ƏSAS FONDLAR VƏ ONLARIN AŞINMASI
Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürləridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və materialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yeni istehlak dəyərinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər.
Əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə iştirak edən, öz natural formasını saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə köhnəlmə dərəcəsindən asılı olaraq hissə-hissə keçirən əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır.
Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, dəyəri 550 min manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 550 min manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 550 min manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir.
Əsas istehsal fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fondların dəyərinə istehsal müəssisələrinin, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün verilmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikintinin balansında olan avadanlıqların dəyəri daxil edilmir.
Müəssisənin əsas fondları,əsas istehsal fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin binaları, qurğuları və s. aid edilir. Əsas istehsal fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edildikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir.
Əsas istehsal fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların fiziki əsasları yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.
Qeyri-maddi aktivlərə patentlər, əmtəə nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan istifadə, "nou-hau", rəsmiləşdirilmiş məsləhət və s. aid edilir.
Müəssisənin sərəncamındakı əsas fondlar iqtisadi məzmununa görə həmcins olsalar da əşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istehsaldakı işinin xarakterinə görə əsas fondların differensasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir.
Dostları ilə paylaş: |