Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010


II Fəsil İslam ölkələrində elmlərin ən son vəziyyəti



Yüklə 1,48 Mb.
səhifə2/5
tarix25.12.2019
ölçüsü1,48 Mb.
#30007
1   2   3   4   5
235 jsgttxwwfu (1)


II Fəsil
İslam ölkələrində elmlərin ən son vəziyyəti

İslam dünyasında elm və texnologiyanın son vəziy­yə­­ti necədir? Tərif ve­rər­kən, İslam əhalisini altı coğrafi zo­naya ayırırıq. İlk öncə, Ərəbistan ya­rım­adasının və Kör­fəzin altı ölkəsi gəlir. İkinci zona şimaldakı ərəb ölkələ­ridir: Suriya, İordaniya, Livan, Qərbi Fələstin və Qəza. Üçüncü bölgə Türki­yə­ni, müsəlman Orta Asiyanı, İranı, Əfqanıstanı və Pakistanı əhatə edir. Dör­düncü və ən sıx bölgə Banqladeş, Malayziya, İndoneziya ilə Hindistan və Çindəki böyük müsəlman icmalarından meydana gəlir. Beşinci bölgədə Şimali Afrikadakı ərəb ölkələri, altıncı böl­gədə isə ərəb olmayan Afrika ölkələri vardır.

Universitetlərdə 18-20 yaş arasındakı gənclərdən elm və texnologiya üzrə təhsil alanların statistik göstə­ri­ci­lərini elmi potensial üçün bir indeks qəbul etsək; bu nisbət inkişaf etmiş ölkələrdə 12% olduğu halda, İslam ölkələ­rin­də 2% təşkil etməkdədir. Elm və texnologiya sahələrində tədqiqat və araşdırma işlərinə ayrılan ÜMM xərclərində də buna oxşar 1:6 nisbəti nəzərə çarpır. Elmi araşdırmalarla məşğul olanlar haqqında ətraflı heç bir statistik məlumat mövcud deyildir. Bununla yanaşı, İslamabadda 10-13 may 1983-cü il tarixlərində ilk dəfə toplanan İslam Konfransı Elmi Komissiyasına təqdim edilən bir mətndə SSRİ-də mil­yon yarımla və Yaponiyadakı 400 minlə müqayisədə, bü­tün İslam dünyasında cəmi 45 minə yaxın tədqiqatçı və mü­həndisin olduğu qeyd edilmişdir.

Beyrutdakı Amerikan Universitetindən A.B.Zahlana görə, bu və başqa statistika göstəricilərini analiz etsək, İslam aləminin fizika sahəsi də beynəlxalq miqyasda onda bir, elmi nəşrlərdə isə yüzdə bir həcmlik bir varlığı olduğu ortaya çıxar. İslam ölkələri içində elmdə ən qabaqcıl öl­kə­lər­dən biri olan Pakistanın 1983-cü ildə 13 universiteti var­dı. Lakin ölkədə 80 milyonluq bir əhali üçün 13 fizika pro­fessoru və 42 fizika elmləri doktorundan ibarət müəl­lim heyəti vardı.

Kənardan baxan bir müşahidəçinin təsbiti olaraq, qa­baqcıl elm jurnallarından «Neyçr»da yazan Frensis Gayls «İslam elminin problemi nədir?» sualını ortaya atmışdır. Cavabı belə idi: «Min il bundan əvvəl müsəlmanlar elmin zirvəsindəykən, xüsusilə, riyaziyyatda və tibdə mühüm rol oynamışlar. Onlar Bağdadda və Cənubi İspaniyada minlər­lə insanın cəmləşdiyi universitetlər qurdular. Hökmdarlar öz ətrafına elm adamlarını və incəsənət xadimlərini yığ­dı­lar. Yaradılan azadlıq ruhu yəhudilərin, xristianların və mü­səlmanların birgə çalışmasına imkan verirdi. Lakin bu gün bütün bunlar xoş xatirədən başqa bir şey deyildir.

Elm və texnologiya sahələrində çəkilən xərclər son illərdə arta bilər, ancaq bu artım neft yataqları ilə zəngin ölkələrlə məhduddur… Bu ölkələrdən bəziləri milyardlarla dollar məbləğində zərərə səbəb olan müharibələr aparırlar. Şübhəsiz, bunlar elmə çox az vaxt ayıracaqlar. Kom­mer­si­ya strukturları idxal texnologiyaya əsaslanır və bir sıra öl­kə­nin iqtisadiyyat və təhsil sistemləri orijinal olmaqdan daha çox təqlid xarakteri daşıyır.

Son illərdə neft gəlirləri ilə yüksələn rifah səviyyəsi də çox şeyi dəyişdirmədi. Elm və siyasət, bir çox elm ada­mının narazılıqlarına baxmayaraq, Yaxın Şərqdə hələ də sıx şəkildə bir-birinə bağlıdır. Regionda diktatorluq rejimi hakimdir ki, bu da elmin inkişaf səylərini çətinləşdirir. Tə­bii ki, nəticədə sənayeləşmiş ölkələrə doğru «beyin axını» Yaxın Şərqdə elmi həyatı daha da zəiflədir».

Acı bir dillə qələmə alınmış tənqiddir, ancaq bir çox yerdə gerçəkçi və haqlıdır.

«Neyçr»ın eyni buraxılışında İsraildəki tədqiqatçı in­san potensialı haqqında başqa bir məqalə var. Orada belə yazılır: «Araşdırma və tədqiqat işlərində lazımi akademik təh­sil almış işçilərin sayını ciddi ölçülərdə artırmaq eh­ti­ya­cı, əsasən, qəbul edilir. Milli Araşdırma və İnkişaf Şurası 1974-cü ildə 34800 olan elmi işçi sayını, 1995-ci ildə 150% artıraraq 86700-ə yüksəldilmə­sinin zəruri olduğuna inanır». İsraildəki 34800 rəqəmini, bütün İslam ölkələrin­dəki 45000 rəqəmi ilə müqayisə edin. (Əhalinin nisbəti 1:200-dür.)
«Ey ağıl sahibləri, ibrət alın». (59:2)
Məqalə belə davam edir: «1960-cı illərdə Yeyl Uni­ver­si­tetinin professoru Derek de Solla Prays müxtəlif ölkə­lərin elmdə insan potensialını ölçmək üçün qabaqcıl elmi jurnallarda məqalələri dərc olunan tədqiqatçıların ümumi sayına əsaslanan bir metod işləyib hazırladı və bu ölkədə (İsraildə) əhalisi və ümummilli gəliriylə müqayisədə nor­mal­dan beş qat daha çox elm adamının olduğunu müəyyən etdi. Prays vəziyyətin bu gün də dəyişmədiyini və ölkənin çox sayda təhsilli insan ehtiyatına sahib olduğunu, elm adam­ları və texniki işçiləriylə neft və faydalı qazıntılar kimi çatışmazlıqları kompensasiya edə bilmək qabiliyyə­ti­ni çoxdan ötüb keçmiş bu ölkənin fəxr etmək üçün çox səbə­bi olduğunu qeyd etməkdə təkid edir».

İslamda elmlərin renessansı

Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə liderliyə nail ola bilərikmi? Burada bir şeyi ifadə etmək is­tərdim ki, bir bütün olaraq hamımız, xüsusilə də gənc­lə­ri­miz, bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdırlar. Təki biz, fikir inanclarımızdan qopmayaq və İslamın ilk dövrlərindəki həyatımızı yaddan çıxarmayaq. Ancaq bu­nun renessansa gedən kəsmə yol olmadığını da unut­ma­ma­lıyıq. Bugünkü şərtlər daxilində, bu yola qədəm qoy­muş hər hansı bir ölkənin gəncliyi həvəsləndirilməli və millət də arzulu bir fədakarlıqla özünü bu işə həsr etməli, in­san potensialımızın yarıdan çoxuna müsbət elmlər tədris etmə­li, fundamental və tətbiqi elmlər sahəsindəki araş­dır­ma və tədqiqat işləri ÜMM-un 1-2%-i ayrılaraq dəstək­lən­məli və bunun da ən az dörddə biri fundamental elmlərə ayrıl­ma­lı­dır.

Yaponiyada bu, Meiji inqilabında İmperatorun bili­yin harada olursa-olsun, tapılıb əldə ediləcəyi barədə and içməsi ilə həyata keçirilmişdir. Sovet İttifaqında isə buna, Pyotr tərəfindən qurulmuş Sovet Elmlər Akademiyasında üzvlərin sayını artırmaqla və bütün elm sahələrində aparıcı olmaq arzusuyla nail olunmuşdur. Bu gün bu akademiya xalqın qibtə etdiyi prioritetlərə və imtiyazlara sahib, yarım milyon elm adamı ilə özünü idarə edən bir cəmiyyətə çev­ri­lib. Akademiyanın üzvü Malçevə görə bu, 1945-ci ildə - sovet iqtisadiyyatının müharibə xərcləri ilə darmadağın ol­duğu bir dövrdə reallaşdı. O vaxt Stalin elmə üstünlük ver­mək qərarına gəlir. Heç kimsəylə məsləhətləşmədən So­vet Elmlər Akademiyası ilə əlaqədar bütün elm adam­larının və texniki işçilərin maaşını 300% məbləğində ar­tı­rır. Di­na­mik gənc kişi və qadınlar elmi işçi vəzifəsinə də­vət olunurlar.

Buna oxşar bir hadisə də, indi planlı bir şəkildə və çox yüksək sürətlə Çin Xalq Respublikasında baş verir. Bu sürətlə, XX əsrin sonuna qədər fəza elmlərində, gene­ti­ka­da, mikroelektronikada, yüksək enerji fizikasında və ter­mo­nüvə enerji mənbələrində İngiltərəni ötüb keçməyi qar­şı­sına məqsəd qoyublar. Çinlilər bütün fundamental elm­lərin vacib olduğunu, bugünkü aparıcı elm sahələrinin gə­lə­cəkdə özünə tətbiq sahəsi tapacağını çox yaxşı bilirlər. Bu arada, İslam millətlərinin ÜMM-un Çininkindən çox ol­­duğunu və insan potensialının da heç də ondan aşağı ol­madığını yada salaq. Və Çin bizdən bir neçə onillik müd­dətdən çox qabaqda deyil. Biz də, heç olmasa, Çinlə rə­qabət edərək hədəfimizi müəyyənləşdirə bilmərikmi?

Sözü gedən cəmiyyətlər «yapon» ya da «çin» və ya «hind» elmi kimi müxtəlif şüarlarla təhrif olunmayıblar. Baxmayaraq ki, araşdırma və tədqiqat sahələrinin seçil­mə­sində prioritetlər cəmiyyətdən cəmiyyətə dəyişir, elmin qa­nunları, ənənələri və üsulları universal olaraq qalır. Bu ölkələr «qərb» elmini və texnologiyasını mənimsəməklə öz mədəni dəyərləri məhv olacaq qorxusuna qapılmırlar. Öz adət-ənənələrinə «zəif» deyib təhqir etmirlər.

Daha əvvəl elmlərin himayə altına alınmasından da­nış­mışdıq. Bunun bir tərəfi də, bir elm adamının özünü elmi işlərə həsr etməsinin təminat (zəmanət) altında ol­ması və bunun davam etdirilməsi məsələsidir. Bu gün bir ərəb və ya müsəlman elm adamı və texniki işçisi – ki, Zah­lanın hesablamalarına görə bu cür otuz mindən çox adam var – əgər lazımlı xüsusiyyətlərə sahibdirsə, ABŞ-da və ya İngiltərədə həyatı boyunca kifayətedici məbləğdə bir gə­lir­dən arxayın ola bilər. Bu şəxs, təkmilləşmək və in­kişaf et­mək üçün etibara, bərabər hüquqlara sahib olar. Belə bir şeyin bizim cəmiyyətdə mövcud olub-olmadığını öz-özü­müzə soruşmalıyıq. Sırf hökumətimizin müxalif olduğu bir ölkədən gəldiyi üçün elm adamlarına qarşı fərq qoyub-qoymadığımızı, hətta vəzifələrindən azad edib-etmədiyi­mi­zi özümüzə sual verməliyik.

ABŞ-ın elmlərdə uzun müddətdir davam etdirdiyi irəliləyişi, müharibə illəri ərəfəsində Avropadan qaçmağa məcbur olan elm adamlarını çox yaxşı qarşılayaraq əldə et­diyi danılmaz bir həqiqətdir. «Lakin bu qarşılama səthi de­yildi. Bu elm adamlarına vətəndaşlıq haqqı verildi. «İş­gü­zar səfərləri» qurtardıqdan sonra dərhal ölkələrinə qayıt­malarından söhbət getmirdi. Beləcə, bu elm adamları in­gi­liscə öyrəndilər. ABŞ-da ailə qurub, uşaqlarını burada bö­yüt­dülər. Hər kəsin bildiyi məşhur bir Enriko Fermi əh­va­latı vardır: Fermi 1938-ci ilin dekabr ayında aldığı No­bel mükafatı ilə özünün və ailəsinin yol pulunu ödəyərək, hə­min mərasimdən sonra ABŞ-a getmişdi. Fermi ABŞ-da ilk atom reaktorunu qurma tapşırığını alanda hələ köçkün sta­tusu üçün lazımi rəsmi proseduraların başa çatmasını göz­ləyirdi. Yuxarı instansiyalar bu proseduraları, Aksis Təşki­la­tını narahat edər qorxusuyla sürətləndirmək istəməyiblər. Məsələ bunda idi ki, görəsən bizim ölkəmiz idxal etdiyi elm adamlarından heç olmasa ən yüksək səviyyədə olanlar üçün hansı təşəbbüslər göstərir? Bu insanlara şəxsi ra­hat­lıq verə bilirmi? Bizim üçün var gücləri ilə araşdırma mək­təbləri qursunlar deyə onları qucaqlayaraq qarşılaya bilirikmi?

Məncə, İslam ölkələri arasında gözlə görünən siyasi birlik hələ mümkün olmasa da, bir elmi əməkdaşlıq qurma ehtiyacı var. Belə bir əməkdaşlıq İslam elminin güclü dövr­­lərinin – İbn Sina və əl-Biruni kimi Orta Asiya mən­şəli insanların çox rahat ərəbcə yaza bildikləri, və ya on­ların müasiri İbn Heysəmin Abbasi xəlifəsinin hakimiy­yə­tindəki Bəsrədən çıxıb, Abbasilərin rəqibi olan Fatimi xi­la­fətinə gedə bildiyi zamanların - böyük bir gerçəkliyi idi. Yeni bir İslam elmi birliyi üçün həm biz elm adamları, həm də hökumətlərimiz yenidən şüurlu bir istək və oyanış göstərməliyik. Bu gün biz İslam ölkələrində olan elm adam­ları həcm, elmi mənbə və elmi istehsal cəhətdən, bey­nəlxalq normalarla müqayisədə, yüz də bir ilə onda bir­lik kiçik bir hissəni təşkil edirik. Heç olmasa, elmi re­surslarımızı birləşdirməyimiz, bütün İslam ölkələrinə ya­yılmış elmi mərkəzlərdə özümüzü bir birlik olaraq hiss edib, buna əsasən işləməyimiz lazımdır.

Bu təşəbbüsü dəstəkləmək üçün, fərz edək ki, iyirmi beş illik bir müddət boyunca bu elmi əməkdaşlıq çərçi­və­sində elm adamlarına keçmişdəki İslami əməkdaşlıq illə­rində olduğu kimi, daxili siyasət və məzhəb fərqlərindən uzaq, xüsusi bir yeri olan, xüsusi bir toxunmazlığa sahib şəraiti hökumətlərimizdən tələb edə bilərikmi?

Son olaraq, elmi fəaliyyətimizin beynəlmiləl elmdən təcrid olunduğu qeyd edilməlidir. On altı elmi birliyin üz­vü olan Misirdən başqa, heç bir İslam ölkəsinin çox müx­təlif elm sahələrində müntəzəm iştirak etdiyi beynəlxalq elmi birliklərin sayı beşdən çox olmaması təəccüb doğuran bir həqiqətdir. Bizim sərhədlərimiz daxilində heç bir elmi araşdırma mərkəzi qurulmayıb. Bu sərhədlər daxilində çox az beynəlxalq elmi konfranslar keçirilir. İçimizdən çox az insan, əgər öz ölkəsində yaşayır və işləyirsə, xaricdəki el­mi quruluşlara və yığıncaqlara gedə bilir. Belə bir səfər israflı bir lyuks kimi görülür.

Məhz bu təcriddir ki, məni Beynəlxalq Nəzəri Fizika Mərkəzinin qurulması təklifinin verilməsinə məcbur etdi. Ta ki, inkişaf etməkdə olan ölkələrin fizikləri, öz sahə­lə­rin­dəki yeniliklərdən xəbərdar olmaq üçün ora-bura get­mə­yə başladılar. Bu mərkəz iki BMT quruluşuna – Bey­nəl­xalq Atom Enerjisi Agentliyinə və YUNESCO-ya – bağlıdır. Mərkəzdə hər il inkişaf etməkdə olan ölkələrdən gələn cəmi 1000 fizik arasından yüz yetmişə yaxın ərəb və müsəlman fizik dəstəklənir. Bunlardan on beşi Küveyt Elm Vəqfi ilə Küveyt və Qatar Universitetləri, qalanı da mə­nim İtaliya və İsveçdən əldə etdiyim yardımlarla dəs­tək­lənir.

Bundan əlavə, sadəcə olaraq elm adamlarının maddi təcridindən şikayət etmirik. Bizi həm də beynəlxalq elm nor­malarından kənarda qalmağımız narahat edir. Öz ölkə­mizdə elmi təşəbbüsləri həyata keçirmə tərzimizlə Qərb­də­ki və ya SSRİ Elmlər Akademiyasındakı elm adamlarının tətbiq etdiyi özünüidarə üsulu arasındakı uçurumdan danı­şıram. Belə ki, bizim nə inkişaf etmiş həmkarlar təşkilatı sis­temimiz, nə müstəqil keyfiyyət və sənət işimiz, nə elm adamları tərəfindən idarə edilən elmi müəssisəmiz, nə də baş­qa bir gəlir mənbəyimiz var.

Konkret desək, İslam əməkdaşlığında reallaşdırıla­caq elmi renessans beş prinsipə bağlıdır: əsaslı bir qərar­lı­lıq, himayədarlıq, etibar, özünüidarə və elmi təşəbbüs­lə­rin beynəlmiləlləşdirilməsi.

«Bir qəvim özünü dəyişdirməzsə, Allah da o qəvmi dəyişdirməz». (13:11)

Heç kimin şübhəsi olmasın ki, elmə belə yanaşanlara qarşı çıxanlar olacaqdır. Əsl faciə, belələrinin çox vaxt səh­vən İslamın dini ənənələri adından çıxış etdiklərini id­dia etməsidir. Belələri bu gün də mövcuddur. Londonda çap olunan və çox oxunan İslami bir aylıq jurnaldan aldı­ğım cümlələr bunların elm haqqındakı təsəvvürlərini çox yaxşı əks etdirir:

«Orta əsrlərin elmi, həqiqətən də, İslami bir elm idi mi?

Əl-Kindi, əl-Farabi, İbn Heysəm və İbn Sina kimi or­ta əsr İslam alimlərinin həyat yolu göstərir ki, fərd ola­raq bir müsəlman olmaqdan başqa, şəxsiyyətlərinin və əsər­lərinin İslama heç bir aidiyyəti olmamışdır. Əksinə, onların həyat tərzləri tamamilə İslamdan kənar idi. Bun­la­rın tibb, kimya, fizika, riyaziyyat və fəlsəfədəki nailiy­yət­ləri yunan təfəkkürünün təbii və məntiqi davamıydı.

Əl-Kindi Mutəzilə inanclarına bağlı idi… İbn Hey­səm isə digər bir Aristotelçi idi. Elm tarixçisi De Boerin ifadəsiylə, «ibn Heysəm müxtəlif doktrinaları araşdırmış və bunların, demək olar ki, hamısının həqiqəti axtarmaq üçün az ya da çox dərəcədə uğurlu təşəbbüslər olduğunu başa düşmüşdür». Ona görə, həqiqət sadəcə hiss orqan­la­rı­nın hiss etdiyi şəkildə maddi olaraq ortaya qoyulan bir şey idi. Ümumiyyətlə, İbn Heysəmin mövcud inanışlara qarşı çı­xan bir inqilabçı kimi bilinməsi və İslam dünyasında ha­radasa tamamən unudulması heç də təəccüblü deyil…»

Bu nöqtədə hər hansı bir tərəddüd yoxdur. Öz dedi­yi­mizi özümüz başa düşmürük. Gördüyü işlər sayəsində mü­səlmanların etibar və şərəf qazandığı bir insana qarşı yazıçı davam edərək, keçmiş elmi ənənələrimizi yıxan ey­ni tip tədric siyasətini müdafiə edir:

«Qərbin siyasi hakimiyyətindən qaçmış ölkələr bunu tək tərəfli olaraq uyğun bir izolyasiya təlqini vasitəsilə hə­yata keçirmişlər. Həm Rusiya, həm də Çində vəziyyət belə olmuşdur. Əgər komandan Perri Yaponiya ilə Ameri­ka ara­­sında iqtisadi münasibətlərin başladılmasını Yaponiya­nın işğal edilməsini təxirə salan bir şərt kimi irəli sür­mə­səydi, Yaponiyada da oxşar vəziyyət alınacaqdı…

İslam ölkələri Qərbin həm elmini, həm də texnolo­gi­yasını almaq ehtiyacından imtina etmək yoluyla, özlərini təcrid edərək bir elm siyasəti işləyib hazırlamalıdırlar».

«Hikmət möminin itik malıdır.»

Söhbət texnologiyadan gedirsə, tam razılaşa bilmə­rəm. Ancaq elmlə əlaqədar danışanda, bu mənə, dar dü­şüncəli ilahiyyatçılar tərəfindən dəlalətlə ittiham edilən əl-Biruninin namaz vaxtlarını təyin etmək üçün kəşf etdiyi bir alətdə Bizansın günəş təqvimini istifadə etməsini xatır­ladır. O vaxtı əl-Biruni belə cavab vermişdi: «Bizanslılar bə­­zən yeməklərdə çörək də yeyirlər. İndi siz çörəyə qarşı da dini bir qadağanmı gətirəcəksiniz?»




İslam ölkələrində elmlərin dirçəlişi üçün lazımi addımlar

Burada İslam ölkələrində elmləri dirçəltmək üçün atıl­ması şərt olan addımların qısa xülasəsini verəcəyik. Ən başda, elm (bilik) əldə etməyin heç də ucuz bir şey ol­ma­dığını və əsrlərin gözardı etdiyi şeyləri bərpa etməyə ça­lış­dı­ğımızı yaddan çıxarmamalıyıq.



a) Elm təhsili

Müqəddəs kitabımız Qurani-Kərim təfəkkürə (yara­dı­lış qanunlarının kəşfi və izahı) və mənimsəmə (tex­no­lo­giya vasitəsilə təbiətə hökm etmək) böyük əhəmiyyət ve­rir. Bu­nu və müasir həyatın gerçəklərini nəzərə alsaq, İs­lam əh­linin ilk vəzifələrindən biri orta təhsildən universitet təh­­silinə qədər elm və texnologiyaya yiyələnməyə üstün­lük verməkdir.

1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq görərik ki, İslam ölkələri nəinki in­ki­şaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviy­yə­sinə çatmaq üçün xeyli yol qət etməlidirlər.

İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sa­hələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəs­süf ki, mənim müşahidələrimə görə, humanitar elm­lərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla 1/4 ilə 1/3 arasında dəyişən sayda təbiət elmlərində təhsil alan – üstəlik, çox aşağı səviyyədə – tələbəmiz var. İngil­tə­rə Universitet Təqaüdləri Komissiyasının 1984-cü ildə çap olunmuş son raportunda humanitar elmlərdə oxuyan tə­ləbələrin təbiət və texniki elmlərdə oxuyan tələbələrə nis­bətinin 52:48 şəklində olduğu qeyd edilmişdir. Digər tə­rəfdən isə, Çin və Yaponiyada bütün elm sahələri məc­buri olduğu halda, hətta SSRİ-də fiziklər və ya futbolçular yaxud qadın dərzilər belə ən az 16 yaşına qədər fizika, kim­ya, riyaziyyat və biologiya öyrənməyə məcbur olduq­ları halda, məsələn, Pakistanın təhsil sistemində belə bir məc­buriyyət yoxdur.

Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öy­rə­nir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən iba­rət olmalıdır.

Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin təd­­ri­sinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəl­limlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də ən əsası, gənc tələbələr (şagirdlər) ara­sın­da qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi lazımdır. Sırf maddi çətinliklər üzün­­dən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə ka­ryera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödə­yə bilmirlər.

İslam əhlini (ümmətini) bir bütün olaraq ələ alsaq, gənc müsəlmanları, deyək ki, 14 yaşından etibarən elmi və texnoloji araşdırmalara təşviq edən bir Ali Təhsil İstedad Fonduna ehtiyac var. Hindistana axırıncı səfərlərimdən bi­rin­də, Müsəlman pedaqoqların bir yığıncağında öyrəndim ki, sadəcə şimali Hindistandakı şəhərlərin iyirmisində bu məq­səd üçün ildə təxminən 5 milyon dollarlıq təqaüdə eh­tiyac olduğu hesablanmışdır. Bu isə, təqribən 50 milyon dollarlıq sərmayəsi (kapitalı) olan bir fond qurmaq de­məkdir. Təəssüf ki, Hindistanın müsəlman icması bunu qarşılaya bilmək üçün iqtisadi cəhətdən çox geridir. Onlar və ümmətin digər kasıb təbəqələri üçün belə bir fond qurulmalıdır.

Bütün İslam dünyasına xidmət edə bilmək üçün, bü­tün İslam ölkələrinin istifadə edə biləcəyi ildə 50 milyon dollarlıq bir İslam Elmi İstedad Fonduna ehtiyac var. Belə bir fondun İslam birliyinə əsaslanan bir təməldə qurulması asan bir proyekt olmayacağına görə, heç olmasa, müsəl­man OPEC ölkələri liberal müstəvidə öz elmi fondlarını qura bilərlər. Bu fondlar daha sonra müəyyən coğrafi böl­gələrə yayılaraq, digər İslam ölkələrini də əhatə edə bilər­lər.


b) İslam dünyasında elmi vəqflər

Elm, ancaq müstəqil və istiqrarlı maliyyə mənbələri ilə dəstəkləndiyi təqdirdə inkişaf edər. Cəmiyyətin elmi dəs­təkləməsi üçün mümkün olduğu qədər müxtəlif ka­nal­lar axtarıb tapılmalıdır. Bu mənbə müxtəlifliyi, mən­bələrin bir-birini sığortalaması (əvəz etməsi) baxımından böyük əhə­miyyət kəsb edir. Bu da, bütün seçicilərə cazibədar gəl­məyən yeni və sınaqdan çıxarılmamış fikirlərin qəbul edil­mə­si nöqteyi-nəzərdən əhəmiyyətlidir. Digər tərəfdən, müx­­təlif mənbələrin hər biri bir və ya daha çox ixtisas sa­həsində proyektlərin dəyərini təyin etmək imkanını ar­tı­rır. Beləliklə, çox sayda vəqf olsa, bunlardan biri kənd tə­sərrüfatı proyektləri, digəri energetika proyektləri, bir baş­qası da elm adamlarının təkmilləşməsi üzrə ixtisaslaşa bi­lər.

1973-cü ildə bir İslam Elm Vəqfinin qurulması haq­qında bir təbliğ yazdım. Layihə İslam Konfransı tərəfindən təsdiq olundu və indi bu vəqf hökumətlər arası bir İslam agentliyi kimi qurulub. Müsəlman ölkələrinin ixracatının in­dikindən az olduğu bir vaxtda (iyul, 1973) yazılan bu təbliğ, hər il veriləcək 1 milyon dollarla vəqfin cəmi 1 mil­yard dollar vəsaitə sahib olmasını təklif edirdi. Bu şəkildə, bü­tün İslam ölkələrini əhatə edəcək vəqf, illik gəlirləriylə ABŞ-dakı Ford Vəqfi qədər fonda sahib olacaqdı.

Hal-hazırda, yeni qurulan bir İslam Elm Vəqfinə, baş­lanğıc olaraq, həm kapital, həm də cari elmi xərclər üçün 50 milyon dollarlıq bir gəlir təmin edilməsi plan­laş­dı­­rılır. Aydındır ki, bu, böyük ehtiyaclar və nəzərdə tu­tu­lan araşdırma sahələri üçün tələb olunandan çox-çox aşağı bir rəqəmdir.

Elm və texnologiyada qət edəcəyimiz məsafəni aş­maq və elmi araşdırmalara lazımi vəsait dəstəyini təmin etmək üçün Körfəz regionu ölkələrinə öz elmi vəqflərini qur­maqla yanaşı, – belə ki, Küveyt və Səudiyyə Ərəbistanı bu işə başlayıblar – araşdırma proyektlərini dəstəkləyən və bü­tün ərəb-İslam ölkələrinə açıq olan bir Körfəz Elm Vəq­fi qurmağı məsləhət görərdim. Bu layihə təsis edilən və­saitin beynəlxalq miqyasdakı ölçüsü ÜMM-un 1-2%-dir. Mən də eyni ölçünün qəbul edilməsini, məsələn, ixracat gəlirlərinin 1-2%-i ilə ildə 300-400 milyon dollar gəlir tə­sis edilməsini təklif edirəm. Buna, qarşılıqsız köməklərə əsas­lanan bir sistemdən əldə edilən vəsaitlər də əlavə edilə bilər. Yuxarıda qeyd etdiyim kimi, İslam Elm Vəqfi və Kör­­fəz Elm Vəqfi hər biri geniş ixtisas sahələrində, mə­sələn, biri biologiya və kənd təsərrüfatında, digəri isə fi­zika elmlərində imkanlarını cəmləyə bilər. Hər halda, ərəb-islam dünyasının elmi fondlara kəskin ehtiyacı var və hər iki vəqfin vəsaitləri birləşdirilsə də kifayət etməz.

İslam Elm Vəqfi

1. Bu, İslam ölkələri tərəfindən elm və texnologi­ya­nın yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə bir vəqf qurmaq təklifidir. İslam Konfransı ilə əlaqəli calı­şa­caq olan vəqf müsəlman ölkələri tərəfindən himayə edilə­cək və bu ölkələrdə 1 milyard dollarlıq kapital ilə və 60-70 mil­yon dollar həcmində illik gəlirlə fəaliyyət göstə­rə­cək­dir. Vəqf, siyasətdən kənar, tamamilə elmi bir quruluş ola­caq, İslam dünyasının qabaqcıl elm və texnologiya xadim­ləri tərəfindən idarə ediləcək.

Yaxın Şərqdə, Uzaq Şərqdə və Afrikada heç bir mü­səlman ölkə beynəlxalq keyfiyyət standartlarına çatmaq üçün lazımi elm və texnologiya infrastrukturuna sahib de­yil. Bunun ən başlıca səbəbi, son zamanlarda hökumətin və cəmiyyətin belə bir infrastrukturanı yaratma sahəsində gös­tərdiyi biganəlikdir. Beynəlxalq standartlar nöqteyi-nə­zərindən İslam dünyasında gəlinən səviyyə müasir bir cə­miyyət üçün gözlənilənin onda biridir. (İnkişaf etmiş öl­kələrdə iqtisadi baxımdan fəal iş qüvvəsinin 0.3%-i ÜMM-un 1%-nin xərcləndiyi elm, tibb və texnologiya sahələrində işləyir).

Kifayət qədər vəsait təsis olunmuş bir İslam Elm Vəq­finin iki məqsədlə qurulması təklif olunur: yüksək sə­viyyədə elmi kadrlar yetişdirmək və elmi quruluşlar təşkil etmək. Bu məqsədlərə nail olmaq üçün;

(a) vəqf elm adamı potensialı olmayan elm sahə­lə­rində yeni elmi cəmiyyətlər təşkil edəcəkdir. Mövcud elmi cəmiyyətləri isə daha da gücləndirəcəkdir. Bu, təcili olaraq və sistematik bir şəkildə həyata keçiriləcəkdir.

(b) vəqf müsəlman ölkə xalqlarının ehtiyaclarına uy­ğun olaraq istər nəzəri, istərsə də tətbiqi elm sahələrində bey­nəlxalq səviyyədə elmi araşdırmaların aparılması üçün elmi quruluşların yaradılmasına və bunların gücləndiril­mə­sinə kömək edəcəkdir.

Vəqfin işləri, əsasən, elmlərin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə yönəldiləcək. Vəqfin ilk ça­lış­ma mərhələlərində yuxarıda qeyd olunan iki məqsəddən yüksək səviyyədə elmi kadrların hazırlanmasına üstünlük veriləcək.

Məqsədi (a) yüksək səviyyəli elmi insan potensialı­nın sistematik bir şəkildə yetişdirilməsi və (b) bu insan potensialının məşğuliyyətini təmin etməkdən ibarət olan – vəqf aşağıdakı proqramı tətbiq edəcəkdir:

(a) Elmi cəmiyyətlərin qurulması.

i. Elm adamları boşluqların olduğu və elmi liderlərin mövcud olmadığı sahələrdə elmi irəliləyiş əldə etmələri üçün vəqf tərəfindən himayə ediləcək. Ölkələrinə qayıt­dıq­dan sonra, işlərinə davam edə bilmələri üçün vəqf on­la­ra köməklik göstərəcək. İldə 10 milyon dollarlıq fond, yük­­­­sək səviyyədə təhsil alan 4 min elm adamına, ölkə­lə­ri­nə qayıtdıqdan sonra da min nəfərə və lazımi təchizatlara ki­fayət edə bilər.

ii. Proqramlar, yüksək səviyyəli elmi insan poten­sialı­nı artırmaq üçün mövcud elmi liderlərin ətrafında təş­kil ediləcəkdir. Bu məqsədlə, seçilmiş sahələrdəki elmi iş­ləri gücləndirmək üçün universitetlərin müvafiq şöbələri ilə müqavilələr imzalanacaq. Universitet fakültələrinin key­­­fiyyəti bu müqavilələrdə əsas meyar olacaq. Bu mü­qa­vilələr üçün ildə 15 milyon dollar xərclənə bilər.

iii. İslam dünyasına mənsub elm adamlarının dünya miqyaslı elmi cəmiyyətlərlə əlaqələri.

Müsəlman ölkələrdə mövcud elm təcrid olunması sə­bəbiylə çox zəifdir. Müsəlman ölkələrindəki elm adam­ları ilə dünya miqyaslı elmi cəmiyyətlər arasında əlaqələr, de­mək olar ki, yox dərəcəsindədir. Elm fikir mübadiləsi və tənqidlə zənginləşir. Beynəlxalq səviyyədə təmasları ol­mayan ölkələrdə elm statikləşir və ölür. Vəqf bu vəziyyəti dəyişdirməyə çalışacaqdır. Bu, elm adamlarının tez-tez sə­fərlərə getməsini və beynəlxalq simpozium və konfrans­la­rın keçirilməsini tələb edəcək. 5 milyon dollarlıq bir fond bir ildə iki aylıq 3000 səfərin xərclərini ödəyəcəkdir. Bu rəqəm 10 elm sahəsinə və 15 ölkəyə bölünsə, hər ölkənin payına bir elm sahəsi üçün 20 səfər düşəcəkdir.

(b) Münasib tətbiqi araşdırmaların himayə edilməsi (sponsorluğu).

Vəqf Yaxın Şərq və İslam dünyasında inkişaf prob­lemləri haqqında yeni araşdırma mərkəzləri qurmaq və möv­cudları gücləndirmək məqsədilə 25 milyon dollar xərc­ləyə biləcək. Bu vəsaiti, beynəlxalq səviyyədəki bu ye­ni institutlar səhiyyə, texnologiya – neft texnologiyası da­xil olmaqla – kənd təsərrüfatı texnologiyası və su eh­tiy­yat­ları problemlərini araşdırmağa sərf ediləcəkdir. Digər tərəfdən, bu institutlar beynəlxalq arenaya çıxmaqda on­lara kömək edəcək beynəlxalq keyfiyyət və nailiyyət stan­dartlarını əldə etmək üçün Birləşmiş Millətlərin universitet sistemi strukturunun bir parçası ola bilərlər. (Məsələn, Fi­lip­pində 5-6 milyon dollara qurulmuş Beynəlxalq Düyü İnstitutu kimi).



(c) Vəqf İslam ölkələrində xalqın texnoloji və elmi şüura sahib olması üçün 5 milyon dollar xərcləyəcək. Bu, nəşriyyat, elmi muzeylər, kitabxanalar və sərgilər, kəşf və icadlara verilən mükafatlar şəklində həyata keçiriləcək. Elm və texnologiyanın geniş kütlələr tərəfindən təqdirə la­yiq görülməsi elm və texnologiyanın həqiqi bir təsirə sahib olub-olmaması nöqteyi-nəzərdən mühümdür.

(d) Vəqf ali təhsil müəssisələrində olduğu kimi, orta təhsil müəssisələrində də elm və texnologiya proq­ram­la­rı­nın modernizasiyasında iştirak edəcəkdir.

c) Ölkələrimizdəki texnologiya

Müqəddəs kitabımızda təfəkkür və təzkirə – bilik əldə etmək qədər bu bilik səviyyəsində təbiətə hökm et­məyə də – eyni dərəcədə əhəmiyyət verilir. Qurani-Kərim, bizə vaxtilə texnologiyaya hakim olmuş Davud (ə.s.) və Süleyman (ə.s.) hadisələrini anladır:



«Və Biz dəmiri onun üçün yumşaltdıq…», «Küləkləri onun əmrinə verdik» və «Əmri altında cinlər vardı…» (34:10-10)

Yəni, mənim sadə mülahizələrimlə desək, sarayların, sədlərin, su bəndlərinin və anbarların inşaatında istifadə edi­lən dövrün texnoloji gücünü nəzarət altına aldı. Və da­ha sonra Zülkarneyn hadisəsi ilə dəmir və əridilmiş mis­dən qala bürclərinin inşa edildiyi xatırladılır. Beləcə, me­tallurgiya, ağır konstruksiya texnologiyaları, küləyin gücü və kommunikasiya texnologiyalarına işarə edilir. Hər mü­səlmanın bildiyi kimi, Qurani-Kərim bunlardan gələcək üçün bir nəsihət, insanlar üçün bir nümunə olsun deyə bəhs edir.

Bunun bir misalı da, həmişə ən son müdafiə tex­no­lo­giyasını qurmaq istəmiş Peyğəmbərimiz tərəfindən ortaya qoyulmuşdur. Onun Ərəbistanda ilk dəfə «xəndəyi» mü­dafiə metodu kimi istifadə etməsini yada salın. Və ya Hey­bər qalasını almaq üçün Bizansdan mancanaqlar gətirt­mə­sini düşünün. Düzdür, qala bunlar gətirilməmişdən əvvəl alın­mışdı; ancaq bu qurğular ərəblər üçün çox yeni bir dö­yüş silahı idi.

Bizim cəmiyyətimizin texnologiyada – xüsusilə də yeni elmi nailiyyətlərə əsaslanan texnologiyada – ən yük­sək ustalığa çatmasına çətinlik törədən maneələr nələrdir? Buna baxmayaraq, son on il ərzində ərəb-islam ölkələrində çox qısa bir müddətdə texniki imkanların hazırlanmasına sərf olunan əmək və vəsait insanlıq tarixində heç bir vaxt sərf olunmamışdır. Belə ki, Zahlana görə, hələ 1978-ci ilə qədər bu ölkələr və xarici sponsorlar arasındakı texnoloji kontraktlar üçün 400 milyard dollardan çox vəsait xərc­lən­mişdir. Bu proyektlərə zülallar və neft-kimya məhsulları (160 milyard), nəqliyyat və dövlət xidmətləri (80 milyard), dəmir-polad, dərman preparatları, gübrə istehsalını da əha­tə edən sənaye müəssisələri daxildi.

Təəssüf ki, bu proyektlərin çoxu texnologiyadan kə­nar metodlarla həyata keçirildi. Proyektlərin həyata keçi-ril­məsində, hələ inkişaf etməkdə olan ərəb texniki heyəti­nin iştirakı olmadı, bu potensialdan istifadə edilmədi. Bu­nun səbəblərindən biri proyektlərin parçalanmış, hissələrə bölünmüş olmasıydı. Belə ki, Zahlana görə, 1976-cı ilə qə­dər neft-kimya sahəsində həyata keçirilən 584 layihə 83 bey­nəlxalq firma tərəfindən planlaşdırılmışdı. Bu təcrübə­dən sonra, ərəb dünyasında heç bir ərəb ölkəsinin bu pro­yektlər üçün lazımi dizayn və konstruksiyanı təmin edəcək texniki bazası, bunları yaxşılaşdıracaq və lazım gəldikdə dəyişdirəcək infrastrukturası olmadı, indiyədək də yoxdur.

Bunun əksinə, demək olar ki, bütün ərəb millətləri qə­­­dər əhalisi olan və iyirmi il əvvəl neft-kimya sahəsinə girmiş Yaponiyanı ələ alaq. Yaponlar əzəldən bəri belə qur­­ğuları ixrac etməyin yollarını axtarırdılar və nəticədə son iyirmi il ərzində hər üç yapon qurğusundan biri ixrac edildi. Yaponların kifayət qədər insan potensialından baş­qa, istəkləri də vardı. Əgər kifayət qədər texnologiya ilə məş­ğul olan insan potensialı olmasaydı belə, bunları yetiş­dirmək çox asan idi; çünki ölkədə onsuz da güclü bir elmi baza mövcuddur. Və yüksək elmi səviyyələri ilə tanınan bu insanlar nə edəcəklərini çox yaxşı bilirdilər.

Bu sahədə kökləri bir neçə əsr əvvələ gedən bir səh­lənkarlıq nəticəsində necə geri qaldığımızı daha yaxşı başa düş­mək üçün, o vaxtlar İstanbulda İngilis səfiri olan Uil­yam Etonun 1800-cü ildəki təəssüratlarını necə danış­dı­ğı­na fikir verək: «Bir dəniz səyahəti və maqnitin istifadə edilməsi heç kimin ağlına gəlmir… Zehni genişləmənin və inkişafın böyük mənbəyi olan səyahət, tamamilə dinlərinin qəti əmrləri ilə və rəsmi vəzifəsi olmayan bir şəxsin əcnə­bilərlə münasibətini xoş qarşılamayan bir anlayışla məh­dud­laşdırılmışdır… Buna görə də, elmlə məşğul olan bir kəsə rast gəlmək olmur… Top-tüfəng düzəltməklə məşğul olan ya da gəmi inşa edən yaxud buna bənzər bir iş görən sadə emalatçıdan başqa, bir ixtiraçı çıxsa, ona qarşı dəli bir adamdan bir az yaxşı davranardılar, vəssalam». Söz­lə­rini müasir bir hökmlə bitirir: «Özlərinə istifadəyə yararlı və qiymətli mallar gətirənlərlə alış-verişi xoşlayırlar, an­caq bunları istehsal etməyi sevmirlər».

Bu gün belə, istehsalatda özümüzü təmin eləmək sə­viyyəsinə çatmaq üçün maraq göstərməməyimizin səbəbi nə olmuşdur? Bir neçə İslam ölkəsindən başqa – İndone­ziya kimi – bu problemin həlli bütün ölkələr üçün eynidir: qərarverici mövqedəki şəxslər texniki mənşəli şəxslər deyildir. Ölkələrimiz planlaşdırıcılar və idarəçilər üçün bir cənnətdir. Ancaq texniki mənşəli adamların qərarların alın­­masında payı yoxdur. Məsələn, Pakistanda Plan­laş­dır­ma Komissiyasının 3 il bundan əvvələ qədər bir elm və tex­nologiya şöbəsi yox idi. Bundan başqa, İngilis-Hind in­zi­bati idarə sistemindən irəli gələn bir ənənənin təsiri ilə, ən azı Pakistanda, indiyədək texniki mənşəli bir nəfərin qə­rar vermək qabiliyyətinin olmadığı, verdiyi qərarın uzaq­­­görən olmayacağı qəbul edilir. Deyəsən, biz Yaponi­yada, Çində, Koreyada, İsveçdə, Fransada, bir sözlə, sabit inkişaf edən bütün ölkələrdə elm adamları, texniki şəxslər və dövlətin, sənayenin inkişafını planlaşdıran mü­tə­xəs­sis­lər arasındakı mükəmməl ahəngi, müştərəkliyi və etibarı san­ki hiss etmirik.

Sənaye və elm təməlinə əsaslanan texnologiya ilə ya­naşı, kənd təsərrüfatı, səhiyyə, biotexnologiya, enerji sistemləri, kommunikasiya və müdafiə sistemlərində elm üçün geniş tədqiqat sahəsi vardır. Bütün bu sahələrdə və xüsusilə, müdafiə sahəsində də vəziyyət, təəssüf ki, ey­ni­dir. Müdafiə və təhlükəsizlik sahələrində xaricdən hazır sa­tın almaya «bəli», müdafiə vasitələrinin istehsalı və tex­no­logiyasına isə «xeyr» deyirik. Bu vəziyyət qarşısında in­san istər-istəməz ümidsizliyə qapılır. İbn Haldunun sərt ifadələriylə desək: «Yuxarı mövqedəkiləri hərəkətə gətirən faktor, daha yüksək rifah şərtlərini axtarmalarıdır… Əgər tamahkarlıq bir şəhərdə və ya millət içində yayılsa, o vaxt Allah qəzəblənər… və Allahın Qurandakı sözlərinin mə­na­sı da budur:

«Bir ölkəni məhv etmək istədikdə, onun ər­kö­yün başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləcə, hökm vacib olar və onu dar­madağın edərik» (17:16).


Son söz

Niyə mən bu cür istək və həvəslə elmlə məşğul ol­mağımızın vacibliyini qeyd edirəm? Bu sadəcə Allahın bi­zə bilmə (öyrənmə) ehtiyacını və haqqını verdiyi üçün deyildir. Bu, biliyin günümüzün şərtlərində yalnızca güc mən­­bəyi olduğu və tətbiq edildiyi halda elm maddi inki­şafın əsas amili olduğu üçün də deyil. Beynəlxalq aləmin bir üzvü olaraq bu biliyi yaradanların bizə qarşı duyduğu - haqqında danışılmayan, əslində var olan – xor görmə duy­ğusu aşkar hiss edilir.

Nobel mükafatı laureatı bir fizikin mənə illər öncə dediyi bu sözlər hələ də yadımdadır: «İnsanlığın bilik yu­mağında ən az belə olsun payı olmayan bu ölkələri dəs­tək­ləmək və onlara kömək etmək kimi bir məcburiy­yə­ti­miz varmı?» O, bunu söyləməsəydi belə, nə vaxt ki, bir xəs­təxanaya girsəm, penisillindən tutun həyat xilas edən hər han­sı bir müalicə metoduna qədər bütün tibbi ava­dan­lıq­ların İslam dünyasından heç birimizin payı olmadan ha­zır­landığını görəndə şəxsən qorxunc bir narahatçılıq his­si keçirirəm. İnanıram ki, din adamlarımız da eyni hiss­ləri ke­­çirirlər. Əgər belə deyilsə, onda niyə İmam Qəzali məş­hur «İhya-u Ülumi'd-Din» kitabının ilk fəslində məhz tibb elm­lərindən söz açaraq, heç olmazsa İslam cəmiy­yə­tinin in­kişafı üçün lazımi elmlərin alınıb öyrənilməsini qeyd edib? O, bu elmlərin alınıb inkişaf etdirilməsini bir vacib şərt – bütün cəmiyyətin məcbur olduğu, ancaq cə­miy­yət­dən bəzilərinin onun adından çıxış edərək icra edə biləcəyi bir vəzifə – kimi görmüşdür.

Bu sözlərimlə aramızda «sözü keçən» üç qrup insana müraciət edirəm. Bunlar: Allahın var-dövlət bəxş etdiyi in­sanlar, siyasətdən məsul olan nazirlərimiz və şahzadə­ləri­miz, din adamlarımızdır.

Dəfələrlə qeyd etdiyim kimi, elm ətrafımızdakı dün­ya­nı dərk etməyimizin təməli olduğu, qanunlarının dəyiş­məz olduğu və Allahın dizaynını izah etdiyi üçün mü­hüm­dür. Elm bir başqa cəhətdən də vacibdir: çünki o bizə mad­di fayda və müdafiə gücü verir. Bundan əlavə, elm uni­versal (bəşəri) olduğu üçün əhəmiyyətlidir. Bütün in­san­lığın və xüsusilə də Müsəlmanlar arasında əmək­daşlı­ğın qurulmasına səbəb ola bilər. Beynəlxalq elmə borcu­muz var və canımızı dişimizə sıxıb bu borcu ödəməliyik.

Mən indi 250 min əhalisi olan balaca və çox da varlı olmayan bir şəhərdə yaşayıram. Bu şəhərdə vaxtilə qurul­ma­sını təklif etdiyim Beynəlxalq Nəzəri Fizika Mərkə­zi­nin binasının inşası üçün 1963-cü ildə 1,5 milyon dollar maddi kömək göstərmiş bir bank – Kassa di Rispermio –var. Yenə də bu şəhər indi quruluş mərhələsində olan UNİDO Biotexnologiya Mərkəzi üçün 40 milyon dollarlıq vəsait ayırmağı öhdəsinə götürüb. Niyə bizim şəhərlərimiz və banklarımız bu sahədə yarışmasınlar? Bir neçə gün bundan əvvəl bir Amerikan neft şirkətinin qurduğu Kek Vəqfinin Kaliforniya Texnologiya İnstitutuna dünyada ən böyük teleskopu - diametri 10 metr olacaq - inşa etməsi üçün 70 milyon dollar verdiyini öyrəndiyim zaman onlara qibtəylə baxdım. Bizim keçmişdə astronomiyanın inkişafı üçün gördüyümüz iş məhz bundan ibarət idi.

Daha əvvəl bəhs etdiyim bir-iki faizlik beynəlxalq normalar (ÜMM-un) İslam dünyası üçün araşdırmaya ildə 5 ilə 10 milyard dollar vəsait ayırmaq deməkdir ki, bunun da dördə biri ilə üçdə biri fundamental elmlərə xərclən­mə­li­dir. Kəçən əsrlərdə bu mənada köklü ənənələrimiz vardı. Xatırlayacaqsınız, İmam Qəzali XI əsrdə İraq və İran tor­paqlarından danışanda bunları demişdi: «Bir alimin uşaq­la­rını rahat bir şəkildə böyüdəcəyi başqa heç bir ölkə yoxdur». O vaxtlar Qəzalinin daxilinə qapanmaq və dün­ya­dan uzaqlaşmaq qərarına gəldiyi bir zamandı. Bu gün sadəcə elm adamları tərəfindən idarə edilən bir deyil, bir çox elm vəqfinə ehtiyacımız var. Bizə həm univer­sitet­lə­ri­mi­zin daxilində, həm universitetlərimizdən kənar insan­la­rımız və onların fikirləri üçün comərdlik və daimilik prin­sipləri əsasında işləyən, yüksək səviyyəli beynəlxalq tədris mərkəzləri lazımdır.

Müasir elmin İslamdakı yeri haqqında şübhəsi olan­lar üçün bir daha xatırladım ki, elmin məhdud olduğunu bil­mək üçün yaşayan elmin bir hissəsi olmaq lazımdır. Yox­sa bu gün dünənin fəlsəfi mübahisələrini yaşamağa da­vam edərik. Əmin olun ki, aramızda, xüsusilə də gənc­lə­rimizin içində, çox qabiliyyətli elm adamları var. Öz­lə­rinin də ən böyük arzusu elm səyahətinə çıxmaqdır. Onla­ra etibar edin. Onların müsəlmanlığı, Qurandakı mənəvi də­yərlərə inamı, ən azı başqalarınınkı qədər dərindir və kök salıbdır. Bunun üçün İslama borcluyuq. Qoy elm və elmin məhdudluğu ilə daxilən tanış olsunlar. Həqiqətən də, İslam və müasir elm arasında heç bir təzad yoxdur.

Sözlərimi iki fikirlə bitirmək istəyirəm. Birincisi, öy­rənmə arzusu haqqındadır. Daha öncə ifadə etdiyim ki­mi, Quran və Hz. Peyğəmbərin hədisləri elmi fəaliyyəti və öyrənməyi hər bir müsəlmanın «beşikdən qəbirə qədər» da­vam edən məcburi vəzifəsi olaraq görür. Min il qədər əv­vəl Qəznədə yetişmiş olan əl-Biruni haqqında danışmış­dım. Bir müasiri onun ölüm məqamını belə nəql edir: «Bi­runinin ölüm ayağında olduğunu eşitdim. Onu son dəfə gö­rə bilmək üçün dərhal evinə getdim. Görünüşünə görə, son nəfəsinə çox az vaxt qalmışdı. Mənim gəldiyimi eşi­dən­də gözlərini açdı və belə dedi: «Sən filankəs deyil­sən­mi?». «Bəli» dedim. Bu dəfə «Mənə deyilənə görə, sən İs­lam miras hüququnda dolaşıq bir məsələnin cavabını tap­mısan» dedi və o məşhur məsələni ortaya atdı. Mən «Ey əbu-Reyhan, bu məqamda damı…?» dedim. Belə cavab verdi: «Bunu bilməyərək ölməkdənsə, bilərək ölməyim da­ha xeyirli deyilmi səncə?». Qəlbimdəki üzüntüylə bil­dik­lərimi anlatdım. Evdən çıxanda təzəcə bayır qapısına çatmışdım ki, içəridən ağlaşma səsləri yüksəlməyə başladı. Biruni ölmüşdü.»

Son fikir olaraq, müqəddəs kitabımızdan – ki, əsl mənası anlaşıldıqda Marmadyuk Piktolun ifadəsiylə, «in­sa­nı gözyaşı və vəcdə qərq edən» kitabdan – bir ayəni nəzərinizə çatdırmaq istəyirəm. Bunu çox yaxşı bilirəm ki, Quran şəxsən mənim elmdə hər zaman hiss etdiyim əzəli hikmətdən danışır.



«Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə olunsa, yenə Allahın kəlamları tükən­məz; O, Əziz və Hakimdir». (31:27)

ELM və SƏNƏT




  • Həyat, bioloji və emosional şərait

  • Məlumat – Qayda – Uyarlıq

  • Duyğu çalarlı fikir

  • Fikir çalarlı duyğu



(1927-1988)
Professor Dr. Xudu Məmmədov

Geologiya-mineralogiya elmləri doktoru ,

AMEA-nın müxbir üzvü

Vətəndaş alim Xudu Məmmədov


Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə na­xışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqə­lə­rin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 de­kabr 1927-ci il­də Qarabağ mahalında Ağdamın Mərzili kəndində ziyalı ailə­sində anadan olmuşdur.

1946-cı ildə Ağdamda orta məktəbi bitirən Xudu Məm­­­mədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuş, 1951-ci ildə təhsilini fərqlənmə diplo­mu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya institutuna təyi­nat alır. Xu­du Məm­mədov daha son­ra SSRİ EA-nın Kristallo­qrafiya institutunun aspirantu­rasına daxil olur. Namizədlik disser­ta­siyasının ilkin mövzusu borosilikat-aksinit mineralının quruluşunun təyini ol­muşdur. Amma quruluşu açmaq üçün eksperimental mate­riallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edir­lər.

İkinci dünya müharibəsindən sonra İngiltərə Tikinti Na­­zirliyi nəzdində sement silikatlarının əsas tərkib hissəsi­ni təşkil edən kalsium silikatlarının və hidrosilikatların qu­ru­­lu­şunu öyrənmək məqsədi ilə görkəmli alimlər qrupu yara­dılmışdı. Qrupun rəhbərliyi həmin vaxtdan ömrünün so­nuna qə­dər Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernala tapşırılmışdır. 1953-cü ildə Lon­donda keçirilən III Beynəlxalq sement simpo­zi­u­mu bu qru­pun hesabatına həsr olunmuşdu. Simpoziumda C.Bernal dünyada bu istiqamətdə görülən işləri ümumiləş­di­rərək gös­tərmişdir ki, «sementin bağlayıcılıq və bir sıra başqa xü­su­siyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız se­ment silikatlarınm quruluşu açıldıqdan sonra ya­ra­na bilər». Con Bernalın simpoziumda dediyi bu söz­lər­dən sonra dün­yanın bir çox qabaqcıl laboratoriyaları kal­sium silikat­ların və hidrosilikatların quruluşunu açmaq is­ti­qamətində tədqi­qat­la­ra başlamışdı. Dünyanın görkəmli alim­ləri və dövrünün müasir cihazları ilə zəngin elmi-təd­qiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məm­mədovun elmi rəhbəri aka­de­mik N.V.Belov bu «se­ment sehrinin» açarı olan kso­notlit – Ca6Si6017(OH)2 mi­ne­ralının quruluşunu tədqiq etməyi çox­saylı tələbələri ara­sında gənc Xuduya həvalə etdi.

Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məm­mə­dov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sa­hə­sində böyük qələbə və böyük elmi nailiyyət idi.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristal­lo­qra­­fiya institutunun elmi şurasında «Kristalloqrafiya və Kris­tal­lofizika» ixtisası üzrə «Ksonotlit və vollastonit mi­ne­­ralları­nın kristal quruluşu» mövzusunda müvəffəqiy­yət­lə namizəd­lik dissertasiyası müdafiə edir.

1956-cı ildə X.Məmmədov görkəmli alim Con Be­r­nal­la görüşür. Moskva şəhərində Beynəlxalq Sülh Kon­fran­­sına gələn Con Bernal ixtirası ilə elmi forumlardan ta­nış olduğu X.Məmmədovla görüşmək istədiyini bildirir. Kris­tal­loqrafiya institutunda görüşdən və elmi söhbət­lər­dən sonra onu Londona «Sement silikatlarının qurulu­şu­nun tədqiqi» elmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Con Bernal da öz növ­bəsində Bakıda Xudu müəllimin qonağı olmuş və ona ba­ğışladığı Elm haqqında kitabında belə avtoqraf yaz­mış­dı: «Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova».

M.Çıraqov yazır ki, böyük elmi nailiyyətləri ilə keç­miş SSRİ məkanında və xarici ölkələrdə şöhrət qazanmış Xudu Məmmədovu Moskva və Leninqradın bir çox elmi tədqiqat institutları və ali məktəbləri işə dəvət etdilər. Ancaq vətənə məhəbbət, doğma el-oba istəyi nailiy­yət­lə­ri­ni, arzu və istəklərini xalqının adı ilə bağlamaq, müasir və yeni elmi istiqamətlərin doğma Azərbaycanda məktəbini ya­ratmaq arzusu onu Bakıya – Kimya institutuna qaytardı.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu ola­raq 1960-cı ildə «Kalsium-silikatları və hidrosilikat­la­rın kristallokimyası» monoqrafiyasını yazır. Sement sili­kat­ları­nın quruluşuna dair monoqrafiya yazılmasına Lon­don nəşr­lərindən sifariş olsa da, ingilis dilini yaxşı bil­mə­sinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dili­mizdə yazdı. Silikat kimyası üçün fundamental əhə­­miy­yətə malik olan bu əsər Azərbaycan elm tarixində kris­­tallo­kimyaya dair doğma dilimizdə ilk kitab idi. Mo­noqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöh­rəti qazanmış gənc türk alimi X.Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq «mənim ilk oxucum öz millətim olmalıdır» kəlamları bu insan haqqında çox söz deyirdi.

Xudu Məmmədov millətə, vətənə, doğma təbiətə bağ­­lı adam idi. Təbiət vurğunluğu onun elmi yaradıcı­lığı­nın da əsas ilhamverici amili idi. Xudu müəllimin kitabına ön söz yazan görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan, heyran et­miş və indi də heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur... Xudu Məmmə­do­vu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə də onun sənət mə­sələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqə­sinə dair xüsusi bir əsər yazması çox təbiidir.1


O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük bir qis­mini Azərbaycanda elmi-kütləvi fikrin yayılmasına, iste­dadlı gənc­lərin yaradıcı fəaliyyətə cəlb olunmasına, icti­mai şüurun strukturunda elmi düşüncənin payının artma­sına sərf edirdi. Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm və həyat” verilişi neçə-neçə gəncin elmə münasibətinin formalaşmasında böyük rol oynamaq­la yanaşı, Azərbay­can­da elmi-publisistik dil üslubunun for­malaşmasına böyük təsir göstərirdi. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödə­mək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.

1969-cu ildə Xudu Məmmədov doktorluq disser­ta­siya­sını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Lakin bu formal göstə­ricilər Xudu Məmmədov haqqında çox az şey deyir.

Aşağıda görkəmli Azərbaycan alimi və ilk elmşü­nas­­larımızdan biri Xudu Məmmədovun “Qoşa qanad” əsə­rini oxuculara təqdim etməzdən qabaq bu unikal kitab haq­qında fikir söyləmək istədik. Lakin bu əsər haqqında hər hansı bir söz deməkdənsə, onun özünü bütövlükdə təqdim etməyi məqsədəuyğun hesab edirik. Xudu müəllimin dos­tu, tanınmış həkim və alim Nurəddin Rzayev kitabı şərh etmə­yin çətinliyi barədə belə yazır: “Çox götür-qoydan, kağız və vaxt itirdikdən sonra inandım ki, ... oxucu bu ki­tabı özü oxu­ma­lıdır !”1

Biz də şərhsiz-filansız əsərin özünü təqdim edirik.


Xudu Məmmədov. QOŞA QANAD


Ön söz
Yanlışların üzünə qapı bağlananda

Həqiqət də bayırda qalır.

Taqor

Taqor


Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni baş­lıca işimdən yayındıracaq qədər güclü görünür. Əl­bət­tə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixti­sa­sı­mın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ət­ra­fın­da­kı düşün­cə­lər diqqətimi “elm və sənətin əlaqəsi, qar­şı­lıq­lı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.

Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da ol­­sa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəs­tiş­karı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxt­larda gör­dük­lərimin, oxuduqlarımın və ayrı-ayrı gö­rüş­lərin təsiri al­tın­da formalaşmışdır.

İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu mə­sələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiy­yə­ti məsələ­lərinin vacib hissələridir.

Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın gö­rəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Gö­rü­lə­cək iş­lərin qurtarması həyatın sona çatması olardı. İşin be­lə tü­kən­məzliyinə baxmayaraq insan fikirləşməyə başla­yan­dan bəri həyatın və özünün mahiyyəti haqqında düşün­məyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axta­rış­lar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini an­la­malıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıq­la­rı­nın hamısı aləm haqqındakı təsəvvür­lə­ri­nin, biliyinin nəti­cə­sidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı im­kan­lardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal tə­biidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oy­nayır. Əlbəttə, müəyyən vaxta qədər.


...Bir kimsə əgər olaydı agah

Kim, xəlqi necə yaradır Allah,

Mümkün ki, iradətilə ol həm,

Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çe­virsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qu­rulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.

Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəs­tə­liklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliy­yəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların im­­­ka­nından tam istifadə etmək üçün lazımdır. Elmlə sə­nə­tin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim prob­lemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qar­şı­ya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağ­larda baxsaq, onun zamana görə necə dəyişdiyini gö­rə­rik. Biz “cavab köh­nəlib” deyirik. Bəlkə “sual yeniləşib” de­mək daha doğrudur.

Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əs­lində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualı­dır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-bi­rini necə ta­mamlayır?” kimi suallar hər ikisinin yüksə­li­şin­dəki ziddiy­yətli dövrlərdə irəli sürülür. Alına biləcək ca­vab­lar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, tri­vial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.

Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə ar­xa­sında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zir­və­­lər görür. Hər sualın-sorğunun həlli cavabla bərabər ye­ni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yol­lar­dır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölüm­dən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mə­nəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.

Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər ke­çilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksək­lik­dən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırım­lar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəl­miş olsay­dı­nız, oraya ən rahat yol seçərdiniz. Artıq çatıl­mış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gə­ləcək yolun qısal­dılması üçün lazımdır.

İndi fikir aləmində belə zirvələr çoxdur: mikroalə­min quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haq­­qında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və on­ların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan ve­rir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az de­yil: “Sə­nəti kimya, fizika, biologiya anlayışlarına xırda­la­maq onu yox etmək demək deyilmi?”

Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xır­­da­lana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qə­ri­bə­lik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içə­risinin quruluşunu öyrəndiyinə görə çölünün gözəl­liyi­nə laqeyd ol­sun. Elə də həkimlər, anatomlar. Məgər çiçək­ləri ləçək­lə­rinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən bo­tanik onların gö­zəlliyindən zövq almırmı?

Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşün­dür­mür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həya­tın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənil­dik­cə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öy­­rənməyə inam­sızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öy­rənmək səyini hələ beşikdə ikən öldürə bilər.

Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qə­dər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mər­­kəz olmadığını eşitdikdə daha böyük həyəcan keçir­miş­dir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mər­kəzi olmasın?!

Tanrıları belə özünə oxşadan insana bir gün qalan can­lılarla eyni köklü olduğunu deyəndə necə pərt olma­yay­dı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yük­səklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöh­rətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohum­la­rına” nisbətən daha yüksəkliklərə uzandı.

Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözün­dən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda de­yil, həm də necə təşkil olunmaqdadır.

Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni ye­ni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qat­larına yüksəldir.

Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qor­xusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş gör­mə­məkdir.

Bu baxımından elmin bütün tarixini gözdən ke­çir­mək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsıl­maz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı av­ro­palılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kim­yanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, tri­vial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yox­lanılmağa möhtacdır, onları araşdırmağa dəyər.

“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Ma­şın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.

Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qay­dada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda de­yil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə ta­pa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib ye­ni­dən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz ye­niləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəh­mət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “per­petium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün ol­madığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işi­mizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşın­la­rın yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülmə­li­dir.

Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqın­da­kı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yan­lışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada gö­yə­rə bilməz.

Həyat, bioloji və emosional şərait

Ömür su kimi yenidən yeniyə axıb gedir.

Fəqət cəsəddə bir sabitlik göstərir.

Cəlaləddin Rumi


Soyuq və yaraşıqlı bahar günü idi. Təzəcə yaşıllaşan kolun yanında oynayan uşaqlardan biri özündən xeyli bö­yük yoldaşlarından tez-tez soruşurdu :

  • Bəs budağı qıranda ağac ağlamır?

  • Dedim ki, yox!

  • Bəs kollar üşümür?

  • Yox, yox, yox!

Böyük üçün bu suallar çox maraqsız idi. Görünür o, dünyanın qəribəliklərinə artıq adət etmişdi.

Ağacın ağlaya bilməsi, onun üşüyə bilməsi uşağı ni­yə narahat edir? Niyə biz yaşıllığı, çiçəkləri sevmirik? Özü­nə ta­maşa edirmiş kimi gölün güzgüsünə əyilmiş bu­daqlar bizi nə səbəbə həyəcanlandırır?

Bu və ya başqa oxşar sualların ümumi bir cavabı var: Biz həyatı sevirik!..

Bitkilər bizim varlığımızın əsasıdır. Alman təbiət­şü­na­sı Meyerin obrazlı sözləri ilə desək, “bitki aləmi son­ra­lar sə­mərəli istifadə etməsi üçün günəş şüalarını toplayan an­bardır. İnsanın fiziki varlığı təbiətin bu iqtisadi qayğı­sından asılıdır. Yaşıllığa ötəri bir nəzər, sövq-təbii olaraq, maddi tə­minat hissi oyadır”.

İnsan və heyvan orqanizmləri elə qurulmuşdur ki, on­­lar böyüməsi, artması üçün zəruri maddələrin çoxunu in­kişaf səviyyəsi aşağı olan canlılardan hazır şəkildə alır. Bu ba­xım­dan bitkilərin qəribə taleyi var. Onların çox bö­yük əksə­riyyə­ti yaşamaq naminə heç bir canlının həyatına qəsd etmir. Yaşamaq üçün lazım olan şeyləri günəşin kö­mə­yi ilə torpaq­dakı mineral maddələrdən, sudan və ha­va­da­kı karbon qazın­dan özü “hazırlayan” bitkilər başqa can­lılara nisbətən daha sər­bəstdirlər. Biz insanlar asılılığımızı yüksəlişimizin bütün mərhələlərində yəqin ki, fəhm et­mi­şik. Məhz buna görə də, təbiətə bəslədiyimiz məhəbbətin iki səbəbi vardır.

Əvvəla, biz ondan son dərəcə asılı olduğumuzu, on­dan kənarda varlığımızın mümkün olmadığını başa düşə bi­lirik. İkincisi isə o, bizə gözəlliyi hiss etmək, özgə ta­le­yinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi həm də təbiətin sirlərini öyrənməyə vadar edir. Fransız tə­biətşünası Anri Puankarenin sözləri ilə desək, “alim təbiəti ona görə öyrənir ki, bu xeyirlidir. Bu iş ona ləzzət verir, çünki, təbiət gözəldir. İntellektual gözəllik öz-özlüyündə tə­minedicidir. Bəlkə də insanların gələcəkdə götürəcəyi xe­yirdən çox ”alim özünü bu gözəlliklər xatirinə uzun və ağır əziyyətlərə salır”. İstər ağır ehtiyac, istərsə də fira­van­lıq öz-özlüyündə elmi axtarış üçün stimul ola bilməz.

Özünü elmə həsr edənlər arasında ömrü boyu maddi ehtiyacdan yaxa qurtara bilməyənlər də, firavan yaşayan­lar da olmuşdur.

Başqa bir söhbətində Puankare deyir ki, gözəllik ax­ta­rışı, elə fayda axtarışının verdiyi nəticələrə də gətirib çı­xarır.

Elə bil ki, təbiət insanı böyük məqsədlərə yönəltmək üçün gündəlik tələblər – yaxın məqsədləri “yaratmış” və bizə heyrətlənmək, gözəlliklə sehrlənmək, ehtirasa gəlmək qabi­liy­yəti vermişdir. Bu, el arasında yayılmış belə bir əh­valatı xatırladır: Ata ömrünün son dəqiqələrində tənbəl oğul­larına vəsiyyət edir ki, bağda çoxlu qızıl gizlədib, onu tapsınlar. Oğlanlar qızılı tapmaq eşqi ilə bağın hər yerini bel­ləyirlər. Əlbəttə, onlar xəzinəni tapa bilmir, lakin tor­pa­ğı işlənmiş bağdan bol məhsul götürürlər.

Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə – ağıl və hisslə ifadə olunur. Xarici aləmlə əla­­qə yalnız ağıla əsaslanmış olsaydı, insan dünyaya mü­kəm­məl ağılla gəlməli idi. Bunun isə mümkün ola bilmə­mə­sini sübut etməyə ehtiyac yoxdur.

Elm və sənətin ağıl və hiss əsasında necə formalaş­dı­­ğı­nı, onların qarşılıqlı əlaqəsini aydın etmək üçün ümu­mi şə­kil­də də olsa, həyatın mahiyyəti haqqında müasir fi­kirlər üzə­rində dayanaq.

Qədim müəlliflərdən biri deyir: “Biz torpaq olub get­­dik, sən də diri torpaqsan”. Min illərlə insan canlının “tor­­paqdan əmələ gəlib” torpağa çevrildiyinin şahidi ol­muş­dur. Qədim alimlərin fikrincə canlı torpaqla cansız tor­pağın fərqi birincidəki “can” və ya “ruh”dur.

Dəqiq kimyəvi təhlillərlə müəyyən edilmişdir ki, “can­lı torpağın” – tərkibində müxtəlif kimyəvi element­lə­rin sayı can­sız torpaqdakından azdır. Canlı aləmin fərd­lərinin – bit­ki­lə­rin, ali canlıların bədənləri təsadüf edilən 92 elementdən əsa­sən beşinin (karbon, oksigen, hidrogen, azot və fosfor) he­sabına qurulmuşdur. Qalan element­lər­dən canlıların “qu­rul­ması” üçün nisbətən az istifadə edil­mişdir. Ancaq həyatda onların əhəmiyyəti böyükdür. Hə­ya­tı bir kitaba oxşatsaq, onun yazılmasında əsasən beş müx­təlif və mühüm hərfdən, bütünlüklə təbiətin yazıl­ma­sında isə 92-yə yaxın müxtəlif “hərfdən” istifadə olun­muş­dur.

Beləliklə, qədim insanlar canlı aləmlə cansız aləmin maddi tərkibləri arasında fərq olmadığını güman edərkən çox da yanılmamışdır. İstər canlılar, istərsə də cansızlar kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Hələlik bütün təd­qi­qatlar göstərir ki, canlılıq varlığın bir forması kimi yalnız yerdə mövcuddur.

Cansızlıq kainatda geniş yayılmış varlıq forması ol­du­ğu halda, planetimizdə canlı varlıq formasının da möv­cud­luğu necə izah edilməlidir?

Doğrudan da, sadəcə cansızlıq mövcud olduğu hal­da, nə səbəbə planetimizi təşkil edən elementlərin həm çə­ki, həm də müxtəlifliyinə görə az bir hissəsi həyat şək­lin­də, yaşarı formada mövcuddur. Elementar tərkibinə görə, cansız aləm­dən sadə olan həyat, quruluşuna görə ondan mü­qa­yi­sə­edil­məz dərəcədə mürəkkəbdir. Bu mürəkkəb­li­yin məziyyəti nə­dən ibarətdir? Məziyyəti müzakirə etməz­dən əvvəl haqqında danışdığımız varlıq formalarının əsas cə­hətlərini nəzərdən keçirək.

H
canlılar:

atomlar

molekullar

molekul qrupları

hüceyrələr

hüceyrə koloniyaları

orqanellalar toxumlar)

orqanlar və s.

cansızlar:

atomlar

molekullar

maddələr

kristallar

materiallar
ər iki aləm üçün mərtəbəli quruluş xarakterikdir. Dil də bu xüsusiyyətə malikdir:
Göründüyü kimi, cansızlara nisbətən canlılarda mü­rəkkəbləşmə mərhələlərinin sayı müqayisəedilməz dərə­cə­də çoxdur. Hər bir səviyyənin fərdləri özündən sonrakı sə­viyyə üçün quruluş vahidi rolunu oynayırlar.

Kristal cansız aləm fərdlərinin ən qəribə nümayən­də­sidir. Hər bir maddənin kristalı özünəməxsus zahiri for­ma­ya malikdir. Bu formalar adətən həndəsi çoxüzlülərdən ibarətdir. Xörək duzunun kub şəkilli kiçicik bir kristalını duzun doymuş məhluluna salsanız, bir müddətdən sonra onun böyüdüyünü görəcəksiniz. Oxşatma kobud da olsa, kristal hörülməkdə olan divar kimi məhlulda həll olmuş nat­rium və xlor ionları hesabına böyüyür. Kristalın bö­yük­lüyü təcrübi imkan və zamandan asılıdır.

Canlı aləm fərdləri də böyüyür. Lakin bu böyümə ta­mamilə başqa xarakterlidir. Canlılar müəyyən ölçüyə kimi böyüyə bilirlər. Kristal böyüdükdə daxilində heç bir də­yi­şiklik baş vermir, canlıda isə böyümə bütünlükdə gedir.

İçində xörək duzu kristalı olan duz məhlulu qabının ağzını örtüb onu buxarlanmağa qoymasanız, kristalın bö­yü­məsi dayanacaq, yəni müəyyən vaxtdan sonra kristalın səthindən məhlula keçən ionların sayı məhluldan kristala keçənlərə bərabər olacaq. Çöldə şərait dəyişməsə bu ta­raz­lıq əbədi yaşaya bilər.

Bildiyimiz kimi, canlılar belə deyil. Onlar xarici aləmlə maddələr mübadiləsi hesabına özünü bütünlüklə bərpa edərək yaşayır. Canlıda bütün atomlar hərəkətdədir. Ancaq biri az, biri çox. Orqanizmdə bir atomu nişanlamış olsanız və onu bir qayda ilə izləsəniz, müəyyən sürətlə hərəkət etdiyini görərsiniz. O, bir müddət orqanizmi qay­da­lı dolandıqdan sonra onu tərk edəcək, öz yerini çöldən orqanizmə daxil olmuş başqa atoma verəcəkdir. Bu halı şə­­lalə ilə müqayisə etmək olar. Şəlalənin şəkli dəyişməz ol­duğu halda ibarət olduğu hissələr – su molekulları bir tərəfdən gəlib o biri tərəfdən gedir. Cəlaləddin Rumi də “ömür su kimi yenidən yeniyə axır. Fəqət cəsəddə bir sa­bitlik göstərir” – deyəndə, elə həyatın bu qəribə xasiyyə­tini nəzərdə tuturdu. Canlı aləmlə cansız aləm arasındakı bu fərqlər və ümumiliklər, birinci növbədə, onların təşkil olma tərzləri – quruluşları arasındakı fərqlər və ümu­mi­lik­lə­rin nəticəsidir.

Məlum olduğu kimi mənalı sözlər, cümlələr səslərin, sözlərin yalnız müəyyən ardıcıllıqla düzülüşündən ibarət olduqları kimi, elementlərin varlıq formaları da onların in­tizamsız toplusu deyil. Müəyyən quruluşa malik toplu­su­dur. Belə topluların uzun ömürlüyü və ya davamlı olmaları üçün aşağıda saydığımız quruluş xassələrinin ayrıca əhə­miy­yəti vardır.

Quruluşuna daxil olan hissələr arasında qüvvətli əla-qə, bunların fərdi xüsusiyyətlərinə uyğunluq, sadə təsvir olu­na bilən qayda, hissələrin mütəhərrikliyi kimi müşahidə olunan keyfiyyətlər quruluşun yaşama amilləridir. Bu ba­xımdan müxtəlif varlıq formalarının müqayisəsi maraq­lı­dır.

Cədvəldən göründüyü kimi canlı quruluşunda da­vam­­lılıq üçün xarakterik olan bütün xüsusiyyətlər vardır. Cansız aləmdə birlikdə rast gəlinməyən bu xüsusiyyətlərin hamısına birlikdə malik olan quruluş çox mürəkkəb ol­ma­lı­dır. Bu mürəkkəblik quruluşu saxlamaq, müdafiə etmək üçün cansız aləmdəki uyğun imkanlardan əlavə canlıya da­ha yeni mahiyyətli başqa bir imkan da verir.

Müxtəlif şəkildə olsa da hər bir quruluşun özünü qorumaq xassəsi vardır. Onu dağıtmaq üçün yönəlmiş qüv­vəyə qarşı quruluşda müdafiə reaksiyası əmələ gəlir. Belə hallarda quruluş ən azı, onu yönəlmiş təsiri ney­tral­laş­dıracaq qaydada köklənir – xarici şəraitə uyğunlaşır. Hə­yatın üstünlüklərindən biri də budur. Cansız aləm fər-dinin dağıdıcı təsirə qarşı reaksiyası – şəraitə uyğunlaş­ma­sı dəyişməz şəklə malikdir, stereotipdir.


Qayda

Hissələr arasında qüvvətli əlaqə

Fərdi xüsusiyyətlərə uyğunluq

Hissələrin mütəhərrikliyi

Qaz

Maye

Amorf

Bərk maddə

Kristal

Canlı



çox az

çox az

çox

yüksək

yüksək



Çox zəif

Qüvvətli

Qüvvətli



Qüvvətli



Çox yüksək





Yüksək


Həyat bu barədə sərhədsiz imkana malikdir. Canlı­lar­­da müşahidə olunan müdafiə xarakterli davranışları özü­nüqoruma sövq-təbiisinin nəticəsi hesab edirlər. Lakin elə davranışlar vardır ki, onlar bilavasitə instinktin nəticəsi deyil. İctimai fəaliyyətin müxtəlif sahələri buna misal ola bilər. Bu dolayı yollarla olsa da həyatı qorumaq instinkti ilə səsləşir. Beləliklə, fərd hissəsi olduğu həyatı – canlı aləmi qorumaqla özünü qorumuş olur. Canlı aləmi vəhdət kimi görmədən təbiətşünaslıqla ictimai hadisələr arasında ilişki, bağlılıq axtarmaq çətindir, bəlkə də heç mümkün de­yil.

Bir sözlə, fərdin həm bioloji, həm də ictimai funk­siyası həyatı yaşatmaqdır, özünün əbədiliyidir. Daha doğ­rusu, fərdin əbədiliyi həyatın əbədiliyində mümkündür.

Gətirilən misallardan canlı aləmdəki mərtəbəli quru­luş hesabına mürəkkəbləşmənin həyatın varlıq forması ki­mi davamlığı baxımından nə qədər böyük üstünlüklərə, di­namik imkanlara malik olduğunu gördük. Əgər bu üstün­lük­lər olmasaydı həyat öz zərifliyi ilə cansız aləmin rə­qa­bətinə dözə bilməz, imkanlarının məhdud səviyyəsində yox olardı.

Başqa canlılardan fərqli olaraq insan, inkişafının nis­bə­tən yüksək pilləsində öz varlığını qorumaqdan ötrü şə­rait arxasınca qaçmır, əksinə özü üçün şərait yaradır. Mə­sə­lən, kosmik uçuş zamanı o adi şəraiti özü ilə aparır, baş­qa sözlə, bioloji şərait dəyişərək kosmik şəraitə uy­ğun­la­şır. Təbiidir ki, bütün hallarda gözlənilməz şəraitlə üzləşib öz adi şəraitini saxlamaq həmişə mümkün deyil. Ona görə də insan baş verə biləcək şərait dəyişikliklərinə əvvəl­cə­dən hazır olmalıdır. Bu işi o, xarici aləmi öyrənməklə, da­ha doğrusu, öz elmi fəaliyyəti ilə yerinə yetirir. Bəlkə də “ya­şamaq zərurəti bu işin nəticələrinin əsas cəhətlərindən biridir”, – demək daha dürüst olardı. İnsanı belə fəaliyyətə – nəticəsi uzaq məqsəd güdən işlərə vadar edən təkcə tə­biətə hakim kəsilmək ehtirası deyil, həm də maraq, gö­zəllik hissi, başqasının taleyinə acımaq və bu kimi yaxın məqsədlərdir. Çoxu emosiyalardan ibarət olan bu hisslərin rolu təkcə öyrənilməli məsələlərə diqqəti cəlb etməklə bit­mir, həm də bu məsələlərin həlli üçün, düzgün fəaliyyət üçün qərar çıxarılmasına kömək göstərir.

Belə qərarların çıxarılmasına lazım olan bilik çox vaxt azlıq edir, ya da kənardan alınan məlumatlar arasında əlaqə itirilmiş olur. Bilik və məlumat gücünə dərhal qərar çıxarmaq nadir hallarda mümkündür. Mümkün qərarların formalaşması və onlardan hansına üstünlük verilməsində emosiyanın – hisslərin, yaradıcı fəhmin böyük rolu vardır.

Canlı orqanizm, mühiti ilə arasıkəsilməz maddələr mübadiləsindədir. Dediyimiz kimi o öz varlığını sax­la­maq­­dan ötrü mühitindən aldığı maddələr hesabına təzələ­nir, böyüyür. Bu maddələrin orqanizmə lazım olan başqa maddələrə çevrilməsi üçün münasib bioloji şərait tələb olunduğu kimi, alınan məlumatın da əlverişli qərarlara çev­rilməsinə uyğun emosional şərait gərəkdir.

Elmin də əməli məqsədlərindən biri və ən əsası bio­loji şəraitin idarəsidir. Buna münasib olaraq sənətin qar­şı­sında duran vəzifə insanın emosional şəraitini məqsə­də­uy­ğun idarə etməkdir. İlk baxışda sənətin məqsədi bayağı­laş­mış, buludlardan yerə endirilmiş kimi görünə bilər. Lakin belə deyil. Sənətin guya heç bir əməli əhəmiyyətindən ası­lı olmayaraq zövq mənbəyinə çevrilməsi fikri onun əsil və­zi­fəsini yerinə yetirmək üçün lazımdır. Sənətdə “həyatı qorumaq” qüvvəsi olmasaydı, bəlkə də bizi bu qədər dü­şün­dürməz, həyəcanlandırmazdı.

Xaricdən alınan məlumat iki hissədən ibarətdir; mə­lu­matın semantik hissəsi və estetik hissəsi. Qeyd etmək la­zım­dır ki, estetik hissə məlumatın bilavasitə sözbəsöz baş­qa dilə çevrilə bilməyən hissəsidir. Semantik hissəni isə is­tə­nilən dəqiqliklə hər dilə çevirmək olar.

Məsələn, hər bir cümlədəki məna onun daşıdığı se­man­tik məlumatdır. Cümlədə olan söz düzümü, deyiliş ça­ları, səs gözəlliyi estetik məlumat daşıyır.

Məlumatın yaratdığı emosional hisslər ümumi şəkil­də aşağıdakı səbəblərdən asılıdır:


  1. Orqanizmin ümumi fizioloji halı.

  2. Xarici məlumatın semantik hissəsi.

  3. Xarici məlumatın estetik hissəsi.

Semantik məlumat vaxtı ilə keçirilmiş emosional hiss­ləri oyadır.

Estetik məlumata gəlincə, onda bilavasitə heç bir tə­səv­vürsüz də emosiya yaratmaq imkanı vardır.

Ümumiyyətlə emosiyaların səbəbi bu göstərdikə­ri­mi­­zin müxtəlif çalarlı bağlılığı, qarşılıqlı əlaqəsidir. Başqa söz­lə, onların əmələ gəlməsində həm estetik, həm se­man­tik mə­lu­matların, həm də beyinin ümumi fizioloji halının birgə işi­nin nəticəsini görmək daha doğrudur.

Bu söhbətimizdə həyatın mahiyyəti haqqında müasir təsəvvürlərə, elmlə sənətin başlanğıc əlaqələrinə və bun­la­rın həyat üçün nə məqsəd daşıdığına ötəri nəzər saldıq. İn­di isə elm və sənətin yaradıcılıq sahələrindəki fərq və ümu­miliyini gözdən keçirək.
Məlumat – Qayda – Uyarlıq
İnsan məlumat dənizində yaşayır. Məlumat insana ha­­va və su kimi lazımdır. Xarici aləmlə məlumat müba­di­ləsi müəyyən müddət kəsildikdə insan gerçəklik hissini itirir, onda normal olmayan psixoloji hallar baş verir. Mə­lu­mat – informasiya sözünü geniş mənada başa düşmək la-zımdır. Yerin üstü ilə dolaşıq əlaqəsi olan bir mağara tə­səvvür edin: mütləq qaranlıq, havada heç bir tərpəniş yox, mütləq səssizlik... Belə bir şəraitdə su damcılarının tıq­qıltısı, yarasa uçuşu zamanı gələn küy özü də məlumatdır. İnsan belə bir vəziyyətə düşdükdə təkliyin dəhşətli “səsini” öz səsi ilə batırmağa çalışır. Ancaq onun öz səsi özü üçün uzun zaman informativlik rolunu oynaya bilmir, yalqızlığın qorxunc təsi­rinin ilk əlamətinə çevrilir. Bütün bunlar beyinin normal işi üçün məlumat mühitinin nə də­rə­cədə dəyərli olduğunu göstərir. Göründüyü kimi xarici aləmlə bağlılığımız, əlaqə­miz düşdüyümüzdən daha dərin, daha mürəkkəbdir.

Aydındır ki, biz xarici və daxili aləmimizdəki də­yi­şik­likləri hiss üzvlərimiz vasitəsi ilə duyuruq. Onlardan birinin və ya bir neçəsinin öz həssaslığını itirməsi beyinin – ali sinir sisteminin normal işinə dərhal təsir edir. De­yil­diyinə görə, bütün hiss üzvləri sıradan çıxmış, yalnız gör­mək qabiliyyəti qalmış bir xəstə gözlərini yuman kimi də­rin yuxuya ge­dir­miş. Axı, onun beyni görmədən başqa heç bir duyğu ilə bağlı qıcıq almırdı.

Beyinin modeli sayılan elektron qurğuları – müasir he­sablayıcı maşınlar xaricdən alınan məlumatın xarak­te­rinə çox həssasdır. Onlara yalnız iş üçün yararlı məlumat gərəkdir. “Küy” adlandırılan başqa xarici məlumat onların işini pozur və ağırlaşdırır. Beyindən ötrü isə belə “küy” onun normal işi üçün zəruri şərtlərdən biridir. Sözsüz, müəyyən həddə qədər!

Tamamilə eyni informasiyanın müxtəlif fərdlərə tə­siri başqa-başqadır. Birini ağladan məlumat başqasını gül­dü­rür. Birini düşündürən məlumat başqasının düşüncəsinə mane olur. Deyirlər ki, Faradeyin elm aləminə səs salmış məşhur təcrübələrindən xəbər tutan İngiltərə kraliçası onu saraya çağırır. Kraliça Faradeyin sınaqlarıma baxıb, alimi yola saldıqdan sonra yaxındakılara deyir :



  • İnsan nə qədər işsiz olmalıdır ki, belə mənasız şeylərlə məşğul olsun.

Bu “mənasız şeylər” müasir texnikanın əsasları idi.

Semantik və estetik təsir məlumatın potensial xas­sə­si­dir, gizli imkanıdır. Xüsusi hazırlığı olmayanlar üçün Eyn­­ştey­nin nisbilik nəzəriyyəsi dolaşıq, əlaqəsiz söz yı­ğı­mıdır. Başqa sözlə bu halda onun semantik təsiri yoxdur. Estetik təsiri pis də ola bilər. İnsan anlamadığı danışıqları, bilmədiyi mətləbləri həvəssiz dinləyir. Musiqi savadı ol­mayan bir avropalı ilk tanışlıqda muğamı üzüntülü bir mızıltı kimi qəbul edəcəkdir.

Məlumatın semantik və estetik hissələri arasında iki cür bağlılıq vardır. Birinci halda hər iki hissə üzvi bağlıdır. Yazı həm semantik məlumat daşıyır, həm də ornament təsiri bağışlaya bilər. Belə bir xüsusiyyət təbiət obyektləri və ən gözəl sənət əsərləri üçün xarakterikdir. İkinci halda semantik məlumat estetik məlumatla uzlaşdırılmış şəkil­də­dir; bəzəkli yazı, musiqi, şeir, dram-dekor-musiqi və s.

Rəssamı, alimi, bəstəkarı xarici aləmdə cəlb edən nə­dir? Təbiətin harmoniyası – “qayda” və ya onun emo­si­onal təsiri olan “ahəng”.

Adətən qaydaya qarşı əkslik kimi qaydasızlıq, xaos – dağınıqlıq qoyulur. Ancaq qayda ilə qaydasızlıq ağ – qa­ra, acı – şirin və s. kimi anonim təbiətli əksliklərdən deyil. “Burada bir qaydasızlıq hökm sürür” dedikdə nəyin harada yerləşəcəyini, sonrakı hadisənin nədən ibarət olacağını bilməyin qeyri-mümkünlüyünü nəzərdə tuturuq. Başqa söz­lə, hər şey ola bilər, hər şeyi hər yerdə eyni ehtimalla gözləmək mümkündür. Bu, bircinslilikdir, bu cəhətdən xaoslar bir-birindən seçilmir. Ancaq qayda təsvirə gələn­dir, qaydanı qaydadan seçmək mümkündür. Bir qaydanın o birindən nə qədər mürəkkəb olduğunu da göstərə bilər­sən. Arabir mürəkkəbliyi gücləndirmək üçün onu xaosa da oxşadırlar. Bununla demək istəyirlər ki, qaydada mürək­kəb­lik o qədərdir ki, onu birdən-birə görmək olmur. Belə­liklə, xaos qaydanın mürəkkəblik dərəcəsinin həm baş­lan­ğıcı, həm də sonudur.

Qayda “quruluş” anlayışı ilə sıx bağlı anlayışdır. Hər şey müxtəlif quruluşa malik ola bilər. Hər dəfə nəyə görə, hansı əlamətə görə quruluşdan danışıldığı xüsusi qeyd edil­­məlidir. Məsələn, canlının anatomik quruluşu, hü­cey­rəli quruluşu və ya dövlətin siyasi, iqtisadi, inzibati qu­ru­luşu. Elmin, o cümlədən də, sənətşünaslığın qarşısında du­ran ən böyük məsələ həmişə quruluşla xassə arasındakı əlaqənin təbiəti olmuşdur: dövlət necə qurulmalıdır ki, xal­qın tələbinə cavab versin? Maddə necə qurulmalıdır ki, onun istənilən xassəsi olsun? Maşın necə qurulmalıdır ki, müəyyən işləri ye­rinə yetirə bilsin. Əsər də elə qurulma­lı­dır ki, gözlənilən es­tetik, emosional hissləri yarada bilsin. Bildiyimiz kimi Üzeyir Hacıbəyovun ən böyük xidmət­lə­rindən biri də Azər­baycan xalq musiqisinin elmi əsaslarını işləyib hazır­lamasıdır. Təkcə bu fəaliyyəti onun Azər­bay­can mədəniyyəti tarixində görkəmli bir şəxsiyyət kimi qalmasına bəs idi. “Azərbaycan xalq musiqisinin əsasları” mu­siqimizin qrammatikasıdır. Dilimizdəki səslər eyni tez­liklə işlənmədiyi kimi, musiqi dilimizdə də səslər eyni tez­liklə, eyni ardıcıllıqla təkrarlanmır. Biz ilk növbədə buna gö­rə dilləri, musiqiləri bir-birindən seçə bilirik.

Xarici aləmdə insanın görə bildiyi qanunauy­ğun­luq­lar nəsildən-nəslə verilir. Elmi kitabların hamısında müm­kün olan və mümkün olmayan hadisələrdən, bu hadisələr arasın­dakı bağlılıqdan danışılır. Bir sıra elmi əsərlərdə ən çox baş verməsi mümkün olan hadisələrdən söhbət gedir. Bəzi alim­lər mümkün olan və olmayan hadisələri qələmə alır, hər iki qayda ilə təbiəti təsvir edirlər. Biz təsvir dedik. Bu söz adi təsvir kimi başa düşülməməlidir. Söhbət təbiət­dəki dəyişməz qaydaların – təbiət qanunlarının təsvi­rindən gedir. Yəni tə­biət dilinin qrammatikasından. Son zamanlar aş­kar edil­miş­dir ki, mümkün olmayan, baş verə bilməyən hadisələrdən da­nış­maq daha əlverişlidir. Niyə? Ona görə ki, bu halda təbiətin dolğun mənzərəsini verməyə daha az təsvir vasitəsi tələb olunur. Bir kitabda təbiətin baş­lıca qa­nunları inkar şəklində verilmişdirsə, demək bu qanunlara əsasən, “qalan hadisələrin baş verməsi mümkün­dür”, – deyə bilərik. Belə elmi qanunların sayı ildən-ilə artır. Bu, mümkün olan hadisələrin sayını kəskin şəkildə azaldır və biz nəticədə klassik elmdə olduğu kimi nəyin mümkün olduğu barədə konkret qənaətə gələ bilərik. Ancaq fərq ha­disənin müəyyən ehtimalla xəbər verilməsidir. Təbiət qa­nunlarının “tabu” xarakterliliyi və yeni elmdə bu qanun­la­ra verilən yer onu sənətlə daha da çox yaxınlaşdırır. Təbiət haqqında istədiyiniz şəkildə mühakimə apara bilərsiniz; ancaq bu mühakimələr zamanı enerjinin itməməsi, Pauli prinsipinin pozulması, maddə çəkisinin saxlanması və s. qa­nunlar öz qüvvəsində qalmalıdır – müasir elmin tələbi, is­təyi belədir.

Deməli, xarici aləmin, təbiətin biçimlərindəki aydın­lıq bu məhdudiyyətlərin nəticəsidir. Tabu şəkilli bu qanun­la­rın sayı artdıqca təbiətin şəkli daha çox aydınlaşır.

Arkadi Raykin zarafatlarının birində rəssam haq­qın­da belə deyir : ”Rəssam – gərəkli boyaları gərək olan yerə ya­xan adama deyilir”. Gülməli də olsa burada bir ger­çək­lik var. Sənətdə az çox öz dəsti-xətti, öz yolu olan bir rəs­sa­mın bütün çəkdiklərini gözdən keçirsəniz, onun boyaları özünəməxsus bir ölçüdə işlətdiyini görəcəksiniz. Bu nis­bət­lə də rəssamın işlərindəki kolorit aşkarlanır. Bu, təbiə­tin elementlərə görə tərkibini yada salmırmı? Sonrakı təh­lil­lərimizdə rəssamın müəyyən kompozisiyalardan, biçim­lərdən, cizgilərdən, çalarlardan istifadə etmədiyini görə­cək­siniz. Rəssam sanki istedadının, dünyagörüşünün, tem­pe­rament və zövqünün, sənət texnikasının imkan verdiyi vasitələrə müəyyən məhdudiyyət qoyub özünəməxsus bir “aləm” yaratmışdır.

Üzeyir Hacıbəyov haqqında danışdığımız kitabında mu­siqimiz bu baxımdan təhlil olunur. Rast muğamı üs­tün­də musiqi bəstələmək üçün işlədilən səslərdən biri maye – nüvə rolunu oynayır. Qalanları ilə nüvə ətrafında qatdan-qa­ta qaydalı sıçrayışlar edir. Bu qayda qrafik şəkildə gös­tə­rilsə atom quruluşuna əsasən spektrlərin izah olunması üçün çəkilən sxemlərə çox oxşar sxem alınır. Nils Bor atom quruluşunu kəşf etdikdən sonra Eynşteyn bu quru­luşa öz heyranlığını bildirməkdən ötrü onu yüksək musi­qi­yə bənzətmişdi.

Oyun qaydalarını xatırlayın. Bütün bunların şəklini ay­dın edən tabu qanunlarıdır. Hamısını sxematik olaraq aşa­ğıdakı şəkildə göstərmək olar.
İlk vəziyyət ... məqsəd ...

1. . . . . . olmaz,

2. . . . . . olmaz,

3. . . . . . olmaz,

4. . . . . . olmaz,
Futbol oyununu yada salın. Oyunun qaydasını göz­dən keçirsəniz onun, əsasən, “olmaz”lardan ibarət olduğu­nu görərsiniz. Topa əllə toxunmaq olmaz, rəqibi saxlamaq, badalaq vurmaq olmaz, qarşıda ən azı iki rəqib yoxdursa top­suz irəli çıxmaq olmaz və s. “ola bilər”lər isə oyun­çu­nun yaradıcılığıdır. Hakimin vəzifəsi “...olmaz!” şəklində de­yilmiş qaydaların pozulmasını gözləmək, pozulduqda isə cəza verməkdir. Yalnız bu şərtləri gözləyərək qapıdan ke­çirilən toplar “qol” sayılır, tamaşaçıları həyəcanlandırır, ki­mində qələbə sevinci, kimində basılma məyusluğu oya­dır.

Sənət əsəri xalqın emosional dilində hökm sürən qa­nun­lara görə yaradıldıqda el onu tez qavrayır. Sənətkar isə bu qanunları empirik bilir, duyur, xalqın bir hissəsi olaraq bu qanunlara süd ilə, uşaqlıq hissləri və bütün psixoloji dün­yası ilə illər boyu onun varlığına hopur. Ancaq hər bir sə­nətkar özü düzəltdiyi “qrammatika”ya əsasən də yaza bi­lər. Bu, azad bir işdir və sənət etikasına zidd deyil. Bü­tün məsələ bu qrammatikanın estetik keyfiyyəti və anlaş­ma universallığındadır.

Tanış melodiyalardan bir neçəsini tərsinə oxudun. Bu qayda ilə alınan melodiyalar da qrammatikaya görə dü­zəl­dilmişdir – birinci qrammatikanın inversiyasından dü­zəl­dilmiş bir qrammatikaya əsasən, ancaq sonuncu me­lo­di­yalar qrammatikaya görə yazılmasına baxmayaraq heç də həmişə estetik keyfiyyətli deyil.

Dodaqdəyməz, təcnis, bəhri-təvil kimi bədii biçim­lə­ri də tabu xarakterli qanunların söz sənətinə tətbiqinə mi­sal göstərmək olar. Cəmiyyət modellərinin formalaş­masın­da da belə qanunların rolu böyük olmuşdur. Cəmiyyətlərin şəkli müəyyən qrup tabuların qorunub saxlanması ilə sa­bit­ləşmişdir.

Gətirdiyimiz misallardan xarici aləm obyektlərinin eyni prinsiplərə görə qurulduğunu aydın görmək olar.

Bəs alim işinin sənətkar işindən mahiyyətcə ayrılığı nədədir?

Hər ikisinin obyekti xarici aləmdir. Birinci obyektin qu­ruluşundakı qanunauyğunluq – semantik məlumat, o bi­ri­ni isə bu quruluşdakı estetik məlumat, onun beynində ahəng təsiri yaradan hissəsi maraqlandırır. Semantik məlu­mat xarici aləmi məqsədəuyğun dəyişdirmək üçün, estetik məlumat isə insanın fəaliyyətini, davranışını həyatın da­ya­nıqlı olmasına doğru yönəltmək üçün lazımdır.

Alimi ən çox maraqlandıran xarici aləmin ümumi cə­hətləridir. Aristotelə görə “Filosofları oxşarlar arasında fərq, fərqlilər arasında oxşarlıq maraqlandırmalıdır”. İki min ildən artıq tarixi olan bu söz həmişə yenidir.

Eyni maddənin quruluşu harada açılır açılsın, eyni şəkilli olacaqdır. Elmi nəticə yer, zaman və müşahidəçinin subyektiv fikrindən asılı deyil. Alınan nəticəni istənilən dilə çevirmək və onu rəmzlərlə də ifadə etmək olar. Müx­təlif yerlərdə, müxtəlif dövrlərdə alınmış nəticələrin üst-üs­tə düşməsi müvəffəqiyyətlidir. Ancaq sənətdə belə de­yil. Sənətkarı ən çox estetik məlumat hissəsinin yaratdığı emosiya maraqlandırır və o hissələrin təsiri ilə fəaliyyət gös­tərir. Çünki quruluşun bu xassəsini ancaq onun yarat­dı­ğı emosional duyğularda görmək olar.

Sevdiyiniz bir çalğı yazılmış lenti təhlil edin: orada səs maqnitləşmənin azalıb-artması ilə yazılmışdır. Qram­mo­fon valında səs iynənin saldığı mürəkkəb iz şəklindədir. Həmin səslərin notla yazılarını gözdən keçirin. Bütün bu yazılar sizdə emosional duyğular doğurmayacaqdır. Ancaq siz onları adi qaydada səsləndirib qulaq assanız, orada ya­zıl­mış estetik məlumatı “görə” bilərsiniz. Eləcə də sənət­kar fırçasından çıxmış bir tablonun sözlə təsviri şəklə məx­sus emosional təsir doğurmayacaqdır. Siz şəkili gör­məlisiniz!

Sevgiyə, məhəbbətə həsr olunmuş nə qədər şeir var. Bun­lardan birinin müvəffəqiyyəti o birini rədd etmir. Buna görə də, sevgidən yazana “bu mövzu yazılmışdır” demək, gü­lüncdür, sevgi duyğusunun fizioloji mahiyyəti eyni olsa da onun təkrar olunmayan psixoloji çalarları sonsuzdur. Bu çalarlar böyük və daha ümumi olan sevginin müxtəlif cə­hətlərini işıqlandırır. Belə cəhətlər hər dəfə üzə çıxa­rıl­dıqda orijinal bir tapıntı kimi marağımıza səbəb olur. Mə­sələ sevgi haqqında odlu sözlər söyləməkdə deyil, onun yeni çalarlarını yeni bədii ifadəsini tapmaqdadır. Elm tə­biətin ən ümumi cəhətlərini öyrənməyə çalışdığı üçün bizə yaxın ümumiləşmələr özündən qabaqkıları əvəz edir, on­ları xüsusi bir hala çevirir, onların yalnız tarixi dəyəri qa­lır. Sənət belə deyildir. İndi yeni bir sevgi dastanı yazıldığı üçün biz Füzulinin “Leyli və Məcnun” poemasını köh­nəl­miş hesab edə bilmərik. Sənət əsərlərinin bu mənada də­yiş­məz dəyəri vardır.

Sənət əsərləri ilə elmi əsərlərin ümumi və əks cə­hət­lə­rinə misal olaraq, birinci növbədə, sənətdə ifadə vasitə­lə­ri­nin geniş mənalılığına, elmdə isə bu vasitələrin məhdud mənalılığına cəhd edildiyini göstərmək lazımdır. Hər iki sahədə metafora və rəmzlərdən istifadə olunması kimi bir ümumilik öz-özlüyündə maraqlıdır. Burada fərq yalnız sim­vol və metaforanın mahiyyətindədir.

Eynşteynin E = mC2 formulunda aşağıdakı elmi ger­çəklik ifadə olunmuşdur: hər bir kütləyə ekvivalent olan enerji həmin kütlədən işıq sürətinin kvadratı qədər çoxdur.

Gördüyümüz kimi, simvolik metafora fikrin dəfə­lər­lə yığcam və dəqiq deyilməsinə imkan verir. Sənətdə də me­tafora bu məqsədi güdür. Söz sənətində bu yol ilə əldə edilən yığcamlıq elmdəkindən qat-qat çoxdur. Çünki sə­nətdə metafora elmdən fərqli olaraq məhdud mənalı deyil.

Çox yazılarda deyilir ki, elm aləm haqqında həqiqəti meydana çıxaran fəaliyyət sahəsidir. Elmdə həqiqət təc­rübə-sınaq yolu ilə doğruluğu yoxlanıla bilən, bir çox an­la­yışlar arasında körpülər salıb təbiətin başlıca qanunlarına zidd olmayan xəbərləri ifadə etməkdir. Bu, müvafiq hökm­lər şəklində özünü göstərir. Bədii həqiqətlə elmi hə­qiqət arasındakı bağlılığı görmək çox da çətin deyil. Bədii həqiqət dedikdə, biz hər şeydən qabaq əsərdəki estetik mə­lumatın gözlənilən emosional təsirə malik olacağını başa düşürük.

Semantik məlumat baxımından sənət başdan-ayağa “yalanla” dolu olur.


Əzizim qazan ağlar,

Od vurar qazan ağlar”.

. . . . . . . .

Qara bəxtim oyanmazmı?”

Bu dağların maralıyam”.
“Qaraca çoban qoyunları sapanda qoyub gavurların başına yağdırardı”.

“Dev tüstüyə çevrilib bardağa doldu” və s.

Bu misallarda göstərilən hadisələrin heç biri elmi mən­tiq baxımından doğru deyildir. Başqa sözlə, elmi həqiqət deyildir.

Rəssamlıq sərgisində bir səyyah qadının Toğrulun “Nar­lar” əsərinə baxıb, “Mən belə narı yemərəm” dedi­yi­nin şahidi olmuşam. Görünür ki, onun fikrincə, meyvə şə­kil­lərini iştaha açmaq üçün çəkirlər və onları yemək ota­ğından asmaq lazımdır. Qəribə də olsa belə oxşar mü­na­si­bətə tənqiddə də rast gəlmək olur: “Rəssam A. xalqın hə­yat və əmək tərzini öz tablolarında məharətlə tərənnüm et­mişdir”. Sözsüz, bu şeyləri rəssamın işində görmək olar, la­kin onun əsas məqsədi bundan ibarət deyil. Etnoqrafiya bə­dii foto oçerklər bu vəzifəni rəssamdan daha yaxşı ye­rinə yetirə bilər.

Söhbətimizi elmlə sənətin daha bir ümumi cəhətini yada salmaqla qurtaraq. Bir zaman insan uçmaq məqsədilə quşları yamsılamağa çalışırdı. O, bu qayda ilə uça bil­məzdi. Uçuşun qanunauyğunluqlarını, prinsiplərini öyrə­nib, onu həyata keçirməkdən ötrü başqa yollar tapdıqdan son­ra insan uça bildi. Təbiəti öyrənməkdə məqsəd onun yal­nız elmi təsvirini vermək deyil. Bu yolla təbiətin iş prin­sipləri öyrənib, onun fəaliyyət imkanlarını da aşkara çı­xarmaqdır. Qədim mədəniyyətimizdə və müasir dünya sə­nətində də oxşar proses gedir: təsvirçilikdən aralanıb, tə­biətin işlətdiyi estetik imkanları onun potensial imkan­la­rın­dan seçib tapmaq və bunları sənətin xammalına çevir­mək. Sənətkarın təbiətdə bilavasitə gördüyü uyarlıq yara­dan qaydalar burada onun görə bilmədiyi qaydaların mü­qa­yisə oluna bilməyən kiçik bir hissəsidir. Sənətkarı yalnız təbiətdə onun görə bildiyi qaydalara bağlamaq, “təbiət çarxdan istifadə etməyib” – deyə konstruktoru çarx işlət­məyə qoymamaq kimi bir şey olardı. Sənətkarın qarşısına qo­yulan tələb, mürəkkəbliyi doğrulda biləcək qaydanı seç­məkdən ibarət olmalıdır. Təbiətin estetik məlumat yarat­maq təcrübəsinin və xalq sənətinin öyrənilməsi elə bu ba­xım­dan düşündürücü, maraqlı və çox əhəmiyyətlidir.


Duyğu çalarlı fikir
Əsl riyaziyyatçı olmaq üçün

bir az şairlik lazımdır.

Veyerştras


Alimin adını fikir tarixində ölməzləşdirən, yaradıcı­lı­ğına qanad verən onun elə bir az şairliyidir. Sözsüz ki, görkəmli riyaziyyatçılardan biri olan Veyerştras şairlik de­dikdə heç də alimin şeir yaza bilməsini deyil, onun təbiət­cə şair olmasını nəzərdə tuturdu.

Alman alimi, böyük təbiətşünas – Heyzenberqin söz­lə­ri ilə poeziya aləmi əsil təbiətşünaslara çox yaxındır, – desək bəlkə yanılmarıq – hər halda fizikin də məqsədi tə­biət hadisələrinin ahəngini açmaqdır.

Ancaq alim hadisələrin ahəngini açmaqla öz vəzi­fə­sini bitmiş hesab etmir o, bu ahəngin səbəbi olan daha ümumi qaydanı görməyə can atır.

Müasirlərinin yazdıqlarına görə Amerika alimi May­kelsonun rəssamlıq istedadı da var imiş. Elm xatirinə onun bu istedadından istifadə etməməsinə təəssüflənən müsahi­binə o, belə cavab vermişdi:



  • Sənət ulu məqsədinə elmdə çata bilir.

Maykelson demək istəyirdi ki, o yenə də rəssamdır, sə­nətkardır, ancaq “sənətin ulu məqsədinə daha yaxşı qul­luq edən bir qayda ilə” işləyir.

Sözsüz, elmlə açılan qaydaları sənət əsərinə məxsus bir ahəng kimi duymaqdan ötrü böyük hazırlığa malik elm adamı olmaq lazımdır. Əsil musiqiçi partituraya baxarkən qu­lağına xoş sədalar gəldiyi kimi, elm adamı da üç-dörd işa­rədən ibarət bir formulanın təsiri ilə sehrlənə bilir.

Sənət, alimin şairliyini gücləndirir, onun ahəngə həs­saslığını itiləşdirir, ahəngə tələbini artırır. Sənətin elm ada­mı üçün nə demək olduğunu daha aydın təsəvvür etmək­dən ötrü məşhur Avstriya alimi Lyudviq Bolsmanın de­dik­lərini yada salaq: “Mən indi nəyəmsə, Şillerə borcluyam. On­suz saqqallı və burnu ilə mənə oxşar bir adam olardım, ancaq o mən olmazdım”. Bəlkə də bütün danışacaqları­mı­zın məzmunu bu bir neçə sözdə deyilmişdir. Bununla da sənətin elmi yaradıcılıqdakı rolu haqqında söhbəti bitir­mək olardı. Ancaq məqsədimiz bir də bu rolu elmi yara­dı­cı­lığın ayrı-ayrı çağlarında, alim şəxsiyyətinin formalaş­ma­sında izləməkdir.

Xalq arasında “alim” sözünün mənası elmdəkindən çox genişdir: alim – zamanın ən ağıllı adamlarından bi­ri­dir, keçmişi bilən, gələcəyi görən, yüksək əxlaqi key­fiy­yətləri ilə seçilən fəzilət sahibidir. “Alim” deyəndə ya­dı­mıza Aristotel, İbn Sina, Büruni, Fərabi, Tusi, Uluqbəy, Nyuton, Eynşteyn, Mendeleyev kimi şəxsiyyətlər düşür.

Tanınmış riyaziyyatçı, Sosialist Əməyi Qəhrəmanı aka­demik P.A. Aleksandrov demişdir: “Elmlə məşğul olan adam elmi işi özünə bir peşə etdikdə, az hallarda özünü alim adlandırır. “Mən aliməm” ifadəsini ömrümdə cəmi üç-dörd dəfə eşitmişəm, hər dəfə bu ifadəni elə adamlar işlədib ki, onların belə bir ad daşımaq ixtiyarı şübhəli olub”.

Bizcə, elmi özünə çalışma sahəsi seçənlər üçün adi hallarda “elmi işçi” kimi ümumi ad daha uyğundur.

50-60 il bundan qabaq elmi iş bugünkü kütləviliyə ma­lik deyildi. Hələ o vaxtlar, elmi işçilik az tapılan ne­mət­lərdən olarkən, Eynşteyn elm adamlarını üç qrupa bölürdü. Eynşteynə görə bir qrup adamlar elm aləminə təsadüfən düş­müşlər, onlar eyni asanlıqla başqa yerdə işlər və öz­lə­rini yenə də öz yerlərində hiss edərdilər. İkinci qrup nü­ma­yəndələrinin elmə münasibəti idmançının idman yarışları­na yanaşmasını yada salır: maraqlı bir çətinliyin öhdə­sin­dən gəlib öz üstünlüyünü göstərmək. Elm adamlarının qa­lan az bir qismi isə, istəsələr də özlərini başqa bir işdə tapa bilməzlər. Onların bütün həyatı varlığın qəribəliklərini gör­mək, axtarmaq və bacardıqları qədər onların səbəbini dərk etməyə yönəlmişdir. Eynşteynin bu bölgüsü çox kəs­kin olsa da burada böyük bir gerçəklik var. Bölgüdə sa­də­cə olaraq, elmi işçilərin elmə yanaşmasından söz gedir. El­mə böyük yenilik gətirənlər bu qrupların hamısına mənsub ola bilər. Bütün həyatını elmdə görən bir adamdan isə də­yərli bir iz qalmaya da bilər.

İndi elmin cəmiyyətdəki rolu və kütləviliyi onun qu­ru­luşunun (anatomiyasının), Eynşteynin yuxarıda təsvir et­diyi quruluşa nisbətən dəfələrlə mürəkkəbləşməsinə səbəb ol­muşdur. Elmin quruluşu və ya anatomiyası dedikdə, müx­­təlif baxışlı, müxtəlif bacarıq kateqoriyalarına mən­sub, müxtəlif ixtisaslı elmi işçi qrupları və onların qarşı­lıq­lı əlaqələri başa düşülməlidir. Elm aləminin öz daxilin­də­ki münasibətlər və onun ictimai mühitlə əlaqələri olduqca mü­rəkkəbdir. Bu mürəkkəblik elə suallar meydana çıxarır ki, bilavasitə elmin özünə istinadən onları həll etmək çə­tin­dir, bəzən isə mümkün deyil. Belə hallarda sənət kö­mə­yə gəlir.

Rəssamın işinə, bəstəkarın axtarışına, lap adicə divar hörülməsinə tamaşa etmək nə qədər maraqlıdır! Yeninin ya­radılmasına şahid olmaq yaradıcılığın özü qədər hə­yə­can­­landırıcıdır. Bahar təbiət yaradıcılığının ən məhsuldar çağıdır. Biz baharı bir də buna görə sevirik ki, saysız-he­sabsız yenilik yaranır. Biliyin yaranması prosesi də belə bir həyəcan qaynağı ola bilərdi, lakin bu prosesi müşahidə etmək çox çətindir. Bilik bir gündə deyil, aylarda, illərdə yaranır.

Boynuma almalıyam ki, məni elmi işə çəkən bu sa­hədə öz gələcəyimə inam və ümiddən çox, elm aləmi haq­qında sehrli nağıllara oxşar təsəvvürlərim olmuşdur: mö­cü­zəli sınaqlar, qeyri-adi söhbətlər, mübahisələr.

Elmi tədqiqat institutlarına düşdüyün gündən belə bir aləmi hey axtarırsan, lakin gördüyün adilikdən başqa bir şey olmur: öncə tanıdığın adamlardan seçilməyən adam­lar, indiki evlərdə işlənən qurğulardan (radioqəbul­edi­ci, televizor və s.) çox da mürəkkəb olmayan cihazlar. Son­ralar bəlli olur ki, qeyri-adilik elə bu adiliklər içə­ri­sin­də elmi yeniliyin yaradılmasıdır.

Böyük alim və sənətkarların adi şeylərdən danışması ilk vaxtlar sizi acıqlandırır, onların nə vaxt elmin möcü­zə­lərindən, kəşflərini necə etdiklərindən danışacaqlarını həs­rətlə, səbirsizliklə gözləyirsiniz. Sonra başa düşürsünüz ki, onların belə davranışının səbəbi, sadəcə olaraq, utan­caq­lığa oxşar bir hissin nəticəsi imiş. Axı, elmi söhbətlər on­ların mənəvi varlıqlarının ən səmimi və ən qiymətli his­sə­sidir. Onların açıq-saçıq söylənilməsi, dinlənilməsi utan­caq­lıq hissi doğurur: “Bəlkə hisslərim əks-səda tapa bil­mə­di, bəlkə ona inanmadılar” bir sözlə, hisslərin təhqir olun­maq qorxusu...

Beləliklə, elmi işçilər də sənətkarlar kimi çox vaxt söh­bətlərini uzaqdan başlayıb, ən səmimi düşüncələrinə gə­rəksiz bir şey kimi ehtiyatla toxunub uzaqlaşdıqlarını, hə­yəcanlandıqlarını hiss edirsən. Bu sahədə xeyli təcrübəli olanlar özlərini belə haldan zarafat və ya qeyri-sə­mi­mi­lik­lə qurtarırlar. Bir elmi işçinin başqa biri ilə ilk tanışlığı za­manı: “P.S.Aleksandrovun ölçülülüyün homoloji nəzəriy­yə­sinə sizin münasibətiniz necədir?” sualına elm haqqında zəif oçerklərdə rast gələ bilərsiniz.

Göründüyü kimi, elm adamının öz səmimi düşün­cə­lərinə, hisslərinə yanaşması, əsil sevənlərin öz ürək duy­ğu­la­rına yanaşması kimidir. Belə duyğularla yaşayan adamlara sənətin necə gərəkli olduğunu anlamaq çətin de­yildir.

Elmi iş öz təbiətinə görə kollektiv fəaliyyət sahə­si­dir. Gözlənilən məqsəd isə bütün dövrlərin, ölkələrin elm adam­larının axtarışlarının nəticələri uzlaşaraq, dünyadakı qay­danın daha aydın elmi şəklini verməkdən ibarətdir. Elm adamları bir rəssam kollektivi kimi bu böyük, bu son­suz mükəmməlləşən lövhənin ayrı-ayrı parçalarını, fraq­ment­lərini “yaradırlar”. Dünyanı bir vəhdət kimi görmək məq­sədi güdən bu yaradıcılıq, insanın bütün imkanlarının sə­fərbərliyini tələb edir. Təəssüf ki, bu imkanların çoxu bir-birini inkar edir və eyni şəxsiyyətdə onların hamısına bütövlükdə rast gəlmək çox çətindir. İdeal elmi işçi aşa­ğıdakı xüsusiyyətlərə malik olmalı idi:


  • İstədiyini asanlıqla yadda saxlamaq, asanlıqla da unutmaq;

  • Hər şeyi onu təşkil edən hissələrə parçalayıb, his­sə­lər və onların əlaqəsi şəklində görə bilmək, eyni za­man­da, hər şeyi tam görə bilmək;

  • Universal həssaslığa malik olmaq, istənilən vaxt öz həs­saslığını konkret istiqamətə yönəldə bilmək;

  • Yüksək dərəcədə xəyalpərəstlik və istənilən vaxt yerə enə bilmək – realistlik, gerçəklik duyğusu;

  • Elmin nəhayətsizliyinə inam, eyni zamanda, onun ayrı-ayrı məsələlərinə nəhayəti olan bir iş kimi baxmaq;

  • Yüksək emosionallıq, yüksək tənqidi ağıl;

  • Qaydaya hörmət, ona əsir olmamaq, onu poza da bilmək və s.

Bu siyahını uzatmaq da olardı. Lakin, bir-birini inkar edəcək qədər əkslik təşkil edən bu xüsusiyyətlər bir fərddə toplana bilməz, başqa sözlə heç bir fərd təklikdə elmə aid bütün xüsusiyyətləri özündə cəmləyə bilməz. Bu xüsu­siy­yətləri özündə cəmləşdirən ayrı-ayrı fərdlərin toplusu – in­san­lıq, bəşəriyyətdir.

Beləliklə də, dünyanın mükəmməlləşən elmi şəkli in­sanlığın kollektiv intellektinin məhsuludur. Buradan gör­mək olar ki, elm adamları bəzilərinin düşündükləri kimi heç də standart xüsusiyyətli adamlar deyildir. Bununla be­lə, iş üslublarına görə elmi işçiləri iki qrupa ayırmaq olar.

Bunlardan birinin iş üslubu müəyyən şəklə malikdir. Onları tez tanımaq olur, hər şeydə səliqəlidirlər: geyimdə, danışıqda, yazıda... İşlədikləri cihazlarda bir təzə gəlin yaraşığı olar, iş yerləri cana yatar. İşdə dəqiqlik, elmi mü­bahisələrdə təmkinlilik, səbirlilik onlar üçün çox səciy­yə­vi­dir. Yarımçıq qoyduqları işi başlamaq üçün onlara uzun vaxt lazım deyil – tez köklənirlər. Bu adamlar olmasaydı elm sxolastikadan – cansız, quru mühakimələrdən yaxa qur­tarıb bugünkü həyati qüvvəsinə malik ola bilməzdi. Qə­ribə ideyaları qüvvəyə çevirən, işə çevirən, onların hə­qiqilik sərhədini müəyyən edən bu adamlardır.

İkincilərə gəldikdə isə vəziyyət bambaşqadır. Onlar, adətən, səliqəsizdirlər, özlərini xarici aləmdə qayda tap­ma­ğa həsr edən bu adamların işində bir qayda görmək çox çətindir. Ardıcıl işdən doğan yeknəsəqliyə dözmür, qəribə sualları, yekəxana fikirləri, elmi çəkilərinə uyğun olmayan başabəla məsləhətləri ilə gərgin ab-hava yaradırlar. Mü­tə­madi zəhmət tələb edən işlərdə, adətən, müvəffə­qiyyət­siz­likdən başqa bir şey tanımayan bu adamların məqsədi tə­biətdə yeni qaydalar görmək, açılmış qaydalar arasında körpü salmaq, intellektual narahatlığa səbəb olan suallara birdəfəlik cavab tapmaqdır. Bir sözlə, onlar özlərini elmin kəşfiyyatçıları adlandırırlar. Ancaq axtardıqlarının nə şək­li­ni, nə axtarış qaydasını, nə də harada axtarmaq lazım ol­du­ğunu bilirlər. Belə bir iş çətin olduğu qədər də ma­raq­lı­dır.

Elmdə həmişə gedilməli bir yol varsa, o da gedilmiş yol­la getməməkdir. Bu yolda “törədəcəyin əngəlləri”, ba­şı­na gələ biləcək “bəlaları” qabaqcadan görmək olur, lakin kimsənin getmədiyi bu yolda əldə edəcəyin “qazanc” haq­qında qabaqcadan nə demək olar?

Yeni ilk baxışda, ağlabatan olmur. Onun əhəmiyyəti haqqında hələ təsəvvür yaranmamış bizi, köhnə təsəvvür­lə­rimizi alt-üst etməklə hədələyir. Elmin özündə də həqi­qət­lə səhvi ayırd etmək bütün hallarda düşündüyümüz qə­dər asan deyil. İnsanın nə üçün əsrlərlə kobud bir səhvə inan­dığına və nə üçün həqiqətə inanmadığına sonradan təəc­cüblənməsi təbiidir. Bir gün tədqiqatçılardan birinin dü­şüncəmizdə keyfiyyət sıçrayışına təkan verən yenilik gətirəcəyi ümidi ilə bütün çətinliklərə dözməli oluruq. Bu qəbildən olan çətinliklər elmi işçi psixologiyasına xüsusi çalar verir və onda sənətə xüsusi ehtiyac doğurur. Buradan elə nəticə çıxarılmamalıdır ki, birinci qrupa mənsub elmi işçilərin və başqa fəaliyyət sahəsində çalışanların sənətə eh­tiyacı azdır. Söhbət yalnız bu ehtiyacın xüsusiyyətindən gedir.

Bütün dövrlərdə yaşayan elm adamları üçün ümumi cəhətlərdən biri də emosionallıqdır. Yüksək dərəcədə emo­­sionallıq! Sənətkarlar da belədir. Bu hal yaradıcılıqla bağlı ümumi bir xüsusiyyətdir. Alimin öyrəndiyi xarici aləmdə də, onun öz daxili aləmində də, rəngarəng emosi­ya­lar üçün səbəb saysız-hesabsızdır.

Nar çiçəyinə baxın. Qəlbinizə çəkisiz bir sevinc do­la­caq. Sonra bu sevinc uzaqlaşacaq. Heyrət hiss edəcək­si­niz: nə üçün bu rəng belə gözəldir, bu nə qaydadır? Tək­rar-təkrar özünüzə verdiyiniz sualların cavabsızlığı sizi qüssələndirəcək, sanki qalxa bilmədiyiniz bir yüksəklik qar­­şısındasınız. Belə hallar bir anda keçir. Maddi var­lığı­nızla, yaşayışınızla bilavasitə əlaqəsi olmayan və ilk baxış­dan adi görünən bir şey sizi belə haldan-hala sala bilirsə siz­də elm adamı üçün zəruri olan əlamətlərdən biri vardır. Yük­sək emosionallıqla bərabər, 3-4 yaşlarında özünü gös­tərməyə başlayan xarici aləmə maraq, heyranlıq, bilikse­vər­lik sizdə yaşamaqdadır və dünya sizin üçün adiləşmə­mişdir. Elmi yaradıcılığa həvəs bu mənada “dünya adiləş­məmiş” tərbiyə olunmağa başlanmalıdır, başqa sözlə, uşaq bağ­çasında. Hələ bu yaşlardan istər şəxsiyyətin forma­laş­ma­sında, istərsə də bilik və elm tədrisində sənətin əvəz­edilməz rolu vardır.

Əvvəl deyildiyi kimi, xarici aləmdəki qanuna­uy­ğun­luq, qayda gözəlliyi, ahəngi, heyrət və qəribəliyi ilə aləmi özü­nə cəlb edir. Sanki bu qaydanın açılması üçün təbiət insanda hisslər cığırı “yaratmışdır”. Böyük alman şairi Gö­te­nin sözləri ilə desək: “...onsuz (gözəlliksiz) bu qanunlar biz­dən gizli qalardılar”. Buna görə də bilik və elm öyrət­mək­lə yanaşı, tədrisin əsas məqsədlərindən biri də hiss­lə­rin həssaslığı tərbiyəsi olmalıdır. Bunun üçün dərsdən­kə­nar tədbirlərdən əvvəl məktəbdə keçilən fənlərin özünün imkanlarından istifadə etmək lazımdır. Fizika, kimya, ri­ya­ziyyat, biologiya, coğrafiya kimi fənlərin tədrisi biliklə bə­rabər dünyaya bir qəribəlik, möcüzə, ahəng, heyrət qa­y­nağı kimi baxmaq vərdişi verməlidir. Sənətə aid fənlər isə, etika, əxlaq kimi ictimai məqsədlərdən başqa, gözəlliyə eh­tiyac, onu hər şeydə görə bilmək həssaslığı tərbiyə et­mə­lidir. Təəssüflə qeyd etmək lazımdır ki, ədəbiyyat, rəsm, musiqi dərsləri çox vaxt ancaq bilikləndirmə vasitəsi kimi tədris olunur. Belə halda bu fənlər bilik almaq üçün, şəxsiyyətin formalaşması üçün vacib olan estetik ab-hava yaradan bir vasitə kimi istifadəsiz qalır. Çox güman ki, öz dövründəki tədrisin bu cür quruluşundan təsirlənən Eyn­şteyn yazırdı: “Əslində indiki tədris metodlarının müqəd­dəs biliksevərlik hissini təmiz yox etməməsi bir möcü­zədir. Çünki bu zərif bitki üçün qulluqla bərabər bir də sər­­bəstlik lazımdır”.

Orta məktəb illərində uşaqların sənətlə ilk təması on­ları ömürlük sənət “əsiri” etməlidir. Axı, onlar bu yaşda sə­nəti sənətə məxsus bir hisslə qavrayırlar. Bu yaşlarda tə­biət bilik mənbəyindən çox estetik həzz mənbəyi kimi da­ha həvəslə qəbul olunur. İnsanda sənət – elm kör­pü­sü­nün əsası belə qoyula bilər, biliksevərlik belə tərbiyə oluna bilər. Şübhəsiz, orta məktəbdə alınan bilik elmi axtarış üçün bəs deyil, o sonra təkmilləşdirilir. Biliksevərlik isə hələ orta məktəbdə mükəmməl olmalıdır. Sonradan yaran­mış biliksevərlik hesabına, yaxşı halda, dərin məlumat sa­hi­bi olarsan. Bu baxımdan şagirdlərin keçilən dərsi qüsur­suz təkrar etməsi həmin dərsin hələ tam mənimsənilməsi de­yil. O, kompasdan, kristaldan, ağ işığın spektrindən və s. danışdıqda, biliklə bərabər bir heyrətli həyəcan keçir­mir­sə və ya hər şeyi tam aydın hesab edirsə bunu necə mə­nim­səmə adlandırmaq olar. Son dərəcə qəribə və yuxu ki­mi ecazkar gerçəkliklərə “bilərəkdən” soyuq münasibəti ne­cə izah etmək olar? Öz-özlüyündə təbiət hadisələrinin hər biri biliksevərlik aşılamaq üçün kifayət qədər ma­raq­lı­dır. Belə olduğu halda orta məktəb şəhadətnaməsi almış, baş­qa sözlə, külli miqdarda təbiət hadisələrinin ma­hiyyə­ti­ni öyrənmiş şagirddə biliksevərlik olmamasını necə izah et­məliyik? Deməli, fənlərin tədrisi yalnız bilik vermək məq­­sədi güdmüş, biliksevərlik aşılaya bilməmişdir.

Yaradıcılıq qabiliyyəti adətən, şagirdin sənətlə əla­qədar fənlərə münasibətində özünü göstərir: şer, hekayə yazmaq, şəkil çəkmək, aktyorluq etmək həvəsi... Orta mək­təb şagirdinin nədə isə qanunauyğunluq axtardığına nadir hallarda rast gəlmək olur. Təbiət elmlərinə aid bütün fənlərdən müvəffəq qiymət almaq hələ şagirddə bu sahəyə uy­ğun istedad olduğunu göstərmir. Bu baxımdan bir az “tə­biətçi” olub lakin müvəffəqiyyətsiz sənət azarkeşi ol­maq daha ümidverən göstəricidir.

Bizim təhsil sisteminin üstünlüklərindən biri də bu yaş­larda ixtisaslaşmaya yol verməyib, hərtərəfli inkişafı əsas götürməsidir. Bu üstünlüyə Eynşteyn də çox böyük qiy­mət vermişdir. “Ciddi sistem, tez ixtisaslaşmaya tələs-mək mədəni həyatı və son nəticədə onunla əlaqədar xüsusi elm sahələrinin çiçəklənməsi üçün zəruri olan ruhu öldü­rür”. Sənətdə, elmdə özünü belə tez “tapmaq”, başqa sözlə kim olduğunu tələsik müəyyən etmək, çox hallarda əsas is­tedadı istifadəsiz itirmək deməkdir. Sənətsevərliyin nəti­cəsi olan romantiklik elm adamına onun bütün ömrü boyu özü­nü axtarmağa sövq eləyən bir azadlıq verir. İllərlə həl­linə can atdığın bir məsələnin sənin üçün köhnəlməsi bir çox halda sənin özünün köhnəldiyini göstərir. Deməli, səni axtarışa çağıran o sehrli səsi daha eşitmirsən, ürəyində o hə­yəcan bulağı daha çağlamır.

Beləliklə, sənətə aid fənlərin tədrisində sənət, təkcə bi­­lik kimi öyrənilmir, həm də gələcək şəxsiyyətin forma­laş­­masına səbəb olur, başqa biliklərin mənim­sənilməsi üçün münasib emosional mühit yaradır. Tədrisə belə mü­na­­sibət bəsləyən müəllim peşəkar deyil, yara­dıcıdır. Çünki sənətin, elmin yaranmasının standart qaydası olmadığı ki­mi, təbliğinin də standart qaydası yox­dur. Elmdə ən böyük xid­mət­lərdən biri də başqalarını bu işə həvəsləndirməkdir. Elmi yaratmaq və elmə yeni adamlar cəlb etmək elm ada­mı­nın işinin əsas iki cəhətidir. Müəllimin, alimin bu sa­hə­dəki müvəffəqiyyəti onun mədəniyyətindən, eləcə də dün­ya­görüşündən asılıdır. Bəzən təbiətşünaslıq fənlərinin təd­ri­sində emosional mühiti müəllimlər özləri yaradırlar. Mə­nim tanıdığım kimya müəllimlərindən birinin şagirdləri kim­ya olimpiadalarında birincilik qazanır və ali məktəb­lə­rimizin kimya fakültələrinə müvəffəqiyyətlə qəbul olunur­lar. Bu müvəffəqiyyətin səbəbi təkcə müəllimin öz fənnini dərindən bilməsi deyil. Həm müəllimin sənətsevərliyindən do­ğan işıqlılıq, həm sözünün ürəyə yatımlılığı, həm də əla­qəli və yerində deyilmiş bədii parçalar sinifdə uyğun emo­sional mühit yaradır. Beləliklə, kimyada çatışmayan es­te­tik məlumat paralel estetik məlumatla əvəz olunur. Söz­süz, müəllim öz fənninin estetik cəhətini görə bilməyə, hiss etməyə qədər yüksələ bilmişsə, dediklərinin şeirlə, ya başqa bir yol ilə qüvvətləndirilməsinə ehtiyac yoxdur. Onun dedikləri şeir təsiri buraxa bilər. Məsələn, Azərbay­can SSR EA-nın müxbir üzvü Heydər Əfəndiyev belə bir müəllimlik qabiliyyətinə malik idi. O, daşlardan, torpaq­dan, onların kimyəvi tərkibindən və s. başqa “adi” şey­lər­dən elə danışardı ki, biz “adi” sözünü birdəfəlik lüğətdən atmaq istərdik – dünyada adi şey yoxdur, adi subyektiv münasibətlər var. Onun dərsləri təkcə öz fənni üçün deyil, bütün dərslər üçün emosional mühit yaradacaq qədər təsir­li olurdu. Biz akademik Şəfahət Mehdiyevin mühazi­rələ­ri­ni də eyni həvəslə dinlərdik. Onlar dərslərində sənətin sehr­kar təsirinə birbaşa müraciət etməzdilər.

Heydər müəllim auditoriyaya sanki bizimlə ən səmi­mi hisslərini bölüşməyə gəlirdi. Azərbaycan dilini bilmə­yən adam onun mühazirəsini dinləsəydi, söhbətin mineral­lardan, kimyəvi elementlərin yer qabığındakı dövranından getdiyini zənn etməz, danışığın sənətdən getdiyini güman edərdi. Onun heyranlıqla söylədiklərinə heyran olmamaq çətin idi.

Şəfahət müəllimin mühazirələri isə emosiyasız, ciddi olardı. Ancaq onun mühazirələri emosiyanı bizim özü­müz­də yaradırdı. Onun ümumi geologiya haqqındakı söh­bət­lərində biz hər şeyin rəngini görür, formasını hiss edir­dik. Bu müəllimlərimizin müvəffəqiyyəti öz fənlərini çox dərindən bilmələrindən əlavə sənətlə yaxın əlaqələri he­sa­bına idi. Biz sonralar onların bədii yaradıcılıq istedadına və təcrübəsinə də malik olduqlarını bildik.

Şəxsiyyətin formalaşmasının əsas cəhətlərindən biri də həyat məqsədinin müəyyənləşməsidir. Bu işə sənət güclü təsir göstərir. Sənət bizi ictimai, bəşəri məqsədləri ba­şa düşməyə, onlara xidmət etməyə hazırlayır. Sənət əsər­lərinin ən qədim nümunələrində belə, insanın dünya vəh­dətinin ayrılmaz hissəsi olduğu fikrini oxumaq müm­kün­dür. Onlar hamısı öyrədir ki, insan yaratdığında yaşa­yır. Böyük sənət pərəstişkarı P.Aleksandrov elmi işçilər haq­qındakı məqalələrinin birində yazır: “Məncə, alim psi­xo­logiyasının əsas cəhətlərindən biri onun özünü bir döv­rün, ölkənin bütün mənəvi həyatının iştirakçısı hesab et­mə­sidir. Daha yüksək hallarda isə o, özünü insanlığın mə­nəvi həyatının iştirakçısı hesab edir və buradan irəli gələn məsuliyyətini hiss edir”. Belə məqsədlərin təbliğinə yö­nəl­miş çoxlu bədii əsər də misal göstərmək olar. Məsələn, Emil Zolyanın “Doktor Paskal” əsəri. Əsərin qəh­rə­manı dok­tor Paskal keçmişi və indisi olan bir zadəgan ailə­sin­dən­dir. O, qohumları arasında ruhi xəstəliyin tez-tez baş ver­məsini müşahidə edir. Buna görə də Doktor Paskal hə­kimlik fəaliyyətini dayandırıb öz nəslinin xəstəlik tarixini öyrənməyə başlayır. Bu yolda elmi maraq xatirinə nəslinin zadəganlıq şöhrətindən, maddi rahatlıqlardan əl çəkməli olur və şöhrətpərəst ananın ciddi müqavimətinə rast gəlir. O, yüksək mənəvi keyfiyyətli bir alim kimi öz nəslinin zadəgan şöhrəti ilə deyil, bəşəri məqsədlə elmə gətirəcəyi yeniliklə yaşamaq istəyir.

Alimin belə bir bəşəri məqsədi müstəqil formalaşsa da, sənətin də ona haqq qazandırdığını gördükdə o öz məq­sədinin doğruluğuna bir daha inanır və dönmədən özü­nü bu məqsədə həsr edir. Bu məqsədə qulluq edərkən eqosentrizm kimi xüsusiyyət aradan götürülür və alim özünü eyni məqsədlilər cəmiyyətinin üzvü sayır. Məq­sə­din böyüklüyü həmkarları yoldaşa çevirir. O, yoldaşların çoxluğunda, müvəffəqiyyətlərində öz məqsədinə daha bir inam tapır. Bu fikri Eynşteynin aşağıdakı yazısında da oxu­ya bilərik: “İmkan daxilində xarici aləmi fikrim ilə əha­tə edə bilməyi yarımşüurlu-yarımşüursuz özümə ali məqsəd seçmişəm. İstər keçmişdə yaşayanlardan, istərsə də müasirlərimdən belə fikirləşənlər öz dünyagörüşləri ilə birlikdə mənim vahid və dəyişməz dostlarım olmuşlar”.

İndiki elm üçün kollektivlik və böyük yaradıcı kol-lek­tivlərinə ehtiyac çox səciyyəvidir. Belə kollektivlərin mü­vəffəqiyyətlərini haqqında danışdığımız məqsəd olma­dan ağıla gətirmək çətindir. Bir-iki əsr bundan əvvəl alim tək­liyə çəkilib öz düşüncələri ilə yaşaya bilərdi. Lakin in­di, həyatın bir vəhdət kimi daha da yetkinləşdiyi bir za­man­da bu mümkün deyil, hər bir alim həm də öz ölkəsinin vətəndaşıdır. Onun öz ölkəsində və ölkəsindən xaricdə olan­lara laqeyd qalması mümkün deyil. Belə olduğu halda, elmdə sənətin təsirinə həmişəkindən daha artıq ehtiyac var­dır və gündən-günə də artır. Bu münasibətlərin həyat vəh­dətinə qulluq edəcək bir səmtə yönəldilməsində başqa ic­timai tədbirlərlə yanaşı sənətin böyük rolu olmalıdır. Ame­rika yazıçısı Mitçel Uilsonun “Şimşəklə yaşa” ro­ma­nını buna misal göstərmək olar. Romanda elmi kəşflərdən in­sanlıq əleyhinə istifadə edilməsinə qarşı etiraz təbliğ olu­nur, bu məqsədlə tədqiqat işlərini dayandıran alimlərə haqq qazandırılır. Yeri gəlmişkən, göstərmək lazımdır ki, M.Uilsonun bu əsəri və başqa romanları da başqa üstün­lük­ləri ilə birlikdə, elmi işçi psixologiyasını çox gözəl açır. Bu təsadüfi deyildir. O, eyni zamanda, alimdir və Fermi ki­­mi tanınmış alimlə birlikdə uzun zaman atom enerjisi, nüvə reaksiyası məsələləri üzərində işləmişdir.

Qəzetlərin xəbər verdiyinə görə, bu yaxınlarda in­gi­lis alimi beyin üzərindəki müvəffəqiyyətli sınaqlarını da­yan­dırmağı qərara almışdır. Onun fikrincə, yaddaşın kö­çü­rülməsi ilə əlaqədar elmi işlərin nəticələri pis əllərə düşsə, insana qarşı işlədilə bilər. O, belə hesab edir ki, bu kimi elmi işlərdən səmərəli istifadə etmək üçün insan hə­ləlik təhlükəli sınaqları dayandırıb, ictimai elmlərlə məşğul olsa yaxşıdır.

Bu hal Openheymerin atom bombası əleyhinə çıxı­şını və başqa görkəmli alimlərin oxşar çıxışlarını yada sa­lır. Bütün bunlar sənət zəminində insanlıq naminə ya­ran­mış böyük məqsədlərin nəticəsidir. Gənc ingilis aliminin öz böyük elmi kəşfindən imtinası onun qəlbən şair ol­du­ğuna şübhə yeri qoymur. Openheymerin isə böyük sənət­se­vər olduğu məlumdur. Belə alimlər öz vətənini ədalət­siz­likdən çəkindirməyə çalışaraq, dünya vətəndaşlığına qə­dər yüksəlir, eyni zamanda, öz ölkələrinin böyük vətəndaşı olurlar.

Sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duy­ğu­nu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. Böyük fransız alimi Paster demişdir: “Elmin vətəni yoxdur, lakin alimin vətəni olmalıdır”. Paster bir çox ölməz kəşflərini doğ­ma vətəni Fransanın həyati tələbləri ilə əlaqədar etmiş­dir. Başqa sözlə, onu bu elmi rəşadətə yönəldən vətəni idi. Ancaq o, elə bir ilhamla işləmiş, elə kəşflər etmişdir ki, bü­tün insanlıq faydasını görmüş, görür və görəcəkdir. Bu mənada yaxşı elmin, yaxşı sənətin vətəni yoxdur, o bütün dünyanın, bütün insanlığındır. Necə deyərlər, yalnız zəif elm, zəif sənət konkret coğrafi məkana bağlanıb qalır, ya­ran­dığı yerin sərhədlərini aşa bilmir.

Zəmanəmizdə vətəndaşlıq hissinin elm üçün xüsusi əhə­miyyəti vardır. Bu, elmin müasir dünyamızdakı rolu ilə əlaqədardır. Xalqlar bəşəriyyətin siyasi və mədəni tari­xin­dəki xidməti ilə tanınır. Bu baxımdan rus alimi Fransada da işləmiş olsa, yenə də rus xalqının intellektual imkanını nümayiş etdirir. Lakin indi alimin hansı ölkədə işləməsi və hansı suallara cavab axtarmasının başqa bir əhəmiyyəti də vardır. Axı, müasir dövrümüzdə hər bir ciddi elmi nəzə­riy­yənin tətbiq olunma imkanı böyükdür. Həm də nəzəriyyə yük­sək olmayan bir ölkədə tətbiq yüksək ola bilməz. Bir ölkədə elmi səviyyə yüksək deyilsə, orada başqa ölkələrin elmi və texniki nailiyyətlərindən də səmərəli istifadə edilə bil­məz. F.Engelsin sözləri ilə desək: “Elmin yüksəkliyində dur­maq istəyən millət nəzəriyyəsiz ötüşə bilməz”. Ona gö­rə də ölkənin müasirliyini və qüdrətini xarakterizə edən gös­təricilərdən biri də onun elmi-texniki işçilərinin sə­viy­yəsi və sayıdır. ABŞ-a Avropa, Asiya və Afrika ölkə­lərin­dən alimlərin axını indi bu ölkələr üçün milli bəlaya çev­ril­mişdir. Bu axını mətbuatda “beyin axını” adlandırırlar. Başqa ölkələrdən ABŞ-a keçən minlərlə ixtisasçının sayı hər il artır. Qəribə burasıdır ki, bu axının çox hissəsi in­ki­şaf etməyə başlayan ölkələrdəndir; halbuki öz ölkələrinin belə adamlara daha çox ehtiyacı var. Söz yox ki, Avropa ölkələrindən olan axının səbəbi ilə bu ölkələrdən olan axı­nın səbəbi eyni deyildir. İngilis qəzetlərinin birinin yaz­dı­ğı­na görə, yeni inkişaf etməyə başlayan ölkələrdə mütə­xəs­sislərə ehtiyac olmasına baxmayaraq, onların ölkədən get­məsinə bir sıra hallarda siyasi əmin-amanlıq kimi ba­xır­lar və bu hadisənin bir milli bəla olduğunu belə hiss etmirlər. Göstərmək lazımdır ki, “beyin axını” məsələsi heç də yeni deyildir. Vaxtı ilə bu axın üçün mərkəz, Av­ro­pa, xüsusilə İngiltərə olmuşdur. Hələ indi də İngiltərə uni­ver­sitetlərində çalışan başqa ölkələrdən gəlmiş mütəxəs­sis­lərin sayı az deyildir. Onların çoxu Asiya və Afrika öl­kə­lərindəndir. Mən onların böyük əksəriyyətində vətən­daş­lıq duyğusu görmədim, çünki bu adamlar öz sənətlərinə utilitar münasibət bəsləyir və heç bir ictimai məqsəd güd­mürlər. Onlar özlərinə bəraət qazandıraraq deyirlər ki, biz və­təndaşlıq duyğusuna gərəksiz bir yük kimi baxırıq. Əl­bəttə, vətənsiz ixtisasçıların beynini istismar etmək üçün be­lə bir fikrin təbliği əlverişlidir. Lakin bu o demək de­yil­dir ki, bu ölkələrdə mütərəqqi sənət yoxdur.

Mən İngiltərədə elektronika sahəsində ixtisaslaşan bir pakistanlı ilə tanış oldum və sevinərək qeyd etdim ki, si­zin kimi mütəxəssislər Pakistana indi daha çox lazımdır. O məni başa saldı ki, heç Pakistan haqqında düşünmür, gü­nü harada xoş keçirsə, ora vətənidir. Onun heç bir əzab çəkmədən dediyi bu sözlər məni heyrətə gətirdi. Axı belə adam­la adi maşın arasında nə fərq var?!

Belə meyllər Qərbdə ciddi-cəhdlə təbliğ olunur. Əl­bəttə, bu, “köçmüş beyinlərin” sayını artırmağa xidmət edir.

Hind alimi Roman Leninqradda olarkən ona sual ve­rir­lər:


  • Sizinlə birlikdə oxuyanların bir çoxunun elmi nailiy­­yətlərini nə ilə izah edə bilərsiniz?

O :

– Biz orta məktəbdə oxuyarkən and içdik ki, yaxşı oxuyub İngiltərədən Hindistana gələn müəllimləri əvəz edək, – deyə cavab vermişdir. Bu müsahibə vətəndaşlıq duy­ğusunun elmi nailiyyət üçün çox böyük stimul ol­du­ğu­nu göstərən yaxşı bır misaldır. Belə misallardan çox gə­tir­mək olar. Ancaq özlüyündə də aydındır ki, aləmdə öy­rə­ni­lə­si sualların sayı çoxdur, lakin alim onların arasından bi­rin­ci növbədə öz xalqı, öz vətəni üçün birbaşa lazım ola­nını seçməlidir. Bu, eyni zamanda dünya üçün də qiymətli ola­caqdır.

Mümkündür ki, hind aliminin işlədiyi elmi prob­le­min nəticəsindən istifadə etməyə hələ Hindistanın öz im­ka­nı olmasın. Bu nəticədən İngiltərə bəhrələnirsə, deməli, beynin istismarı üçün hindlinin İngiltərəyə keçməsi yox, onun İngiltərə sənaye və texnikasına lazım olan bir məsələ ilə məşğul olması kifayətdir.

Bir sözlə, alimin öz yaradıcılıq imkanından düzgün is­tifadə etməsi üçün onun vətəndaşlıq duyğusunun güclü olması həlledici rol oynayır.

Dediklərimizdən belə nəticə çıxarmaq olmaz ki, insan bir coğrafi mühitlə həmişəlik bağlı qalmalı, vətə­nin­də elmin inkişafı naminə başqa daha münasib imkandan istifadə etməməlidir. Əksinə, bu onun həm vətəndaşlıq, həm də alimlik borcudur. Eynşteynə görə “alim elə olma­lı­dır ki, öz borcuna ağır bir vəzifə kimi yox, qiymətli bir hə­diyyə kimi baxsın”.

İnsanlıq borcumuzu şirin bir arzuya, qiymətli və əvəz­­siz bir hədiyyəyə çevirən sənətdir!

Sənətin bilavasitə elmi yaradıcılıqda rolu nədən iba­rətdir?

Nə üçün Bolsman özünü Şillerə borclu hesab et­miş­dir?

Elm adamı üçün ən çətin və mənasız vaxt beynin qarmaqarışıq fikirlərin təsiri altında olduğu anlardır. O xarici aləmdə axtardığı, tapmaq istədiyi qaydanın ahəngini hiss etmirsə, xəyal xaosda dolaşırsa, bu üzücü boşluğu mu­siqidəki, tablo və ya şeirdəki ahəng doldura bilər. Be­lə­liklə, sənət alimi dərk olunmuş qaydaya ehtiyacını, onu gör­məyə həssaslığını artırmaqla birlikdə itirilən qaydanın gö­zəllik ağrıları üçün bir dərman, yeni qaydaların tapı­la­ca­ğına ümid verən bir vasitə olur.

Heç təsadüfi deyildir ki, insanın ilk elmi nailiyyətləri göy cisimlərinin yerləşmə və hərəkət qanunları ilə əla­qə­dardır. Biz sadə ahəngin ilkin səbəbini göydəki ulduzların, planetlərin yerləşməsində və hərəkətində duya bilmişik.

Qədim yunanlar elə hesab edirdilər ki, göy cisim­lə­ri­nin qanunauyğun hərəkəti mürəkkəb bir musiqi yaradır. İn­san bu “musiqinin səsini eşitmir, ancaq onu duya bilir”. Ulduzlar təkcə okeanlarda gəmilərə, səhralarda karvanlara deyil, habelə insan zəkasına yol göstərmiş, onu müasir el­min nailiyyətlərinə qədər yüksəldə bilmişdir. Göy cisim­lə­ri­nə Şərq poeziyasındakı münasibəti onun yalnız karvan yol­ları üçün əhəmiyyətli olması ilə bağlayanlar nə dərə­cədə haqlıdırlar? Qədim insan naşı xəyalının gözü ilə göy­dəki nizama yerdəki qaydaların əksi kimi baxırdı.

Kepler öz tanınmış qanunlarına göydəki bu ahəngin səbəbini izləyərək gəlib çıxdı. O hesab edirdi ki, göy ci­sim­ləri düzgün həndəsi çoxüzlünün təpələrinə uyğun gəlir və bu oxşarlıq göydəki ahəngin səbəbidir. Axtarış onu da­ha mürəkkəb səbəbə gətirib çıxartdı. Çətin və qəribə taleli Kepler “kainatın sirrini” tapmaq arzusu ilə münəccimlik et­məyə də məcbur olmuşdur. Qəribə burasıdır ki, onu belə bir addım atmağa mənəvi aləminin tələbi məcbur etmişdir. Kep­ler öz vəziyyətini düşünərək deyirmiş: “Allah yarat­dıq­larını saxlamaq üçün hərəsinə bir vasitə fikirləşib. Astro­nomlarınkı isə münəccimlikdir”.

Keplerin elmi axtarışlarına gözəlliyin təsiri danıl­mazdır.

Pifaqorun musiqi ilə ədədlər arasında tapdığı bağlı­lıq onun musiqiyə heyranlığının nəticəsi deyildimi?

Sonralar bütün kainatı ədədlərlə görmək bir düşüncə tərzinə çevrilmişdir. Dünyanın miqdari təsvirindəki bu­gün­­kü qaydalar öz başlanğıcını, çox güman ki, elə buradan almışdır.

Deyildiyinə görə, müasir fizikanın görkəmli yaradı­cı­la­rından Şredinqer dalğa tənliyini yaratmaq fikrinə musi­qi haqqındakı düşüncələrinin təsiri altında gəlmişdir. Şre­dinqer dünyanı vəhdət şəklində görməyə can atan alim­lə­rin tipik nümayəndəsi idi. Sanki onun bütün həyat fəaliy­yəti qay­da­sız­lıqdan doğan intellektual narahatlıqla müba­ri­zəyə yönəl­miş­dir. Dalğa tənliyinin ehtimalla əlaqələn­diril­mə­si onun na­ra­zı­lığına səbəb olmuşdur. (Əlbəttə, haqsız ola­raq!) Axı, o hər şeydə müəyyənlik, qayda görmək istə­yir­di. Həyat kimi mürəkkəb bir sistemdə qayda – “təbiət mənzərəsinə” oxşar bir şəkil görmək arzusu da ona mən­subdur. Hitler Alma­niyasından İngiltərəyə keçən Şredin­qer – dünyada məşhur bu fizika alimi, burada bir tələbə ki­mi biologiya öyrənməyə başlayır və “Həyat fizika ba­xı­mın­dan” kitabını yazır. Bu əsər müasir biologiyanın təməli idi. Bir sözlə, sənət öz genişliyini pərəstişkarından əsir­gə­mir, ona təfəkkür sərbəstliyi, düşüncə incəliyi bəxş edir. Bir qayda olaraq məşhur alimlər ya sənətkar, ya sənət hə­vəskarı, ya da böyük sənətsevər olmuşlar. Bu halların hər bi­risi alimi elə yüksəkliyə qaldırır ki, oradan onun görmək arzusunda olduğu qayda daha aydın seçilir. Belə bir uçuş olmadan, təkcə biliklə yalnız məlum qaydaların ətrafında dolanmaq olar.

Elmi axtarışda məsələ qəribəliyi hiss etməklə bitmir. Onun səbəbini aramaq şirin bir arzuya çevrilməlidir. Bu­nun üçün alim axtarışların nəticəsini xəyalən görə bilməli, onun musiqisinə xəyalən heyran olmalıdır. Başqa sözlə onda şair xəyalı, rəssam təxəyyülü olmalıdır. İstəsəniz onu bizim dastanlardakı aşiqlərə bənzədin. Aşiqə “vergi” veri­lər­kən uzaq ölkədəki sevgilisi də gözünə görünür. O, vü­salı xəyalında canlandıra bilməsəydi, uzaq səfərdəki əziy­yət­lərə necə dözərdi?

Sənət xəyalı, fantaziyanı gücləndirən vasitədir. Ya­ra­dıcılığın bu cəhəti üçün folklorun xüsusi əhəmiyyəti var­dır. Gələcək alim nağıllardan fantaziya zənginliyi, ardı­cıl­lıq, məntiqilik və təcrübə aparmaq vərdişi alır. Nağıllar onu gördüyünün əsiri olmamaqdan azad edir. Məlum qa­nunlar çərçivəsinə sığmayan, gözlənilməz yenilik nağılla tərbiyə olunmamış beyinlərin narahatlığına səbəb olur. An­caq nağılda tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəklə qol aça bilər. Yalnız ən böyük yenilikləri nağıla bən­zətmək olar, qalanları isə gördüklərimiz kimidir.

Qədim bir yapon nağılında deyilir ki, balıqçı Ura­si­mo Paro getdiyi vaxtdan 700 il keçdiyini görür. Belə bir nağılı uşaqlıqdan eşitmiş bir adam üçün Eynşteynin səya­hətçi əkizlər paradoksu qəribə görünə bilməz. Əkizlər pa­ra­doksunda deyilir ki, onlar 20 yaşına çatdıqda onlardan biri işıq sürəti ilə hərəkət edən raketlə səyahətə çıxır və 10 illik səyahətdən sonra qayıdıb qardaşını 60 yaşında görür.

Bu baxımdan xalq yaradıcılığı, eyni zamanda, elmi suallar mənbəyi kimi də qiymətli və maraqlıdır. Deyirlər ki, təbiət ancaq ağıllı suallara cavab verir. Çoxları haqlı ola­raq hesab edirlər ki, sualın qoyuluşu üçün onun həllinə lazım gəldiyindən daha çox istedad tələb olunur. Sualın qo­yuluşunu nəticəyə gedilən yolun planına bənzətmək olar. Sonra vasitə tapıb bu yolu getmək lazımdır.

Oxşarlıq uzaqsa da, elmi məsələnin həllini adi riyazi məsələ həllinə bənzətmək olar: nələrsə məlumdur, nəyi isə tapmaq lazımdır. Belə bir məsələni həll etmək üçün mə­lu­mat­larla məlum olmayanlar arasındakı əlaqələr müəyyən edil­məlidir. Məsələdəki əlaqələr ilk baxışdan hiss olunur­sa, o sizi daha tez cəlb edir və siz onu həll edənə qədər ra­hat­lıq tapmırsınız. Bu prosesdə bildiyiniz əlaqələri, oxşar məsələləri, bir sözlə, beyninizdə bununla az-çox əlaqəsi ola biləcək nə varsa yadınıza salmağa çalışacaqsınız. Adi məsələ həlli üçün beyni çox araşdırmaq lazım gəlmir. Axı, məsələ tərtib olunarkən beynin hazırlığı nəzərə alınmışdır. Bəs sizin təbiətə verdiyiniz, ancaq özünə cavab axtarmalı olduğunuz suallar necə? Əlbəttə, müşahidə etdiyiniz ha­disədə qanunauyğunluq hiss etməyiniz və bu hissi suala çevirə bilməyiniz onu göstərir ki, beyninizin imkanı bu məsələ səviyyəsindədir. Lakin bu hələ o demək deyildir ki, siz suala cavab tapa bilərsiniz. Təbiətdəki şeylərin hansı his­sələrdən ibarət olması məsələsini insanlar hələ era­mız­dan əvvəl qoymuşlar. Həmin sualın indiki cavabını 2500 ilə yaxın bir vaxtda axtarmışlar. Hər hansı bir sualın indi və ya gələcəkdə həll olunub oluna bilməməsi öz-öz­lü­yün­də böyük elmi əhəmiyyətə malikdir. Eynşteyn ümumi nis­bi­lik nəzəriyyəsinin həlli üçün 30 il vaxt sərf etdi, lakin nəticə gözlənildiyi qədər də yaxşı olmadı. Buna görə də Eynşteynin və bir çox başqalarının yazılarında belə fikrə tez-tez rast gəlirik: “Elmin əsas qanunlarını kəşf etmək üçün məntiqi yol yoxdur. Yeganə yol fəhm yoludur. Bu yol hiss olunan aləm arxasındakı qanunauyğunluğun du­yul­masına əsaslanır”. Bəzən sadəlövhcəsinə belə hesab edir­lər ki, elmi nəticələr toplanmış faktların ümumiləş­mə­sin­dən alınır. Nəticənin xəyali bir şəkli, oxşarı məlum de­yil­sə bu faktları necə toplamaq olar. Elmi nəticəni qa­baq­cadan hiss etməyin nə dərsi, nə də qaydası var.

Məşhur yaradıcılar belə hesab edirlər ki, elmi sual müəyyən edildikdən sonra, asan yadda qalan bir şəklə sa­lın­dıqdan sonra onun cavabını axtarmaqla məşğul olmaq lazımdır. Bu o demək deyildir ki, sual unudulur. Beyin öz işini görür. Həmin sualla azacıq əlaqəsi olan bir şeyə rast gə­lən kimi o, yadınıza düşür. Günlərin bir günü sizə çaş­dırıcı bir xoşbəxtlik gətirir – evrika! – gözünüzə ümidli bir yol sataşır. Ümidin həqiqət olduğunu yoxlamaq üçün he­sab­lama aparmağa, sınaq qoymağa çox vaxt cürət çatmır. Bu cürətsizlik əsassız deyil. Axı, bir məsələni həll edib, sona çatdırınca necə gözəl ümidlərə rast gəlib, onların tez puça çıxdığını görürsünüz. Yalnız biliyə güvənərək belə bir təhlükəli səfərə çıxıb, tez qocalmaqdan başqa nə tapa bi­lərsiniz? Hələ o da yaxşı halda.

Suala cavab tapmaq üçün beyni alt-üst edib onun ən gizli döngələrini axtarmaq lazımdır. Əslində, bu da azdır. Axı, beyin qeydlər toplanmış qovluq deyil ki, siz onu adi qayda ilə alt-üst edib yoxlayasınız? Çox təəssüf ki, hələ biz beyin üzərində oxşar əməliyyatı necə aparmaq lazım gəldiyini bilmirik. Ən ümidli yol beyində qaydalı, həm də qeyri-adi fikir axını yaradılmasıdır. Bu axın yüksək dra­ma­tik – psixoloji gərginliyə malik söz sənəti, düşündürücü rəng­karlıq və musiqi əsərləri, kəskin relyefli yerlərə sə­yahət təsiri altında yarana bilər. Dostoyevskinin əsər­lə­rin­də nə nisbilik nəzəriyyəsi, nə də fizikanın başqa sahəsinə aid bir şey tapıla bilməz. Lakin orada insan beynində özün­dən xəbərsiz gizlənmiş fikirləri oyada biləcək bir qüv­və vardır, cazibəli bir mürəkkəblik vardır. Alim vacib bir iş arxasınca gedirmiş kimi dağ cığırlarında dolaşırsa, o bütün varlığı ilə bir romanın və ya bir musiqinin təsiri al­tında xəyala dalmışsa, sadəcə olaraq, öz suallarının, sorğu­larının arxasınca gəzir. Bir də az-çox elmlə tanış olanlar bi­lirlər ki, təbiət yeni qanunauyğunluq, yeni qayda “yarat­maqda” həmişə xəsisdir. Təbiət bir qaydanı mümkün ol­duğu qədər çox yerdə istifadə edir. Siz muğam din­lə­yər­kən oradakı qaydalar silsiləsində aradığınız qaydanın əsas rəs­mini tapa bilərsiniz. Beləliklə, kabinet sakitliyi diqqətin mər­kəzləşməsi məsələsinin texniki cəhətlərinin həllində, on­dan məntiqi nəticələr çıxarıldıqda və görülmüş işi mə­qalə şəklində tərtib etdikdə gərək olur.

Yeniliyin yaranmasını fantaziyasız təsəvvür etmək müm­kün deyil. Fantaziyasız yenilik axtarmaq cəhdi bil­dik­lərimizi yada salmaqdan ibarət olardı. Buna görə də məşhur kimyaçı Kekule “Gəlin xəyal etməyi öyrənək, ağalar!” – deyə dostlarına, tələbələrinə üz tuturdu. Axı, onu benzolun quruluşunu açmağa cəsarətli fantaziya gə­ti­rib çıxarmışdı. Səhv etmirəmsə, Mendeleyev fantaziyanı uçurum üzərindən körpü salmaq üçün o biri sahilə ip at­ma­ğa oxşadırdı. Bu həmişə müvəffəqiyyətli olmur. Lakin başqa yol da yoxdur. Uçurum dibsizdir, dirəklər üzərində kör­pü salmaq mümkün deyil. Sənət beyni elastikləşdirir, onun belə uçurumlar üzərindən körpü qurmaq qabiliy­yə­ti­ni, Nyutonun dediyi cürətli fərziyyələr yaratmaq bacarı­ğı­nı möhkəmlədir.

Müasir fizika üçün əyanilik anlayışı tamamilə başqa məna daşıyır – bir qədər adət olunmuş mücərrədlik kimi. İs­tər fizikada, istərsə də riyaziyyatın mücərrəd sahələrində tapıntıların həqiqiliyini sınaq və ya analitik yolla tez yox­lamaq həmişə mümkün olmur. Böyük cürət və zəhmət tələb edən bu iş üçün alınan nəticəyə etibar edilməsi çox vacibdir. Zəmanəmizin məşhur alimlərindən biri olan Di­rak nəticənin etibarlılığı üçün gözəlliyi ən əsas əlamət hesab edir. Gözəl nəticənin doğru olmasını Dirak öz ya­şın­da az görməmişdir. O hətta hesab edir ki, sınaq gözəl nəti­cə­ni təsdiq etmirsə, sınağı yoxlamaq lazımdır. Nəticə tə­biə­tin doğru qaydasını əks etdirirsə, o gözəl olmalıdır. Əlbəttə, bu gözəlliyi görmək qabiliyyəti hər kəsə qismət deyil.

Öz işini sənətkarlığa qədər yüksəldə bilmiş bir dostumun fikrincə, xarici aləmin dərk olunmasında, dün­ya­nın öyrənilməsində məsələni qoyan sənət, həll edən elm­dir. Onun obrazlı ifadəsinə görə sənət təbiətin öy­rə­nil­mə­sində strategiya, elm isə taktikadır. Ola bilər ki, bu fi­kir­lə razılaşmayanlar tapılsın. Ancaq mən şübhə etmirəm ki, dostum bir alim kimi həmişə sənətin qarşıya qoyduğu problemlərə qulluq edir.

Elmin mücərrəd məsələləri ilə məşğul olan adam­la­rın sənətin mücərrəd sahələrinə ehtiyacı daha çoxdur. Sə­nə­tin mücərrədliyi deyəndə onun qollarının bir-birinə nis­bə­tən mücərrədliyini nəzərdə tuturam. Məsələn, musiqi söz sənətinə görə mücərrəddir. Sənətin mücərrəd sahələ­ri­nə görə bu ehtiyacı akademik Y.Aleksandrova istinad edə­rək bir misalla göstərmək istərdim.

Məşhur riyaziyyatçılar – Xauzdorf və Brauer cavan­lıq­da musiqiçi olmaq istəyirmişlər: biri bəstəkar, biri pia­no­çu. Hər ikisi cavanlıqdan ömürlərinin sonuna qədər fəl­səfə ilə maraqlanmışdır. Hər ikisinin kabinetində royal var­mış və tez-tez işlərini “dayandırıb” royal arxasına ke­çir­mişlər. Hətta Xauzdorfun yazdığı pyeslər Almaniya səh­nə­lərində oynanılarmış. Xauzdorf və Brauer riyaziy­ya­tın mücərrəd sahələrində ölməz yenilikləri ilə məşhur­dur­lar. Bəlkə də hər bir yaradıcı öz həyatı ilə insanların fikir təmayülünü təkrar edir: gözəllik hissi, onun ifası – sənət; nə­hayət, bu gözəllik arxasında gizlənmiş ümumi qaydanın kəş­fi – elm! Nyutonun şeir yazması, rəssamlığı, orta əsr Şərq alimlərinin şairliyi (İbn Sina, Xəyyam, Tusi, Uluq bəy və s.) Luis Kerol, Norbert Viner və bir sıra başqa alimlərin bədii yaradıcılığı belə bir mülahizəyə əsas ola bil­məzmi?

Bütün bu dediklərimiz sənətin bilavasitə vəzifəsin­dən əlavə başqa bir vəzifəsidir.

Ümumiyyətlə, sənətin elmi yaradıcılıq üçün əhəmiy­yə­tindən bəhs edən yazıları oxumaq çox azdır, sənətin özü ilə tanış olmaq lazımdır.

İngilis alimi T.H.Haksleyin fikrincə, elmdə ən böyük faciə çirkin dəlillərin gözəl fərziyyələri məhv etməsidir. Yox! Əsla yox! Bu faciə deyil, elmin adicə inkişaf yolu­dur. Gözəl görünən fərziyyənin çirkin, çirkin görünən dəli­lin isə gözəl olduğu aşkara çıxarılırsa, buna faciə demək olar­mı? Məqsəd elmi gerçəkliyi üzə çıxarmaqdan ibarət­dirsə, elmi işçi öz fərziyyəsinin daxili çirkinliyini göstərə bilən “çirkin” dəlili müqəddəs hesab etməlidir. Bütün də­lil­lər bizim fərziyyələrimizi təsdiq etsəydi fikrin inkişafını necə təsəvvür etmək olardı? Əlbəttə, gözəl fərziyyənin çir­kin olduğunu görmək heç də ağrısız keçmir. Elm aləminə qədəm qoyanın mərdliklə qarşıladığı çətinliklərdən biri də bu olmalıdır.

Yazmağı bacarmaq üçün yazılandan imtina etməyi də bacarmalısan. Alimin böyük bəlalarından biri öz fər­ziy­yəsinin gözəlliyinə vurulub gerçəklik hissini itirməsidir. Söz yox ki, əsassız olaraq fərziyyədən əl çəkmək də düz deyil. Ümumiyyətlə, nə qədər səhv fərziyyə olursa olsun, yenisi düzələnədək, adətən, ondan əl çəkmirlər. Məşhur ri­yaziyyatçı Poyanın dediyi kimi, doğru olmayan fikirdən əl çəkmək üçün alimə ağıl mərdliyi lazımdır.

Paster deyirdi: “Mən öz ömrümü hədər itirdim”. Alimin özü üçün ən böyük faciə belə fikirdir. O səmimi ola­raq belə fikirləşirsə (əsil alim başqa cür fikirləşə bil­məz!), siz onu böyük işlər gördüyünə necə inandıra bilər­siniz? Axı o, nailiyyətlərini öz arzuları ilə tutuşdurur. Əldə etdikləri isə artıq ona adi şeylər kimi görünür. O: “mən bu­nu tapdım” deyə sevinməkdən çox “nə üçün mən bunu in­di­yə kimi anlaya bilməmişəm, burada nə var, neçə dəfə ya­nından ötüb keçmişəm...”, deyə haldan-hala düşür, “öz ümidsiz kiçikliyini” görür. Bir də o, axtarışlarını tərif eşit­mək üçün etmir, öz nailiyyətləri haqqında özünə hesa­bat verir. Bu cür faciələrin bədbəxt hadisələrlə nəticə­lən­diyi az olmamışdır. Belə hallarda həqiqətin qurbansız əldə edilə bilməməsini yada salan bir söhbət və ya yazı sizin vəziyyətinizi olduqca yüngülləşdirə bilər: nə üçün bu qur­ban mən olmayaydım? Başqa cür uzun-uzadı nəsihətlər vəziyyəti daha da ağırlaşdıra bilər. Başqalarının musiqi ilə, rənglə, forma və sözlə söylənən dərdini dinləmək, ətrafa baxıb öz aləmindən kənarda saysız hesabsız aləmlər oldu­ğu­nu görmək lazımdır. Özün kimi ümidsiz düşüncələr alə­minə çəkilənləri oyatsan, onlar üçün buluddan çıxan bir gü­nəş olsan, öz qəlbin də işıqla dolacaq. Lakin daxili alə­min sənətlə, gözəlliklə qovuşmamışsa özün və ya özgəsi sənə necə təsir edə bilər?

Sənət öyrədir ki, həqiqət aşiqi bu yoldakı əzabları bö­yük bir mükafat kimi qəbul etməlidir.

Sənət öyrədir ki, görülən işin böyüklüyü imkanla öl­çü­lür. Qabiliyyətsiz olduğundan şikayətlənməyin elə özü də qabiliyyətsizlikdir. Qabiliyyət olanını əsirgəməməkdir.

Bəs xidmətləri “qiymətləndirilməyənlər”, – dərin ol­duqları üçün müasirləri tərəfindən başa düşülməyənlər ne­cə? Onların dərdi azdırmı? Bu da faciədir. Təəssüflə qeyd etmək lazımdır ki, elmdəki kütləviliklə əlaqədar belə “fa­ciələr” daha çoxdur. Lakin Pasterin faciəsi ilə müqayisədə bun­lar adicə ağrılardır. Axı onlar bir gün qiy­mətlən­dirilə­cək­lərinə, bir gün başa düşüləcəklərinə şübhə etmirlər. Ancaq şöhrət onlara bir az tez lazımdır.

Yüksək emosionallıq, müşahidəçi həssaslığı, xəyal­pə­rəstlik elmi yaradıcılıq üçün əvəzedilməz keyfiyyətlər ol­duğu kimi, eyni zamanda, elmi işçi psixologiyasındakı gər­ginliklərin əsas səbəblərindəndir.

Aylarla, illərlə üzərində baş sındırdığımız hər hansı məsələnin bir həftə və ya yüz il sizdən qabaq həll edil­di­yini eşitdikcə özünüzü necə hiss edərsiniz?

Bəzən adama elə gəlir ki, müvəffəqiyyətsizliklərin sə­bəbi sizi əhatə edən adamlar və mikromühitdir. Yara­dı­cı­lıq mühiti müvəffəqiyyətə şansı artırıb azalda bilər, ancaq onu bir yerdə yaradıb, başqa yerdə yox edə bilməz. Başqa sözlə, qabiliyyətsizə kömək etmək, qabiliyyətliyə isə maneçilik törətmək mümkündür, ancaq heç vaxt qa­bi­liyyətlini qabiliyyətsizə, qabiliyyətsizi isə qabiliyyətliyə çe­virmək olmaz!

Hər dəfə yeni elmi jurnallara baxarkən bir-birinə zidd olan iki hiss arasında qalırsan: bir tərəfdən sualının həll olunduğunu görmək qorxusu, digər tərəfdən də sualı­nın cavabını görmək qorxusu. Bəzən məsələni həll edə bi­lə­cəyinə ümidini təmiz itirib və yaxud onun həll olun­du­ğunu görüb qüssəli bir sevinc hissi keçirirsən. Yaradıcı, dün­yada yalnız müvəffəqiyyətlərini qoyub gedir, əzab­la­rını isə özü ilə aparır. Aylar ötür, illər keçir, tapmaq istə­di­yin cavabdan ümidverici bir nişan yoxdur. Fikirli getdiyin yerdə köhnə bir tanışın səni dayandırıb sorğu-suala tutur:



  • Güzəranın necədir? İşini qurtardınmı? Maaşın nə qədərdir? Ev-eşik düzəldə bilmisənmi?

Bəli, deməli sənin daxili dramın, yuxusuzluğuna sə­bəb olan düşüncələrin heç kəsi, hətta bu köhnə tanışı da ma­raqlandırmır, sənin axtardığına ehtiyac yoxdur, insanlar bunsuz da indiyə kimi yaşamış, bundan sonra da yaşaya bilirlər. Ümidsizliyin əsassız deyilmiş, daha səndən bir şey göz­ləyən yoxdur... Bəlkə də sadə bir işdə daha böyük xe­yir verə bilərdin, bir də ki, sualına cavab tapmaqla dünya­dan sual tükənmir. Elmin böyük dühaları işə başlarkən rast gəldikləri suallardan da çox-çox suallar qoyub getdilər. Sən­dən sonra gələnlərin biri elə bir ümumi məsələ həll edəcəkdir ki, sənin sualın onun kiçik bir hissəsi olacaq, bəlkə də sənin tapdıqlarını etibarsız bir şey kimi yada salan olmayacaq. Görünür ki, məhz belə anlarda, belə fi­kir­lərin təsiri altında Blez Paskal demişdir: “Zəkanın bü­tün cəhdləri dərk edilə bilməyəcək saysız-hesabsız şeylər ol­du­ğunu bilməklə qurtarır”.

Aylar ötür, illər keçir, ətrafında çox şeyləri səndən tez və yaxşı başa düşən təzə adamlar görürsən. Sənin hi­ma­yənlə böyümüş adamlar indi müstəqil sual meydana atıb sərbəst həll edirlər. “Artıq sən bir bilik qaynağı kimi öz rolunu itirirsən” kimi düşüncələr beynində tez-tez do­laş­mağa başlayır. Elmi işçinin daxili narahatlıqlarından bi­rinin də səbəbi budur. Çünki hər an köhnə ilə təzənin sər­hədidir. Əlbəttə, belə bir hal sevincə səbəb olmalıdır. Bu­nu hamı bilir və hərə öz reaksiyasına müxtəlif don geyin­di­rir. Qeyd etmək lazımdır ki, sənətlə yoğurulmuş ruhlar üçün belə bir hal sonsuz sevinc mənbəyidir. Sən artıq la­zım olmasan da, öz vəzifəni düzgün və vaxtında yerinə ye­tirmisən. Axı sən heç vaxt hesab etmirdin ki, elm səninlə qurtarır. Sən özünü qüvvətli düşmən qarşısında səngəri qo­ru­yan zəif bir əsgərə bənzədirdin, yeni qüvvələrin harayına gəldiyini görüb necə sevinməyə bilər­sən.

Atomun quruluşunu kəşf edən məşhur alim Nils Bor vəfatından bir az əvvəl Sovet İttifaqında olarkən ondan soruşurlar:


  • Necə oldu ki, siz bu qədər istedadlı adamları ətrafı­nızda toplayıb belə bir elmi məktəb yarada bildiniz?

O:

  • Mən onların yanında axmaq görünməkdən qorx­ma­dım, – deyə cavab verir.

Bor uşaqlıqdan sənət və fəlsəfə ilə tərbiyələnmiş güc­lü şəxsiyyətlərdən biri idi. O bilirdi ki, bir çiyin nə qə­dər böyük olur-olsun, insan fikrini düşdüyü çuxurdan çıxa­ra bilməz; çiyinlər – bir istiqamətə gücünü tətbiq edən çi­yin­lər lazımdır. O bilirdi ki, yenilik yaranmağa başlamışsa və zamanının tələbi ilə səsləşirsə, heç bir avtoritet onun qarşısını ala bilməz. Ya kənara çəkilmək, ya da yeniliyə kö­mək etmək lazımdır.

Aylar ötür, illər keçir, bir gün xoşbəxtlik üzünə gü­lür, adın qəzetlərdən, dillərdən düşmür, hər sözün, hətta 50 il sonra beynəlxalq vəziyyətin necə olacağı haqqındakı fik­rin maraqla dinlənilir.

Demək, sən kamalın zirvəsindəsən, başqalarının fikri ilə hesablaşmaya da bilərsən, hamı səndən dərs almalıdır. Sən yaradıcısan, xoşuna gəlməyən nə varsa uçura bilərsən. İş o yerə gəlib çatır ki, heç yuxuna belə girməyən məsə­lə­lə­rə aid məqalələrin müəllifi olursan.

Özündən xəbərin olsaydı heç olmazsa saatın xoş vaxt­larında özünə gülə bilərdin.

Bütün bu yuxarıda danışdığımız hallar ya ümid­sizli­yin, ya da özündən müştəbehliyin doğurduğu fəsadlardır.

Onların bir dərmanı varsa o da sənətdir, sənətin tə­si­ri­nə həssaslıqdır. Burada təəccüb doğuran bir şey yoxdur, mənəvi dərdlərin mənəvi dərmanı olmalıdır. Bir misra, bir musiqi ifadəsi, bir rəng keçidi, bir nisbət, bir söz sizi ən çıxılmaz anlarda ayağa qaldırıb irəli aparmağa qadirdir. Fikir vermisinizsə körpə uşaqlar da belədir. Onlar birdən elə ahəngdar ağlayırlar ki, necə və harada dayanacaqlarını təsəvvür etmək olmur. Lakin uşaq qəlbini oxşayan bir kəs, bir rəng bu fırtınanı gözlənilmədən şirin təbəssümə çevirir.

Deyilənə görə, iki alim təbiət qoynunda görüşür. On­lardan biri balıq tutmağa, o biri də dağa çıxmağa gəlibmiş. “Balıqçı” soruşur:


  • Nə üçün dağa çıxırsan? Burada maraqlı nə var?

  • İlk mədəni insan dağ zirvəsindən ətrafı seyr edən ol­muşdur! – deyə dağa çıxan cavab verir.

Sözün gücünə bax! Gələn il balıqçı dağa çıxmaq üçün ailəsini də özü ilə gətirdi.

Bütün yaradıcıların həyatında – mənəvi həyatında sənətin rolunu qədim zamanlardan izləyən olsaydı, Bols­ma­nın Şiller haqqında dediyi sözləri dəyişdirib, sənət haq­qında deyərdi: “Elm indiki nailiyyətlərinə görə sənə min­nətdar”dır.

Heç kəs açıq havada gəzməyin, dincəlməyin xeyirli ol­duğunu inkar edə bilməz. Çox vaxt həkimlər xəstənin el­mi işçi olduğunu bilib ona belə məsləhət verirlər. Bəlkə ara­sı kəsilməyən baş ağrısının, yuxusuzluğun səbəbi özünə ina­mın itirilməsidir? Nyuton ola bilmədiyinə bəlkə şübhən qal­madığındandır? Tez Eksüperini oxu. Lap balaca imka­nın­da dünyaya lazım olduğunu görəcəksən. Hər şey üzünə gü­ləcək, dünya ilə vəhdətin bərpa olunacaq. İnsanların mü­vəffəqiyyəti sənin olacaq, sənə doğma olacaq! Axı dün­yaya Nyutonla bərabər “adi” adamlar da lazımdır. Özü də müqayisəolunmaz dərəcədə çox. Əks halda Nyuton insan­lığın tarixində bu qədər nadir görünməzdi.

Anamız təbiət hər şeyin düzgün nisbətini bizdən yaxşı bilir. Ulduz tutmaq üçün göyə tullanmağın ziyanı yox­dur, lakin tuta bilmədinsə özünü yerə çırpıb, ağla­ma­ğın nədir. Uğursuzluğuna uşaq səmimiyyəti ilə gül və vaxtını itirmədən əlçatar istəklər dalınca qaç.

Həyatın xırda çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, Füzulini oxu!

Məqsədin uğrunda çəkdiyin əzablar səni üzürsə, Fü­zu­lini oxu:



Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni...

Kim səni belə bir yol seçməyə məcbur etdi? Sənin öm­rün bu yolda “itirilmiş” ömürlər yanında heçdir.

Motsarta, Bethovenə, Qriqa, Çaykovskiyə qulaq as, sərgilərə get, başqalarının yaradıcılıq əzabları ilə tanış ol, sakitlik tapacaqsan.

Müvəffəqiyyətsizlik üz vermişsə “Koroğlu”nun öl­məz uvertürünə qulaq as, saz havalarını dinlə, sənə yeni­dən qalxıb irəli getmək həvəsi gələcək!

Sənə elə gəlirsə ki, xalq səni başa düşmür, lazımınca qiymətləndirmir, “Dədə Qorqud”u oxu, nağıllarımızı öy­rən, bayatılarımızı əzbərlə, xalq arasına çıx. Onda görə­cək­sən ki, sən ona borclusan, sən onu başa düşürsən, o da səni qiymətləndirir. Onda görəcəksən ki, insan səhv etdi­yinə də sevinərmiş.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin