-Hə. indi gəlirəm.
Elnur dəstəyi qoyar-qoymaz əl-üzünü yumaq üçün vanna otağına keçdi. əl-üzünü yuduqdan sonra təmiz hava almaq üçün eyvana çıxdı. ətrafa nəzər saldıqdan sonra dərindən nəfəs alaraq təmiz qış havasını ciyərlərinə çəkdi. Qeyri –ixtiyari baxışları 7-ci mərtəbəyə istiqamətləndi. Yenidən dünəni xatırladı. Dostları ilə bara getmişdi. Elnurun ağlından bir fikir keçdi:
“Görəsən, dünən pəncərəyə çıxmışdı?”
Pəncərədə heç kim yox idi. Elnur bir müddət həmin pəncərəyə baxdı. Deyəsən o bu pəncərəni ancaq qaranlıqda xoşlayırdı. Ancaq qaranlıqda o bu qızı görürdü. Ancaq dünən dostları ilə əylənməyə getdiyindən onu görməmişdi. Deyəsən darıxmışdı...
***
Arzu iş masasının arxasında əyləşmişdi. Beynində ancaq bir ad səslənirdi. Arzu fikrini işinə verməyə çalışdıqca onu daha çox xatırlayırdı. Bu gün işdən çıxanda yol boyunca dumanlı fikirlərlə addımladı. Və birdən özünü Mahirin işlədiyi şirkətin yanında gördü. Mahir sığorta şirkətində baş menecer vəzifəsində işləyirdi. Arzu heç özü də bilmirdi o bura necə gəlib və hansı qüvvə onu bura gətirib. Bir anlıq geri çevrildi. Vaxt itirmədən buradan uzaqlaşmaq istədi. ancaq özündə qətiyyət tapıb, yenidən şirkətə tərəf addımladı. O artıq qərar vermişdi. Mahiri görəcəkdi. Onun boynuna sarılıb, onu necə çox sevdiyini deyəcəkdi. Düzdür, bu heç nəyi dəyişdirməyəcəkdi. Arzu heç vaxt evlənməyəcəkdi. Ancaq indi o, elə bu an bunu etmək istəyirdi. qoy bu heç nəyi dəyişdirməsin. Ama Arzu bunu edəcəkdi. Qəlbində xilas olmağı arzulayan sevgi etirafı bu gün səslənəcəkdi. Arzu elə bu addımlarla irəliləyirdi ki, birdən şirkətin qapısından Mahirin çıxdığını görüb, çaşqınlıq və həyəcan içində yerində dayandı. Indi onun qəlbi çox bərk döyünürdü. Mahir Arzunu görüncə təəccübləndi. Arzuya doğru addımladı. Onun qarşısında dayanıb, Arzunun gözlərinə baxdı.
-Arzu, sən...Burda?
-Mahir...-Arzu çox həyəcanlı idi. Nə deyəcəyini bilmirdi. Hər şey necə də asan görünürdü. Ancaq indi sanki dili tutulmuşdu. Ürəyi yerindən çıxacaqmış kimi bərk döyünürdü.
-Mahir, əslində... burdan keçirdim...istədim səni görüm...Sənə deyiləsi sözüm var...-Arzu Mahirə baxdı. Onun göstərəcəyi reaksiyanı gözlədi.
-Nə deyəcəksən ki?-Mahir hələ də təəccüb içində idi.
-Mahir...-Arzu bir anlıq susdu.
-Mahir, getmirik?-arxadan bir qız gəldi. Gülümsəyərək mənalı-mənalı Mahirə baxdı.
-Sən keç, maşına. Mən də gəlirəm.-Mahirin narahat olduğu dərhal sezildi.
-Yaxşı.-qız gülümsəyərək keçib Mahirin maşınında oturdu.
-Səni eşidirəm.-Mahir donuq halda dayanan Arzuya baxdı.
-Bilirsən...Əslində elə də vacib deyildi...Unut.-Arzu geri çevrilib, iri və qəti addımlarla oradan uzaqlaşdı. Bəli, bu gün Arzunun qəlbində qalan o son ümid də indi elə bu an bitdi. Bu gün o istəmədiyi reallıqla qarşılaşdı. Bu gün o bu səhnəni görəndən sonra nağıllar və xəyallar aləmindən ayrıldı. O bu gün anladı ki, həqiqətən o, Mahiri itirib. Bəlkə də o bu həqiqəti dərk edirdi, ancaq qəbul etmirdi. Ancaq bu gün o hər şeyi qəbul etməli olacaqdı. Arzu əlinin içində sıxdığı kağızı, daha da bürüşdürərək küçənin kənarındakı zibil qabına atdı. Bu məktubdan yəqin ki,Mahirin heç vaxt xəbəri olmayacaqdı. Bəlkə də zibil yığanlar bu məktubu digər lazımsız kağızlar kimi zibil maşınlarına dolduracaqdılar. Və heç kim o kağızda nələr yazıldığını bilməyəcəkdi. Bircə Arzudan başqa...
“Mahir, heç bilmirəm sözə necə başlayım. Heç bilmirəm başlamaq istəyirəm ya yox. Bircə onu bilirəm ki, beynimi söküb atmaq istəyirəm. çünki hər an məni səbəbsiz düşüncələrlə yorur. Bilirəm ki, o düşüncələrin içində sən varsan. Hərdən mənə elə gəlir ki, mən səni unutmuşam. Ama bu belə deyil. Əlimdə əski parçası divarın kənarından sallanan dekorativ süni yarpaqları silirdim. Yarpaqlara baxırdım. necə də toz basmışdı. Silirdim. Birdən ayıldım ki, mən səni düşünürəm. bu birinci dəfə deyil. Mən bircə şeyi anladım. Mən həmişə səni düşünürəm. sən həmişə mənim yaddaşımın bir kənarında olmusan. Sən heç vaxt bilməmisən. heç vaxt sənə deməmişəm. ama indi deyirəm. bilirəm bu heç nəyi dəyişdirməyəcək. Ancaq demək istəyirəm. MƏN SƏNİ ÇOX SEVİRƏM. HƏM DƏ TƏSƏVVÜR EDƏ BİLMƏYƏCƏYİN QƏDƏR ÇOX.Mahir, sən və ancaq sən olacaqsan mənim idealım.”
Bu pis bir yuxu idi. Arzu bu yuxudan oyanmaq istəyirdi. o artıq ürəyindəki ağrını hiss etmək istəmirdi. O, artıq əzab çəkməkdən, ağlamaqdan yorulmuşdu. Axı bu əzabların bir sonu olmalı idi.
Axşam idi. Kəmalə evə gələndə evin işıqlarının sönülü olduğunu görüb, əvvəlcə Arzunun evdə olmadığını zənn etdi. Sonra həzin bir mahnının səsləndiyini eşitdikdən sonra Arzunun otağının qapısını açdı. Işığı yandırdı. Arzu çarpayıda oturmuş, yastığı qucaqlayaraq ağlayırdı. Qaranlığa öyrəşmiş gözlər gur işığa reaksiya göstərdi. Arzu gözlərini qıydı.
-Arzu, niyə qaranlıqda oturmusan?-Kəmalə Arzuya yaxınlaşıb onun yanında oturdu.-Nə olub,Arzu?
-Məndən axmaq insan varmı görəsən, bu yer üzündə?-Arzu hıçqırırdı.
-Nə olub axı?
-Bu gün onun iş yerinə getdim.
-Kimin? Mahirin?
-Hə. elə bilirdim mən onu necə düşünürəmsə o da məni düşünür. ama o bir qızla çıxdı. Harasa gedəcəkdilər. Qız onun maşınına mindi. Mənsə axmaq kimi orda qaldım. Özümü tupoy kimi hiss etdim.
-Bəs nə dedin Mahirə?
-Heç nə. tam deyəcəkdim ki, o qız gəldi. Yaxşı ki, demədim. Yoxsa özümü alçalmış kimi hiss edəcəkdim. Bu gün anladım ki, həqiqətən mən onun həyatında yoxam artıq. Mənəm günahkar. Bütün gübahlar məndədir. Onun heç bir günahı yoxdur. Ürəyim ağrayır, Kəmalə. Insanın sevdiyi birini itirməsi nə pis şey imiş.
-Bilirəm...-Kəmalə bir anlıq tələbəlik sevgisini xatırladı. O, 3-cü kursda oxuyanda onun sevdiyi insan 4-cü kursda oxuyurdu. Və sevdiyi insan universiteti bitirib getdikdən sonra Kəmalə anladı ki, o həmin insanı necə də çox sevirmiş. O, elə zənnn edirdi ki, bu dəhlizdə tənəffüslərdə, sevdiyi insan həmişə onunla olacaq. Həmişə dərs vaxtı Kəmaləgilin dərs otağının qapısını açıb, Kəmaləyə baxıb, sonra da örtüb gedəcək. O,həmin insana çox öyrəşmişdi. Və onsuz yeni tədris ilinə başlayanda, artıq onu bu universitetdə görməyəndə Kəmalə anladı ki, o, tələbəlik sevgisini çox sevirmiş. Bu ayrılıq və onun yoxluğu Kəmaləyə böyük bir ağrı qoyub getdi. Indi Arzu danışdıqca Kəmalə o illəri xatırladı.
-Ağlama,Arzu. Hər şey yaxşı olacaq. Zaman hər şeyi həll edəcək.
-Öz səfehliyimə ağlayıram. Göz görə-görə canımdan çox sevdiyim birini itirdim. Axı mən onu hər şeydən çox sevirdim. Ha istəyirəm onun adi insanlardan biri olduğunu özümə başa salım. Ama olmur. Axı o adi insan deyildi. Mən çox insanlarla ünsiyyətdə olmuşam. Onun kimisi yox idi. O, elə ciddi, vüqarlı, elə məğrur idi ki...O, dürüst idi, o, mədəni idi, onun səsi, onun gülüşü...
Arzu ağlayırdı. Danışdıqca ağlayırdı. Mahirlə keçirdiyi anları, etdiyi söhbətləri xatırladıqca daha bərkdən daha içdən ağlayırdı...Deyəsən, Arzu heç vaxt bu ayrılıqla barışa bilməyəcəkdi. Bəlkə hər şeyi zamanın öhdəsinə buraxsın. Axı zaman nə acılara, nə iztirablara məlhəm idi.
-Gəl çıxaq şəhərə.-Kəmalə Arzunun halının pis olduğunu görüb təklif etdi.-Gedək əyləncə mərkəzlərindən birinə. Çoxluca rəqs edərik. Stresdən çıxarıq. Evə qapandıqca daha da pis olacaq. Olan olub. Yaddında saxla ki, göz yaşların heç nəyi dəyişdirməyəcək. Onda niyə əbəs yerə ağlayasan ki? Dur. Dur gedək.
-Yox. Heç yerə getmək istəmirəm. təkid eləmə.
-Niyə axı?
-İstəmirəm. çoxluca ağlamaq istəyirəm.
-Axı ağlamaqla nə düzələcək ki?
-Bilirəm ki, heç nə əvvəlki kimi olmayacaq. Ama ağlamaq istəyirəm...Bağışla ama tək qalmaq istəyirəm...
-Yaxşı. Ama fikrini dəyişsən mənə de.-Kəmalə otaqdan çıxdı.
Arzu ayağa qalxıb, pəncərəyə yaxınlaşdı. Bilmirdi niyə ama bu gün onun hər kəsdən çox bu pəncərədən baxan insana ehtiyacı vardı. Arzu 4-cü mərtəbəyə baxdı. Pəncərə qaranlıq idi. Otağın işıqları yanmırdı. Qaranlıq pəncərə Arzunun ürəyini daha da sıxmağa başladı. Axı o, öyrəşmişdi, bu pəncərənin daima işıqlı olmasına. Arzu bir müddət sakitcə dayanıb həmin pəncərəyə baxdı. Ancaq həmin pəncərədə hələ də qaranlıq idi. Deyəsən bu gecə heç yanmayacaqdı. Arzu son ümidini də itirdikdən sonra geri çevrilib, otaqdan çıxdı. Qonaq otağına keçdi. Kəmalə televizora baxırdı.
-Fikirləşdim ki, sən düz deyirsən. evdə oturmaqla heç nə düzəlməyəcək. Mən dəli kimi rəqs etmək istəyirəm. dəli kimi bir şey etmək istəyirəm.
Kəmalənin üzündə təbəssüm yarandı...
***
Arzu ilk dəfə idi ki, belə bir məkanda olurdu. Ətrafda rəngarəng işıqlar yanıb sönürdü. Musiqinin səsindən elə bil indi tavan yerə çökəcəkdi. Arzu ilk dəfə idi ki, diskotekada olurdu. Ancaq bu məkan onun çox xoşuna gəlirdi. Yeni mühit, yeni dünya indi onun üçün çox lazım idi. Burda insanlar dəli kimi rəqs edirdilər. Heç kim heç kimə fikir vermirdi. Hamı öz dünyasında idi. Çoxunun da beyni dumanlı idi. Əsas o idi ki, heç kim heç kimə ilişmirdi. Hamı mədəni formada əylənirdi. Arzu ilə Kəmalə hündür oturacaqların birində oturdular. Barmen nəzakətlə soruşdu.
-Xanımlar, nə istəyirsiniz?
-İkimizə də kokteyl-Kəmalə Arzunun yerinə cavab verdi.
Arzu ətrafına baxırdı. Yeni mühitlə qarşı-qarşıya idi və bu mühitə öyrəşməyə çalışırdı. Başını yüncülcə tərpədərək, musiqinin ritminə uyğun hərəkət edirdi.
-Buyurun, bu da sizin kokteyliniz. Başqa nəsə istəyirsiniz?
-Hələki, yox.
-Nuş olsun.-Barmen gülümsədi. o, təxminən 25-26 yaşlarında olardı. Yaraşıqlı biri idi. Arzu qayğılı gözlərlə barmeni başdan-ayağa süzdü. O, çox yaraşıqlı idi. Ancaq Mahirə bənzəmirdi.heç kim Mahirə bənzəmirdi. O, gördüyü hər insanda Mahiri axtarırdı. Onları Mahirlə müqayisə edirdi. Kokteyli içdikcə gülümsəyirdi. ancaq barmenlə baxışları qarşılaşan kimi gözlərini qaçırırdı.
-Doğrudan da bura əla yer imiş.-Arzu qışqırırdı. Səs çox güclü olduğundan burada ağız deyəni qulaq eşitmirdi.
-Bilirdim ki, xoşuna gələcək. Bura şəhərin tanınmış, məşhur yerlərindən biridir.-Kəmalə gülümsədi.
-Hə. elədir. Bəlkə rəqs edək.
-Sən get rəqs et. Mən hələ oturmaq istəyirəm.
-Tək? Tək istəmirəm.
-Məgər təksən? bir az oyna. Görəcəksən...-Kəmalə eyhamlı Arzuya göz vurdu.
Arzu əvvəlcə istəmədi, ancaq axıtdığı göz yaşlarını xatırlayıb, mərkəzə doğru addımladı. Hər kəs oynayırdı. Çox şən, dinamik musiqi səslənirdi. Bu mahnı sədaları altında oynamamaq mümkün deyildi. Arzu bir anlıq gözlərini qapatdı. Sonra açdı. Yenidən qapatdı. Sonra yenidən açdı. Və oynamağa başladı. Oynayırdı. Dəli kimi rəqs edirdi. Sanki bu nəhəng salonda bir özü vardı. Heç kim gözünə görünmürdü. Rəqs edirdi. Arada gözlərini yumurdu. Öz dünyasına gedirdi. Gözlərini açanda yenidən bu dünyaya qayıdırdı. Musiqinin hər bir səsi qulaqlarında cingildəyirdi. birdən kiminsə ona toxunduğunu hiss etdi. Gözlərini açdı. Qarşısında təxminən 30-32 yaşlarında bir oğlan dayanmışdı. Sırtıqcasına hırıldayırdı. Arzunun insanda ən nifrət etdiyi şey idi bu-mənasız və sırtıq sima. Bir anlıq Mahirin baxışları gözlərinin qarşısında dayandı. Ciddi və sərt, eyni zamanda mehriban və mülayım.Yəqin ki o, bir də bu baxışları görməyəcəkdi. Arzu narahat oldu. yavaş –yavaş o insandan uzaqlaşmağa başladı. Ancaq o uzaqlaşdıqca həmin insan ona daha da yaxınlaşırdı. Fürsət düşdükcə Arzunun çiyninə,belinə, qollarına toxunurdu. Arzu mədəni formada öz etirazını baxışları ilə bildirməyə çalışdı. Ancaq bu yarı qaranlıq yerdə onun qəzəbli baxışları heç sezilmirdi. Arzu üzünü çevirib,çıxmaq istəyəndə oğlan onun qolundan tutub, özünə tərəf çəkdi.
-Gəl,hara gedirsən?
-Burax məni.-Arzu diksindi.
-Yaxşı da. Niyə ki? Yaxşı utanma. Hər şey yaxşı olacaq.
Arzu onsuzda əsəbi idi. Bu onun son səbrini də tükətdi. Oğlana bərk şillə vurdu.
-Alçaq, zibil. Istəmirəm də..Düşük.-Arzu özünü həyasız fahişə kimi hiss edirdi. Bir istəyi vardı. O da burdan tez uzaqlaşmaq. Deyəsən, bara gəlmək yaxşı fikir deyildi. Ancaq oğlanın Arzunu buraxmaq fikri yox idi. Musiqinin səsi o qədər güclü idi ki, heç kim heç kimi eşitmirdi. Arzu qışqırdıqca qışqırırdı. Oğlanın iyrənc qollarından qurtulmağa çalışırdı. Ancaq ətrafdakı heç kim Arzunun səsinə səs vermirdi. Hamı elə bil musiqinin səsindən kar olmuşdu. Bir anlıq Arzu buradakı insanların hamısına sonsuz nifrət bəslədiyini hiss etdi. Necə də heyvanlaşmışdı insanlar. Bütün yaxşı nələri vardısa itirmişdilər. Heç kim heç kimlə maraqlanmırdı. Hamı buna normal hal kimi baxırdı.
-Burax,məni. Mən səninlə oynamaq istəmirəm!!!-Arzu var-gücüylə qışqırırdı.
-Qorxma balası. Hər şey yaxşı olacaq...
-Burax qızı!
Arzu onu xilas edəcək qəhrəmanının üzünü görmək üçün səs gələn tərəfə baxdı. Istərdi ki, bu Mahir olsun. Ancaq bu Mahir deyildi. Bu başqa biri idi. O, çox yaraşıqlı cavan bir oğlan idi. Mənalı, qayğılı baxışları vardı.
-Eşitmədin burax qızı?-O, çox qəzəbli görünürdü. Arzu sevindi ki, nəhayət ki, bu qədər insan arasında ona qayğı göstərən tapıldı.
-Sənə nə var? Sən kimsən ki?
-Mən onun nişanlısı. Sözün var?
-Hə. hə. o, mənim nişanlımdır.-Arzu bu oğlanın əlindən xilas olunmaq üçün məcburən bu yalanı təsdiq etməli oldu.
Oğlan Arzunu tutan oğlanı bərk itələyib,Arzunun əlindən tutub, onu insan izdihamı içindən çixarmağa çalışdı. Arzu kiminsə əlindən tutmuş irəliləyirdi. heç bilmirdi kim idi bu insan? Adı nə idi? Necə bir insan idi. Ancaq özünü təhlükəsiz və güclü hesab edirdi. Deyəsən bu insan Arzunun qəhrəmanı idi. Onu xilas etməyə gəlmişdi. Nəhayət onlar insan izdihamından qurtulub, kənara çəkildilər. Arzu çox qorxmuşdu. əlləri hələ də əsirdi.
-Sən yaxşısan?-Oğlan diqqətlə Arzuya baxdı.
-Hə.Hə...Yaxşıyam.-Arzu ətrafına baxdı. Kəmaləni axtardı. Deyəsən Kəmalə o biri tərəfdə qalmışdı.
-Bura tək gəlmisən? deyəsən ilk dəfədir gəlmisən?-oğlan soruşdu.
-Hə. ilk dəfədir. Hardan bildiniz?
-Burada oynayanda gərək tək olmayasan. Yoxsa səni burda çox narahat edən tapılar.
Arzu bir anlıq bu yarı qaranlıq, rəngli işıqların və gur səsin olduğu məkanda qarşısında dayanan və onu xilas edən insana baxdı. Elə ilk baxışdan nəsə qeyri-adi bir
təəsürrat yarandı Arzuda. Oğlanın çox mənalı gözləri vardı. Sanki bu insanı Arzu əvvəllər haradasa görmüşdü.
-Mən...Mən rəfiqəmi axtarıram. O, burada idi. Ama bilmirəm hansı tərəfdə. Lap başımı itirmişəm.
-Narahat olmayın, xanım. Mən sizə kömək edərəm.
-Xahiş edirəm. mənə kömək edin. Mən buradan getmək istəyirəm. ama onu tapa bilmirəm.
-O, necə biridir?
-Belə qara saçları var. Mavi rəngli koftası var. Cins şalvar geyinib. Adı Kəmalədir.
-Narahat olmayın, xanım. Siz burdan heç yerə tərpənməyin. Mən sizin dediyiniz adamı tapıb gələcəm. məni burda gözləyin.
-Yaxşı. Yaxşı.
Oğlan uzaqlaşdı. Insan izdihamı içində qeyb oldu. Arzu özünü narahat hiss edirdi. Həm də qorxurdu. Tezliklə bu iyrənc yerdən uzaqlaşmaq istəyirdi. ətrafına baxmaqdan belə qorxurdu. Baxışlarını yerə zilləmişdi. Bir azdan Kəmalənin ona yaxınlaşdığını görüb sevincək halda rəfiqəsinə yaxınlaşdı.
-Nə olub,Arzu? Eşitdim məni axtarışa vermisən.-Kəmalə güldü.
-Kəmalə, gəl gedək burdan. Mən burda bir saniyə də qalmaq istəmirəm.
-Niyə axı?
-Gəl çıxaq. Sonra deyərəm.-Arzu Kəmalənin qolundan tutub onu çıxış qapısına doğru irəlilədi...
***
Arzu indi tamam fərqli hisslər içində idi. Evə gələn kimi adəti üzrə pəncərədən 4-cü mərtəbəyə baxdı. Ancaq yenə də pəncərə qaranlıq idi. Ancaq bu Arzunu elə də məyus etmədi. indi Arzunu nə həmin pəncərə, nə də Mahir maraqlandırırdı. Indi o tamam başqa bir insan barəsində düşünürdü. Barda onu xilas edən qəhrəman. Görəsən kim idi o? Adı nə idi? Indiki zamənədə belə insanlar çox azdır. Insan adətən belələri ilə qarşılaşanda özünü qeyri-adi, nağıl qəhrəmanı kimi hiss edir. Arzu da indi özünü elə hiss edirdi. Gözlərinin önündən oğlanın baxışları çəkilmirdi. Yəqin ki, bir də həmin oğlanı görməyəcəkdi. Nə bilmək olar. Həyat qəribə təsadüflərlə doludur...
-Arzu, deyəsən getdiyimiz yer xoşuna gəlmədi?-Kəmalə onu xəyallardan ayırdı.
-Hə. heç xoşuma gəlmədi. gərək mənə deyəydin.
-Nəyi?
-Başıma belə şeyin gəlmək ehtimalı olduğunu.
-Hə...-Kəmalə mənalı-mənalı güldü.-Ama getməyimizin bir müsbət tərəfi də oldu.
-Nə?
-Artıq fikir çəkmirsən. deyəsən, depressiyadan çıxmısan.
-Hələki hə. doğrudan da bu mənim üçün bir dəyişlik oldu. Ən azından bu gün depressiyada olmayacam.
-Bəs o oğlan kim idi?
-Kimi deyirsən?
-Mənim dalımca göndərdiyin oğlanı deyirəm.
-Hə. onu?-Arzunun üzündə izaholunmaz təbəssüm yarandı.-O mənim qəhrəmanım.
-Nə?
-O idi məni düşük oğlanın əlindən xilas edən.
-Doğrudan? WOW. Lap yaxşı. Yaraşıqlı oğlan idi.
-İnanmıram!!!
-Nə olub?-Kəmalə Arzunun heyrətindən təəccübləndi.
-Mən o oğlana təşəkkür etmədim. Inana bilmirəm. görəsən, mənim kimi səfeh var bu dünyada?
-Əşi, nə olacaq ki...Yəqin çox qorxmuşdun ya da həyəcanlı idin, təşəkkür etmək yadından çıxdı. Bəlkə sabah da gedək. Bəlkə onu görə bildin. Təşəkkür də edə bilərsən.
-Yox.Əsla. Əsla. Mən bir də ora getmərəm.
-Deyəsən, o manyak sənin gözünü yaman qorxudub.-Kəmalə güldü.
***
Zaman hər şeyi unutdurur. Arzu da zamanla qəlbindəki ağrının acısının azaldığını hiss edirdi. Axşamlar Kəmalə ilə şəhərə gəzməyə çıxırdılar. Müxtəlif mağazaları, əyləncə mərkəzlərini gəzirdilər. Arzu artıq Mahiri get-gedə unutmağa başlayırdı ya da çalışırdı. Ancaq bəzən elə anlar olurdu ki, qulağına Mahirin adı səslənirdi, ya da qarşısından keçən insanları Mahirə bənzədirdi. Geri çevrilib, diqqətlə baxdıqdan sonra yanıldığını anlayırdı. Arzu Mahiri unutsa da, pəncərədəki insanı unuda bilmirdi. Düşüncələrində haçalanma gedirdi. Bir tərəfdən pəncərə, digər tərəfdən isə diskotekada rastlaşdığı o insan...
Bu gün bazar idi. Arzu ilə Kəmalə DVD –də maraqlı filmə baxırdılar. Qarşılarındakı qabdakı tumdan, cipsidən, və limonadlardan içə-içə maraqla baxırdılar. Bu onların hər bazar etdiyi istirahət idi. Ya Arzu, ya da Kəmalə bazar istirahəti üçün DVD alırdı. Film qurtardıqdan sonra qızlardan dərin ah qopdu. Arzu hətta ağlamışdı da. Çünki kino saf məhəbbətdən bəhs edirdi.
-Ehh, görəsən həqiqətdə də belə sevgi var?-Arzu kövrəlmişdi.
-Yəqin ki var.
-Nədənsə mən inanmıram. Saf sevgi həmişə kinolarda olur. Ya da nağıllarda...
-Bəlkə də var. Ama bizə rast gəlməyib. Bəlkə də nə vaxtsa qəhrəmanımızla rastlaşacağıq. Bəlkə də artıq rastlaşmışıq, ama xəbərimiz yoxdur.
-Bəlkə də...-Arzu dərin fikrə daldı. Ağlına gələn ilk ad o oldu –Mahir! Axı o indiyə qədər Mahir kimi bir insana rast gəlməmişdi. Mahir heç kimə bənzəmirdi. O tamam fərqli biri idi. Yəqin ki, Arzu bir də Mahir kimi bir insana rast gəlməyəcəkdi. Arzu artıq qəhrəmanına rast gəlmişdi. Ancaq onu itirmişdi. Arzunun ağlına pəncərədəki adam gəldi. Indi hava işıqlı idi. Bəlkə onu görə bildi. Arzu pəncərəyə yaxınlaşdı. Pəncərəyə baxdı. Eyvandakı ipdən narıncı rəngli dəsmal asılmışdı. Arzu dəsmalı görcək gülümsədi. bu həmin insanın məşhur əşyası idi. əgər həmin dəsmal ipdə olardısa deməli o insan elə indicə eyvana çıxıb. Arzu ipə asılan paltarlardan bilirdi ki, o indi evdədir ya yox. Indi ipdəki dəsmalı görüb gülümsədi. bayaq ötəri baxanda ip boş idi. Deməli indi evdədir. Arzunu qəribə həyəcan bürüdü. Pəncərəni açıb baxmağa başladı. Gözlərini həmin pəncərəyə zillədi. ürəyində arzuladı: “Kaş onu görə biləydim. Bəlkə də yaşlı bir kişidir. Bəlkə də 40-50 yaşlı tənha yaşayan bir kişidir. Bəlkə də cavan bir yazıçıdır. Axı çox vaxt stolunun üstündə kağızlar olur. Bəlkə müəllimdir. Bəlkə də mühasibdir...”
-Kimə baxırsan?-Kəmalə Arzunu diksindirdi.
-Heç...
Arada sükut yarandı.
-Maraqlı film idi hə?-Kəmalə hələ də filmin təsirindən çıxmamışdı.
-Hə...Kəmalə, bilirsən orada kim yaşayır?
-Harada?
-Orada...4-cü mərtəbədə...Narıncı rəngli dəsmal asılan eyvanı deyirəm.
-Bilmirəm. yox. Görməmişəm. nə olub ki?
-Heç...Elə -belə soruşdum.
-Yaxşı da...De görüm, niyə soruşdun? Maraqlandırmasa soruşmazdın...
-Hərdən onu görsən mənə deyərsən. yaxşı. Onu gecələr tək eyvanda dayanan görürəm. mənə elə gəlir ki, o, bizim pəncərəyə baxır. Ama qaranlıqda dəqiq əmin ola bilmirəm. onu heç vaxt gündüz görə bilməmişəm. mənə çox maraqlıdır. Görəsən necə bir insandır?
-Yaxşı. Görəndə deyərəm. düzü mənə də maraqlı gəldi...
***
-Necəsən Elnur?-Zaur komputerdə yazan dostuna nəzər saldı.
-Yaxşı.-Elnur başını qaldırmadan cavab verdi.
-Yenə yazırsan? Indi ki fasilədir. Gəl harasa gedək.
-Yox,Zaur. Incimə ama indi işim var.
-Çoxdandır, səninlə oturub danışmırıq. Səni bu son zamanlar yaxşı görmürəm. depressiyadasan?
Elnur başını qaldırıb, Zaura baxdı. Zaur onun ən yaxın dostu idi. Ancaq nədənsə Zaur onu indi qıcıqlandırırdı. Zaur evli idi. sevimli həyat yoldaşı, şirin bir oğlu vardı. O, xoşbəxt idi. O əzab çəkmirdi. O istədiyi qadını daima yanında idi. O tək deyildi. Onun sevgilisi onu tərk etməmişdi. O bu əzabı unutmaq üçün hər gün bara getmirdi. Və hər dəfə barda rastlaşdığı qızlarla yatmırdı. Yatdıqdan sonra həyata daha da nifrət etmirdi. O həyatda sevgisini tapmışdı. Bəlkə də ona görə Elnur ən yaxın dostundan qaçırdı. Bəlkə də həyatdakı ikinci yarını tapdığı üçün ona paxıllıq edirdi. Axı hər kəsin ən böyük arzusu bu idi- ikinci yarını tapmaq.
-Yox, depressiyada deyiləm. sadəcə işim çoxdur.-Elnur başını aşağı salıb işinə davam etdi...
Elnur evə gələndə yenə də gec idi. Saata baxdı. Saat 2 idi. Elnur içməsə də, beyni dumanlı idi. O bu dəfə bara getməmişdi. Dənizə getmişdi soyuq qış havasında saatlarca sahildə dayanıb, dənizə baxmışdı. O, düşüncələrinin içində azıb qalmışdı. Beynini sarmaşıq kimi dolayan fikirlərdən azad olmaq istəyirdi. televizoru yandırdı. Ancaq baxmaq üçün deyil, sadəcə evdə səs olsun deyə. O artıq tənhalıqdan bezmişdi. Danışacağı, dərdləşəcəyi birinin olmasını istəyirdi. Nigarla əvvəlki günlərini xatırladı. Necə də yaxşı idi. Onlar saatlarca danışırdılar. Nigar Elnurun yazdığı əsərləri necə maraqla danışmasını sevirdi. Nigar ona sevgi dolu gözlərlə baxırdı. Yox,Elnur Nigar üçün darıxmamışdı. Sadəcə o xatirələr üçün darıxmışdı. Elnur soyuducunu açıb, kola butulkasını götürdü. Açıb, içməyə başladı. Sonra eyvana çıxdı. Baxışları 7-ci mərtəbəyə qalxdı. Ancaq pəncərə qaranlıq idi. Elnur məyus halda evə keçdi. Artıq neçə gün idi ki, o bu pəncərədəki qızı görmürdü. Ya gec saatlara kimi barlarda olur, ya da tənha sahildə addımlayırdı. Elnur divanda əyləşib, televizora baxdı. Türk kanallarının birində gecə şousu göstərilirdi. Elnur birdən o qızı xatırladı. 1 həftə bundan qabaq barda gördüyü qızı. Necə də ürkmüşdü. Qorxu dolu baxışları vardı. Ama məsum bir siması vardı. Elnur özünü anlaya bilmirdi. Sanki içində o qızı müdafiə etmək kimi bir hiss yaranmışdı. Ama o qız onunla sağollaşmadan belə cəld oranı tərk etmişdi.
***
-Arzu...-Arzu başını qaldıranda Zemfiranın ona gülümsədiyini gördü. Zemfira əlindəki dəvətnaməni Arzuya uzatdı.
-Bu nədir?
-Dəvətnamə. Səni toyuma dəvət edirəm. -Zemfira Arzunun iş yoldaşlarından biri idi. O da bankda işləyirdi.
-AAA..Təbrik edirəm. xoşbəxt olasan.
-Çox sağ ol. O gün olsun, sənin üçün olsun.-Zemfira gülümsəyərək Arzunun masasından uzaqlaşdı. Arzu əlindəki bəzəkli dəvətnaməyə baxdı. Dəvətnamədə yazılanları dodağının altında astaca oxudu. Uzun-uzun dəvətnaməyə baxdı. Sonra kənara qoyub, işinə davam etdi.
***
Gecə idi. Arzunu bu gecə yuxu tutmamışdı. Yatağında uzanmış, tavana baxırdı. Işıq sönmüşdü. Ancaq ayın işığı otağı işıqlandırırdı. Arzu artıq pəncərəyə yaxınlaşmırdı. Bilirdi ki, o pəncərəni yenə qaranlıqda görəcək. əlinə telefonunu aldı. Kimləsə danışmaq istədi. Əgər indi anası yanında olsaydı, onunla dərdləşərdi. Anasına öz qorxularından, onu narahat edən məsələlərdən, fikrindən çıxara bilmədiyi insanlardan danışardı. Ancaq anası yox idi. O, Arzunu hələ 11 yaşında ikən tərk etmişdi. Kaş ki indi yanında olardı. Arzu anası ilə etdiyi son söhbəti xatırladı. Sonra atasının dediyi sözlər...Bardakı onu xilas edən o mənalı baxışları olan oğlan...Zemfiranın verdiyi dəvətnamə...Həyatındakı bütün səhnələr gözlərinin önündə canlanırdı. Nədənsə birdən uşaqlıq illəri yadına düşdü: Bir gecə o yenə yata bilmirdi. Qorxurdu. Çünki bayırda güclü külək əsirdi. Arzu tək qorxduğundan atasının yanına getmək istədi. ayağa qalxıb, qorxa-qorxa qaranlıq dəhlizdən keçərək, atasının yataq otağının qapısını açdı. Istədi atasını səsləsin. Ama dayandı. Anasının yerində başqa bir qadın uzanmışdı. Bu onun anası deyildi. Bu başqa qadın idi. Arzu elə o zaman anlamışdı ki, o, bu həyatda təkdir. Bunu ögey qardaşı dünyaya gələndən sonra daha dərindən başa düşdü. Indi o atasının sevgisini də kimləsə paylaşmalı olacaqdı. Keçmiş xatirələr yada düşdükcə Arzunun ürəyi daha da sıxılmağa başladı. Gözlərini yumdu. Hər şeyi beynindən atıb, yatmaq istədi. Əlindəki telefonu söndürüb, gözlərini yumdu.
Dostları ilə paylaş: |