Emosiyalarin psixoloji Əsaslari



Yüklə 28,7 Kb.
tarix02.01.2022
ölçüsü28,7 Kb.
#39871
EMOSİYALARIN PSİXOLOJİ ƏSASLARI


EMOSİYALARIN PSİXOLOJİ ƏSASLARI

Emosiya — insanın üzvü tələbatının təmin olunub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır.

Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir.

V.Ceyms emosiyanı hiss etməyə "cəhd" kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.

Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.

Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır.

Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır:


  1. Qəzəb (hücum, dağıdıcılıq) - qorxu (müdafiə)

  2. Bəyənmə (təqdir, qəbuletmə) - ikrah (rədd etmə)

  3. Sevinc (canlandırma, ərsətmə) - məyusluq (hüzn, məhrum olma)

  4. Gözləmə (tədqiq etmə)- təəccüb (istiqamətlənmə)

K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-dur: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb.

Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.

Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır.


  1. Qiymətləndirmə

  2. Təhriketmə (motivləşdirmə)

  3. Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya (pozma)

  4. Möhkəmləndirmə (tormozlama)

  5. Sezmə (qabaqlama, evristik) funksiyalar.

Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.
Hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat tərzindən, münasibətindən asılı olaraq beyində müəy­yən rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi ilə nəticələnir.

Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fizioloji əsasını təşkil edir. Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yaratmaq olar.


Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur.

Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və S.Şixterin konsepsiyasını qeyd etmək olar.

İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir.

Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (mə­­sələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yük­səlir, tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normalaşdırır.

Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti ilə yaşayırıq. İnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, vuruşmadan salamat çıxmasına bu iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol oynayır.

Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimetmə və  kommunikativ funksiya. Bu funksiyalar ümu­milikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların köməyi ilə nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq.

Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müx­təlif mədəniyyətə malik olan, dilini bilmədiyimiz hər hansı xalqın nümayəndəsinin emosional halını, şad, kədərli, qəzəbli olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən edə bilərik.

Hisslər insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır.


Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə müəyyən dəyişikliklər edirik.

İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzim etmə funksiyası ilə bağlıdır.  Məsələn: hər hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.



Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspres­siyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. Beləliklə, həmin kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn: kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan sonra biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik olur və təsəlli veririk.

Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların motivasiya və sosializasiya funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn: qorxu hissi insanı kömək axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun yaratdığı sosializasiyadır. Hər bir emosiyanın özünə məxsus sosializasiya funksiyası var. İkrah emosiyası olmasaydı, insanların gigiyenik qaydalara əməl etməsi, estetik tələbatları ödəməyə ehtiyac qalmazdı. Bu mənada fərdin sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir.

Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funksiyalar bir-birilə vəhdət təşkil edir. Psixoloji araşdırmalarda aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş və təsvir edilmişdir: maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.


Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.

İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.

Dilimizdə «hiss» termini müxtəlif mənalarda işlədilir. Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk etmək anlamı başa düşülür. Cəmiyyət və təbiət hadisələrinə münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss» anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək lazımdır.

«Hiss» termini ilə «emosiya» termini arasında da həm oxşar, həm də fərqli cəhətlər var.



Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə bağlıdır.

Hiss və emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan cəmiyyətinin inkişafı prosesində formalaşmışdır. Ona görə də hisslər ictimai səciyyə daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında yaşayırlar.

Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.

Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin hiss etməyən varlıq olsaydınız nə baş verərdi?

Hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.

İnsanın psixi həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar.


Təlim prosesində öyrəncilərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.

İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.



«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala çatıdan qorxar» tipli atalar sözləri  empirik surətdə hisslərin ha­fizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, insanların yal­nız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.

Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin bu istiqamətdə qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri  və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir:

1) emosional,   

2) intellektual.

Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.

Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin təfəkkürünün inkişaf  etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.

Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə  münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.

Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.

Emosiyaların ifadəsi kimi ağlamanı nəzərdən keçirmək heç də az maraq kəsb etmir. Göz yaşlarına münasibətdə gender fərqləri gender rollarının fərqinə nə dərəcədə əsaslana bilər? Qızlar yeniyetmə sonra isə cavan qız olanda frustrasiya, ağrı, yaxud qəzəb vəziyyətində göz yaşlarına asanlıqla meyl edirlər. Artıq yaşad olduqca bu vəziyyətlərdə çox vaxt ağlamırlar. Bu cür dəyişiklik haradandır? Onlar istəyirlər ki, cəmiyyət onları mötəbər və özünü ələ alan kimi qəbul etsin, əks halda bililrər ki, göz yaşları buna mane olardı.

Maraqlıdır ki, mötəbərlik və özünü ələ ala bilmə – bunlar kişi rolunun mühüm xüsusiyyətləridir və qadın kişilərlə işləməyə və yarışmağa başlayanda bu normaları təxirə salmadan mənimsəməyə başlayır.Nəhayət qadınlar emosiyaların bu cür özünü ifadə etmə üsuluna nəzarət etməyi yaxşı öyrənirlər

Conson və Şulman (Conson və Şulman 1988 il) aşkar etdilər ki, yaşlı qadınlar kişilərə nisbətən öz ətrafdakılara yönəldilmiş hisslərini daha çox ifadə edirlər (məsələn, başqalarının hisslərinə, onların tələbatlarına və arzularına marağın göstərilməsi). Kişilər isə qadınlara nisbətən daha çox eqosentrik hisslər (misal üçün, tələbatlar, arzular, xüsusi maraqlar) ifadə edirlər. Digər tədqiqatda aydınlaşmışdır ki, kişilərə nisbətən qadınlara qorxu və kədər hissini ifadə etmək daha rahatdır və bununla belə, insanlar qorxu keçirmək və kədər his etmək qabiliyyətində cinslər arasında fərq görmürlər. Eləcə də hesab edilir ki, kişilər qadınlara nisbətən daha çox qəzəb ifadə edir lakin, onu hiss etmirlər, qadınlar isə kişilər kimi eyni səbəbdən və onlar qədər intensiv qəzəblənirlər. Kopper və Epperson (1991) qadınlarda kişilərə nisbətən qəzəbin güclü dəf edilməsinə təsadüf etməmişlər, ancaq Bemin cins-rol sorğusu üzrə kişi tipinin təsvirinə uyğun olanlar isə qəzəb vəziyyətində olmağa və ətrafdakılara qəzəbi qaytarmağı daha meyilli idilər. Feybs və Martin (1991) qadınlarla müqayisədə kişilərə özünü təcavüzkar aparmaq daha çox xasdır və bu bəzilərini kişilərin daha çox qəzəb ifadə etdiyini düşünməyə vadar edir. Bəzi insanlar emosiyalardan insanlararası münasibətləri tənzim etdirərək istifadə etməyə çalışırlar. Bu sahədə qadınlar və kişilər eyni şəkildə qohumlar qonşular iş yoldaşları ilə səmərəli dolanmaq çəkişmələrə yol verməmək məqsədi ilə emosiyalarını imkan daxilində idarə etməyə çalışırlar.Mənfi emosiyalarını cilovlamağa çalışan insan bəzən maskalanlr.Öz məkirli niyyətini gizlədərək emosiyalarını idarə edir. Bu emosiyaların mənfi idarə edilməsidir.

Bəzən kişilər qadınlarda hökm sürən emosional duruma diqqət edərək, əks cinsə qarşı daha ehtiraslı olurlar. Bundan duyuq düşən bir qisim qadınlar bu kimi hallarda operativ tərəpənərək emosional sferalarını tənzimləməyə çalışırlar. Emosiyaların ifadəli hərəkətləri, ekspressiyası hər bir insanın öz emosiyalarını yaxşı dərk etməsində və ondan düzgün istifadə edib faydalanmasında üzə çıxır. Son zamanlar alimlər emosional aktivlik prosesinin surətlə inkışafı dövrundə emosiyalar zamanı orqanizmdə baş verən neyrofizioloji dəyişmələri müəyyənləşdirərək insanı ekstremal vəziyyətdən çıxartmaq və emosiyaları idarə etməyin yollarını axtarıb tapmaqla məşğul olurlar.



Gender psixologiyası ilə bağlı olan tədqiqatlarda kişi qadın cinsinə mənsub olan insanların şəxsiyyət keyfiyyətlərinin müqayisəli tədqiqinə diqqət yönəldilir.Məhz bu səbəbdən gender aspektində emosional sferanı təhlil edərək belə nəticə əldə edirik ki, bu səpgidə mövzuların işlənməsi müasir psixologiya elminə daha zəngin tövhə verə biləcək tədqiqatlarla zənginləşməlidir.

ƏDƏBİYYAT

  1. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. – Bakı, 2003, səh.212-257

  2. Məmmədov İ.Ə. Azərbaycan məktəblərində psixoloji xidmətin təşkili təcrübəsi və elmi-metodik problemləri. – Bakı, 1996

  3. Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət: problemlər, düşüncələr// Azərbaycan məktəbi, 1993, №3.

Yüklə 28,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin