İrəvan xanlığının iqtisadi həyatında böyük rol oynayan sahələrdən biri də sənətkarlıq idi. Burada müxtəlif sənət sahələri- toxuculuq, boyaqçılıq, gön-dəri emalı, şüşə istehsalı, dulusçuluq və digər sahələr inkişaf etmişdi. Bu sənət sahələri içərisində toxuculuq xüsusilə seçilirdi. Maldarlığın, xüsusilə qoyunçuluğun, pambıq istehsalı və ipəkçiliyin geniş yayılması bu sahənin inkişafına böyük zəmin yaradaraq onu xammalla təmin edirdi. İrəvan xanlığında toxuculuq əsasən ev şəraitində inkişaf etmişdi. Bu dövrdə «hər bir ailənin toxuculuq dəzgahı vardı… İrəvan xanı hər bir dəzgahdan bir parça bez vergisi alırdı» (415,851-853). Qadınlar dəzgahlarda pambıq parça əyirir və bez üçün iplik düzəldirdilər. Bundan əlavə, irəvanlılar toxuculuqda yundan geniş istifadə edirdilər. Ondan iplik düzəldərək rəngləyir, özləri üçün paltar tikir, xalça, palaz, kisə, çul və bez toxuyurdular. Maldarlıqla məşğul olanlar isə cod yundan özləri üçün çadır və keçə hazırlayırdılar (415,853).
Toxuculuqla bağlı olan sənət sahələrdən biri boyaqçılıq idi. Toxucu məmulatı üçün lazım olan iplərin, pambıq və yun parçaların rənglənməsində bu sahənin mühüm əhəmiyyəti vardı. Boyaqçılıqda qırmız böcəyindən (koşenil boyağı verən böcək-E.Q.) alınan qırmızı rəngdən və digər bitkilərdən əldə edilən təbii rənglərdən istifadə olunurdu (201, c.4, səh.259-266).
İrəvan xanlığında boyaqçılar boyaqçı və şiləçi olmaqla iki qrupa bölünürdü. İstənilən hər hansı məmulatı göy rənglə rəngləyən boyaqçı icarədardan icazə almalı idi. Şiləçi isə azad surətdə qırmızı və digər rənglərdən istifadə edirdi (415,851). Boyaqxanalar icarəyə verilir və eyni zamanda onlar xəzinəyə vergi ödəyirdi. Boyaqxanalarda məmulatlar əsasən, göy rənglə icra edilirdi. Boyaqçı emalatxanaları çox primitiv idi. Bu emalatxanalar daxmadan, iki gil səhəngdən və məmulatı rəngləmək üçün iki çubuqdan ibarət idi (415,859). İrəvan xanlığının əksəriyyət mahallarında boyaqxanalar fəaliyyət göstərirdi. Belə boyaqxanalar İrəvan şəhərində, Dərəçiçək, Göyçə mahallarında, Zəngibasar mahalının Uluxanlı kəndində, Gərnibasar və Vedibasar mahallarının İmamşahlı, Çikdamlı, Yuva, Artaşat (Qəmərli-E.Q.), Arxlı, Vedidərə, Dəvəli, Aralıx kəndlərində, Şərur mahalının Ərəb Yengicə və Muğanlı kəndlərində, Sürməli mahalının Qırmızı və Panik kəndlərində, Dərəkənd-Parçenis mahalının Qulp və Molla Qəmər kəndlərində, Talın mahalının Məsdərə kəndində, Sərdarabad mahalının Kürdqulu kəndində, Körpübasar mahalının isə Eçmiədzin və Əkərək kəndlərində yerləşirdi (415,859).
Boyaqxanaların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş qaydalara tabe idi. Belə ki, sahibkar və yaxud icradar özü üçün yeni emalatxana o halda aça bilərdi ki, qonşu mahalda fəaliyyət göstərən boyaqxanaya ziyan verməsin. Bununla yanaşı məhsulların satışında da qaydalara riayət olunmalı idi. Sahibkar məhsulunu müəyyən olunmuş qiymətlə sata bilərdi. Məsələn, rənglənmiş, əyrilmiş yun və yun parçanın 1 arşını 4 şahıya (8 gümüş rubl), əyrilmiş pambıq və pambıq parçanın arşını isə 2 şahıya (4 gümüş qəpik) satılırdı (415,860).
Əhalinin məşğuliyyət sahələrindən biri də sabun istehsalı idi. Sabun bişirənlər sabunçu adlanırdı. Azad şəkildə sabun istehsalına qadağalar qoyulsa da, bu sahədə müəyyən irəliləyiş gözə çarpırdı. Bu sahə icarəyə verilirdi. Buna görə də, İrəvanda sabun baha başa gəlirdi. Xanlıqda sabunun bişirilməsində əsasən, İrəvan şəhəri və Gərnibasar mahalının Şeyxzadəli kəndinin əhalisi məşğul olurdu. Şeyxzadəli kəndinin kişi və qadınlardan ibarət 474 nəfərinin demək olar ki, hamısı sabun bişirirdi. Onlar bişirdikləri sabunu özləri satırdılar. Sabun istehsalında Şeyxzadəli kəndi ilə İrəvan şəhəri arasında xüsusi rəqabət gedirdi. Belə ki, şəhərdə sabun istehsal edənlərin hüququnu qorumaq üçün sabun istehsalını icarəyə götürmüş icarədarın icazəsi olmadan kənddə bişirilən sabun məhsulları burada satıla bilməzdi. Digər tərəfdən, istehsal edilən sabun keyfiyyət cəhətdən aşağı idi. Xanlıqda bişirilən sabun qara olurdu və çox pis qoxu verirdi (415,856).
İrəvanlılar gön-dəri istehsalı ilə də məşğul olurdular. Bu sənətkarlıq sahəsi ilə məşğul olanlar Dərəkənd mahalının bir sıra kəndlərində və İrəvan şəhərində Zəngi çayının sahilində yerləşən 32 dükanda cəmləşmişdi (415,858). Xanlıqda yüksək keyfiyyətli dəri emal edilirdi. Bacarıqlı ustalar dərini aşılayaraq onu lazımi şəkilə salırdılar. Bundan əlavə, onlar xüsusi bitki toxumunun köməyilə dərini yumuşaldaraq qara, qırmızı və sarıya boyayırdılar. Burada ustalar yerli dəridən əlavə, Bəyazid və Makudan gətirilmiş dərilərdən xammal kimi istifadə edirdilər. İrəvan ustaları bir il ərzində irili- xırdalı 29 min dəri emal edirdilər. Böyük dəri 3 rubla, kiçiyi isə 80 qəpiyə satılırdı (415,857).
İrəvan şəhərində dəri emal edən emalatxanalar iltizama verilirdi. Burada emal edilmiş dərilər xüsusi damğalanırdı. İltizam sahibi belə dəridən töycü pulu alırdı. Məsələn, üç damğalanmış qoyun və keçi dərisinin hər birindən iltizam sahibi 1 şahı (2 gümüş qəpik), camış və kəl dərisindən isə 2 şahı (4 gümüş qəpik) alırdı (415,827). Emal edilmiş dərinin əsas satış yeri bazarlar idi. Lakin onu satmaq üçün sərt qaydalar mövcud olmuşdu. Belə ki, damğalanmamış dəri satışa çıxarıla bilməzdi (415,827).
Xanlıqda sənətkarlıq sahələrindən biri də şüşə istehsalı idi. Ümumiyyətlə, İrəvan xanlığında şüşə çox primitiv şəkildə hazırlanırdı. İ.Şopen şüşə istehsal edən emalatxanalar, orada tətbiq edilən texnalogiya və əldə edilmiş məhsul haqqında çox dəyərli məlumat vermişdi. Onun yazdığına görə, «soba yandırılmış sümük ovuntusu, xüsusilə, at dırnaqları ilə qarışdırılmış gil boru ilə birləşdirilmiş təknə şəklindədir. Məhlul təknədə əridilirdi. Od yuxarıdan, məhlul ilə tavan arasından keçirdi. Hər qaynama adətən dörd gün davam edirdi. Bu vaxt ərzində 25 pud şüşə məhlul əldə olunurdu. Qaynamaya isə 2 1/2 kub sajen odun işlədilirdi» (415,858). Beşinci gün ustalar şüşənin istehsalına başlayırdı. Hazır olmuş məhluldan 100, 150 və 200 ədəd şüşə alınırdı (415,858).
Şüçə üçün lazım olan xammal kvarslı qum, soda və bir qədər marqans qarışığından əldə edilirdi. Bacarıqlı ustalar şüşəyə yeddi cür rəng- tünd qırmızı, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı əlavə edə bilirdi. Daha şəffaf şüşə əldə etmək üçün potaşdan (qələvi ağ maddə-E.Q.) istifadə olunurdu. Soda isə şüşəni göy rəngə boyayırdı. Pəncərə və butulka şüşəsi hazırlamaq üçün sodaya üstünlük verilirdi (415,858). Lakin işğaldan sonra bu sahə ilə məşğul olan emalatxanalar məhv edilmişdi.
İrəvan xanlığında sənətkarlıq növlərindən biri də dulusçuluq idi. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular (43,169). İrəvan xanlığında da vəziyyət belə idi. Demək olar ki, «hər bir mahalda dulusçuluq emalatxanaları fəaliyyət göstərirdi» (415,862). Emalatxanalarda məişətdə istifadə olunan qabları hazırlamaq üçün peçlər quraşdırılmışdı. Bu peçlərdə su və şərab saxlamaq üçün küplər, məişətdə istifadə olunan müxtəlif gil qablar, lazım gəldikdə kərpic də bişirilirdi. Xanlıqda bişirilmiş kərpic baha qiymətə satılırdı. Bir ildə kərpicdən gələn gəlir 12-14 min gümüş rubl idi (415,862). Təəssüf ki, İrəvan xanlığında «sənətkarlıq istehsalının ən qədim sahələrindən olan» dulusçuluq emalatxanalarının sayı haqqıqda məlumata rast gəlmədik.
Xanlıqda yağ hazırlayan xüsusi sənətkarlar dəstəsi də vardı. İşğaldan əvvəl bütün mahalların əksəriyyətində yağ istehsal edən müəssələr fəaliyyət göstərmişdi. İ.Şopen siyahıyaalınma aparılarkən mahalların xaraba qalmış kəndlərində çoxlu dağıdılmış yağ hazırlayan müəssələrə rast gəlmişdi. Mahallar üzrə qeydə aldığı yağ hazırlayan müssələrin sayı aşağıdakılardır:
-
Mahallarda
|
Təmir edilmiş
|
Təmir edilməmiş
|
Yekun
|
Kırxbulaq
|
2
|
15
|
17
|
Gərnibasar
|
-
|
1
|
1
|
Vedibasar
|
-
|
3
|
3
|
Sürməli
|
5
|
1
|
6
|
Dərəkənd-Parçenis
|
3
|
1
|
4
|
Talın
|
1
|
9
|
10
|
Seyidli-Ağsaqqallı
|
-
|
1
|
1
|
Sərdarabad
|
5
|
1
|
6
|
Körpübasar
|
6
|
8
|
14
|
Abaran
|
3
|
24
|
27
|
Dərəçiçək
|
5
|
30
|
35
|
Göyçə
|
-
|
95
|
95
|
Yekun
|
30
|
189
|
219
|
İ.Şopen,860-861.
Yağı əldə etmək üçün xüsusi qurğudan istifadə edilirdi. Bu qurğunun quruluşu çox sadə idi. Bozalt və yaxud qumdan olan dəyirman daşı bir cüt kəl və camış vasitəsilə şaquli vəziyyətdə hərəkətə gətirilərək məhsul üyüdülür, ağac pərin köməyi ilə yağ pres halında sıxışdırılıb çıxarılırdı (415,861). Yağ müəssisələrində həm kətan, həm də küncüt yağları istehsal olunurdu. Burada kətan yağına daha çox üstünlük verilirdi. Ona görə də, kətan bitkisi əsasən yağ əldə etmək üçün əkilirdi. Küncüt ancaq bəzi kəndlərdə əkilirdi. Küncüt yağının istehsalı az olsa da, bu yağın zeytun yağından heç də geri qalmayan xoş ətirli iyi var idi (415,861). Bir batman yağ 4 batman kətan buğdasından alınırdı. Yağ hazırlayan müəssisələr ildə 1.500 batman yağ istehsal edirdi. Müsəlmanlar kətan yağından çıraqların yandırılmasında, ermənilər isə yeməklərin bişirilməsində istifadə edirdilər. Küncüt yağının bir batmanı 8-dən 12 abbasıya, kətan yağı isə 4-dən 6 abbasıya satılırdı (415,861-862).
Adı çəkilən yağlardan başqa yerli əhali gənəgərçək yağından da istifadə edirdi. Gənəgərçək yağı ev şəraitində hazırlanırdı. Bu yağ qatı, rəngi isə qara olurdu və çox pis qoxusu vardı. Gənəgərçək yağından evləri işıqlandırmaq üçün çıraqlarda istifadə edilirdi. Onun bir batmanı 4-dən 6 abbasıya satılırdı (415,862).
İrəvan xanlığının iqtisadiyyatında inkişaf etmiş əsas sahələrdən biri də ticarət idi. Xanlığın yaxın-uzaq ölkələrə gedən karvan yollarının qovuşduğu yerdə yerləşməsi ticarətin inkişafına öz təsirini göstərmişdi. Ticarətdən bəhs etməzdən əvvəl bu ticarət yolları haqqında məlumat vermək yerinə düşərdi. Belə ki, İrəvan xanlığında müxtəlif istiqamətlərə gedən və gələn karvan yolları mövcud olmuşdu. Mənbələr bu yollar haqqında maraqlı məlumatlar verir. Əsas karvan yolları bunlardır: 1. Tiflisdən İrəvan şəhərinə gələn yol idi ki, bu yol iki hissədən ibarətdir: a) Tiflis-Şulaver-Cəlaloğlu-Hamamlı-Abaran-Eçmiədzin-İrəvan; b) Hamamlı-Gümrü-Talın-Eçmiədzin-İrəvan. Talına qədər gələn yol düz və açıq, Talından Eçmiədzinə uzanan yol isə daşlı və susuz idi. Ona görə də, may ayında İrəvana qədər gələn yolda otlar artıq yanmışdı; 2.Tiflis-Qalagir-Başkeçid-Cəlaloğlu-Gümrü-Abaran-Mirək-Sudakənd- Eçmiədzin- İrəvan. Bu yol Mələkə kəndinə qədər hərəkəti çətinləşdirməyən xırda açıq təpəliklərlə əhatə olunmuşdu. Lakin yaşıl otluqlarla və su ilə bol idi. 3. Tiflis-Bozqala-Böyük Qarakilsə-Hamamlı-Pəmbək-Abaran-Mirək-Sudakənd-Çaləli-İrəvan-Eçmiədzin. Bu yolun iki çətinliyi vardı. Birincisi, Əştərək kəndinə 10 verst qalmış bu yol daşlıqlardan ibarət idi. Çünki üç verst uzunluğunda olan Pəmbək dağını keçmək lazım idi. Buradan İrəvana qədər yollar susuz və boş çollərlə əhatə olunmuşdu. Əvəzində Hamamlıdan Eqvard kəndinə qədər yol yaşıl otluq və su ilə bol idi. 4. Böyük Qarakilsə-Qəmzəçəmən-Eşşəkmeydan-İrəvan. Bu yol əsasən Gəncə yolundan başlayaraq Akstafa çayının sahili ilə hərəkət edərək Dilican dərəsindən keçməklə Eşşəkmeydana, buradan Göyçə gölünün yaxınlığından, Zəngi çayının mənbələrindən dönərək İrəvana doğru yönəlirdi. Yol iri aşırımlardan və sıx meşəlikdən keçirdi; 5. İrəvan-Naxçıvan-Təbriz-Tehran; 6. İrəvan-Sərdarabad-Arazın sağ sahili-Maku-Xoy-Təbriz (185,23-24,57-58). Qeyd edilən karvan yollarından başqa xanlıqda müxtəlif istiqamətlərə hərəkət edən yollar da mövcud olmuşdu. Məsələn, təkcə Şuragöldən beş əsas yol keçirdi ki, bu yollar Gümrüdə birləşirdi. Buradan isə Talın-Baş Avaran-Mirək; Pəmbəyə doğru Bəykənd-Hamamlı-Böyük Qarakilsə; Osmanlı sərhəddi boyu Arpa çayını keçərək Qars-Ərzurum istiqamətində ayrılırdı (185,20). P.Zubov da əsərində Kartli-Kaxetiyadan İrəvan xanlığına gələn və Naxçıvan xanlığına gedən bəzi yollar və onların yararlı olması və məsafəsi haqqında maraqlı məlumat vermişdi. Onun verdiyi məlumata görə, rusların əlində olan Cəlaloğlu qalasından İrəvana üç yol vardı. Onlardan biri Gümrüdən, ikincisi Dilican dərəsindən, üçüncüsü isə Abaran çayının sahili boyunca keçməklə İrəvan şəhərinə istiqamət götürmüşdü. Birinci yol daha rahat idi və uzunluğu 200 verstə bərabər idi. İkinci yol yay fəslində istifadəyə daha yararlı idi. Üçüncü yol isə nisbətən qısa və ilin əksəriyyət günlərində istifadə etmək olardı. Onun uzunluğu 110 verstə bərabər idi. Bütün bu yollar birləşmiş halda vadi boyunca istiqamət götürərək enişi düz və yoxuşu çətin olan iri Bozabdal dağından keçməklə davam edirdi. Axırıncı yol Qışlaq kəndindən Pəmbək dərəsinə dönərək dağlar arası ilə, böyük hissəsi Abaran çayı boyunca keçir. Əştərək kəndindən daşlı, düz vadi ilə istiqamət götürərək Eçmiədzindən keçməklə İrəvan şəhərinə gedir. İrəvana yol isə Zəngi çayı üzərindəki körpüdən keçirdi (159,135-136). Daha sonra müəllif İrəvandan Naxçıvana gedən yol haqqında məlumat vermişdi. Onun yazdığına görə, İrəvan şəhərindən Naxçıvana 132 verstdir. Bu yol İrəvan şəhərindən Arazın şimal sahili böyunca istiqamət götürərək Naxçıvana gedir. Dəvəli kəndinə qədər yol vadi boyunca istiqamət götürərək Araz çayının sol sahilinə tökülən çoxlu xırda çaylardan keçirdi. Dəvəli kəndindən Naxçıvana qədər yol Qafqaz sıra dağlarının cənub ətəklərini təşkil edən dağlardan, Naxçıvan xanlığının sərhəddində isə Arpa çayını və ona tökülən xırda çaylardan keçirdi (159,136).
İrəvan xanlığından Osmanlı dövlətinə və Azərbaycanın şimal xanlıqlarına istiqamətlənmiş karvan yolları haqqında 1829-1832-ci illərdə keçirilən kameral təsvirdə ətraflı məlumat verilmişdi. Kameral təsvirdə göstərilən yollar aşağıdakılardır: 1.Gümrü-Məsdərə-Sərdarabad-Eçmiədzin-İrəvan-Naxçıvan-Ordubad; 2. Sərdarabad-Cəfərağa kənd-Bəyayazid paşalığı; 3. Sərdarabad-Qulp –Araz sahili ilə Kağızman –Ərzurum; 3. İrəvan- keçmiş Qarabağ xanlığının sərhəddinə qədər. Bu yolun uzunluğu 161 verstdir; 4.İrəvan-Eçmiədzin-Qars. Bu yol Qızılkilsə və Qoşavəng kəndlərindən keçirdi (415,718-721).
Ticarət dövlətin xəzinəsinə böyük gəlir gətirdiyindən İrəvan xanları bu sahəni əllərində cəmləşdirmişdi. Xanlar ticarətə böyük sərmayə yatırırdı. Ticarətdən gələn gəlir hesabına hərəmxana, saray xidmətçiləri və qoşun saxlanılırdı. İrəvan xanları daha varlı tacirlərin şəriki idilər (415,873; 201, c.4, səh.284). XVIII əsrin 80-ci illərin əvvəllərində İrəvan xanı Hüseynəli xanın (1759-1783) Xoy xanı Əhməd xan Dünbülüyə göndərdiyi məktubu buna misal göstərmək olar. Xan məktubunda şəriki tacir Hacı Hadinin Bağdad şəhərindən mal gətirdiyini, malın xeyli hissəsinin satıldığını, qalan hissəsinin- nil (çay?) və qəhvənin isə Xoya göndərildiyini və onun satılmasında Hacı Hadinin adamlarına köməklik göstərilməsini Əhməd xandan xahiş edirdi (39,33). Həmçinin xanlığın xan titulu daşıyan nüfuzlu adamları da ticarətlə maraqlanırdı. Onlar «sərdardan ibrət götürərək tacirləri pulla təmin edir, onları himayəyə alırdılar» (415,873). İrəvanda ona qədər belələri yaşayırdı və onlar hər il ticarətə 3 min tümən pul sərf edirdi. Mirzə, bəy və digər məmurlar da gəlirlərini artırmaq məqsədilə İrəvan bazarında pul xərcləyir və xeyli qazac götürürdülər (415,873).
İrəvan xanlığında başlıca ticarət mərkəzi İrəvan şəhəri idi. Burada həm daxili, həm də xarici ticarət güclü inkişaf etmişdi. Şəhərin əlverişli mövqedə yerləşməsi ticarətin inkişafına lazımi şəraət yaratmışdı. 1827-ci il oktyabrın 3-də general Paskeviç knyaz Mixail Pavloviçə ünvanladığı məktubunda İrəvan şəhərinin regionun ticarət münasibətlərində böyük rolundan bəhs edərək yazırdı: «İrəvan alındıqdan sonra şəhər tamamilə dağıdılmışdır. Lakin evlərin dağılması vacib deyil. İmperatorumuzun idarəçiliyi sayəsində əhali tezliklə varlanacaq və yeni binalar tikiləcəkdir. İrəvanın ən böyük əhəmiyyəti onun üç dövlətin əhatəsində yerləşməsidir. Onun İran və Osmanlı dövlətləri ilə çevik ticarəti bizə görünməmiş qazanc gətirəcəkdir» (296,567).
İrəvan şəhəri müxtəlif ölkə və xanlıqlardan gəlmiş tacirlərlə dolu olardı. Şəhər anbarlarında müxtəlif ölkələrdən gətirilmiş çoxlu ticarət malları toplanmışdı. Burada İrandan və digər xanlıqlardan İrəvana xalça, şal, şəkər, qəhvə, nabat, şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal, xurma, ipək, dəri, tünd boyaq, pambıq parça, kişmiş, noxud, nar və üzüm şirəsi, Kartli-Kaxetiyadan alma, armud, xurma, əncir, kişmiş, qoz, zoğal, badam və başqa meyvələr, Osmanlı dövlətindən isə müxtəlif növ parça, yağ, yun, zəy, marena, xarici çaxır, araq, yerli çaxır, bal, mum, qoz və müxtəlif meyvələr, tir, taxta və taxta piyalə və s. gətirilmiş mallar var idi (415,883-884).
İrəvan xanlığından da bir sıra ölkələrə müxtəlif çeşiddə ticarət malları ixrac edilirdi. Məsələn, İrəvandan Osmanlı dövlətinə duz, qənd, ipək, yun, pambıq parçalar, düyü, tütün, xam pambıq, koşenil, cürbəcür meyvə, Kartli-Kaxetiyaya duz, kişmiş, boyaq bitkisi koşenil, ipək, pambıq ixrac edilirdi (173,184; 415,884).
Xanlığın Kartli-Kaxetiya çarlığı ilə ticarət dövriyyəsi daha geniş idi. İrəvan tacirləri böyük kapitala malik olduğundan, onlar İstambuldan, İran və Azərbaycan şəhərlərindən ticarət malları alaraq Tiflis bazarlarında nəğd pula satır və əvəzində alman və rus mallarını alırdılar. İrəvan şəhəri İran və Azərbaycandan Tiflisə və əksinə göndərilən ticarət mallarının anbarı hesab olunurdu (415,872-873; 201, c.4, səh.285). Hətta, müharibələr belə ticarətə mane ola bilməmişdi. Birinci Rusiya-İran müharibəsi dövründə iki ölkə arasında ticarət əlaqələrinin davam etdirilməsi haqqındakı sənədlərdə bir sıra faktlara rast gəlmək mümkündür. 1808-ci ilin fevralın 8-də rus qoşunlarının baş komandanı qraf Qudoviç çara yazdığı məlumatında göstərirdi ki, «Hətta İrəvan tacirlərinin Tiflislə ticarət əlaqələri əvvəlki illərə nisbətən daha da artmış və irəvanlılar mallarla dolu karvanlarını inamla buraya yola salırdılar» (104,447). General Tormasov və General Rtişşev də məktub və məlumatlarında müharibə olmasına baxmayaraq, İrəvanla Tiflis arasında ticarət əlaqələrinin davam etdiyini göstərirdilər (288,498; 289,546).
İrəvan xanlığı işğal edildikdən sonra da İrəvanda ticarət işi dayanmamışdı. 1837-ci ildə İrəvan şəhərinin ticarət anbarlarında müxtəlif ölkələrdən gətirilmiş zəngin ticarət mallarının olması və onların dəyəri haqqında ətraflı məlumat vardır. Məlumata görə, İrəvan şəhərinə Rusiya və alman istehsalı olan çit parça, alman mahudu, qənd, qızıl boyaq, meyvə, kolenkor (pambıq parça növü), indiqo, pambıq parça, ləzgi mahudu, ipək, xalça, zəfəran gətirilirdi. Bütün bu malların ümumi dəyəri 168.200 rus gümüş rubluna bərabər idi. İrandan və Azərbaycanın ayrı-ayrı xanlıqlarından isə maya dəyəri 80 min rus gümüş rublu olan parça, kəşmir yaylığı, müxtəlif ipək parçalar, çadra, qadın geyimləri, rəngli keçə, Ost-hind kiseyi (nəzik şəffaf parça), ingilis çit parçası, ağ kolenkor, xorasan quzu dərisi, qənd, qəlyan tütünü, çubuq qəlyan və digər mallar gətirilirdi. Osmanlı dövlətindən mahud, kolenkor, atlas, Avropa ipək parçası və çiti, koşenil, rəngli şüşə, kətan, bal, güzgü, polad əşyaları idxal edilirdi. Bu malların ümumi dəyəri 10 min gümüş rubul qiymətində dəyərlənirdi (201, c.4, səh.285).
İrəvan şəhərində xarici ticarətlə bərabər daxili ticarət də inkişaf etmişdi. Daxili ticarət əsasən, çoxunun eyni zamanda sənətkar emalatxanaları kimi fəaliyyət göstərdiyi dükanlarda aparılırdı. Bununla yanaşı sırf ticarət dükanları da var idi. Onlar böyük sahələri əhatə edən şəhər bazarlarında cəmləşmişdi. Bazarlardan əlavə, karvansaraların ətrafında, qalada və şəhərin müxtəlif hissələrində də dükanlar olurdu. İrəvan şəhərində karvansaraların ətrafında 252, ayrı-ayrı cərgələrdə 543, qalada 32, şəhərin «Təpəbaşı» məhəlləsində 4, «Şəhər» hissəsindəki məscid ətrafında 18, «Dəmirbulaq» məhəlləsində isə 2 dükan vardı. Bu dükanların ümumi sayı 851-ə çatırdı (415,469,881). Dükanlar müəyyən olunmuş muzdla şəhər əhalisinə icarəyə verilirdi (415,882).
İrəvan xanlığında kənd ticarəti də mövcud olmuşdu. Lakin bu sahə zəif inkişaf etmişdi. Bunun əsas səbəbi xanın bir sıra kənd təsərrüfatı mallarını inhisara alması ilə bağlı idi. Xanın fərmanına görə, kəndlilərin bazara çıxardığı pambıq və çəltiyin artıq hissəsi ona satılmalı idi. Əgər kimsə cəsarət edib bu məhsulları başqasına satardısa amansız təqib olunurdu (415,874). Xan tərəfindən bu məhsullara qiymət də təyin edilmişdi. Belə ki, pambığın bir xalvarı 80 gümüş rubla, çəltiyin xalvarı isə 6 gümüş rubla alınırdı. Ucuz satın alınmış mallar tacirlər vasitəsilə Kartli-Kaxetiya, İran və Osmanlı dövlətlərində satdırılaraq küllü miqdarda qazanc əldə edilirdi (415,874).
Xarici və daxili ticarətin cəmləşdiyi yer bazarlar idi. İrəvan şəhərində ən iri bazar «Təpəbaşı» məhəlləsi ilə «Şəhər» məhəlləsi arasında yerləşirdi. Bazar daş tavanın altında bişmiş kərpicdən tikilmişdi. İ.Şopenin yazdığına görə, «əgər bazarın divarları suvansa və rənglənsə Avropa bazarlarından heç də geri qalmaz» (415,881).
İrəvan şəhərində bazarlardan əlavə, meydanlar da vardı. Bu meydanlar adətən, əhalinin söhbət etmək üçün toplaşdığı yerlər idi. Lakin əhalinin burada cəmləşməsindən istifadə edərək, meydanlar ticarət məqsədilə də istifadə olunurdu. Ona görə də, onlar bazar meydanları adlanırdı. İrəvan şəhərində olan bazar meydanları bunlardır: 1.«Xanbağı» meydanı; 2.Bazarla İrəvan qalası arasında yerləşən meydan. Adətən kənd əhalisi bu meydana satlıq mal gətirərdi; 3.Hüseynəli xan məscidi qarşısındakı dairəvi meydan. Bu meydanın ətrafında dükanlar yerləşmişdi; 4.Zalı xan meydanı. Ətrafında bir neçə dükan və iri çinar ağacları vardı; 5.Fəhlə bazarı. Xanlıq dövründə bu meydana hər hansı iş axtaran qara fəhlələr yığışardı. Bazar meydanları icarəyə verilirdi. İcarədar ticarət edənlərdən həm pul, həm də natural şəkildə vergi alırdı (415,877-878).
İrəvan xanlığında ticarətin inkişafına təkan verən çoxlu karvansaralar var idi. Onların əksəriyyəti İrəvan şəhərində, qalada, bəziləri isə mahallarda yerləşirdi. Məşhur fransız səyyahı J.Şardən 1673-cü ildə İrəvanda olarkən «şəhər və qalada çoxlu karvansaraların» olduğunu göstərmişdi (52,22). XVIII əsrin axırlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn isə karvansaraların ümumi görünüşündən bəhs etmişdi. O, yazır: «Şəhərlərdəki karvansaralar yerli qayda üzrə otaqlarla əhatə olunmuş geniş və dördkünc həyətdən ibarətdir. Burada yol boyunca bir-birindən müəyyən məsafədə yerləşən bir qədər başqa formada olan karvansaralara da rast gəlinirdi. Bu binalar böyükdür və iri yonulmuş daşlardan inşa edilmişdi. Onların damları yastı, otaqları tağlıdır. Karvansaraların dörd tərəfində qüllələri vardır ki, bunlar da onları yalnız karvanlar üçün sığınacaq deyil, həmçinin quldurlardan müdafiə olunmaq üçün bir vasitəyə çevirir» (80,51). Karvansaralar tikilərkən burada yük heyvanları üçün otlaq, su quyuları, bulaq və çayların olması nəzərdə tutulurdu. Elə bir karvansara tapılmazdı ki, onda heç olmasa su quyusu olmasın (84, c.1,səh.40; 27,91).
İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi: 1.Gürcü karvansarası-78 dükan. Bunlardan 24-ü şəxsi dükan idi; 2.Culfa karvansarası-38; 3.Zöhrab xan karvansarası-38; 4.Tahir karvansarası; 5.Sulu karvansara; 6.Susuz karvansara. Sonuncu hər üç karvansaranın ətrafında 74 dükan vardı; 7.Hacı Əli karvansarası-40 dükan.
Yol karvansaraları isə bunlardır: 1.Gümrü və Sərdarabadı birləşdirən yolun üzərindəki Talın karvansarası; 2.Dərəçiçək mahalında Tiflis-İrəvan yolunda yerləşən Gərnigöy kəndindəki karvansara; 3 və 4. Göyçə mahalında iki karvansara vardı. Hündür yerdə tikilmiş Qarahasar karvansarası və Çil kəndi yaxınlığındakı karvansara; 5.Göyçə mahalı ilə Dərələyəz arasındakı Səlim karvansarası (415,468-469,878-880).
Qeyd etmək lazımdır ki, şəhər ilə yol karvansaraları bir-birindən fərqlənirdi. Şəhərdə bazar ətrafında cəmləşmiş karvansaralar tacirlər üçün həm mehmanxana, həm də mallarını satmaq üçün bazar hesab olunurdu. Belə ki, kavansaraların ətrafında çoxlu dükanlar vardı. İrəvana gələn istənilən tacir ilk növbədə karvansara ətrafında yerləşən boş dükan tutaraq mallarını bura yığırdı. Yol karvansaraları böyük yolların üzərində inşa edilirdi. Onlar tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri idi (415,880-881).
Karvansaraların bir hissəsi ayrı-ayrı adamlara, bir hissəsi isə xəzinəyə məxsus idi. Xəzinə karvansaraları icarəyə verilirdi. İcarədar tacirlərdən iki adda vergi alırdı. Birincisi, daxildə və xaricdə istehsal edilən mallardan alınırdı ki, bu verginin özü də iki qismə bölünürdü: a) əgər tacir karvansarada malını bir yerdən satırdısa, hər tümənə 1 şahı olmaqla «havayı» adlanan vergi, yox əgər tacir malını satmadan aparırdısa, hər yükünə 4 şahı olmaqla «saxlama» vergisi adlanan vergi ödəyirdi. İkincisi, yolçu tacirdən alınan vergi idi. İcarədar yolçu tacirlərdən gününə 4 şahı, karvansaranın tövləsində saxlanılan hər dəvə, at, kəl və eşşəyə görə 1 şahı, hər çəltik və duz yükünə görə isə 2 şahı məbləğində pul alırdı (415,880).
Ticarət mallarının daşınmasında müxtəlif nəqliyyat vasitələrindən istifadə edilirdi. Belə nəqliyyat vasitələrindən dəvə, at, eşşək və kəl arabasını qeyd etmək olar. Bu nəqliyyat vasitələrində daşınan yükün miqdarı bir-birindən fərqlənirdi. Məsələn, bir dəvə yükü 60 batmana, yaxud 16 pud 27 funta və 84 misqala, at yükü 40 batman, yaxud 11 pud 1 funta və 48 misqala, kəl yükü 37 1/2 batman, yaxud 9 pud 36 funt və 34 misqala, eşşək yükü isə 25 batman, yaxud 6 pud 38 funt və 12 misqala bərabər idi (201, c.4, səh.285-286).
İrəvan xanlığında ticarət əməliyyatlarının gedişində müxtəlif pul, çəki və ölçü vahidlərindən istifadə olunurdu. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da pul kəsilməsi haqqında mənbələrdə məlumata rast gəlmək olur. Məşhur osmanlı səyyahı Övliya Çələbi İrəvanda olarkən xan sarayının sol tərəfində pul kəsmək üçün xüsusi tikilinin olması haqqında məlumat vermişdi. Burada abbasi və bisti kəsilirdi (411,155). İrəvan tüməni xanlıq dövründə ən çox işlədilən pullardan hesab olunurdu (24,97). Digər məlumatda isə, İrəvanda qarapul adlanan mis pulların kəsilməsi qeyd olunur. Dörd qarapul 7 rus mis qəpiyinə bərabər idi (201, c.4, səh.288).
İrəvan xanları pul kəsən zərbxanaları icarəyə verirdilər. İcarədarlar elə keyfiyyətli pul kəsirdilər ki, bu pullar xarici pullarıdan üstün idi (415,888-889). Şəhərdə ticarət tədavülündə istifadə olunan pulları dəyişdirən 20 pulxırdalayan məntəqə fəaliyyət göstərirdi (415,851). Bazarlarda yerli pul vahidləri ilə yanaşı İran, Osmanlı, Rusiya dövlətlərində və Azərbaycan xanlıqlarında kəsilmiş pullara da rast gəlinirdi. Bu pul vahidləri qızıl, gümüş və misdən ibarət idi. İrəvan bazarında ticarət əməliyyatlarında tümən, sahibqran və yaxud minaltun, pənahabad, qarapul, şahı, bisti, real, rusiya imperialı, hollandiya çervonu, osmanlı darülxliafı və mahmudi; gümüş pullardan rus rublu, gürcü abbası, üç növdə osmanlı kuruşu, para və rus qroşu işlədilirdi (415,888-890; 201, c. 4, səh.287-288). (Bax, səh.328)
İrəvan xanlığında müxtəlif pul vahidi işlədildiyi kimi, müxtəlif çəki və uzunluq vahidlərindən də istifadə edilirdi. Çəki vahidlərindən xalvar, batman, stil, pud, misqal, somar, taçkir, kod və s. qeyd etmək olar (415,886; 201, c.4, səh.286-287). (Bax, səh.328)
Bazarlarda hər hansı bir malı çəkmək üçün «əttar» və «mizan» adlandırılan tərəzilərdən istifadə olunurdu. Əttarın hərfi mənası müxtəlif kiçik baqqal malları, ətriyyat və dava-dərmanlarla ticarət edən şəxs deməkdir. Əttar kiçik əl tərəziləri idi. Mizan ərəb dilində çəki, ağırlıq deməkdir (75,140). Mizan tərəzilərini xan tərəfindən təyin olunmuş mizandar idarə edirdi. Bu tərəzilərdə ipək və xaricdən gətirilmiş mallar çəkilirdi (415,886; 27,123-124). Tərəzi daşları da icarəyə verilirdi. Bütün xanlıqda eyni çəki ölçüsünü saxlamaq üçün tərəzilər İrəvan bazarında yerləşirdi. İ.Şopen yazır ki, yerli əhali ərzaq alarkən, aldanmamaq üçün onun çəkisini yoxlamaq məqsədilə mizan-əttar tərəzisində çəkdirirdilər. Lakin bu havayı başa gəlmirdi. Malın növündən asılı olaraq icarədara müxtəlif miqdarda pul ödənməli idi. Verilən pulun miqdarı belədir: 1 batman ipək-45 gümüş qəpik; 1 batman indiqo (tünd sürməyi rəng)-45 gümüş qəpik; çəkmək üçün gətirilən hər hansı maldan-2 gümüş qəpik; 1 batman pambıq, yağ, donuz piyi, bal, mum, tütün-1gümüş qəpik; ölçüsünə baxmayaraq qabdan-1 gümüş qəpik; 1 batman yun, noxud, mərci, paxla, meyvə, badam, qoz-1 gümüş qəpik (415,886-887).
İrəvanda xan arşını, xalvar, somar, taçkir, batman və ağac kimi uzunluq vahidləri vardı (415, 887-888; 201, c.4, səh.286-287). Xalvar, somar və batman əsasən əkin sahələrinin, arşın müxtəlif parçaların, ağac isə uzaq məsafələrin ölçüsündə istifadə edilirdi (415,888). (Bax, səh.328)
Bütün bu deyilənlərə baxmayaraq, sonuncu Rusiya-İran müharibəsi dövründə və işğaldan bir müddət sonra nəinki kəndlərdə, hətta İrəvan şəhərində də ticarət tamamilə tənəzzülə uğramışdı. Amansız hərbi əməliyyatlar ilk növbədə İrəvanın Kartli-Kaxetiya çarılğı ilə ticarət münasibətlərini tamamilə pozdu. Müxtəlif ölkələrdən ticarət məqsədilə İrəvana gələn karvanların ardı kəsildi. 1827-ci ildə rus qoşunları xanlıq ərazisinə hücum edərkən əhalinin əksəriyyəti əmlakları ilə birlikdə İrəvan qalasına sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmışdı. Sonuncu mühasirə zamanı İrəvan şəhəri və qalası böyük dağıntılara məruz qaldı. İrəvanlıların bir hissəsi döyüşdə həlak oldu. İ.Şopen qeyd edir ki, təhlukə sovuşduqdan sonra 1828-ci ildə irəvanlılar dağıdılmış evlərinin və bağlarının bərpası ilə məşğul olduğundan ticarəti sonrakı ilə saxlamışdılar. Lakin 1829-cu ilin yazında başlayan kütləvi taun xəstəliyi xanlıqda yaşayan əhalinin onda birini məhv etdi. Dükanlar bağlandı, karvansaralar boşaldı, bütün ticarət və sənətkarlıq dayandırıldı. Bu təhlükə yenicə sovuşmuşdu ki, 1830-cu ildə vəba xəstəliyi başladı (415,874).
4.5.Vergi və mükəlləfiyyətlər
İrəvan xanlığında qanunla müəyyən edilmiş vergi sistemi yox idi. Bu xanın və yaxud sərdarın iradəsindən asılı olurdu. Dövlət gəlirlərinı və şəxsi maraqlarını təmin etmək üçün xanlar daim vergilərə diqqət yetirirdilər. Məhz onların fərmanlarına əsasən, kənd təsərrüfatı və sənayenin bütün sahələrini əhatə edən vergilər hər il həcm və sayca dəyişirdi.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da vergilər əhalidən həm pulla, həm də məhsulla alınırdı (223,516; 415,967). Pulla alınan vergi də öz növbəsində iki qrupa bölünürdü: vasitəsiz və vasitəli. Bu vergi həm şəhər, həm də kənd əhalisinə aid idi. Vasitəsiz vergilər ildə bir dəfə taxılçılardan, şəhər əhalisindən, elatlardan və Eçmiədzin (Üç kilsə- E.Q.) kilsəsindən yığılırdı. Vasitəsiz (birbaşa xəzinəyə ödənilən vergilər-E.Q.) vergilər cəmiyyətlər (sosial qruplar-E.Q.) üzrə alınırdı. Bu vergini verən yerli əhali müxtəlif sosial təbəqələri əhatə edir və səkkiz cəmiyyətdə birləşirdi:
Dostları ilə paylaş: |