Əlillərin hüquqları haqqında Konvensiya
Preambula.
Bu konvensiyanın iştirakçısı olan dövlətlər,
a) cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin və onların bərabər və ayrılmaz
hüquqlarının azadlığın, ədalətin və ümumbəşəri sülhün əsası kimi qəbul olunduğu Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsiplərixatırlayaraq,
b) Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümümi Bəyannamədə və İnsan
hüquqları haqqında Beynəlxalq paktlarda hər bir insanın onlarda göstərilən bütün hüquq və
azadlıqlara hər hansı fərq qoyulmadan malik olduğunu bəyan və təsbit etdiyini nəzərə alaraq,
c) insanın bütün hüquqlarının və əsas azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı
asılılığını və qarşılıqlı əlaqəsini, habelə ayrı-seçkiliyə yol verilmədən əlillərə onlardan tam
istifadəyə tam zəmanət verməyi təsdiq edərək,
d) İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, Mülki və siyasi hüquqlar
haqqında Beynəlxalq Pakta, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq
Konvensiyaya, Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında
Konvensiyaya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza
növlərinə qarşı Konvensiya, Uşaqların hüquqlarına dair Konvensiya, Bütün əməkçi-
miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynalxalq
Konvensiyaya istinad edərək,
e) əlilliyin – təkamül edən anlayış olduğunu və əlliliyin insanların səhhətinin pozulması ilə
onların münasibət və mühit baryerləri arasında baş verən və bu insanların cəmiyyətin
həyatında digərləri ilə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan qarşılıqlı təsirin
nəticəsi olduğunu nəzərə alaraq,
f) Əlillərə münasibətdə Ümümdünya fəaliyyət proqramında və Əlillər üçün bərabər imkanların
təmin olunmasının Standart qaydalarında əks olunan prinsip və rəhbər istiqamətlərin
əlillərdən ötrü bərabər imkanların təmin edilməsi üçün milli, regional və beynəlxalq
səviyyələrdə strategiyaların, planların, proqramların və tədbirlərin həvəsləndirilməsinin,
formalaşdırılmasının və qiymətləndirilməsinin vacibliyini nəzərə alaraq,
g) müvafiq sabit inkişaf strategiyalarının tərkib hissəsi kimi əlillik problemlərinin
aktuallaşmasının vacibliyini qeyd edərək,
h) həmçinin əlillik əlamətinə görə istənilən şəxsə qarşı münasibətdə ayrı-seçkiliyin insan
şəxsiyyətinə xas ləyaqət və dəyərlərin alçaldılması demək olmasını nəzərə alaraq,
i) əlillərin müxtəlifliyini nəzərə alaraq,
j) bütün əlillərin, o cümlədən daha fəal şəkildə dəstəklənməyə ehtiyacı olan əlillərin insan
hüquqlarının həvəsləndirilməsi və müdafiə olunması zərurətini nəzərə alaraq,
k) bütün bu müxtəlif sənədlərə və başlanğıclara baxmayaraq, əlillərin dünyanın bütün
yerlərində bərabər hüquqlu üzv kimi cəmiyyətin həyatında iştirak zamanı maneələrlə və
onların insan hüquqlarının pozulması ilə qarşılaşmaqda davam etməsindənnarahat olaraq,
l) hər bir ölkədə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə əlillərin həyat tərzinin
yaxşılaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacibliyini qəbul edərək,
m) əlillərin öz yerli icmalarının ümumi rifahına və çox formalılığına verdiyi hazırkı və
potensial dəyərli töhfələri və əlillərin öz insan hüquqları və əsas azadlıqlarını tam həyata
keçirməsinə, habelə əlillərin tam həcmdə iştirakına kömək göstərilməsinin, onlarda cəmiyyətə
aidlik hissinin möhkəmlənməsinə və cəmiyyətin bəşəri, sosial və iqtisadi inkişafında mühüm
uğurlara nail olmaqda və yoxsulluğun aradan qaldırılmasına imkan verməsi halını nəzərə alaraq,
n) əlillər üçün şəxsi seçim etmək azadlığı da daxil olmaqla, onların şəxsi sərbəstliyi və
müstəqilliyinin vacib olduğunu nəzərə alaraq,
o) əlillərin strategiya və proqramlara, o cümlədən bilavasitə onlara aid olanlara dair qərarların
qəbulu prosesinə fəal cəlb olunması imkanına malik olmalarını hesab edərək,
p) irqi, dərisinin rəngi, cinsi, dili, dini mənsubiyyəti, siyasi və digər etiqadları, milli, etnik,
aborigen və ya sosial mənşəyi, əmlak vəziyyəti, təvəllüdü, yaş və ya digər əlamətlərə görə
çoxsaylı və ya kəskin ayrı-seçkilik formalarına məruz qalan əlillərin qarşılaşdığı çətin
şəraitlərdən narahat olaraq,
q) bir çox hallarda əlil qadın və qızların həm evdə, həm də ondan kənarda böyük təcavüz,
xəsarət yetirilmə və ya təhqir, kobud və ya ikrahlı münasibət, pis rəftar və ya istismar olunma
risqinə məruz qalmalarını nəzərə alaraq,
r) əlil uşaqların bütün insan hüquqlarından və əsas azadlıqlarından digər uşaqlar ilə bərabər
həcmdə istifadə etməli olduqlarını qəbul edərək və bununla əlaqədar uşaq hüquqları ilə bağlı
üzərlərinə götürdüyü öhdəlikləri Konvensiya iştirakçısı olan dövlətlərəxatırladaraq,
s) əlillər tərəfindən insan hüquqları və əsas azadlıqlarının tam şəkildə həyata keçirilməsinə
kömək edilməsi üzrə bütün səylərdə gender aspektinin nəzərə alınması zərurətini qeyd edərək,
t) əlillərin əksəriyyətinin yoxsulluq şəraitində yaşaması faktını qeyd edərək və bununla
əlaqədar yoxsulluğun əlillərə mənfi təsiri problemi ilə ciddi məşğul olmaq zərurətini qəbul
edərək,
u) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində şərh olunan məqsəd və prinsiplərə tam
hörmət edilməsinə və insan hüquqları sahəsində tətbiq olunan müqavilələrə riayət edilməsinə
əsaslanan sülh və təhlükəsizlik şəraitinin əlillərin tam müdafiə olunması üçün, o cümlədən
silahlı münaqişələr və xarici dövlətlərin işğalı zamanı əlillərin müdafiəsi üçün mütləq şərt
olmasını nəzərə alaraq,
v) əlillərə bütün insan hüquqlarından və əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə
imkan verdiyindən onların fiziki, sosial, iqtisadi və mədəni mühitdən, səhiyyə və təhsildən,
habelə informasiya və rabitədən istifadə imkanlarının vacibliyini qəbul edərək,
w) hər bir ayrıca insanın digər insanlara və aid olduğu kollektivlərə münasibətdə müvafiq
vəzifələrə malik olaraq, İnsan hüquqları haqqında Beynalxalq qanunlarda qəbul olunan
hüquqların həvəsləndirilməsinə və riayət olunmasına nail olmağa çalışmasınınəzərə alaraq,
x) ailənin cəmiyyətin təbii və əsas özəyi olduğunu və onun cəmiyyət və dövlət tərəfindən
müdafiə edilməyə hüququ olduğunu və əlillər və onların ailə üzvləri onların əlillərin
hüquqlarından tam və bərabər istifadəsi işinə töhfə verməsinə imkan verən zəruri müdafiə və
kömək almalı olmasına əmin olaraq,
y) əlillərin hüquqlarının və ləyaqətinin həvəsləndirilməsi və müdafiəsi haqqında hərtərəfli və
vahid beynəlxalq konvensiyanın əlillərin çox əlverişsiz sosial vəziyyətinin aradan
qaldırılmasına və onların həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bərabər
səviyyədə mülki, siyasi, iqtisadi, sosial və mədəni həyatda iştirakının genişləndirilməsinə
mühüm töhfə olmasına əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Bu Konvensiyanın əsas məqsədi bütün əlillər tərəfindən bütün insan hüquqlarının və əsas
azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və
təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.
Əlillərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə
cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat
pozuntuları olan insanlar aiddir.
Maddə 2.
Anlayış
Bu konvensiyanın məqsədləri üçün:
«ünsiyyət»ə dillərdən, mətndən, Brayl əlifbasından, toxunulmaqla duyulan ünsiyyətdən, böyük
şriftdən, mümkün mültimedia vasitələrindən, habelə çap materiallarından, audio vasitələrdən,
adi dildən, qiraətçilərdən, habelə mümkün informasiya – kommunikasiya texnologiyaları da
daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ metodlarından, üsul və formatlarından
istifadə daxildir; «dil» nitq və jest dilindən və qeyri – nitq dillərinin digər formalarından
ibarətdir; «əlillik əlamətinə görə ayrı-seçkilik» - məqsədi və ya səbəbi siyasi, iqtisadi, sosial,
mədəni, mülki və ya digər sahədə bütün insan hüquqlarının və əsas azadlıqlarının digərləri ilə
bərabər səviyyədə tanınmasının, realizə olunmasının və ya həyata keçirilməsinin
məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma,
istisna və məhdudiyyətlər tətbiq etmədir. Ona bütün ayrı-seçkilik formaları, o cümlədən
ağlabatan uyğunlaşmadan imtina aiddir.
«şüurlu uyğunlaşma» - əlillər tərəfindən digərləri ilə bərabər səviyyədə bütün insan
hüquqlarının və əsas azadlıqlarının realizəsi və həyata keçirilməsini təmin etmək məqsədilə
zəruri olduğu hər bir konkret halda qeyri-mütənasib və əsassız yük olmayan zəruri və uyğun
modifikasiya və düzəlişlər edilməsi deməkdir;
«universal dizayn» - adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün
istifadəyə maksimum mümkün dərəcədə yararlı etmək üçün yaradılmış predmetlərin, şəraitin,
proqram və xidmətlərin dizaynı deməkdir. «Universal dizayn» zəruri hallarda əlillərin konkret
qrupları üçün köməkçi qurğuları istisna etmir.
Maddə 3.
Ümumi prinsiplər
Bu konvensiyanın prispləri aşağıdakılardır:
a) şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi
sərbəstliyinə hörmət olunması;
b) ayrı-seçkiliyə yol verilməməsi;
c) cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma;
d) əlillərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və
bəşəriyyətin bir hissəsi kimi qəbul olunması;
e) imkanların bərabərliyi;
f) əldə etmə imkanlarının mövcudluğu;
g) kişi və qadınların bərabərliyi;
h) əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq
hüquqlarına hörmət.
4 maddə.
Ümumi öhdəliklər
1. İştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin
bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata
keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı-dövlətlər aşağıdakıları öz öhdələrinə
götürürlər:
a) bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunverici,
inzibati və digər tədbirlərin görülməsi;
b) əlillərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların
dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirlərin, o cümlədən qanunvericilik
tədbirlərinin görülməsi;
c) bütün strategiyalarda və proqramlarda əlillərin insan hüquqlarının müdafiəsi və
həvəsləndirilməsini nəzərə almaq;
d) bu Konvensiyaya uyğun gəlməyən istənilən hərəkət və metodlardan çəkinmək və dövlət
orqanlarının və təsisatların bu Konvensiyaya uyğun fəaliyyət göstərməsini təmin etmək;
e) istənilən şəxs, təşkilat və ya xüsusi mülkiyyət hüququna əsaslanan müəssisə tərəfindən əlillik
əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri
görmək;
f) əlilin ehtiyacını təmin etmək məqsədilə standartların və rəhbər oriyentirlərin işlənib
hazırlanması zamanı minimal məsrəflər tələb edən malların, xidmətlərin, avadanlığın və
universal dizaynlı obyektlərin tədqiqat və konstruktor layihələrinin həyata keçirilməsi və ya
mükafatlandırılması;
g) əlillərin konkret ehtiyaclarına uyğunlaşdırılmaq üçün mümkün qədər az adaptasiya və
minimum xərclər tələb edən, onların mövcudluğuna və istifadəsinə kömək edən universal
dizaynlı malların, xidmətlərin və obyektlərin (bu Konvensiyanın 2-ci maddəsində müəyyən
olunan) tədqiqatının və konstruktor nöqteyi-nəzərindən işlənib-hazırlanmasını həyata keçirmək
və həvəsləndirmək, habelə standartların və əsas istiqamətlərin işlənib-hazırlanması zamanı
universal dizayn ideyasını irəli sürmək;
g) təqdiqat və konstruktor işlərinin aparmaq və ya həvəsləndirmək, habelə ilk növbədə bahalı
olmayan texnologiyalara diqqət yetirməklə, əlillər üçün uyğun olan informasiya-
kommunikasiya texnologiyaları, sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi
texnologiyalar da daxil olmaqla, yeni texnologiyaların mövcudluğuna və istifadəsinə kömək
göstərmək;
h) sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar, o cümlədən yeni
texnologiyalar, habelə yardımın digər formaları, köməkçi xidmətlər və obyektlər haqqında
mümkün informasiyaları əlillərə vermək;
i) bu Konvensiyada tanınan hüquqlarla təminat verilən yardım və xidmətlərin təqdim
edilməsini təkmilləşdirmək üçün əlillərlə işləyən mütəxəssislərə və heyətə bu hüquqlarla bağlı
təlim keçilməsini həvəsləndirmək.
2. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə hər bir iştirakçı dövlət malik olduğu
resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə beynəlxalq əməkdaşlığa can
atmaqla bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə
tətbiq olunan öhdəliklərdə ziyan vurmadan bu hüquqların tam realizə olunmasına tədricən nail
olmaq üçün tədbirlər görməlidirlər.
3. Bu Konvensiyanın həyata keçirilməsinə yönələn qanunvericiliyin və strategiyanın işlənib
hazırlanması və tətbiqi və əlillərə dair məsələlər üzrə qərarlar qəbul olunmasının digər
prosesləri zamanı, iştirakçı dövlətlər əlil uşaqlar da daxil olmaqla əlillərlə sıx məsləhətləşir və
onları təmsil edən təşkilatlar vasitəsilə onları fəal şəkildə cəlb edirlər.
4. Bu Konvensiyada heç bir məsələ iştirakçı dövlətlərin qanunlarında və ya bu dövlətdə
qüvvədə olan beynəlxalq hüquq normalarında əks olunan və əlillərin hüquqlarının realizəsinə
mühüm dərəcədə kömək edən hər hansı müddəalara toxunmur. Bu Konvensiyada bu cür
hüquq və azadlıqların tanınmaması və ya onların daha az həcmdə tanınması bəhanəsi ilə bu
Konvensiyanın iştirakçısı olan hər hansı dövlətdə qanunlara, konvensiyalara, qaydalara və ya
adətlərə əsasən tanınan və ya mövcud olan hər hansı insan hüquqlarının və əsas azadlıqlarının
hər hansı şəkildə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.
5. Bu Konvensiyanın müddəaları hər hansı məhdudiyyət və ya istisnalar olmadan federativ
dövlətlərin bütün ərazisinə şamil olunur.
Maddə 5.
Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi
1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və
hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan
bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.
2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən
zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.
3. Bərabərliyin həvəsləndirilməsi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı - dövlətlər
ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.
4. Əlillərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan
konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.
Maddə 6.
Əlil qadınlar
1. İştirakçı dövlətlər əlil qadın və qızların çoxsaylı ayrı-seçkiliklərə məruz qaldığını qəbul edir
və bununla əlaqədar olaraq onların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və
bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlər görürlər.
2. İştirakçı dövlətlər qadınların bu Konvensiyada əksini tapan insan hüquqlarını və əsas
azadlıqlarını həyata keçirilməsinə və realizə etməsinə zəmanət vermək üçün onların hərtərəfli
inkişafının təmin olunması, vəziyyətlərinin yaxşılaşdırılması və hüquq və imkanlarının
genişləndirilməsi üçün bütün lazımi tədbirləri görürlər.
Maddə 7.
Əlil uşaqlar
1. İştirakçı dövlətlər əlil uşaqların digər uşaqlar ilə bərabər səviyyədə bütün insan hüquqlarını
və əsas azadlıqlarını tam həyata keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirləri
görürlər.
2. Əlil uşaqlara münasibətdə bütün hərəkətlər zamanı ilk növbədə diqqət uşaqların ali
maraqlarına ayrılır.
3. İştirakçı dövlətlər əlil uşaqların digər uşaqlar ilə bərabər səviyyədə onların yaşına və
yetkinlik səviyyəsinə uyğun olan onları maraqlanıdıran məsələlər ilə bağlı fikirlərini sərbəst
ifadə etmələrini və bu hüquqların realizəsi üçün əlilliyinəvə yaşına uyğun yardım almalarına
təminat verirlər.
Maddə 8.
Maarifləndirici-tərbiyəvi iş
1. İştirakçı dövlətlər aşağıdakılara na
il olmaq üçün təxirəsalınmaz, səmərəli və lazımi tədbirlər görməyi öhdələrinə götürürlər:
a) əlillik məsələlərində ailə səviyyəsi də daxil olmaqla bütün cəmiyyətin maariflənməsini
yüksəltmək və əlillərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək;
b) həyatın bütün sahələrində cinsi mənsubiyyət və yaş zəminində baş verənlər də daxil
olmaqla, əlillərə münasibətdə sterotiplərlə, mövhumatlarla və zərərli adətlərlə mübarizə
aparmaq;
c) əlillərin potensialının və töhfəsinin təbliğ etmək.
2. Bu məqsədlə görülən tədbirlərə aşağıdakılar daxildir:
a) aşağıdakılara yönəlmiş səmərəli ictimai-maarifləndirmə tədbirlərinin genişləndirilməsi və
aparılması:
i) əlillərin hüquqlarına hörmət olunmasının tərbiyə olunması;
ii) əlillər haqqında müsbət təsəvvürlərin həvəsləndirilməsi və onların cəmiyyət tərəfindən daha
dərindən başa düşülməsi;
iii) əlillərin vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək
bazarında verdikləri töhfənin tanınmasına kömək göstərmək;
b) təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün
uşaqlarda əlillərin hüquqlarına hörmət edilməsinin tərbiyə olunması;
c) bütün kütləvi informasiya orqanlarında əlillərin bu Konvensiyanın məqsədlərinə uyğun olan
təsəvvürlərinin yaradılması;
d) əlillərə və ya onların hüquqlarına həsr edilən təbiyəvi – tanışlıq proqramlarının inkişaf
etdirilməsi.
Maddə 9.
İstifadə imkanları
1. Əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək
imkanının yaradılması üçün iştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə
informasiya-kommunikasiya texnologiyaları və sistemləri də daxil olmaqla, habelə həm şəhər,
həm də kənd rayonlarında yaşayan əhali üçün açıq olan və ya təqdim olunan digər obyekt və
xidmətlərdən, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən istifadəsinin təmin olunması
üçün zəruri tədbirlər görürlər. Bu imkanlardan istifadəyə mane olan maneə və baryerlərin
aşkara çıxarılması və aradan qaldırılmasını əhatə edən bu tədbirlər aşağıdakılara şamil
edilməlidir:
a) məktəblər, yaşayış evləri, tibb müəssisələri və iş yerləri də daxil olmaqla, binalara, yollara,
nəqliyyat və digər daxili və xarici obyektlərə;
b) elektron və təcili xidmətlər də daxil olmaqla, informasiya, kommunikasiya və digər
xidmətlərə;
2. İştirakçı dövlətlər həmçini aşağıdakı məqsədlərlə lazımi tədbirlər görürlər:
a) əhali üçün açıq olan və ya təqdim olunan obyekt və xidmətlərdən istifadə imkanını nəzərdə
tutan minimum standartları və rəhbər istiqamətləri işlənib-hazırlanmaq, onları işə salmaq və
onlara riayət olunmasına nəzarət etmək;
b) əhali üçün açıq olan və ya təqdim olunan obyekt və xidmətləri təklif edən xüsusi mülkiyyət
hüququna əsaslanan müəssisələrin əllillərin də onlardan istifadə etməsinin bütün cəhətlərini
nəzərə almalarını təmin etmək;
c) bütün cəlb olunan tərəflər üçün əlillərin qarşılaşdıqları əldə etmə imkanları problemləri üzrə
təlimatlandırmanın təşkili;
d) əhali üçün açıq olan binaları və digər obyektləri Brayl əlifbası ilə icra olunmuş işarələrlə və
asan oxunan və anlaşıqlı formada təchiz etmək;
e) əhali üçün açıq olan binaları və digər obyektləri onlardan istifadə edilməsi imkanını
asanlaşdırmaq üçün xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və
peşəkar görmə-eşitmə qabiliyyəti zəif olan şəxslər üçün tərcüməçilərin müxtəlif növ xidmətləri
ilə təmin etmək;
f) əlillərin informasiyadan istifadə imkanını təmin etmək üçün onlara kömək və dəstək
göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək;
g) əlillərin İnternet də daxil olmaqla, yeni informasiya – kommunikasiya texnologiyalarından
istifadə imkanlarının genişləndirilməsi;
h) qabaqcadan da əldə edilməsi mümkün olan informasiya – kommunikasiya
texnologiyalarının və sistemlərinin, onlardan istifadə imkanlarının minimum xərclə başa
gəlməsinin layihələndirilməsini, işlənib-hazırlanmasını, istehsalını və yayılmasını
həvəsləndirmək.
Maddə 10.
Yaşamaq hüququ
İştirakçı dövlətlər bir daha hər bir insanın ayrılmaz yaşamaq hüququnu təsdiq edir və əlillərin
onu digərləri ilə bərabər səviyyədə səmərəli həyata keçirməsini təmin etmək üçün bütün zəruri
tədbirləri görürlər.
Maddə 11.
Risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər
İştirakçı dövlətlər beynalxalq humanitar hüquq və insan hüquqlarına dair beynalxalq hüquq da
daxil olmaqla, beynəlxalq hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq silahlı münaqişələr,
fövqaladə humanitar vəziyyətlər və təbii fəlakətlər də daxil olmaqla risk vəziyyətlərində
əlillərin müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri
görürlər.
Maddə 12.
Qanun qarşısında bərabərlik
1. İştirakçı dövlətlər hər bir əlilin olduğu yerdən asılı olmayaraq bərabər hüquqi müdafiə
hüququ olduğunu təsdiq edirlər.
2. İştirakçı dövlətlər əlillərin həyatın bütün sahələrində digərləri ilə bərabər səviyyədə hüquq
qabiliyyətinə malik olduğunu tanıyırlar.
3. İştirakçı dövlətlər öz hüquqi qabiliyyətinin həyata keçirilməsi zamanı əlillərə tələb olunan
dəstəkdən onların istifadə etmələri üçün zəruri tədbirlər görürlər.
4. İştirakçı dövlətlər hüquqi qabiliyyətin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin insan
hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq sui – istifadə hallarının qarşısını almaq üçün
lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq
qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və
seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən
azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün
qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və
qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu
təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə uyğun
olmalıdır.
5. İştirakçı dövlətlər bu maddənin müddəalarını nəzərə alaraq, əlillərin əmlaka sahibliyinə və
onun vəsiyyət edilməsinə, şəxsi maliyyə işlərinin idarə olunmasına bərabər hüquqlarının təmin
olunması üçün, habelə bank ssudalarını, ipoteka kreditlərini və maliyyə kreditləşdirilməsinin
digər formalarını bərabər şəraitdə əldə etməsi üçün bütün zəruri və səmərəli tədbirləri görürlər
və əlillərin öz əmlakından özbaşınalıqla məhrum edilməməsini təmin edirlər.
Maddə 13.
Ədalət məhkəməsinin təmin olunması
1. İştirakçı dövlətlər ədalət məhkəməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o
cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin
bütün mərhələlərində düzünə və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu
yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar.
2. Əlillərin ədalət məhkəməsindən istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər
ədalət məhkəməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə
işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.
Maddə 14.
Azadlıq və şəxsi toxunulmazlıq
1. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə:
a) azadlıq və şəxsi toxunulmazlıq hüququndan istifadə etməsini;
b) azadlıqdan qanunsuz və ya özbaşına məhrum edilməməsini və istənilən azadlıqdan
məhrumetmənin qanuna uyğun olmasını, əlillyin isə azadlıqdan məhrum edilmək üçün əsas
olmamasını təmin edirlər.
2. İştirakçı dövlətlər əlillərin hər hansı bir prosedur əsasında azadlıqdan məhrum edildiyi
halda, onların digər şəxslər ilə bərabər səviyyədə insan hüquqlarına dair beynalxalq hüquqla
razılaşdırılan təminatlardan istifadə etməsini və onlarla edilən rəftarın şüurlu uyğunlaşmanın
təmin edilməsi də daxil olmaqla, bu Konvensiyanın məqsəd və prisiplərinə uyğun olmasını
təmin edirlər.
Maddə 15.
İşkəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza
növlərindən azad olma
1. Heç kəs işkəncələrə və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzaya
məruz qalmamalıdır. O cümlədən, heç bir şəxsin üzərində onun sərbəst razılığı olmadan tibbi
və ya elmi təcrübələr keçirilməməlidir.
2. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə işkəncələrə və qəddar, qeyri-insani
və ya insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalmaması üçün bütün səmərəli
qanunvericik, inzibati, məhkəmə və ya digər tədbirləri görürlər.
Maddə 16.
İstismardan, təcavüzdən və təhqirdən azad olma
1. İştirakçı dövlətlər əlillərin həm evdə, həm də ondan kənarda istismarın, təcavüzün və
təhqirlərin bütün formalarından, o cümlədən gender səbəbli aspektlərdən müdafiəsi üçün
bütün zəruri qanunverici, inzibati, sosial, maarifləndirici və digər tədbirləri görürlər.
2. İştirakçı dövlətlər həmçinin əlillərə, onların ailələrinə və əlillərə baxan şəxslərə yaş-cins
spesifikliyini nəzərə almaqla kömək və dəstək göstəriləməsinin uyğun formalarını təmin
edərək, o cümlədən istismarın, təcavüzün və təhqirlərin formalarından yayınmaq, onları
müəyyən etmək və onlar barədə məlumat vermək məsələləri barədə maarifləndirmə yolu ilə
istismarın, təcavüzün və təhqirlərin bütün formalarının qarşısının alınması üçün bütün zəruri
tədbirləri görürlər. İştirakçı dövlətlər müdafiə olunma üzrə xidmətlərin yaş-cins spesifikliyini
və əlillik faktoru nəzərə alınmaqla təqdim edilməsini təmin edirlər.
3. İstismar, təcavüz və təhqirlərin bütün ifadə formalarının qarşısını almağa can ataraq, iştirakçı
dövlətlər əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş bütün təsisatların və proqramların
müstəqil orqanlar tərəfindən səmərəli müşayət olunmasını təmin edirlər.
4. İştirakçı dövlətlər istismarın, təcavüzün və təhqirlərin istənilən formasının qurbanı olmuş
əlillərin fiziki, koqnitiv və psixoloji bərpası, reabilitasiyası və sosial reinteqrasiyasına kömək
göstərmək üçün bütün zəruri tədbirləri görür, o cümlədən müdafiənin təqdimm olunması üzrə
xidmətlər göstərirlər. Bu cür bərpa və reinteqrasiya müvafiq şəxsin sağlamlığının, rifahının,
özünə hörmətinin, ləyaqətinin və müstəqilliyinin möhkəmləndirilməsinə kömək edən şəraitdə
baş verir və yaş-cins spesifikliyi ilə şərtlənən ehtiyaclar nəzərə alınmaqla həyata keçirilir.
5. İştirakçı dövlətlər əlillərə münasibətdə istismar, təcəvüz və təhqir hallarının aşkar olunması,
təhqiqatı və lazımi hallarda təqibinin təmin edilməsi üçün səmərəli qanunvericilik və
strategiyaları, o cümlədən qadın və uşaqlarla bağlı qanunvericilik və strategiyaları qəbul
edirlər.
Maddə 17.
Şəxsi bütövlüyün qorunması
Hər bir əlil digərləri ilə bərabər səviyyədə onun fiziki və psixi bütövlüyünə hörmət olunması
hüququna malikdir.
Maddə 18.
Yerdəyişmə azadlığı və vətəndaşlıq
1. İştirakçı dövlətlər digərləri ilə bərabər səviyyədə əlillərin yerdəyişmə, yaşayış yerini və
vətəndaşlığı seçmək azadlıqları hüququnu tanıyır, habelə əlillərin aşağıdakı hüquqlarının təmin
edilməsi üçün tədbirlər görürlər:
a) vətəndaşlıq əldə etmək və ya dəyişdirmək hüquqlarına və özbaşına və ya əlillik üzündən
vətəndaşlıqdan məhrum edilməmək hüquqlarına malik olsunlar;
b) əlillik səbəbindən onların vətəndaşlığını və ya onların şəxsiyyətini təsdiq edən digər
sənədləri almaq, bu cür sənədlərə malik olmaq, onlardan və ya yerdəyişmə azadlığı
hüququnun həyata keçirilməsinin asanlaşdırılması üçün zəruri ola bilən müvafiq
prosedurlardan, məsələn immiqrasiyadan istifadə etmək imkanından məhrum olmasınlar;
c) istənilən ölkəni, o cümlədən öz ölkəsini sərbəst şəkildə tərk etmək hüququna malik olsunlar;
d) özbaşına və ya əlillik üzündən öz ölkəsinə qayıtmaq hüququndan məhrum olunmasınlar;
2. Əlil uşaqlar anadan olduqdan dərhal sonra qeydiyyata alınır və həmin andan onlara ad
qoyulması və vətəndaşlıq əldə etmək hüquqlarına, habelə mümkün dərəcədə öz valideynlərini
tanımaq və onların qayğısından istifadə etmək hüququna malikdirlər.
Maddə 19.
Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bütün əlillərin seçim variantı ilə bağlı digər
insanlarla bərabər səviyyədə daimi yaşayış yerlərində yaşamaqdan ibarət hüququnu tanıyır və
onların bu hüquqlarını tam realizə etməsinə və yerli icmalara tam daxil və cəlb olunmasına
kömək etmək, habelə aşağıdakıları təmin etmək üçün səmərəli və lazımi tədbirlər görürlər:
a) əlillərin digər insanlar ilə bərabər səviyyədə öz yaşayış yerini və harada və kiminlə yaşamağı
seçmək imkanına malik olmasını və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmamasını;
b) əlillərin yerli icmada həyatının dəstəklənməsi və ona daxil olmaq üçün zəruri olan fərdi
yardımlar da daxil olmaqla, yerli icmanın bazasında evdə, yaşayış yeri üzrə göstərilən müxtəlif
növ xidmətlərdən və digər köməkçi xidmətlərdən istifadə etmək imkanına malik olmasını,
habelə onların yerli icmadan təcrid olunmasına və seqreqasiyasına yol verilməməlidir;
c) ümumilikdə bütün əhali üçün təqdim olunan xidmətlər və kollektiv istifadə obyektlərindən
əlillərin də bərabər dərəcədə istifadə imkanı olmalı və onların ehtiyaclarına cavab verməlidir.
Maddə 20.
Fərdi hərəkət etmək imkanı
İştirakçı dövlətlər əlillərin maksimal dərəcədə müstəqil fərdi hərəkət etmək imkanlarını təmin
etmək üçün, o cümlədən aşağıdakı yollarla səmərəli tədbirlər görürlər:
a) əlillərin seçdikləri üsullarla, seçdikləri vaxt və münasib qiymətlə fərdi hərəkət etmələrinə
yardım göstərilməsi;
b) əlillərin hərəkəti asanlaşdıran keyfiyyətli vasitələri, qurğuları, yardımçı texnologiyaları və
köməkçi və vasitəçilərin xidmətlərini, o cümlədən onların münasib qiymətlə onların hesabına
olması şərtilə əldə etmək imkanının asanlaşdırılmasını;
c) əlillərə və onlarla işləyən kadrlara hərəkət vərdişlərinin öyrədilməsi;
d) hərəkəti asanlaşdıran vasitələrin, qurğuların, yardımçı texnologiyaların istehsalı ilə məşğul
olan müəssisələrin əlillərin hərəkətinin bütün aspektlərinin nəzərə alınmasına diqqət
yetirməsini təşviq etmək.
Maddə 21.
Fikir və etiqadların sərbəst ifadə olunması və informasiyadan istifadə imkanları
İştirakçı dövlətlər aşağıdakılar da daxil olmaqla bu Konvensiyanın 2-ci maddəsində müəyyən
olunan bütün ünsiyyət formalarından öz seçimlərinə uyğun istifadə etməklə əlillərin digərləri
ilə bərabər səviyyədə informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı da
daxil olmaqla, öz fikir və etiqadlarını sərbəst ifadə etmək hüququndan istifadə edə bilməsi üçün
bütün lazımi tədbirləri görürlər:
a) əlillərin geniş kütlə üçün nəzərdə tutulmuş informasiyalarla əlilliyin müxtəlif formalarını
nəzərə alan texnologiyalardan istifadə etməklə vaxtında və əlavə haqq almadan təchiz
olunması;
b) jest dillərinin, Brayl əlifbasının, əlillərin seçiminə uyğun gücləndirici və alternativ ünsiyyət
üsullarının və ünsiyyətin bütün digər mümkün üsullarının, metod və formatlarının rəsmi
münasibətlərdə qəbul olunması və istifadəsinə kömək göstərilməsi;
c) geniş kütləyə xidmətlər göstərən xüsusi mülkiyyət hüququna əsaslanan müəssisələrin, o
cümlədən İnternet vasitəsilə əlillər üçün məqbul və yararlı formatlarda informasiya və
xidmətlərin təqdim olunmasının təşviq olunması;
d) kütləvi informasiya vasitələrinin, o cümlədən İnternet vasitəsilə məlumat təqdim edənlərin
öz xidmətlərinin əlillər üçün yararlı formaya çevrilməsinin təşviq olunması;
e) jest dilindən istifadənin tanınması və həvələndirilməsi.
Maddə 22.
Şəxsi həyatın toxunulmazlığı
1. Yaşayış yerindən və mənzil şəraitindən asılı olmayaraq, heç bir əlil onun şəxsi həyatının,
ailəsinin, mənzilinin və ya yazışmalarının və digər ünsiyyət formalarının toxunulmazlığına
özbaşına və ya qanunsuz qəsd olunmasına, yaxud onun şərəf və ləyaqətinə xələl yetirilməsinə
məruz qalmamalıdır. Əlillər bu cür qəsd və hücumlardan qanunla müdafiə olunmaq hüququna
malikdirlər.
2. İştirakçı dövlətlər əlillərin şəxsiyyəti, sağlamlığı və reabilitasiyası haqqında məlumatların
məxfiliyini digərləri ilə bərabər səviyyədə mühafizə edirlər.
Maddə 23.
Evə və ailəyə hörmət
1. İştirakçı dövlətlər əlillərə münasibətdə nigah, ailə, atalıq, analıq hüququ və şəxsi
münasibətlərə dair bütün məsələlər üzrə ayrı-seçkiliyin aradan qaldırılması üçün digərləri ilə
bərabər səviyyədə səmərəli və lazımi tədbirlər görür və aşağıdakılara nail olmağa can atırlar:
a) nikah yaşına çatmış bütün nikaha daxil olan əlillərin azad və tam razılığı əsasında nikaha
daxil olmaq və ailə qurmaq hüquqlarının tanınması;
b) əlillərin uşaqlarının sayı və onların doğulması arasındakı interval ilə bağlı azad və
məsuliyyətli qərar qəbul etmək, habelə ailənin reproduktiv davranışı və planlaşdırılması
məsələlərində müvafiq yaşa uyğun məlumatları və maarifləndirməni əldə etmək hüquqlarının
və onlara bu huquqların həyata keçirilməsinə imkan verən vasitələrin təqdim olunması
hüquqlarının tanınmasını;
c) əlil uşaqlar da daxil olmaqla, əlillərin öz təbii artım qabiliyyətini saxlamasını.
2. İştirakçı dövlətlər əlillərin qəyyumluğa, himayəçiliyə, övladlığa götürülməyə və digər anoloji
institutlara münasibətdə - bu anlayışlar qanunvericilikdə olduqda hüquq və vəzifələrini təmin
edirlər; bütün hallarda uşağın ali maraqları birinci dərəcəli əhəmiyyət kəsb edir. İştirakçı
dövlətlər əlillərin öz uşaqlarını tərbiyə etmək üzrə vəzifələrini yerinə yetirməkdə lazımi yardım
göstərirlər.
3. İştirakçı dövlətlər əlil uşaqların ailə həyatı ilə bağlı bərabər hüquqa malik olmalarını təmin
edirlər. Bu hüquqların həyata keçirilməsi və əlil uşaqların gizlədilməsinə, onların atılmasına,
onlara baxmaqdan yayınmağa və onların təcrid olunmasına yol verməmək üçün iştirakçı
dövlətlər əlil uşaqları və onların ailələrini lap əvvəldən hərtərəfli məlumat, xidmət və dəstəklə
təmin etməyi öhdələrinə götürürlər.
4. İştirakçı dövlətlər məhkəmənin nəzarət etdiyi səlahiyyətli orqanların qüvvədə olan qanunlara
və prosedurlara uyğun olaraq bu cür ayrılmanın uşağın ali maraqları üçün zəruri olduğunu
müəyyən etdiyi hallar istisna olmaqla, əlil uşaqların valideynlərinin onların iradəsinə zidd
olaraq ayrılmamalarını təmin edirlər. Uşağın özünün və ya onun valideynlərindən birinin və ya
hər ikisinin əlil olması səbəbindən heç bir halda uşaq valideynlərindən ayrıla bilməz.
5. İştirakçı dövlətlər yaxın qohumlar əlil uşağa baxa bilmədikdə, daha uzaq qohumların cəlb
olunması hesabına alternativ qayğı göstərməsini təşkil etmək, bu cür imkan olmadıqda isə -
uşağın yerli icmada yaşaması üçün ailə şəraitinin yaradılmasını öhdəsinə götürür.
Maddə 24.
Təhsil
1. İştirakçı dövlətlər əlillərin təhsil almaq hüququnu tanıyır. Bu hüququn ayrı-seçkiliyə yol
vermədən və imkanların bərabərliyi əsasında həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün
səviyyələrdə inklyüziv təhsili və bütün həyatı boyu təlimi təmin edir və bu zaman aşağıdakılara
çalışırlar:
a) insan potensialının, eləcə də ləyaqət və özünə hörmət hisslərinin tam inkişafına, insan
hüquqlarına, əsas azadlıqlarına və insan müxtəlifliyinə hörmətin güclənməsinə;
b) əlillərin şəxsiyyətinin, fərdi istedad və yaradıcılığının, habelə onların tam həcmdə əqli və
fiziki qabiliyyətlərinin inkişafına;
c) əlillərə azad cəmiyyətin həyatında səmərəli iştirak etmək imkanlarının verilməsinə.
2. İştirakçı dövlətlər bu hüququnu realizəsi zamanı aşağıdakıları təmin edirlər:
a) əlillərin əlillik səbəbinə görə təhsildən, əlil uşaqların isə pulsuz ibtidai və orta təhsildən
kənarlaşdırılmamasını;
b) əlillərin digərləri ilə bərabər səviyyədə öz yaşayış yerlərində inklyüziv, keyfiyyətli və pulsuz
ibtidai və orta təhsil almaq imkanlarına malik olmalarını;
c) fərdi tələbatı nəzərə alan vasitələr ilə təchiz olunmasını;
d) əlillərin təhsil sistemində effektiv tədrisi yüngülləşdirmək üçün tələb olunan yardımı
almalarını;
e) biliklərin mənimsənilməsinə tam şərait yaratmaq məqsədilə biliklərin və sosial inkişafın
mənimsənilməsinə maksimum kömək edən şəraitdə effektiv ölçülərin götürülməsini təmin
edirlər.
3. İştirakçı dövlətlər əlillərə həyatı və sosial bilikləri mənimsəmək imkanını verərək onlara
təhsil prosesində və cəmiyyətin həyatında iştirak etmək hüququ verirlər. İştirakçı dövlətlər bu
istiqamətdə lazımi tədbirlər görür, o cümlədən:
a) Brayl əlifbasının, alternativ şifrələrin, o cümlədən də alternativ metodların və ünsiyyət
üsulları ilə formatlarının, eləcə də ünsiyyət bacarığının mənimsənilməsinə şərait yaratmaqla
yanaşı həmyaşıdlar tərəfindən dəstəklənməsinə şərait yaradırlar;
b) jest dilinin və karların dilinin mənimsənilməsinə şərait yaradırlar;
c) kor, kar və kar-kor olan əlillərin, o cümlədən əlil uşaqların onları üçün uyğun gələn dil və
metodlarla həyata keçirilməsini təmin edirlər.
4. İştirakçı dövlətlər bu hüququn realizəsini təmin etəmk üçün müəllimlərin, eləcə də Brayl
əlifbasını, alternativ şifrələri, jest dilini bilən müəllimlərin bu işə cəlb olunmasını təmin edirlər.
Bu cür tədris prosesi əlillik problemi baxımından təhsil prosesini əhatə edərək əlillərə yardımın
göstərilməsi istqamətində gücləndirici alternativ metodlardan, ünsiyyət üsulları ilə
formatlardan, tədris metodikası və materiallardan istifadəni əhatə edir.
5. İştirakçı dövlətlər əlillərin ümumi ali təhsilə, peşəkar tədris prosesinə, böyüklər üçün təhsilə
və bütün həyatı boyu tədrisə heç bir diskrminasiya olmadan digər şəxslər ilə birlikdə cəlb
olunmasını təmin edir. Bu məqsədlə iştirakçı dövlətlər əlillərə lazımi vəsaitlərin təqdim
olunmasının da qayğısına qalırlar.
Maddə 25.
Sağlamlıq
İştirakçı dövlətlər əlillərin əlillik əlaməti üzrə heç bir diskrimnasiya olmadan ən ali sağlamlıq
səviyyəsinə malik olduqlarını qəbul edirlər. İştirakçı dövlətlər əlillərin gender xüsusiyyətlərini,
eləcə də sağlamlığa görə reabilitasiya imkanlarını nəzərə almaqla bu kimi xidmətilərdən istifadə
etmələrini təmin etmək üçün zəruri qərarlar qəbul edirlər. Xüsusilə də iştirakçı dövlətlər;
a) əlillər üçün sağlamlığın mühafizəsi ilə bağlı təmənnasız və ya ucuz xidmtlərin keyfiyyətini və
səviyyəsini seçmək imkanı verərək, dövlətin səhiyyə proqramları çərçviəsində onların
reproduktiv və seksual sağlamlığı sahəsində problemlərini də həll etməyə can atırlar;
b) əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması ilə bağlı səhiyyə
xidmətlərini əlillərə təqdim edirlər; buraya erkən diaqnostika, lazımi hallarda isə korreksiya və
xidmətlər, uşaqların və yaşlıların arasında əlilliyi minimuma endirmək kimi xidmətlər də daxil
olur;
c) bu xidmətləri səhiyyə sahəsində bu insanların yaşayış məntəqələrinə daha yaxın yerlərdə, o
cümlədən kənd rayonlarında təşkil edirlər;
d) səhiyyə mütəxəssislərinin əlillərə eyni keyfiyyətli xidmətlər təklif etmələrini tələb edirlər. Bu
eyni zamanda sərbəst və informasiya razılığı əsasında mümkün olub dövlət və özəl səhiyyə
üçün etik standartların qəbulu və tədrisi sayəsində insan hüquqları, şərəf və ləyaqəti, əlillərin
sərbəstliyi və ehtiyacları haqqında məlumatların əldə olunmasını əngəlləyir;
e) tibbi sığortanın və həyat sığortasının təqdimatı zamanı əlillərə qarşı ayrı-seçkilik hallarını
qadağan edirlər. Həyatın sığortası milli qanunvericilikdə təsbit olunduqda və ədalətli və şüurlu
şəkildə təqdim olunduqda bu kimi hal məqsədəuyğun hesab olunur;
f) əlillik nəticəsində qida və ya mayenin qəbulu kimi xidmətlərdən diskriminasiyaya görə
imtina edilməsinə yol verilmir.
Maddə 26.
Abilitasiya və reabilitasiya
1. İştirakçı dövlətlər digər əlillərin dəstəyi ilə əlillərə maksimal müstəqillik, tam fiziki, əqli,
sosial və peşəkar imkanlar vermək və həyatın bütün sahələrinə cəlb etmək istiqamətində əməli
tədbirlər görürlər. İştirakçı dövlətlər kompleks abilitasiya və reabilitasiya xidmətləri ilə
proqramlarını xüsusilə də təhsil, səhiyyə, məşğulluq və sosial xidmət sahəsində təşkil edir,
möhkəmləndirir və genişləndirirlər. Məqsəd bu xidmətlərin və proqramların:
a) mümkün qədər daha tez realizə olunaraq fərdin ehtiyaclarının və güclü tərəflərinin çoxsahəli
şəkildə qiymətləndirilməsinə imkan yaratması;
b) yerli cəmiyyətə və cəmiyyətin həyatının bütün sahələrinə cəlb olunmağa və qoşulmağa
yardım göstərərək könüllü xarakter daşıyıb əlillərin daimi yaşadıqları yerlərdə, o cümlədən
kənd yerlərində mövcud olmalıdır.
2. İştirakçı dövlətlər abilitasiya və reabilitasiya xidmətləri sahəsində işləyən personalın və
mütəxəssislərin inkişafına şərait yaradırlar.
3. İştirakçı dövlətlər əlillər üçün nəzərdə tutulmuş və onların abilitasiyası və reabilitasiyasına
aid assistiv qurğuların və texnologiyaların varlığını və istifadəsini təşviq edir.
Maddə 27.
Əmək və məşğulluq
1. İştirakçı dövlətlər əlillərin əmək hüququnu digər şəxslərin əmək hüququna bərabər tuturlar;
bu hüquqa əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli
şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququ
daxildir. İştirakçı dövlətlər əmək fəaliyyəti zamanı istehsalat travması almış əlillər də daxil
olmaqla, zəruri tədbirlərin, o cümlədən qanunvericilikdə nəzərdə tutulan qaydada, qəbul
edilməsi vasitəsilə əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən məqsədlər üçün
təmin edir və həvəsləndirir:
a) işə qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə irəliləmə, təhlükəsiz və sağlam əmək
şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə əlillik
əlaməti üzrə ayrı-seçkiliyin qadağan olunması;
b) bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırma, təhlükəsiz və sağlam
əmək şəraiti, o cümlədən sataşma hallarından müdafiə və şikayətlərin təmin edilməsi daxil
olmaqla əlillərin ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər
qorunması;
c) əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarının digər şəxslərlə bərabər həyata
keçirilməsinin təmin edilməsi;
d) əlillərə ümumi texniki və peşəkar yönümlü proqramlara, işədüzəltmə xidmətlərinə və
peşəkar, fasiləsiz təhsil prosesinə qoşulmaq imkanının verilməsi;
e) əmək bazarında əlillərin işlə təminatı, xidməti vəzifədə irəliləmə imkanlarının
genişləndirilməsi, eləcə də işin axtarılması, tapılması, saxlanması və bərpasına yardım
göstərilməsi;
f) fərdi əmək fəaliyyəti, sahibkarlıq, kooperativlərin inkişaf etdirilməsi və şəxsi işin təşkili üçün
imkanların genişləndirilməsi;
g) əlillərin dövlət sektorunda muzdlu işə qəbul edilməsi;
h) pozitiv fəaliyyət proqramları, stimul və digər tədbirlərdən ibarət zəruri strategiya və
tədbirlərin köməyi ilə əlillərin özəl sektorda muzdlu işə qəbul edilməsinin stimullaşdırılması;
i) əlillərin iş yerində səmərəli vasitələrlə təmin edilməsi;
j) açıq əmək bazarı şəraitində əlillər tərəfindən iş təcrübəsinin mənimsənilməsinin
mükafatlandırılması;
k) əlillər üçün peşəkar və ixtisas reabilitasiyası, iş yerlərinin qorunması və işə qaytarılma üzrə
proqramların mükafatlandırılması.
2. İştirakçı dövlətlər əlillərin qul kimi və ya asılı vəziyyətdə saxlanılmamasını və digər şəxslərlə
bərabər icbari və məcburi əməkdən müdafiə olunmasını təmin edir.
Maddə 28.
Kafi həyat səviyyəsi və sosial müdafiə
1. İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil
edilməklə kafi həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu
tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin edilməsi və
mükafatlandırılması üçün zəruri tədbirləri görür.
2. İştirakçı dövlətlər əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən əlillərin sosial
müdafiə hüququnu və ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi
və mükafatlandırılması üçün zəruri tədbirləri görür, o cümlədən:
a) əlillərin təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları
və əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi;
b) əlillərə, xüsusilə əlil qadınlara, qızlara və yaşlı insanlara sosial müdafiə və yoxsulluğun
miqyasının azadılması proqramlarından istifadə etmək imkanının təminatı;
c) yoxsulluq şəraitində yaşayan əlillərə və onların ailələrinə zəruri təhsil, məsləhət, maliyyə
yardımı və müvəqqəti patronaj xidməti kimi əlilliklə bağlı məsrəflərin dövlət tərəfindən
qarşılanması imkanından istifadənin təminatı;
d) əlillərin dövlət yaşayış proqramlarından istifadəsinin təminatı;
e) əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadəsinin təminatı.
Maddə 29.
Siyasi və ictimai həyatda iştirak
İştirakçı dövlətlər əlillərə siyasi hüquqlar verərək bu hüquqlardan digər şəxslər ilə bərabər
istifadə etmək imkanı verir və aşağıdakı öhdəlikləri üzərinə götürür:
a) əlillərə ictimai və siyasi həyatda digər şəxslər ilə bərabər birbaşa və ya sərbəst seçilmiş
nümayəndələr vasitəsilə effektiv və geniş şəkildə iştirak etmək, o cümlədən səs vermək və
seçilmək imkanını aşağıda qeyd edilənləri nəzərə almaqla təmin etmək:
i) səsvermə üçün prosedurların, otaqların və materialların anlama və istifadə üçün münasib,
əlverişli və asan olmasının təminatı;
ii) əlillərin münasib olduqda assistiv qurğuların və texnologiyaların köməyi ilə hədə-qorxuya
məruz qalmadan gizli səsvermədə və referendum prosesində iştirakı və dövlət hakimiyyətinin
bütün səviyyələrində hər hansı ictimai funksiyaları həyata keçirmək məqsədilə müəyyən vəzifə
tutmaları üçün namizədliklərini təqdim etmək hüquqlarının müdafiə olunması;
iii) əlillərin sərbəst seçicilər kimi iradələrini bildirmək imkanının və bu məqsədlə onların
xahişinə əsasən, zəruri hallarda, səsvermə prosesində hər hansı bir nümayəndə tərəfindən
onlara yardım göstərilməsinin təminatı;
b) əlillərin diskriminasiya o
Dostları ilə paylaş: |