Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


Əxlaq və ictimai şüurun digər formaları



Yüklə 82,88 Kb.
səhifə12/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
etika pdfler

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir. Əxlaq da ictimai şüurun digər qədim növü olan din kimi ictimai şüur formasına ibtidai dövrdə hələ çevrilə bilmir, çünki onun da rüşeymləri həmin dövrdə kifayət qədər inkişaf tapa bilməmişdi.
İctimai şüurun hər bir forması gerçəkliyi özünəməxsus şəkildə əks etdirərək digər ictimai şüur formaları ilə sıx əlaqədədir. İctimai şüurun 7 forması var: 1) siyasət, 2) hüquq, 3) elm, 4) fəlsəfə, 5) din, 6) incəsənət, 7) əxlaq.
Siyasət və əxlaq. Siyasət siniflər arasındakı münasibətləri, onların hakimiyyət uğrundakı mübarizəsini əks etdirərək, diqqət mərkəzinə siyasi məqsədəuyğunluğu, yəni sinfi maraqların daha səmərəli ifadəsini və təminatını qoyur. Əxlaq da sinfi maraqları əks etdirir və bunu özünəməxsus şəkildə, bütün insanlara aid olan, özündə ümumbəşəri element və aspektləri cəmləşdirən universal tələblər kimi ifadə edir. Siyasət sinfi mübarizə qanunlarına, strategiya və taktikaya malikdir ki, bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz strateji məqsədlərində o, mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında və mübarizə üsullarının seçilməsində ümumi rəyi, əxlaqi qiymətləndirməni, əxlaqi uyğunluğu nəzərə alır. Siyasət də, əxlaq da insanların davranışını tənzimləyir, hakim sinfə və partiyaya xidmət edir. Müəyyən siniflərin siyasəti əxlaqi hiss və baxışların məzmunu ilə əlaqədardır. Buna görə də hakim sinif özünün əxlaq normalarını və prinsiplərini hakim edə bilir. Çünki əxlaq normaları müəyyən sosial birləşmələrin – siniflərin, qrupların, millətlərin siyasi tələblərini əks etdirir.
Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin ayrı-ayrı sosial qrupların və bütünlükdə cəmiyyətin gündəlik, həyat əhəmiyyətli maraqlarını, özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə edir və qoruyur. Bura mədəni, milli, iqtisadi və s. maraqlar aid edilir. Hər bir dövlətin bütün əhali üçün ümumi olan maraqları var: sərhədlərin qorunması, beynəlxalq aləmdə müəyyən nəticələr əldə edilməsi, milli mədəniyyətin və ənənələrin qorunması və s. Dövlətin ilk mövcud olduğu dövrlərdə – quldarlıq və feodalizm quruluşlarında hakim təbəqələrin siyasi şüuru aparıcı rol oynasa da, sonrakı dövrlərdə, xüsusən XX əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha çox zənginləşir.
Hüquq və əxlaq. Hüquq ictimai şüur formaları içərisində əxlaqla daha sıx bağlıdır. Çünki hər ikisi insanların cəmiyyətdə davranışını tənzimləyən müəyyən qaydalar və normalarla əlaqədardır. Hər ikisi tarixi xarakter daşıyır, hakim sinfə xidmət edir, həmin sinfə məxsus norma və qaydaları qoruyur. Hər iki halda bu normalar hər bir vətəndaşa aid olur. Hüquqa nisbətən əxlaqın tarixi daha qədimdir. Əgər əxlaq cəmiyyətin təşəkkül tapdığı ilk dövrlərdən yaranıbsa, bəşəriyyət mövcud olduqca yaşayacaqsa, hüququn xeyli sonra – siniflər meydana gəldikdə yaranması diqqəti cəlb edir. Hüququn yaranması dövlətin yaranması ilə əlaqədardır. Hüquq – dövlətin başlıca tərkib hissəsidir. Onun meydana gəlməsi şüurlu xarakter daşıyaraq dövlət tərəfindən əsaslandırılır.
Hüququn əsas kateqoriyaları ədalət, əxlaqınkı – xeyirdir. Ədalətə nisbətən xeyir kateqoriyasının əhatə dairəsi daha genişdir. Bəzi hüquq normalarının əxlaqla qətiyyən əlaqəsi olmur. Əxlaq normalarının da hamısı hüquq qaydalarında öz əksini tapmaya bilər. Hüquq qaydaları adətən ümumi olduğu halda, əxlaq qaydaları fərdi də ola bilər. Çünki heç bir hüquq məcəlləsi insan hərəkətlərinin rəngarəngliyini əvvəlcədən nəzərə ala bilməz. Əxlaq normaları ayrı-ayrı insanlar və ya kollektiv qarşısında qoyulan konkret tələblərdir ki, onların yerinə yetirilməsi hər bir kəsin vicdanından asılı olub, ictimai rəyə söykənir. Hüquq normaları isə dövlət orqanlarının nəzarəti altında olur və onların pozulması hüquq qaydaları ilə nəzərdə tutulmuş sanksiyalarla müəyyənləşir. Hüquq normaları adətən yazılı şəkildə mövcud olduğu halda, əxlaq normaları şifahi mövcud olub, xalqın şüurunda yaşayır və ictimai rəy tərəfindən tənzim edilərək könüllü xarakter daşıyır. Hüquq qaydalarına əməl edilməsi lazım gəldikdə xüsusi qanunçuluq aparatının köməyi ilə səlahiyyətli şəxslər tərəfindən həyata keçirilən güc vasitələrilə (inzibati, cinayət və iqtisadi sanksiyalarla) təmin edilir.
Elm və əxlaq. Elm və əxlaq ilk baxışdan ictimai şüurun müxtəlif formaları olsa da, onlar müəyyən mənada bir-birini tamamlayır. Elmin nəzəri təfəkkürə əsaslanmasını, əxlaqın isə gündəlik ailə-məişət problemləri ilə əlaqədar olmasına baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Alimin öz fəaliyyətində əxlaq prinsiplərini rəhbər tutması əxlaqın elmə, əxlaq prinsiplərinin elmi cəhətdən əsaslandırılması imkanı isə elmin əxlaqa göstərdiyi müsbət təsirlə bağlıdır. Çünki bəzi elmi kəşflər bəşəriyyətin xeyrinə deyil, ziyanına xidmət edə bilər. Alim insanların sağlamlığına və psixikasına mənfi təsir edəcək və ya kütləvi işsizliyə səbəb olacaq vasitələrdən istifadə etməzdən əvvəl bəşəriyyət qarşısındakı vətəndaşlıq borcunu, əxlaqi cavabdehliyini unutmamalıdır.
İncəsənət və əxlaq. İncəsənət və əxlaq ictimai şüurun digər formalarına nisbətən bir-birinə daha yaxındır. Həm incəsənət, həm də əxlaqın əsasını etiklik və estetikliyin vəhdəti təşkil edir. Əxlaq və incəsənətin qarşılıqlı əlaqəsi gözəllik və xeyirxahlıq ideyalarının birliyi ilə də bağlıdır. Bu, həm əxlaq, həm də incəsənətdə müəyyən etik və estetik idealın formalaşmasına gətirib çıxarır.
Hər iki ictimai şüur forması insanın mənəvi simasının formalaşmasına xidmət edir. İncəsənət həyatı hərtərəfli əks etdirə bildiyi halda, əxlaq onun yalnız bir tərəfini – mənəvi münasibətləri əks etdirir. Əxlaqi problemlər incəsənətdə mühüm yer tutur. Buna görə də həyat hadisələrini incəsənət əxlaqa nisbətən daha geniş işıqlandıra bilir. Etikadakı xeyir və şər problemləri incəsənətdə bədii şəkildə həll edilərək gözəllik və eybəcərlik kimi qiymətləndirilir. Həyatdakı əxlaqi – etik problemlər, məsələn, xeyirlə şərin mübarizəsi, borc, xoşbəxtlik, məhəbbət və s. incəsənətdə bədii vasitələrlə, bədii formada, estetik cəhətdən həll edilir. Xeyirxahlığa xidmət edən incəsənət eyni zamanda gözəldir. Bu, çox vaxt təkcə xeyirin təsdiqi kimi deyil, həm də şərin inkarı kimi verilir. Sənətkar eybəcərliyi və şəri fiziki cəhətdən məhv edə bilməsə də, onları mənən yox edir. İncəsənət şəri inkar etməklə insanda ona qarşı müəyyən estetik münasibət yaradır. 28 Həm əxlaqın, həm də incəsənətin ümumi funksiyası olan tərbiyəvi funksiya əxlaqda əsas, incəsənətdə köməkçidir. Əxlaq tərbiyəsində çox vaxt incəsənət daha təsirli rol oynayır.
Din və əxlaq. Din əxlaqdan sonra yaranan ictimai şüur formasıdır. Müxtəlif adət və ənənələr, əxlaq qaydaları (primitiv şəkildə də olsa) dindən xeyli əvvəl mövcud idi və insanlar buna riayət edirdi. Dünya dinlərindən hər biri öz inkişafında müəyyən iqtisadi, sosial amillərlə yanaşı əxlaqa da dəfələrlə müraciət ediblər. Bütün dini sistemlərdə əxlaq prinsipləri, norma və qaydaları haqqında kifayət qədər informasiya var. Din heç də yarandığı gündən cəmiyyətin əxlaqi funksiyalarının daşıyıcısı olmamışdır. Məsələn, qədim misirlilərin, babillərin və yunanların dini ilk vaxtlar əxlaq məsələləri ilə bağlı deyildi. Tədricən din, cəmiyyətin hakim əxlaq nəzəriyyələrinin daşıyıcısı olaraq ibtidai icma quruluşunun sonunda əxlaqın məzmununa qatılır və ona güclü təsir göstərməyə başlayır.
Artıq əxlaq qaydaları insanların dini təsəvvürlərindən asılı olur ki, bu da kahinlər və rəhbərlərin şəxsi maraqlarına xidmət edir. Dinə yalnız inam sistemi kimi deyil, həmçinin mədəniyyət, dünyagörüş, əxlaq və hüquq kimi də yanaşmaq lazımdır. Bütün dini abidələr insanların həyatını, əxlaqını, məişətini, adət və ənənələrini əks etdirir. Belə dini kitablar tarix və mədəniyyət abidələridir.
İslam dini insanların ilk növbədə elmli olması zərurətini yaradır. «QuraniKərimdə» dini tərbiyə ilə yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziyyətlərdə necə hərəkət etməyin lazım olması məsləhət və ya zəruriyyət kimi göstərilir. Bu baxımdan «Quran» bütün dövrlər, bütün xalqlar və millətlər üçün dəyişilməz qalan əxlaq kodeksidir. Bu gün olduqca dəbdə olan gender probleminə, ümumiyyətlə qadının həm cəmiyyətdə, həm ailədə mövqeyinə hələ VII əsrdə «Quran»da münasibət bildirilmiş və bütün məsələlərdə qadının mənafeyi üstün tutulmuşdur.



Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin