Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi



Yüklə 378,01 Kb.
səhifə2/7
tarix02.12.2016
ölçüsü378,01 Kb.
#615
1   2   3   4   5   6   7

Arzu işə yorğun gözlərlə və məyus halda getdi. Heç 1 saat olmazdı ki, gözlərini yummuşdu. Və zəngli saat çaldı. Işdə onu görən hər kəs bunun səbəbini soruşdu. Arzu isə sadəcə yatmamışam bəhanəsiylə suallardan qurtulmaq istədi. işdə həmişəki yerində oturmuşdu. Başını qaldıranda bir nəfərin ona yaxınlaşdığını gördü. Bu Mahir idi.

-Dünən niyə telefonu söndürmüşdün? Bilirsən ki, bu məni əsəbləşdirir.-Mahir çox əsəbi idi. Ancaq əsəbini cilovlamağı bacarırdı. Arzu Mahirin bu xasiyyətini çox sevirdi. ən əsəbi halında belə, baxışlarından qəzəb alovu püskürsə belə, o, heç vaxt mədəniyyətsizlik etməzdi. Arzu yorğun və məyus gözlərlə həyatdakı hər şeydən çox sevdiyi insana baxdı.

-Mahir, bura iş yeridir. Elə söhbətlərin yeri bura deyil.-sakit və yorğun səslə dedi.

-Bura mənim atamın iş yeridir. Və istədiyim vaxt səninlə danışa bilərəm. indi isə sualıma cavb ver. Niyə dünən sənə zəng edəndə telefonu götürmədin?

-Məncə, bizim artıq danışılacaq heç nəyimiz yoxdur.

-Doğrudan? Bilirsən, bezdim artıq sənin özünü uşaq kimi aparmağından. Niyə hər şeyi öz ağlınla ölçürsən? sənin üçün bu münasibəti bitirmək o qədər asandır? Heç gətirdiyin səbəb də tutarlı deyil. Sən heç mübarizə də aparmaq istəmirsən. sən qorxaqsan. Cəsarətsizsən. qəti addım atmaqdan qorxursan. Bilirsən nə var? Sən bu komplekslə heç vaxt arzularını reallaşdıra bilməyəcəksən.

-Mahir,hər şey bitdi.

-Lap yaxşı. Bilirsən, məncə də hər şey bitdi. Sən heç özün də bilmirsən nə istəyirsən!-Mahir iti addımlarla şirkətdən çıxdı. Arzu ətrafına gözucu nəzər saldı. Şirkətdəki hər kəs ona qəribə baxırdı. Arzu ona yönələn sual dolu nəzərlərdən narahat oldu. o, işini çox sevirdi. Ancaq indi nədənsə ona buradakı hər şey qıcıqlandırıcı gəlməyə başladı. O, artıq burada işləyə də bilməzdi.istəməsə belə, Sabir bundan xəbər tutacaq və Arzuya narazı baxışlarla baxacaq. Həmin gün Sabir müəllim əsəbi idi. Ancaq bu Arzuya görə deyildi. Ancaq Arzuya elə gəldi ki, Sabir hər şeydən xəbər tutub,Mahir ona hər şeyi danışıb. Və bundan sonra burada oğlunun evlənmək təklifini rədd etdiyi bir insanın müdir olduğu şirkətdə işləmək Arzuya mümkünsüz kimi gəldi...

Arzu əlindəki kağızı Sabirin katibəsi Sevdaya uzatdı.

-Bunu Sabir müəllimə verərsən?

-Bu nədir, Arzu?-Sevda təəccüblə kağıza nəzər saldı.

=İşdən çıxmağım barədə ərizədir.

-Niyə çıxırsan ki, işdən?

-Belə lazım oldu. nəsə. Verərsən.-Arzu cavabı gözləmədən katibədən uzaqlaşdı. Masasına yaxınlaşıb, əşyalarını toplamağa başladı. Son dəfə şirkətə nəzər saldıqdan sonra, hər kəslə sağollaşıb, şirkətdən çıxdı...

Bu gün hava əsl Azunun havası idi. Səma sıx buludlarla örtülmüşdü. Sakit hava vardı. Arzu nə qədər, hara qədər addımladığını bilmədi. bircə onu bilirdi ki, gəzmək istəyir. Uzun-uzun gəzmək. Özünü quyunun dibindəymiş kimi hiss edirdi. Çıxmaq istəyirdi ama bacarmırdı. Bir anlıq ağlından intihar da keçdi. Ancaq bilirdi ki, intihar onun ürəyinin sıxıntısını azaltmayacaq. Gəzirdi. Asta və yorğun addımlarla...

***


Kəmalə evə gələndə Arzunu çarpayıda yatan görəndə təəccübləndi. Adətən bu vaxtları o, işdə olurdu. Arzu elə şirin-şirin yatırdı ki, onu oyadıb, soruşmağa ürəyi gəlmədi. Kəmalə paltarını dəyişdi. Mətbəxə keçib, yüngülvarı nahar etdi. Bundan sonra hələ o, işə getməli idi. Kəmalə universitetin magistraturasında oxuyurdu. Ailələri Şamaxıda olduğuna görə burada kirayədə qalırdı. Kəmalə həm də işləyirdi. dərsdən sonra işə gedirdi. Bu gün də işə getmək üçün hazırlaşdı. Arzunu oyatmamaq üçün qapını astaca arxadan bağlayıb, getdi...

Arzu gözlərini açanda saat artıq axşam 8-i göstərirdi. Arzu neçə saat yatdığını bilmədi. bircə qapını açarla açıb, özünü yatağa atdığını xatırladı. Vanna otağına keçib, əl-üzünü yudu. Otaqdakı güzgüdə uzun müddət özünə baxdı. Üzündəki kədərli və məyus ifadə deyəsən Arzunun simasına əbədəlik həkk olunmuşdu. Istəsə belə, gözləri gülə bilmirdi. Arzu bu həyatdan yorulmuşdu. Sevgisizlikdən yorulmuşdu. Tənhalıqdan yorulmuşdu. Valideynlərinin laqeyd, sevgisiz münasibətləri onu tamamilə həyatdan küsdürmüşdü. Onu bu həyata bağlayan yeganə bir insan vardı –Mahir. Onu da bu gün itirdi. Düzdür, zaman keçdikcə hər şey unudulacaqdı. Ancaq indi Arzu özünü çox pis hiss edirdi. Ona elə gəlirdi ki, o, yer üzünün ən pis insanıdır. Heç kim onu sevmir, hər kəs onun özünə qapalılığından, müəmmalı hərəkətlərindən bezib. Heç kim onunla maraqlanmır. Bir azdan Kəmalə qapını açaraq evə daxil oldu.

-Sabahın xeyir.-zarafatla televizor qarşısında oturan Arzuya nəzər saldı.

-Sən gələndə mən yatmışdım?

-Hə. necəsən? nə əcəb işdən belə tez gəlmisən? olmaya gələcək qaynatan sənə güzəştlər edir.-Kəmalə keçib Arzunun yanında əyləşdi.

-İşdən çıxdım.

-Nə? doğrudan deyirsən? niyə ki?

-Belə lazım gəldi. Mahirin təklifini rədd edəndən sonra onun atası ilə hər gün üz-üzə gəlməyə utandım. Nə də olsa mənə nifrət edəcəkdi.

-Axı niyə rədd etdin ki? Sən ki, Mahiri çox sevirsən. heç kim bilməsə də mən bilirəm.

-Bu məndən asılı olan bir şey deyil. Bu bir qorxudur. Bilirəm. bilirəm ki, mən Mahiri həyatımdakı hər kəsdən, hər şeydən çox sevirəm. və bilirəm ki, onu itirməməli idim. Ancaq bu məndən asılı olan bir şey deyil. Bu bir qorxudur. Bu bir xəstəlikdir. Mən nə qədər çalışdım. Öz-özümlə çox mübarizə apardım. Ama bacarmadım. Bu qorxunu içimdə məhv edə bilmədim.Kəmalənin Arzuya yazığı gəldi. Arzu doğrudan da əzab çəkirdi. Bunu onun simasındakı ifadədən asanlıqla sezmək olurdu.

-Bəs indi neyləyəcəksən? harada işləyəcəksən?

-Bilmirəm. sabah elanlar olan qəzet alacam. Iş axtarmağa başlayacam. Yəqin ki, taparam. Tapmasam atama deyərəm. onun tanış holdinq sahibləri çoxdur.

-Nə deyirəm. allah köməyin olsun.

-Sağ ol.


-Fikir eləmə. hər şey düzələcək...

***


Gecə idi. Kəmalə çoxdan yatmışdı. Bu gecə Arzunu yenə yuxu tutmadı. Saatlarca gözünü tavana zillədikdən sonra, yata bilməyəcəyini anladı. Və qalxıb, komputerinin qabağına keçdi. Yazdığı, ama yarımçıq qaldığı əsərə baxdı. Qaldığı yerdən son cümləni təkrar-təkrar oxudu.

“Onun gözlərinin qarşısında baş verən bu hadisə hələ ona çox yuxusuz gecələr verəcəkdi...”

Bir anlıq öz yazdığı roman ona necə də mənasız və maraqsız gəldi. Axı bu əsəri niyə yazmışdı ki... heç maraqlı sujet xətti də yox idi. Arzu yazdığı 30 səhifəlik romanı bir anın içində pozdu. Indi o, yeni bir şey yazmaq istəyirdi. ama nə? ağlından heç bir ideya keçmirdi. Ancaq istəyirdi ki, yeni bir şey yazsın. Başladı yazmağa. Yazırdı. Heç bilmirdi nə yazır. Ama barmaqları klaviaturanın klavışlərində qaçırdı. Və birdən başını qaldırıb yazdığına baxdı. Yazdığı sözlərə baxıb, ağlamağa başladı.

“ Məmmədov Mahir. Məmmədov Mahir. Məmmədov Mahir. Məmmədov Mahir...”

Arzu dəfələrcə eyni bir şeyi yazmışdı. Bəlkə əsərinin adını elə belə adlandıraydı. Axı bu ad idi onun həyatı. Yazdığı əsərlərdə, oxuduğu kitablarda, baxdığı filmlərdə, düşüncələrində, yuxularında ancaq bu ad vardı. Bu ad onun yaddaşına yazılmışdı. Bu ad onun qəlbinə yazılmışdı. Bu ad onun getdiyi hər yerdə, baxdığı hər şeydə, danışdığı hər kəsdə var idi. O, heç özü də bilmirdi ki, o, Mahiri bu qədər çox sevirmiş ona elə gəlirdi ki, başqaları kimi onu da tezliklə unudacaq. Ama bu belə olmadı. Keçən hər saniyə ona daha çox əzab verirdi. Arzu komputerdəki şəkillər olan faylı açdı. Mahirin şəklini böyüdüb, ekrana qoydu. Şəkildə Mahir dənizkənarında idi. Və komputerdən Arzuya baxırdı. Arzu heykəl kimi bu şəkilə baxırdı. Bircə saniyə belə gözlərini qırpmadan baxırdı. Baxışları Mahirin gözlərində yüzlərcə dəfə gəzdi. Arzu şəkil üzərində mausun sağ düyməsini basdı. Göstəricini “Delete”in üzərinə gətirdi və basdı. Bir anlıq içində Mahirdən ona qalan yeganə xatirəni də sildi. Bu onun komputerindəki və həyatındakı son şəkil idi. O da məhv oldu. Arzu elə zənn edirdi ki, komputerdəki şəkilləri siləndə, telefondakı mesajları siləndə hər şey düzəlir. Ancaq bu belə olmur. Istəyirsən həyatındakı hər şeyi məhv et. Qəlbin döyündükcə sən onu hələ də sevəcəksən. Arzu komputeri söndürdü. Stuldan qalxıb, pəncərəyə yaxınlaşdı. Pəncərəni açdı. Əvvəlcə səmaya sənra da qarşısındakı binaya baxdı. Qeyri-ixtiyari olaraq gözləri 4-cü mərtəbəyə yönəldi. Bu dəfə də pəncərəsində işıq vardı. Bu dəfə də pərdə qırağa çəkilmişdi. Yenə stol, divan, kreslo...Ama bu dəfə kağızlar yox idi. Işıq yansa da ortalıqda heç kim görünmürdü. Arzu uzun müddət bu mənzərəyə baxdı. Sonra digər pəncərələrə baxdı. Indi hər şey Arzunun gözündə sönük və mənasız görünürdü. Istədi pəncərəni örtüb yatağına qayıtsın. Pəncərədəki gördüyü qaraltı onu dayandırdı. Bu o idi. Dünən gecə siqaret çəkməyə çıxan o oğlan. Bu dəfə də o, eyvanda əlində siqaret dayanmışdı. Bu dəfə də qaranlıqda onun siması aydın görünmürdü. Ancaq çəkdiyi siqaretin közərtisinin qırmızılı-sarılı işığı görünürdü. Arzu qeyri-ixtiyarı bu insana baxdı. Və bu dəfə ona elə gəldi ki, bu insan da ona baxır. Onlar təxminən bir saat beləcə dayandılar.

“Görəsən, o oğlan niyə orada dayanıb? Görəsən niyə evə keçmir?”

“Görəsən bu qız kimdir? Niyə hər gecə çıxır pəncərəyə? Niyə onu gündüz ya da hava işıqlı olanda görmürəm? görəsən niyə hər gecə çıxır? Niyə gündüzlər onu pəncərədə görmürəm?” birdən evdə telefon çaldı. Elnur istəməsə də onun qaranlıqdakı dostunu tərk edib, evə keçdi. Cəld telefonu götürdü.

-Alo?


-Alo, bağışlayın Əsməri olar?-telefonun digər tərəfindən yaşlı qadının səsi gəldi.

-Səhv düşmüsünüz.-Elnur cəld telefonu qoyub, eyvana çıxdı. Başını qladırıb, 7-ci mərtəbəyə baxdı. Pəncərə boş idi. O getmişdi. Elnur istəməsə də məyus oldu.

***

Bu artıq hər gecə təkrarlanırdı. Hər gecə qaranlıqda iki insan pəncərədən bir-birilərinə saatlarca baxırdılar. Onlar bir-biriləri haqda heç nə bilmirdilər. Ancaq baxırdılar. Bu artıq Arzuda vərdiş halını almışdı. Hər dəfə pəncərənin yanından keçərkən həyətə baxar, və qeyri-ixtiyari olaraq gözləri 4-cü mərtəbəyə zillənirdi. Arzu çox istəyirdi , onu hava işıqlı olarkən görsün, onunla dərdləşsin, onunla bitən sevgisindən danışıb ağlasın. Arzu indi işsiz idi deyə bütün gün evdə olurdu. Və tez-tez qeyri-iradi pəncərəyə yaxınlaşırdı. Gözləri həmin pəncərəyə zillənirdi. Onu görməyincə məyus halda pəncərədən ayrılırdı. Ancaq yenə də ümidini kəsmirdi. Çünki bilirdi ki, gecə o siluet yenidən eyvanda peyda olacaq. Bu bir oyun idi sanki. Qaranlıqda oynanan müəmmalı bir oyun...



***

Qapı döyüldü. Arzu qapıya tərəf yüyürdü. Qapını açanda üzündəki ifadə dəyişdi. Bu onun anası idi qarşısında dayanan.

-Salam, qızım. Necəsən?

Arzu heykəl kimi qapıda dayanmışdı. Bilmirdi nə etsin. Ancaq onu bilirdi ki, indi görmək istədiyi ən son insan elə bu qadındır.

-Salam. Keç içəri.-Arzu istəməsə də, mədəni halda anasını evə dəvət etdi. Lalə dəhlizə keçib, ayaqqabılarını çıxartdı. ətrafa nəzər saldı.

-Qəşəng evdir.-gülümsədi.

-Keç içəri- Arzu onu öz otağına dəvət etdi.-Nəsə istəyirsən? çay ya kofe?

-Olsa bir stəkan su gətir. Mən əsas səni görməyə gəlmişəm.-Lalə istədi qızını qucaqlasın Arzu geri çəkildi.

-İndi gətirərəm. sən keç əyləş.

Lalə qızının otağına keçdi. Evin divarlarına, tavanına, əşyalarına göz gəzdirdi. Arzu əlində su ilə dolu stəkanı anasına verib, onun qarşısına əyləşdi. Laqeyd görünməyə çalışsa da, əsəbi olduğu gözlərindən asanlıqla sezilirdi.

-Hələ də mənə qarşı kinlisən?

Arzu qarşısında dayanan qadına baxdı.

-Bilirsən artıq bunları müzakirə etməyin heç bir mənası yoxdur. Burada yaşadığımı hardan bildin?

-Atandan ünvanını verməyini istədim.

-Hmm. Gərək atama tapşırardım ki, adresimi heç kimə verməsin.

-Arzu, qızım, niyə mənə bu qədər nifrət edirsən? axı sən də qadınsan, sən də sevginin nə olduğunu başa düşərsən.

Arada sükut yarandı. Arzunun içindəki kin və qəzəb ona əzab verirdi. Ona rahat nəfəs almağa mane olurdu.

-Bilirsən, mənə bu yaxınlarda evlənmək təklifi etdilər.

-Doğrudan? Nə yaxşı...

-Canımdan çox sevdiyim bir insan mənimlə evlənmək istədiyini dedi. O insanı həyatımdakı hər kəsdən çox sevirdim. Onun üçün canımı belə verməyə hazır idim. Ama mən onun bu təklifini rədd etdim.

-Niyə? Niyə ki?-Lalə təəccüblə qızına baxdı.

-Niyə?Billirsən niyə?-Arzu qəzəblə anasına baxdı.-Çünki qorxdum. Qorxdum ki, bir gün ərim mənə deyər ki, “Bağışla, ama mən əvvəl sevdiyim qızla qarşılaşandan sonra başa düşdüm ki, mən səninlə yaşaya bilmərəm.” və məni tərk edər. Mənsə körpəmlə tək qalaram.

-Qızım...

-Ana, sən başa düşürsən ki, sən neyləmisən? bu artıq məndə xəstəlikdir, qorxudur. Sən öz sevgin naminə bir insanın həyatını, inamını məhv elədin. Sən başa düşürsən ki, mən necə əzab çəkirəm? mən göz görə-görə sevdiyimi itirdim. mən məhv oluram. Mən heç vaxt ailə qurmayacam. Çünki mən qorxuram. Başa düşürsən? qorxuram. Və bu qorxularıma görə də sənə minnətdaram.

-Qızım, mən inan ki...-Lalə kövrəlib ağlamağa başladı. Arzu gözləri yaşla dolmuş qadına baxdı. Nə qəribədir, qəlbində bu qadına qarşı heç nə hiss etmirdi. Bəlkə də televizorda hansısa filmə baxsa oradakı aktrisanin göz yaşlarından təsirlənib, ağlayardı. Ancaq indi o, donuq və sevgisiz gözlərlə bu qadına baxırdı.

-Arzu, mən istəməzdim sənin yaddaşında belə pis qalım. Ancaq gərək sən məni başa düşəsən. sən də qadınsan. Sən də sevirsən. sən də sevginin nə demək olduğunu bilirsən. mən sənin atanla bir-birimizi sevməyərək evlənmişik. Valideynlərimiz bizi zorla evləndiriblər. Mən sənin atanı heç vaxt sevməmişəm. mən həyatımda ancaq bir nəfəri sevmişəm. ancaq onu. Mən özümü aldada bilməzdim. Bu mümkün deyildi. Başa düşürsən məni? Mən atanı heç vaxt sevməmişəm.

-Narahat olma, heç o da səni sevmirdi. Sən gedəndən 1 həftə sonra evimizdə “təzə ana” peyda oldu...

Arada yenə sükut yarandı. Arzu artıq bu qadının varlığından sıxılmağa başladı.

-Niyə gəlmisən?

-Sadəcə səni görmək istədim. Qızımı görmək istədim. Bağışla, əgər narahat etdimsə...

-Heç bir dəfə özün özünə sual vermisən? demisən ki, mən səhv iş görmüşəm? ondandır ki, neçə illərdir, uşağın olmur. Allah səni bu sevgidən məhrum etdi. Əgər sənin uşağın olsaydı, inan ki, heç yadına düşməzdim. Indi mənim yanıma gəlirsən ona görə ki, məndən başqa bir uşağın yoxdur. Varın var. Pulun var. Sevdiyin biri ilə yaşayırsan. Ama uşağın yoxdur. Olmayacaq da. Nə qədər ki, sən mənim həyatımı məhv etmisən, Allah sənə heç vaxt uşaq verməyəcək.

Lalə ağlayırdı. Arzu isə həm kobud danışdığına görə peşman idi, həm də sevdiyi insandan ayrılmışdı deyə həyatdan küskün idi. Üstəlik işdən də çıxmışdı. Və içində pəncərədəki insanı görmək arzusu vardı.

-Ana, getsən yaxşıdır.

Lalə məyus halda ayağa qalxaraq otağı tərk etdi. Sonra qapının səsi eşidildi. Arzu bir müddət dərin sükut içində gözlərini bir nöqtədə zilləyib durdu. Sonra qeyri-iradi yanağından yaşlar süzülməyə başladı. Indi onun bu çətin və sıxıntılı anında ən çox anasına ehtiyacı vardı. Onun qolları arasında doyunca ağlayıb, dərdləşmək istəyirdi. ancaq bunun üçün artıq gec idi.

Bir azdan Kəmalə gəldi. Arzunu məyus halda görüb soruşdu.

-Nə olub, Arzu? Ağlamısan?

-O gəlmişdi...

-Kim?Mahir?


-Yox. Anam. Niyə, Kəmalə? Niyə bir insana görə başqa bir insanın həyatı məhv olmalıdır? Niyə? Axı mən onu itirmək istəmirdim. Mən onu hər şeydən çox sevirdim...

Kəmalə Arzunu qucaqladı. Arzu hönkür-hönkür ağlamağa başladı. Indi onun əsəbləri çox gərgin idi. Və ən kiçik bir şey belə onu təsirləndirirdi.

***

-Salam, ata. Gəlmək olar?



Əhməd başını qaldırıb, qapıda dayanan Arzuya baxdı.

-Paho, gör kim gəlib...Necəsən qızım?-Əhməd oturduğu masa arxasından qalxıb, qızını qucaqladı.

-Yaxşıyam, ata. Sən necəsən? necə gedir işlərin?

-Əla. Sən gəldin lap əla oldu. nə əcəb yadına düşmüşük?

-Eee, ata, niyə elə deyirsən? arada zəng vururam da...

-Səsini eşitmək ayrı. Üzünü görmək ayrı. Darıxmışdım sənin üçün.

-Mən də...

-Keç otur.

Arzunun atası holdinqin vitse-prezidenti idi. Arzu keçib masanın qarşısındakı kresloda oturdu.

-Nə istəyirsən? Çay kofe yoxsa meyvə şirəsi?

-Heç nə istəmirəm ata. Bilirsən nəyə görə gəlmişəm?

-Elə bilirdim ki, mənə işin düşüb.-Əhməd zarafatyana eyham vurdu.

-Eee, ata...

-Yaxşı, yaxşı, eşidirəm,Arzu xanım.

-Ata, bilirsən?...İşdən çıxmışam.

-Doğrudan? Niyə ki?

-Nə bilim. Elə alındı. Indi iş axtarıram. Daha doğrusu, bir –iki yerə müraciət etdim. Ama ürəyimcə olmadı. Dedim mənə ən yaxşı atam kömək edər.

-Əlbəttə, atası holdinq başçısıdırsa, əziyyət çəkib, niyə qəzet alırsan ki? Burada canlı elanlar qəzeti var...

-Eee, ata, heç dəyişməmisən...Yenə zarafatından qalmırsan.

-Hə. belədir də.

-Elə buna görə səni çox sevirəm də...

-Bilirəm. bilirəm. yaxşı, bəlkə qurtaraq bu lirik anları. Keçək əsas məsələyə. De görüm harda işləmək istəyirsən?

-Nə bilim. Bankda, hansısa şirkətdə də ola bilər.

-Yaxşı. Sən narahat olma.bir-iki nəfər var. Onlara deyərəm. vakant yer olsa sənə xəbər edərəm. Alınmasa, burada işləyərsən. yəni sənə bir iş tapa bilməyəcəyik? Narahat olma.

-Çox sağ ol, ata. Bilmirəm sən olmasan mən nə edərdim. Hələ də qaldığım evin pulunu sən ödəyirsən. çox sağ ol anlayışın üçün.

-Əlbəttə. Mən hamının fikrinə hörmətlə yanaşıram...

Arada sükut yarandı. Arzu atasının nəyi nəzərdə tutub dediyini anladı.

-Ata, o gün anam gəlmişdi.

-Bilirəm. məndən sənin yaşadığın evin ünvanını istədi.

-Gərək verməzdin.

-Yox,Arzu. Düz fikirləşmirsən. mən verməyə bilməzdim. O, nə də olsa sənin anandır.

-Ümidvaram, bir də gəlməz.

-Belə danışma, Arzu. Içində heç kimə qarşı nifrət bəsləmə. bu qarşındakı insandan çox sənə ziyandır. Çalış, hər kəsi olduqları kimi qəbul et.

-Ata, sən çox ürəyi yumşaq bir insansan. Buna görə də, səni çox sevirəm.

-Buna görə, məndən ayrı yaşayırsan?-Əhməd eyham vurdu.

-Yox, ata. Sadəcə sənin öz ailən vardı. Mən o ailədə qara kölgə olmaq istəmədim. Qərarıma hörmətlə yanaşdığın üçün sənə təşəkkür edirəm. hə, bu arada, ailə demişkən, Kamran necədir?

-Yaxşıdır. Fransadadır.-Kamran Əhmədin ikinci nikahından olan oğlu idi.

-Dərsləri necə gedir? Yaxşı oxuyur?

-Belə də. Normal.

Arzu atasına baxdı. Onun ağarmış saçlarına, üzündəki hələ dərinləşməmiş qırışlara nəzər saldı. Yaxşı ki, atasının həyatında hər şey yaxşı idi. O, xoşbəxt olmağa layiq idi.

***
Arzu tezliklə atasının köməyi ilə bankların birində iş tapdı. Yeni işi ona maraqlı gəlirdi. Burada da o, resepşn bölməsində işləyirdi. ancaq bura əvvəlki iş yerindən fərqlənirdi. ən azından burada Sabir müəllim və onun oğlu yox idi. Arzu tezliklə işinə öyrəşdi. Daha doğrusu Mahiri unutmaq üçün bütün fikrini işinə verirdi. Bir də... bir də pəncərə məsələsi. Arzu çox istəyirdi ki, o insanı görsün. Görəsən o kim idi? Və necə bir insan idi? Axı niyə hər gün o saatlarca eyvanda dayanıb, Arzunun pəncərəsinə baxırdı? Arzuda bu insana qarşı bir maraq yaranmışdı. Ya da Mahiri unutmaq üçün bu maraqdan dörd əllə yapışmışdı.

Bu gün bazar günü idi. Arzu günə yüksək əhval-ruhiyyə ilə başlamışdı. O, bazar günlərini çox sevirdi. Axı bazar günlərini kim sevmir? Ancaq həmin gün sən bir həftə boyunca planlaşdırdığın işləri görə bilirsən. Arzunun da bu günə planları çox idi. Ama əvvəlcə evi, otağını yığışdırmalı idi. Kəmalə də öz otağını təmizləyirdi.maqnitofonda şən musiqi səslənirdi. Arzu mahnını dodağının altında mızıldanaraq, kitab şkafını yığışdırırdı. Əlinə cürbəcür vərəqlər, yarımçıq əsərlərin yazıldığı vərəqlər keçirdi. Arzu onları oxuduqca sevinirdi. Nədənsə bu gün ona yazdığı hekayə, şer parçaları əziz və doğma görünürdü. Bu gün o, özünü yaxşı hiss edirdi. Nəhayət ki, o, uzun müddət davam edən depresiyadan çıxmışdı. Artıq qəlbindəki Mahir adlı yara ağrıtmırdı. Artıq Arzu onu itirdiyini qəbul etmişdi. Yeni işi, yeni mühit ona bu barədə çox kömək etmişdi. Artıq Mahiri xatırladacaq heç nə yox idi. ən azından Arzu belə zənn edirdi. Ta ki əlinə bir vərəq keçməmişdən əvvəl. Arzu onu oxuduqca, qəlbindəki qart bağlamış yaranın sızıldadığını hiss etdi. Bu kağızda Arzu Mahir haqda yazmışdı. Hələ o vaxt Mahirlə Arzu heç danışmırdılar. Kağızda yazılmışdı.

“ Artıq ona öyrəşmişəm. hiss edirəm ki, mən ona get-gedə daha çox bağlanıram. Ilk dəfədir. Ilk dəfədir ki, məndə bu hiss yaranıb. Deyəsən, mən onu həqiqətən sevməyə başlayıram. Yox, axı mən onu sevmək istəmirəm. o, çox yaxşı insandır. Çox ağıllı baxışları var. Mən o baxışlara vurulmuşam. Bilirəm. bilirəm ki, o, heç vaxt mənə baxmaz. Onun ətrafında o qədər gözəl, baxımlı , şarmlı qızlar var ki... nəsə. Ama bu həqiqəti ürəyim qəbul etmək istəmir. Onsuzda odur məni əziyyətə salan. O sevir, əzabı isə mən çəkirəm. onsuzda mən bu hisslərə öyrəşmişəm. birinci dəfə deyil ki...Nəsə. ümidvaram, onu tez unudaram. Ama nə qədər ki, onu görürəm, məncə bu mümkün olmayacaq. Kaş onunla bircə dəfə də olsa danışa bilsəydim. Xəyallarımda onunla dəfələrcə danışmışam. Ama həqiqətdə də danışmaq istərdim. Mahir...Mahir...Sən kimsən? beynimdə və qəlbimdə yuva quran köçəri quş. Bilirəm ki,Bir gün üçüb gedəcəksən...”

Arzu ağlayırdı. Oxuduqca ağlayırdı. Hər şey səhv idi. Arzu Mahiri unutmamışdı. Heç vaxt da unutmayacaqdı...

***

Gecə idi. Arzunun yaxşı əhval-ruhiyyəsi tez də keçib getdi. O unudulmuş kağız əlinə keçdikdən sonra yenə əzablar ürəkdə tufan qoparmağa başladı. Görəsən bu əzab nə vaxt bitəcəkdi. Arzu gözlərini həmişəki kimi 4-cü mərtəbəyə zilləmişdi. Işıq yanırdı. Arzu çox əzab çəkirdi. Istədi bu əzabını qarşıdakı binanın 4-cü mərtəbəsinin sakini ilə bölüşsün. Bəlkə bu dəfə də o eyvana çıxdı. Guya nə dəyişəcəkdi ki? Qaranlıqda iki insan bir-birinə baxacaqdı. Öz tənhalıqlarını bilinməyən baxışlarda boğacaqdılar. Arzu intizarla həmin siluetin eyvanda peyda olmasını gözləyirdi. o hiss etdi ki, indi elə bu an onun bu insana, bu cismə çox ehtiyacı var.onu arzulayırdı. Heç nəyi, heç kimi gözləmədiyi kimi gözləyirdi həmin şəxsi. Kim idi o? Necə biri idi? Heç bilmirdi. Ancaq istəyirdi. həm də çox istəyirdi. ama o cisim hələ də eyvanda görünmürdü. Arzunun ürək sıxıntıları hər saniyə daha da artırdı. Arzu inadla gözləyirdi. indi onu keçmiş xatirələrdə qalan Mahir deyil, üzünü görmədiyi həmin insan maraqlandırırdı. Bəlkə də o, bu gecə eyvana çıxmayacaqdı. Bəlkə də onun bu gecə sevgilisi ilə görüşü vardı. Axı niyə Arzu elə də yaxşı tanımadığı bir insana belə bağlanmışdı? Niyə bu qədər pəncərə varkən məhz o pəncərəyə zillənmişdi o gözlər? Bəlkə o da Arzu kimi tənha idi. Axı o da neçə gecələr bu eyvanda tək dayanırdı. O da tək idi. Bəs bu gecə o harda idi? Niyə eyvana çıxmırdı? Axı Arzu bu insana çox öyrəşmişdi. Arzu inadla gözləyirdi...



***

Arzu səhəri yorğun gözlərlə açdı. Bu artıq neçənci səhər idi ki, Arzu onu ümidsiz və yorğun gözlərlə açırdı.

-Arzu, oyan.-o biri otaqdan Kəmalənin səsi gəldi.

Arzu çoxdan oyanmışdı. Ama nədənsə Kəmaləyə cavab verəcək qədər özünü güclü hesab etmirdi. Gözlərini mavi-ağ rəngli tavana zilləmişdi. Düşünürdü. Bu hara qədər belə davam edəcəkdi? Bu əzabların sonu olmalı idi. Ağlamaqla heç nə dəyişməyəcəkdi.

“ bu belə davam edə bilməz. mən həyatımı dəyişməliyəm. yeni münasibətlərə başlamalıyam. Ama ciddi deyil. Sadəcə əylənmək üçün. Bəli. Elə də edəcəm. bəsdir, bitmiş bir sevginin əzabını hara qədər çəkəcəm? Allah bilir, Mahir artıq başqasını tapıb. Mənsə onu fikirləşirəm. axı niyə hər dəfə əzab çəkən tərəf mən olmalıyam? Axı niyə dünən bütün gecəni tanımadığım bir insanın pəncərəsinə baxmaqla keçirdim. O isə çıxmadı. Axı niyə çıxsın ki? Məgər mən onun həyatında varam ki? Bəsdir. Bəsdir artıq kimdənsə asılı oldum. Bitdi. Hər şey btdi. Bu gün təzə nömrə alacam. Pəncərəyə də artıq baxmayacağam. Vəssalam. Bütün əzablardan uzaq olacam. Yeni həyata yeni səhifədən başlayacam.”

Arzu yataqdan qalxdı. Əl-üzünü yamaq üçün vanna otağına getdi.

***

Telefon zəng çaldı. Elnur gözlərini açdı. Başında bərk ağrı vardı. Ayağa qalxdı. Başı gicəllənirdi. Dünəni xatırlamağa çalışdı. Yanıb-sönən rəngarəng işıqlar, ətrafda dəlicəsinə rəqs edən qızlar...



-Alo...-Elnurdan ölgün səs çıxdı.

-Alo, Elnur, hələ oyanmamısan?-Bu Zaur idi.

-Saat neçədir ki?

-Saat 10.

-Nə? axı niyə mən telefonun zəngli saatının səsini eşitməmişəm?

-Onu mən bilmərəm. gəlirsən işə?


Yüklə 378,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin