Nəsir Ağayev
Müxtəlif vaxtlarda keçirilən “Şəhriyar poeziya günləri”ndə Balaş Azəroğlu, Əbülfəz Hüseyni, akademik Mahmud İsmayılov, akademik Mirabbas Qasımov, elmlər doktorları Həmid Məmmədzadə, Şövkət Tağıyeva, Hüseyn Çəndirli, Bəhlul Abdullayev, Buzovna şairlərindən Əlabbas Zaki, Ağəmi İslam oğlu, Maştağalı Sərraf, Aslan Meyramlı, Nurəddin İsmayılov və başqalarının maraqlı çıxışları maraqla qarşılanır. Hər tədbirdən sonra gərginlik daha da artırdı. Odur ki, yeni bir üsula əl atmaq lazım idi ki, gərginlik nisbətən azalsın. Odur ki, Azərbaycan tarixinə dair xüsusi kurslar təşkil etmək, bu kurslarda Azərbaycanın müxtəlif rayonlarından zəkalı gənclərin iştirakını təmin etmək, sonradan onları öz rayonlarına göndərməklə, təbliğati işi bütün bölgələrə yaymaq qərara alınır. Bu yolla gizli təşkilat öz əsas hədəfinə daha asan yolla nail ola bilərdi ki, bu da olduqca vacib idi. Seçilən gəncləri ali məktəbə hazırlamaq adı ilə, həm də əslində elə bu mqsədlə Nəsir müəllimin yanına gətirərdilər. Gənclərlə Azərbaycanın tarixi, ermənilərin ərazilərimizə avantürist iddiaları, Azərbaycanın müstəqilliyi, müsavatçılıq ideologiyası haqqında söhbətlər edilir bu mövzular onlara ətraflı izah edilirdi. Bu gənclərin əksəriyyəti sonralar Şərur rayonunda, Ordubadda, Maştağada, Şüvəlanda, Neftçalada, Saatlıda, Qubada, Siyəzəndə, Şamaxıda və digər rayonlarda Azərbaycanın müstəqilliyi ilə bağlı ideyanı yaymaqlaa ciddi məşğul olmağa başladılar. Onlar bu ideyanı yerlərdə Mirzə Ələkbər Sabirə, Hüseyn Cavıdə, Məhəmməd Hadiyə, Cəlil Məmmədquluzadəyə və digər şəxsiyyətlərə istinadən yaymağa çalışırdılar.
Görülən işlər öz nəticəsini gözləniləndən də tez verdi. Günlərin birində, daha dəqiq desək, 1988-ci ilin fevral ayının 19-da Nəsir bəyin Şərurdan olan Nurəddin İsmayılov (hazırda ADP sədrinin müavinidir-müəll.) adlı bir tələbəsi zəng edərək sevinc və həyəcanla deyir:
“Ustad, Bakıda tələbələr ermənilərin Xankəndində olan pozuculuq əməllərinə etiraz olaraq nümayışə çıxıblar. Bu nümayış və mitinqlərdə ADU-nun tələbələri aparıcılıq edir. Bu haqda fikirinizi deyin”.
Bunu gözləməyən Nəsir bəy duruxur, qulaqlarna inanmır. Bəli, uzun illərin gərgin zəhməti öz bəhrəsini vermişdi. Tələbəsi ona müraciət edərək göstəriş almaq istəyirdi. O, Ermənistan-Azərbaycan münasibətlərinin əslində həmişə gərgin olduğunu bilirdi. Ermənilərin ərazı iddialarından da tələbələrinə gen-bol danışmışdı”» (3, s. 42-44).
Yuxarıda təqdim etdiyimiz sitatın önəmli tərəflərindən biri də budur ki, Bakıda 1988-ci ilin 19 fevralında həyata keçirilmiş ilk mitinqin tarixçəsinə müəyyən qədər işıq tutur. Bu, çox önəmlidir. Çünki keçmiş DTK-nın arxivində qorunan gizli materiallar dışında, həmin mitinqin təşkilatçıları barədə heç bir açıq mənbə yoxdur.
Əldə olan başq bir mənbə M. H. Tantəkinin «Acı həqiqətlər» kitabında yazılanlardır ki, orada deyilənlərdən belə aydın olur ki, M. Hatəminin həmin mitinqin təşkilindən xəbəri olmayıb və sadəcə Ağası Hun və mitinqdə iştirak edən digər «Çənlibel»çilərin səyi nəticəsində o, tribunaya qalxa bilib, fəqət partiya funksionerlərinin ciddi maneəçiliyi nəticəsində ona söz demək imkanı verilməyib. Amma kütlə onu «Çənlibel»çilərə qoşularaq, coşğulu «Hatəmi! Hatəmi!...» sədaları ilə qarşılayıb (5, 2006, s. 16).
Mövzu ilə bağlı ən geniş məlumatı Ə. Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay kitabından tapırpq. Müəllif yazır: «…Nümayişdə iştirak etmək üçün bir azdan mən də Hökumət evinə tərəf yollandım. Mən bura çatanda Lenin meydanındakı çıxışlar yenicə başlanmışdı. Azərbaycan Politexnik İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Universitetin tələbələrinin, ya da eşidib gələn ayrı-ayrı adamların sayı 3-4 min olardı. Tələbələrin əllərində özlərinin yazdığı bu şüarlar vardı:
“Qarabağı müdafiə etməyə həmişə hazırıq!”
“Qoy ucalsın elin səsi, Qarabağın şikəstəsi!”
“YaşasınAzərbaycanın qədim torpağı Qarabağ!”
“Rədd olsun şovinizm!”
“Erməni şovinistlərinə ar olsun!” və b (Bunları mən elə oradaca kağıza köçürmüşdüm).
Həmişə partiya və dövlət rəhbərlərini görməyə adət etdiyimiz tribunada xeyli adam vardı, çoxusu tələbələr idi. əllərində səsucaldan tutmuşdular; daha doğrusu, bircə səsucaldan vardı, onunla növbələşərək danışırdılar. Təəssüf ki, danışanların çoxunu tanımırdım, əksəriyyəti də öz adını demirdi. Buna görə də onların adlarını burada çəkə bilməyəcəyəm. Ancaq yadımda qalanları (qeydlərimdən dəistifadə edərək) bura köçürürəm.
Çıxışçılardan biri (tələbə deyildi) dedi ki, bu yaxınlarda Yerevanda kitab çıxıb, orada Oktyabrdan qabaqkı və sonrakı düşmənlərdən danışılır. Oktyabrdan sonrakı erməni xalqınındüşmənləri içərisində Rəsul Rzanın da adı var.
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Mənsur Əliyev dedi ki, biz Qarabağı heç kimə vermərik. Qarabağ bizim şərəfimizdir. Burada ermənilər üçün hər cür şərait yaradılıb, ancaq onlar buradakı Azərbaycan yer adlarının çoxunu dəyişiblər. İndi öz evimizdən çıxmağı tələb edirlər. Biz də tələb edirik ki, muxtar vilayət bir rayona çevrilsin.
Başqa birisi dedi ki, Qarabağda yox, Ermənistanda, Gürcüstanda saysız-hesabsız yeradlarımızı dəyişiblər. Bakının özündə isə nə qədər küçənin adı yersiz olaraq ermənilərin şərəfinə verilib. Halbuki Stepanakertdə, Yerevanda azərbaycanlılarla bağlı küçə adları tək-tükdür. Bu ondan irəli gəlir ki, biz ermənilərin evində kirayədə qalırıq, özümüz öz torpağımızda kirayənişinik, heç bir ermənini isə Azərbaycanda kirayənişin görməzsən.
Yenə tanımadığım, adını bildirməyən bir oğlan yana-yana danışırdı ki, Qarabağ Üzeyir bəyin operaları, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin cəh-cəhləridir. Biz həmin operaları, Cıdır düzünü heç vaxt ermənilərə satmayacağıq.
Mən tələbələrin içində, meydanın ortasında durmuşdum. Yanımdakı oğlanlı-qızlı hamı birdən “Behrudi!”, “Behrudi!” qışqırmağa başladı. Səsucaldanı Rüstəm Behrudiyə verdilər. Mən onun adını indiyədək eşitməmişdim. Sən demə, şair imiş (Sonra hiss etdim ki, onun tələbələr arasında çox böyük, hətta həlledici təsiri var. Onu da hiss etdim ki, bu yığıncağın təşkilində ağırlıq onun üstünə düşüb).
Dostları ilə paylaş: |