II Fəsil
İslam ölkələrində elmlərin ən son vəziyyəti
İslam dünyasında elm və texnologiyanın son vəziyyəti necədir? Tərif verərkən, İslam əhalisini altı coğrafi zonaya ayırırıq. İlk öncə, Ərəbistan yarımadasının və Körfəzin altı ölkəsi gəlir. İkinci zona şimaldakı ərəb ölkələridir: Suriya, İordaniya, Livan, Qərbi Fələstin və Qəza. Üçüncü bölgə Türkiyəni, müsəlman Orta Asiyanı, İranı, Əfqanıstanı və Pakistanı əhatə edir. Dördüncü və ən sıx bölgə Banqladeş, Malayziya, İndoneziya ilə Hindistan və Çindəki böyük müsəlman icmalarından meydana gəlir. Beşinci bölgədə Şimali Afrikadakı ərəb ölkələri, altıncı bölgədə isə ərəb olmayan Afrika ölkələri vardır.
Universitetlərdə 18-20 yaş arasındakı gənclərdən elm və texnologiya üzrə təhsil alanların statistik göstəricilərini elmi potensial üçün bir indeks qəbul etsək; bu nisbət inkişaf etmiş ölkələrdə 12% olduğu halda, İslam ölkələrində 2% təşkil etməkdədir. Elm və texnologiya sahələrində tədqiqat və araşdırma işlərinə ayrılan ÜMM xərclərində də buna oxşar 1:6 nisbəti nəzərə çarpır. Elmi araşdırmalarla məşğul olanlar haqqında ətraflı heç bir statistik məlumat mövcud deyildir. Bununla yanaşı, İslamabadda 10-13 may 1983-cü il tarixlərində ilk dəfə toplanan İslam Konfransı Elmi Komissiyasına təqdim edilən bir mətndə SSRİ-də milyon yarımla və Yaponiyadakı 400 minlə müqayisədə, bütün İslam dünyasında cəmi 45 minə yaxın tədqiqatçı və mühəndisin olduğu qeyd edilmişdir.
Beyrutdakı Amerikan Universitetindən A.B.Zahlana görə, bu və başqa statistika göstəricilərini analiz etsək, İslam aləminin fizika sahəsi də beynəlxalq miqyasda onda bir, elmi nəşrlərdə isə yüzdə bir həcmlik bir varlığı olduğu ortaya çıxar. İslam ölkələri içində elmdə ən qabaqcıl ölkələrdən biri olan Pakistanın 1983-cü ildə 13 universiteti vardı. Lakin ölkədə 80 milyonluq bir əhali üçün 13 fizika professoru və 42 fizika elmləri doktorundan ibarət müəllim heyəti vardı.
Kənardan baxan bir müşahidəçinin təsbiti olaraq, qabaqcıl elm jurnallarından «Neyçr»da yazan Frensis Gayls «İslam elminin problemi nədir?» sualını ortaya atmışdır. Cavabı belə idi: «Min il bundan əvvəl müsəlmanlar elmin zirvəsindəykən, xüsusilə, riyaziyyatda və tibdə mühüm rol oynamışlar. Onlar Bağdadda və Cənubi İspaniyada minlərlə insanın cəmləşdiyi universitetlər qurdular. Hökmdarlar öz ətrafına elm adamlarını və incəsənət xadimlərini yığdılar. Yaradılan azadlıq ruhu yəhudilərin, xristianların və müsəlmanların birgə çalışmasına imkan verirdi. Lakin bu gün bütün bunlar xoş xatirədən başqa bir şey deyildir.
Elm və texnologiya sahələrində çəkilən xərclər son illərdə arta bilər, ancaq bu artım neft yataqları ilə zəngin ölkələrlə məhduddur… Bu ölkələrdən bəziləri milyardlarla dollar məbləğində zərərə səbəb olan müharibələr aparırlar. Şübhəsiz, bunlar elmə çox az vaxt ayıracaqlar. Kommersiya strukturları idxal texnologiyaya əsaslanır və bir sıra ölkənin iqtisadiyyat və təhsil sistemləri orijinal olmaqdan daha çox təqlid xarakteri daşıyır.
Son illərdə neft gəlirləri ilə yüksələn rifah səviyyəsi də çox şeyi dəyişdirmədi. Elm və siyasət, bir çox elm adamının narazılıqlarına baxmayaraq, Yaxın Şərqdə hələ də sıx şəkildə bir-birinə bağlıdır. Regionda diktatorluq rejimi hakimdir ki, bu da elmin inkişaf səylərini çətinləşdirir. Təbii ki, nəticədə sənayeləşmiş ölkələrə doğru «beyin axını» Yaxın Şərqdə elmi həyatı daha da zəiflədir».
Acı bir dillə qələmə alınmış tənqiddir, ancaq bir çox yerdə gerçəkçi və haqlıdır.
«Neyçr»ın eyni buraxılışında İsraildəki tədqiqatçı insan potensialı haqqında başqa bir məqalə var. Orada belə yazılır: «Araşdırma və tədqiqat işlərində lazımi akademik təhsil almış işçilərin sayını ciddi ölçülərdə artırmaq ehtiyacı, əsasən, qəbul edilir. Milli Araşdırma və İnkişaf Şurası 1974-cü ildə 34800 olan elmi işçi sayını, 1995-ci ildə 150% artıraraq 86700-ə yüksəldilməsinin zəruri olduğuna inanır». İsraildəki 34800 rəqəmini, bütün İslam ölkələrindəki 45000 rəqəmi ilə müqayisə edin. (Əhalinin nisbəti 1:200-dür.)
«Ey ağıl sahibləri, ibrət alın». (59:2)
Məqalə belə davam edir: «1960-cı illərdə Yeyl Universitetinin professoru Derek de Solla Prays müxtəlif ölkələrin elmdə insan potensialını ölçmək üçün qabaqcıl elmi jurnallarda məqalələri dərc olunan tədqiqatçıların ümumi sayına əsaslanan bir metod işləyib hazırladı və bu ölkədə (İsraildə) əhalisi və ümummilli gəliriylə müqayisədə normaldan beş qat daha çox elm adamının olduğunu müəyyən etdi. Prays vəziyyətin bu gün də dəyişmədiyini və ölkənin çox sayda təhsilli insan ehtiyatına sahib olduğunu, elm adamları və texniki işçiləriylə neft və faydalı qazıntılar kimi çatışmazlıqları kompensasiya edə bilmək qabiliyyətini çoxdan ötüb keçmiş bu ölkənin fəxr etmək üçün çox səbəbi olduğunu qeyd etməkdə təkid edir».
İslamda elmlərin renessansı
Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə liderliyə nail ola bilərikmi? Burada bir şeyi ifadə etmək istərdim ki, bir bütün olaraq hamımız, xüsusilə də gənclərimiz, bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdırlar. Təki biz, fikir inanclarımızdan qopmayaq və İslamın ilk dövrlərindəki həyatımızı yaddan çıxarmayaq. Ancaq bunun renessansa gedən kəsmə yol olmadığını da unutmamalıyıq. Bugünkü şərtlər daxilində, bu yola qədəm qoymuş hər hansı bir ölkənin gəncliyi həvəsləndirilməli və millət də arzulu bir fədakarlıqla özünü bu işə həsr etməli, insan potensialımızın yarıdan çoxuna müsbət elmlər tədris etməli, fundamental və tətbiqi elmlər sahəsindəki araşdırma və tədqiqat işləri ÜMM-un 1-2%-i ayrılaraq dəstəklənməli və bunun da ən az dörddə biri fundamental elmlərə ayrılmalıdır.
Yaponiyada bu, Meiji inqilabında İmperatorun biliyin harada olursa-olsun, tapılıb əldə ediləcəyi barədə and içməsi ilə həyata keçirilmişdir. Sovet İttifaqında isə buna, Pyotr tərəfindən qurulmuş Sovet Elmlər Akademiyasında üzvlərin sayını artırmaqla və bütün elm sahələrində aparıcı olmaq arzusuyla nail olunmuşdur. Bu gün bu akademiya xalqın qibtə etdiyi prioritetlərə və imtiyazlara sahib, yarım milyon elm adamı ilə özünü idarə edən bir cəmiyyətə çevrilib. Akademiyanın üzvü Malçevə görə bu, 1945-ci ildə - sovet iqtisadiyyatının müharibə xərcləri ilə darmadağın olduğu bir dövrdə reallaşdı. O vaxt Stalin elmə üstünlük vermək qərarına gəlir. Heç kimsəylə məsləhətləşmədən Sovet Elmlər Akademiyası ilə əlaqədar bütün elm adamlarının və texniki işçilərin maaşını 300% məbləğində artırır. Dinamik gənc kişi və qadınlar elmi işçi vəzifəsinə dəvət olunurlar.
Buna oxşar bir hadisə də, indi planlı bir şəkildə və çox yüksək sürətlə Çin Xalq Respublikasında baş verir. Bu sürətlə, XX əsrin sonuna qədər fəza elmlərində, genetikada, mikroelektronikada, yüksək enerji fizikasında və termonüvə enerji mənbələrində İngiltərəni ötüb keçməyi qarşısına məqsəd qoyublar. Çinlilər bütün fundamental elmlərin vacib olduğunu, bugünkü aparıcı elm sahələrinin gələcəkdə özünə tətbiq sahəsi tapacağını çox yaxşı bilirlər. Bu arada, İslam millətlərinin ÜMM-un Çininkindən çox olduğunu və insan potensialının da heç də ondan aşağı olmadığını yada salaq. Və Çin bizdən bir neçə onillik müddətdən çox qabaqda deyil. Biz də, heç olmasa, Çinlə rəqabət edərək hədəfimizi müəyyənləşdirə bilmərikmi?
Sözü gedən cəmiyyətlər «yapon» ya da «çin» və ya «hind» elmi kimi müxtəlif şüarlarla təhrif olunmayıblar. Baxmayaraq ki, araşdırma və tədqiqat sahələrinin seçilməsində prioritetlər cəmiyyətdən cəmiyyətə dəyişir, elmin qanunları, ənənələri və üsulları universal olaraq qalır. Bu ölkələr «qərb» elmini və texnologiyasını mənimsəməklə öz mədəni dəyərləri məhv olacaq qorxusuna qapılmırlar. Öz adət-ənənələrinə «zəif» deyib təhqir etmirlər.
Daha əvvəl elmlərin himayə altına alınmasından danışmışdıq. Bunun bir tərəfi də, bir elm adamının özünü elmi işlərə həsr etməsinin təminat (zəmanət) altında olması və bunun davam etdirilməsi məsələsidir. Bu gün bir ərəb və ya müsəlman elm adamı və texniki işçisi – ki, Zahlanın hesablamalarına görə bu cür otuz mindən çox adam var – əgər lazımlı xüsusiyyətlərə sahibdirsə, ABŞ-da və ya İngiltərədə həyatı boyunca kifayətedici məbləğdə bir gəlirdən arxayın ola bilər. Bu şəxs, təkmilləşmək və inkişaf etmək üçün etibara, bərabər hüquqlara sahib olar. Belə bir şeyin bizim cəmiyyətdə mövcud olub-olmadığını öz-özümüzə soruşmalıyıq. Sırf hökumətimizin müxalif olduğu bir ölkədən gəldiyi üçün elm adamlarına qarşı fərq qoyub-qoymadığımızı, hətta vəzifələrindən azad edib-etmədiyimizi özümüzə sual verməliyik.
ABŞ-ın elmlərdə uzun müddətdir davam etdirdiyi irəliləyişi, müharibə illəri ərəfəsində Avropadan qaçmağa məcbur olan elm adamlarını çox yaxşı qarşılayaraq əldə etdiyi danılmaz bir həqiqətdir. «Lakin bu qarşılama səthi deyildi. Bu elm adamlarına vətəndaşlıq haqqı verildi. «İşgüzar səfərləri» qurtardıqdan sonra dərhal ölkələrinə qayıtmalarından söhbət getmirdi. Beləcə, bu elm adamları ingiliscə öyrəndilər. ABŞ-da ailə qurub, uşaqlarını burada böyütdülər. Hər kəsin bildiyi məşhur bir Enriko Fermi əhvalatı vardır: Fermi 1938-ci ilin dekabr ayında aldığı Nobel mükafatı ilə özünün və ailəsinin yol pulunu ödəyərək, həmin mərasimdən sonra ABŞ-a getmişdi. Fermi ABŞ-da ilk atom reaktorunu qurma tapşırığını alanda hələ köçkün statusu üçün lazımi rəsmi proseduraların başa çatmasını gözləyirdi. Yuxarı instansiyalar bu proseduraları, Aksis Təşkilatını narahat edər qorxusuyla sürətləndirmək istəməyiblər. Məsələ bunda idi ki, görəsən bizim ölkəmiz idxal etdiyi elm adamlarından heç olmasa ən yüksək səviyyədə olanlar üçün hansı təşəbbüslər göstərir? Bu insanlara şəxsi rahatlıq verə bilirmi? Bizim üçün var gücləri ilə araşdırma məktəbləri qursunlar deyə onları qucaqlayaraq qarşılaya bilirikmi?
Məncə, İslam ölkələri arasında gözlə görünən siyasi birlik hələ mümkün olmasa da, bir elmi əməkdaşlıq qurma ehtiyacı var. Belə bir əməkdaşlıq İslam elminin güclü dövrlərinin – İbn Sina və əl-Biruni kimi Orta Asiya mənşəli insanların çox rahat ərəbcə yaza bildikləri, və ya onların müasiri İbn Heysəmin Abbasi xəlifəsinin hakimiyyətindəki Bəsrədən çıxıb, Abbasilərin rəqibi olan Fatimi xilafətinə gedə bildiyi zamanların - böyük bir gerçəkliyi idi. Yeni bir İslam elmi birliyi üçün həm biz elm adamları, həm də hökumətlərimiz yenidən şüurlu bir istək və oyanış göstərməliyik. Bu gün biz İslam ölkələrində olan elm adamları həcm, elmi mənbə və elmi istehsal cəhətdən, beynəlxalq normalarla müqayisədə, yüz də bir ilə onda birlik kiçik bir hissəni təşkil edirik. Heç olmasa, elmi resurslarımızı birləşdirməyimiz, bütün İslam ölkələrinə yayılmış elmi mərkəzlərdə özümüzü bir birlik olaraq hiss edib, buna əsasən işləməyimiz lazımdır.
Bu təşəbbüsü dəstəkləmək üçün, fərz edək ki, iyirmi beş illik bir müddət boyunca bu elmi əməkdaşlıq çərçivəsində elm adamlarına keçmişdəki İslami əməkdaşlıq illərində olduğu kimi, daxili siyasət və məzhəb fərqlərindən uzaq, xüsusi bir yeri olan, xüsusi bir toxunmazlığa sahib şəraiti hökumətlərimizdən tələb edə bilərikmi?
Son olaraq, elmi fəaliyyətimizin beynəlmiləl elmdən təcrid olunduğu qeyd edilməlidir. On altı elmi birliyin üzvü olan Misirdən başqa, heç bir İslam ölkəsinin çox müxtəlif elm sahələrində müntəzəm iştirak etdiyi beynəlxalq elmi birliklərin sayı beşdən çox olmaması təəccüb doğuran bir həqiqətdir. Bizim sərhədlərimiz daxilində heç bir elmi araşdırma mərkəzi qurulmayıb. Bu sərhədlər daxilində çox az beynəlxalq elmi konfranslar keçirilir. İçimizdən çox az insan, əgər öz ölkəsində yaşayır və işləyirsə, xaricdəki elmi quruluşlara və yığıncaqlara gedə bilir. Belə bir səfər israflı bir lyuks kimi görülür.
Məhz bu təcriddir ki, məni Beynəlxalq Nəzəri Fizika Mərkəzinin qurulması təklifinin verilməsinə məcbur etdi. Ta ki, inkişaf etməkdə olan ölkələrin fizikləri, öz sahələrindəki yeniliklərdən xəbərdar olmaq üçün ora-bura getməyə başladılar. Bu mərkəz iki BMT quruluşuna – Beynəlxalq Atom Enerjisi Agentliyinə və YUNESCO-ya – bağlıdır. Mərkəzdə hər il inkişaf etməkdə olan ölkələrdən gələn cəmi 1000 fizik arasından yüz yetmişə yaxın ərəb və müsəlman fizik dəstəklənir. Bunlardan on beşi Küveyt Elm Vəqfi ilə Küveyt və Qatar Universitetləri, qalanı da mənim İtaliya və İsveçdən əldə etdiyim yardımlarla dəstəklənir.
Bundan əlavə, sadəcə olaraq elm adamlarının maddi təcridindən şikayət etmirik. Bizi həm də beynəlxalq elm normalarından kənarda qalmağımız narahat edir. Öz ölkəmizdə elmi təşəbbüsləri həyata keçirmə tərzimizlə Qərbdəki və ya SSRİ Elmlər Akademiyasındakı elm adamlarının tətbiq etdiyi özünüidarə üsulu arasındakı uçurumdan danışıram. Belə ki, bizim nə inkişaf etmiş həmkarlar təşkilatı sistemimiz, nə müstəqil keyfiyyət və sənət işimiz, nə elm adamları tərəfindən idarə edilən elmi müəssisəmiz, nə də başqa bir gəlir mənbəyimiz var.
Konkret desək, İslam əməkdaşlığında reallaşdırılacaq elmi renessans beş prinsipə bağlıdır: əsaslı bir qərarlılıq, himayədarlıq, etibar, özünüidarə və elmi təşəbbüslərin beynəlmiləlləşdirilməsi.
«Bir qəvim özünü dəyişdirməzsə, Allah da o qəvmi dəyişdirməz». (13:11)
Heç kimin şübhəsi olmasın ki, elmə belə yanaşanlara qarşı çıxanlar olacaqdır. Əsl faciə, belələrinin çox vaxt səhvən İslamın dini ənənələri adından çıxış etdiklərini iddia etməsidir. Belələri bu gün də mövcuddur. Londonda çap olunan və çox oxunan İslami bir aylıq jurnaldan aldığım cümlələr bunların elm haqqındakı təsəvvürlərini çox yaxşı əks etdirir:
«Orta əsrlərin elmi, həqiqətən də, İslami bir elm idi mi?
Əl-Kindi, əl-Farabi, İbn Heysəm və İbn Sina kimi orta əsr İslam alimlərinin həyat yolu göstərir ki, fərd olaraq bir müsəlman olmaqdan başqa, şəxsiyyətlərinin və əsərlərinin İslama heç bir aidiyyəti olmamışdır. Əksinə, onların həyat tərzləri tamamilə İslamdan kənar idi. Bunların tibb, kimya, fizika, riyaziyyat və fəlsəfədəki nailiyyətləri yunan təfəkkürünün təbii və məntiqi davamıydı.
Əl-Kindi Mutəzilə inanclarına bağlı idi… İbn Heysəm isə digər bir Aristotelçi idi. Elm tarixçisi De Boerin ifadəsiylə, «ibn Heysəm müxtəlif doktrinaları araşdırmış və bunların, demək olar ki, hamısının həqiqəti axtarmaq üçün az ya da çox dərəcədə uğurlu təşəbbüslər olduğunu başa düşmüşdür». Ona görə, həqiqət sadəcə hiss orqanlarının hiss etdiyi şəkildə maddi olaraq ortaya qoyulan bir şey idi. Ümumiyyətlə, İbn Heysəmin mövcud inanışlara qarşı çıxan bir inqilabçı kimi bilinməsi və İslam dünyasında haradasa tamamən unudulması heç də təəccüblü deyil…»
Bu nöqtədə hər hansı bir tərəddüd yoxdur. Öz dediyimizi özümüz başa düşmürük. Gördüyü işlər sayəsində müsəlmanların etibar və şərəf qazandığı bir insana qarşı yazıçı davam edərək, keçmiş elmi ənənələrimizi yıxan eyni tip tədric siyasətini müdafiə edir:
«Qərbin siyasi hakimiyyətindən qaçmış ölkələr bunu tək tərəfli olaraq uyğun bir izolyasiya təlqini vasitəsilə həyata keçirmişlər. Həm Rusiya, həm də Çində vəziyyət belə olmuşdur. Əgər komandan Perri Yaponiya ilə Amerika arasında iqtisadi münasibətlərin başladılmasını Yaponiyanın işğal edilməsini təxirə salan bir şərt kimi irəli sürməsəydi, Yaponiyada da oxşar vəziyyət alınacaqdı…
İslam ölkələri Qərbin həm elmini, həm də texnologiyasını almaq ehtiyacından imtina etmək yoluyla, özlərini təcrid edərək bir elm siyasəti işləyib hazırlamalıdırlar».
«Hikmət möminin itik malıdır.»
Söhbət texnologiyadan gedirsə, tam razılaşa bilmərəm. Ancaq elmlə əlaqədar danışanda, bu mənə, dar düşüncəli ilahiyyatçılar tərəfindən dəlalətlə ittiham edilən əl-Biruninin namaz vaxtlarını təyin etmək üçün kəşf etdiyi bir alətdə Bizansın günəş təqvimini istifadə etməsini xatırladır. O vaxtı əl-Biruni belə cavab vermişdi: «Bizanslılar bəzən yeməklərdə çörək də yeyirlər. İndi siz çörəyə qarşı da dini bir qadağanmı gətirəcəksiniz?»
İslam ölkələrində elmlərin dirçəlişi üçün lazımi addımlar
Burada İslam ölkələrində elmləri dirçəltmək üçün atılması şərt olan addımların qısa xülasəsini verəcəyik. Ən başda, elm (bilik) əldə etməyin heç də ucuz bir şey olmadığını və əsrlərin gözardı etdiyi şeyləri bərpa etməyə çalışdığımızı yaddan çıxarmamalıyıq.
a) Elm təhsili
Müqəddəs kitabımız Qurani-Kərim təfəkkürə (yaradılış qanunlarının kəşfi və izahı) və mənimsəmə (texnologiya vasitəsilə təbiətə hökm etmək) böyük əhəmiyyət verir. Bunu və müasir həyatın gerçəklərini nəzərə alsaq, İslam əhlinin ilk vəzifələrindən biri orta təhsildən universitet təhsilinə qədər elm və texnologiyaya yiyələnməyə üstünlük verməkdir.
1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq görərik ki, İslam ölkələri nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə çatmaq üçün xeyli yol qət etməlidirlər.
İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sahələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə görə, humanitar elmlərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla 1/4 ilə 1/3 arasında dəyişən sayda təbiət elmlərində təhsil alan – üstəlik, çox aşağı səviyyədə – tələbəmiz var. İngiltərə Universitet Təqaüdləri Komissiyasının 1984-cü ildə çap olunmuş son raportunda humanitar elmlərdə oxuyan tələbələrin təbiət və texniki elmlərdə oxuyan tələbələrə nisbətinin 52:48 şəklində olduğu qeyd edilmişdir. Digər tərəfdən isə, Çin və Yaponiyada bütün elm sahələri məcburi olduğu halda, hətta SSRİ-də fiziklər və ya futbolçular yaxud qadın dərzilər belə ən az 16 yaşına qədər fizika, kimya, riyaziyyat və biologiya öyrənməyə məcbur olduqları halda, məsələn, Pakistanın təhsil sistemində belə bir məcburiyyət yoxdur.
Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öyrənir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən ibarət olmalıdır.
Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də ən əsası, gənc tələbələr (şagirdlər) arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi lazımdır. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.
İslam əhlini (ümmətini) bir bütün olaraq ələ alsaq, gənc müsəlmanları, deyək ki, 14 yaşından etibarən elmi və texnoloji araşdırmalara təşviq edən bir Ali Təhsil İstedad Fonduna ehtiyac var. Hindistana axırıncı səfərlərimdən birində, Müsəlman pedaqoqların bir yığıncağında öyrəndim ki, sadəcə şimali Hindistandakı şəhərlərin iyirmisində bu məqsəd üçün ildə təxminən 5 milyon dollarlıq təqaüdə ehtiyac olduğu hesablanmışdır. Bu isə, təqribən 50 milyon dollarlıq sərmayəsi (kapitalı) olan bir fond qurmaq deməkdir. Təəssüf ki, Hindistanın müsəlman icması bunu qarşılaya bilmək üçün iqtisadi cəhətdən çox geridir. Onlar və ümmətin digər kasıb təbəqələri üçün belə bir fond qurulmalıdır.
Bütün İslam dünyasına xidmət edə bilmək üçün, bütün İslam ölkələrinin istifadə edə biləcəyi ildə 50 milyon dollarlıq bir İslam Elmi İstedad Fonduna ehtiyac var. Belə bir fondun İslam birliyinə əsaslanan bir təməldə qurulması asan bir proyekt olmayacağına görə, heç olmasa, müsəlman OPEC ölkələri liberal müstəvidə öz elmi fondlarını qura bilərlər. Bu fondlar daha sonra müəyyən coğrafi bölgələrə yayılaraq, digər İslam ölkələrini də əhatə edə bilərlər.
b) İslam dünyasında elmi vəqflər
Elm, ancaq müstəqil və istiqrarlı maliyyə mənbələri ilə dəstəkləndiyi təqdirdə inkişaf edər. Cəmiyyətin elmi dəstəkləməsi üçün mümkün olduğu qədər müxtəlif kanallar axtarıb tapılmalıdır. Bu mənbə müxtəlifliyi, mənbələrin bir-birini sığortalaması (əvəz etməsi) baxımından böyük əhəmiyyət kəsb edir. Bu da, bütün seçicilərə cazibədar gəlməyən yeni və sınaqdan çıxarılmamış fikirlərin qəbul edilməsi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Digər tərəfdən, müxtəlif mənbələrin hər biri bir və ya daha çox ixtisas sahəsində proyektlərin dəyərini təyin etmək imkanını artırır. Beləliklə, çox sayda vəqf olsa, bunlardan biri kənd təsərrüfatı proyektləri, digəri energetika proyektləri, bir başqası da elm adamlarının təkmilləşməsi üzrə ixtisaslaşa bilər.
1973-cü ildə bir İslam Elm Vəqfinin qurulması haqqında bir təbliğ yazdım. Layihə İslam Konfransı tərəfindən təsdiq olundu və indi bu vəqf hökumətlər arası bir İslam agentliyi kimi qurulub. Müsəlman ölkələrinin ixracatının indikindən az olduğu bir vaxtda (iyul, 1973) yazılan bu təbliğ, hər il veriləcək 1 milyon dollarla vəqfin cəmi 1 milyard dollar vəsaitə sahib olmasını təklif edirdi. Bu şəkildə, bütün İslam ölkələrini əhatə edəcək vəqf, illik gəlirləriylə ABŞ-dakı Ford Vəqfi qədər fonda sahib olacaqdı.
Hal-hazırda, yeni qurulan bir İslam Elm Vəqfinə, başlanğıc olaraq, həm kapital, həm də cari elmi xərclər üçün 50 milyon dollarlıq bir gəlir təmin edilməsi planlaşdırılır. Aydındır ki, bu, böyük ehtiyaclar və nəzərdə tutulan araşdırma sahələri üçün tələb olunandan çox-çox aşağı bir rəqəmdir.
Elm və texnologiyada qət edəcəyimiz məsafəni aşmaq və elmi araşdırmalara lazımi vəsait dəstəyini təmin etmək üçün Körfəz regionu ölkələrinə öz elmi vəqflərini qurmaqla yanaşı, – belə ki, Küveyt və Səudiyyə Ərəbistanı bu işə başlayıblar – araşdırma proyektlərini dəstəkləyən və bütün ərəb-İslam ölkələrinə açıq olan bir Körfəz Elm Vəqfi qurmağı məsləhət görərdim. Bu layihə təsis edilən vəsaitin beynəlxalq miqyasdakı ölçüsü ÜMM-un 1-2%-dir. Mən də eyni ölçünün qəbul edilməsini, məsələn, ixracat gəlirlərinin 1-2%-i ilə ildə 300-400 milyon dollar gəlir təsis edilməsini təklif edirəm. Buna, qarşılıqsız köməklərə əsaslanan bir sistemdən əldə edilən vəsaitlər də əlavə edilə bilər. Yuxarıda qeyd etdiyim kimi, İslam Elm Vəqfi və Körfəz Elm Vəqfi hər biri geniş ixtisas sahələrində, məsələn, biri biologiya və kənd təsərrüfatında, digəri isə fizika elmlərində imkanlarını cəmləyə bilər. Hər halda, ərəb-islam dünyasının elmi fondlara kəskin ehtiyacı var və hər iki vəqfin vəsaitləri birləşdirilsə də kifayət etməz.
İslam Elm Vəqfi
1. Bu, İslam ölkələri tərəfindən elm və texnologiyanın yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə bir vəqf qurmaq təklifidir. İslam Konfransı ilə əlaqəli calışacaq olan vəqf müsəlman ölkələri tərəfindən himayə ediləcək və bu ölkələrdə 1 milyard dollarlıq kapital ilə və 60-70 milyon dollar həcmində illik gəlirlə fəaliyyət göstərəcəkdir. Vəqf, siyasətdən kənar, tamamilə elmi bir quruluş olacaq, İslam dünyasının qabaqcıl elm və texnologiya xadimləri tərəfindən idarə ediləcək.
Yaxın Şərqdə, Uzaq Şərqdə və Afrikada heç bir müsəlman ölkə beynəlxalq keyfiyyət standartlarına çatmaq üçün lazımi elm və texnologiya infrastrukturuna sahib deyil. Bunun ən başlıca səbəbi, son zamanlarda hökumətin və cəmiyyətin belə bir infrastrukturanı yaratma sahəsində göstərdiyi biganəlikdir. Beynəlxalq standartlar nöqteyi-nəzərindən İslam dünyasında gəlinən səviyyə müasir bir cəmiyyət üçün gözlənilənin onda biridir. (İnkişaf etmiş ölkələrdə iqtisadi baxımdan fəal iş qüvvəsinin 0.3%-i ÜMM-un 1%-nin xərcləndiyi elm, tibb və texnologiya sahələrində işləyir).
Kifayət qədər vəsait təsis olunmuş bir İslam Elm Vəqfinin iki məqsədlə qurulması təklif olunur: yüksək səviyyədə elmi kadrlar yetişdirmək və elmi quruluşlar təşkil etmək. Bu məqsədlərə nail olmaq üçün;
(a) vəqf elm adamı potensialı olmayan elm sahələrində yeni elmi cəmiyyətlər təşkil edəcəkdir. Mövcud elmi cəmiyyətləri isə daha da gücləndirəcəkdir. Bu, təcili olaraq və sistematik bir şəkildə həyata keçiriləcəkdir.
(b) vəqf müsəlman ölkə xalqlarının ehtiyaclarına uyğun olaraq istər nəzəri, istərsə də tətbiqi elm sahələrində beynəlxalq səviyyədə elmi araşdırmaların aparılması üçün elmi quruluşların yaradılmasına və bunların gücləndirilməsinə kömək edəcəkdir.
Vəqfin işləri, əsasən, elmlərin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsinə yönəldiləcək. Vəqfin ilk çalışma mərhələlərində yuxarıda qeyd olunan iki məqsəddən yüksək səviyyədə elmi kadrların hazırlanmasına üstünlük veriləcək.
Məqsədi (a) yüksək səviyyəli elmi insan potensialının sistematik bir şəkildə yetişdirilməsi və (b) bu insan potensialının məşğuliyyətini təmin etməkdən ibarət olan – vəqf aşağıdakı proqramı tətbiq edəcəkdir:
(a) Elmi cəmiyyətlərin qurulması.
i. Elm adamları boşluqların olduğu və elmi liderlərin mövcud olmadığı sahələrdə elmi irəliləyiş əldə etmələri üçün vəqf tərəfindən himayə ediləcək. Ölkələrinə qayıtdıqdan sonra, işlərinə davam edə bilmələri üçün vəqf onlara köməklik göstərəcək. İldə 10 milyon dollarlıq fond, yüksək səviyyədə təhsil alan 4 min elm adamına, ölkələrinə qayıtdıqdan sonra da min nəfərə və lazımi təchizatlara kifayət edə bilər.
ii. Proqramlar, yüksək səviyyəli elmi insan potensialını artırmaq üçün mövcud elmi liderlərin ətrafında təşkil ediləcəkdir. Bu məqsədlə, seçilmiş sahələrdəki elmi işləri gücləndirmək üçün universitetlərin müvafiq şöbələri ilə müqavilələr imzalanacaq. Universitet fakültələrinin keyfiyyəti bu müqavilələrdə əsas meyar olacaq. Bu müqavilələr üçün ildə 15 milyon dollar xərclənə bilər.
iii. İslam dünyasına mənsub elm adamlarının dünya miqyaslı elmi cəmiyyətlərlə əlaqələri.
Müsəlman ölkələrdə mövcud elm təcrid olunması səbəbiylə çox zəifdir. Müsəlman ölkələrindəki elm adamları ilə dünya miqyaslı elmi cəmiyyətlər arasında əlaqələr, demək olar ki, yox dərəcəsindədir. Elm fikir mübadiləsi və tənqidlə zənginləşir. Beynəlxalq səviyyədə təmasları olmayan ölkələrdə elm statikləşir və ölür. Vəqf bu vəziyyəti dəyişdirməyə çalışacaqdır. Bu, elm adamlarının tez-tez səfərlərə getməsini və beynəlxalq simpozium və konfransların keçirilməsini tələb edəcək. 5 milyon dollarlıq bir fond bir ildə iki aylıq 3000 səfərin xərclərini ödəyəcəkdir. Bu rəqəm 10 elm sahəsinə və 15 ölkəyə bölünsə, hər ölkənin payına bir elm sahəsi üçün 20 səfər düşəcəkdir.
(b) Münasib tətbiqi araşdırmaların himayə edilməsi (sponsorluğu).
Vəqf Yaxın Şərq və İslam dünyasında inkişaf problemləri haqqında yeni araşdırma mərkəzləri qurmaq və mövcudları gücləndirmək məqsədilə 25 milyon dollar xərcləyə biləcək. Bu vəsaiti, beynəlxalq səviyyədəki bu yeni institutlar səhiyyə, texnologiya – neft texnologiyası daxil olmaqla – kənd təsərrüfatı texnologiyası və su ehtiyyatları problemlərini araşdırmağa sərf ediləcəkdir. Digər tərəfdən, bu institutlar beynəlxalq arenaya çıxmaqda onlara kömək edəcək beynəlxalq keyfiyyət və nailiyyət standartlarını əldə etmək üçün Birləşmiş Millətlərin universitet sistemi strukturunun bir parçası ola bilərlər. (Məsələn, Filippində 5-6 milyon dollara qurulmuş Beynəlxalq Düyü İnstitutu kimi).
(c) Vəqf İslam ölkələrində xalqın texnoloji və elmi şüura sahib olması üçün 5 milyon dollar xərcləyəcək. Bu, nəşriyyat, elmi muzeylər, kitabxanalar və sərgilər, kəşf və icadlara verilən mükafatlar şəklində həyata keçiriləcək. Elm və texnologiyanın geniş kütlələr tərəfindən təqdirə layiq görülməsi elm və texnologiyanın həqiqi bir təsirə sahib olub-olmaması nöqteyi-nəzərdən mühümdür.
(d) Vəqf ali təhsil müəssisələrində olduğu kimi, orta təhsil müəssisələrində də elm və texnologiya proqramlarının modernizasiyasında iştirak edəcəkdir.
c) Ölkələrimizdəki texnologiya
Müqəddəs kitabımızda təfəkkür və təzkirə – bilik əldə etmək qədər bu bilik səviyyəsində təbiətə hökm etməyə də – eyni dərəcədə əhəmiyyət verilir. Qurani-Kərim, bizə vaxtilə texnologiyaya hakim olmuş Davud (ə.s.) və Süleyman (ə.s.) hadisələrini anladır:
«Və Biz dəmiri onun üçün yumşaltdıq…», «Küləkləri onun əmrinə verdik» və «Əmri altında cinlər vardı…» (34:10-10)
Yəni, mənim sadə mülahizələrimlə desək, sarayların, sədlərin, su bəndlərinin və anbarların inşaatında istifadə edilən dövrün texnoloji gücünü nəzarət altına aldı. Və daha sonra Zülkarneyn hadisəsi ilə dəmir və əridilmiş misdən qala bürclərinin inşa edildiyi xatırladılır. Beləcə, metallurgiya, ağır konstruksiya texnologiyaları, küləyin gücü və kommunikasiya texnologiyalarına işarə edilir. Hər müsəlmanın bildiyi kimi, Qurani-Kərim bunlardan gələcək üçün bir nəsihət, insanlar üçün bir nümunə olsun deyə bəhs edir.
Bunun bir misalı da, həmişə ən son müdafiə texnologiyasını qurmaq istəmiş Peyğəmbərimiz tərəfindən ortaya qoyulmuşdur. Onun Ərəbistanda ilk dəfə «xəndəyi» müdafiə metodu kimi istifadə etməsini yada salın. Və ya Heybər qalasını almaq üçün Bizansdan mancanaqlar gətirtməsini düşünün. Düzdür, qala bunlar gətirilməmişdən əvvəl alınmışdı; ancaq bu qurğular ərəblər üçün çox yeni bir döyüş silahı idi.
Bizim cəmiyyətimizin texnologiyada – xüsusilə də yeni elmi nailiyyətlərə əsaslanan texnologiyada – ən yüksək ustalığa çatmasına çətinlik törədən maneələr nələrdir? Buna baxmayaraq, son on il ərzində ərəb-islam ölkələrində çox qısa bir müddətdə texniki imkanların hazırlanmasına sərf olunan əmək və vəsait insanlıq tarixində heç bir vaxt sərf olunmamışdır. Belə ki, Zahlana görə, hələ 1978-ci ilə qədər bu ölkələr və xarici sponsorlar arasındakı texnoloji kontraktlar üçün 400 milyard dollardan çox vəsait xərclənmişdir. Bu proyektlərə zülallar və neft-kimya məhsulları (160 milyard), nəqliyyat və dövlət xidmətləri (80 milyard), dəmir-polad, dərman preparatları, gübrə istehsalını da əhatə edən sənaye müəssisələri daxildi.
Təəssüf ki, bu proyektlərin çoxu texnologiyadan kənar metodlarla həyata keçirildi. Proyektlərin həyata keçi-rilməsində, hələ inkişaf etməkdə olan ərəb texniki heyətinin iştirakı olmadı, bu potensialdan istifadə edilmədi. Bunun səbəblərindən biri proyektlərin parçalanmış, hissələrə bölünmüş olmasıydı. Belə ki, Zahlana görə, 1976-cı ilə qədər neft-kimya sahəsində həyata keçirilən 584 layihə 83 beynəlxalq firma tərəfindən planlaşdırılmışdı. Bu təcrübədən sonra, ərəb dünyasında heç bir ərəb ölkəsinin bu proyektlər üçün lazımi dizayn və konstruksiyanı təmin edəcək texniki bazası, bunları yaxşılaşdıracaq və lazım gəldikdə dəyişdirəcək infrastrukturası olmadı, indiyədək də yoxdur.
Bunun əksinə, demək olar ki, bütün ərəb millətləri qədər əhalisi olan və iyirmi il əvvəl neft-kimya sahəsinə girmiş Yaponiyanı ələ alaq. Yaponlar əzəldən bəri belə qurğuları ixrac etməyin yollarını axtarırdılar və nəticədə son iyirmi il ərzində hər üç yapon qurğusundan biri ixrac edildi. Yaponların kifayət qədər insan potensialından başqa, istəkləri də vardı. Əgər kifayət qədər texnologiya ilə məşğul olan insan potensialı olmasaydı belə, bunları yetişdirmək çox asan idi; çünki ölkədə onsuz da güclü bir elmi baza mövcuddur. Və yüksək elmi səviyyələri ilə tanınan bu insanlar nə edəcəklərini çox yaxşı bilirdilər.
Bu sahədə kökləri bir neçə əsr əvvələ gedən bir səhlənkarlıq nəticəsində necə geri qaldığımızı daha yaxşı başa düşmək üçün, o vaxtlar İstanbulda İngilis səfiri olan Uilyam Etonun 1800-cü ildəki təəssüratlarını necə danışdığına fikir verək: «Bir dəniz səyahəti və maqnitin istifadə edilməsi heç kimin ağlına gəlmir… Zehni genişləmənin və inkişafın böyük mənbəyi olan səyahət, tamamilə dinlərinin qəti əmrləri ilə və rəsmi vəzifəsi olmayan bir şəxsin əcnəbilərlə münasibətini xoş qarşılamayan bir anlayışla məhdudlaşdırılmışdır… Buna görə də, elmlə məşğul olan bir kəsə rast gəlmək olmur… Top-tüfəng düzəltməklə məşğul olan ya da gəmi inşa edən yaxud buna bənzər bir iş görən sadə emalatçıdan başqa, bir ixtiraçı çıxsa, ona qarşı dəli bir adamdan bir az yaxşı davranardılar, vəssalam». Sözlərini müasir bir hökmlə bitirir: «Özlərinə istifadəyə yararlı və qiymətli mallar gətirənlərlə alış-verişi xoşlayırlar, ancaq bunları istehsal etməyi sevmirlər».
Bu gün belə, istehsalatda özümüzü təmin eləmək səviyyəsinə çatmaq üçün maraq göstərməməyimizin səbəbi nə olmuşdur? Bir neçə İslam ölkəsindən başqa – İndoneziya kimi – bu problemin həlli bütün ölkələr üçün eynidir: qərarverici mövqedəki şəxslər texniki mənşəli şəxslər deyildir. Ölkələrimiz planlaşdırıcılar və idarəçilər üçün bir cənnətdir. Ancaq texniki mənşəli adamların qərarların alınmasında payı yoxdur. Məsələn, Pakistanda Planlaşdırma Komissiyasının 3 il bundan əvvələ qədər bir elm və texnologiya şöbəsi yox idi. Bundan başqa, İngilis-Hind inzibati idarə sistemindən irəli gələn bir ənənənin təsiri ilə, ən azı Pakistanda, indiyədək texniki mənşəli bir nəfərin qərar vermək qabiliyyətinin olmadığı, verdiyi qərarın uzaqgörən olmayacağı qəbul edilir. Deyəsən, biz Yaponiyada, Çində, Koreyada, İsveçdə, Fransada, bir sözlə, sabit inkişaf edən bütün ölkələrdə elm adamları, texniki şəxslər və dövlətin, sənayenin inkişafını planlaşdıran mütəxəssislər arasındakı mükəmməl ahəngi, müştərəkliyi və etibarı sanki hiss etmirik.
Sənaye və elm təməlinə əsaslanan texnologiya ilə yanaşı, kənd təsərrüfatı, səhiyyə, biotexnologiya, enerji sistemləri, kommunikasiya və müdafiə sistemlərində elm üçün geniş tədqiqat sahəsi vardır. Bütün bu sahələrdə və xüsusilə, müdafiə sahəsində də vəziyyət, təəssüf ki, eynidir. Müdafiə və təhlükəsizlik sahələrində xaricdən hazır satın almaya «bəli», müdafiə vasitələrinin istehsalı və texnologiyasına isə «xeyr» deyirik. Bu vəziyyət qarşısında insan istər-istəməz ümidsizliyə qapılır. İbn Haldunun sərt ifadələriylə desək: «Yuxarı mövqedəkiləri hərəkətə gətirən faktor, daha yüksək rifah şərtlərini axtarmalarıdır… Əgər tamahkarlıq bir şəhərdə və ya millət içində yayılsa, o vaxt Allah qəzəblənər… və Allahın Qurandakı sözlərinin mənası da budur:
«Bir ölkəni məhv etmək istədikdə, onun ərköyün başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləcə, hökm vacib olar və onu darmadağın edərik» (17:16).
Son söz
Niyə mən bu cür istək və həvəslə elmlə məşğul olmağımızın vacibliyini qeyd edirəm? Bu sadəcə Allahın bizə bilmə (öyrənmə) ehtiyacını və haqqını verdiyi üçün deyildir. Bu, biliyin günümüzün şərtlərində yalnızca güc mənbəyi olduğu və tətbiq edildiyi halda elm maddi inkişafın əsas amili olduğu üçün də deyil. Beynəlxalq aləmin bir üzvü olaraq bu biliyi yaradanların bizə qarşı duyduğu - haqqında danışılmayan, əslində var olan – xor görmə duyğusu aşkar hiss edilir.
Nobel mükafatı laureatı bir fizikin mənə illər öncə dediyi bu sözlər hələ də yadımdadır: «İnsanlığın bilik yumağında ən az belə olsun payı olmayan bu ölkələri dəstəkləmək və onlara kömək etmək kimi bir məcburiyyətimiz varmı?» O, bunu söyləməsəydi belə, nə vaxt ki, bir xəstəxanaya girsəm, penisillindən tutun həyat xilas edən hər hansı bir müalicə metoduna qədər bütün tibbi avadanlıqların İslam dünyasından heç birimizin payı olmadan hazırlandığını görəndə şəxsən qorxunc bir narahatçılıq hissi keçirirəm. İnanıram ki, din adamlarımız da eyni hissləri keçirirlər. Əgər belə deyilsə, onda niyə İmam Qəzali məşhur «İhya-u Ülumi'd-Din» kitabının ilk fəslində məhz tibb elmlərindən söz açaraq, heç olmazsa İslam cəmiyyətinin inkişafı üçün lazımi elmlərin alınıb öyrənilməsini qeyd edib? O, bu elmlərin alınıb inkişaf etdirilməsini bir vacib şərt – bütün cəmiyyətin məcbur olduğu, ancaq cəmiyyətdən bəzilərinin onun adından çıxış edərək icra edə biləcəyi bir vəzifə – kimi görmüşdür.
Bu sözlərimlə aramızda «sözü keçən» üç qrup insana müraciət edirəm. Bunlar: Allahın var-dövlət bəxş etdiyi insanlar, siyasətdən məsul olan nazirlərimiz və şahzadələrimiz, din adamlarımızdır.
Dəfələrlə qeyd etdiyim kimi, elm ətrafımızdakı dünyanı dərk etməyimizin təməli olduğu, qanunlarının dəyişməz olduğu və Allahın dizaynını izah etdiyi üçün mühümdür. Elm bir başqa cəhətdən də vacibdir: çünki o bizə maddi fayda və müdafiə gücü verir. Bundan əlavə, elm universal (bəşəri) olduğu üçün əhəmiyyətlidir. Bütün insanlığın və xüsusilə də Müsəlmanlar arasında əməkdaşlığın qurulmasına səbəb ola bilər. Beynəlxalq elmə borcumuz var və canımızı dişimizə sıxıb bu borcu ödəməliyik.
Mən indi 250 min əhalisi olan balaca və çox da varlı olmayan bir şəhərdə yaşayıram. Bu şəhərdə vaxtilə qurulmasını təklif etdiyim Beynəlxalq Nəzəri Fizika Mərkəzinin binasının inşası üçün 1963-cü ildə 1,5 milyon dollar maddi kömək göstərmiş bir bank – Kassa di Rispermio –var. Yenə də bu şəhər indi quruluş mərhələsində olan UNİDO Biotexnologiya Mərkəzi üçün 40 milyon dollarlıq vəsait ayırmağı öhdəsinə götürüb. Niyə bizim şəhərlərimiz və banklarımız bu sahədə yarışmasınlar? Bir neçə gün bundan əvvəl bir Amerikan neft şirkətinin qurduğu Kek Vəqfinin Kaliforniya Texnologiya İnstitutuna dünyada ən böyük teleskopu - diametri 10 metr olacaq - inşa etməsi üçün 70 milyon dollar verdiyini öyrəndiyim zaman onlara qibtəylə baxdım. Bizim keçmişdə astronomiyanın inkişafı üçün gördüyümüz iş məhz bundan ibarət idi.
Daha əvvəl bəhs etdiyim bir-iki faizlik beynəlxalq normalar (ÜMM-un) İslam dünyası üçün araşdırmaya ildə 5 ilə 10 milyard dollar vəsait ayırmaq deməkdir ki, bunun da dördə biri ilə üçdə biri fundamental elmlərə xərclənməlidir. Kəçən əsrlərdə bu mənada köklü ənənələrimiz vardı. Xatırlayacaqsınız, İmam Qəzali XI əsrdə İraq və İran torpaqlarından danışanda bunları demişdi: «Bir alimin uşaqlarını rahat bir şəkildə böyüdəcəyi başqa heç bir ölkə yoxdur». O vaxtlar Qəzalinin daxilinə qapanmaq və dünyadan uzaqlaşmaq qərarına gəldiyi bir zamandı. Bu gün sadəcə elm adamları tərəfindən idarə edilən bir deyil, bir çox elm vəqfinə ehtiyacımız var. Bizə həm universitetlərimizin daxilində, həm universitetlərimizdən kənar insanlarımız və onların fikirləri üçün comərdlik və daimilik prinsipləri əsasında işləyən, yüksək səviyyəli beynəlxalq tədris mərkəzləri lazımdır.
Müasir elmin İslamdakı yeri haqqında şübhəsi olanlar üçün bir daha xatırladım ki, elmin məhdud olduğunu bilmək üçün yaşayan elmin bir hissəsi olmaq lazımdır. Yoxsa bu gün dünənin fəlsəfi mübahisələrini yaşamağa davam edərik. Əmin olun ki, aramızda, xüsusilə də gənclərimizin içində, çox qabiliyyətli elm adamları var. Özlərinin də ən böyük arzusu elm səyahətinə çıxmaqdır. Onlara etibar edin. Onların müsəlmanlığı, Qurandakı mənəvi dəyərlərə inamı, ən azı başqalarınınkı qədər dərindir və kök salıbdır. Bunun üçün İslama borcluyuq. Qoy elm və elmin məhdudluğu ilə daxilən tanış olsunlar. Həqiqətən də, İslam və müasir elm arasında heç bir təzad yoxdur.
Sözlərimi iki fikirlə bitirmək istəyirəm. Birincisi, öyrənmə arzusu haqqındadır. Daha öncə ifadə etdiyim kimi, Quran və Hz. Peyğəmbərin hədisləri elmi fəaliyyəti və öyrənməyi hər bir müsəlmanın «beşikdən qəbirə qədər» davam edən məcburi vəzifəsi olaraq görür. Min il qədər əvvəl Qəznədə yetişmiş olan əl-Biruni haqqında danışmışdım. Bir müasiri onun ölüm məqamını belə nəql edir: «Biruninin ölüm ayağında olduğunu eşitdim. Onu son dəfə görə bilmək üçün dərhal evinə getdim. Görünüşünə görə, son nəfəsinə çox az vaxt qalmışdı. Mənim gəldiyimi eşidəndə gözlərini açdı və belə dedi: «Sən filankəs deyilsənmi?». «Bəli» dedim. Bu dəfə «Mənə deyilənə görə, sən İslam miras hüququnda dolaşıq bir məsələnin cavabını tapmısan» dedi və o məşhur məsələni ortaya atdı. Mən «Ey əbu-Reyhan, bu məqamda damı…?» dedim. Belə cavab verdi: «Bunu bilməyərək ölməkdənsə, bilərək ölməyim daha xeyirli deyilmi səncə?». Qəlbimdəki üzüntüylə bildiklərimi anlatdım. Evdən çıxanda təzəcə bayır qapısına çatmışdım ki, içəridən ağlaşma səsləri yüksəlməyə başladı. Biruni ölmüşdü.»
Son fikir olaraq, müqəddəs kitabımızdan – ki, əsl mənası anlaşıldıqda Marmadyuk Piktolun ifadəsiylə, «insanı gözyaşı və vəcdə qərq edən» kitabdan – bir ayəni nəzərinizə çatdırmaq istəyirəm. Bunu çox yaxşı bilirəm ki, Quran şəxsən mənim elmdə hər zaman hiss etdiyim əzəli hikmətdən danışır.
«Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə olunsa, yenə Allahın kəlamları tükənməz; O, Əziz və Hakimdir». (31:27)
ELM və SƏNƏT
Həyat, bioloji və emosional şərait
Məlumat – Qayda – Uyarlıq
Duyğu çalarlı fikir
Fikir çalarlı duyğu
(1927-1988)
Professor Dr. Xudu Məmmədov
Geologiya-mineralogiya elmləri doktoru ,
AMEA-nın müxbir üzvü
Vətəndaş alim Xudu Məmmədov
Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Qarabağ mahalında Ağdamın Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdur.
1946-cı ildə Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuş, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya institutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya institutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu borosilikat-aksinit mineralının quruluşunun təyini olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.
İkinci dünya müharibəsindən sonra İngiltərə Tikinti Nazirliyi nəzdində sement silikatlarının əsas tərkib hissəsini təşkil edən kalsium silikatlarının və hidrosilikatların quruluşunu öyrənmək məqsədi ilə görkəmli alimlər qrupu yaradılmışdı. Qrupun rəhbərliyi həmin vaxtdan ömrünün sonuna qədər Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernala tapşırılmışdır. 1953-cü ildə Londonda keçirilən III Beynəlxalq sement simpoziumu bu qrupun hesabatına həsr olunmuşdu. Simpoziumda C.Bernal dünyada bu istiqamətdə görülən işləri ümumiləşdirərək göstərmişdir ki, «sementin bağlayıcılıq və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarınm quruluşu açıldıqdan sonra yarana bilər». Con Bernalın simpoziumda dediyi bu sözlərdən sonra dünyanın bir çox qabaqcıl laboratoriyaları kalsium silikatların və hidrosilikatların quruluşunu açmaq istiqamətində tədqiqatlara başlamışdı. Dünyanın görkəmli alimləri və dövrünün müasir cihazları ilə zəngin elmi-tədqiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məmmədovun elmi rəhbəri akademik N.V.Belov bu «sement sehrinin» açarı olan ksonotlit – Ca6Si6017(OH)2 mineralının quruluşunu tədqiq etməyi çoxsaylı tələbələri arasında gənc Xuduya həvalə etdi.
Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məmmədov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sahəsində böyük qələbə və böyük elmi nailiyyət idi.
1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya institutunun elmi şurasında «Kristalloqrafiya və Kristallofizika» ixtisası üzrə «Ksonotlit və vollastonit minerallarının kristal quruluşu» mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.
1956-cı ildə X.Məmmədov görkəmli alim Con Bernalla görüşür. Moskva şəhərində Beynəlxalq Sülh Konfransına gələn Con Bernal ixtirası ilə elmi forumlardan tanış olduğu X.Məmmədovla görüşmək istədiyini bildirir. Kristalloqrafiya institutunda görüşdən və elmi söhbətlərdən sonra onu Londona «Sement silikatlarının quruluşunun tədqiqi» elmi mərkəzinə dəvət edir.
Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Con Bernal da öz növbəsində Bakıda Xudu müəllimin qonağı olmuş və ona bağışladığı Elm haqqında kitabında belə avtoqraf yazmışdı: «Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova».
M.Çıraqov yazır ki, böyük elmi nailiyyətləri ilə keçmiş SSRİ məkanında və xarici ölkələrdə şöhrət qazanmış Xudu Məmmədovu Moskva və Leninqradın bir çox elmi tədqiqat institutları və ali məktəbləri işə dəvət etdilər. Ancaq vətənə məhəbbət, doğma el-oba istəyi nailiyyətlərini, arzu və istəklərini xalqının adı ilə bağlamaq, müasir və yeni elmi istiqamətlərin doğma Azərbaycanda məktəbini yaratmaq arzusu onu Bakıya – Kimya institutuna qaytardı.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq 1960-cı ildə «Kalsium-silikatları və hidrosilikatların kristallokimyası» monoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöhrəti qazanmış gənc türk alimi X.Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq «mənim ilk oxucum öz millətim olmalıdır» kəlamları bu insan haqqında çox söz deyirdi.
Xudu Məmmədov millətə, vətənə, doğma təbiətə bağlı adam idi. Təbiət vurğunluğu onun elmi yaradıcılığının da əsas ilhamverici amili idi. Xudu müəllimin kitabına ön söz yazan görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan, heyran etmiş və indi də heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur... Xudu Məmmədovu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə də onun sənət məsələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqəsinə dair xüsusi bir əsər yazması çox təbiidir.1
O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük bir qismini Azərbaycanda elmi-kütləvi fikrin yayılmasına, istedadlı gənclərin yaradıcı fəaliyyətə cəlb olunmasına, ictimai şüurun strukturunda elmi düşüncənin payının artmasına sərf edirdi. Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm və həyat” verilişi neçə-neçə gəncin elmə münasibətinin formalaşmasında böyük rol oynamaqla yanaşı, Azərbaycanda elmi-publisistik dil üslubunun formalaşmasına böyük təsir göstərirdi. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Lakin bu formal göstəricilər Xudu Məmmədov haqqında çox az şey deyir.
Aşağıda görkəmli Azərbaycan alimi və ilk elmşünaslarımızdan biri Xudu Məmmədovun “Qoşa qanad” əsərini oxuculara təqdim etməzdən qabaq bu unikal kitab haqqında fikir söyləmək istədik. Lakin bu əsər haqqında hər hansı bir söz deməkdənsə, onun özünü bütövlükdə təqdim etməyi məqsədəuyğun hesab edirik. Xudu müəllimin dostu, tanınmış həkim və alim Nurəddin Rzayev kitabı şərh etməyin çətinliyi barədə belə yazır: “Çox götür-qoydan, kağız və vaxt itirdikdən sonra inandım ki, ... oxucu bu kitabı özü oxumalıdır !”1
Biz də şərhsiz-filansız əsərin özünü təqdim edirik.
Xudu Məmmədov. QOŞA QANAD
Ön söz
Yanlışların üzünə qapı bağlananda
Həqiqət də bayırda qalır.
Taqor
Taqor
Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni başlıca işimdən yayındıracaq qədər güclü görünür. Əlbəttə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixtisasımın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ətrafındakı düşüncələr diqqətimi “elm və sənətin əlaqəsi, qarşılıqlı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.
Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da olsa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəstişkarı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxtlarda gördüklərimin, oxuduqlarımın və ayrı-ayrı görüşlərin təsiri altında formalaşmışdır.
İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu məsələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiyyəti məsələlərinin vacib hissələridir.
Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın görəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Görüləcək işlərin qurtarması həyatın sona çatması olardı. İşin belə tükənməzliyinə baxmayaraq insan fikirləşməyə başlayandan bəri həyatın və özünün mahiyyəti haqqında düşünməyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axtarışlar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini anlamalıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıqlarının hamısı aləm haqqındakı təsəvvürlərinin, biliyinin nəticəsidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı imkanlardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal təbiidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oynayır. Əlbəttə, müəyyən vaxta qədər.
...Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaradır Allah,
Mümkün ki, iradətilə ol həm,
Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çevirsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qurulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.
Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəstəliklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliyyəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların imkanından tam istifadə etmək üçün lazımdır. Elmlə sənətin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim problemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qarşıya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağlarda baxsaq, onun zamana görə necə dəyişdiyini görərik. Biz “cavab köhnəlib” deyirik. Bəlkə “sual yeniləşib” demək daha doğrudur.
Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əslində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualıdır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-birini necə tamamlayır?” kimi suallar hər ikisinin yüksəlişindəki ziddiyyətli dövrlərdə irəli sürülür. Alına biləcək cavablar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, trivial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.
Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə arxasında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zirvələr görür. Hər sualın-sorğunun həlli cavabla bərabər yeni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yollardır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölümdən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mənəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.
Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər keçilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksəklikdən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırımlar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəlmiş olsaydınız, oraya ən rahat yol seçərdiniz. Artıq çatılmış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gələcək yolun qısaldılması üçün lazımdır.
İndi fikir aləmində belə zirvələr çoxdur: mikroaləmin quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haqqında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və onların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan verir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az deyil: “Sənəti kimya, fizika, biologiya anlayışlarına xırdalamaq onu yox etmək demək deyilmi?”
Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xırdalana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qəribəlik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içərisinin quruluşunu öyrəndiyinə görə çölünün gözəlliyinə laqeyd olsun. Elə də həkimlər, anatomlar. Məgər çiçəkləri ləçəklərinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən botanik onların gözəlliyindən zövq almırmı?
Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşündürmür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həyatın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənildikcə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öyrənməyə inamsızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öyrənmək səyini hələ beşikdə ikən öldürə bilər.
Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qədər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mərkəz olmadığını eşitdikdə daha böyük həyəcan keçirmişdir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mərkəzi olmasın?!
Tanrıları belə özünə oxşadan insana bir gün qalan canlılarla eyni köklü olduğunu deyəndə necə pərt olmayaydı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yüksəklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöhrətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohumlarına” nisbətən daha yüksəkliklərə uzandı.
Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözündən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda deyil, həm də necə təşkil olunmaqdadır.
Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni yeni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qatlarına yüksəldir.
Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qorxusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş görməməkdir.
Bu baxımından elmin bütün tarixini gözdən keçirmək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsılmaz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı avropalılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kimyanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, trivial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yoxlanılmağa möhtacdır, onları araşdırmağa dəyər.
“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Maşın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.
Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qaydada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda deyil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə tapa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib yenidən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz yeniləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəhmət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “perpetium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün olmadığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işimizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşınların yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülməlidir.
Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqındakı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yanlışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada göyərə bilməz.
Həyat, bioloji və emosional şərait
Ömür su kimi yenidən yeniyə axıb gedir.
Fəqət cəsəddə bir sabitlik göstərir.
Cəlaləddin Rumi
Soyuq və yaraşıqlı bahar günü idi. Təzəcə yaşıllaşan kolun yanında oynayan uşaqlardan biri özündən xeyli böyük yoldaşlarından tez-tez soruşurdu :
Bəs budağı qıranda ağac ağlamır?
Dedim ki, yox!
Bəs kollar üşümür?
Yox, yox, yox!
Böyük üçün bu suallar çox maraqsız idi. Görünür o, dünyanın qəribəliklərinə artıq adət etmişdi.
Ağacın ağlaya bilməsi, onun üşüyə bilməsi uşağı niyə narahat edir? Niyə biz yaşıllığı, çiçəkləri sevmirik? Özünə tamaşa edirmiş kimi gölün güzgüsünə əyilmiş budaqlar bizi nə səbəbə həyəcanlandırır?
Bu və ya başqa oxşar sualların ümumi bir cavabı var: Biz həyatı sevirik!..
Bitkilər bizim varlığımızın əsasıdır. Alman təbiətşünası Meyerin obrazlı sözləri ilə desək, “bitki aləmi sonralar səmərəli istifadə etməsi üçün günəş şüalarını toplayan anbardır. İnsanın fiziki varlığı təbiətin bu iqtisadi qayğısından asılıdır. Yaşıllığa ötəri bir nəzər, sövq-təbii olaraq, maddi təminat hissi oyadır”.
İnsan və heyvan orqanizmləri elə qurulmuşdur ki, onlar böyüməsi, artması üçün zəruri maddələrin çoxunu inkişaf səviyyəsi aşağı olan canlılardan hazır şəkildə alır. Bu baxımdan bitkilərin qəribə taleyi var. Onların çox böyük əksəriyyəti yaşamaq naminə heç bir canlının həyatına qəsd etmir. Yaşamaq üçün lazım olan şeyləri günəşin köməyi ilə torpaqdakı mineral maddələrdən, sudan və havadakı karbon qazından özü “hazırlayan” bitkilər başqa canlılara nisbətən daha sərbəstdirlər. Biz insanlar asılılığımızı yüksəlişimizin bütün mərhələlərində yəqin ki, fəhm etmişik. Məhz buna görə də, təbiətə bəslədiyimiz məhəbbətin iki səbəbi vardır.
Əvvəla, biz ondan son dərəcə asılı olduğumuzu, ondan kənarda varlığımızın mümkün olmadığını başa düşə bilirik. İkincisi isə o, bizə gözəlliyi hiss etmək, özgə taleyinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi həm də təbiətin sirlərini öyrənməyə vadar edir. Fransız təbiətşünası Anri Puankarenin sözləri ilə desək, “alim təbiəti ona görə öyrənir ki, bu xeyirlidir. Bu iş ona ləzzət verir, çünki, təbiət gözəldir. İntellektual gözəllik öz-özlüyündə təminedicidir. Bəlkə də insanların gələcəkdə götürəcəyi xeyirdən çox ”alim özünü bu gözəlliklər xatirinə uzun və ağır əziyyətlərə salır”. İstər ağır ehtiyac, istərsə də firavanlıq öz-özlüyündə elmi axtarış üçün stimul ola bilməz.
Özünü elmə həsr edənlər arasında ömrü boyu maddi ehtiyacdan yaxa qurtara bilməyənlər də, firavan yaşayanlar da olmuşdur.
Başqa bir söhbətində Puankare deyir ki, gözəllik axtarışı, elə fayda axtarışının verdiyi nəticələrə də gətirib çıxarır.
Elə bil ki, təbiət insanı böyük məqsədlərə yönəltmək üçün gündəlik tələblər – yaxın məqsədləri “yaratmış” və bizə heyrətlənmək, gözəlliklə sehrlənmək, ehtirasa gəlmək qabiliyyəti vermişdir. Bu, el arasında yayılmış belə bir əhvalatı xatırladır: Ata ömrünün son dəqiqələrində tənbəl oğullarına vəsiyyət edir ki, bağda çoxlu qızıl gizlədib, onu tapsınlar. Oğlanlar qızılı tapmaq eşqi ilə bağın hər yerini belləyirlər. Əlbəttə, onlar xəzinəni tapa bilmir, lakin torpağı işlənmiş bağdan bol məhsul götürürlər.
Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə – ağıl və hisslə ifadə olunur. Xarici aləmlə əlaqə yalnız ağıla əsaslanmış olsaydı, insan dünyaya mükəmməl ağılla gəlməli idi. Bunun isə mümkün ola bilməməsini sübut etməyə ehtiyac yoxdur.
Elm və sənətin ağıl və hiss əsasında necə formalaşdığını, onların qarşılıqlı əlaqəsini aydın etmək üçün ümumi şəkildə də olsa, həyatın mahiyyəti haqqında müasir fikirlər üzərində dayanaq.
Qədim müəlliflərdən biri deyir: “Biz torpaq olub getdik, sən də diri torpaqsan”. Min illərlə insan canlının “torpaqdan əmələ gəlib” torpağa çevrildiyinin şahidi olmuşdur. Qədim alimlərin fikrincə canlı torpaqla cansız torpağın fərqi birincidəki “can” və ya “ruh”dur.
Dəqiq kimyəvi təhlillərlə müəyyən edilmişdir ki, “canlı torpağın” – tərkibində müxtəlif kimyəvi elementlərin sayı cansız torpaqdakından azdır. Canlı aləmin fərdlərinin – bitkilərin, ali canlıların bədənləri təsadüf edilən 92 elementdən əsasən beşinin (karbon, oksigen, hidrogen, azot və fosfor) hesabına qurulmuşdur. Qalan elementlərdən canlıların “qurulması” üçün nisbətən az istifadə edilmişdir. Ancaq həyatda onların əhəmiyyəti böyükdür. Həyatı bir kitaba oxşatsaq, onun yazılmasında əsasən beş müxtəlif və mühüm hərfdən, bütünlüklə təbiətin yazılmasında isə 92-yə yaxın müxtəlif “hərfdən” istifadə olunmuşdur.
Beləliklə, qədim insanlar canlı aləmlə cansız aləmin maddi tərkibləri arasında fərq olmadığını güman edərkən çox da yanılmamışdır. İstər canlılar, istərsə də cansızlar kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Hələlik bütün tədqiqatlar göstərir ki, canlılıq varlığın bir forması kimi yalnız yerdə mövcuddur.
Cansızlıq kainatda geniş yayılmış varlıq forması olduğu halda, planetimizdə canlı varlıq formasının da mövcudluğu necə izah edilməlidir?
Doğrudan da, sadəcə cansızlıq mövcud olduğu halda, nə səbəbə planetimizi təşkil edən elementlərin həm çəki, həm də müxtəlifliyinə görə az bir hissəsi həyat şəklində, yaşarı formada mövcuddur. Elementar tərkibinə görə, cansız aləmdən sadə olan həyat, quruluşuna görə ondan müqayisəedilməz dərəcədə mürəkkəbdir. Bu mürəkkəbliyin məziyyəti nədən ibarətdir? Məziyyəti müzakirə etməzdən əvvəl haqqında danışdığımız varlıq formalarının əsas cəhətlərini nəzərdən keçirək.
H
canlılar:
atomlar
molekullar
molekul qrupları
hüceyrələr
hüceyrə koloniyaları
orqanellalar toxumlar)
orqanlar və s.
cansızlar:
atomlar
molekullar
maddələr
kristallar
materiallar
ər iki aləm üçün mərtəbəli quruluş xarakterikdir. Dil də bu xüsusiyyətə malikdir:
Göründüyü kimi, cansızlara nisbətən canlılarda mürəkkəbləşmə mərhələlərinin sayı müqayisəedilməz dərəcədə çoxdur. Hər bir səviyyənin fərdləri özündən sonrakı səviyyə üçün quruluş vahidi rolunu oynayırlar.
Kristal cansız aləm fərdlərinin ən qəribə nümayəndəsidir. Hər bir maddənin kristalı özünəməxsus zahiri formaya malikdir. Bu formalar adətən həndəsi çoxüzlülərdən ibarətdir. Xörək duzunun kub şəkilli kiçicik bir kristalını duzun doymuş məhluluna salsanız, bir müddətdən sonra onun böyüdüyünü görəcəksiniz. Oxşatma kobud da olsa, kristal hörülməkdə olan divar kimi məhlulda həll olmuş natrium və xlor ionları hesabına böyüyür. Kristalın böyüklüyü təcrübi imkan və zamandan asılıdır.
Canlı aləm fərdləri də böyüyür. Lakin bu böyümə tamamilə başqa xarakterlidir. Canlılar müəyyən ölçüyə kimi böyüyə bilirlər. Kristal böyüdükdə daxilində heç bir dəyişiklik baş vermir, canlıda isə böyümə bütünlükdə gedir.
İçində xörək duzu kristalı olan duz məhlulu qabının ağzını örtüb onu buxarlanmağa qoymasanız, kristalın böyüməsi dayanacaq, yəni müəyyən vaxtdan sonra kristalın səthindən məhlula keçən ionların sayı məhluldan kristala keçənlərə bərabər olacaq. Çöldə şərait dəyişməsə bu tarazlıq əbədi yaşaya bilər.
Bildiyimiz kimi, canlılar belə deyil. Onlar xarici aləmlə maddələr mübadiləsi hesabına özünü bütünlüklə bərpa edərək yaşayır. Canlıda bütün atomlar hərəkətdədir. Ancaq biri az, biri çox. Orqanizmdə bir atomu nişanlamış olsanız və onu bir qayda ilə izləsəniz, müəyyən sürətlə hərəkət etdiyini görərsiniz. O, bir müddət orqanizmi qaydalı dolandıqdan sonra onu tərk edəcək, öz yerini çöldən orqanizmə daxil olmuş başqa atoma verəcəkdir. Bu halı şəlalə ilə müqayisə etmək olar. Şəlalənin şəkli dəyişməz olduğu halda ibarət olduğu hissələr – su molekulları bir tərəfdən gəlib o biri tərəfdən gedir. Cəlaləddin Rumi də “ömür su kimi yenidən yeniyə axır. Fəqət cəsəddə bir sabitlik göstərir” – deyəndə, elə həyatın bu qəribə xasiyyətini nəzərdə tuturdu. Canlı aləmlə cansız aləm arasındakı bu fərqlər və ümumiliklər, birinci növbədə, onların təşkil olma tərzləri – quruluşları arasındakı fərqlər və ümumiliklərin nəticəsidir.
Məlum olduğu kimi mənalı sözlər, cümlələr səslərin, sözlərin yalnız müəyyən ardıcıllıqla düzülüşündən ibarət olduqları kimi, elementlərin varlıq formaları da onların intizamsız toplusu deyil. Müəyyən quruluşa malik toplusudur. Belə topluların uzun ömürlüyü və ya davamlı olmaları üçün aşağıda saydığımız quruluş xassələrinin ayrıca əhəmiyyəti vardır.
Quruluşuna daxil olan hissələr arasında qüvvətli əla-qə, bunların fərdi xüsusiyyətlərinə uyğunluq, sadə təsvir oluna bilən qayda, hissələrin mütəhərrikliyi kimi müşahidə olunan keyfiyyətlər quruluşun yaşama amilləridir. Bu baxımdan müxtəlif varlıq formalarının müqayisəsi maraqlıdır.
Cədvəldən göründüyü kimi canlı quruluşunda davamlılıq üçün xarakterik olan bütün xüsusiyyətlər vardır. Cansız aləmdə birlikdə rast gəlinməyən bu xüsusiyyətlərin hamısına birlikdə malik olan quruluş çox mürəkkəb olmalıdır. Bu mürəkkəblik quruluşu saxlamaq, müdafiə etmək üçün cansız aləmdəki uyğun imkanlardan əlavə canlıya daha yeni mahiyyətli başqa bir imkan da verir.
Müxtəlif şəkildə olsa da hər bir quruluşun özünü qorumaq xassəsi vardır. Onu dağıtmaq üçün yönəlmiş qüvvəyə qarşı quruluşda müdafiə reaksiyası əmələ gəlir. Belə hallarda quruluş ən azı, onu yönəlmiş təsiri neytrallaşdıracaq qaydada köklənir – xarici şəraitə uyğunlaşır. Həyatın üstünlüklərindən biri də budur. Cansız aləm fər-dinin dağıdıcı təsirə qarşı reaksiyası – şəraitə uyğunlaşması dəyişməz şəklə malikdir, stereotipdir.
Qayda
|
Hissələr arasında qüvvətli əlaqə
|
Fərdi xüsusiyyətlərə uyğunluq
|
Hissələrin mütəhərrikliyi
|
Qaz
Maye
Amorf
Bərk maddə
Kristal
Canlı
|
–
çox az
çox az
çox
yüksək
yüksək
|
–
Çox zəif
Qüvvətli
Qüvvətli
–
Qüvvətli
|
Çox yüksək
–
–
–
–
Yüksək
|
Həyat bu barədə sərhədsiz imkana malikdir. Canlılarda müşahidə olunan müdafiə xarakterli davranışları özünüqoruma sövq-təbiisinin nəticəsi hesab edirlər. Lakin elə davranışlar vardır ki, onlar bilavasitə instinktin nəticəsi deyil. İctimai fəaliyyətin müxtəlif sahələri buna misal ola bilər. Bu dolayı yollarla olsa da həyatı qorumaq instinkti ilə səsləşir. Beləliklə, fərd hissəsi olduğu həyatı – canlı aləmi qorumaqla özünü qorumuş olur. Canlı aləmi vəhdət kimi görmədən təbiətşünaslıqla ictimai hadisələr arasında ilişki, bağlılıq axtarmaq çətindir, bəlkə də heç mümkün deyil.
Bir sözlə, fərdin həm bioloji, həm də ictimai funksiyası həyatı yaşatmaqdır, özünün əbədiliyidir. Daha doğrusu, fərdin əbədiliyi həyatın əbədiliyində mümkündür.
Gətirilən misallardan canlı aləmdəki mərtəbəli quruluş hesabına mürəkkəbləşmənin həyatın varlıq forması kimi davamlığı baxımından nə qədər böyük üstünlüklərə, dinamik imkanlara malik olduğunu gördük. Əgər bu üstünlüklər olmasaydı həyat öz zərifliyi ilə cansız aləmin rəqabətinə dözə bilməz, imkanlarının məhdud səviyyəsində yox olardı.
Başqa canlılardan fərqli olaraq insan, inkişafının nisbətən yüksək pilləsində öz varlığını qorumaqdan ötrü şərait arxasınca qaçmır, əksinə özü üçün şərait yaradır. Məsələn, kosmik uçuş zamanı o adi şəraiti özü ilə aparır, başqa sözlə, bioloji şərait dəyişərək kosmik şəraitə uyğunlaşır. Təbiidir ki, bütün hallarda gözlənilməz şəraitlə üzləşib öz adi şəraitini saxlamaq həmişə mümkün deyil. Ona görə də insan baş verə biləcək şərait dəyişikliklərinə əvvəlcədən hazır olmalıdır. Bu işi o, xarici aləmi öyrənməklə, daha doğrusu, öz elmi fəaliyyəti ilə yerinə yetirir. Bəlkə də “yaşamaq zərurəti bu işin nəticələrinin əsas cəhətlərindən biridir”, – demək daha dürüst olardı. İnsanı belə fəaliyyətə – nəticəsi uzaq məqsəd güdən işlərə vadar edən təkcə təbiətə hakim kəsilmək ehtirası deyil, həm də maraq, gözəllik hissi, başqasının taleyinə acımaq və bu kimi yaxın məqsədlərdir. Çoxu emosiyalardan ibarət olan bu hisslərin rolu təkcə öyrənilməli məsələlərə diqqəti cəlb etməklə bitmir, həm də bu məsələlərin həlli üçün, düzgün fəaliyyət üçün qərar çıxarılmasına kömək göstərir.
Belə qərarların çıxarılmasına lazım olan bilik çox vaxt azlıq edir, ya da kənardan alınan məlumatlar arasında əlaqə itirilmiş olur. Bilik və məlumat gücünə dərhal qərar çıxarmaq nadir hallarda mümkündür. Mümkün qərarların formalaşması və onlardan hansına üstünlük verilməsində emosiyanın – hisslərin, yaradıcı fəhmin böyük rolu vardır.
Canlı orqanizm, mühiti ilə arasıkəsilməz maddələr mübadiləsindədir. Dediyimiz kimi o öz varlığını saxlamaqdan ötrü mühitindən aldığı maddələr hesabına təzələnir, böyüyür. Bu maddələrin orqanizmə lazım olan başqa maddələrə çevrilməsi üçün münasib bioloji şərait tələb olunduğu kimi, alınan məlumatın da əlverişli qərarlara çevrilməsinə uyğun emosional şərait gərəkdir.
Elmin də əməli məqsədlərindən biri və ən əsası bioloji şəraitin idarəsidir. Buna münasib olaraq sənətin qarşısında duran vəzifə insanın emosional şəraitini məqsədəuyğun idarə etməkdir. İlk baxışda sənətin məqsədi bayağılaşmış, buludlardan yerə endirilmiş kimi görünə bilər. Lakin belə deyil. Sənətin guya heç bir əməli əhəmiyyətindən asılı olmayaraq zövq mənbəyinə çevrilməsi fikri onun əsil vəzifəsini yerinə yetirmək üçün lazımdır. Sənətdə “həyatı qorumaq” qüvvəsi olmasaydı, bəlkə də bizi bu qədər düşündürməz, həyəcanlandırmazdı.
Xaricdən alınan məlumat iki hissədən ibarətdir; məlumatın semantik hissəsi və estetik hissəsi. Qeyd etmək lazımdır ki, estetik hissə məlumatın bilavasitə sözbəsöz başqa dilə çevrilə bilməyən hissəsidir. Semantik hissəni isə istənilən dəqiqliklə hər dilə çevirmək olar.
Məsələn, hər bir cümlədəki məna onun daşıdığı semantik məlumatdır. Cümlədə olan söz düzümü, deyiliş çaları, səs gözəlliyi estetik məlumat daşıyır.
Məlumatın yaratdığı emosional hisslər ümumi şəkildə aşağıdakı səbəblərdən asılıdır:
Orqanizmin ümumi fizioloji halı.
Xarici məlumatın semantik hissəsi.
Xarici məlumatın estetik hissəsi.
Semantik məlumat vaxtı ilə keçirilmiş emosional hissləri oyadır.
Estetik məlumata gəlincə, onda bilavasitə heç bir təsəvvürsüz də emosiya yaratmaq imkanı vardır.
Ümumiyyətlə emosiyaların səbəbi bu göstərdikərimizin müxtəlif çalarlı bağlılığı, qarşılıqlı əlaqəsidir. Başqa sözlə, onların əmələ gəlməsində həm estetik, həm semantik məlumatların, həm də beyinin ümumi fizioloji halının birgə işinin nəticəsini görmək daha doğrudur.
Bu söhbətimizdə həyatın mahiyyəti haqqında müasir təsəvvürlərə, elmlə sənətin başlanğıc əlaqələrinə və bunların həyat üçün nə məqsəd daşıdığına ötəri nəzər saldıq. İndi isə elm və sənətin yaradıcılıq sahələrindəki fərq və ümumiliyini gözdən keçirək.
Məlumat – Qayda – Uyarlıq
İnsan məlumat dənizində yaşayır. Məlumat insana hava və su kimi lazımdır. Xarici aləmlə məlumat mübadiləsi müəyyən müddət kəsildikdə insan gerçəklik hissini itirir, onda normal olmayan psixoloji hallar baş verir. Məlumat – informasiya sözünü geniş mənada başa düşmək la-zımdır. Yerin üstü ilə dolaşıq əlaqəsi olan bir mağara təsəvvür edin: mütləq qaranlıq, havada heç bir tərpəniş yox, mütləq səssizlik... Belə bir şəraitdə su damcılarının tıqqıltısı, yarasa uçuşu zamanı gələn küy özü də məlumatdır. İnsan belə bir vəziyyətə düşdükdə təkliyin dəhşətli “səsini” öz səsi ilə batırmağa çalışır. Ancaq onun öz səsi özü üçün uzun zaman informativlik rolunu oynaya bilmir, yalqızlığın qorxunc təsirinin ilk əlamətinə çevrilir. Bütün bunlar beyinin normal işi üçün məlumat mühitinin nə dərəcədə dəyərli olduğunu göstərir. Göründüyü kimi xarici aləmlə bağlılığımız, əlaqəmiz düşdüyümüzdən daha dərin, daha mürəkkəbdir.
Aydındır ki, biz xarici və daxili aləmimizdəki dəyişiklikləri hiss üzvlərimiz vasitəsi ilə duyuruq. Onlardan birinin və ya bir neçəsinin öz həssaslığını itirməsi beyinin – ali sinir sisteminin normal işinə dərhal təsir edir. Deyildiyinə görə, bütün hiss üzvləri sıradan çıxmış, yalnız görmək qabiliyyəti qalmış bir xəstə gözlərini yuman kimi dərin yuxuya gedirmiş. Axı, onun beyni görmədən başqa heç bir duyğu ilə bağlı qıcıq almırdı.
Beyinin modeli sayılan elektron qurğuları – müasir hesablayıcı maşınlar xaricdən alınan məlumatın xarakterinə çox həssasdır. Onlara yalnız iş üçün yararlı məlumat gərəkdir. “Küy” adlandırılan başqa xarici məlumat onların işini pozur və ağırlaşdırır. Beyindən ötrü isə belə “küy” onun normal işi üçün zəruri şərtlərdən biridir. Sözsüz, müəyyən həddə qədər!
Tamamilə eyni informasiyanın müxtəlif fərdlərə təsiri başqa-başqadır. Birini ağladan məlumat başqasını güldürür. Birini düşündürən məlumat başqasının düşüncəsinə mane olur. Deyirlər ki, Faradeyin elm aləminə səs salmış məşhur təcrübələrindən xəbər tutan İngiltərə kraliçası onu saraya çağırır. Kraliça Faradeyin sınaqlarıma baxıb, alimi yola saldıqdan sonra yaxındakılara deyir :
İnsan nə qədər işsiz olmalıdır ki, belə mənasız şeylərlə məşğul olsun.
Bu “mənasız şeylər” müasir texnikanın əsasları idi.
Semantik və estetik təsir məlumatın potensial xassəsidir, gizli imkanıdır. Xüsusi hazırlığı olmayanlar üçün Eynşteynin nisbilik nəzəriyyəsi dolaşıq, əlaqəsiz söz yığımıdır. Başqa sözlə bu halda onun semantik təsiri yoxdur. Estetik təsiri pis də ola bilər. İnsan anlamadığı danışıqları, bilmədiyi mətləbləri həvəssiz dinləyir. Musiqi savadı olmayan bir avropalı ilk tanışlıqda muğamı üzüntülü bir mızıltı kimi qəbul edəcəkdir.
Məlumatın semantik və estetik hissələri arasında iki cür bağlılıq vardır. Birinci halda hər iki hissə üzvi bağlıdır. Yazı həm semantik məlumat daşıyır, həm də ornament təsiri bağışlaya bilər. Belə bir xüsusiyyət təbiət obyektləri və ən gözəl sənət əsərləri üçün xarakterikdir. İkinci halda semantik məlumat estetik məlumatla uzlaşdırılmış şəkildədir; bəzəkli yazı, musiqi, şeir, dram-dekor-musiqi və s.
Rəssamı, alimi, bəstəkarı xarici aləmdə cəlb edən nədir? Təbiətin harmoniyası – “qayda” və ya onun emosional təsiri olan “ahəng”.
Adətən qaydaya qarşı əkslik kimi qaydasızlıq, xaos – dağınıqlıq qoyulur. Ancaq qayda ilə qaydasızlıq ağ – qara, acı – şirin və s. kimi anonim təbiətli əksliklərdən deyil. “Burada bir qaydasızlıq hökm sürür” dedikdə nəyin harada yerləşəcəyini, sonrakı hadisənin nədən ibarət olacağını bilməyin qeyri-mümkünlüyünü nəzərdə tuturuq. Başqa sözlə, hər şey ola bilər, hər şeyi hər yerdə eyni ehtimalla gözləmək mümkündür. Bu, bircinslilikdir, bu cəhətdən xaoslar bir-birindən seçilmir. Ancaq qayda təsvirə gələndir, qaydanı qaydadan seçmək mümkündür. Bir qaydanın o birindən nə qədər mürəkkəb olduğunu da göstərə bilərsən. Arabir mürəkkəbliyi gücləndirmək üçün onu xaosa da oxşadırlar. Bununla demək istəyirlər ki, qaydada mürəkkəblik o qədərdir ki, onu birdən-birə görmək olmur. Beləliklə, xaos qaydanın mürəkkəblik dərəcəsinin həm başlanğıcı, həm də sonudur.
Qayda “quruluş” anlayışı ilə sıx bağlı anlayışdır. Hər şey müxtəlif quruluşa malik ola bilər. Hər dəfə nəyə görə, hansı əlamətə görə quruluşdan danışıldığı xüsusi qeyd edilməlidir. Məsələn, canlının anatomik quruluşu, hüceyrəli quruluşu və ya dövlətin siyasi, iqtisadi, inzibati quruluşu. Elmin, o cümlədən də, sənətşünaslığın qarşısında duran ən böyük məsələ həmişə quruluşla xassə arasındakı əlaqənin təbiəti olmuşdur: dövlət necə qurulmalıdır ki, xalqın tələbinə cavab versin? Maddə necə qurulmalıdır ki, onun istənilən xassəsi olsun? Maşın necə qurulmalıdır ki, müəyyən işləri yerinə yetirə bilsin. Əsər də elə qurulmalıdır ki, gözlənilən estetik, emosional hissləri yarada bilsin. Bildiyimiz kimi Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri də Azərbaycan xalq musiqisinin elmi əsaslarını işləyib hazırlamasıdır. Təkcə bu fəaliyyəti onun Azərbaycan mədəniyyəti tarixində görkəmli bir şəxsiyyət kimi qalmasına bəs idi. “Azərbaycan xalq musiqisinin əsasları” musiqimizin qrammatikasıdır. Dilimizdəki səslər eyni tezliklə işlənmədiyi kimi, musiqi dilimizdə də səslər eyni tezliklə, eyni ardıcıllıqla təkrarlanmır. Biz ilk növbədə buna görə dilləri, musiqiləri bir-birindən seçə bilirik.
Xarici aləmdə insanın görə bildiyi qanunauyğunluqlar nəsildən-nəslə verilir. Elmi kitabların hamısında mümkün olan və mümkün olmayan hadisələrdən, bu hadisələr arasındakı bağlılıqdan danışılır. Bir sıra elmi əsərlərdə ən çox baş verməsi mümkün olan hadisələrdən söhbət gedir. Bəzi alimlər mümkün olan və olmayan hadisələri qələmə alır, hər iki qayda ilə təbiəti təsvir edirlər. Biz təsvir dedik. Bu söz adi təsvir kimi başa düşülməməlidir. Söhbət təbiətdəki dəyişməz qaydaların – təbiət qanunlarının təsvirindən gedir. Yəni təbiət dilinin qrammatikasından. Son zamanlar aşkar edilmişdir ki, mümkün olmayan, baş verə bilməyən hadisələrdən danışmaq daha əlverişlidir. Niyə? Ona görə ki, bu halda təbiətin dolğun mənzərəsini verməyə daha az təsvir vasitəsi tələb olunur. Bir kitabda təbiətin başlıca qanunları inkar şəklində verilmişdirsə, demək bu qanunlara əsasən, “qalan hadisələrin baş verməsi mümkündür”, – deyə bilərik. Belə elmi qanunların sayı ildən-ilə artır. Bu, mümkün olan hadisələrin sayını kəskin şəkildə azaldır və biz nəticədə klassik elmdə olduğu kimi nəyin mümkün olduğu barədə konkret qənaətə gələ bilərik. Ancaq fərq hadisənin müəyyən ehtimalla xəbər verilməsidir. Təbiət qanunlarının “tabu” xarakterliliyi və yeni elmdə bu qanunlara verilən yer onu sənətlə daha da çox yaxınlaşdırır. Təbiət haqqında istədiyiniz şəkildə mühakimə apara bilərsiniz; ancaq bu mühakimələr zamanı enerjinin itməməsi, Pauli prinsipinin pozulması, maddə çəkisinin saxlanması və s. qanunlar öz qüvvəsində qalmalıdır – müasir elmin tələbi, istəyi belədir.
Deməli, xarici aləmin, təbiətin biçimlərindəki aydınlıq bu məhdudiyyətlərin nəticəsidir. Tabu şəkilli bu qanunların sayı artdıqca təbiətin şəkli daha çox aydınlaşır.
Arkadi Raykin zarafatlarının birində rəssam haqqında belə deyir : ”Rəssam – gərəkli boyaları gərək olan yerə yaxan adama deyilir”. Gülməli də olsa burada bir gerçəklik var. Sənətdə az çox öz dəsti-xətti, öz yolu olan bir rəssamın bütün çəkdiklərini gözdən keçirsəniz, onun boyaları özünəməxsus bir ölçüdə işlətdiyini görəcəksiniz. Bu nisbətlə də rəssamın işlərindəki kolorit aşkarlanır. Bu, təbiətin elementlərə görə tərkibini yada salmırmı? Sonrakı təhlillərimizdə rəssamın müəyyən kompozisiyalardan, biçimlərdən, cizgilərdən, çalarlardan istifadə etmədiyini görəcəksiniz. Rəssam sanki istedadının, dünyagörüşünün, temperament və zövqünün, sənət texnikasının imkan verdiyi vasitələrə müəyyən məhdudiyyət qoyub özünəməxsus bir “aləm” yaratmışdır.
Üzeyir Hacıbəyov haqqında danışdığımız kitabında musiqimiz bu baxımdan təhlil olunur. Rast muğamı üstündə musiqi bəstələmək üçün işlədilən səslərdən biri maye – nüvə rolunu oynayır. Qalanları ilə nüvə ətrafında qatdan-qata qaydalı sıçrayışlar edir. Bu qayda qrafik şəkildə göstərilsə atom quruluşuna əsasən spektrlərin izah olunması üçün çəkilən sxemlərə çox oxşar sxem alınır. Nils Bor atom quruluşunu kəşf etdikdən sonra Eynşteyn bu quruluşa öz heyranlığını bildirməkdən ötrü onu yüksək musiqiyə bənzətmişdi.
Oyun qaydalarını xatırlayın. Bütün bunların şəklini aydın edən tabu qanunlarıdır. Hamısını sxematik olaraq aşağıdakı şəkildə göstərmək olar.
İlk vəziyyət ... məqsəd ...
1. . . . . . olmaz,
2. . . . . . olmaz,
3. . . . . . olmaz,
4. . . . . . olmaz,
Futbol oyununu yada salın. Oyunun qaydasını gözdən keçirsəniz onun, əsasən, “olmaz”lardan ibarət olduğunu görərsiniz. Topa əllə toxunmaq olmaz, rəqibi saxlamaq, badalaq vurmaq olmaz, qarşıda ən azı iki rəqib yoxdursa topsuz irəli çıxmaq olmaz və s. “ola bilər”lər isə oyunçunun yaradıcılığıdır. Hakimin vəzifəsi “...olmaz!” şəklində deyilmiş qaydaların pozulmasını gözləmək, pozulduqda isə cəza verməkdir. Yalnız bu şərtləri gözləyərək qapıdan keçirilən toplar “qol” sayılır, tamaşaçıları həyəcanlandırır, kimində qələbə sevinci, kimində basılma məyusluğu oyadır.
Sənət əsəri xalqın emosional dilində hökm sürən qanunlara görə yaradıldıqda el onu tez qavrayır. Sənətkar isə bu qanunları empirik bilir, duyur, xalqın bir hissəsi olaraq bu qanunlara süd ilə, uşaqlıq hissləri və bütün psixoloji dünyası ilə illər boyu onun varlığına hopur. Ancaq hər bir sənətkar özü düzəltdiyi “qrammatika”ya əsasən də yaza bilər. Bu, azad bir işdir və sənət etikasına zidd deyil. Bütün məsələ bu qrammatikanın estetik keyfiyyəti və anlaşma universallığındadır.
Tanış melodiyalardan bir neçəsini tərsinə oxudun. Bu qayda ilə alınan melodiyalar da qrammatikaya görə düzəldilmişdir – birinci qrammatikanın inversiyasından düzəldilmiş bir qrammatikaya əsasən, ancaq sonuncu melodiyalar qrammatikaya görə yazılmasına baxmayaraq heç də həmişə estetik keyfiyyətli deyil.
Dodaqdəyməz, təcnis, bəhri-təvil kimi bədii biçimləri də tabu xarakterli qanunların söz sənətinə tətbiqinə misal göstərmək olar. Cəmiyyət modellərinin formalaşmasında da belə qanunların rolu böyük olmuşdur. Cəmiyyətlərin şəkli müəyyən qrup tabuların qorunub saxlanması ilə sabitləşmişdir.
Gətirdiyimiz misallardan xarici aləm obyektlərinin eyni prinsiplərə görə qurulduğunu aydın görmək olar.
Bəs alim işinin sənətkar işindən mahiyyətcə ayrılığı nədədir?
Hər ikisinin obyekti xarici aləmdir. Birinci obyektin quruluşundakı qanunauyğunluq – semantik məlumat, o birini isə bu quruluşdakı estetik məlumat, onun beynində ahəng təsiri yaradan hissəsi maraqlandırır. Semantik məlumat xarici aləmi məqsədəuyğun dəyişdirmək üçün, estetik məlumat isə insanın fəaliyyətini, davranışını həyatın dayanıqlı olmasına doğru yönəltmək üçün lazımdır.
Alimi ən çox maraqlandıran xarici aləmin ümumi cəhətləridir. Aristotelə görə “Filosofları oxşarlar arasında fərq, fərqlilər arasında oxşarlıq maraqlandırmalıdır”. İki min ildən artıq tarixi olan bu söz həmişə yenidir.
Eyni maddənin quruluşu harada açılır açılsın, eyni şəkilli olacaqdır. Elmi nəticə yer, zaman və müşahidəçinin subyektiv fikrindən asılı deyil. Alınan nəticəni istənilən dilə çevirmək və onu rəmzlərlə də ifadə etmək olar. Müxtəlif yerlərdə, müxtəlif dövrlərdə alınmış nəticələrin üst-üstə düşməsi müvəffəqiyyətlidir. Ancaq sənətdə belə deyil. Sənətkarı ən çox estetik məlumat hissəsinin yaratdığı emosiya maraqlandırır və o hissələrin təsiri ilə fəaliyyət göstərir. Çünki quruluşun bu xassəsini ancaq onun yaratdığı emosional duyğularda görmək olar.
Sevdiyiniz bir çalğı yazılmış lenti təhlil edin: orada səs maqnitləşmənin azalıb-artması ilə yazılmışdır. Qrammofon valında səs iynənin saldığı mürəkkəb iz şəklindədir. Həmin səslərin notla yazılarını gözdən keçirin. Bütün bu yazılar sizdə emosional duyğular doğurmayacaqdır. Ancaq siz onları adi qaydada səsləndirib qulaq assanız, orada yazılmış estetik məlumatı “görə” bilərsiniz. Eləcə də sənətkar fırçasından çıxmış bir tablonun sözlə təsviri şəklə məxsus emosional təsir doğurmayacaqdır. Siz şəkili görməlisiniz!
Sevgiyə, məhəbbətə həsr olunmuş nə qədər şeir var. Bunlardan birinin müvəffəqiyyəti o birini rədd etmir. Buna görə də, sevgidən yazana “bu mövzu yazılmışdır” demək, gülüncdür, sevgi duyğusunun fizioloji mahiyyəti eyni olsa da onun təkrar olunmayan psixoloji çalarları sonsuzdur. Bu çalarlar böyük və daha ümumi olan sevginin müxtəlif cəhətlərini işıqlandırır. Belə cəhətlər hər dəfə üzə çıxarıldıqda orijinal bir tapıntı kimi marağımıza səbəb olur. Məsələ sevgi haqqında odlu sözlər söyləməkdə deyil, onun yeni çalarlarını yeni bədii ifadəsini tapmaqdadır. Elm təbiətin ən ümumi cəhətlərini öyrənməyə çalışdığı üçün bizə yaxın ümumiləşmələr özündən qabaqkıları əvəz edir, onları xüsusi bir hala çevirir, onların yalnız tarixi dəyəri qalır. Sənət belə deyildir. İndi yeni bir sevgi dastanı yazıldığı üçün biz Füzulinin “Leyli və Məcnun” poemasını köhnəlmiş hesab edə bilmərik. Sənət əsərlərinin bu mənada dəyişməz dəyəri vardır.
Sənət əsərləri ilə elmi əsərlərin ümumi və əks cəhətlərinə misal olaraq, birinci növbədə, sənətdə ifadə vasitələrinin geniş mənalılığına, elmdə isə bu vasitələrin məhdud mənalılığına cəhd edildiyini göstərmək lazımdır. Hər iki sahədə metafora və rəmzlərdən istifadə olunması kimi bir ümumilik öz-özlüyündə maraqlıdır. Burada fərq yalnız simvol və metaforanın mahiyyətindədir.
Eynşteynin E = mC2 formulunda aşağıdakı elmi gerçəklik ifadə olunmuşdur: hər bir kütləyə ekvivalent olan enerji həmin kütlədən işıq sürətinin kvadratı qədər çoxdur.
Gördüyümüz kimi, simvolik metafora fikrin dəfələrlə yığcam və dəqiq deyilməsinə imkan verir. Sənətdə də metafora bu məqsədi güdür. Söz sənətində bu yol ilə əldə edilən yığcamlıq elmdəkindən qat-qat çoxdur. Çünki sənətdə metafora elmdən fərqli olaraq məhdud mənalı deyil.
Çox yazılarda deyilir ki, elm aləm haqqında həqiqəti meydana çıxaran fəaliyyət sahəsidir. Elmdə həqiqət təcrübə-sınaq yolu ilə doğruluğu yoxlanıla bilən, bir çox anlayışlar arasında körpülər salıb təbiətin başlıca qanunlarına zidd olmayan xəbərləri ifadə etməkdir. Bu, müvafiq hökmlər şəklində özünü göstərir. Bədii həqiqətlə elmi həqiqət arasındakı bağlılığı görmək çox da çətin deyil. Bədii həqiqət dedikdə, biz hər şeydən qabaq əsərdəki estetik məlumatın gözlənilən emosional təsirə malik olacağını başa düşürük.
Semantik məlumat baxımından sənət başdan-ayağa “yalanla” dolu olur.
“Əzizim qazan ağlar,
Od vurar qazan ağlar”.
. . . . . . . .
“Qara bəxtim oyanmazmı?”
“Bu dağların maralıyam”.
“Qaraca çoban qoyunları sapanda qoyub gavurların başına yağdırardı”.
“Dev tüstüyə çevrilib bardağa doldu” və s.
Bu misallarda göstərilən hadisələrin heç biri elmi məntiq baxımından doğru deyildir. Başqa sözlə, elmi həqiqət deyildir.
Rəssamlıq sərgisində bir səyyah qadının Toğrulun “Narlar” əsərinə baxıb, “Mən belə narı yemərəm” dediyinin şahidi olmuşam. Görünür ki, onun fikrincə, meyvə şəkillərini iştaha açmaq üçün çəkirlər və onları yemək otağından asmaq lazımdır. Qəribə də olsa belə oxşar münasibətə tənqiddə də rast gəlmək olur: “Rəssam A. xalqın həyat və əmək tərzini öz tablolarında məharətlə tərənnüm etmişdir”. Sözsüz, bu şeyləri rəssamın işində görmək olar, lakin onun əsas məqsədi bundan ibarət deyil. Etnoqrafiya bədii foto oçerklər bu vəzifəni rəssamdan daha yaxşı yerinə yetirə bilər.
Söhbətimizi elmlə sənətin daha bir ümumi cəhətini yada salmaqla qurtaraq. Bir zaman insan uçmaq məqsədilə quşları yamsılamağa çalışırdı. O, bu qayda ilə uça bilməzdi. Uçuşun qanunauyğunluqlarını, prinsiplərini öyrənib, onu həyata keçirməkdən ötrü başqa yollar tapdıqdan sonra insan uça bildi. Təbiəti öyrənməkdə məqsəd onun yalnız elmi təsvirini vermək deyil. Bu yolla təbiətin iş prinsipləri öyrənib, onun fəaliyyət imkanlarını da aşkara çıxarmaqdır. Qədim mədəniyyətimizdə və müasir dünya sənətində də oxşar proses gedir: təsvirçilikdən aralanıb, təbiətin işlətdiyi estetik imkanları onun potensial imkanlarından seçib tapmaq və bunları sənətin xammalına çevirmək. Sənətkarın təbiətdə bilavasitə gördüyü uyarlıq yaradan qaydalar burada onun görə bilmədiyi qaydaların müqayisə oluna bilməyən kiçik bir hissəsidir. Sənətkarı yalnız təbiətdə onun görə bildiyi qaydalara bağlamaq, “təbiət çarxdan istifadə etməyib” – deyə konstruktoru çarx işlətməyə qoymamaq kimi bir şey olardı. Sənətkarın qarşısına qoyulan tələb, mürəkkəbliyi doğrulda biləcək qaydanı seçməkdən ibarət olmalıdır. Təbiətin estetik məlumat yaratmaq təcrübəsinin və xalq sənətinin öyrənilməsi elə bu baxımdan düşündürücü, maraqlı və çox əhəmiyyətlidir.
Duyğu çalarlı fikir
Əsl riyaziyyatçı olmaq üçün
bir az şairlik lazımdır.
Veyerştras
Alimin adını fikir tarixində ölməzləşdirən, yaradıcılığına qanad verən onun elə bir az şairliyidir. Sözsüz ki, görkəmli riyaziyyatçılardan biri olan Veyerştras şairlik dedikdə heç də alimin şeir yaza bilməsini deyil, onun təbiətcə şair olmasını nəzərdə tuturdu.
Alman alimi, böyük təbiətşünas – Heyzenberqin sözləri ilə poeziya aləmi əsil təbiətşünaslara çox yaxındır, – desək bəlkə yanılmarıq – hər halda fizikin də məqsədi təbiət hadisələrinin ahəngini açmaqdır.
Ancaq alim hadisələrin ahəngini açmaqla öz vəzifəsini bitmiş hesab etmir o, bu ahəngin səbəbi olan daha ümumi qaydanı görməyə can atır.
Müasirlərinin yazdıqlarına görə Amerika alimi Maykelsonun rəssamlıq istedadı da var imiş. Elm xatirinə onun bu istedadından istifadə etməməsinə təəssüflənən müsahibinə o, belə cavab vermişdi:
Sənət ulu məqsədinə elmdə çata bilir.
Maykelson demək istəyirdi ki, o yenə də rəssamdır, sənətkardır, ancaq “sənətin ulu məqsədinə daha yaxşı qulluq edən bir qayda ilə” işləyir.
Sözsüz, elmlə açılan qaydaları sənət əsərinə məxsus bir ahəng kimi duymaqdan ötrü böyük hazırlığa malik elm adamı olmaq lazımdır. Əsil musiqiçi partituraya baxarkən qulağına xoş sədalar gəldiyi kimi, elm adamı da üç-dörd işarədən ibarət bir formulanın təsiri ilə sehrlənə bilir.
Sənət, alimin şairliyini gücləndirir, onun ahəngə həssaslığını itiləşdirir, ahəngə tələbini artırır. Sənətin elm adamı üçün nə demək olduğunu daha aydın təsəvvür etməkdən ötrü məşhur Avstriya alimi Lyudviq Bolsmanın dediklərini yada salaq: “Mən indi nəyəmsə, Şillerə borcluyam. Onsuz saqqallı və burnu ilə mənə oxşar bir adam olardım, ancaq o mən olmazdım”. Bəlkə də bütün danışacaqlarımızın məzmunu bu bir neçə sözdə deyilmişdir. Bununla da sənətin elmi yaradıcılıqdakı rolu haqqında söhbəti bitirmək olardı. Ancaq məqsədimiz bir də bu rolu elmi yaradıcılığın ayrı-ayrı çağlarında, alim şəxsiyyətinin formalaşmasında izləməkdir.
Xalq arasında “alim” sözünün mənası elmdəkindən çox genişdir: alim – zamanın ən ağıllı adamlarından biridir, keçmişi bilən, gələcəyi görən, yüksək əxlaqi keyfiyyətləri ilə seçilən fəzilət sahibidir. “Alim” deyəndə yadımıza Aristotel, İbn Sina, Büruni, Fərabi, Tusi, Uluqbəy, Nyuton, Eynşteyn, Mendeleyev kimi şəxsiyyətlər düşür.
Tanınmış riyaziyyatçı, Sosialist Əməyi Qəhrəmanı akademik P.A. Aleksandrov demişdir: “Elmlə məşğul olan adam elmi işi özünə bir peşə etdikdə, az hallarda özünü alim adlandırır. “Mən aliməm” ifadəsini ömrümdə cəmi üç-dörd dəfə eşitmişəm, hər dəfə bu ifadəni elə adamlar işlədib ki, onların belə bir ad daşımaq ixtiyarı şübhəli olub”.
Bizcə, elmi özünə çalışma sahəsi seçənlər üçün adi hallarda “elmi işçi” kimi ümumi ad daha uyğundur.
50-60 il bundan qabaq elmi iş bugünkü kütləviliyə malik deyildi. Hələ o vaxtlar, elmi işçilik az tapılan nemətlərdən olarkən, Eynşteyn elm adamlarını üç qrupa bölürdü. Eynşteynə görə bir qrup adamlar elm aləminə təsadüfən düşmüşlər, onlar eyni asanlıqla başqa yerdə işlər və özlərini yenə də öz yerlərində hiss edərdilər. İkinci qrup nümayəndələrinin elmə münasibəti idmançının idman yarışlarına yanaşmasını yada salır: maraqlı bir çətinliyin öhdəsindən gəlib öz üstünlüyünü göstərmək. Elm adamlarının qalan az bir qismi isə, istəsələr də özlərini başqa bir işdə tapa bilməzlər. Onların bütün həyatı varlığın qəribəliklərini görmək, axtarmaq və bacardıqları qədər onların səbəbini dərk etməyə yönəlmişdir. Eynşteynin bu bölgüsü çox kəskin olsa da burada böyük bir gerçəklik var. Bölgüdə sadəcə olaraq, elmi işçilərin elmə yanaşmasından söz gedir. Elmə böyük yenilik gətirənlər bu qrupların hamısına mənsub ola bilər. Bütün həyatını elmdə görən bir adamdan isə dəyərli bir iz qalmaya da bilər.
İndi elmin cəmiyyətdəki rolu və kütləviliyi onun quruluşunun (anatomiyasının), Eynşteynin yuxarıda təsvir etdiyi quruluşa nisbətən dəfələrlə mürəkkəbləşməsinə səbəb olmuşdur. Elmin quruluşu və ya anatomiyası dedikdə, müxtəlif baxışlı, müxtəlif bacarıq kateqoriyalarına mənsub, müxtəlif ixtisaslı elmi işçi qrupları və onların qarşılıqlı əlaqələri başa düşülməlidir. Elm aləminin öz daxilindəki münasibətlər və onun ictimai mühitlə əlaqələri olduqca mürəkkəbdir. Bu mürəkkəblik elə suallar meydana çıxarır ki, bilavasitə elmin özünə istinadən onları həll etmək çətindir, bəzən isə mümkün deyil. Belə hallarda sənət köməyə gəlir.
Rəssamın işinə, bəstəkarın axtarışına, lap adicə divar hörülməsinə tamaşa etmək nə qədər maraqlıdır! Yeninin yaradılmasına şahid olmaq yaradıcılığın özü qədər həyəcanlandırıcıdır. Bahar təbiət yaradıcılığının ən məhsuldar çağıdır. Biz baharı bir də buna görə sevirik ki, saysız-hesabsız yenilik yaranır. Biliyin yaranması prosesi də belə bir həyəcan qaynağı ola bilərdi, lakin bu prosesi müşahidə etmək çox çətindir. Bilik bir gündə deyil, aylarda, illərdə yaranır.
Boynuma almalıyam ki, məni elmi işə çəkən bu sahədə öz gələcəyimə inam və ümiddən çox, elm aləmi haqqında sehrli nağıllara oxşar təsəvvürlərim olmuşdur: möcüzəli sınaqlar, qeyri-adi söhbətlər, mübahisələr.
Elmi tədqiqat institutlarına düşdüyün gündən belə bir aləmi hey axtarırsan, lakin gördüyün adilikdən başqa bir şey olmur: öncə tanıdığın adamlardan seçilməyən adamlar, indiki evlərdə işlənən qurğulardan (radioqəbuledici, televizor və s.) çox da mürəkkəb olmayan cihazlar. Sonralar bəlli olur ki, qeyri-adilik elə bu adiliklər içərisində elmi yeniliyin yaradılmasıdır.
Böyük alim və sənətkarların adi şeylərdən danışması ilk vaxtlar sizi acıqlandırır, onların nə vaxt elmin möcüzələrindən, kəşflərini necə etdiklərindən danışacaqlarını həsrətlə, səbirsizliklə gözləyirsiniz. Sonra başa düşürsünüz ki, onların belə davranışının səbəbi, sadəcə olaraq, utancaqlığa oxşar bir hissin nəticəsi imiş. Axı, elmi söhbətlər onların mənəvi varlıqlarının ən səmimi və ən qiymətli hissəsidir. Onların açıq-saçıq söylənilməsi, dinlənilməsi utancaqlıq hissi doğurur: “Bəlkə hisslərim əks-səda tapa bilmədi, bəlkə ona inanmadılar” bir sözlə, hisslərin təhqir olunmaq qorxusu...
Beləliklə, elmi işçilər də sənətkarlar kimi çox vaxt söhbətlərini uzaqdan başlayıb, ən səmimi düşüncələrinə gərəksiz bir şey kimi ehtiyatla toxunub uzaqlaşdıqlarını, həyəcanlandıqlarını hiss edirsən. Bu sahədə xeyli təcrübəli olanlar özlərini belə haldan zarafat və ya qeyri-səmimiliklə qurtarırlar. Bir elmi işçinin başqa biri ilə ilk tanışlığı zamanı: “P.S.Aleksandrovun ölçülülüyün homoloji nəzəriyyəsinə sizin münasibətiniz necədir?” sualına elm haqqında zəif oçerklərdə rast gələ bilərsiniz.
Göründüyü kimi, elm adamının öz səmimi düşüncələrinə, hisslərinə yanaşması, əsil sevənlərin öz ürək duyğularına yanaşması kimidir. Belə duyğularla yaşayan adamlara sənətin necə gərəkli olduğunu anlamaq çətin deyildir.
Elmi iş öz təbiətinə görə kollektiv fəaliyyət sahəsidir. Gözlənilən məqsəd isə bütün dövrlərin, ölkələrin elm adamlarının axtarışlarının nəticələri uzlaşaraq, dünyadakı qaydanın daha aydın elmi şəklini verməkdən ibarətdir. Elm adamları bir rəssam kollektivi kimi bu böyük, bu sonsuz mükəmməlləşən lövhənin ayrı-ayrı parçalarını, fraqmentlərini “yaradırlar”. Dünyanı bir vəhdət kimi görmək məqsədi güdən bu yaradıcılıq, insanın bütün imkanlarının səfərbərliyini tələb edir. Təəssüf ki, bu imkanların çoxu bir-birini inkar edir və eyni şəxsiyyətdə onların hamısına bütövlükdə rast gəlmək çox çətindir. İdeal elmi işçi aşağıdakı xüsusiyyətlərə malik olmalı idi:
İstədiyini asanlıqla yadda saxlamaq, asanlıqla da unutmaq;
Hər şeyi onu təşkil edən hissələrə parçalayıb, hissələr və onların əlaqəsi şəklində görə bilmək, eyni zamanda, hər şeyi tam görə bilmək;
Universal həssaslığa malik olmaq, istənilən vaxt öz həssaslığını konkret istiqamətə yönəldə bilmək;
Yüksək dərəcədə xəyalpərəstlik və istənilən vaxt yerə enə bilmək – realistlik, gerçəklik duyğusu;
Elmin nəhayətsizliyinə inam, eyni zamanda, onun ayrı-ayrı məsələlərinə nəhayəti olan bir iş kimi baxmaq;
Yüksək emosionallıq, yüksək tənqidi ağıl;
Qaydaya hörmət, ona əsir olmamaq, onu poza da bilmək və s.
Bu siyahını uzatmaq da olardı. Lakin, bir-birini inkar edəcək qədər əkslik təşkil edən bu xüsusiyyətlər bir fərddə toplana bilməz, başqa sözlə heç bir fərd təklikdə elmə aid bütün xüsusiyyətləri özündə cəmləyə bilməz. Bu xüsusiyyətləri özündə cəmləşdirən ayrı-ayrı fərdlərin toplusu – insanlıq, bəşəriyyətdir.
Beləliklə də, dünyanın mükəmməlləşən elmi şəkli insanlığın kollektiv intellektinin məhsuludur. Buradan görmək olar ki, elm adamları bəzilərinin düşündükləri kimi heç də standart xüsusiyyətli adamlar deyildir. Bununla belə, iş üslublarına görə elmi işçiləri iki qrupa ayırmaq olar.
Bunlardan birinin iş üslubu müəyyən şəklə malikdir. Onları tez tanımaq olur, hər şeydə səliqəlidirlər: geyimdə, danışıqda, yazıda... İşlədikləri cihazlarda bir təzə gəlin yaraşığı olar, iş yerləri cana yatar. İşdə dəqiqlik, elmi mübahisələrdə təmkinlilik, səbirlilik onlar üçün çox səciyyəvidir. Yarımçıq qoyduqları işi başlamaq üçün onlara uzun vaxt lazım deyil – tez köklənirlər. Bu adamlar olmasaydı elm sxolastikadan – cansız, quru mühakimələrdən yaxa qurtarıb bugünkü həyati qüvvəsinə malik ola bilməzdi. Qəribə ideyaları qüvvəyə çevirən, işə çevirən, onların həqiqilik sərhədini müəyyən edən bu adamlardır.
İkincilərə gəldikdə isə vəziyyət bambaşqadır. Onlar, adətən, səliqəsizdirlər, özlərini xarici aləmdə qayda tapmağa həsr edən bu adamların işində bir qayda görmək çox çətindir. Ardıcıl işdən doğan yeknəsəqliyə dözmür, qəribə sualları, yekəxana fikirləri, elmi çəkilərinə uyğun olmayan başabəla məsləhətləri ilə gərgin ab-hava yaradırlar. Mütəmadi zəhmət tələb edən işlərdə, adətən, müvəffəqiyyətsizlikdən başqa bir şey tanımayan bu adamların məqsədi təbiətdə yeni qaydalar görmək, açılmış qaydalar arasında körpü salmaq, intellektual narahatlığa səbəb olan suallara birdəfəlik cavab tapmaqdır. Bir sözlə, onlar özlərini elmin kəşfiyyatçıları adlandırırlar. Ancaq axtardıqlarının nə şəklini, nə axtarış qaydasını, nə də harada axtarmaq lazım olduğunu bilirlər. Belə bir iş çətin olduğu qədər də maraqlıdır.
Elmdə həmişə gedilməli bir yol varsa, o da gedilmiş yolla getməməkdir. Bu yolda “törədəcəyin əngəlləri”, başına gələ biləcək “bəlaları” qabaqcadan görmək olur, lakin kimsənin getmədiyi bu yolda əldə edəcəyin “qazanc” haqqında qabaqcadan nə demək olar?
Yeni ilk baxışda, ağlabatan olmur. Onun əhəmiyyəti haqqında hələ təsəvvür yaranmamış bizi, köhnə təsəvvürlərimizi alt-üst etməklə hədələyir. Elmin özündə də həqiqətlə səhvi ayırd etmək bütün hallarda düşündüyümüz qədər asan deyil. İnsanın nə üçün əsrlərlə kobud bir səhvə inandığına və nə üçün həqiqətə inanmadığına sonradan təəccüblənməsi təbiidir. Bir gün tədqiqatçılardan birinin düşüncəmizdə keyfiyyət sıçrayışına təkan verən yenilik gətirəcəyi ümidi ilə bütün çətinliklərə dözməli oluruq. Bu qəbildən olan çətinliklər elmi işçi psixologiyasına xüsusi çalar verir və onda sənətə xüsusi ehtiyac doğurur. Buradan elə nəticə çıxarılmamalıdır ki, birinci qrupa mənsub elmi işçilərin və başqa fəaliyyət sahəsində çalışanların sənətə ehtiyacı azdır. Söhbət yalnız bu ehtiyacın xüsusiyyətindən gedir.
Bütün dövrlərdə yaşayan elm adamları üçün ümumi cəhətlərdən biri də emosionallıqdır. Yüksək dərəcədə emosionallıq! Sənətkarlar da belədir. Bu hal yaradıcılıqla bağlı ümumi bir xüsusiyyətdir. Alimin öyrəndiyi xarici aləmdə də, onun öz daxili aləmində də, rəngarəng emosiyalar üçün səbəb saysız-hesabsızdır.
Nar çiçəyinə baxın. Qəlbinizə çəkisiz bir sevinc dolacaq. Sonra bu sevinc uzaqlaşacaq. Heyrət hiss edəcəksiniz: nə üçün bu rəng belə gözəldir, bu nə qaydadır? Təkrar-təkrar özünüzə verdiyiniz sualların cavabsızlığı sizi qüssələndirəcək, sanki qalxa bilmədiyiniz bir yüksəklik qarşısındasınız. Belə hallar bir anda keçir. Maddi varlığınızla, yaşayışınızla bilavasitə əlaqəsi olmayan və ilk baxışdan adi görünən bir şey sizi belə haldan-hala sala bilirsə sizdə elm adamı üçün zəruri olan əlamətlərdən biri vardır. Yüksək emosionallıqla bərabər, 3-4 yaşlarında özünü göstərməyə başlayan xarici aləmə maraq, heyranlıq, biliksevərlik sizdə yaşamaqdadır və dünya sizin üçün adiləşməmişdir. Elmi yaradıcılığa həvəs bu mənada “dünya adiləşməmiş” tərbiyə olunmağa başlanmalıdır, başqa sözlə, uşaq bağçasında. Hələ bu yaşlardan istər şəxsiyyətin formalaşmasında, istərsə də bilik və elm tədrisində sənətin əvəzedilməz rolu vardır.
Əvvəl deyildiyi kimi, xarici aləmdəki qanunauyğunluq, qayda gözəlliyi, ahəngi, heyrət və qəribəliyi ilə aləmi özünə cəlb edir. Sanki bu qaydanın açılması üçün təbiət insanda hisslər cığırı “yaratmışdır”. Böyük alman şairi Götenin sözləri ilə desək: “...onsuz (gözəlliksiz) bu qanunlar bizdən gizli qalardılar”. Buna görə də bilik və elm öyrətməklə yanaşı, tədrisin əsas məqsədlərindən biri də hisslərin həssaslığı tərbiyəsi olmalıdır. Bunun üçün dərsdənkənar tədbirlərdən əvvəl məktəbdə keçilən fənlərin özünün imkanlarından istifadə etmək lazımdır. Fizika, kimya, riyaziyyat, biologiya, coğrafiya kimi fənlərin tədrisi biliklə bərabər dünyaya bir qəribəlik, möcüzə, ahəng, heyrət qaynağı kimi baxmaq vərdişi verməlidir. Sənətə aid fənlər isə, etika, əxlaq kimi ictimai məqsədlərdən başqa, gözəlliyə ehtiyac, onu hər şeydə görə bilmək həssaslığı tərbiyə etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, ədəbiyyat, rəsm, musiqi dərsləri çox vaxt ancaq bilikləndirmə vasitəsi kimi tədris olunur. Belə halda bu fənlər bilik almaq üçün, şəxsiyyətin formalaşması üçün vacib olan estetik ab-hava yaradan bir vasitə kimi istifadəsiz qalır. Çox güman ki, öz dövründəki tədrisin bu cür quruluşundan təsirlənən Eynşteyn yazırdı: “Əslində indiki tədris metodlarının müqəddəs biliksevərlik hissini təmiz yox etməməsi bir möcüzədir. Çünki bu zərif bitki üçün qulluqla bərabər bir də sərbəstlik lazımdır”.
Orta məktəb illərində uşaqların sənətlə ilk təması onları ömürlük sənət “əsiri” etməlidir. Axı, onlar bu yaşda sənəti sənətə məxsus bir hisslə qavrayırlar. Bu yaşlarda təbiət bilik mənbəyindən çox estetik həzz mənbəyi kimi daha həvəslə qəbul olunur. İnsanda sənət – elm körpüsünün əsası belə qoyula bilər, biliksevərlik belə tərbiyə oluna bilər. Şübhəsiz, orta məktəbdə alınan bilik elmi axtarış üçün bəs deyil, o sonra təkmilləşdirilir. Biliksevərlik isə hələ orta məktəbdə mükəmməl olmalıdır. Sonradan yaranmış biliksevərlik hesabına, yaxşı halda, dərin məlumat sahibi olarsan. Bu baxımdan şagirdlərin keçilən dərsi qüsursuz təkrar etməsi həmin dərsin hələ tam mənimsənilməsi deyil. O, kompasdan, kristaldan, ağ işığın spektrindən və s. danışdıqda, biliklə bərabər bir heyrətli həyəcan keçirmirsə və ya hər şeyi tam aydın hesab edirsə bunu necə mənimsəmə adlandırmaq olar. Son dərəcə qəribə və yuxu kimi ecazkar gerçəkliklərə “bilərəkdən” soyuq münasibəti necə izah etmək olar? Öz-özlüyündə təbiət hadisələrinin hər biri biliksevərlik aşılamaq üçün kifayət qədər maraqlıdır. Belə olduğu halda orta məktəb şəhadətnaməsi almış, başqa sözlə, külli miqdarda təbiət hadisələrinin mahiyyətini öyrənmiş şagirddə biliksevərlik olmamasını necə izah etməliyik? Deməli, fənlərin tədrisi yalnız bilik vermək məqsədi güdmüş, biliksevərlik aşılaya bilməmişdir.
Yaradıcılıq qabiliyyəti adətən, şagirdin sənətlə əlaqədar fənlərə münasibətində özünü göstərir: şer, hekayə yazmaq, şəkil çəkmək, aktyorluq etmək həvəsi... Orta məktəb şagirdinin nədə isə qanunauyğunluq axtardığına nadir hallarda rast gəlmək olur. Təbiət elmlərinə aid bütün fənlərdən müvəffəq qiymət almaq hələ şagirddə bu sahəyə uyğun istedad olduğunu göstərmir. Bu baxımdan bir az “təbiətçi” olub lakin müvəffəqiyyətsiz sənət azarkeşi olmaq daha ümidverən göstəricidir.
Bizim təhsil sisteminin üstünlüklərindən biri də bu yaşlarda ixtisaslaşmaya yol verməyib, hərtərəfli inkişafı əsas götürməsidir. Bu üstünlüyə Eynşteyn də çox böyük qiymət vermişdir. “Ciddi sistem, tez ixtisaslaşmaya tələs-mək mədəni həyatı və son nəticədə onunla əlaqədar xüsusi elm sahələrinin çiçəklənməsi üçün zəruri olan ruhu öldürür”. Sənətdə, elmdə özünü belə tez “tapmaq”, başqa sözlə kim olduğunu tələsik müəyyən etmək, çox hallarda əsas istedadı istifadəsiz itirmək deməkdir. Sənətsevərliyin nəticəsi olan romantiklik elm adamına onun bütün ömrü boyu özünü axtarmağa sövq eləyən bir azadlıq verir. İllərlə həllinə can atdığın bir məsələnin sənin üçün köhnəlməsi bir çox halda sənin özünün köhnəldiyini göstərir. Deməli, səni axtarışa çağıran o sehrli səsi daha eşitmirsən, ürəyində o həyəcan bulağı daha çağlamır.
Beləliklə, sənətə aid fənlərin tədrisində sənət, təkcə bilik kimi öyrənilmir, həm də gələcək şəxsiyyətin formalaşmasına səbəb olur, başqa biliklərin mənimsənilməsi üçün münasib emosional mühit yaradır. Tədrisə belə münasibət bəsləyən müəllim peşəkar deyil, yaradıcıdır. Çünki sənətin, elmin yaranmasının standart qaydası olmadığı kimi, təbliğinin də standart qaydası yoxdur. Elmdə ən böyük xidmətlərdən biri də başqalarını bu işə həvəsləndirməkdir. Elmi yaratmaq və elmə yeni adamlar cəlb etmək elm adamının işinin əsas iki cəhətidir. Müəllimin, alimin bu sahədəki müvəffəqiyyəti onun mədəniyyətindən, eləcə də dünyagörüşündən asılıdır. Bəzən təbiətşünaslıq fənlərinin tədrisində emosional mühiti müəllimlər özləri yaradırlar. Mənim tanıdığım kimya müəllimlərindən birinin şagirdləri kimya olimpiadalarında birincilik qazanır və ali məktəblərimizin kimya fakültələrinə müvəffəqiyyətlə qəbul olunurlar. Bu müvəffəqiyyətin səbəbi təkcə müəllimin öz fənnini dərindən bilməsi deyil. Həm müəllimin sənətsevərliyindən doğan işıqlılıq, həm sözünün ürəyə yatımlılığı, həm də əlaqəli və yerində deyilmiş bədii parçalar sinifdə uyğun emosional mühit yaradır. Beləliklə, kimyada çatışmayan estetik məlumat paralel estetik məlumatla əvəz olunur. Sözsüz, müəllim öz fənninin estetik cəhətini görə bilməyə, hiss etməyə qədər yüksələ bilmişsə, dediklərinin şeirlə, ya başqa bir yol ilə qüvvətləndirilməsinə ehtiyac yoxdur. Onun dedikləri şeir təsiri buraxa bilər. Məsələn, Azərbaycan SSR EA-nın müxbir üzvü Heydər Əfəndiyev belə bir müəllimlik qabiliyyətinə malik idi. O, daşlardan, torpaqdan, onların kimyəvi tərkibindən və s. başqa “adi” şeylərdən elə danışardı ki, biz “adi” sözünü birdəfəlik lüğətdən atmaq istərdik – dünyada adi şey yoxdur, adi subyektiv münasibətlər var. Onun dərsləri təkcə öz fənni üçün deyil, bütün dərslər üçün emosional mühit yaradacaq qədər təsirli olurdu. Biz akademik Şəfahət Mehdiyevin mühazirələrini də eyni həvəslə dinlərdik. Onlar dərslərində sənətin sehrkar təsirinə birbaşa müraciət etməzdilər.
Heydər müəllim auditoriyaya sanki bizimlə ən səmimi hisslərini bölüşməyə gəlirdi. Azərbaycan dilini bilməyən adam onun mühazirəsini dinləsəydi, söhbətin minerallardan, kimyəvi elementlərin yer qabığındakı dövranından getdiyini zənn etməz, danışığın sənətdən getdiyini güman edərdi. Onun heyranlıqla söylədiklərinə heyran olmamaq çətin idi.
Şəfahət müəllimin mühazirələri isə emosiyasız, ciddi olardı. Ancaq onun mühazirələri emosiyanı bizim özümüzdə yaradırdı. Onun ümumi geologiya haqqındakı söhbətlərində biz hər şeyin rəngini görür, formasını hiss edirdik. Bu müəllimlərimizin müvəffəqiyyəti öz fənlərini çox dərindən bilmələrindən əlavə sənətlə yaxın əlaqələri hesabına idi. Biz sonralar onların bədii yaradıcılıq istedadına və təcrübəsinə də malik olduqlarını bildik.
Şəxsiyyətin formalaşmasının əsas cəhətlərindən biri də həyat məqsədinin müəyyənləşməsidir. Bu işə sənət güclü təsir göstərir. Sənət bizi ictimai, bəşəri məqsədləri başa düşməyə, onlara xidmət etməyə hazırlayır. Sənət əsərlərinin ən qədim nümunələrində belə, insanın dünya vəhdətinin ayrılmaz hissəsi olduğu fikrini oxumaq mümkündür. Onlar hamısı öyrədir ki, insan yaratdığında yaşayır. Böyük sənət pərəstişkarı P.Aleksandrov elmi işçilər haqqındakı məqalələrinin birində yazır: “Məncə, alim psixologiyasının əsas cəhətlərindən biri onun özünü bir dövrün, ölkənin bütün mənəvi həyatının iştirakçısı hesab etməsidir. Daha yüksək hallarda isə o, özünü insanlığın mənəvi həyatının iştirakçısı hesab edir və buradan irəli gələn məsuliyyətini hiss edir”. Belə məqsədlərin təbliğinə yönəlmiş çoxlu bədii əsər də misal göstərmək olar. Məsələn, Emil Zolyanın “Doktor Paskal” əsəri. Əsərin qəhrəmanı doktor Paskal keçmişi və indisi olan bir zadəgan ailəsindəndir. O, qohumları arasında ruhi xəstəliyin tez-tez baş verməsini müşahidə edir. Buna görə də Doktor Paskal həkimlik fəaliyyətini dayandırıb öz nəslinin xəstəlik tarixini öyrənməyə başlayır. Bu yolda elmi maraq xatirinə nəslinin zadəganlıq şöhrətindən, maddi rahatlıqlardan əl çəkməli olur və şöhrətpərəst ananın ciddi müqavimətinə rast gəlir. O, yüksək mənəvi keyfiyyətli bir alim kimi öz nəslinin zadəgan şöhrəti ilə deyil, bəşəri məqsədlə elmə gətirəcəyi yeniliklə yaşamaq istəyir.
Alimin belə bir bəşəri məqsədi müstəqil formalaşsa da, sənətin də ona haqq qazandırdığını gördükdə o öz məqsədinin doğruluğuna bir daha inanır və dönmədən özünü bu məqsədə həsr edir. Bu məqsədə qulluq edərkən eqosentrizm kimi xüsusiyyət aradan götürülür və alim özünü eyni məqsədlilər cəmiyyətinin üzvü sayır. Məqsədin böyüklüyü həmkarları yoldaşa çevirir. O, yoldaşların çoxluğunda, müvəffəqiyyətlərində öz məqsədinə daha bir inam tapır. Bu fikri Eynşteynin aşağıdakı yazısında da oxuya bilərik: “İmkan daxilində xarici aləmi fikrim ilə əhatə edə bilməyi yarımşüurlu-yarımşüursuz özümə ali məqsəd seçmişəm. İstər keçmişdə yaşayanlardan, istərsə də müasirlərimdən belə fikirləşənlər öz dünyagörüşləri ilə birlikdə mənim vahid və dəyişməz dostlarım olmuşlar”.
İndiki elm üçün kollektivlik və böyük yaradıcı kol-lektivlərinə ehtiyac çox səciyyəvidir. Belə kollektivlərin müvəffəqiyyətlərini haqqında danışdığımız məqsəd olmadan ağıla gətirmək çətindir. Bir-iki əsr bundan əvvəl alim təkliyə çəkilib öz düşüncələri ilə yaşaya bilərdi. Lakin indi, həyatın bir vəhdət kimi daha da yetkinləşdiyi bir zamanda bu mümkün deyil, hər bir alim həm də öz ölkəsinin vətəndaşıdır. Onun öz ölkəsində və ölkəsindən xaricdə olanlara laqeyd qalması mümkün deyil. Belə olduğu halda, elmdə sənətin təsirinə həmişəkindən daha artıq ehtiyac vardır və gündən-günə də artır. Bu münasibətlərin həyat vəhdətinə qulluq edəcək bir səmtə yönəldilməsində başqa ictimai tədbirlərlə yanaşı sənətin böyük rolu olmalıdır. Amerika yazıçısı Mitçel Uilsonun “Şimşəklə yaşa” romanını buna misal göstərmək olar. Romanda elmi kəşflərdən insanlıq əleyhinə istifadə edilməsinə qarşı etiraz təbliğ olunur, bu məqsədlə tədqiqat işlərini dayandıran alimlərə haqq qazandırılır. Yeri gəlmişkən, göstərmək lazımdır ki, M.Uilsonun bu əsəri və başqa romanları da başqa üstünlükləri ilə birlikdə, elmi işçi psixologiyasını çox gözəl açır. Bu təsadüfi deyildir. O, eyni zamanda, alimdir və Fermi kimi tanınmış alimlə birlikdə uzun zaman atom enerjisi, nüvə reaksiyası məsələləri üzərində işləmişdir.
Qəzetlərin xəbər verdiyinə görə, bu yaxınlarda ingilis alimi beyin üzərindəki müvəffəqiyyətli sınaqlarını dayandırmağı qərara almışdır. Onun fikrincə, yaddaşın köçürülməsi ilə əlaqədar elmi işlərin nəticələri pis əllərə düşsə, insana qarşı işlədilə bilər. O, belə hesab edir ki, bu kimi elmi işlərdən səmərəli istifadə etmək üçün insan hələlik təhlükəli sınaqları dayandırıb, ictimai elmlərlə məşğul olsa yaxşıdır.
Bu hal Openheymerin atom bombası əleyhinə çıxışını və başqa görkəmli alimlərin oxşar çıxışlarını yada salır. Bütün bunlar sənət zəminində insanlıq naminə yaranmış böyük məqsədlərin nəticəsidir. Gənc ingilis aliminin öz böyük elmi kəşfindən imtinası onun qəlbən şair olduğuna şübhə yeri qoymur. Openheymerin isə böyük sənətsevər olduğu məlumdur. Belə alimlər öz vətənini ədalətsizlikdən çəkindirməyə çalışaraq, dünya vətəndaşlığına qədər yüksəlir, eyni zamanda, öz ölkələrinin böyük vətəndaşı olurlar.
Sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. Böyük fransız alimi Paster demişdir: “Elmin vətəni yoxdur, lakin alimin vətəni olmalıdır”. Paster bir çox ölməz kəşflərini doğma vətəni Fransanın həyati tələbləri ilə əlaqədar etmişdir. Başqa sözlə, onu bu elmi rəşadətə yönəldən vətəni idi. Ancaq o, elə bir ilhamla işləmiş, elə kəşflər etmişdir ki, bütün insanlıq faydasını görmüş, görür və görəcəkdir. Bu mənada yaxşı elmin, yaxşı sənətin vətəni yoxdur, o bütün dünyanın, bütün insanlığındır. Necə deyərlər, yalnız zəif elm, zəif sənət konkret coğrafi məkana bağlanıb qalır, yarandığı yerin sərhədlərini aşa bilmir.
Zəmanəmizdə vətəndaşlıq hissinin elm üçün xüsusi əhəmiyyəti vardır. Bu, elmin müasir dünyamızdakı rolu ilə əlaqədardır. Xalqlar bəşəriyyətin siyasi və mədəni tarixindəki xidməti ilə tanınır. Bu baxımdan rus alimi Fransada da işləmiş olsa, yenə də rus xalqının intellektual imkanını nümayiş etdirir. Lakin indi alimin hansı ölkədə işləməsi və hansı suallara cavab axtarmasının başqa bir əhəmiyyəti də vardır. Axı, müasir dövrümüzdə hər bir ciddi elmi nəzəriyyənin tətbiq olunma imkanı böyükdür. Həm də nəzəriyyə yüksək olmayan bir ölkədə tətbiq yüksək ola bilməz. Bir ölkədə elmi səviyyə yüksək deyilsə, orada başqa ölkələrin elmi və texniki nailiyyətlərindən də səmərəli istifadə edilə bilməz. F.Engelsin sözləri ilə desək: “Elmin yüksəkliyində durmaq istəyən millət nəzəriyyəsiz ötüşə bilməz”. Ona görə də ölkənin müasirliyini və qüdrətini xarakterizə edən göstəricilərdən biri də onun elmi-texniki işçilərinin səviyyəsi və sayıdır. ABŞ-a Avropa, Asiya və Afrika ölkələrindən alimlərin axını indi bu ölkələr üçün milli bəlaya çevrilmişdir. Bu axını mətbuatda “beyin axını” adlandırırlar. Başqa ölkələrdən ABŞ-a keçən minlərlə ixtisasçının sayı hər il artır. Qəribə burasıdır ki, bu axının çox hissəsi inkişaf etməyə başlayan ölkələrdəndir; halbuki öz ölkələrinin belə adamlara daha çox ehtiyacı var. Söz yox ki, Avropa ölkələrindən olan axının səbəbi ilə bu ölkələrdən olan axının səbəbi eyni deyildir. İngilis qəzetlərinin birinin yazdığına görə, yeni inkişaf etməyə başlayan ölkələrdə mütəxəssislərə ehtiyac olmasına baxmayaraq, onların ölkədən getməsinə bir sıra hallarda siyasi əmin-amanlıq kimi baxırlar və bu hadisənin bir milli bəla olduğunu belə hiss etmirlər. Göstərmək lazımdır ki, “beyin axını” məsələsi heç də yeni deyildir. Vaxtı ilə bu axın üçün mərkəz, Avropa, xüsusilə İngiltərə olmuşdur. Hələ indi də İngiltərə universitetlərində çalışan başqa ölkələrdən gəlmiş mütəxəssislərin sayı az deyildir. Onların çoxu Asiya və Afrika ölkələrindəndir. Mən onların böyük əksəriyyətində vətəndaşlıq duyğusu görmədim, çünki bu adamlar öz sənətlərinə utilitar münasibət bəsləyir və heç bir ictimai məqsəd güdmürlər. Onlar özlərinə bəraət qazandıraraq deyirlər ki, biz vətəndaşlıq duyğusuna gərəksiz bir yük kimi baxırıq. Əlbəttə, vətənsiz ixtisasçıların beynini istismar etmək üçün belə bir fikrin təbliği əlverişlidir. Lakin bu o demək deyildir ki, bu ölkələrdə mütərəqqi sənət yoxdur.
Mən İngiltərədə elektronika sahəsində ixtisaslaşan bir pakistanlı ilə tanış oldum və sevinərək qeyd etdim ki, sizin kimi mütəxəssislər Pakistana indi daha çox lazımdır. O məni başa saldı ki, heç Pakistan haqqında düşünmür, günü harada xoş keçirsə, ora vətənidir. Onun heç bir əzab çəkmədən dediyi bu sözlər məni heyrətə gətirdi. Axı belə adamla adi maşın arasında nə fərq var?!
Belə meyllər Qərbdə ciddi-cəhdlə təbliğ olunur. Əlbəttə, bu, “köçmüş beyinlərin” sayını artırmağa xidmət edir.
Hind alimi Roman Leninqradda olarkən ona sual verirlər:
Sizinlə birlikdə oxuyanların bir çoxunun elmi nailiyyətlərini nə ilə izah edə bilərsiniz?
O :
– Biz orta məktəbdə oxuyarkən and içdik ki, yaxşı oxuyub İngiltərədən Hindistana gələn müəllimləri əvəz edək, – deyə cavab vermişdir. Bu müsahibə vətəndaşlıq duyğusunun elmi nailiyyət üçün çox böyük stimul olduğunu göstərən yaxşı bır misaldır. Belə misallardan çox gətirmək olar. Ancaq özlüyündə də aydındır ki, aləmdə öyrəniləsi sualların sayı çoxdur, lakin alim onların arasından birinci növbədə öz xalqı, öz vətəni üçün birbaşa lazım olanını seçməlidir. Bu, eyni zamanda dünya üçün də qiymətli olacaqdır.
Mümkündür ki, hind aliminin işlədiyi elmi problemin nəticəsindən istifadə etməyə hələ Hindistanın öz imkanı olmasın. Bu nəticədən İngiltərə bəhrələnirsə, deməli, beynin istismarı üçün hindlinin İngiltərəyə keçməsi yox, onun İngiltərə sənaye və texnikasına lazım olan bir məsələ ilə məşğul olması kifayətdir.
Bir sözlə, alimin öz yaradıcılıq imkanından düzgün istifadə etməsi üçün onun vətəndaşlıq duyğusunun güclü olması həlledici rol oynayır.
Dediklərimizdən belə nəticə çıxarmaq olmaz ki, insan bir coğrafi mühitlə həmişəlik bağlı qalmalı, vətənində elmin inkişafı naminə başqa daha münasib imkandan istifadə etməməlidir. Əksinə, bu onun həm vətəndaşlıq, həm də alimlik borcudur. Eynşteynə görə “alim elə olmalıdır ki, öz borcuna ağır bir vəzifə kimi yox, qiymətli bir hədiyyə kimi baxsın”.
İnsanlıq borcumuzu şirin bir arzuya, qiymətli və əvəzsiz bir hədiyyəyə çevirən sənətdir!
Sənətin bilavasitə elmi yaradıcılıqda rolu nədən ibarətdir?
Nə üçün Bolsman özünü Şillerə borclu hesab etmişdir?
Elm adamı üçün ən çətin və mənasız vaxt beynin qarmaqarışıq fikirlərin təsiri altında olduğu anlardır. O xarici aləmdə axtardığı, tapmaq istədiyi qaydanın ahəngini hiss etmirsə, xəyal xaosda dolaşırsa, bu üzücü boşluğu musiqidəki, tablo və ya şeirdəki ahəng doldura bilər. Beləliklə, sənət alimi dərk olunmuş qaydaya ehtiyacını, onu görməyə həssaslığını artırmaqla birlikdə itirilən qaydanın gözəllik ağrıları üçün bir dərman, yeni qaydaların tapılacağına ümid verən bir vasitə olur.
Heç təsadüfi deyildir ki, insanın ilk elmi nailiyyətləri göy cisimlərinin yerləşmə və hərəkət qanunları ilə əlaqədardır. Biz sadə ahəngin ilkin səbəbini göydəki ulduzların, planetlərin yerləşməsində və hərəkətində duya bilmişik.
Qədim yunanlar elə hesab edirdilər ki, göy cisimlərinin qanunauyğun hərəkəti mürəkkəb bir musiqi yaradır. İnsan bu “musiqinin səsini eşitmir, ancaq onu duya bilir”. Ulduzlar təkcə okeanlarda gəmilərə, səhralarda karvanlara deyil, habelə insan zəkasına yol göstərmiş, onu müasir elmin nailiyyətlərinə qədər yüksəldə bilmişdir. Göy cisimlərinə Şərq poeziyasındakı münasibəti onun yalnız karvan yolları üçün əhəmiyyətli olması ilə bağlayanlar nə dərəcədə haqlıdırlar? Qədim insan naşı xəyalının gözü ilə göydəki nizama yerdəki qaydaların əksi kimi baxırdı.
Kepler öz tanınmış qanunlarına göydəki bu ahəngin səbəbini izləyərək gəlib çıxdı. O hesab edirdi ki, göy cisimləri düzgün həndəsi çoxüzlünün təpələrinə uyğun gəlir və bu oxşarlıq göydəki ahəngin səbəbidir. Axtarış onu daha mürəkkəb səbəbə gətirib çıxartdı. Çətin və qəribə taleli Kepler “kainatın sirrini” tapmaq arzusu ilə münəccimlik etməyə də məcbur olmuşdur. Qəribə burasıdır ki, onu belə bir addım atmağa mənəvi aləminin tələbi məcbur etmişdir. Kepler öz vəziyyətini düşünərək deyirmiş: “Allah yaratdıqlarını saxlamaq üçün hərəsinə bir vasitə fikirləşib. Astronomlarınkı isə münəccimlikdir”.
Keplerin elmi axtarışlarına gözəlliyin təsiri danılmazdır.
Pifaqorun musiqi ilə ədədlər arasında tapdığı bağlılıq onun musiqiyə heyranlığının nəticəsi deyildimi?
Sonralar bütün kainatı ədədlərlə görmək bir düşüncə tərzinə çevrilmişdir. Dünyanın miqdari təsvirindəki bugünkü qaydalar öz başlanğıcını, çox güman ki, elə buradan almışdır.
Deyildiyinə görə, müasir fizikanın görkəmli yaradıcılarından Şredinqer dalğa tənliyini yaratmaq fikrinə musiqi haqqındakı düşüncələrinin təsiri altında gəlmişdir. Şredinqer dünyanı vəhdət şəklində görməyə can atan alimlərin tipik nümayəndəsi idi. Sanki onun bütün həyat fəaliyyəti qaydasızlıqdan doğan intellektual narahatlıqla mübarizəyə yönəlmişdir. Dalğa tənliyinin ehtimalla əlaqələndirilməsi onun narazılığına səbəb olmuşdur. (Əlbəttə, haqsız olaraq!) Axı, o hər şeydə müəyyənlik, qayda görmək istəyirdi. Həyat kimi mürəkkəb bir sistemdə qayda – “təbiət mənzərəsinə” oxşar bir şəkil görmək arzusu da ona mənsubdur. Hitler Almaniyasından İngiltərəyə keçən Şredinqer – dünyada məşhur bu fizika alimi, burada bir tələbə kimi biologiya öyrənməyə başlayır və “Həyat fizika baxımından” kitabını yazır. Bu əsər müasir biologiyanın təməli idi. Bir sözlə, sənət öz genişliyini pərəstişkarından əsirgəmir, ona təfəkkür sərbəstliyi, düşüncə incəliyi bəxş edir. Bir qayda olaraq məşhur alimlər ya sənətkar, ya sənət həvəskarı, ya da böyük sənətsevər olmuşlar. Bu halların hər birisi alimi elə yüksəkliyə qaldırır ki, oradan onun görmək arzusunda olduğu qayda daha aydın seçilir. Belə bir uçuş olmadan, təkcə biliklə yalnız məlum qaydaların ətrafında dolanmaq olar.
Elmi axtarışda məsələ qəribəliyi hiss etməklə bitmir. Onun səbəbini aramaq şirin bir arzuya çevrilməlidir. Bunun üçün alim axtarışların nəticəsini xəyalən görə bilməli, onun musiqisinə xəyalən heyran olmalıdır. Başqa sözlə onda şair xəyalı, rəssam təxəyyülü olmalıdır. İstəsəniz onu bizim dastanlardakı aşiqlərə bənzədin. Aşiqə “vergi” verilərkən uzaq ölkədəki sevgilisi də gözünə görünür. O, vüsalı xəyalında canlandıra bilməsəydi, uzaq səfərdəki əziyyətlərə necə dözərdi?
Sənət xəyalı, fantaziyanı gücləndirən vasitədir. Yaradıcılığın bu cəhəti üçün folklorun xüsusi əhəmiyyəti vardır. Gələcək alim nağıllardan fantaziya zənginliyi, ardıcıllıq, məntiqilik və təcrübə aparmaq vərdişi alır. Nağıllar onu gördüyünün əsiri olmamaqdan azad edir. Məlum qanunlar çərçivəsinə sığmayan, gözlənilməz yenilik nağılla tərbiyə olunmamış beyinlərin narahatlığına səbəb olur. Ancaq nağılda tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəklə qol aça bilər. Yalnız ən böyük yenilikləri nağıla bənzətmək olar, qalanları isə gördüklərimiz kimidir.
Qədim bir yapon nağılında deyilir ki, balıqçı Urasimo Paro getdiyi vaxtdan 700 il keçdiyini görür. Belə bir nağılı uşaqlıqdan eşitmiş bir adam üçün Eynşteynin səyahətçi əkizlər paradoksu qəribə görünə bilməz. Əkizlər paradoksunda deyilir ki, onlar 20 yaşına çatdıqda onlardan biri işıq sürəti ilə hərəkət edən raketlə səyahətə çıxır və 10 illik səyahətdən sonra qayıdıb qardaşını 60 yaşında görür.
Bu baxımdan xalq yaradıcılığı, eyni zamanda, elmi suallar mənbəyi kimi də qiymətli və maraqlıdır. Deyirlər ki, təbiət ancaq ağıllı suallara cavab verir. Çoxları haqlı olaraq hesab edirlər ki, sualın qoyuluşu üçün onun həllinə lazım gəldiyindən daha çox istedad tələb olunur. Sualın qoyuluşunu nəticəyə gedilən yolun planına bənzətmək olar. Sonra vasitə tapıb bu yolu getmək lazımdır.
Oxşarlıq uzaqsa da, elmi məsələnin həllini adi riyazi məsələ həllinə bənzətmək olar: nələrsə məlumdur, nəyi isə tapmaq lazımdır. Belə bir məsələni həll etmək üçün məlumatlarla məlum olmayanlar arasındakı əlaqələr müəyyən edilməlidir. Məsələdəki əlaqələr ilk baxışdan hiss olunursa, o sizi daha tez cəlb edir və siz onu həll edənə qədər rahatlıq tapmırsınız. Bu prosesdə bildiyiniz əlaqələri, oxşar məsələləri, bir sözlə, beyninizdə bununla az-çox əlaqəsi ola biləcək nə varsa yadınıza salmağa çalışacaqsınız. Adi məsələ həlli üçün beyni çox araşdırmaq lazım gəlmir. Axı, məsələ tərtib olunarkən beynin hazırlığı nəzərə alınmışdır. Bəs sizin təbiətə verdiyiniz, ancaq özünə cavab axtarmalı olduğunuz suallar necə? Əlbəttə, müşahidə etdiyiniz hadisədə qanunauyğunluq hiss etməyiniz və bu hissi suala çevirə bilməyiniz onu göstərir ki, beyninizin imkanı bu məsələ səviyyəsindədir. Lakin bu hələ o demək deyildir ki, siz suala cavab tapa bilərsiniz. Təbiətdəki şeylərin hansı hissələrdən ibarət olması məsələsini insanlar hələ eramızdan əvvəl qoymuşlar. Həmin sualın indiki cavabını 2500 ilə yaxın bir vaxtda axtarmışlar. Hər hansı bir sualın indi və ya gələcəkdə həll olunub oluna bilməməsi öz-özlüyündə böyük elmi əhəmiyyətə malikdir. Eynşteyn ümumi nisbilik nəzəriyyəsinin həlli üçün 30 il vaxt sərf etdi, lakin nəticə gözlənildiyi qədər də yaxşı olmadı. Buna görə də Eynşteynin və bir çox başqalarının yazılarında belə fikrə tez-tez rast gəlirik: “Elmin əsas qanunlarını kəşf etmək üçün məntiqi yol yoxdur. Yeganə yol fəhm yoludur. Bu yol hiss olunan aləm arxasındakı qanunauyğunluğun duyulmasına əsaslanır”. Bəzən sadəlövhcəsinə belə hesab edirlər ki, elmi nəticələr toplanmış faktların ümumiləşməsindən alınır. Nəticənin xəyali bir şəkli, oxşarı məlum deyilsə bu faktları necə toplamaq olar. Elmi nəticəni qabaqcadan hiss etməyin nə dərsi, nə də qaydası var.
Məşhur yaradıcılar belə hesab edirlər ki, elmi sual müəyyən edildikdən sonra, asan yadda qalan bir şəklə salındıqdan sonra onun cavabını axtarmaqla məşğul olmaq lazımdır. Bu o demək deyildir ki, sual unudulur. Beyin öz işini görür. Həmin sualla azacıq əlaqəsi olan bir şeyə rast gələn kimi o, yadınıza düşür. Günlərin bir günü sizə çaşdırıcı bir xoşbəxtlik gətirir – evrika! – gözünüzə ümidli bir yol sataşır. Ümidin həqiqət olduğunu yoxlamaq üçün hesablama aparmağa, sınaq qoymağa çox vaxt cürət çatmır. Bu cürətsizlik əsassız deyil. Axı, bir məsələni həll edib, sona çatdırınca necə gözəl ümidlərə rast gəlib, onların tez puça çıxdığını görürsünüz. Yalnız biliyə güvənərək belə bir təhlükəli səfərə çıxıb, tez qocalmaqdan başqa nə tapa bilərsiniz? Hələ o da yaxşı halda.
Suala cavab tapmaq üçün beyni alt-üst edib onun ən gizli döngələrini axtarmaq lazımdır. Əslində, bu da azdır. Axı, beyin qeydlər toplanmış qovluq deyil ki, siz onu adi qayda ilə alt-üst edib yoxlayasınız? Çox təəssüf ki, hələ biz beyin üzərində oxşar əməliyyatı necə aparmaq lazım gəldiyini bilmirik. Ən ümidli yol beyində qaydalı, həm də qeyri-adi fikir axını yaradılmasıdır. Bu axın yüksək dramatik – psixoloji gərginliyə malik söz sənəti, düşündürücü rəngkarlıq və musiqi əsərləri, kəskin relyefli yerlərə səyahət təsiri altında yarana bilər. Dostoyevskinin əsərlərində nə nisbilik nəzəriyyəsi, nə də fizikanın başqa sahəsinə aid bir şey tapıla bilməz. Lakin orada insan beynində özündən xəbərsiz gizlənmiş fikirləri oyada biləcək bir qüvvə vardır, cazibəli bir mürəkkəblik vardır. Alim vacib bir iş arxasınca gedirmiş kimi dağ cığırlarında dolaşırsa, o bütün varlığı ilə bir romanın və ya bir musiqinin təsiri altında xəyala dalmışsa, sadəcə olaraq, öz suallarının, sorğularının arxasınca gəzir. Bir də az-çox elmlə tanış olanlar bilirlər ki, təbiət yeni qanunauyğunluq, yeni qayda “yaratmaqda” həmişə xəsisdir. Təbiət bir qaydanı mümkün olduğu qədər çox yerdə istifadə edir. Siz muğam dinləyərkən oradakı qaydalar silsiləsində aradığınız qaydanın əsas rəsmini tapa bilərsiniz. Beləliklə, kabinet sakitliyi diqqətin mərkəzləşməsi məsələsinin texniki cəhətlərinin həllində, ondan məntiqi nəticələr çıxarıldıqda və görülmüş işi məqalə şəklində tərtib etdikdə gərək olur.
Yeniliyin yaranmasını fantaziyasız təsəvvür etmək mümkün deyil. Fantaziyasız yenilik axtarmaq cəhdi bildiklərimizi yada salmaqdan ibarət olardı. Buna görə də məşhur kimyaçı Kekule “Gəlin xəyal etməyi öyrənək, ağalar!” – deyə dostlarına, tələbələrinə üz tuturdu. Axı, onu benzolun quruluşunu açmağa cəsarətli fantaziya gətirib çıxarmışdı. Səhv etmirəmsə, Mendeleyev fantaziyanı uçurum üzərindən körpü salmaq üçün o biri sahilə ip atmağa oxşadırdı. Bu həmişə müvəffəqiyyətli olmur. Lakin başqa yol da yoxdur. Uçurum dibsizdir, dirəklər üzərində körpü salmaq mümkün deyil. Sənət beyni elastikləşdirir, onun belə uçurumlar üzərindən körpü qurmaq qabiliyyətini, Nyutonun dediyi cürətli fərziyyələr yaratmaq bacarığını möhkəmlədir.
Müasir fizika üçün əyanilik anlayışı tamamilə başqa məna daşıyır – bir qədər adət olunmuş mücərrədlik kimi. İstər fizikada, istərsə də riyaziyyatın mücərrəd sahələrində tapıntıların həqiqiliyini sınaq və ya analitik yolla tez yoxlamaq həmişə mümkün olmur. Böyük cürət və zəhmət tələb edən bu iş üçün alınan nəticəyə etibar edilməsi çox vacibdir. Zəmanəmizin məşhur alimlərindən biri olan Dirak nəticənin etibarlılığı üçün gözəlliyi ən əsas əlamət hesab edir. Gözəl nəticənin doğru olmasını Dirak öz yaşında az görməmişdir. O hətta hesab edir ki, sınaq gözəl nəticəni təsdiq etmirsə, sınağı yoxlamaq lazımdır. Nəticə təbiətin doğru qaydasını əks etdirirsə, o gözəl olmalıdır. Əlbəttə, bu gözəlliyi görmək qabiliyyəti hər kəsə qismət deyil.
Öz işini sənətkarlığa qədər yüksəldə bilmiş bir dostumun fikrincə, xarici aləmin dərk olunmasında, dünyanın öyrənilməsində məsələni qoyan sənət, həll edən elmdir. Onun obrazlı ifadəsinə görə sənət təbiətin öyrənilməsində strategiya, elm isə taktikadır. Ola bilər ki, bu fikirlə razılaşmayanlar tapılsın. Ancaq mən şübhə etmirəm ki, dostum bir alim kimi həmişə sənətin qarşıya qoyduğu problemlərə qulluq edir.
Elmin mücərrəd məsələləri ilə məşğul olan adamların sənətin mücərrəd sahələrinə ehtiyacı daha çoxdur. Sənətin mücərrədliyi deyəndə onun qollarının bir-birinə nisbətən mücərrədliyini nəzərdə tuturam. Məsələn, musiqi söz sənətinə görə mücərrəddir. Sənətin mücərrəd sahələrinə görə bu ehtiyacı akademik Y.Aleksandrova istinad edərək bir misalla göstərmək istərdim.
Məşhur riyaziyyatçılar – Xauzdorf və Brauer cavanlıqda musiqiçi olmaq istəyirmişlər: biri bəstəkar, biri pianoçu. Hər ikisi cavanlıqdan ömürlərinin sonuna qədər fəlsəfə ilə maraqlanmışdır. Hər ikisinin kabinetində royal varmış və tez-tez işlərini “dayandırıb” royal arxasına keçirmişlər. Hətta Xauzdorfun yazdığı pyeslər Almaniya səhnələrində oynanılarmış. Xauzdorf və Brauer riyaziyyatın mücərrəd sahələrində ölməz yenilikləri ilə məşhurdurlar. Bəlkə də hər bir yaradıcı öz həyatı ilə insanların fikir təmayülünü təkrar edir: gözəllik hissi, onun ifası – sənət; nəhayət, bu gözəllik arxasında gizlənmiş ümumi qaydanın kəşfi – elm! Nyutonun şeir yazması, rəssamlığı, orta əsr Şərq alimlərinin şairliyi (İbn Sina, Xəyyam, Tusi, Uluq bəy və s.) Luis Kerol, Norbert Viner və bir sıra başqa alimlərin bədii yaradıcılığı belə bir mülahizəyə əsas ola bilməzmi?
Bütün bu dediklərimiz sənətin bilavasitə vəzifəsindən əlavə başqa bir vəzifəsidir.
Ümumiyyətlə, sənətin elmi yaradıcılıq üçün əhəmiyyətindən bəhs edən yazıları oxumaq çox azdır, sənətin özü ilə tanış olmaq lazımdır.
İngilis alimi T.H.Haksleyin fikrincə, elmdə ən böyük faciə çirkin dəlillərin gözəl fərziyyələri məhv etməsidir. Yox! Əsla yox! Bu faciə deyil, elmin adicə inkişaf yoludur. Gözəl görünən fərziyyənin çirkin, çirkin görünən dəlilin isə gözəl olduğu aşkara çıxarılırsa, buna faciə demək olarmı? Məqsəd elmi gerçəkliyi üzə çıxarmaqdan ibarətdirsə, elmi işçi öz fərziyyəsinin daxili çirkinliyini göstərə bilən “çirkin” dəlili müqəddəs hesab etməlidir. Bütün dəlillər bizim fərziyyələrimizi təsdiq etsəydi fikrin inkişafını necə təsəvvür etmək olardı? Əlbəttə, gözəl fərziyyənin çirkin olduğunu görmək heç də ağrısız keçmir. Elm aləminə qədəm qoyanın mərdliklə qarşıladığı çətinliklərdən biri də bu olmalıdır.
Yazmağı bacarmaq üçün yazılandan imtina etməyi də bacarmalısan. Alimin böyük bəlalarından biri öz fərziyyəsinin gözəlliyinə vurulub gerçəklik hissini itirməsidir. Söz yox ki, əsassız olaraq fərziyyədən əl çəkmək də düz deyil. Ümumiyyətlə, nə qədər səhv fərziyyə olursa olsun, yenisi düzələnədək, adətən, ondan əl çəkmirlər. Məşhur riyaziyyatçı Poyanın dediyi kimi, doğru olmayan fikirdən əl çəkmək üçün alimə ağıl mərdliyi lazımdır.
Paster deyirdi: “Mən öz ömrümü hədər itirdim”. Alimin özü üçün ən böyük faciə belə fikirdir. O səmimi olaraq belə fikirləşirsə (əsil alim başqa cür fikirləşə bilməz!), siz onu böyük işlər gördüyünə necə inandıra bilərsiniz? Axı o, nailiyyətlərini öz arzuları ilə tutuşdurur. Əldə etdikləri isə artıq ona adi şeylər kimi görünür. O: “mən bunu tapdım” deyə sevinməkdən çox “nə üçün mən bunu indiyə kimi anlaya bilməmişəm, burada nə var, neçə dəfə yanından ötüb keçmişəm...”, deyə haldan-hala düşür, “öz ümidsiz kiçikliyini” görür. Bir də o, axtarışlarını tərif eşitmək üçün etmir, öz nailiyyətləri haqqında özünə hesabat verir. Bu cür faciələrin bədbəxt hadisələrlə nəticələndiyi az olmamışdır. Belə hallarda həqiqətin qurbansız əldə edilə bilməməsini yada salan bir söhbət və ya yazı sizin vəziyyətinizi olduqca yüngülləşdirə bilər: nə üçün bu qurban mən olmayaydım? Başqa cür uzun-uzadı nəsihətlər vəziyyəti daha da ağırlaşdıra bilər. Başqalarının musiqi ilə, rənglə, forma və sözlə söylənən dərdini dinləmək, ətrafa baxıb öz aləmindən kənarda saysız hesabsız aləmlər olduğunu görmək lazımdır. Özün kimi ümidsiz düşüncələr aləminə çəkilənləri oyatsan, onlar üçün buluddan çıxan bir günəş olsan, öz qəlbin də işıqla dolacaq. Lakin daxili aləmin sənətlə, gözəlliklə qovuşmamışsa özün və ya özgəsi sənə necə təsir edə bilər?
Sənət öyrədir ki, həqiqət aşiqi bu yoldakı əzabları böyük bir mükafat kimi qəbul etməlidir.
Sənət öyrədir ki, görülən işin böyüklüyü imkanla ölçülür. Qabiliyyətsiz olduğundan şikayətlənməyin elə özü də qabiliyyətsizlikdir. Qabiliyyət olanını əsirgəməməkdir.
Bəs xidmətləri “qiymətləndirilməyənlər”, – dərin olduqları üçün müasirləri tərəfindən başa düşülməyənlər necə? Onların dərdi azdırmı? Bu da faciədir. Təəssüflə qeyd etmək lazımdır ki, elmdəki kütləviliklə əlaqədar belə “faciələr” daha çoxdur. Lakin Pasterin faciəsi ilə müqayisədə bunlar adicə ağrılardır. Axı onlar bir gün qiymətləndiriləcəklərinə, bir gün başa düşüləcəklərinə şübhə etmirlər. Ancaq şöhrət onlara bir az tez lazımdır.
Yüksək emosionallıq, müşahidəçi həssaslığı, xəyalpərəstlik elmi yaradıcılıq üçün əvəzedilməz keyfiyyətlər olduğu kimi, eyni zamanda, elmi işçi psixologiyasındakı gərginliklərin əsas səbəblərindəndir.
Aylarla, illərlə üzərində baş sındırdığımız hər hansı məsələnin bir həftə və ya yüz il sizdən qabaq həll edildiyini eşitdikcə özünüzü necə hiss edərsiniz?
Bəzən adama elə gəlir ki, müvəffəqiyyətsizliklərin səbəbi sizi əhatə edən adamlar və mikromühitdir. Yaradıcılıq mühiti müvəffəqiyyətə şansı artırıb azalda bilər, ancaq onu bir yerdə yaradıb, başqa yerdə yox edə bilməz. Başqa sözlə, qabiliyyətsizə kömək etmək, qabiliyyətliyə isə maneçilik törətmək mümkündür, ancaq heç vaxt qabiliyyətlini qabiliyyətsizə, qabiliyyətsizi isə qabiliyyətliyə çevirmək olmaz!
Hər dəfə yeni elmi jurnallara baxarkən bir-birinə zidd olan iki hiss arasında qalırsan: bir tərəfdən sualının həll olunduğunu görmək qorxusu, digər tərəfdən də sualının cavabını görmək qorxusu. Bəzən məsələni həll edə biləcəyinə ümidini təmiz itirib və yaxud onun həll olunduğunu görüb qüssəli bir sevinc hissi keçirirsən. Yaradıcı, dünyada yalnız müvəffəqiyyətlərini qoyub gedir, əzablarını isə özü ilə aparır. Aylar ötür, illər keçir, tapmaq istədiyin cavabdan ümidverici bir nişan yoxdur. Fikirli getdiyin yerdə köhnə bir tanışın səni dayandırıb sorğu-suala tutur:
Güzəranın necədir? İşini qurtardınmı? Maaşın nə qədərdir? Ev-eşik düzəldə bilmisənmi?
Bəli, deməli sənin daxili dramın, yuxusuzluğuna səbəb olan düşüncələrin heç kəsi, hətta bu köhnə tanışı da maraqlandırmır, sənin axtardığına ehtiyac yoxdur, insanlar bunsuz da indiyə kimi yaşamış, bundan sonra da yaşaya bilirlər. Ümidsizliyin əsassız deyilmiş, daha səndən bir şey gözləyən yoxdur... Bəlkə də sadə bir işdə daha böyük xeyir verə bilərdin, bir də ki, sualına cavab tapmaqla dünyadan sual tükənmir. Elmin böyük dühaları işə başlarkən rast gəldikləri suallardan da çox-çox suallar qoyub getdilər. Səndən sonra gələnlərin biri elə bir ümumi məsələ həll edəcəkdir ki, sənin sualın onun kiçik bir hissəsi olacaq, bəlkə də sənin tapdıqlarını etibarsız bir şey kimi yada salan olmayacaq. Görünür ki, məhz belə anlarda, belə fikirlərin təsiri altında Blez Paskal demişdir: “Zəkanın bütün cəhdləri dərk edilə bilməyəcək saysız-hesabsız şeylər olduğunu bilməklə qurtarır”.
Aylar ötür, illər keçir, ətrafında çox şeyləri səndən tez və yaxşı başa düşən təzə adamlar görürsən. Sənin himayənlə böyümüş adamlar indi müstəqil sual meydana atıb sərbəst həll edirlər. “Artıq sən bir bilik qaynağı kimi öz rolunu itirirsən” kimi düşüncələr beynində tez-tez dolaşmağa başlayır. Elmi işçinin daxili narahatlıqlarından birinin də səbəbi budur. Çünki hər an köhnə ilə təzənin sərhədidir. Əlbəttə, belə bir hal sevincə səbəb olmalıdır. Bunu hamı bilir və hərə öz reaksiyasına müxtəlif don geyindirir. Qeyd etmək lazımdır ki, sənətlə yoğurulmuş ruhlar üçün belə bir hal sonsuz sevinc mənbəyidir. Sən artıq lazım olmasan da, öz vəzifəni düzgün və vaxtında yerinə yetirmisən. Axı sən heç vaxt hesab etmirdin ki, elm səninlə qurtarır. Sən özünü qüvvətli düşmən qarşısında səngəri qoruyan zəif bir əsgərə bənzədirdin, yeni qüvvələrin harayına gəldiyini görüb necə sevinməyə bilərsən.
Atomun quruluşunu kəşf edən məşhur alim Nils Bor vəfatından bir az əvvəl Sovet İttifaqında olarkən ondan soruşurlar:
Necə oldu ki, siz bu qədər istedadlı adamları ətrafınızda toplayıb belə bir elmi məktəb yarada bildiniz?
O:
Mən onların yanında axmaq görünməkdən qorxmadım, – deyə cavab verir.
Bor uşaqlıqdan sənət və fəlsəfə ilə tərbiyələnmiş güclü şəxsiyyətlərdən biri idi. O bilirdi ki, bir çiyin nə qədər böyük olur-olsun, insan fikrini düşdüyü çuxurdan çıxara bilməz; çiyinlər – bir istiqamətə gücünü tətbiq edən çiyinlər lazımdır. O bilirdi ki, yenilik yaranmağa başlamışsa və zamanının tələbi ilə səsləşirsə, heç bir avtoritet onun qarşısını ala bilməz. Ya kənara çəkilmək, ya da yeniliyə kömək etmək lazımdır.
Aylar ötür, illər keçir, bir gün xoşbəxtlik üzünə gülür, adın qəzetlərdən, dillərdən düşmür, hər sözün, hətta 50 il sonra beynəlxalq vəziyyətin necə olacağı haqqındakı fikrin maraqla dinlənilir.
Demək, sən kamalın zirvəsindəsən, başqalarının fikri ilə hesablaşmaya da bilərsən, hamı səndən dərs almalıdır. Sən yaradıcısan, xoşuna gəlməyən nə varsa uçura bilərsən. İş o yerə gəlib çatır ki, heç yuxuna belə girməyən məsələlərə aid məqalələrin müəllifi olursan.
Özündən xəbərin olsaydı heç olmazsa saatın xoş vaxtlarında özünə gülə bilərdin.
Bütün bu yuxarıda danışdığımız hallar ya ümidsizliyin, ya da özündən müştəbehliyin doğurduğu fəsadlardır.
Onların bir dərmanı varsa o da sənətdir, sənətin təsirinə həssaslıqdır. Burada təəccüb doğuran bir şey yoxdur, mənəvi dərdlərin mənəvi dərmanı olmalıdır. Bir misra, bir musiqi ifadəsi, bir rəng keçidi, bir nisbət, bir söz sizi ən çıxılmaz anlarda ayağa qaldırıb irəli aparmağa qadirdir. Fikir vermisinizsə körpə uşaqlar da belədir. Onlar birdən elə ahəngdar ağlayırlar ki, necə və harada dayanacaqlarını təsəvvür etmək olmur. Lakin uşaq qəlbini oxşayan bir kəs, bir rəng bu fırtınanı gözlənilmədən şirin təbəssümə çevirir.
Deyilənə görə, iki alim təbiət qoynunda görüşür. Onlardan biri balıq tutmağa, o biri də dağa çıxmağa gəlibmiş. “Balıqçı” soruşur:
Nə üçün dağa çıxırsan? Burada maraqlı nə var?
İlk mədəni insan dağ zirvəsindən ətrafı seyr edən olmuşdur! – deyə dağa çıxan cavab verir.
Sözün gücünə bax! Gələn il balıqçı dağa çıxmaq üçün ailəsini də özü ilə gətirdi.
Bütün yaradıcıların həyatında – mənəvi həyatında sənətin rolunu qədim zamanlardan izləyən olsaydı, Bolsmanın Şiller haqqında dediyi sözləri dəyişdirib, sənət haqqında deyərdi: “Elm indiki nailiyyətlərinə görə sənə minnətdar”dır.
Heç kəs açıq havada gəzməyin, dincəlməyin xeyirli olduğunu inkar edə bilməz. Çox vaxt həkimlər xəstənin elmi işçi olduğunu bilib ona belə məsləhət verirlər. Bəlkə arası kəsilməyən baş ağrısının, yuxusuzluğun səbəbi özünə inamın itirilməsidir? Nyuton ola bilmədiyinə bəlkə şübhən qalmadığındandır? Tez Eksüperini oxu. Lap balaca imkanında dünyaya lazım olduğunu görəcəksən. Hər şey üzünə güləcək, dünya ilə vəhdətin bərpa olunacaq. İnsanların müvəffəqiyyəti sənin olacaq, sənə doğma olacaq! Axı dünyaya Nyutonla bərabər “adi” adamlar da lazımdır. Özü də müqayisəolunmaz dərəcədə çox. Əks halda Nyuton insanlığın tarixində bu qədər nadir görünməzdi.
Anamız təbiət hər şeyin düzgün nisbətini bizdən yaxşı bilir. Ulduz tutmaq üçün göyə tullanmağın ziyanı yoxdur, lakin tuta bilmədinsə özünü yerə çırpıb, ağlamağın nədir. Uğursuzluğuna uşaq səmimiyyəti ilə gül və vaxtını itirmədən əlçatar istəklər dalınca qaç.
Həyatın xırda çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, Füzulini oxu!
Məqsədin uğrunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu:
Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni...
Kim səni belə bir yol seçməyə məcbur etdi? Sənin ömrün bu yolda “itirilmiş” ömürlər yanında heçdir.
Motsarta, Bethovenə, Qriqa, Çaykovskiyə qulaq as, sərgilərə get, başqalarının yaradıcılıq əzabları ilə tanış ol, sakitlik tapacaqsan.
Müvəffəqiyyətsizlik üz vermişsə “Koroğlu”nun ölməz uvertürünə qulaq as, saz havalarını dinlə, sənə yenidən qalxıb irəli getmək həvəsi gələcək!
Sənə elə gəlirsə ki, xalq səni başa düşmür, lazımınca qiymətləndirmir, “Dədə Qorqud”u oxu, nağıllarımızı öyrən, bayatılarımızı əzbərlə, xalq arasına çıx. Onda görəcəksən ki, sən ona borclusan, sən onu başa düşürsən, o da səni qiymətləndirir. Onda görəcəksən ki, insan səhv etdiyinə də sevinərmiş.
Dostları ilə paylaş: |