Elmi, təhsili heç vaxt unutmayan bir


kitabında Nurlana Əliyevanın məqaləsi



Yüklə 6,34 Mb.
səhifə35/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
kitabında Nurlana Əliyevanın məqaləsi

Bakı-2004-cü il.

AZƏRBAYCAN QADININA BÖYÜK NÜFUZ QAZANDIRAN YENİ LİDER
O, ölkə daxilində qayğıya ehtiyacı olanların, beynəlxalq aləmdə isə tarix və mədəniyyətimizin himayədarına çevrilmişdir
Məclislərin birində heç zaman eşitmədiyim və bir qadın kimi mənim özüm üçün də maraqlı olan dialoqun şahidi oldum. Din xadimindən soruşdular: -“İndiyədək dünyaya 124 min peyğəmbər gəlib getmişdir. Bəs nə üçün həmin pey­ğəm­bər­lərdən heç olmazsa, biri qadın olmayıb?” Doğrusu, bu sualın din xadimini çətinə salacağını düşündüm. Ancaq sən demə, sualın cavabı o qədər də çətin deyilmiş:

“Ona görə ki, dünyada indiyədək 124 min peyğəmbər anası mövcud olmuşdur”. Cavab verən şəxs əlavə etdi ki, məhz o səbəbdən də İslam peyğəmbəri həzrəti Məhəmməd (s.) anaları üstün tutaraq demişdir: “Cənnət anaların ayaqları altındadır”.

Bu gün ölkədəki xəstə, əlil, imkansız və yetim soydaş­la­rı­mı­zın himayədarına çevrilmiş, dünya miqyasında Azərbaycan mə­dəniyyətinin və tarixinin misilsiz təbliğatçısı rolunu oyna­yan bir xanım haqqında qeydlərimi qələmə alarkən həmin dialoq yenidən yadıma düşdü. İslami dəyərlərdə, Şərq fəlsəfə­sin­də, Azərbaycan əxlaqında qadına göstərilən hörmət və ehtiram, onun həmişə uca tutulması ənənəsi bu sətirlərin yazılması üçün mənə əlavə stimul verdi. Tam qətiyyətlə deyə bilmərəm, amma belə düşünürəm ki, Heydər Əliyev Fondunun prezidenti vəzifəsinə kişi soydaşlarımızdan biri təyin edilsəydi, həmin adam YUNESKO-nun xoşməramlı səfiri seçilsəydi və ölkədə (eləcə də xaricdə) indi görülən işlərdən qat-qat çox iş görsəydi, bəlkə də mən bu sətirləri yazmazdım. Çünki kişilər onsuz da tarix boyu dövləti qurub, möhkəmləndirib və ölkə əhalisinin problemlərini həll ediblər. Qadınların ictimai-siyasi həyatdakı fəallığı isə, Ümummilli liderimizin dediyi kimi ən böyük diqqətə və ehtirama layiqdir.

Heydər Əliyev Fondu 2004-cü ilin mayında - Ümummilli liderimizin haqq dünyasına qovuşmasından bir neçə ay sonra yaradılıb. Yəni bu qurumun yaradılmasından cəmi iki ildən bir qədər çox vaxt keçib. Görülən işlərin siyahısına baxanda isə adama elə gəlir ki, bu fond, ən azı 20-25 il fəaliyyət göstərib. Bilirsinizmi niyə belədir? Çünki adı çəkilən qurum müstəqil Azərbaycanın ən nüfuzlu ictimai təşkilatıdır. O, dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Çünki bu dövlətin qurucusu da, xilaskarı da məhz Ulu öndərimiz Heydər Əliyev olmuşdur. Bu dövlət iqtisadi inkişaf yoluna qədəm qoyduğu 1996-cı ildən keçən cəmi 10 ildə Ümumi Daxili Məhsul istehsalına görə bütün dünyada lider dövlətə çevrilib. Bunu ancaq və ancaq təməlində Heydər Əliyevin dövlətçilik prinsipləri duran bir dövlət bacarardı.

Yeri gəlmişkən, bu məzmunda söhbət açılanda həmişə yadıma hörmətli müəllimim, ağsaqqal ziyalımız Bəxtiyar Vahabzadənin bir ifadəsi düşür. Jurnalist Bəxtiyar müəllimdən soruşdu ki, müstəqil dövlətimizə qarşı edilən çoxsaylı terror və təxribatların qarşısının alınmasında əsas rolu hansı amil oynadı? Bəxtiyar müəllim el şairi Əliağa Vahidin bir qəzəlindən dediyi misra ilə öz fikrini tamamilə ifadə etdi: “Ucmaz elə bir xanə ki, memarı gözəldir”. Yəni memarı, qurucusu böyük olan dövləti heç bir terror və ya təxribatla öz yolundan döndərmək mümkün deyil. Ümummilli liderimizin zəngin siyasi irsinin öyrənilməsi, eləcə də yeni nəsillərin Heydər Əliyev dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi məqsədilə yaradılmış Heydər Əliyev Fondu da məhz belə bir qüdrətli dövlətin güclü strukturudur. Fonda Mehriban xanım Əliyeva kimi təşəbbüskar, qətiyyətli və yorulmaz bir siyasətçinin rəhbərlik etməsi isə bu qurumu daha qüdrətli edir.

Onun cəmiyyət üçün gərəkli bir insan olmaq istəyi, xeyirxah və nəcib əməllərə imza atmaq arzusu bir neçə mənbədən qaynaqlanır: Mir Cəlal kimi millətini və xalqını sevən halal bir ziyalının ocağında dünyaya gəlib tərbiyə alması, ixtisasca həkim olması (M.Seçenev adına Moskva Dövlət Tibb İnstitutunu 1988-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir), elmi fəaliyyət göstərməsi (institutu bitirəndən 1992-ci ilədək akademik Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmışdır) və taleyini Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyev ocağı ilə bağlaması. Üstəlik onun özünün şəxsi keyfiyyətləri də burada çox mühüm rol oynayır. Bu amillər Mehriban xanım Əliyevanı cəmiyyət və insanlar üçün səmərəli fəaliyyət göstərən dəyərli bir insana çevirmiş və o, bu istiqamətdə çox böyük uğurlar əldə etmişdir.

Xanım Əliyevanın hələ Heydər Əliyev Fondu yaranmazdan əvvəl gördüyü işlərə nəzər salsaq, zəngin bir ictimai-siyasi fəaliyyətin şahidi olarıq. Hələ 1995-ci ildə Mehriban Əliyeva “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu təsis etmiş və həmin fondun xətti ilə onlarca tədbir həyata keçirmişdir. Sonrakı il yenə də bilavasitə onun öz rəhbərliyi ilə “Azərbaycan-İrs” jurnalı təsis edilmişdir. Həmin jurnal bu gün də bilavasitə Mehriban xanımın rəhbərliyi ilə işıq üzü görür. 2002-ci ildə isə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Onun təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdəki nüfuzu nəticəsində 2003 və 2004-cü illərdə ölkəmizdə bədii gimnastika üzrə Dünya Kuboku uğrunda yarışlar keçirilmişdir ki, bu da Azərbaycana yeni nüfuz qazandırmışdır. Məhz bu iki beynəlxalq turnirin yüksək səviyyədə təşkil edilməsi sonrakı 2005-ci ildə Azərbaycanda daha böyük bir tədbirin – bədii gimnastika üzrə dünya çempionatının keçirilməsinə zəmin yaratmışdır. Ötən il Bakıda keçirilən həmin tədbiri dünyanın onlarca ölkəsinin kütləvi informasiya vasitələri canlı yayımla öz tamaşaçılarına çatdırırdı. Bu, bizim üçün fəxr etməli çox böyük hadisə idi.

2004-cü il sentyabrın 9-da Azərbaycanın birinci xanımının tərcümeyi-halına yazılan hadisə bütün xalqımız üçün baş ucalığı, fəxarət mənbəyi kimi yadda qaldı. Şifahi xalq ədəbiyyatının və musiqi mədəniyyətimizin qorunmasında və inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldü. Qeyd edək ki, həmin günədək nəinki Azərbaycandan, hətta Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin heç birindən bu ada layiq görülən siyasətçi yox idi. Mehriban Əliyevanın bu ada layiq görülməsindən cəmi bir il sonra – 2005-ci ilin sentyabrında onun təşəbbüsü ilə YUNESKO-nun mənzil qərargahında 2000-dən artıq qonağın iştirakı ilə görkəmli Azərbaycan kimyaçısı Yusif Məmmədəliyevin 100 illik yubileyi keçirildi. Burada başqa bir məqamı da vurğu­la­maq yerinə düşərdi. Belə ki, Mehriban Əliyeva Azərbaycanın mad­di və qeyri-maddi, mədəni abidələrini YUNESKO-nun mü­ha­fizə edilən irslər siyahısına saldırması, görkəmli soy­daş­la­rımızın yubileylərinin beynəlxalq səviyyədə keçirilməsinə nail olması ilə yanaşı, YUNESKO rəhbərlərinin Azərbaycana səfərlərini də təşkil edir. Etiraf edək ki, Azərbaycanın dəvəti ilə YUNESKO rəhbərlərinin bir neçə dəfə ölkəmizə gəlməsi bizə göstərilən böyük etimadın nəticəsidir. Hətta Mehriban xanım Əliyeva ötən ilin avqustunda YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuura ilə birlikdə bu mötəbər beynəlxalq təşkilatın bütün xoşməramlı səfirlərini də Bakıya dəvət etmiş, Azərbaycan paytaxtında ölkəmizlə YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq barədə memorandum imzalanmışdı. Həmin səfər çərçivəsində Bakıda təhsil mövzusunda beynəlxalq konfrans keçirilməsi ilə yanaşı, eyni zamanda, Azərbaycan paytaxtında Beynəlxalq Muğam Mərkəzinin təməl daşı da qoyuldu. Mehriban xanım Əliyeva həmin mərkəzin də YUNESKO ilə birlikdə yaradılmasına nail ola bilmişdi. Səfərin sonunda isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə YUNESKO-nun baş direktoru Koişiro Mat­suura arasında yekun kommunike imzalanmışdı ki, həmin sə­nəd də tərəflər arasında hərtərəfli əməkdaşlıq üçün çox mü­hüm zəmin idi. Yeri gəlmişkən, Mehriban Əliyeva YUNESKO çərçi­vəsində keçirilmiş istənilən tədbirdə çıxış edərkən erməni işğalçıları tərəfindən qarət edilmiş və dağıdılmış muzeylər, arxeo­loji və təbii abidələr barədə dönə-dönə söz açır, beynəl­xalq təşkilatları bu vəhşiliyə qarşı ədalətli mövqe tutmağa çağırır. Mənim yadımdadır, Parisdə keçirilən bir tədbirdə Mehriban xanım işğal edilmiş Azərbaycan torpaqlarında qalmış abidələr, xüsusən Üzeyir Hacıbəyovun və Bülbülün ev muzeyləri barədə, Xocalı-Gədəbəy mədəniyyəti və Azıx mağarası barədə necə həyəcanla danışırdı. Mən həmin çıxışın televiziya ilə verilən lent yazısına baxarkən, bir daha öz-özümə dedim: Nə yaxşı ki, Ümummilli liderimizin adını daşıyan fonda məhz Mehriban xanım Əliyeva kimi qətiyyətli və təşəbbüskar bir şəxs rəhbərlik edir.

Azərbaycan muğamını və aşıq musiqisini YUNESKO-nun qeyri-maddi mədəni irslər siyahısına saldıran Mehriban xanımın xalq adət-ənənələri və bayramlarının da həmin siyahıya salınması üçün iş aparmasını, xüsusən bu istiqamətdə Novruz bayramı ilə bağlı daha əhatəli materiallar hazırlandığını eşidəndə, qəlbim dağa döndü. Ziyalılar arasında olan söhbətlər zamanı bu məsələ tez-tez yada salınır və hamı eyni mövqedən çıxış edir: Xanım Əliyevanın bu fəaliyyəti Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmət nümunəsidir.

Daha bir məqam – ötən ilin noyabrında “İnterfaks-Azərbay­can” xəbər agentliyinə müsahibə verən Mehriban Əliye­va bildirmişdi ki, biz Qobustan qayaüstü rəsmlərini də YUNESKO tərəfindən qorunan maddi mədəniyyət nümunə­lə­ri­nin siyahısına saldıracağıq. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycanın şöhrətini daha da artıracaqdır.

İndi də bir qədər Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə həyata keçirdiyi tədbirlər barədə. Əvvəla, onu qeyd edək ki, bu fondun yaradılmasının ikinci ildönümü ərəfəsində “Heydər Əliyev Fondu – 2005-2006” kitabı Azərbaycan və ingilis dillərində nəfis şəkildə çapdan çıxmışdır. Kitabın ön sözünün müəllifi də məhz fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. 2004-cü il mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin doğum günündə fəaliyyətə başlayan fond qısa müddətdə çox böyük tədbirlər planının icrasına nail olub. Təsadüfi deyil ki, fondun Xatirə Kitabına öz ürək sözlərini yazan möhtərəm dövlət başçımız İlham Əliyev bu qurumun çox böyük işlər görəcəyinə inamını hələ 2004-cü il mayın 10-da bu şəkildə ifadə etmişdi: “Heydər Əliyev Fondu xalqı­mı­zın Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatdır və Azərbaycanın ictimai həyatında mühüm rol oynaya­caq­dır”.

Bu, belə də oldu. Fond qarşısına qoyulan vəzifələri yerinə yetirməklə yanaşı, ölkənin ictimai həyatında çox mühüm rol oynadı. Bəzi məqamlara diqqət yetirək: “Təhsil sahəsi” adlı tədbirlər planı Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. 2005-ci ildə bu sahədə həyata keçirilən bir neçə proqram və layihələr təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan vermişdir. Fondun Prezidenti Mehriban Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq evlərində, internat məktəblərdə olmuş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın tərtib və icra edilməsini çox zəruri bir məsələ kimi qarşıya qoymuşdu. Geniş təhlil və monitorinqlər aparılmış və proqram ərsəyə gəlmişdi. Növbədə proqramın icrası idi. 2005-ci ildə bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmışdır. Bu zaman həmin müəssisələrin zəruri avadanlıqla təchiz edilməsi, yeni ədəbiyyat alınaraq zəngin kitabxanaların yaradılması, informasiya texnologiya­la­rının tətbiq edilməsi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur.

Heydər Əliyev Fondu 2005-ci ildən daha bir zəruri proqramın icrasına başlamışdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə ictimaiyyəti tərəfindən çox böyük məmnunluqla qarşılanmışdır. Bu məqsədlə respublikanın bütün ərazisində məktəb binalarının vəziyyəti yoxlanılmış, nəticədə təhsil üçün tam yararsız vəziyyətdə olan 132 məktəb müəy­­yənləşdirilmişdir. Ekspertlərin fikrincə, həmin məktəb­lərin təmir edilməsi yox, yenidən inşa edilməsi daha məq­sə­dəuyğun variant kimi qəbul edilmişdir. “Yeniləşən Azər­bay­cana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastruk­turu yerli tələbata və imkana uyğunlaşdırılan həmin məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, həm şəhər və rayonlarımızda, həm də ən ucqar kəndlərdə minlərlə şagird 2005-2006-cı dərs ilini yeni binalarda, müasir dərs otaqlarında qarşılamışdır. Bu il isə fondun təşəbbüsü ilə daha 100 məktəb inşa edilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi humanist proqramlardan biri də “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihədir. Ölkə ərazisində yaşayan 40 mindən çox vətəndaşı əhatə edəcək bu layihə BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi layihələr isə daha böyük auditoriyanı əhatə edir. Bu sahədə ilk layihə 2004-cü il dekabrın 4-də təqdim edilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Ölkədə bu xəstəliyə tutulmuş 14 yaşınadək 310-dan çox uşaq var ki, onların insulinlə təminatında əvvəllər çox böyük problemlər var idi. Adıçəkilən layihənin icra edilməsi həmin soydaşlarımızın problemini həll etmişdir.

Səhiyyə sahəsində həyata keçirilən növbəti layihə talasse­mi­yalı uşaqlarla bağlı idi. Bu problem valideynlərin çox böyük nara­­hatlığına səbəb olmuşdu. Ötən ilin fevralında “Talas­se­miya­­sız hə­yat naminə” adlı dəyirmi masa keçirən Heydər Əliyev Fondu Be­nəlxalq Talassemiya Federasiyasının da diq­qə­tini bu məsələyə yö­nəltmiş, aparılan danışıqlar nəticəsində Azər­baycanda Talas­se­miya Diaqnostika Mərkəzinin yara­dılması qərara alınmışdır.

Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihə­lər­­dən bir neçəsi də milli-mənəvi dəyərlərimizin qorunması və Azər­bay­can mədəniyyətinin dünya miqyasında daha geniş şə­kil­də təbliğ edil­məsindən ibarətdir. Yuxarıda qeyd etdiyimiz ki­mi, Bakıda Bey­nəlxalq Muğam Mərkəzinin yaradılması, Parisdə - YUNESKO-nun mən­zil qərargahında dahi Azərbay­can bəstəkarı Üzeyir Hacıbə­yo­vun 120, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin isə 100 illik yubileylərinin keçirilməsi milli-mənəvi dəyərlərimizə göstərilən qayğının bir hissəsidir. Ancaq muğam sənətimizin inkişafı və qorunması istiqamətində atılan növbəti addım daha kövrək hissləri əhatə edirdi. Bu layihə “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması və “Gülüstan” sarayında onun möhtəşəm təqdimat mərasiminin keçirilməsi ilə nəticələnmişdi. Mənim yaxşı yadımdadır ki, həmin təqdimat münasibətilə ustad sənətkarımız, xalq artisti Habil Əliyev belə dedi: “Dilimizdə belə bir ifadə var ki, filankəs filankəsə atalıq elədi, filankəs xalqa atalıq elədi və s. Ancaq ana sözü daha müqəddəs olduğuna görə kiminsə başqa bir adama analıq elədiyini deyən olmur. Mən isə nə qədər mücərrəd olsa da, bir ifadə işlətmək istəyirəm. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycan muğamına, sözün həqiqi mənasında, analıq elədi. Muğam ölürdü, itirdi, başqa musiqi növləri onu insafsızcasına sıxışdırırdı. Mehriban xanım muğamı xilas elədi, ayağa qaldırdı və in­ki­şa­fına, gələcəyə gedən yoluna işıq saldı. Bir ağsaqqal sənət ada­mı kimi o gənc bacımıza, qızımıza bütün muğam­se­vərlərin təşəkkürünü və minnətdarlığını çatdırıram”.

Doğrusu, böyük ustad həmin ifadələri elə ürəkdən, elə səmimiyyətlə demişdi ki, eşidənlərin hamısı kövrəlmişdi. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” layihəsini də “Qarabağ xanəndələri” layihəsinin davamı kimi qəbul edənlər tamamilə haqlı idilər. Fikir verin, dünyanın müxtəlif ölkələrinə yayılmış “Qarabağ həqiqətləri” toplusu, “Qarabağın tarixi haqqında məlumat”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Qarabağ münaqişəsinin başlanması”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” adlı kitabçalar Qarabağ həqiqətləri barədə dünya ictimaiyyətinə əhatəli şəkildə söz açır.

Bax belə. Heydər Əliyev Fondunun fəaliyyəti barədə yığcam şəkildə bunları diqqətə çatdırdıq. Ancaq Mehriban xanım Əliyeva haqqında bəzi məqamları da qeyd etmək zərurəti hələ qalır. Məsələn, Mehriban Əliyeva 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin dördüncü Baş Assambleyasında Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv, 2005-ci ildə isə bütün Azərbaycan üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinə görə “İlin adamı” seçilmişdir. Mehriban xanım ötən il dünyanın 30 ölkəsini təmsil edən 1200 şirkətin menecerləri arasında keçirilən sosioloji sorğunun nəticələrinə görə, Xəzər-Qara dəniz regionu üzrə “İlin ictimai xadimi” nominasiyasında “Caspian Energy İntegration Award” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ilin mart ayında isə o, BMT-nin aparıcı qurumlarından olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalına layiq görülmüş və təşkilatın baş direktoru Kamil İdris Heydər Əliyev Fondunun binasında adı çəkilən mötəbər mükafatı Mehriban xanım Əliyevaya təqdim etmişdir.

Bu mükafatların və təltiflərin siyahısını uzatmaq da olar. Ancaq fikrimizcə, daha rahat və işıqlı bir internatda yaşayan yetim uşağın “Sağ ol, Mehriban xala!” minnətdarlığı, ucqar dağ kəndində yaşayan şagirdin gözü öyrəşmiş sınıq-salxaq sinif otaqlarından abad və müasir məktəbə köçməsindən sonra dediyi “Bu məktəbi Mehriban xanım tikdirib”, talassemiyadan əzab çəkən uşağın gözü yaşlı anasının dediyi “Sənə minnətdaram, Mehriban bacı!”, xalqın sayılıb-seçilən sənətkarının söylədiyi “Sən muğama analıq etdin, əziz bacım!” ifadələri ən yüksək mükafat, ən ali təltiflərdir. Ötən əsrin əvvəllərində himayəsiz balaların faciəsinə acıyaraq nalə çəkən Mir Cəlalın “Bahar, mələr quzum, sən indi haralardasan?” harayına yeni əsrin başlanğıcında onun nəvəsi öz nurlu əməlləri ilə cavab verdi.

Tale ona başqa təltiflər də vermişdir. Mehriban xanım “İnterfaks- Azərbaycan” informasiya agentliyinə verdiyi müsahibədə deyir: “Mən öz ailəmi çox istəyirəm və ailə ənənələrinə hörmətlə yanaşıram. Əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı yardım və hörmət varsa, hesab edirəm ki, qalan hər şey öz axarına düşəcək.

Son illər mənə yalnız həyat yoldaşım deyil, sanki birdən-birə böyüyən qızlarım da mənəvi dəstək olublar. Oğlumla təmasda olmaq isə bütün gün ərzində yığılmış yorğunluğu aradan götürür.”

Biz ziyalılar və bütövlükdə xalqımız hörmətli deputatımızdan və Ümummilli liderimizin adını daşıyan fondun prezidentindən hələ çoxlu sayda xeyirxah əməllər gözləyirik. Məsələn, ibtidai sinif dərsliklərinin yenidən hazırlanmasına qayğı göstərilməsini, ali məktəb dərsliklərinin keyfiyyətinin yaxşılaşdırılmasına diqqət ayrılmasını və s. Bu qeydləri edərkən Mehriban xanım Əliye­vanın təşəbbüsü ilə Rusiyada nəşr olunmuş 4 mindən çox kitabın ölkəmizə gətirildiyinə görə də Heydər Əliyev Fonduna minnət­darlığımızı bildiririk.



Bu qeydlərimi Mehriban xanım Əliyevanın deputat seçildiyi Əzizbəyov rayonunun ağsaqqallarından birinin sözü ilə tamamlamaq istərdim. Ağsaqqal demişdi ki, 70-80 il müxtəlif səviyyəli deputatlar seçsək də, heç biri bizim rayon üçün Mehriban xanımın gördüyü işlərin ondan biri qədər iş görməmişdi. Qeydləri bu ifadə ilə də başa çatdırmaq istərdim. Amma daha müqəddəs və daha ali bir ifadə yadıma düşdü. Qurani-Kərimin Zəlzələ surəsində (99-cu surə) deyilir ki, vaxt gələr, insanlar öz işlərinin əvəzini görərlər. Zərrə qədər olsa belə, yaxşılıq eləmiş kəs öz əməlinin savabını görər, zərrəcə pislik eləmiş kəs isə öz əməlinin çəzasını çəkər. Bu baxımdan fikirləşəndə Mehriban xanım Əliyevanın dağlar qədər savab sahibi olduğu gün kimi aydın məsələdir. Xalq üçün gərəkli fəaliyyət göstərən, Azərbaycan xanımına yeni nüfuz və imic qazandıran Mehriban Əliyeva, eyni zamanda Azərbaycan qadınına iftixar hissi də gətirir.
Xalq qəzeti”, 18 iyul 2006-cı il



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin