Zehni biliklərdən elmə, əməli biliklərdən texnologiyaya tarixi keçid
Yaxşı ağıl hələ azdır, əsas
məsələ onu yaxşı tətbiq etməkdədir.
Rene Dekart
Bilik məqsəd deyil, vasitədir.
Lev Tolstoy
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövrlərdə də iki müxtəlif bilik növü: koqnitiv və əməli biliklər mövcud olmuşdur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsasında maddi fəaliyyət - praktika dayanmışdır.
Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin birinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, “niyə”, “hansı səbəbdən” suallarına cavab vermək təşəbbüsündən irəli gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, dəyişdirici münasibətin nəticələrini də idrak süzgəcindən keçirməklə daha intensiv xarakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı insanın fəal müdaxiləsinə olan əks təsirlər də informasiya mənbəyinə çevrilir.
İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, “necə”, “hansı yolla” suallarına cavab verən biliklərə tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).
Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrçi münasibətindən törəyən, təməlində inikas prosesi dayanan koqnitiv biliklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə məntiqi təfəkkür hələ formalaşmadığından, seyr heç də biliklərə yox, yalnız təsəvvürlərə gətirib çıxarmışdır. L. Levi-Bryulun yazdığı kimi, məntiqəqədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə anlayış və biliklər əvəzinə yalnız “kollektiv təsəvvürlər” olmuşdur.
Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sayəsində insanın özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndirmək və tarixi baxımdan müqayisə etmək çətindir.
Bununla belə, tarixən məhz əməli bilklərin ilkin olması, koqnitiv biliklərin isə mifoloji təsəvvürlərlə, “məntiqəqədərki təfəkkürlə” əməli biliklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fikri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.
Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız induktiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bilavasitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv biliklər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mənşəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.
Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət münasibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğu biliklərin xarakteri də dəyişmiş olur. C. Bernal ovçuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qənaətə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Doğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nəticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid prosesi hələ yox idi. Lakin burada C. Bernal belə bir cəhəti qeyd etməyi unudur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ovçuluğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı inkişafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitələndiyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ “mədəniyyətin yaratdığı istehsal alətlərinə” əsaslanan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymətləndirilməsidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək sahələrinin fərqləndirilməsindən ibarət olmayıb daha prinsipial xarakter daşıyır və fiziki və zehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması üçün bir sıra aralıq fəaliyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki oddan istifadə aralıq mərhələlər zəncirində daha bir halqadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları üçün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koqnitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata keçirilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi üçün maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: ”...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə predmetinə çevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi”.1
Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: ”Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani münasibətdir“.2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hərəkətlərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət çoxpilləli quruluş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.
Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həyatında oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan “Enki və kainat”3 adlı şumer poemasında “allah Enki əsas etibarilə toxanı, kərpic üçün formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütçü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən “texniki” nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».1 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Keçmişin məlumatları müasir məntiqin imkanları mövqeyindən təhlil edilməlidir.
Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya almasına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləşmədiyindən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövrlərdə biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi üçün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.
Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.
Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu aydın şəkildə təsəvvür edə bilmək üçün, elmi-texniki inqilabın mahiyyətini müəyyənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müstəqil tarixi inkişaf yolunu öyrənmək tələb olunur. Bu cür tələbat təkcə baxılan sahə üçün yox, ümumiyyətlə istənilən ictimai hadisə üçün zəruridir. Doğrudan da, ayrılıqda elm və texnikanın ilkin formalaşma dövründən başlayaraq keçdikləri tarixi mərhələlər məlum olmadan “elm-texnika” sisteminin müasir dövrdəki strukturunu müəyyən etmək çətindir.
Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəqqinin qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki tərəqqi ilə yanaşı elmi-texniki tərəqqidən də danışmaq lazım gəlir.
Müasir sistem-struktur təhlil metodunun və “bütövlük” haqdakı təlimin əsas məziyyətlərindən biri budur ki, “nisbi müstəqil” anlayışının qeyri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Məsələ burasındadır ki, “nisbi müstəqillik” anlayışı istənilən iki əlaqədar tərəf arasındakı münasibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstəqilliyi hələ onun daxili tamlığına dəlalət etmir. “Daxili tamlıq” şəraiti isə sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir.
Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil olmasalar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müasir dövrdə də öz nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bundan başqa, elm və texnika arasında qarşılıqlı əlaqə əvvəllər də mövcud olmuşdur və “nisbilik” şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. Bu baxımdan yanaşdıqda yeni “elm-texnika” sisteminin formalaşması haqqında heç bir ciddi elmi qənaətə gəlmək mümkün deyil. Yeni nisbi müstəqil sistemin – “elm-texnika” sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsürləri çoxluğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna bilər.
Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələlərin, həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi onların sosial mahiyyətini də müəyyənləşdirməyə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi üçün əsas şərtdir.
Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap başlanğıcdan insanın və cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın məntiqi nəticəsi, mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərqlə ki, texnika ictimai tərəqqinin mənəvi məhsulu olmaqla bərabər, həm də maddi məhsuludur.
Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları zamanından, birinin düzəltdiyi əmək vasitələrindən digərlərinin də istifadə etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin düzəldilməsi də müəyyən zəruri ictimai tələbin ödənilməsi – minimal sərvət bolluğunun yaranması halında mümkün olmuşdur. S. Lilli yazır: “Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müasir əmək alətləri alırdılar”.1 İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məqsəd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qılmaqdan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifayət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sərbəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı sosial sistem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona görə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni texniki vasitələrin hazırlanması ilə məşğul olan adamlar hələ əkinçilikdən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şübhə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki insan qrupları arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bütövlükdə cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.
Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında yayılmasına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla istehsalın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə yaranmışdır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir sosial sistem kimi formalaşmışdır.
Elə xassələr vardır ki, onlar baxılan tərəfə heç də həmişə xas olmayıb, onun inkişafının yalnız müəyyən mərhələsində təzahür edir. Elmi inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümumictimai sistem kimi formalaşmağa başlayarkən təzahür etmişdir. Ümumiyyətlə, müasir dövrdə elm və elmi inkişaf hadisəsi üçün səciyyəvi olan xassələrin əksəriyyəti elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir.
Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseoloji sistem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibətlər sferası ilə qırılmaz surətdə bağlı olmuş və qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı elmi fəaliyyətin mümkünlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən təmin olunmasını tələb edirdi ki, bu da həmin dövrdə elmi yaradıcılığın mövcud iqtisadi münasibətlərdən asılı olduğunu göstərir. Məsələn, məlum olduğu kimi yalnız köləlik əkinçiliklə sənaye arasında böyük miqyasda əmək bölgüsünü mümkün etdi, beləliklə də qədim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi üçün şərait yaratdı.
Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem kimi formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xarakter alması da məhz elmin sosial sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.
Elm və onun inkişaf yolu
Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağlayır, qarşısına çıxan çətinliklərdən, təhlükələrdən xilas yolunu elmdə axtarır? Məgər bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm yaratmamışdırmı? Nəyə görə bu aydın həqiqətləri görə-görə insan yenə də bu təhlükələrin «səbəbkarına» pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran səbəbin özündə axtarmaq lazımdır?
Hər halda bir şey aydındır ki, insan yaradıcılığının ən ecazkar məhsulu olan elm getdikcə insandan uzaqlaşır və öz yaradıcılığından asılı olmayan müstəqil qüvvəyə çevrilir. İndi elmin kimin əlində olmasından çox şey asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri döndərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq mümkün deyil. Ona görə də qarşıda duran böyük vəzifə heç olmazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyələnməsi və inkişaf səviyyəsinə görə «fəsad əhlini» qabaqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.
Elmin ön xəttinə çıxmaq üçün isə ilk növbədə onu mənimsəmək tələb olunur. Həm də təkcə konseptual məzmun baxımından deyil, sosial və təşkilatı struktur baxımından. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil. Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur.
Elm nə vaxtdan başlanır?
«Elm» anlayışının başa düşülməsindən asılı olaraq bu suala üç cür cavab vermək olar.
1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə görə belədir» sualını qoyması biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin başlanğıcı kimi qəbul oluna bilər.
Adi şüur adət olunmuş, standart vəziyyətlərdə necə hərəkət etmək lazım olduğunu göstərirsə də, bu vəziyyəti şərtləndirən səbəbləri aşkar etmək üçün kifayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara çıxmaq tələb olunur.
Belə nəql edirlər ki, guya bir dəfə İ.Nyutonun başına alma düşür. Alim bu hadisədən heyrətlənir və ümumdünya cazibə qanunu ideyasına gəlib çıxır. Bəlkə də bu, həqiqətən belə olmuşdur. Mətləb bunda deyil. Mətləb hekayətin bir şərhi ilə əlaqədar adi şüurla elmi şüurla fərqləndirməkdədir.
1972-ci ildə respublikamızda «Gənc fiziklər» məktəbinin açılış mərasimindəki çıxışında Xudu Məmmədov bu hekayətə müraciət edərək dedi ki, əgər ümumdünya cazibə qanunu almanın düşməsinə görə kəşf olunsa idi, ən çox ehtimala görə Qubada kəşf olunardı… Ancaq əsas məsələ almanın düşməsində deyil, kimin başına düşməsindədir. Əsas məsələ bundadır ki, alma düşəndə adam sadəcə başını yanamı çəkir, yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəbdən düşür? Bu sual ilk baxışdan nə qədər sadə görünsə də, onun qoyulması adi şüur hüdudundan kənara çıxmağı tələb edir. Bu sualın qoyulması məsələyə elmi münasibətin başlanğıcıdır.
2. Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni faktiki material gözləmədən yeni bilik almaq imkanı yaranır, başqa sözlə, mövcud biliklər sistemi özü-özünü inkişaf etdirmək keyfiyyəti əldə edir.
Elm həm də sosial sahədə vahid və bütöv sistem kimi formalaşır. Elmi biliklər sistemi daha artıq elm hadisəsini tam səciyyələndirmək üçün kifayət etmir. Elm dedikdə, bir neçə en kəsiyini ehtiva edən mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur.
İstər «elm» sistemi, istərsə də, elmi inkişaf prosesi yalnız son illərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır. Təbii ki, tədqiqat elə ilk mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olmamışdır. Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inkişafın ən müxtəlif cəhətlərini öyrənmək zərurəti yaranarkən, qarşıya çıxan tələblərin konkret xüsusiyyətlərinə, spesifikasına uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabitəsiz xarakter daşıyır. Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sahədəki elmi işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaşdırmaq olar. Elmin tarixi, metodoloji, qnoseoloji, sosioloji, iqtisadi, psixoloji aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqiqat sahəsi kimi götürülə bilər. Bu sahələrin öz aralarındakı əlaqəsi çox zəifdir. Halbuki elm bütöv sistem təşkil etdiyindən onun müxtəlif aspektlərdəki tədqiqi də vahid terminoloji əsasa malik olmalı, sistemli xarakter daşımalıdır. Ayrı-ayrı tədqiqat qollarının ortaq məxrəcə gətirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da olsa bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı ödəmək üçün son vaxtlarda elmin müxtəlif istiqamətlərdə öyrənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir.
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə özünü göstərsə də problem öz qəti həllini hələ tapmamışdır. Lakin bu sahədə bir sıra konkret nailiyyətlər əldə edilmiş, elmin başlıca xüsusiyyətləri, inkişaf meylləri və s. müəyyənləşdirilmişdir.
Sərlövhəsinə görə elmin metodoloji təhlilinə həsr olunmuş əsərlərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri, konkret elmi tədqiqat metodları, xüsusi elmi problemlərin fəlsəfi məsələləri öyrənilir. Bununla yanaşı metodoloji aspektdəki tədqiqat elmşünaslığın strukturunda mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin əlaqəsi hələ çox zəifdir.
Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısı nəzərə alınmalıdır. Hər bir tədqiqat aspektində elmin müəyyən cəhətləri öyrənilir ki, bunları bilmədən onun bütöv mənzərəsini yaratmaq mümkün deyil.
Sistemli yanaşma elmin element və strukturunun müəyyənləşdirilməsini tələb edir. Həm də bu zaman bir yox, iki cür sistem öyrənilməlidir: əvvəla, «elm» sistemi-nin özü – onun elementlərindən təşkil olunmuş sistem ikincisi, elmin bir element kimi daxil olduğu sistem və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrənilir, elmin bütöv hadisə kimi tədqiqi, onun makroxassələri və yekun funksiyaları kölgədə qalır. Məsələn, «elmin tarixi tədqiqi» adı altında adətən elmin tarixi əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki elmi bilik elm sisteminin tərkib elementlərindən yalnız biridir. Belə hallarda nəzərə alınmalıdır ki, sistemin və onun tərkib elementlərinin keçirdiyi keyfiyyət və kəmiyyət dəyişilmələri zamanca uzlaşmaya da bilər. Məsələn, elmi biliklərin inkişafında inqilabi çevrilişlər, dünyanın elmi mənzərələrinin əvəzlənməsi və s. hələ bütövlükdə «elm» sisteminin keyfiyyət dəyişikliyi keçirdiyinə dəlalət etmir.
Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin ümumi inkişaf qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyin toplanma və saxlanma vasitələrinin informasiya mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə müəyyənləşdirilə bilər.
«Elm» sisteminin başlıca elementlərindən birini də elmi yaradıcılıq prosesi təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və onu yalnız bir en kəsiyində qnoseoloji müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda elmi bilik istehsalı prosesinin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir. Sistemli yanaşma zamanı bu məqamlardan hər birinin elmin ümumi mənzərəsində tutduğu dəqiq yerini müəyyənləşdirmək, lazım gəlir.
Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əvvəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və elmi səciyyələndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik obyektini müəyyənləşdirmək lazımdır.
Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öy-rənilməsində məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca bir fərdin deyil, ictimai fəaliyyətin məhsulu olduğundan cəmiyyətə xas olan müəyyən xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və hər hansı bir ölkədə elmi fəaliyyətin özünəməxsus cəhətləri, elmin qarşısında qoyulan məqsəd və vəzifələr, elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqamətləri, bu və ya digər elmi axtarışa ictimai maraq və bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi həmin dövrdə və həmin ölkədəki ictimai quruluşun xarakterindən, ümumi mədəni inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi təhlillə elmin inkişaf qanunauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixinin vəhdətindən çıxış etmək, digər tərəfdən də elmi mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun həm qnoseoloji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.
Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və ya digər aspekt mütləqləşdirilir, yalnız bir mövqeni rəhbər tutaraq elmin mahiyyətini müəyyənləşdirmək cəhdləri göstərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə elm yalnız məntiqi-qnoseoloji aspektdə öyrənildiyi halda, başqa qrup əsərlərdə yalnız sosial aspektdə öyrənilir. Bu, elmin diferensial surətdə tədqiq olunması baxımından, şübhəsiz hadisədir. Lakin həm birinci, həm də ikinci qrup tədqiqatçıların təkcə öz mövqelərindən çıxış edərək ümumiyyətlə elm sistemini, onun strukturunu və mahiyyətini etmək cəhdləri, bizcə birtərəfli təşəbbüsdür və uğurla nəticələnə bilməz. Elmin mahiyyəti yalnız müxtəlif tədqiqat aspektlərinin müqayisəli və sintetik surətdə nəzərdən keçirilməsi, ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər.
Dialektik məntiq və idrak nəzəriyyəsi vəhdətdə olduğundan elmin məntiqi tədqiqi bütövlükdə elmi idrakın tədqiqi ilə üst-üstə düşür ki, fəlsəfi ədəbiyyatda bu istiqamət çox vaxt elmin ümumi metodologiyası adlanır. Elmşünaslıqda elm onun konkret məzmunundan asılı olmayaraq öyrənildiyi halda, elmin metodologiyası onun məzmunu ilə sıx surətdə bağlıdır. Görünür, həm buna görə, həm də ənənəvi olaraq elmşünaslıq problemləri və elmin metodologiyası bir-birindən asılı olmayan müstəqil tədqiqat sahələri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiyyatında elmin metodologiyasına geniş yer verilsə də, həmin sahənin elmşünaslıq aspekti və ya tərsinə, elmşünaslığın məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır.
Qərb fəlsəfəsi, xüsusən pozitivizm, elmi formal məntiqi sxemlər əsasında təhlil etdiyi halda, marksizm fəlsəfəsi onu daha çox konseptual planda tədqiq edir, elmin yalnız dilini deyil, məzmununu da nəzərə alır. Digər tərəfdən də müasir sosiologiya elmə bütöv sosial sistem kimi baxır və onun sosioloji problemləri hərtərəfli surətdə tədqiq olunur. Lakin arada elə bir sahə vardır ki, hələ çox az öyrənilmişdir: bu, bütöv elm sisteminin, ümumictimai elmi fəaliyyət prosesinin məntiqi strukturunun açılmasıdır.
Keçmiş sovet fəlsəfəsinin ən nüfuzlu nümayəndələrindən biri akademik B.M.Kedrov elmin inkişaf konsepsiyasından danışarkən 11 aspekt göstərirdi: iqtisadi, sosial, mədəni-mənəvi, əxlaqi-etik, səhiyyə və ekoloji psixoloji təbiətşünaslıq və texniki, elmşünaslıq, elmlərin qarşılıqlı təsiri, dünyagörüşü, dialektik-məntiqi. Bu aspektlərdən heç biri elmin məntiqi-qnoseoloji tədqiqini əhatə etmir. Sonuncu, «dialektik-məntiqi aspekt, müəllifin öz yazdığına görə, – dialektikanın əsas qanun və kateqoriyalarının dialektik metodun özünün işlənib hazırlanması və zənginləşdirilməsi məqsədilə tədqiq olunur». Göründüyü kimi burada dialektik məntiqin elm sisteminin öyrənilməsinə tətbiqindən deyil, onun özünün elmin bir sahəsi kimi tədqiqindən söhbət gedir. Elmşünaslıq aspekti isə elmin sosial sistem kimi nəzərdən keçirilməsi ilə məhdudlaşdırılır. Yalnız «təbiətşünaslıq və texniki aspektdə» elmi inqilabların da əhatə olunduğu nəzərdə tutulur. Bu, elmin məntiqi-qnoseoloji aspektinə aid olsa da, onun çox məhdud bir sahəsidir. B.M.Kedrovun təsnifatında elmin məntiqi-qnoseoloji aspektinə xüsusi yer ayrılmaması müəyyən mənada eksternalizmə uymaq meyli kimi qiymətləndirilə bilər.
Qərb fəlsəfəsində elmin məntiqi-qnoseoloji aspekti əsasən epistemologiya adı altında öyrənilir və buraya ən çox demarkasiya problemi elmiliyin meyarı və ya başqa sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəlsəfədən fərqləndirilməsi məsələsi, nəzəri və empirik biliklərin əlaqəsi, nəzəriyyənin həqiqiliyinin yoxlanması həqiqət problemi və s. daxil edilir. Qərb elmşünaslarının bu sahədəki pozitiv xidməti daha çox dərəcədə elm tarixinin məntiqi təhlili, elmi inqilabların strukturunun öyrənməsi ilə bağlıdır.1 Həm də bu pozitiv xidmət məhz pozitivizm mövqeyindən uzaqlaşmaq, elmin qeyri-kumulyativist modellərini qurmaq sayəsində mümkün olmuşdur.
Müasir fəlsəfi ədəbiyyatda baxdığımız aspekt ən çox elmin metodologiyası, elmi idrakın məntiqi tədqiqi adı altında öyrənilir və buraya ən çox elmi idrakın pillələri: nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elmlərin inteqrasiyası və diferensiasiyası, elmi idrakın metod və formaları, nəzəriyyə və eksperiment, nəzəriyyənin forma və strukturu kimi məsələlər daxil edilir. Bu qəbildən ədəbiyyatda «elm» anlayışı altında bir qayda olaraq biliklər sistemi nəzərdə tutulur və elmin əhatə etdiyi iki bilik səviyyəsinin: empirik və nəzəri biliklərin qarşılıqlı əlaqəsi obyektiv gerçəkliyin inikası hadisəsinin müvafiq mərhələləri arasında əlaqə kimi götürülür. Empirik bilik obyektiv gerçəkliklə bilavasitə qarşılıqlı təsirin nəticəsi olduğu halda, nəzəri bilik ən çox mücərrəd təfəkkür sayəsində elmi idrakın məlum metodlarından istifadə edərək aldığımız bilikləri əhatə edir ki, onun da ən mühüm forması nəzəriyyədir. Buna uyğun olaraq, biliyin həqiqiliyi problemi də iki mərhələdə nəzərdən keçirilir. Birinci, empirik biliklərin obyektiv gerçəkliyə uyğunluğu, ikinci nəzəri biliklərin, nəzəriyyənin ilkin empirik materiala və nəticə etibarilə, yenə də obyektiv gerçəkliyə uyğunluğu. Qərb fəlsəfəsində, xüsusən pozitivizmin müxtəlif qollarında yalnız ikinci mərhələnin birinci hissəsi problem kimi qoyulur; belə ki, obyektiv gerçəkliyə uyğunluq məsələsi, ümumiyyətlə obyektiv gerçəkliyin qəbul olunması məsələsi metafizik (fəlsəfi) problem olduğundan pozitivistlər onu qeyri-elmi məsələ hesab edirlər. Digər tərəfdən də marksist-leninçi elm fəlsəfəsində də birinci mərhələ bir problem kimi qoyulmamışdır və ya ontoloji aspektdə qoyulduğundan elmşünaslıq məsələlərindən uzaqdır.
Beləliklə, elm fəlsəfəsində, həm də ümumiyyətlə, Qərb burjua fəlsəfəsində elmin məntiqi tədqiqinin çox ciddi aspektlərindən biri nəzəriyyənin həqiqiliyinin yoxlanması problemidir. Neopozitivizm verifikasiya prinsipini, semantik fəlsəfə elmi dilin məntiqi təhlilini, postpozitivizm falsifikasiya prinsipini və s. həqiqətin əsas meyarı hesab etsə də, bu məsələ özünün yeganə düzgün həllini praktika nəzəriyyəsində tapmışdır.
Elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizmdə, həm də fəlsəfədə geniş yer verilsə də, biliklərin struktur səviyyələrinə görə bölgüsü çox az tədqiq olunmuşdur. Lakin bununla belə, məhz elmi biliyin digər biliklərdən fərqi demarkasiya problemi müasir Qərb fəlsəfəsinin, xüsusən postpozitivizmin başlıca problemlərindən biridir. K.Popper və onun davamçılarının bir çox əsərləri bilavasitə bu məsələyə həsr olunmuşdur. Qərb aləmində bu problemin aktuallığını artıran və ön plana çəkən cəhət isə elmi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir pozitivistlər demarkasiya problemini heç də elmi tədqiq etmək naminə deyil, klassik pozitivizmin fəlsəfəyə inkarçı münasibətini «yeni vasitələrlə əsaslandırmaq» üçün davam etdirirlər.
Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsəfəsində bir qayda olaraq yalnız biliklə əlaqədar olaraq işlədilir, yəni biliklərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki «elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və s. bu kimi çox müxtəlif obyekt və hadisələr üçün də elmilik meyarından danışmaq olar və bütün bu hadisələr «elm» anlayışında əhatə olunduğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müxtəlif aspektlərdə tədqiqinə ehtiyac da buradan irəli gəlir.
Yuxarıda biz elmin B.M.Kedrov tərəfindən göstərilən tədqiqat aspektlərini saydıq. Bu siyahını daha da genişləndirmək, zənginləşdirmək mümkündür. Lakin söhbət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli məsələlər deyil, bilavasitə elmin təbiətindən irəli gələn ən ümumi istiqamətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en kəsikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsasən ikidir: məntiqi-qnoseoloji və sosial. Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətləndirilə bilər.
Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o birisinin ön plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açmağa imkan vermir. Xüsusən pozitivizmin bütün formaları elmi yalnız epistemoloji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu mövqe idealist fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul olunması həmin məsələdə materialist mövqeyə uyğundur.
Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir, ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öyrənilir: elmin məntiqi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlərin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir.
Real vəziyyət göstərir ki, əksər filosofların əsərlərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epistemologiyanın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən keçirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilmişdir. Belə ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda ən çox rast gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, dərin kök salmışdır. Kumulyativist epistemo-logiyanın müddəalarına, əsaslanan bu mövqe elmin sosial aspektini nəzərə almağa imkan vermir və internalizmə uyğun gəlir.
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi sahə – elmi bilikdir. El-mi bilik «elm» sisteminə daxildir. «Bilik» anlayışı elmi bilikdən başqa, əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə daxil deyildir. Yaxud da «elm» anlayışının əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar, «elmi texnikası» və s.) və yaradıcılıq ax-tarışları «bilik» sisteminə daxil deyil.
Biliklər sistemi özündə fəaliyyət momentini əks etdirmir. Elm isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır.
Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi biliyin digər biliklərə nəzəən özünəməxsus cəhətini, elmilik meyarını axtarmaq «elm» sisteminin öyrənilməsi üçün kifayət deyil. Nəinki elmin bütöv bir sistem kimi öyrənilməsi, həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də bu çərçivəyə sığmır, müəyyən şərtləri ödəyən biliklər sistemi ilə yanaşı, ümumictimai və fərdi elmi fəaliyyət proseslərinin də nəzərə alınmasını tələb edir.
XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsepsiyalar J.Sarton, Q.Başlyar, A.Koyre tərəfindən irəli sürülmüşdür.
J.Sarton elm hadisəsinə elmi biliklərlə yanaşı insan amilini də daxil etmiş, elmi fəaliyyətin subyekti olan insanların – elmi işçilərin dünyagörüşünü, mədəniyyətini, ictimai vəziyyətini də nəzərə almağa çalışmışdır. Sartona görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kontekstdə öyrənilməlidir. Təsadüfi deyil ki, Sarton konsepsiyası elm tarixşünaslığında mədəni-tarixi istiqamət kimi tanınır. Mədəni-tarixi istiqamət elmin sosial tədqiqinin mühüm aspektlərindən biridir.
Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ictimai mahiyyətinin qiymətləndirilməsinə ən çox bilavasitə elmin sosioloji və iqtisadi problemlərinə həsr olunmuş əsərlər xidmət edir. Elmdə müəyyən sosial strukturun hələ əvvəllər də mövcud olmasına baxmayaraq, onun tədqiqinə ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət sahəsi kimi yalnız son vaxtlarda ön plana keçmişdir.
Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə daha çox hissəsinin sərf olunması elmin iqtisadi baxımdan öyrənilməsinə tələbatı artırır. Lakin bu sahədə də hələ çox az iş görülmüşdür; halbuki konkret elmi tədqiqatların faydalılıq dərəcəsinin artırılması və elmin düzgün planlaşdırılması üçün iqtisadi təhlilin rolu böyükdür.
Elmə xüsusi fəaliyyət sahəsi kimi baxan Q.N.Volkov hər bir zaman mərhələsində cəmiyyətin ona qədər əldə etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «Elmin mahiyyəti artıq dərk edilmiş olan həqiqətlərdən yox, onların axtarılmasından, təbiət və cəmiyyət qanunlarının öyrənilməsi və istifadə olunmasına yönəlmiş eksperimental tədqiqat işlərindən ibarətdir. Elm özlüyündə heç də bilik olmayıb, cəmiyyətin bilik istehsalı üzrə fəaliyyətidir, başqa sözlə, elmi istehsaldır»1. Göründüyü kimi, Q.N.Volkov elmə xüsusi fəaliyyət sahəsi və deməli proses kimi baxmaqla onun əhatə dairəsini həddindən artıq kiçildir ki, bu da məntiqi cəhətdən qüsurlu olan nəticəyə gətirir: elm – ... elmi istehsaldır. Halbuki elmi istehsal «elm» anlayışının əhatə etdiyi tərkib hissələrindən yalnız biridir. Buna baxmayaraq, «elmi istehsal» anlayışının daxil edilməsi el-min mahiyyətinin və başlıca xüsusiyyətlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Q.N.Volkov öz mövqeyini elmi şəkildə əsaslandırmağa və bu işdə daha çox öyrənilmiş olan istehsal prosesi ilə analogiya yaratmağa çalışmışdır ki, bu cür təşəbbüs yalnız təqdirəlayiqdir. Müəllif daha sonra yazır: «...Texnika maddi istehsalda hansı rolu oynayırsa, elmi bilik də mənəvi istehsalda həmin rolu oynayır. Bu mənada texnika insanın əməli fəaliyyətinin süni orqanı olduğu kimi, elm də insan beyninin süni orqanıdır. Lakin təəssüf ki, maddi və mənəvi istehsal proseslərinin analogiyasından istifadə təşəbbüsü ardıcıl surətdə davam etdirilməmişdir.
Elmin müxtəlif aspektlərdəki tədqiqinin bir-biri ilə əlaqəli şəkildə aparılması və bir-birini tamamlaya bilməsi üçün onun bir sistem kimi müəyyənləşdirilməsi ən vacib şərtdir. Amerika alimi H.Liman məhz bu cəhəti nəzərə alaraq yazır: «Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial aspektlərini fərqləndirməzdən və müzakirə etməzdən əvvəl, hansı yolla isə elmi müəyyən bir tam kimi təsəvvür edə bilməliyik».1
Elmi bütöv bir hadisə kimi təsəvvür etməyin, onun mahiyyətini, ümumi inkişaf meyllərini öyrənməyin bu gün cəmiyyət qarşısında duran praktik vəzifələri həyata keçirmək sahəsində nə kimi bir əhəmiyyəti vardır?
Müasir dövrdə insanın maddi rifah halı, məhsuldar qüvvələrin inkişaf perspektivləri ilk növbədə elmin nə dərəcədə qabaqcıl mövqe tutmasından asılıdır. Elmi obyektiv inkişaf meyllərini bilmədən onu optimal surətdə təşkil etmək mümkün deyil. Elm cəbhəsinin ön xəttinə çıxmaq, onun nailiyyətlərindən səmərəli surətdə istifadə edə bilmək üçün ən mühüm şərt onun təşkilati struk-tu-runun düzgün müəyyənləşdirilməsi, elmin özünün elmi əsaslarla tənzim olunmasıdır.
Bu gün ölkəmizdə ən aktual vəzifələrdən biri kimi qarşıya qoyulan müasir Qərb sivilizasiyasına qovuşmaq vəzifəsi yalnız elmin nisbi müstəqilliyini təmin etmək və onun səmərəli tətbiqi üçün xüsusi təşkilati tədbirlər görmək sayəsində həyat keçirilə bilər. Elm də insan kimi azadlıq və müstəqillik sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcəkdir ki, istehsal onu özünə tabe etmək, onu öz əlavəsinə çevirmək iddiasına düşməsin. Burada istər-istəməz sehrli qızıl balıq əhvalatı yada düşür. Balıqçı qızıl balığı azad etdiyinə (dənizə buraxdığına) görə o, balıqçını hər cür nemətlə təmin edir. Lakin elə ki, balıqçı arvadının təkidi ilə balığın azadlığını əlindən almaq, onu qulluqçu etmək istəyir, onda bütün nemətlər də yox olur. Biz bu məlum hekayəti ona görə bir daha yada salırıq ki, bu gün bəzi «nəzəriyyəçilər» və əməli iş adamları elmi istehsala daha da yaxınlaşdırmaq məqsədilə onları mexaniki surətdə birləşdirmək, elmi fəaliyyəti istehsalatın ehtiyaclarına tabe etmək, onu cilovlamaq təşəbbüsləri göstərirlər. Bu təşəbbüslər elmin mahiyyəti və təbii meylləri ilə bir araya sığmır. Əksinə, elmin iqtisadi səmərəsi yalnız o vaxt artar ki, o maddi və mənəvi cəhətdən korluq çəkməsin, kiminsə, nəyinsə yedəyinə bağlanmasın.
Texnika və texniki tərəqqi
Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənilməsi, elmin tədqiqinə nəzarət xeyli əvvəl başlanmış və bu sahədə bir sıra vacib məsələlər marksizm-leninizm klassikləri tərəfindən artıq həll olunmuşdur. Lakin «texnika» anlayışını dəqiq şəkildə təyin etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi yalnız indiki dövrdə – elmi-texniki tərəqqinin yeni keyfiyyətli mərhələyə keçməsi ilə əlaqədar olaraq meydana çıxmışdır.
Məsələ burasındadır ki, müasir texnika məzmun və strukturu, habelə ictimai həyatda oynadığı rola görə XIX əsr və ondan əvvəlki dövrlərin texnikasından ciddi surətdə fərqlənir. Bu baxımdan, texnikanın keçdiyi tarixi inkişaf yolunu izləmək, bu inkişafın meyllərini, qanunauyğunlu-ğunu ortaya çıxarmaq onun müasir mərhələdəki spesifikasını müəyyənləşdirmək üçün də mühüm əhəmiyyətə malikdir. Texniki tərəqqinin nə kimi yeni keyfiyyət və xüsusiyyət kəsb etdiyini, onun elmlə qarşılıqlı təsirinin xarakterində baş verən dəyişiklikləri öyrənmədən müasir dövrdə elmi-texniki tərəqqinin səciyyəsini vermək də mümkün deyil.
Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və on-dan kənarda təsəvvür oluna bilməz. Elmin inkişafı texniki tərəqqi üçün kafi şərt olmasa da, zəruri şərtdir. Əgər əvvəllər texnika elmə nəzərən qabaqlayıcı rol oynayırdısa, elm texnikanı qabaqlayır və ona istiqamət verir.
Elmin tədqiqinə müvafiq olaraq, texnikanın tədqiqi də sistemli şəkildə, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. “Texnika” anlayışı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi və mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, bu da texnika haqqında vahid elmi nəzəriyyənin işlənib-hazırlanmasına mane olmuşdur.
Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində vasitələndirici sistem kimi öyrənilmədiyindən onun mahiyyətinin dəqiq müəyyənləşdirilməsi hələ indiyədək mümkün olmamışdır. Bu isə elm ilə texnikanın əlaqəsinin optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir.
Texnikanın tədqiqindəki vəziyyət göstərir ki, bu sahədə öyrəniliməli olan əsas məsələlər aşağıdakılardan ibarətdir:
Texnika ictimai istehsalın tərkib hissəsidirmi, yoxsa o daha geniş əhatə dairəsinəmi malikdir? Başqa sözlə, insan qeyri-istehsal sahələrindəki fəaliyyəti zamanı texniki vasitələrdən istifadə etmirmi?
Əgər «istehsal texnikası» ilə paralel surətdə digər texnika növlərini də qəbul ediriksə və «texnika» anlayışı altında bu müxtəlif növlərin kompleksini nəzərdə tuturuqsa (və ya «texnika» anlayışı bu müxtəlif növlər üçün ümumi olan cəhətləri ifadə edirsə), onda bu növlərin öz aralarındakı qarşılıqlı münasibəti və onların tarixi ardıcıllığı haqda nə demək olar?
Elm ilə texnikanın qarşılıqlı əlaqə-sindən danışarkən ümumiyyətlə texnikamı, yoxsa yalnız istehsal texnikasımı nəzərdə tutulur? Bəs elm texnikası? Bəs elmin digər fəaliyyət sahələrinə tətbiqi? Televizor istehsal vasitəsi deyil, texnikaya da aid deyilmi?
Texnika həmişəmi elmlə qarşılıqlı əlaqədə olmuşdur, yoxsa onun inkişafında tam müstəqil mərhələlər də olmuşdurmu?
Tarixi ardıcıllıq baxımından elmi, yoxsa texnikamı haqqında fikirlər necə başa düşülməlidir?
Texnikanın tarixi inkişaf mərhələləri hansılardır?
«Texnika» və «elm» hadisələri öz daxili strukturlarına görə simmetrikdirlərmi? Texnikaya sistem kimi baxmaq olarmı?
Süni olaraq dəyişdirilmiş təbiət hissəsi (ikinci təbiət) texnikanı bütövlükdə əhatə edirmi, yoxsa iki nisbi müstəqil tərəfin kəsişməsindənmi danışmaq lazımdır?
Texniki tərəqqinin meyarı nədən ibarətdir?
Texniki tərəqqinin hərəkətverici qüvvələri texnika daxilindəmi, yoxsa kənar hadisələrdəmi axtarılmalıdır?
Texniki tərəqqidə elmin rolu nədən ibarətdir? «Elm – texnika» sistemindən hansı mənada danışmaq mümkündür?
Elmi və praktik (əməli) biliyin dialektikası məsələsi elm-texnika münasibətləri ilə nə dərəcədə əlaqədardır?
Biz bu məsələlərdən yalnız bəzilərini – sonrakı tədqiqatımız üçün lazım olanları təhlil edəcəyik.
İlk formalaşma dövründə texnika heç də istehsal texnikası kimi meydana çıxmamışdır. Başqa sözlə, texnikanı yalnız «istehsal texnikası» çərçivəsində öyrənən təlimlər texnikanın genezisini aşkara çıxarmağa imkan vermir.
K.Tessman yazır: «Əksəriyyət tərəfindən qəbul olunmuş mənaya görə texnika dedikdə istehsal texnikası nəzərdə tutulur... Bütövlükdə texnika və cəmiyyətin qarşılıqlı təsir və münasibətlərini texnikanın məhz bu hissəsi təyin edir».1 Texnikanın təyinindəki «fikir ayrılıqları da iki əsas sual ətrafında cəmləşdirilə bilər: texnikanın xüsusi bir «istehsal texnikası» anlayışına gətirmək və istehsal texnikasını ümumiyyətlə texnika ilə eyniləşdirmək mümkündürmü? «İstehsal texnikası» anlayışını nə dərəcədə geniş götürmək mümkündür?».2
Mövcud ədəbiyyatda əksər hallarda «texnika» anlayışı, doğrudan da, məhz «istehsal texnikası» əvəzində işlədilir. Bu da doğrudur ki, texnikanın müxtəlif növləri arasında ən çox istehsal texnikası əhəmiyyətə malikdir. Lakin bu, heç də digər texnika növlərini nəzərdən qaçırmağa əsas vermir və hətta K.Tessmanın asanlıqla razılaşmasına baxmayaraq, «cəmiyyətlə olan qarşılıqlı təsirlər» də təkcə istehsal texnikasına şamil edilə bilməz. O ki, qaldı bu anlayışları «eyniləşdirmək» məsələsinə, bu barədə mübahisə etməyə ehqiyac yoxdur; hər şey texnikanın həqiqi mahiyyətinin düzgün metodoloji prinsiplər əsasında müəyyənləşdirilməsindən asılıdır. Bu problem həll olunduqdan sonra başqa asılı məsələlər ətrafındakı əvvəlki mübahisələr sadəcə olaraq öz əhəmiyyətini itirəcəkdir.
İctimai həyatın müasir inkişaf mərhələsində elmi-texniki tərəqqi haqqında düzgün təsəvvür əldə edə bilmək üçün texnikanın müxtəlif növlərinin dəqiq təsnifatı olduqca vacibdir. Xüsusən, elmin rolunun artması ilə əlaqədar olaraq elm texnikası getdikcə daha böyük əhəmiyyət kəsb edir. İstər elm və texnikanın qarşılıqlı münasibətinin dəqiq müəyyənləşdirilməsi, istər bu sahədə təsəvvürümüzün tamlığı, istərsə də «elm» anlayışının öz əhatə dairəsinin öyrənilməsi üçün əvvəlcə «elm texnikası» anlayışının daxil edilməsi tələb olunur.
Bizcə, «elm texnikası» anlayışına elmi fəaliyyət zamanı zəruri olan yaradıcı təfəkkürə nəzərən obyektiv surətdə mövcud olan və elmi işçi tərəfindən tədqiqata cəlb edilən, daxil edilən maddi vasitələr (eksperimental cihazlar, təcrübə vasitələri, duyğu üzvlərinin imkanlarını artıran aparatlar, hesablama maşınları, o cümlədən kompüter və s.), bu maddi vasitələrdən habelə, riyazi əməliyyat və metodlardan istifadə vərdişləri daxildir. Burada maddi istensalla analogiyanı axıradək davam etdirsək görərik ki, elmi idrak metodları elmin texnologiyasına uyğun gəldiyi halda, onlardan praktik istifadə vərdişləri elm texnikasına aid olur.
Texnika çox vaxt yalnız istehsal texnikası kimi qəbul olunsa da, heç kim raketin, televizorun, avtomobilin, sinxrotronun, elektron hesablama maşınının «texnika» anlayışına daxil olmasına etiraz etmir. Halbuki göstərilən qurğulardan heç biri maddi istehsal vasitəsi deyildir.
İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.
Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına maşınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxildir. Bu anlayışa hələ Aristotelin əsərlərində də müraciət edilmişdir və heç də istehsal texnikası mənasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahədəki qabiliyyət, mənimsənilmiş vərdişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduqca mühüm bir obyektiv ifadəsidir. Təsadüfi deyil ki, texnika dilində sənətkarlıq, qabiliyyət, bacarıq mənasını verir.
Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək, ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik biliklərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və məqsədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəldilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin formalaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.
Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkündür. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vərdişləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.
Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – yeni keyfiyyətli əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında müvafiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Yeni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləşmiş və ictimai tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çevrilmişdir.
Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qaydaları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən keçilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə birlikdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı.
Əgər biz insanın məqsədəuyğun fəaliyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, obyektivləşən (ondan istifadə edənlərin şəxsiyyətindən asılı olmayan) vasitələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil etməliyik. İstifadə qaydası məlum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. Lakin alətdən istifadə qaydası hələ texnikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərəncamından çıxıb, əlin sərəncamına kecdikdə, qabiliyyətə çevrildikdə vərdiş anlayışında əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müxtəlif terminlərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamamlanmış təsəvvür əldə oluna bilməz.
Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ işçi maşınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi maşınların əsas funksiyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K.Marks yazır: «Hər bir mükəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mühərrik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər biz yaxud əsl iş maşınına yaxından nəzər salsaq ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bütünlükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni apparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud mexaniki alətlərdir».1 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəhlənin özünü və onun peşə alətini əvəz edir.
Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə onların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vərdişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdudlaşması demək deyildir, zira indi də yeni vərdişlər – maşınları idarə etmək vərdişləri formalaşmağa başlayır.
Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlərində əvvəlcə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qismini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb olmuşdur. Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı ke-çidlər mövcuddursa, deməli, onları əks etdirməli olan anlayışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının mahiyyəti düzgün aydınlaşdı-rılmamışdır. Vərdiş – şüur hadisəsindən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik biliklərin, konstruktor təxəyyülünün insandan kənardakı şeylərdən özgələşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.
Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki,* o da maddi olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər. Doğrudan da texnikanın hər bir sonrakı inkişaf mərhələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. Kompleks maşının strukturuna insanın bu və ya digər funksiyasını əvəz edən müxtəlif komponentlər daxil edildikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı avtomat olmaq xüsusiyyətindən getdikcə daha azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən «əlləri, qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qızıl» olması köməyə gəlmir, məhz əllər «qızıl» olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir. Digər tərəfdən də, hər bir konkret situasiya özünəməxsus cəhətlərlə fərqləndiyindən yalnız standart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndirmək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müddətdə təıtil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş ol-duğu müxtəlif səpgili əməli vərdişlər toplusu sistemi vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.
Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düşməsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəyyən proqram əsasında fəaiiyyətə cəlb olunmasını nəzərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avtomatlara – robotlara ehtiyac yaranır. Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır.
Texnikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəndi nə qədər də qusurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə istehsal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtiraların olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edilməsi və sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri ilə bağlı idi.
Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün olmuşdur. Texnikanın elmlə əlaqə xüsusiyyətlə-rinin daha dəqiq araşdırıla bilməsi üçün elm, texnika, elm texnikası anlayışlarından başqa, texniki elm, texniki bilik, elmi-texniki bilik, elmi-texniki fənn və s. bu kimi anlayışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır.
Elm texnikası həm elm, həm də texnikanın mühüm ünsürlərindən biridir. Bəs texniki elmlər hansı sistemə daxil olur? İkinci təbiətin, texniki qurğuların özünəməxsus qanunauyğunluqlarını əks etdirmək baxımından texniki elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız həmin fənnin predmeti kimi çıxış edir.
Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elmlər «süni təbiəti», nə vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir, nə vaxtsa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.
Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəsmiş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiətşünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» tədricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarışır, ilkin ziddiyyətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun strukturunda insan komponenti, mənəvi yaradıcılığın özgələşmiş, maddiləşmiş formaları və s. iştirak edir.
Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliyyətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və maddi fəaliyyətlə müəyyən aralıq vasitə sayəsində əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Texnika öz funksiyasına görə insanın təbiəti dəyişdir-məsinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da, texnika koqnitiv biliklərin də əməli nəticə verməsinə səbəb olur.
Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların icrasına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlardan istifadə vərdişləri əhatə olunur. Bu vərdişlər məhz müvafiq əməli biliklərin «avtomatlaşmış», qeyri-şüuri hala keçmiş formasıdır.
Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla təbiət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yuxarıda qeyd etdiyimiz kimi, texnika maddi komponentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan isti-fadə qaydasının texnologyanın vərdişə çevrilmiş, «maşınlaşmış», «texnikalaşmış» tərəfini də əhatə edir. Lakin bu istifadə qaydaları koqnitiv yox, əməli biliklərdir, bu biliklərin «texnikalaşmış» variantı isə bizim əvvəllər tədqiq etdiyimiz formaya, fəaliyyətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli biliklərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən primitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşəkar fəaliyyətin son həddi, final momentidir.
Burada biz əməli biliklərin bu cür mühüm həyati əhəmiyyəti üzərində geniş dayanmadan, texnikanın məhz maddi komponentin «təbii təbiətdən» fərqli və bu «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsələsinə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Texnika mükəmməlləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu maşınla «süni təbiət» prosesləri vasitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi maşınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddiləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qismən maşınlar tərəfindən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.
Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdiyindən elmi biliklər də texnikada öz əksini yalnız maddiləşmiş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisələrin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın mənafeyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır.
Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla praktika sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürəkkəbliyindən ikili funksiyasında irəli gəlir.
Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, digər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əlamətdar haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin yazır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərəcəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox aydın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil. Elm, ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir.
Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bil-mək üçün insan – təbiət münasibətində insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spesifik formalarını nəzərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi daxil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir mexanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə biruzə verir və insan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur və bunların həlli müxtəlif ictimai-iqtisadi sistemlərdə müxtəlif olur.
Elə kənar hal da təsəvvür etmək olar ki, insanın təbiətə təsiri «insan əli dəyməmiş» «saf» təbiətin özü tərəfindən həyata keçirilsin. Daha doğrusu, insan təbiətin «obyektiv məntiqini» dərk etməklə, onun müxtəlif hissələrini elə əlaqələndirə bilər ki, və ya onlar arasındakı obyektiv əlaqəni elə yönəldə bilər ki, «təbii» (ciddi yanaşdıqda, tam təbii prosesləri heç bir dəyişikliksiz nəzərdə tutulan istiqamətə yönəltmək mümkün deyil) proses insanın məqsədinə uyğun nəticə versin. Tam idealizasiya halında insanla təbiət arasındakı vasitələndirici sistemə insan komponenti daxil olmur, insan ünsürü texnikadan çıxır.
Təbiət özü həm də vasitə rolunu oynayır, insan isə istehsalçı, əməkçi deyil, yalnız istehlakçı olur. Bu halda yenə də özünəməxsus mənəvi problemlər ortaya çıxır.
Elmi-texniki tərəqqinin hüdudu varmı?
Elmin hüdudları üfüqü xatırladır:
nə qədər çox yaxınlaşırsansa, o qədər
uzağa çəkilir.
P.Buast
Elm və texnika min illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsfi etdiyi, möcüzə saydığı hadisələri elm artın həqiqətə çevirmişdir. Bəs bu gün insan elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu? Və ya o heç olmazsa nəfəsini dərmək üçün dayanmırmı? Dayanıb keçdiyi yolu tənqidi təhlil süzgəcin-dən keçirmirsə, özünü dərk etməyə təşəbüs göstərmirsə onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?
Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş naliyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə (sosializmdə – ictimai mənafeyə) uyğun olaraq planlı surətdə idarə etməyə çalışır.
Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensialın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın daha çox dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir.
Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əldə etmişdir, istehsalatın real tələbləri bu gün də elmin inkişafına ciddi təsir göstərir və bu təsirin plana uyğun surətdə tənzim edilməsi elmi idarəetmə qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün həm iqtisadiyyatın, həm də elmin inkişaf perspektivlərini qabaqcadan düzgün müəyyənləşdirmək tələb olunur. Ən yaxın gələcəkdə və nisbətən sonrakı dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük əhəmiyyət kəsb edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə almaq heç də asan məsələ deyil.
Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-hesablama maşınları və mikroprosessor texnikasının inkişafına üstünlük verilir. Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamental elmlərin müvafiq aspektlərini intensiv inkişafını nəzərdə tutur. Üstün istiqamətlərin seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata nəzərən qabaqlayıcı rol oynadığından, iqtisadi və texniki tərəqqi proqnozlaşdırılarkən elmin perspektiv imkanları əvvəlcədən nəzərə alınmalıdır. Elm isə yaradıcı sahə olduğundan burada tam dəqiq proqnoz və konkret planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə nə kimi praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü real vəziyyəti və inkişaf meylləri əsasında müəyyənləşdirilə bilər. Belə ki, fundamental elmi yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.
Fundamental elmlər tətbiqi elmlərin proqnozu üçün açar olsa da, onun özünün proqnozlaşdırılması xeyli dərəcədə çətindir. Buna görə də, fundamental elmlərin proqnozu dedikdə, mümkün olan ayrı-ayrı konkret elmi nailiyyətlərin qabaqcadan xəbər verilməsi deyil, onun inkişa fında hansı istiqamətlərin daha perspektivli olacağının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Beləliklə, istər fundamental, istərsə də tətbiqi elmlərin inkişafında üstün tədqiqat istiqamətləri, bir tərəfdən, sosial-iqtisadi tələbatın nəzərə alınması, digər tərəfdən də, elmin özünün proqnozlaşdırılması əsasında seçilir. Üstün istiqamətlər düzgün müəyyənləşdirildikdən sonra elmi potensial operativ surətdə həmin sahələrə yönəldilir. İstər elmi-tədqiqat ləvazimatı, istərsə də elmi işçi kadrları daha çox dərəcədə məhz bu sahələrdə cəmləşdirilir.
Keçmişdə də elmi və əməli fəaliyyətin müəyyən üstün istiqamətləri var idi. Lakin zaman getdikcə bu istiqamətlər dəyişir. Əvvəllər alim və sənətkarların, ixtiraçıların diqqət mərkəzində duran məsələləri bu gün arxa plana keçir.
Əməli fəaliyyət elmdən asılı olmadan, müstəqil surətdə inkişaf etdiyi vaxtlarda onun bir sıra sahələri elə yetkinlik dərəcəsinə çatmışdı və burada insanlar elə xüsusi biliklərə, vərdişlərə yiyələnmişdi ki, onlar bu gün də əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdişlərin yüksək dərəcədə inkişafı koqnitiv biliklərin məhdudluğuna baxmayaraq, mükəmməl qurğular yaratmağa imkan verirdi.
Qədim Misir ehramlarından tapılmış və b.e.ə. IV-III minilliyə aid olan bir fiqur, mütəxəssislərin fikrincə, bütün incəlikləri ilə müasir təyyarənin modelini xatırladır. Burada bütün fiziki xassələr və həndəsi nisbətlər olduqca dəqiq nəzərə alınmışdır.
Ələddinin sehrli çırağı ilə assosiasiya yaradan başqa bir qədim tapıntı qalvanik elementin, yaxud kondensatorun qədim Babil sənətkarlarına bəlli olduğunu göstərir. Hətta belə ehtimal olunur ki, lampanı yaxşı-yaxşı sürtdük-dən sonra hasil olan cin, o vaxtın adamlarını dəhşətə gətirən və lampa sahibinin qüdrətinə dəlalət edən elektrik boşalması imiş.
Bu gün kukla teatrında çox vaxt əlin köməyindən istifadə edildiyi halda, yunanlar hələ eramızdan əvvəl avtomat teatr düzəldə bilmişdilər. İskəndəriyyəli Heronun təsvirinə görə, kimsənin kənar müdaxiləsi olmadan mexaniki qurğu qədim yunan qəhrəmanlarının döyüş səhnələrini və hərəkətlərini ifa edir, barabanları səsləndirirdi. O dövrün ixtiraçıları tərəfindən düzəldilən və Heronun təsvir etdiyi qurğulardan biri – buxarın təsiri ilə fırlanan kürəvi cisim müasir buxar turbinini xatırladır. Məşəl yandırılarkən məbədin qapılarının açılması, ilk su avtomatları və Platonun dostu Tarentli Arxitasın ağacdan düzəltdiyi uçan göyərçin isə qədim dövrdə avtomatikanın yüksək inkişaf səviyyəsindən xəbər verir.
XVI-XVII əsrlərdə yaylı və kəfkirli saatların ixtira olunması sonralar android adlandırılan mexaniki adam-avtomatların düzəldilməsinə böyük təkan verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət edən Tariano qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgərlərin döyüş səhnəsini nümayiş etdirirdi. Deyilənə görə, XVII əsrdə yeni dövrün böyük filosofu R.Dekart Fransina adlı mexaniki qadın düzəltmişdi. XVIII əsrdə fransız ixtiraçısı Jak de Vakanson avtomat-eşşəyin idarə etdiyi toxucu dəzgahı qurmuşdu. Onun düzəltdiyi android-çoban isə fleytada on iki hava çala bilirmiş.
Belə misalları çox çəkmək olar. Lakin belə bir sual ortaya çıxır ki, müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bunun ehtimalı çox azdır. Bugünkü robotlar, əlbəttə, bilavasitə istehsal sahəsində faydalı əməklə məşğul olmaqla demonstrativ xarakterli əyləncə-androidlərdən üstündür. Lakin bizcə, mühəndis təxəyyülünün təkrarlanmazlığı və incə strukturu baxımından sə-ləflərin istedadı daha çox təqdirəlayiqdir.
Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində texniki yaradıcılıq üçün yeni-yeni imkanlar açıldığından və yeni keyfiyyətli təbii-elmi prinsiplər əsasında işləyən texniki qurğular yaradıldığından keçmiş texniki nailiyyətlərin sirləri tədricən unudulmuşdur. (Unudulmuş texno-logiyalar içərisində təbii dərmanların hazırlanması üsullarını və xalq təbabətinin sirlərini xüsusi qeyd etmək lazımdır).
Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən texniki tərəqqi elmdən asılı vəziyyətə düşür. Hər bir yeni elmi nailiyyətin geniş miqyaslı tətbiqi ilə əlaqədar olaraq texnika yeni keyfiyyət halına keçir və əvvəlki texnologiya, praktik biliklər və əməli vərdişlər əhəmiyyətini itirir. Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret xarakter alır. O daha vahid və bütöv bir proses kimi davam edə bilmir. Varislik itdiyindən yeni nəsil əvvəlki nəslin ixtiraçılıq məharətinə yiyələnə bilmir. Halbuki bilik və sənətkarlığın yeni nəslə ötürülməsi mədəni tərəqqisinin ən mühüm şərtlərindən biridir.
Əgər keçmişdə məhdud zehni biliklər əsasında bəzən o dövrün ümumi inkişaf səviyyəsi baxımından ağlasığmaz görünən unikal ixtiralar edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qalır. Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial və qnoseoloji sistem kimi formalaşdığı və daxili tamlığa malik bütöv, müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, nə də elmi-texniki fəaliyyət hələ sosial institut kimi formalaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin perspektivi ən çox bu sahədəki təşkilati işin səmərəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat arasındakı əlaqə də nizamlı və müntəzəm xarakter daşımayacaqdır.
* * *
Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır.
M.Delbryuk
Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun kumulyativ xarakterinin nəticəsidir. Kumulyativlik – elmi biliklərin yenisi ilə əvəz olunmayaraq üst-üstə toplanması deməkdir. Müasir elmşünaslıq elmi inkişaf qanunauyğunluğunun daha mürəkkəb xarakterə malik olduğunu aşkar etsə də, hər halda bu xassə elmin mühüm səciyyələrindən biri olaraq qalmaqdadır.
Elmin spesifikasından söhbətlər gedərkən o, bir qayda olaraq, fəlsəfə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman kumulyativlik xassəsi elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xüsusiyyət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyutona nisbətən daha çox məlumata malikdir. Sıravi elmi işi, aspirant A.Eynşteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Bethovendən və ya Ü.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki qanunauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar İntibah dövrü rəssamlarından daha da yaxşı çəkə bilsə idilər Rafaelin, Leonardo da-Vinçinin, Mikelancelonun əsərlərinin qiyməti günü-gündən daha da artardırmı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən bir addım qabağa getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə kərpic də əlavə etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid poeziya binasından, vahid musiqi abidəsindən danışmaq mümkündürmü? Xeyr. Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzərinə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sənət maşınının vintinə çevrilsə, öz bütövlüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.
Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir yeni nəslin nümayəndəsi əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriyyədən də, təcrübədən də məlumdur ki, belə bir qəti hökm səhvdir. Bəs onda əxlaqda, incəsənətdə və s. tərəqqi yoxdurmu? Tərəqqi var, o kumulyativ yolla və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra gələn əvvəlkini yaratdığının üzərində deyil, onunla yanaşı başqa əsərlər yaradır, özünəməxsus mənəvi aləmə, əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər yalnız həmin dövrün ümumi ahəngindən deyil, həm də real həyat tərzindən, konkret ictimai-iqtisadi mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəqqisində nisbi tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, elm binası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtəbələr əlavə olunur. Ümumi bir yüksəliş var və hər bir ölkənin məqsədi bu yürüşdən geri qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.
Əlbəttə, biz bununla elmin inkişaf yolunun mürəkkəbliyini, burada da böhranların və inqilabların labüdlüyünü inkar etmək istəmirik. Əsas məqsəd, təfərrüatlara varmadan, yekun inkişafın vahid istiqamətini və müntəzəm xarakterini göstərməkdir.
Lakin doğrudanmı elmi tərəqqinin həddi-hüdudu yoxdur? Bəs bu prosesin məhdudlaşdırılmasına yönəldil-miş amillər necə?
Belə amillər var və o dərəcədə ciddi amillərdir ki, bir sıra tədqiqatçılar elmin son həddindən, onun inkişafında «doyma» halından, elmi potensialın tükənməsindən söhbət açırlar. Doğrudan da əgər elmi informasiya həddindən artıq çoxalırsa, insanın intellektual imkanı əsasən yerində saydığı halda, elm gündən-günə mürəkkəbləşirsə belə söhbətlər tamamilə təbiidir.
Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə ortaya çıxmamışdır. Bu haqda əvvəllər də danışılmışdır. Məsələn, XIX əsrdə mexnikanın sürətli inkişafından sonra durğunluq yarandığı və mexanisizmin elmi düşüncə tərzinə hakim kəsildiyi bir şəraitdə bundan sonra elmin yenə inkişaf etməsi imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu isə göstərdi ki, burada hər bir böhran həddindən sonra dünyanın yeni elmi mənzərəsinə, yeni təfəkkür tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və s. Lakin müasir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial amillərin təhlili nəticəsində ya-ranır. Məsələn, elmin müasir inkişafı elmi işçilərin sayının sürətlə artması ilə müşaiyət olunur. Bu sürət yer kürəsində adamların sayının artma sürətindən qat-qat böyükdür. Deməli, bu hal müntəzəm davam edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə məşğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına təmin ediləcəkdir?
Bu cür dəlillərə istinad edən tədqiqatçılar unudurlar ki, elmi işçilərin sayının artması elmin inkişafını təmin edən yeganə amil deyil. Bu gün elmin tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xəttindən intensiv inkişaf xəttinə keçildiyi kimi, elmin öz inkişafında da intensiv xəttə keçid təmin edilərsə, elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnformasiya tutumunun məhdudluğuna gəlincə, burada elektron-hesablama maşınlarının yaddaşı insanın köməyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol açır.
Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sürətli inkişafına mane ola biləcək heç bir şübhəli qaraltı görünmür. Hətta texniki tərəqqi sahəsində, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir sıra prinsipial çətinliklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır.
Lakin elmin inkişaf imkanları şübhə doğurmadığı halda, bu inkişafın həmişə məhz müsbət nəticələrə gətirəcəyini hökm etmək mümkün deyil. Təsadüfi deyil ki, yeni elmi nailiyyətlərin tətbiqi, ikinci təbiətin yaradılması sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və bunun bəşəriyyət üçün böyük təhlükəsi yalnız müasir dövrdə aşkar edilmişdir. İnsan təbiəti dəyişdirərkən milyon illər ərzində formalaşmış olan təbii ahəngi, qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət, bunun müqabilində, qisas aldığı vaxt ayrılmış və səhvlərini düzəltməyə başlamışdır. Lakin bu gün qlobal miqyas kəsb edən və olduqca təhlükəli xarakter alan ekoloji problemi uğurla həll etmək insana müyəssər olacaqmı?
Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz nailiyyətləri sayəsində həll edəcəyinə böyük inam bəsləyir. Elm doğrudan da, bu problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.
Elmi-texniki tərəqqi hara aparır?
Qalib gələcəkmi cahanda kamal?
S.Vurğun
İnsan gələcək haqqında düşünərkən elmi-texniki tə-rəqqiyə böyük ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara aparır?
Elementar məntiqi təhlil göstərir ki, əgər elmi-texniki tərəqqi insanı aparırsa, son nəticədə qaranlığa aparacaq. Çünki yüz dəfə işığa doğru getmək hələ bir dəfə qaranlığa getmək ehtimalını aradan qaldırmır. Yüz gün meşədə gəzmək hələ o demək deyil ki, bir gün qurda rast gəlməyəcəksən. Lakin rast gəldikdə daha gec olur. Qaranlıq dünyaya gedən yol da əbədidir, oradan geriyə yol yoxdur.
Bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsi haqqında nə düşündüyünü soruşurlar. O isə üçüncü dünya müharibəsi haqqında heç nə deməyərək, dördüncü dünya müharibəsinin ox və kamanla olacağını söyləyir. Lakin A.Eynşteynin bu ehtimalı hərbi texnikanın 40 il bundan əvvəlki səviyyəsi üçün doğru sayıla bilər. Müasir dövrdə dağıdıcı və kimyəvi qırğın silahlarının gücü elə bir həddə çatmışdır ki, müharibədən sonra harada isə Afrika cəngəlliklərində adamlar qalacağına və bəşəriyyətin keçdiyi bütün tarixi yolun təzədən təkrar olunacağına da ümid yoxdur. Qarşıda Yer üzərində həyatın ümumiyyətlə qalıb-qalmaması məsələsi durur.
Nüvə müharibəsi təhlükəsi bir yana dursun, ətraf mühitin tədricən, lakin müntəzəm surətdə zəhərlənməsi toplanıb gözlənilmədən elə bir həddə çata bilər ki, elə yeni keyfiyyət halı yaranar ki, insan "ha" eləyib çıxış yolu düşünənə qədər, öz nəhəng elm maşınının səmtini dəyişənə qədər artıq gec olar.
Şər deməsən xeyir gəlməz, – deyiblər. Biz də şər ehtimalını nəzərə almaqdan çəkinmirik. Lakin şər o vaxt labüddür ki, insan elmi-texniki tərəqqini deyil, elmi-texniki tərəqqi insanı aparır.
Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna nikbin yanaşırıq. Lakin bir şərtlə ki, elmi-texniki tərəqqi son məqsədə çevrilməsin və insan öz ixtiyarını elmin, texnikanın əlinə verməsin. Əksinə, elmi də, texnikanı da çilovlayaraq onlardan yüksək bəşəri ideallara çatmaq üçün bir vasitə kimi istifadə etsin.
Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür əsasında, zəka işığında yol açmalıdır. Sual oluna bilər ki, məgər zəka elmdən kənar bir şeydirmi? Xeyr, zəka, heç şübhəsiz, elmlə də bağlıdır. Lakin təkcə elmlə yox, həm də əxlaq və incəsənətlə, insanın min illərdən bəri formalaşmış olan mənəvi idealları ilə, humanist fəlsəfi fikirlə və nəhayət, onun ən ali metodu olan dialektika ilə bağlıdır. Zəka - bütün bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür adlandırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük mənasında kamal deməkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə elmi-texniki tərəqqinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir.
Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsəfədən hələ tamamilə ayrılmamışdı. Ona görə də, bütün biliklərin mərkəzində, istər aşkar, istərsə də qeyri-aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin meyarı idi.
Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəlsəfə və ilahiyyat ilə daha çox bağlandı və nəticədə elmin ayağı yerdən üzülmüş oldu. Bu dövrdə elmin humanitarlaşması onun təbii zəmindən ayrılması ilə nəticələndi.
İntibah dövründə praktik biliklər də qanad açıb uçmağa başladı və "səmada" orta əsr Şərq elminə qovuşdu. Bu vüsal elmin vəznini artırdı və o, tədricən yerə enməyə başladı.
Yeni dövrdə (kapitalizm çəmiyyətində) F.Bekonun dediyi kimi, "elmin qanadlarına qurğuşun bağlandı" və o, tamamilə Yerə enərək praktik fəaliyyətin vasitəsinə çevrildi. Elmi tədqiqatların istiqaməti texniki tələblərə uyğunlaşdırıldı və tədricən vahid elmi-texniki proses formalaşmağa başladı. Elmin texnika ilə daha çox əlaqələnməsi və riyaziləşməsi onu ilkin sinkretik başlanğıcdan daha da uzaqlaşdırdı. Elmin insana yadlığı özünü getdikcə daha çox büruzə verməyə başladı. Rasionalizm və texnisizm meyllərinin təzyiqi ilə elmdə humanitar çalarlar solğunlaşdı və elmdən insana qarşı, onun emosional və əxlaqi-mənəvi ideallarına qarşı istifadə edilməsi ehtimalı artdı. Elmin insan mənəvi ahəngindən kənara çıxaraq onunla ziddiyyətə girməsi Qərb sivilizasiyasının süqutunun təməlini qoydu.
Bu gün ABŞ-ın ulduz müharibələrinə hazırlıq sahəsindəki texniki tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin nəzarətinə əsaslanır ki, bu da insanın özünü elmi-texniki tərəqqinin ixtiyarına verməsi deməkdir. Elmi-texniki tərəqqinin insanın hara apara biləcəyini isə biz artıq yuxarıda izah etmişik. Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqipərvər qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas etmək bu gün dünya sosializm sisteminin tarixi vəzifələrindən birinə çevrilmişdir.
Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mühüm səbəblərdən biri məhz elmi-texniki tərəqqidə insan amilinin ön plana çəkilməsinə, onun humanistləşdirilməsinə, elmin hərbi sənayeyə və ümumiyyətlə, istehsala tətbiqinin mənəvi meyar süzgəcindən keçirilməsinə olan ehtiyacdır. Ona görə də, ölkəmizdə yenidəqurmanın həyata keçirilməsi bir tərəfdən elmi-texniki tərəqqinin sürətləndirilməsini və onun praktik tətbiqinin intensivləşdirilməsini tələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun istiqamətinin insanın yüksək mənəvi ideallarına tabe edilməsini nəzərdə tutur.
Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, yoxsa mənfi nəticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasibət, xüsusən iki kənar möv-qedən münasibət ictimai fikir tarixində dərin köklərə malikdir. Hələ XVIII əsrdə Volterlə Russo arasındakı mübahisələr həmin məsələyə əks münasibətlərin klassik nümunəsi sayıla bilər. Sonralar burjua fəlsəfəsində dərin kök salmış fəlsəfi cərəyanlardan pozitivizm və ekzistensializm arasındakı başlıca fərqlərdən biri də məhz onların elmə münasibətdə bir-birinə əks olan kənar mövqelər tutmalarıdır.
"Elmi tərənnüm edən" pozitivizm insanın mənəvi fəaliyyətin digər sahələrinə etinasızlıq göstərdiyi kimi, "incəsənəti tərənnüm edən" ekzistensializm də elmə yalnız onun törətdiyi mənfi nəticələr prizmasından baxır. Elmə bu cür təzadlı münasibət müasir dövrdə ssientizm və antissientizm kimi bir-birinə əks cərəyanların mövqeyində daha aşkar surətdə üzə çıxır.
Elmin, elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca müasir dövrün burjua futuroloqları da daha çox dərəcədə bir-birinə əks olan iki cəbhəyə ayrılırlar. Əgər ssientist futuroloqlar üçün elmi fetişləşdirmək, onun nailiyyətlərini həddindən artıq şişirdərək bütün ictimai bəlaları elmlə müalicə etmək ideyası səciyyəvidirsə, antissientist futuroloqlar müasir burjua cəmiyyətinin bütün uğursuzluqlarını elmlə bağlamağa, elmin bəşəriyyət üçün böyük fəlakətlər mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini göstərməyə çalışırlar.
Texnikaya və onun sosial nəticələrinə münasibət baxımından da burjua fəlsəfi konsepsiyaları bir-birinə əks olan mövqelərə bölünərək texnisizm və antitexnisizm mövqelərindən çıxış edirlər. Lakin ilk baxışda bir-birinə zidd olan bu cür kənar mövqelər əslində eyni məqsədə xidmət edir, müasir kapitalizm cəmiyyətinin sosial ziddiyyətlərini pərdələmək niyyətini güdür. Belə ki, antissientizm və antitexnisizm mövqeləri kapitalizm cəmiyyətinin bütün uğursuzluqlarının təqsirini elm və texnikanın üzərinə atmaqla daxili sosial ziddiyyətləri gizlətməyə çalışır.
Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texnoloji determinizm, postindustrializm və s.) isə elm və texnikanın inkişafına kapitalist ölkələrini böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə çıxır ki, elm və texnikanın yüksək inkişaf səviyyəsi hətta daxili sosial ziddiyətləri də aradan qaldırmaq imkanına malikdir. Bununla da, elmi-texniki tərəqqi ictimai inkişafın vasitəsi yox, məqsədi kimi, bütün sosial ziddiyyətləri həll edən sehrli çubuq kimi qələmə verilir.
Əslində isə elmə xilaskar kimi baxmaq, ondan səadət ummaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Hər şey onun qabaqcadan insan tərəfindən necə proqramlaşdırılmasından asılıdır.
Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inkişafı və tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın əsrlər boyu arzusunda olduğu süni vasitələr indi real həyat həqiqətlərinə çevrilir. Göygöz Kosanın sehrli çubuğunu da, Həkim babanın qadir kəmərini və ecazkar suyunu da bu gün elm yaradır. Lakin elmin qüdrəti onun kimin əlində olmasından asılıdır. Həkim babanın əlində o, daşı əridir və çiçəkləndirir, Göygöz Kosanın əlində isə adamı daşa çevirir.
Elm çırağını yandıran kimi, ağ qoçla yanaşı qara qoç da nazil olur. Zümrüd quşunun dediyi kimi, gərək çalışıb ağ qoça minəsən. Çünki ağ qoç işıqlı dünyaya aparır - atom elektrik stansiyası neçə-neçə evə işıq gətirdiyi kimi; qara qoç isə qaranlıq dünyaya aparır - atom bombası Xirosima əhalisini əbədi zülmətə qərq etdiyi kimi. Lakin Zümrüd quşu unutmuşdu desin ki, ağ qoça minmək hələ azdır. Çalış büdrəmə, azca büdrəsən ağ qoç səni yenə də qara qoçun üstünə atacaq – «Çelencer»-dəki və Çernobıldakı məsuliyyətsizliklərin nəticəsi kimi.
Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt işıqlı sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil paradiqması dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan hansı məqsədlər üçün istifadə ediləcəyi bu gün təhsilin məzmununda texniki və humanitar aspektlərin tarazlaşdırıla bilməsindən asılıdır.
***
İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək - onun mənəvi imkanlarını artırmaqdır.
Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır.
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır.
Mündəricat
- -
Dostları ilə paylaş: |