz möcüzələrini onlara göstərdikdən sonra onları yalan sayanlar haqqında ibrətamiz hekayə belədir. Onlar nəinki vəhylərə itaət etməkdən boyun qaçırır, hətta onları inkar edirdilər. Onlar Allahın hökmlərinə etinasızlıq edir, öz ehtiraslarına qapılır və Ondan nazil olan haqq Təlimata qulaq asmırdılar.
İnsanlar belə fasiqlər haqqında ibrətamiz hekayətləri dinləməlidirlər ki, düşünsünlər və onlardan düzgün nəticələr çıxartsınlar. Əgər onlar fikirləşsələr, özləri üçün faydalı biliklər əldə edərlər və əgər belə biliklərə yiyələnsələr, onda xeyirxah əməllər etməyə başlayarlar. Allahın ayələrini yalan hesab edən və özlərinə zərər vuran kafirlərə gəldikdə isə, onlar müxtəlif günahlar işlətdiklərinə görə, onların haqqında ibrətamiz hekayətlər həmişə onların çirkin və yaramaz əməllərindən bəhs edəcəkdir.
Belə bir rəy var ki, bu ayələr müəyyən bir insan barəsində nazil edilibdir. Allah o insana hikmət bəxş etmiş, o isə sonradan itaətsizlik göstərmişdir. Həmin şərhə görə, Allah o insanın hekayətini bizə rəvayət edir ki, mahiyyətini izah etsin. Digər bir rəyə uyğun olaraq, bu ayələrdə Fövqəluca Allah Özünün möcüzələri haqqında insanlara bilik əta etdikdən sonra onlardan üz döndərənlərin hamısından bəhs edir.
Bu ayələr, həqiqi biliklər əsasında xeyirxah işlər görməyə çağırışdan ibarətdir. Axı Allah təkcə bunun sayəsində Öz qullarını tərifləyib ucaldır. Ayələrdə əsil biliklərə etinasızlıq göstərməmək barədə xəbərdarlıq əks olunmuşdur. Belə etinasızlıq nəticəsində insan uçurumun lap dibinə və şeytanın təsiri altına düşə bilər. Onlardan həmçinin belə nəticə çıxarmaq olar ki, alçaq istəklərə və yaramaz ehtiraslara uymaq, insanı Allahın köməyindən məhrum edən səbəblərdən biridir.
Dostları ilə paylaş: |