2007-ci il.
AZƏRBAYCAN GERÇƏK
MODERNLƏŞMƏ YOLUNDADIR
Bakıda kiçik bir gəzintiyə çıxmaq ölkəmizin köklü bir təzələnmə keçirməkdə olduğunu görmək üçün kifayətdir. Yarım il, bir il görmədiyim məhəllələrdən keçəndə yadıma Cəfər Cabbarlının “Firuzə” hekayəsi düşür. Mən məktəbdə oxuyanda bu balaca hekayə proqramda idi. Amma açığını deyim ki, məktəb illərində hekayə qəhrəmanının Bakıda gördüyü yeniləşməni təsəvvür edə bilmirdim. Lakin Bakının indiki tikinti mənzərəsi mənə “Firuzə” hekayəsini anlamağa kömək etdi. Sən demə, insanların, cəmiyyətlərin və şəhərlərin qısa tarixi dövr ərzində modernləşməsi gerçək bir hadisə imiş. İnsanı ən çox valeh edən isə tikinti və quruculuq işlərinin sürətidir. Mən bunu inqilabi bir sürət adlandırardım. Bu gün şəhərimizin bütün rayonları, küçələri, magistral yolları bir neçə ayın ərzində təzələnir. Bəlkə on, iyirmi il əvvəl buna heç kəs inanmazdı. Amma bu, reallıqdır. Gözümüz qarşısında gedən modernləşmənin əsas memarı Prezident İlham Əliyev özüdür, onun şəxsi zövqü və siyasi iradəsidir.
Onun nisbi siyasi cavanlığının bir üstünlüyü də buradadır: o, 1970-1980-ci illərdə az-az da olsa, SSRİ hüdudlarına da daxil olan informasiya və kommunikasiya inqilabının, qlobal dünya modelinin təşəkkül etdiyi zəmanənin övladıdır. Ona görə Prezidentimizin qətiyyətli modernləşmə xətti bir konsepsiya olmaqdan əlavə, həm də onun cəmiyyətimizin sabahına dair görüşlərinin və təsəvvürlərinin real siyasət kimi üzə çıxmasıdır.
Bu gün dünyada bir çox siyasətçilər ən mürəkkəb dövlət qərarlarının müvafiq intellektual elita tərəfindən qəbul edilməsinə üstünlük verirlər. Bu, intellektual elitanın siyasətdə iştirakının bir formasına çevrilir və siyasi qərarlar qəbul edilməsinin yeni tipi olur. Ən hazırlıqlı peşə elitaları istər-istəməz siyasətçiyə çevrilirlər və deməli, siyasətin özü də intellektual elitaların rəqabəti şəklini alır.
Dünyada gedən belə proseslər fonunda inkişaf etməkdə olan postsovet respublikaları da öz milli intellektual elitalarının formalaşdırılmasına köklü əhəmiyyət verirlər. Azərbaycanda İlham Əliyevin apardığı real modernləşdirmə siyasətinin də məqsədi müstəqil dövlətimizi, Azərbaycan cəmiyyətini dünya siyasətinin reallıqlarına daha tez hazırlamaqdan ibarətdir. Zamanın tərəqqisi, siyasi və sosial qərarların qəbulunda intellektual amillərin əhəmiyyətinin artması, əslində modernləşdirmə xəttinə alternativ qoymur. Ya sürətli modernləşdirmə və bütün sahələr üzrə intellektual elitaların yaradılması, ya da iqtisadi və sosial gerilik, xroniki yoxsul və hüquqsuz cəmiyyət. Həyat məsələni belə qoyur.
Reallıq belədir ki, indi idarəetmə işinin böyük bir hissəsini ağıllı texnologiyalar həyata keçirir. Bu texnologiyaları bilmək azdır, bu gün cəmiyyətə bu texnologiyaları yaradan, idarə edən, onları təkmilləşdirən texnokratik kadrlar lazımdır. Bu kadrlar öz vətənlərinə və cəmiyyətlərinə bağlı olmalıdırlar, onlar milli dövləti öz ailələri və dövlətləri kimi sevməlidirlər.
Texniki və intellektual hazırlığı ali təhsil də formalaşdıra bilir, amma intellektual elitanın xalqa və cəmiyyətə sədaqət hissi milli təhsil və tərbiyə sistemi tərəfindən formalaşdırılmalıdır.
Dövlətin intellektual elitası onun özü tərəfindən tərbiyə edilməlidir, çünki dövlətin taleyi üçün məsuliyyət daşıyan və qərarlar qəbul edən adamlar əcnəbi və ya muzdlu işçi ola bilməzlər. Bu mənada, milli intellektual elitaya məxsus olmaq – öz taleyini dövlətin və cəmiyyətin taleyinə bağlamaqdır, real məsuliyyət daşıyıcısı olmaqdır.
Dövlət və xalq üçün məsuliyyət hissindən danışanda, Heydər Əliyev şəxsiyyətinin parlaq nümunəsini xatırlamamaq olmur. Onun şəxsiyyətində yüksək əxlaqla vətən sevgisi və siyasi müdriklik ayrılmaz idi. O, öz böyük ağlını, istedadını, bütün qüvvəsini şəriksiz olaraq öz doğma xalqına və onun dövlətinə həsr etdi. Ulu öndər tərbiyə etmək və dövlətin taleyini tapşırmaq istədiyimiz milli intellektual və siyasi elita üçün parlaq bir nümunədir. Qəlbində Vətən, torpaq sevgisi olmayan alimlər və ziyalılar xalqa tam qüvvəsi ilə xidmət edə bilməzlər. Dəyişən, sürətlə mürəkkəbləşən dünya və zaman isə bizdən məhz bunu istəyir, Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayan zəka sahibləri istəyir.
Qabaqcıl ölkələrdə siyasət getdikcə daha çox yeni texnologiyalara, intellektual potensiala arxalanmağa başlayır. 40 il əvvəl hərbi hegemonluq atom silahı ilə bağlı idisə, bu gün yüksək dəqiqliyi olan texnologiyalara, hədəfi istənilən məsafədən müşahidə edən və onu sıradan çıxara bilən silahlara əsaslanır. (Qarabağda bizim məğlubiyyətimizin bir səbəbi də erməni ordusunun ABŞ tərəfindən sputnik informasiyası ilə təmin edilməsi idi.) Başlıcası isə, bunlar artıq orta hərbiçinin mənimsəyə bildiyi texnologiyalar deyil, ən yeni və ən məxfi kompüter proqramlarına əsaslanan silahlardır. Bu silahları idarə edənlər artıq yüz minlərlə əsgəri idarə edən cəbhə və ordu komandanları deyil, bir ovuc intellektual elitadır və bu elita peşəcə heç hərbiçi də deyildir.
Bu silahların ənənəvi hərbi silahlardan köklü fərqi vardır. Yeni silahlar kütləvi deyil, əksinə, elitar silahlardır. Ən hazırlıqlı informasiya texnoloqlarının işlədə bildiyi silahlardır. Belə texnoloqlar isə qabaqcıl ölkələrin özündə belə, məhdud saylı texnoloji elitaya məxsusdur. Bu yolla elita ilə texnoloji elita arasındakı ənənəvi fərqlər aradan qalxır, bir qrup informasiya texnoloqu həm də ən müasir silahların idarəedicisinə çevrilir. Texnokratik elita hərbi elitanın beyin mərkəzinə çevrilirsə, deməli hərbi-siyasi hakimiyyətin əsas təmsilçilərindən olur. Hərbidə əsas adamlar isə qoşunları deyil, yüksək dəqiqliyə malik silahları idarə edənlərdir. Yuqoslaviyada, İraqda aparılan hərbi əməliyyatlar məhz belə gedirdi. Yüksək dəqiqliyi olan silahlar qısa vaxtda hərbi baxımdan əsas obyektləri sıradan çıxarırdılar. Rabitəsiz, kommunikasiyasız qalmış, dəqiq müdafiə xəttini bilmədən məğlub olan tərəfə qarşı lokal yerüstü əməliyyatlar tətbiq edilirdi.
Hazırkı şəraitdə Yer kürəsi bütöv bir siyasi orqanizmə çevrilib. Dünyadakı müasir bütövlük, qloballıq, ilk növbədə, Yer kürəsinin informasiya baxımından açıq olması ilə bağlıdır. Kosmosda keşik çəkən peyklər heç bir dövlətdə demək olar ki, “milli sirr” qoymayıblar. Kosmosdakı kəşfiyyat peykləri dövlətlərdəki hərbi proseslərdən əlavə, istənilən adamı belə nəzarətə götürə bilir. Bu hərbidən daha çox informasiya texnologiyalarının bəhrəsidir və onların hərbi sahədə tətbiqi indi-indi genişlənməkdədir. Doğrudur, kosmik kəşfiyyat sistemləri bütün dövlətlərdə yoxdur və buna görə Çin, Koreya, İran, Pakistan, Hindistan və digərləri də bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Yerətrafı orbitə peyklər çıxarmaq imkanı üçüncü dünya ölkələrinin də kosmik müşahidə imkanlarından hərbi məqsədlər üçün istifadəsinə şərait yaradacaqdır.
Aşkar görünür ki, bütün dünya informasiya alma və ötürmə texnologiyaları sahəsində yeni bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin modernləşdirmə siyasəti də cəmiyyətimizin bu keçidlə ayaqlaşmasını təmin etmək məqsədi daşıyır. Şübhəsiz ki, bu siyasətin nəticələrinin miqyası və keyfiyyəti bizim milli elitadan asılıdır. Mənim təsəvvürümdə əsl milli elita - qərarlar qəbul edən və onları konkret işlərə çevirən adamlardır. Başqa sözlə, siyasi elitadır, öz peşəsinə görə ölkəni idarə edən adamlardır. Əlbəttə, elmi, bədii və digər elitalar da var, amma onları siyasi elitaya aid etmək olmaz. Qeyri-siyasi elita yaratmaq bolşeviklərin birpartiyalı diktaturanı pərdələmək üsulu idi. O zaman kolxozçuları, fəhlələri, yaradıcılıqla məşğul olan müxtəlif avantüristləri də saxta təbliğat yolu ilə elita kimi təqdim edirdilər. Bunun nəticəsi isə tragik oldu. SSRİ oyuncaq ev kimi dağılanda aydın oldu ki, SSRİ-də həqiqi siyasi elita yox imiş. Ancaq sahibsiz dövlət SSRİ kimi dağıla bilərdi. Əsl sahibsizlik isə elə siyasi elitasızlıq və saxta siyasi elita olmaq imiş.
Bu gün bütün çiçəklənən sivil ölkələrdə sabit siyasi elita vardır. İngiltərədə bu, lordlardır, ABŞ-da sahibkar sinfə məxsus ailələrdir, Türkiyədə hərbi zadəgan sinfidir. Göründüyü kimi, siyasi elita ölkələrin intellektual potensialını təmsil edən adamlarla birbaşa bağlı deyildir. Amma ayrı da deyildir. Siyasi elitanın dövlət və cəmiyyət qarşısında öz məsuliyyəti vardır: bu, hər şeyə görə cavabdehlikdir. Digər elitaların, o cümlədən intellektual elitanın qlobal məsuliyyəti yoxdur. İkinci tərəfdən, intellektual elita ideya və layihələri sınaqdan çıxarmaqla məşğul olur. Lakin siyasi elitanın belə sınaq imkanları yox kimidir, onun borcu düzgün və real nəticə verəcək qərarların qəbul edilməsidir.
Burada biz müstəqil dövlətimizin siyasi elitası ilə bağlı problemlər üzərinə gəlib çıxırıq. Güman ki, bizim müstəqil dövlətin siyasi elitası formalaşma prosesini keçir. Bu formalaşmanın bitməsi, ilk növbədə ölkədə siyasi elitanın birliyi ilə tamamlanmalıdır. Bu birlik hələlik yoxdur, çünki radikal siyasi müxalifətin mövcudluğu bir reallıqdır. Bu radikalizmin səbəblərini araşdırmadan deməliyik ki, normal ikiqütblü siyasi sistemin formalaşması üçün əsas alətlər iqtidarın əlindədir. Nəzərə alınmalıdır ki, iqtisadi, informativ modernləşmə dövrü tarixi keçid dövrüdür. Bu dövr iqtidarla müxalifət arasında strateji innovasion xətt üzrə ümumi mövqenin olmasını tələb edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin modernləşdirilməsi ümummilli maraqlara uyğun olaraq varisliyə əsaslanan siyasətlə davam etməlidir. Lakin radikal siyasətçilərin siyasi səhnədə lövbər salması bunun sabah siyasi reallıq olacağına tam inam yarada bilmir.
Sabit siyasi sistem formalaşdırmaq birpartiyalı cəmiyyətdən çıxan bütün xalqlar üçün xarakterik və mürəkkəb problemdir. Çində, Rusiyada, Ukraynada bu proseslər gedir. Hindistanda, uzaq şərqin bütün çiçəklənən ölkələrində müşahidə olunan tərəqqi siyasi sistemin sabitləşməsinin nəticəsidir. Bu problemin mürəkkəbliyi elə siyasi elita məsələsi ilə bağlıdır. Bir sıra postsovet respublikalarında olduğu kimi bizdə də Qarabağ hərəkatı dalğasında siyasətə bir qrup təsadüfi, xəstə təxəyyüllü və kompleksli adamlar gəlib. Cəmiyyətdə heç bir ciddi qüvvəni təmsil etməyən bu adamlar xarici qrantlar hesabına yaşayır, maliyyə ilə birgə gələn təlimatlarla hərəkət edirlər. Rusiya kimi ölkədə belə, bu saxta siyasətçilərlə mübarizə çətin gedir. Lakin bu mübarizənin ölkələrin suverenliyi və namuslu siyasi elita tərəfindən inkişaf etdirilməsi baxımından böyük tarixi əhəmiyyəti vardır. Müəyyən mənada bu, milli siyasi elitanın sağlam əsasda yenidən qruplaşması prosesidir.
Xaricdən maliyyə alan siyasi qruplar özlərini Qərb yönümlü siyasətçilər kimi göstərirlər. Amma Serbiyada, Ukraynada, Gürcüstanda Qərb yönümlü siyasətçilərin hakimiyyətdə olması bu cəmiyyətlərin konsolidasiyası ilə nəticələnmir. Serbiyada Qərb yönümlü prezident seçkidə qalib gələn kimi Kosova Qərb dövlətlərinin və ABŞ-ın təzyiqi ilə rəsmən Serbiyadan təcrid edildi. Bu, seçkilərdə qərbə inteqrasiya şüarına inanmış Serb xalqının faciəsinə çevrildi. Belə faktlar göstərir ki, düzgün siyasət ancaq öz xalqına və onun praqmatik maraqlarına əsaslana bilər.
Milli elitadan danışanda, bir məsələnin də üstündən sükutla keçmək olmaz. Bu, Qarabağ torpaqlarının itirilməsində bizim siyasi elitanın məsuliyyəti ilə bağlıdır. Həmin hadisələr dövründə buraxılan əsas səhvlər bizim siyasi elitanın sıralarında birliyin olmaması ilə bağlı idi. Ona görə də milli birlik, cəmiyyətin konsolidasiyası əldə olunmadan yetkin siyasi elita barədə danışmaq, tələskənlik olardı. Sağlam elitanın əsas əlamətlərindən biri onun milli və dövləti maraqların prioriteti ilə hesablaşması, milli maraqların şəxsi maraqlardan üstünlüyü prinsipinin və əxlaqının real təmsilçisi olmasıdır. Belə halda siyasi elita həm də milli ideyanın, milli ideologiyanın daşıyıcısı olur.
Bizdə bəzən milli ideologiya alimlərin, araşdırmaçıların formalaşdırmalı olduğu konseptual sistem kimi təsəvvür olunur. Bunu doğru saymaq çətindir. Ona görə ki, bizdə səthi və məişət millətçiliyi özünü dominant ideoloji amil kimi təqdim etməyə çalışır. Milli ideologiya özünütərif və özündən razılıq deyil. Bu, ilk növbədə dövlətin tərəqqi və modernləşdirmə siyasətidir, dəyişən dünya ilə ayaqlaşmaq xəttidir. Əlbəttə, alimlər dövlətçiliyin tarixi ilə məşğul olmalıdırlar və gələcəkdə də olacaqlar. Hətta bu işlə məşğul olan qurumları da daim inkişaf etdirmək və hədəfli qaydada idarə etmək lazımdır. Lakin milli ideologiya barədə söhbətləri orta qəzet publisistikası kimi başa düşmək də faydalı olmazdı.
Siyasi elitadan danışanda ümummilli mətbuat haqqında da bir neçə söz demək vacibdir. Ümummilli deyəndə mən nəyi nəzərdə tuturam? Qabaqcıl Qərb ölkələrində də mətbuat orqanlarının sayı yüzlərlədir. Amma onların içərisində 3-5 iri informasiya agentlikləri, telekanallar və qəzetlər seçilir. Bu qəzetlərdə siyasi, iqtisadi, hərbi-strateji təhlil və qiymətləndirmə, yeni ideyaların aprobasiyası və ekspertizası üzrə peşəkar mütəxəssislər fəaliyyət göstərir. İstənilən yenilik və ideya, ilk növbədə bu ümummilli mətbuat orqanlarında ekspertizadan keçir, bu ekspertizaların nəticələri dünyanın hər tərəfindən izlənilir və nəzərə alınır. Həm də bu orqanlar problemlərə dair bütün nöqteyi-nəzərlərin ortaya gəlməsini və müzakirə edilə bilməsini təmin edirlər. Qərbdə qərarların qəbulundakı elitarlıqla müstəqil və azad mətbuat bir-birini tamamlayır. Bu baxımdan, Azərbaycanın indiki informasiya məkanında vəziyyət qənaətbəxş deyildir. Bu sahəyə də dövlətin, ilk növbədə maddi qayğısı lazımdır. Misal kimi bir daha Qarabağ hadisələri üzərinə qayıtmaq istəyirəm. Bu yoldakı faciə və çətinliklərimizdə mətbuatın da günahı böyük oldu. Çünki o zaman dördüncü hakimiyyət xalqı birləşdirmək əvəzinə, onu parçalayan və ayıran amilləri şişirdirdi. Ona görə də mətbuatın milli düşüncə səviyyəsi belə çətin məqamlarda xalqın kollektiv silahı olmağı bacarmalıdır.
Güman edirəm ki, siyasətdən uzaq və bitərəf ictimai kanallar bu istiqamətdə daha ciddi rol oynaya bilərlər. Səthi siyasilik həm iqtidar, həm də müxalifət mətbuatında mühüm yer tutur. Lakin ölkənin modernləşdirilməsi məqsədləri mətbuatdan ictimai rəyi idarə etmək, onu ilk növbədə pozitiv dəyərlərə doğru istiqamətləndirmək üçün əsas vasitələrdən biridir. Bizim modernləşmənin ideoloji əsası Heydər Əliyevin bizə qoyub getdiyi praqmatik siyasi və dövlətçilik irsidir. Biz bu irsdən daha fəal istifadə etməli, onun mənasını daha fəal təbliğ etməliyik.
Mətbuatımızda həm pozitiv, həm də neqativ proseslərin təhlil və izlənmə səviyyəsi də aşağıdır. Bu da aydındır ki, siyasətbazlıqdan uzaq olan mətbuatı yaratmaq da, idarə etmək də çətindir. Bu halda, mətbuatın öz pozitiv, əməli vətəndaşlıq dəyərləri olmalıdır. Həmin dəyərlər isə siyasi elitanın cəmiyyətin gələcəyi üçün məsuliyyət hissinə bağlı olur və belə səviyyəyə çatan mətbuat, siyasi elitanın davamı olur, onun funksiyalarından ən mühümünü icra edir. Dördüncü hakimiyyət, ilk növbədə mətbuatın sosial orqanizmin idarə edilməsindəki rolu ilə bağlıdır. Sürətlə modernləşən cəmiyyətlərdə bu rol daha mürəkkəb və böyük olur.
BMT-nin işğal olunmuş ərazilərdə vəziyyət barədə son qətnaməsinə böyük Qərb dövlətlərinin düşmən mövqeyi onların Azərbaycana münasibətinin məğzini açdı. Danışıqlar şüarı əməldə Ermənistanın işğalçılığını dəstəkləməkdən başqa bir şey deyildir. Belə vəziyyəti görüb bəzi qərbpərəst siyasilər NATO-ya girmək çağırışları etdilər. Belə tələsik və düşünülməmiş çağırışlar bir daha göstərir ki, özünü siyasətçi kimi təqdim edən sadəlövh insanlar özlərinin su bulandırmaq potensialını hələ saxlayırlar. Şübhə yoxdur ki, Azərbaycan NATO-ya da ancaq Ermənistanla birgə qəbul edilə bilər. Bu isə ehtimal ki, Azərbaycanın öz hüquqlarını hərbi yolla müdafiə etmək imkanlarını itirməsi ilə nəticələnəcək.
Hal-hazırda cəmiyyətləri modernləşdirmək üçün hazır şablonlar yoxdur. Bu mənada, siyasətdə təqlidçilik və ya bir-birinə bənzəməyən cəmiyyətlərin müqayisəsi yanlış nəticələr verə bilər. Çünki belə nəticələrə əsaslanmış modernləşdirici qərarlar vermək olmaz.
Bu gün qabaqcıl Qərb dövlətlərinin mahiyyəti və xarici siyasəti də dəyişməyib. ABŞ, İngiltərə başda olmaqla Qərb dövlətlərinin postsovet məkanındakı siyasətinin əsasında da iqtisadi maraqlar, xammalın, əmək haqqının, həyat standartlarının ucuz olması dayanır. Qərbdəki texnoloji sıçrayış və qloballaşma qabaqcıl ölkələrin tamahkar mahiyyətini dəyişməyib.
Müasir dövrdə Qərb ölkələrində intellektual elitanın rolu və iqtisadiyyatda çəkisi getdikcə artır. Bunun arxasında Qərb tipli cəmiyyətlərin yeniləşməsini görmək sadəlövhlük olardı. Qərb tipli cəmiyyətlərdə elmi tutumu çox yüksək olan texnologiyalar kütləvi şəkildə tətbiq olunur. Bu, hansısa sosial inqilab deyildir. Nəticədə təkcə sosial və siyasi idarəçilikdə yox, texnologiyaların idarəçiliyində də yüksək ixtisaslı adamlara ehtiyac artıb.
Haqlı olaraq modern cəmiyyətlərin təhlilçiləri yeni tipli idarəçilər məsələsini texnokratik cəmiyyətlərin ən mürəkkəb problemi sayırlar. Bir tərəfdən konkret idarəçilərin iqtisadi durumda və tərəqqidə rolu artır, o biri tərəfdən isə tək-tək idarəçilərin intellektual və peşə hazırlığı az qala iqtisadi tərəqqini və ya tənəzzülü şərtləndirən amillərdən birinə çevrilir. Burada da müəyyən risklər yaranır. Birbaşa insan amilinin yox, tək-tək idarəçilərin iş qabiliyyətlərinin nəticələri bəzən böyük korporasiyaları ağır vəziyyətə salır.
Qərbdə təhsilə və onun maddi təminatına qoyulan böyük kapitallar həm də intellektual idarəetmənin risklərini sığortalamaq üçün yüksək ixtisaslı kadrların sayının daha da artırılmasına xidmət edir. Bu gün modern cəmiyyətlərdə fasiləsiz təhsil sistemi yaranmışdır. Peşəkar idarəçilər nəinki daim təhsilini artırır, treninqlərdə iştirak edir, müxtəlif testlər vasitəsilə daim müxtəlif intellektual sınaqlardan keçirlər. Bu idarəçilər haqlı olaraq yeni bir sinif, yeni bir elita sayılırlar. Həm də cəmiyyətlərdə gedən texnoloji tərəqqi idarəçiliyi təmərküzləşdirir, bununla da idarəçi intellektualların azlığı ilə cəmiyyətlərin qalan üzvlərinin say çoxluğu arasındakı əkslik də artır.
Dünyada gedən qloballaşmanın əsas xüsusiyyətlərindən biri də budur ki, dünya maliyyə və texnoloji cəhətdən daha çox vahid orqanizmə çevrilir. Bu orqanizmi idarə edən mərkəzlərin hamısı inkişaf etmiş qərb ölkələrindədir. Bu, birqütblü dünya modelini bir reallığa çevirir. Bu gün milli maliyyə, bank, informasiya sistemlərinin müstəqilliyi şərtidir. Yaranan problem və təhlükələr də bir mərkəzdən gəlir və bu vəziyyətdə balaca dövlətlərin milli elitaları və idarəçi sinifləri, əslində müşahidəçi mövqeyində qalırlar. Elə buna görə də nisbətən kiçik Qərb dövlətlərində belə, qlobalizmə qarşı mübarizə artır.
Lakin aydın məsələdir ki, qloballaşma tək-tək siyasətçilərin xəttinin nəticəsi deyildir. Bu, dünyada texnologiyaların inkişafından doğur: dünya informasiya, maliyyə, iqtisadi, əsas strateji məhsulların bazarları baxımından birmərkəzli olur. Deməli, ikinci sıraya məxsus dövlətlərin idarəçilərinin seçim imkanları azalır, onların müstəqillikləri əllərindən çıxır. Digər tərəfdən, böyük dövlətlərin, ABŞ-la Avropanın, ABŞ-la Rusiya və Çinin rəqabəti getdikcə hərbi sahədən çox, intellektual sahədə rəqabətə çevrilir. Bunun gözəl nümunəsini ABŞ dollarının məzənnəsinin düşməsində görmək olar. Dolların məzənnəsinin düşməsi dünyanın əksər ölkələrinin maliyyə sistemlərinə mənfi təsir göstərir. Amma hamı bilir ki, ABŞ-da maliyyə elitası vəziyyətdən çıxacaqdır, dəfələrlə belə hallar olmuşdur. Bəs ikinci sıraya məxsus dövlətlər özlərini necə aparsınlar, nə tədbir görsünlər, axı bütün maliyyə mərkəzlərində çaşqınlıqdır, axı vəziyyət ciddidir ?! Rusiya, Çin, Hindistan kimi ölkələr səbəbini anlamadan yüz milyardlarla investisiya itirə bilərlər. Beləliklə, hiss olunmadan maliyyə problemləri intellektual maliyyə elitalarının rəqabətinə çevrilir.
Belə vəziyyətlərdə artıq beynəlxalq məsləhətçilərdən istifadə etmək risklidir. Hər bir milli elitanın öz mütəxəssisləri, maliyyə və iqtisadi təhlilçiləri lazımdır. Yaranan vəziyyətdə dünyadakı maliyyə və iqtisadi prosesləri adekvat qiymətləndirə bilən milli kadr potensialı olmadan bu istiqamətdə qərarlar qəbul etmək çətindir. Sonra isə ən düzgün qərarları belə, getdikcə dominant xarakter alan xarici amili tənzimləmək və diqqətlə izləməklə reallaşdırmaq mümkündür.
Yəni indi adamların, idarəçilərin sərf etdiyi enerji yox, onların ixtisas səviyyəsinin özü iqtisadi dəyər olmuşdur. Lakin bu, elə yüz il əvvəl də belə idi. Amma yüz il əvvəl bir bank məmuruna indiki qədər xüsusi biliklər və vərdişlər lazım deyildi. Əvvəllər bankın bir müdiri var idi, indi isə ikinci bir müdiri də var. İkinci müdir kompüter şəbəkəsinin texniki administratorudur. Hazırda faktiki olaraq şəbəkə administratorlarının səlahiyyətləri birinci şəxslərdən az deyil.
Müasir dövrdə bizim nazirliklərin hamısında kompüter şəbəkələri mövcuddur. Bu şəbəkələrin hamısı ingilis dilində idarə olunan xüsusi proqramla işləyir və onların administratorları ingilis dilini bilirlər. Onların rəisləri isə ingilis dilini bilmir və ya zəif bilirlər. Onlar öz idarə şəbəkələrini səmərəli idarə edə bilərmi? Əlbəttə, yox. Cəmiyyətin intellektual potensialı bu cür gözlənilməz vəziyyətlərdə üzə çıxır. Buna görə də innovasion texnologiyaların tətbiqi müvafiq kadr hazırlığı tələb edir. Belə kadrlar olmadıqda yüksək dəyərli texnologiyaların cəmiyyətdə faydalı iş əmsalının 15-30 faizdən yuxarı olması müşküldür.
Şəbəkə proqramları mürəkkəbdir, onları bir kənara qoyaq. İnternetdən istifadənin özünə müraciət etsək, yenə də burada ixtisaslı kadrların azlığından gələn problemlər görürük. Böyük dövlət idarələrinin, hətta ali məktəblərin, Milli Elmlər Akademiyasının İnstitutlarının internet saytları yaradılıb. Amma onlardan istifadə edən xaricilər bu səhifələrdən şikayətlənirlər. Ana dilli saytların çoxu internetdə yerləşdirildikdən sonra yeniləşdirilmir. Göstərilən məxəzlərin yarısı işləmir, informasiya mədəniyyəti aşağıdır və sair. İndi aydınlaşır ki, internetin sürətli inkişafı üçün şrift, orfoqrafiya, heca kimi problemlər Maykrosoft şirkəti ilə çoxdan həll olunmalı idi. Bu xırdalıqlar internetdə böyük problemə çevrilir.
Bunlar ilk baxışda lokal problemlər kimi görünə bilər. Ola bilsin ki, belədir. Lakin xırda problemlər də göstərir ki, cəmiyyətin modernləşdirilməsi ancaq pulla və istəklə həll oluna bilən məsələ deyildir. Burada, ilk növbədə yeni tipli kadrlar lazımdır. Bu kadrların məziyyətləri böyük olmalıdır. Onlardan ən adisi və əsası isə yüksək iş qabiliyyətidir. Bizdə insanlar hər gün səkkiz, on saat gərgin işə öyrəşməyiblər, zəhmətə çox vaxt faciə kimi baxırlar. Deməli, kadr problemləri təkcə intellekt məsələsi ilə bitmir, burada insan tərbiyəsinin bir sıra cəhətləri də yenidən qurulmalıdır.
Modern cəmiyyətlərin əsas güc mənbəyi zamanı qabaqlayan insan ağlıdır. Bu, bir qrup innovasion elitadır. Bəs onlar harada yetişir? Əlbəttə, təhsildə. Həmişə deyiblər: istedad milli sərvətdir. Bu gün isə deyirlər ki, istedadlı uşaq cəmiyyətin ən böyük sərvətidir. Amma istedad öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, cilalanması, ona sosial qayğı göstərilməsi lazımdır.
Xaricilərin bizdə apardığı olimpiadalarda fərqlənən gənclərin bir qismi xaricdə təhsil alandan sonra ölkəyə qayıtmır. Bunun səbəbi isə bu tələbələrin şəxsiyyətindən daha çox, oxuduqları Qərb cəmiyyətlərində onlara göstərilən maraqla bağlıdır. İri korporasiyalar və firmalar yaxşı oxuyan tələbələri üçüncü, dördüncü kursdan diqqətə alır, onlara maddi və mənəvi qayğı göstərirlər. Vətəndə iş tapmaq problemini bilən gənclər elə birinci təklifdən xaricdə işləməyə razı olurlar. Lakin belə vəziyyət bu gəncləri yetişdirən və hazırlıqlı kadrlara böyük ehtiyacı olan Azərbaycanın xeyrinə deyildir.
Vətəni modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion kadr potensialı yaradılması üçün orta məktəbdən başlayaraq xüsusi proqramlar həyata keçirmək üçün dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ictimaiyyətə yaxşı məlum olan “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010)”, “Gənclərin xaricdə təhsil alması”, “Avropa təhsil məkanına inteqrasiya”, “Elektron Azərbaycan” və digər sahələrə dair imzalanmış Sərəncamlar və Dövlət proqramlarıdır. Bunlar orta təhsili modernləşdirməyə, istedadlı gənclərə qayğı göstərməyə və istedadları himayə etməyə yönəlmiş rəhbər sənədlərdir. Təhsil işçilərinin borcu isə bu sənədləri dərindən mənimsəmək və konkret məktəblərdə yerli şəraitə uyğun tətbiq etməkdir.
Hər bir maarif sisteminin bünövrəsi xalqın ziyalı potensialı, onun ənənələrə və dəyərlərə bağlılığıdır. Son yüz ildə xalqın gələcəyini düşünən, onun müasir təhsilini və məktəbini yaradan, vətənpərvər nəsillər yetişdirən Azərbaycan ziyalıları çox olub. Bu gün onların böyük bir dəstəsi də təhsil və elm sahəsində çalışır. Prezidentimiz daim bu ziyalı və alimlərə böyük qayğı göstərir. Lakin istərdik ki, sosial siyasətə dair maddi qərarlar qəbul olunanda ziyalıların problemləri birinci sırada olsun. Çünki ziyalı və alim əməyinə verilən qiymət birbaşa Azərbaycanın modernləşməsinə qoyulan kapitaldır. Sosial tərəqqiyə keyfiyyətli təhsil, elm qədər təkan verən ikinci amil yoxdur.
Müasir dövrdə Azərbaycan təhsili islahatlar mərhələsini bitirməyə doğru gedir. Həll olunmamış problemlərimiz də az deyil. Kitabxana sistemi 1990-cı illərin maddi dağıntısından hələ tam bərpa olunmayıb. Elmi informasiya mübadiləsinə, xaricdən elmi kitab və jurnalların alınmasına lazımi diqqət yetirilmir. Elmi informasiyanın ana dilimizə tərcüməsi sahəsində passivlik var, bu işin böyük maliyyə vəsaitinə ehtiyacı danılmazdır. Ali məktəblərdə tədris olunmağa başlayan onlarla yeni ixtisaslar keyfiyyətli dərsliklərlə, demək olar ki, təmin edilmir. Bank, maliyyə, iqtisadi idarəetmə, təbiət elmləri, informasiya sahəsində sınaqdan çıxmış dərsliklərin ana dilinə tərcüməsi vacibdir. Təhsil ocaqlarında kitabxana işini yenidən qurmağa, onları müvafiq yerləşdirmə ilə təmin etməyə böyük ehtiyac var. Bu problemlər hazırlanan kadrların səviyyəsindən narahatlıq üçün əsas olmalı, xərclənən vəsaitin effektivliyi üçün məsuliyyət doğurmalıdır.
Lakin ən başlıcası, cəmiyyətimizdə innovasion və texnoloji modernləşdirmənin zəruriliyinin dərk edilməsi və dövlət başçısının bu istiqamətdəki ardıcıl və qətiyyətli xəttidir. Bu gün təhsil işçiləri, dövlət məmurları, mətbuat işçiləri elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyətini təbliğ etməli, milli modernləşmə cəmiyyətdə dərindən və hamı tərəfindən dərk olunan hədəfə çevrilməlidir. Bunun üçün dövlətimizdə siyasi iradə də, maddi və mənəvi imkanlar da vardır.
Qalır cəmiyyətin bütün potensialını da Vətənin modernləşdirilməsinə səfərbər etmək, bunu populyar milli ideyaya çevirmək. Bu, artıq hamımızın qoşulacağı bir işdir.
Dostları ilə paylaş: |