(7.170) “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”
Qədim israillilərin ardınca onların Kitaba varis çıxmış nəsilləri dünyaya gəldilər. Onlar onu mühafizə edənlər oldular və onun əsasında istədikləri kimi sərəncam verməyə başladılar. Onların ədalətsiz qərarlar qəbul etməsi və ədalətsiz hökm çıxarması üçün insanlar onlara haqq ödəyirdilər. Onların arasında rüşvətxorluq yayıldı, onlar dəyərsiz dünyəvi nemətlərə bağlanmışdılar, öz günahlarını dərk edirdilər, özlərini günahkar sayırdılar, amma Allahın bağışlayacağına ümid bəsləyirdilər. Lakin onların ümidləri haqdan sonsuzluğa qədər uzaq idi, çünki onların işlətdikləri sözləri bağışlanmaq barədə dua adlandırmaq olmazdı. Əgər bu belə olmasaydı, onda onlar törətdikləri barədə təəssüflənər və belə günah əməlləri bir daha təkrarlamayacaqlarını qəti olaraq düşünərdilər. Amma qarşılarında dünyəvi nemətdən bir də yapışmaq və növbəti rüşvəti almaq imkanı yarandıqda, onlar hökmən onu edirdilər.
Onlar Allahın ayələrini ucuz qiymətə satır və yaxşını pislə əvəz edirdilər. Sanki onları belə davranışlarına görə qınayaraq və onların qanacaqsızlığını izah edərək, Uca Rəbb buyurur: “Məgər onlarla Allah haqqında həqiqətdən başqa heç nə danışmamaq barəsində əhd bağlanmamışdımı? Bəs onda niyə onlar öz istəklərinə uyaraq Ona böhtan atırlar?”
Onlar Kitabı öyrəndilər və onu çətin və dolaşıq hesab etmədilər. Lakin sonra onlar cinayətlərinin ağırlığını dərk edərək, şüurlu surətdə günah işlətməyə başladılar. Bu şərtlər onların cinayətlərini ağırlaşdırır və onları daha sərt qınaqlara və daha ağır cəzaya məhkum edirdi. Onlar axmaq və düşüncəsiz adamlar olduqlarına görə, dünyəvi həyatı gələcək həyatdan üstün tutduqlarına görə özlərini belə aparırdılar. Lakin Axirət həyatı məskəni Allahın qanunlarını pozmaqdan və günah işlətməkdən, haram edilmiş ovu yeməkdən və rüşvət almaq məqsədilə Allahın nazil etdiyinə zidd olan hökmlər çıxarmaqdan qorxan insanlar üçün üstündür.
Doğrudanmı siz, üstünlük verilməsi zəruri olan şeylərə üstünlük verməyə və ona can atmağa imkan verən dərrakəyə malik deyilsiniz? Yadınıza salın ki, sağlam təfəkkürün özəlliyi hər bir atılan addımın verə biləcəyi nəticələri üzərində düşünmək bacarığı ilə səciyyələnir. O kəslər ki, ancaq yaxın gələcək üzərində düşünürlər, onlar böyük və əbədi səadətdən mütləq məhrum olurlar. Məgər belə insanları ağıllı adlandırmaq olarmı?! Əsil ağıllı olanlar saleh insanlardır ki, hökmlərini öyrənərək Kitaba sadiq qalır və işlərində onu əsas tuturlar.
Onlar Kitabla nazil edilmiş qanunları və hekayətləri öyrənir və şərəfli biliklərə sahib olurlar. Bununla yanaşı onlar öz Rəbbinin onlara məmnunluq bəxş, edən böyük sevinc gətirən, onların dünyəvi və Axirət həyatını sahmana salan hökmlərini qüsursuz yerinə yetirirlər. Əlbəttə ki, ən vacib hökmlərdən biri qəlbən və bədən hərəkətləri ilə namaz qılmaqdır.
Allah namazı dinin bütün digər hökmlərindən fərqləndirmişdir, çünki o, ən şərəfli və ləyaqətli əməldir. Bundan başqa, namaz – imanın meyarıdır və əgər insan onu nöqsansız qılırsa, onda bu onu bütün digər ayinləri kamilliklə icra etməyə səbəb olur. Belə insanlar əməlləri qayda-qanunun rəhnidir və buna görə Uca Rəbb buyurur ki, qayda-qanun yaradanlar mükafatlarını itirmirlər. Onlar öz sözləri, əməlləri və niyyətləri ilə həm özlərini və həm də ətrafındakıları xeyirxahlığa dəvət edirlər.
Bu və digər oxşar ayələr ona dəlalət edir ki, Allah elçilərini yer üzündə qayda-qanun yaratmaq üçün göndərmişdir. Onlara əmr olunmuşdu ki, insanlara fayda versinlər və onlara zərər vurmasınlar. Onlar göndərilmişdilər ki, yerdə və ölümdən sonra həyatı sahmana salsınlar və buna görə ən xeyirxah və vicdanlı insanlar onların öyüd-nəsihətlərinə qulaq asanlardır.
Dostları ilə paylaş: |