Elman Cəfərli Təbriz Ağayev


NƏSİR BƏYİN SİYASİ PORTRETİNƏ DAHA BİR NEÇƏ ŞTRİX



Yüklə 1,47 Mb.
səhifə11/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7196
1   2   3   4   5   6   7   8   9   10   11
NƏSİR BƏYİN SİYASİ PORTRETİNƏ DAHA BİR NEÇƏ ŞTRİX
Nəsir Ağayevin Milli Azadlıq Hərəkatından sonrakı, yəni 1993-1994 – cü illərdəki mövqeyinə və fəaliyyətinə gəlincə, bu barədə məlumatı onun “Xalq Cəbhəsi” qəzetinin 4 oktyabr 2002 – ci il tarixli müsahibəsindən almaq mümkündür. Həmin müsahibə zamanı müxbirin eyhamla söylədiyi “Sizin 1993-1994 – cü illərdə iqtidara yaxınlaşdığınz bildirilir” sözlərinə qarşılıq olaraq Nəsir bəy belə demişdi:

“Mən iqtidara yox, dövlətçiliyə yaxınlaşdım. Məni milli dövlətçilik maraqlandırırdı. İqtidara həmişə onlar yaxınlaşmağa cəhd göstəriblər. Əminəm ki, iqtidarın hər hansı bir naziri onlara nəsə təklif etsə, Vətən, millət adından danışanlar şəxsiyyətini, namusunu, qeyrətini Dubaya gedən qadınlardan da tez itirə bilərlər.

Mən o vaxt iqtidarı dövlətçiliyə görə dəstəkləmişəm. 1993-1994 – cü illərdə məlum hadisələr baş verəndə, Surət Hüseynovun qiyamı olanda dövlət strukturları, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Milli Təhlükəsizlik nazirinin Milli Məclisdə çıxış edib faliyyətsizliyini etiraf etməsi məni dəhşətə gətirmişdi. Müdafiə naziri də qoşunun ona tabe olmadığını bildirdi, Rövşən Cavadov da əhalinin 90 faizinin iqtidarı istəmədiyini söylədi. Belə olandan sonra – güc nazirlikləri vəziyyəti xalqa açıqlayandan sonra hans siyasi təşkilat onların rolunu ifa edə bilərdi?”

Nəsir Ağayevin sözlərinə görə, o dövrdə o, xüsusi idarənin bir əməkdaşı ilə birlikdə Gəncəyə yola düşmüdü. Çünki Gəncədə vətəndaş qırğını törətmək planlaşdırılmışdı:

“Mən Gəncədə Hacı Vaqifin yanında oldum, ona dedim ki, Bakıda Surət Hüseynovun və sizin adınzdan nömrəsiz maşınlar müəyyən qarətlərlə məşğul olduğunu bildiriblər. Sən buna necə baxırsan? Axı, biz dövlətçiliyimizi itirə bilərik? Adamları itirsək, buna bir təhər dözmək olar. Müstəqil dövlətimizin itirilməsi isə yolverilməzdir. Xaosdan Rusiyann xüsusi xidmət orqanları istifadə edə bilər. Hacı Vaqif mənə dedi ki, bu ola bilməz. Eyni zamanda bildirdi ki, Zobik Gəncədə özbaşınalq edir, onu cəzalandıracağam. Sonra Hacı Vaqif mənə İcra Hakimiyyəti binasınn qarşısnda keçirilən mitinqdə iştirak etməyi təklif etdi. Mən bildirdim ki, təcili Bakıya qayıtmalıyam. İH başçısı məni əmin etdi ki, haqq naminə iş görəcəklər. Lakin çox çəkmədi ki, ya iyunun 21-də, ya da 22-də Gəncənin İH başçısı öz iş otağında qətlə yetirildi. Bu müəmmalı qətl bu günə qədər tariximizə ləkə olaraq qalır.

Mən Bakya qayıtdım və adamlara göstəriş verdim ki, Surət Hüseynovun adından qarətçilik edən şəxslər tutularaq yanıma gətirilsin”.

Məlum olduğu kimi, həmin dövrdə Azərbaycan gerçəkdən də xaosa sürüklənmişdi və dövlətçiliyimizin, müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı və məsələ təkcə Surət Hüseynovun başında durduğu qiyamla bağlı deyildi. Eyni zamanda Əlikram Hümbətovun başçılığı ilə ölkəmizin cənubunda talış separatizmi baş qaldırmaqda idi. Ölkənin şimalnda isə “Sadval” təşkilatı ləzgiləri azərbaycanlılara qarşı qaldırmaq üçün əlindən gələni əsirgəmirdi. Dövlət strukturları tam iflic vəziyyətinə düşmüşdü. Bütün bunlarn fonunda torpaqlarımızı itirə-itirə gedirdik.

Nəsir bəyin fikrincə, yaranmış vəziyyətin obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv səbəblər o idi ki, müstəqil Azərbaycan dövlətinin yaranmasında qətiyyən maraqlı olmayan, bu üzdən də gənc dövlətimizin qarşısında əlindən gələn problemləri yaratmağa çalışan Rusiya və İran kimi dövlətlər destruktiv əməllərinə ara vermir, yaranmış vəziyyətdən istifadə edən Ermənistan da adı çəkilən dövlətlərin dəstəyinə arxalanaraq, Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirmək istəyirdi. Subyektiv səbəb isə o idi ki, hərəkatçılardan heç birinin dövlətçilik və idarəçilik təcrübəsi yox idi. Bununla belə onların hər biri hakimiyyət strukturlarında yer tutmağa çalışırdılar. Deyilənlərə AXC-Müsavat iqtidarının yerlərdə olan məmurlarının yarıtmaz siyasətini də əlavə etmək lazımdır. O bu barədə tənqidi fikir və iradlarını dəfələrlə həm prezident Əbülfəz Elçibəyə, baş nazir Pənah Hüseynə, həm də parlamentin spikeri İsa Qəmbərə bildirsə də, eyni zamanda, BKB – nin 3 illiyinə həsr edilən və 1993-cü ilin yanvar ayınn 13-də Yazıçılar Birliyinin Şüvəlandakı istirahət evində keçirilən toplantısında iqtidarın kadr siyasətini kəskin şəkildə tənqid etsə də, ona qulaq asan olmamışdı.

1992-ci ildə keçirilən Nəsir bəyin rəhbərliyi ilə keçirilən Böyük Xalq Qurultayı da ölkədə baş verən neqativ prosesləri önləmək, cəmiyyəti duyuq salmaqdan ötrü idi. Nəsir bəy o günləri belə xatırlayır: “Böyük Xalq Qurultayının təşəbbüskarı o dövrdə tələbə-gənclərin yaratdığı Gənc Azərbaycan Partiyası idi. Mənə müraciət etdilər. Mən də razılıq verdim. Çünki Azərbaycanın çətinlikdən çıxması üçün atılan hər bir addım mənim diqqətimdə idi. BXQ-nın sədrliyini mənə tapşırdılar. Azərbaycanın nüfuz sahiblərinin əksəriyyətinə dəvətnamə göndərdim. Generalları, admiralları, iqtidar və müxalifət liderlərinin hamısını dəvət etmişdim. Xalq qurultayının əsas məqsədi Azərbaycanın daxili və xarici siyasətini gücləndirmək və milli təhlükəsizlik proqramını hazırlamaq idi. Milli təhlükəsizlik proqramına daxil idi: Xarici və daxili siyasətin tənzimlənməsi, iqtisadiyyat, səhiyyə, ərzaq sahəsində də millətin təhlükəsizliyinin təmini. Lakin qurultayın gedişində müxtəlif partiyaların ambisiyaları BXQ-nən məqsədinə yetişməsinə mane oldu. Böyük Xalq Qurultayının ən böyük problemini bu tədbirə dəvət olunan partiyaların özlərini yaratmışdı. Hakimiyyət uğrunda mübarizə dövləti də, dövlətçiliyi də məhv edir. Bunlar tamamilə bu ideyada olmadıqların göstərdilər. Belə olan halda Təşkilat Komitəsinin sədri olaraq qurultayın sənədlərini yerinə yetirilməsi mümkün olmadığı üçün özümdə saxladım”.

Nəsir bəy həmin dövrdən danışarkən, həmişə Ali Sovetdə Gəncə qiyam ilə bağlı müzakirələri təəssüf hissi ilə yad edir, həmin gün parlamentdən səslənən fikirləri xatırlayarkən, çox əsəbiləşir:

“...Müdafiə naziri bildirdi ki, qiyamı yatırtmaq üçün göndərilən vertolyotlar və hərbi dəstələr Surətin tərəfinə keçiblər. Daxili işlər nazirinin birinci müavini Rövşən Cavadov isə prezident Əbülfəz Elçibəyin üzünə dedi ki, əhalinin 95 faizi onu istəmir, onun əleyhinədir”.

Həmin dövrdə bir çoxları belə düşünürdü ki, ölkəni yaranmış vəziyyətdən yalnız zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev xilas edə bilər. Hərəkatçıların bir qismi tərəddüd edir, digərləri isə Heydər Əliyevin adını belə eşitmək istəmirdilər.

İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O bu vəzifəyə seçilər-seçilməz, həm özü, həm də tərəfdarları isctimai-siyasi proseslərə bu və ya digər dərəcədə təsir etmək iqtidarında olan hərəkat liderləri ilə əlaqaələr qurmaq, onlarla müzakirələr aparmaq və onların dəstəyini qazanmaq istiqamətində fəaliyyətə başladılar.

Məlum olduğu kimi Ali Sovetin binasında Heydər Əliyevlə Nəsir Ağayev arasında üz-üzə görüş oldu. Görüşdə Rafael Allahverdiyev də iştirak edirdi. Vəziyyət müzakirə olundu. Nəsir bəy fikir və düşüncələrini söylədi. Sonda Heydər Əliyev Nəsir Ağayevdən şəxsən onun üçün nə edəcəyini soruşdu. Nəsir bəy isə 7 milyon xalq üçün nə edəcəksə, onun üçün də həmin şeyin edilməsinin yetərli olduğunu və şəxsi mənafelərini güdmədiyini bildirdi.

Bu görüşdən sonra sükanın etibarlı əllərdə olduğuna əmin olan Nəsir Ağayev siyasi fəaliyyətdən uzaqlaşmağa qərar verdi. Onun əsas məqsədi Azərbaycanın müstəqil dövlət olması idi, bu məqsədinə də yetişmişdi. Yəni müssiyasını tamamlamışdı. İndi müsəqilliyimizi və dövlətçiliyimizi qoruyub saxlamaq əm ümdə məsələ idi. Bunun üçün isə Heydər Əliyevə dəstək vermək və ya ən azı ona mane olmamaq lazım idi.

Çox təəssüflər olsun ki, hərəkatçıların bir çoxu buna başa düşmədilər və ya düşmək istəmədilər. Onlar müxalifətə keçərək, radikal mövqe tutdular və özləri kimi düşünməyənləri isə xain elan etdilər. Bu yanlış mövqedən Nəsir bəy də nəsibini aldı. Fəqət o, fikrində qəti idi. Üzərinə Tanrı tərəfindən qoyulmuş möhtəşəm missiya artq tamamlanmışdı.

Böyük siyasətdən çəkilmək heç də aktiv ictimai həyatdan uzaqlaşmaq demək deyildi. Odur ki, Nəsir Ağayev sonrakı illərdə də geniş ictimai fəaliyyətlə məşğul oldu. “Boz Oğuz” nəşriyyatnı təsis edərək, həmin nəşriyyatda “Abşeron meyxanaları” adlı kitab buraxdrdı. Eyni zamanda Ağabala Əliyevin ana dilimizdə musiqi məktəbləri üçün yazdığı “Solfedjio” kitabının nəşrinə yardım etdi. “Vəhdət” qəzetini təsis edərərək, gənc qələm sahiblərinin öz istedadlarını nümayiş etdirə bilmələri üçün şərait yaratdı. Bir neçə imkansız ailələnin uşaqlarının təmənnasız olaraq, sünnət edilməsini, eləcə də bir neçə imkansz gəncin toy məclisinin keçirilməsini təşkil etdi. Buzovnada Məşhədi Azərin tuncdan heykəlinin qoyulmasının təşəbbüskarı kimi çıxış etdi. “Xəzri” futbol komandasının meydana gəlməsində də onun xidmətləri olmuşdur. Rusiyada ermənilər tərəfindən şərlənərək istintaq cəlb edilən Fərhad adlı bir gəncin Rusiya hüquq-mühafizə orqanlarına verilməsini əngəlləmək kimi daha bir xeyirxah missiyanı üzərinə götürən Nəsib bəyin ictimai fəaliyyəti sadalanmaqla bitən deyil.

Nəsir bəyin öz sözlərinə istinadən onun ictimai - siyasi portretini tamamladıqdan çızmış olduğumuz portretə yeni rənglər əlavə etdikdən sonra maraqlı bir tablonun yarandığını söyləyə bilərik. Fəqət bu tabloya daha bir neçə ştrix də əlavə etməyə, Nəsir Ağayevin mənəvi dünyasını bir qədər başqa rakursdan nümayiş etdirməyə ehtiyac var. Bunu etmək üçün isə bizə vaxtı ilə bu böyük şəxsiyyətin müxtəlif qəzetlərə vermiş olduğu müsahibələr, etdiyi müraciətlər yardımçı ola bilər. Məhz bu materiallar onun daxili aləmini fərqli bucaqdan nümayiş etdirir.

Konkret misallara keçək.

“Olaylar” qəzeti, 5 oktyabr 2007-ci il, № 181 (1755).

Qəzetin müxbiri Məlahət Həsənli Nəsir bəyə belə bir sualla müraciət edir:

“Putin hökuməti yüzlərlə xalqın yaşadığı, 16 muxtar respublikanın mövcud olduğu Rusiyada unitar dövlət qurmaq istəyir. Sizcə bu cəhdlər fayda verəcəkmi?”

Ümumiyyətlə bu siyasətin tarixi nöqteyi-nəzərdən düzgün olmadığnı söyləyən Nəsir Ağayev sualın cavabında bildirmişdir ki, bütün dövlətlərin yaranmasının tarixi, ictimai və siyasi kökləri olmalıdır:

“O köklər yarandıqdan sonra həmin dövlət meydana çıxır. Rusiyann tarixinə nəzər salsaq, bu ölkənin uzaq tarixində nə qədər paradoksal hadisələrin şahidi olarıq. Belə ki, lX əsrin ortalarında Kiyev Rus dövləti elan olundu. Rusiya öz əsasını bu dövlətdən götürdü. Lakin tarixin başqa mərhələlərində başqa hadisələr baş verdi. Rusiya özgə torpaqları hesabına genişləndi.”

Daha sonra slavyan mənşəli rus dövlətinin türk – tatar xanlıqlarını (Kazan, Krım, Həştərxan, Sibir və s.) bir-bir işğal etməsinin tarixlərindən söhbət açan Nəsir bəy qeyd etmişdir ki, bugünkü Rusiyanın əksər hissəsini tarixi türk torpaqları təşkil edir və bu ölkədəki türk izlərini bütünlüklə silmək mümkün deyildir.

Müxbirin növbəti sualı belə idi:

“Tarixən Rusiyanı türk xalqları qoruyub. Bu gün ruslar türklərin əməyini niyə itirir və onları niyə öz torpaqlarından sıxışdırır?”

Cavab:


“Çünki dünyanın qlobal siyasətində islama, türkçülüyə böyük təhlükə kimi yanaşırlar. Xristian dünyası geostrateji baxımdan optimal islama təhlükəli qüvvə kimi baxır. Onlar yaxşı bilirlər ki, Kamçatkadan Avropaya qədər əraziləri əhatə edən və dünyanın 3 qitəsində tarixən mövcud olan bir imperiya qurmuş türk xalqı bu gün hələ də dünyanın sayılıb-seçilən xalqlarından biri ola bilər”.

Nəsir bəyin fikrincə, xristianlar türklərin birləşməyə nə qədər çox meylli olduğunu və bu baxımdan hansı potensiala sahib olduqlarını yaxşı bildiklərindən bunun baş verməməsi üçün əllərindən gələni edirlər və bu gün də etməkdədirlər.

“Bəs, Rusiya ilə ABŞ-ı yaxınlaşdıran nədir? Rusiya ilə Fransanı yaxınlaşdıran nədir? Xüsusən də Rusiya ilə İranı yaxınlaşdıran nədir?” sualını ortaya qoyan və səbəbin anti-türk siyasətində olduğunu diqqətə çatdıran Nəsir Ağayev daha sonra tarixdən bir neçə örnək gətirərərk bildirmişdir ki, bütün bunları açıqlamaqda məqsədi Rusiyada unitar dövlətin yaradılmasının puç və mənasız olduğunu anlatmaqdır:

“...Bunun heç bir kökü yoxdur. Əslinə qalanda, Rusiyanın adı ilk dəfə 1147 –ci il tarixli bir salnamədə çəkilib. Özü də bir şəhər kimi yox, 6-7 taxta evdən ibarət bir qəsəbə kimi. Yalnız türklərin ora yürüşündən sonra... daş evlər tikilib. Taxta ev mədəniyyətinə malik olan slavyanlar türklərə minnətdar olmalıdır ki, onları daş evlərin tikilmsinə məcbur ediblər”.

Nəsir bəyin sözlərinə görə, Rusiya başqa xalqları əritməyə çalşmamalı, özü öz içindən bütünləşməlidir. Bu xəttin əsasını Soljenitsin qoyub:

“O zaman o, Rusiya hökumətinə, xüsusilə Boris Yeltsinə məsləhət vermişdi ki, başqa xalqları heç bir vəchlə Rusiyaya cəlb etməyin. Təmiz Rusiya olmalıdır. Burada zorakılıq lazım deyil. Zorakılıq əks-təsir yarada bilər”.

Müxbirin sonuncu sualı da, ona verilən cavab da çox maraqlıdır. Sual belə qoyulmuşdu:

“Deyirlər ki, rus xalqı “sürətlə azalan millətlər” siyahısına düşüb. Hətta Putin bildirib ki, hər il bir milyon rus məhv olur. Bu gediş Rusiyanı hara aparır?”

Cavab belə idi:

“Bir milyon rusun ölümü...

Bu gediş Rusiyanı yeniləşməyə aparmalıdır. Bu yeniləşmə Rusiyann unitar dövlət elan edilməsi ilə nəticələnə bilməz. Belə bir addım əhalisi sürətlə qocalmaqda olan Rusiyanın məhvini daha da tezləşdirər. Rusiya cavanlaşmalı, özünə qayıtmalıdır. Rusiya öz mədəniyyətini tapmalıdır, özgə mədəniyyətinə söykənməməlidir”.

Əgər yuxarıdakı müsahibəsində Nəsir bəyin Rusiya ilə bağlı fikirləri yer almışdısa, “Həftə içi” qəzetinin 5 iyul 2007 – ci il tarixli nömrəsində dərc edilmiş nömrəsində onun ölkədaxili məsələlərə, xüsusən də iqtidar-müxalifət münasibətləri yer almaqda idi. Onun həmin müsahibəsində söylədiyi bəzi fikirləri gözdən keçirək:

“Ümummilli məsələlər deyəndə mən Qarabağ problemi ilə yanaşı, həm də Azərbaycan təbiətinin pozulmasını, paytaxtımızın istər ekologiyasının, istrsə də demoqrafik vəziyyətinin faciəvi şəkildə dəyişməsini nəzərdə tuturam.”

“Müxalifətin qarşısına qoyduğu məqsəd onun bir araya gəlməsinə ən böyük maneədir. Bu məqsəd ayrı-ayrılıqda hər birinin idarəçiliyin ən yüksək zirvəsində yer tutmaq istəməsi şəklində ifadə edilə bilər”.

“Hər bir partiya ortaq məxrəcə gəlmək əvəzinə öz mövqeyini ortaya qoymağa üstünlük verir. Məsələn, biri Qarabağ məsələsinin həllini Zəngəzurun ələ keçirilməsi və İrəvana doğru yürüşün edilməsində görür, digəri bakı ilə Təbrizin birləşməsini əsas götürür. Bütün bunlar dövlət maraqlarından yan keçərək baş verir”.

Sözügedən müsahibədəki ən maraqlı fikirlərdən biri müxbirin millətə hakim olan vətənpərvərlik hissinin səviyyəsi ilə bağlı sualın cavablandırılması zamanı səslənib. Nəsir bəy Milli Azadlıq Hərəkat illərinə işarə edərək deyir:

“Onda kütlənin vətənpərvərlik hissinə qarşı heç bir lider dayana bilməzdi. Sadəcə, liderlərə qulaq asan kütlənin vətənpərvərliyi daha coşğun idi. Çünki kütlə nəyi tələb edirdisə, lider də o istiqamətdə fəaliyyət göstərirdi. Ancaq müəyyən dövrdə, inam sarsılanda, ümidlər reallaşmayanda, istəklər gerçəkləşməyəndə kütlənin fəallığı azalır və vətənpərvərliyi aşağı düşür. Çünki vətənpərvərlik təmtəraqla, dəbdəbə, əylncə ilə bir araya sığa bilməz. Bu gün həmin dəbdəbə hökm sürür. Liderlərə inam da əvvəlki kimi deyil.”

Nəsir Ağayevin “Olaylar” qəzetinin 30 dekabr 2010-cu il tarixli nömrəsində dərc edilmiş müsahibəsi isə Türk dünyasının inteqrasiyası məsələlərinə həsr edilmişdir. Bu müsahibəsində Türk dünyasının birliyini tarixin diktəsi adlandıran Nəsir bəy eyni zamanda hazırda Türk dünyasının birliyi qarşısında duran əsas maneələrdən də söz açmaqda, bu maneələr içərisində xristian dünyasının mkrli siyasətini göstərməkdədir. O, 1402 – ci ildə Əmir Teymurla İldırım Bəyazid arasında baş vermiş müharibənin Avropada doğurduğu əks-sədadan söz açaraq Roma papasınn sözlərini xatırlatmışdr. O zaman papa Romada bəyan etmişdi ki, Avropa xilas olundu. Eyni zamanda Avropa ölkələrinin Səfəviləri ələ almaq və Osmanlıya qarşı çıxmağa sövq etmək üçün çalışan avropalların apardıqları məkrli siyasətdən də söhbət açan Nəsir Ağayevin sözlərinə görə, bu siyasət bu gün də davam edir.

Bu kimi fikirlər bizə Nəsir Ağayevin başqa bir keyfiyyətini, filosof kimliyini kəşf etməyə yardımçı olur. Əlimizin altında olan bir sənəd isə Nəsir bəyin ictimai fəaliyyətinə, elcə də ədəbiyyata olan dərin marağına işıq tutmaqdadır. Söhbət onun Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ünvanladığı 17. 04. 2011-ci il tarixli Müraciətindən gedir ki, onun məzmununu bütünlüklə, olduğu kimi verməyi lazım bildik.

Müraciətdə deyilir:

“Möhtərəm Anar müəllim, zərurət üzündən sizə müraciət etməyi mümkün hesab etdim.

Azərbaycan ədəbiyyatı tarixində Mikayıl Müşfiq kimi korifey sənətkarın müstəsna xidmətləri bir həqiqətdir. Ancaq onun faciəli taleyi bu günün özündə belə poeziyaya biganə olmayan hər bir kəsi zaman-zaman düşündürür, onlarn duyğular aləminə tam reallığı ilə sirayət edir. Mikayıl Müçfiqə ata yurdu Xızıda xudmani xatirə muzeyi yaradılıb və muzeyin qarşısında da büstü qoyulub. Onun ata kəndi Sayadlarda isə bu gün əlamətdar heç bir nişanə yoxdur.

Bakıda da M. Müşfiqin büstü qoyulmuşdur. Vaxtilə M. Müşfiqin ata – babalarının Buzovnada Tuqay bağlarında qaldıqları bağ olmuşdur. M. Müşfiq həbs edilərkən Buzovnadakı bağın bir neçə otağı, suyu dolmaçarxla çıxarılan quyusu, nəhəng tut ağacı, meynəlik, əncirlik, çarhovuz, 3-4 metr hündürlüyü olan külafirəngi var idi. Məhz bu bağda M. Müşfiq bu gün ifaçılarına şöhrət, dinləyicilrinə heyrət gətirən “Yenə o bağ olaydı” şerini yazmışdır. M. Müşfiqin ailəsi dağılmış, övladı olmamış, hətta məzarı da yoxdur. Ədəbiyyatımız qarşısında misilsiz xidmətləri olmuş bir şəxs qarşısında bu gün cəmiyyətimizin, milli təfəkkürə malik hər bir ziyalının edə biləcəyi xidmətlərə, göstərəcəyi fədakarlığa tarixi ehtiyac var. Çünki biz itirə-itirə getdiyimiz zamanda itirdiklərimizin tapılacağına gümanımız belə qalmayacaqdır. Buna görə də M. Müşfiqin Buzovnada olan bağında otaqlar sökülmüş, çarhovuz dağılmış, tut ağacı məhv olmuş, külafirənginin izi belə qalmamış, yalnız əllə qazılmış yeganə xatirə su quyusu qalmışdır.

Təklif edirəm: Bu yerdə heç olmasa, xatirə lövhəsi vurulmaqla M. Müşfiqin büstü qoyulsun. Bu yerdə müəyyən abadlıq, bərpa işlərinin görülməsi məqsədə müvafiq hesab edilsin. Xatirə ev muzeynin fəaliyyəti nəzərə alınsn.

Ümid edirəm ki, Murtuza Muxtarovun bağında Sergey Yeseninin xatirə muzeyi və barelyefinin yaradılmasındansa, M. Müşfiqin Buzovnadakı bağında tarixi həqiqətin bərpa edilməsi ədəbiyyatımıza, mədəniyyətimizə, dövlətimizə, nəhayət, bir millət olaraq bizlərə daha çox gərək olardı.

Möhtərəm Anar müəllim, sizə etdiyim bu müraciət, inanıram ki, tərəfinizdən müsbət həllini tapana qədər fəaliyyətinizdə aktual olacaqdır. M. Müşfiqin bağının indiki vəziyyətini əks etdirən iki foto şəkli müraciətə əlavə edirəm.

Sizə dərin hörmətlə Nəsir Ağayev.”

Çox təəssüflər olsun ki, Nəsir bəyin bu müraciəti bu günədək cavabsz qalır. Əslində Mikayıl Müşfiqə olan bu ögey, soyuq, düşmən münasibət gərək Müşfiq bəraət aldıqdan sonra tam əksinə dəyişəydi. Hərçənd ki, müvafiq dövlət orqanları, xüsusilə o zamankı Yazıçılar İttifaqı Müşfiqin ata-baba bağını və Yasamal rayonu Qədirli küçəsi ev 23-də olan ata mülkünü də də tanıyırdılar. Bu yerlərin viran edildiyindən də çox yaxşı xəbərdardırlar.

Bəli günümüzün gerçəyi belədir ki, bu gün tariximizə, mədəniyyətimizə, dünənimizə, milli köklərimizə bir biganəlik hökm sürür. Bu biganəlikdən nəsibini alan, təbii ki, təkcə Mikayl Müşfiq deyil. Bir vaxt Vətənimizin cənubunda qurulmuş və sadəcə bir il müstəqil yaşamış Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Seyid Cəfər Pişəvəri də eyni biganəliyin qurbanlarndandr. Məzarı bir neçə dəfə bir yerdən digərinə köçürülən bu böyük şəxsiyyətdə bir zamanlar başçılıq etdiyi firqənin üzvləri ilə birlikdə Buzovnada fəaliyyət göstərmişlər. Çox qəribədir ki, bu yer əvvəllər hərbi hospital, sonra demokratların yaşayış yeri və qərargahı, daha sonralar vərəm xəstəxanasına çevrilmişdir. Axı Buzovnanın ən görkəmli yeri olan bu yerdə Seyid Cəfər Pişəvərinin xatirəsini əbədiləşdirmək üçün büstün qoyulması, xatirə lövhəsinin vurulması zəruridir.
Fəqət bunun da bu gün heç bir nişanəsi qalmamışdır.

Kitaba Nəsir bəyin “Gənclərə-gəlcəyə xitab”ı ilə tamamlamağı məqsədəuyğun hesab edirik. Xitabda deyilir:

Sən, ey Gənclik!

Nə qədər bir uğurlu bir zamanda yaşadığının fərqinə varanda ata-babalarının gəncliyini köləlik və əsarət şəraitində yaşadığına əmin olacaqsan. Əsrlər boyu torpağında rahatlıq, azadlıq, rifah tapmayan Vətən oğulları dünyanın bir çox ölkələrinə yayılmışlar.

Sən, ey Gənclik!

Onu da bil ki, yalnız dövləti olmayan xalqlar dünyanın özlərinə münasib məkanlarına səpələnirlər. Azərbaycan adlı torpağın türk övladları vətənlərinin və dövlətlərinin olmalarına baxmayaraq, tarixi minilliklər ərzində hakimiyyət çəkişmələri, dolanışq çətinliyi və ən nəhayət, intiqam üzündən, az da olsa, didərginlərə çevrilmişlər.

Ey Gənclik!

Xalqı, milləti yalnız onun dövləti və həmin dövlətin xarici ölkələrdəki səfirlikləri təmsil edə bilər. Ayrı-ayrı fərd və qrupların xarici ölkələrdə yaratdıqları təşkilatlar isə, müəyyən uğurlarına baxmayaraq, çox zaman istənilən nəticəni vermir. Buna görə də beynəlxalq aləmdə ictimai rəy formalaşdıran, böyük hüquqi bazaya malik iqtisadi, siyasi, humanitar, hərbi təşkilatlara təsir vasitələrini ümummilli dəyərlərə malik, aidiyyatı üzrə olan qurumlar müəyyənləşdirməlidir.

Sən, ey Gənclik!

Bil ki, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz azadlıq ancaq əyləncə, eyş-işrət, eləcə də həddi və xərci bilinməyən rahatlıq deyildir. Bu azadlıq millətin bayrağı, dövləti, sərvəti, əxlaqı, əzəməti ilə çəkinmədən fəxr etməsi üçündür. Bu Vətən bütün yeraltı və yerüstü sərvət və zənginlikləri ilə birlikdə sənindir. Bu dövlət heç bir siyasi qüvvəyə üstünlük verməmək üçün, daha da əzəmətli olmaq üçün xalq hakimiyyətinin əlamətlərini yaşatmalıdır.

Sən, ey Gənclik!

Bu dövlətin bütün zənginliklərinin və sərvətinin gerçək sahibi sənsən. Çalış, sahiblik hissini itirməyəsən. Tariximizi bütləşdirilən fərdlərin deyil, ikiyə bölünmüş Azərbaycan türkünün ortaq tarixi kimi öyrən və tanı.

Onu da bil ki, həqiqətdən uzaqlaşdıqca yalan və əfsanəyə çevrilə bilərsən.

Sən, ey Gənclik!

Bu dövlətə, sərvətə, mülkiyyətə olan təbii və qanuni hüququnu, bir anlğa da olsa, yaddan çıxarma.

Allah haqqı, ədaləti, insanları sevənlərə-Sizlərə yar olsun!!!”
REDAKTORDAN

Kitabın redaktəsi üzərində işlərkən, Nəsir bəy mənə zəng etdi və bu kitabın ərsəyə gəlməsində ona əlindən gələn köməyi edən, kitabın həmmüəllifi və sponsoru olan oğlu Ağayev Təbrizə xüsusi minnətdarlıq hissini dilə gətirdi və bu hisslərinin kitabda hər hansı formada əksini tapmasını istədi. Onun bu istəyini böyük məmnuniyyətlə gerçəkləşdirməklə yanaşı, Nəsir bəyin Təbriz barədə kövrəkliklə söylədiyi bir neçə faktı da oxuculara çatdırmağı özümə borc bildim. Düşündüm ki, əlavə etmək istədiyim aşağıdakı bir-iki cümlə Nəsir bəyin kitabda cızılmış portretinə mənimim kiçik bir tövhəmiz olar.



Nəsir Ağayevin sözlərindən belə məlum olur ki, oğlu hələ 7-8 yaşnda ikən (onda sovet rejimi hələ çökməmişdi) Azərbaycan himnini əzbər bilir və oxuyurmuş. Hətta Bakı və Kəndlər Birliyinin konfrans və qurultaylar balaca Təbrizin ifa etdiyi himnlə açılarmış. Nəsir bəyi ən çox kövrəldən isə Təbrizin 3-4 il öncə ona vermiş olduğu aşağıdakı sual olub: “Ata, sən Azərbaycanın müstəqilliyi və dövlətçiliyimiz üçün bu qədər iş görmüsən. Nəyə görə bu müstəqillikdən ən çox yararlananlar, ciblərini dolduranlar, mal-mülk sahibi olanlar səni yada salmırlar?”

Bu sualı bu gün ləzzətini dada-dada yaşadığımz azadlığı bizə qazandıran, bu yolda hər şeyini təmnnasız olaraq fəda edən, hazırda isə unudulan bütün əski inqilabçıların övladları da verir və bu ədalətsizliyin səbəbini heç cür anlaya bilmirlər. Anlaya bilmir və ya anlamaq istəmirlər ki, inqilab öz balalarını yeyir. İnqilabın ssenarisini dahilər cızır, fanatiklər həyata keçirirlər. Faydalananlar isə alcaq və əclaflar olur. Bəli, alçaq və əclaflar! Ancaq bir tarixi həqiqət də var ki, bir dəyərli insanlarımızı unutdurmaqla yanaşı qiymətləndirmədikcə cəmiyyətmizin dəyərini nəhayətdə onun gələcəyini sual altında qoymuş oluruq.
Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin