Məhəmməd Hatəmi Tantəkin. Azərbaycan Milli Azadlıq Hərəkatının banilərindən və əfsanəvi isimlərindən biri
Ermənistanda SSRİ-dən ayrılmaq fikri ortaya çıxmışdı. İdeya qonşu Azərbaycan, Gürcüstan respublikalarına adlaya bilər və sonucda imperiyanın Qafqazda dağılmasına gətirib çıxarardı. Bunun qarşısını almaq məqsədi ilə Moskva iki qonşu xalq arasına Dağlıq Qarabağ münaqişəsini soxdu. Azərbaycan və Gürcüstanla əl-ələ verib rus istilasından xilas olmaq əvəzinə, Ermənistan ərazi iştahası ilə bu münaqişəyə boyun əydi.
Münaqişə A. Aqanbekyanın Parisdəki aşağıdakı mətbuat müsahibəsi ilə başladı: "Mən istərdim ki, (respublikanın şimal-şərqində yerləşən) Qarabağ Ermənista-nın olsun. Mən iqtisadçı kimi belə hesab edirəm ki, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır" (3). Dağlıq Qarabağ erməniləri elə bil bu müsahibəni gözləyirmişlər, məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.
Sovet dövründə Azərbaycanın itirilmiş torpaqlarının hamısı xəyanətkar dövlət başçılarımızın əli ilə onabuna dağıdılmışdır. Onların indi də vətənimizin bu gözəl parçasını ermənilərə verməyəcəklərinə xalq içərisində inam yox idi. Dağlıq Qarabağ məsələsinə aşağı dairələrdən əvvəlcə Azərbaycan Dövlət Universitetinin müəllim-tələbə kollektivi arasında, ardınca Çənlibel Təşkilatında reaksiya verilməsi və 19 fevral 1988-ci il tarixində isə İnşaat Mühəndisləri İnstitutu ilə Politexnik İnstitutunun 250-300-ə qədər tələbəsinin Bakıda ilk etiraz nümayişinə çıxmaları bu inamsızlığın ürünü idi. Xatirimdədir, hamı bu nümayişə xalqın dirçəlişi kimi baxır, özəl bir sevinclə bir-birini təbrik edirdilər. Bu tarix Azərbaycanda dirçəliş günüdür, noyabr-dekabr meydan mitinqi yox.
Nümayişçilər Kommunist küçəsindən, Gənclər Meydanından, Neftçilər prospektindən keçərək, Azadlıq meydanına daxil olanda, buraya qoşulan xalqın hesabına sayları 5 mini ötmüşdü. Meydanın bir tərəfində durub mitinqə tamaşa edirdim. Natiqlər biri-birinin ardınca Dağlıq Qarabağla, erməni fitnəkarlığı ilə ilgili qızğın çıxışlar edir, mitinq tərəfindən eyni qızğınlıqla alqışlanırdılar. Burda və Azərbaycan KP MK-nın qabağında vətənsevərcəsinə ən gözəl çıxışı tarix elmləri namizədi Mənsur Əlisoy etdi. Mitinqdən sonra Çənlibel (Nu poqodi) çayxanasında ona dedim: "Bu gün Azərbaycan xalqına atalıq etdin". Cavabında o: "həyatımda cəmi üç saat yaşamışam, o da bu gündür" dedi.
Birdən mitinqə xəbər yayıldı ki, Anar gəlib. Anar "Vətən" cəmiyyətinin sədri yazıçı Elçin Əfəndiyevlə birlikdə mitinqə gəlmişdi. Danışmaq üçün ona söz veriləndə bütün mitinq çılğınlıqla səslənirdi: "Anar! Anar! Anar!" Anarın danışmağa başlamasından yeddi-səkkiz dəqiqə keçməmişdi ki, mitinq iştirakçıları onu, iti məsciddən qovan kimi, tribunadan qovdular. Eyni duruma Elçin düşdü. Səbəb o idi ki, onlar xalqla həmrəyliyə gəlməmişdilər, göndərilmişdilər ki, mitinqi dağıtsınlar. Buna nail olmadıqda, Anar başladı sızıldamağa: "Xalq öz yazıçısına qulaq asmalıdır". Onun bu sözünə haqq qazandırıram. Ancaq amması var. Azərbaycan sovet yazıçısı, şairi 70 illik bolşevik-kommunist rejimi dövründə nəinki xalqı ilə heç vaxt bir yerdə olmamış, əksinə xalqını kölə kimi işlətməkdə, onun mənəviyyatında təxribatçılıq işi aparmaqda müstəmləkəçi düşmən dövlətə sadiq yardımçı olmuşdur. Yaradıcılığı formaca milli, məzmunca sosialist, partiyalı, internasionalist prinsipə tabe tutulub millilikdən, xəlqilikdən uzaq olan Anar bu şair-yazıçılardan heç nəyi ilə fərqlənmir. Bu, bir yana dursun. Bir yazıçı ki, dövləti dağıdılmış, yurdu istila olunmuş, torpaqları ona-buna pay-püş edilmiş, özü köləyə döndərilmiş məzlum, yazıq, hüquqsuz xalqının 70 ildə bir kərə güclə ayağa qalxıb vətəni müdafiə etməsinə mane ola, ona nə ad verəsən?! Yox, mən xalqın Anarı təhqir etməsinə haqq qazandırıram. Yeri düşmüşkən qeyd edim ki, M. Ə. Rəsulzadənin "Qara gün münasibətilə" məqaləsində (4) adlarını vaxtilə ikrahla yad etdiyi adda-budda Anarlar, münbit şərait səbəbilə, bu gün sürülərə dönmüşdür. Bunlar sapı özümüzdən olan baltalar, xalqı içindən yeyən mirgənələrdir.
Nümayişçilər mitinqi Mərkəzi Komitənin qabağında davam etdirmək istəyilə, gəldikləri Neftçilər prospekti ilə ora yönəldilər, mən də aralarında. Biz MK-nın qabağına çatanda gördük ki, Anarla Elçin özlərini çoxdan buraya yetirmişlər. Mirzə İbrahimovla Süleyman Rüstəm də yanlarında idilər. Onlar dördü birlikdə çox çabaladılar, dəridən-qabıqdan çıxdılar, mitinqi dağıda bilmədilər. Məlum oldu ki, imperiya təbliğat maşınının uzun illər boyu xüsusi ədəbi istedad, xüsusi vətənsevər kimi reklamlaşdırdığı bu xalq "sevimlilərinin" xalq yanında dəyərləri yoxmuş.
Mitinqi dağıtmağa dövlət adamları özləri girişdilər, yenə bir şey çıxmadı.
Natiqlər biri-birinin ardınca əvvəlki ehtirasla çıxış edirdilər. Kirimişcə dayanıb onlara qulaq asır, daxili bir sevinclə mitinqi seyr edirdim. Tribunada dayandığım yer həm mitinqçilər, həm dövlət adamları tərəfdən yaxşı görünürdü. Bilmirəm necə oldusa, dövlət adamlarının altdan-altdan mənə baxdıqlarını sezdim (onlar Çənlibelə görə məni pis tanımırdılar). Nə üçün mənə baxdıqlarından əvvəl-əvvəl bir şey anlayamadım. Sonra hiss etdim ki, nümayişin təşkilində barmağım olduğundan şübhələniblər. Mitinqdə mənimlə ilgili baş verəcək bəzi şeylər onlarda buna şübhə qoymayacaqdır.
Heç gözləmədiyim bir şəkildə Ağası Hunun başçılığı ilə mitinqin içərisində bir dəstə çənlibelçi, ardınca bütün mitinq qəflətən gurlamağa başlamadımı: "Hatəmi! Hatəmi! Hatəmi danışsın!" Düzü özümü itirdim. Nə edəcəyimi bilmədim. Gördüm ki, dövlət adamları mənalı-mənalı məni süzürlər. Özümə aldırmadım. Mitinq danışmağımı tələb-təkid edib dururdu. Yolu yox idi, gərək danışaydım. Meqafon Azərbaycan KP MK-nın katibəsi Svetlana Qasımovanın əlindəydi. Əlimi atdım ki, meqafonu ondan alaraq danışım, geri çəkilib vermədi. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Əfrant Daşdəmirov və bir neçə başqası S. Qasımova ilə arama girərək, meqafonu məndən lap uzaqlaşdırdılar. Açıq-saçıq bir həyasızlıqla danışmaqdan məhrum edilmişdim. Xalqı intizarda qoymayıb, hərəkətimlə də olsa ona bir söz deməliydim. Mitinqə sarı çevrilərək, əsəbiliklə düyümlənmiş yumruğumu havada yelləməyə başladım. Eyni hərəkətlə mənə cavab verən xalq, onu birliyə, mübarizəyə səslədiyimi göydə almışdı. Meydanlarda yumruq tutulmasının tarixçəsi belə başlamışdır. Sonralar AXC-nin Sirus Təbrizli kimi tipləri onu "qələbə" anlamındakı "viktoriya" sözünün baş hərfini ifadə edən açıq ikibarmaq hərəkətilə əvəz etməyə çalışdılar. Fəqət başaramadılar.
Mitinq onun təşkilatçılarının iradəsi altından çıxıb, mənim şəxsimdə çənlibelçilərin iradəsi, hökmü altına girmişdi. Bunun sonucu idi ki, əlimə aldığım panamamın bir hərəkəti ilə heç kimin dağıda bilmədiyi mitinqi Kommunist küçəsinə yönəldib sona çatdırdım, axşam saat beşə yaxın.
Belə fikirləşirəm ki, Çənlibel bu tarixdən etibarən açıq siyasi təşkilata çevrilmişdir» (2, s. 12-16).
Dostları ilə paylaş: |