Deməli, atmosferin və torpağın çirklənməsi insan üçün potensial təhlükədirsə, hidrosferin çirklənməsi gündəlik təhlükə sayılmalıdır. Çünki su həlledici olduğundan ona qarışan tullantılar ətraf mühitdəki canlıları asanlıqla kütləvi şəkildə zəhərləyir. Suyun təbiətdə dövran etməsi və axımı ilə əlaqədar zəhərlənmə geniş əraziyə yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir (100 km-ə qədər).
Suyun çirklənməsi onda həll olmuş oksigenin də miqdarının azalmasına səbəb olur. Oksigenin azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi proseslərin normal gedişi üçün əlverişli olmayan mühit yaradır.
Çirklənmədən ən çox şirin su mənbələri zərər çəkir. Çünki məişətdə, texnikada və kənd təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur.
Sənaye mənşəli tullantılar hidrofaunanın normal həyat fəaliyyətini pozmaqla yanaşı, hövzədəki suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nəinki içmək üçün, həm də kənd təsərrüfatında suvarma və texniki məqsədlər üçün də yaramır. Çirkli sularda şəraitə uyğunlaşıb yaşayan bir sıra canlıların (ilbizlər, balıqlar, yosunlar və s.) insanlar tərəfindən istifadə edilməsi yeni-yeni xəstəliklərin meydana çıxmasına səbəb olur. Çünki bir sıra kanserogen maddələr1 sudakı canlıların orqanizmində tədricən toplanaraq insan üçün təhlükəli həddə çatır.
Antropogen təsirlər2 nəticəsində atmosfer və torpaqla yanaşı, təbii sulara xeyli miqdarda azot və fosfor birləşmələri qarışır. Təbii suların tərkibində azot, əsasən, atmosfer vasitəsilə, kənd təsərrüfatında istifadə edilən azot gübrələrinin yuyulması ilə və kommunal təsərrüfatların axıtdığı çirkablar hesabına artır. Fosforla zəngin maddələrin eko-oji sistemdə çoxalması da getdikcə sürətlənir. Əvvəllər biosferə atılan fosforun əsas mənbəyi fosforlu gübrələr idisə, hazırda hidrosferə qarışan fosforun ən çoxu mətbəxlərdə və məişətdə işlənən sintetik yuyucu maddələrin payına düşür.
Müasir şəhər əhalisinin hər biri il ərzində biosferə təxminən 1,6 kq fosfor ixrac edir. 1 kq fosforun su mühitinə düşməsi isə 1 ton yosun kütləsinin artması deməkdir. Bunun da suyu necə və nə dərəcədə çirkləndirməsi sizə biologiyadan məlumdur.
Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda yayılaraq səthində nazik pərdə yaradır, bu da havadan oksigenin suya keçməsinə mane olur və nəticədə canlıların tənəffüsü çətinləşir. Bir damcı neft 1,5—2 m2 su səthini pərdə ilə örtür. Hesablanmışdır ki, dünyada hidrosferə ildə 12—15 milyon ton neft axıdılır.