Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı


Ətraf mühitin iqtisadiyyatı



Yüklə 30,07 Kb.
səhifə2/4
tarix14.05.2022
ölçüsü30,07 Kb.
#57974
1   2   3   4
Ətraf mühitin iqtisadiyyatı elmi təbiətlə cəmiyyət arasında baş verən qarşılıqlı əlaqə və təsiri öyrənib, onun nizamlanması üçün iqtisadi mexanizmlər hazırlayıb təklif edir.

Ətraf mühitin iqtisadiyyatı – iqtisadiyyat elminin bir bölməsi olaraq insanların təsərrüfat fəaliyyətində ekoloji təhlükəsizliyi təmin edən, təbii resursların kompleks şəkildə səmərəli istifadəsinə və onların tükənməsinin qarşısının alınmasına yönəlmiş tədbirləri özündə birləşdirən bir elm sahəsidir.

Ətraf mühitin iqtisadiyyatı fənninin predmeti insanların təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətində təbii resursların hasilatı, emalı, istehlakı və istifadəsində yaranan sosial-iqtisadi münasibətlərdən ibarətdir.

Ətraf mühitin iqtisadiyyatında əsas tədqiqat istiqamətləri aşağıdakılardır:


  1. təbii-resurs potensialı,

  2. ekoloji problemlər və onların həlli yolları,

  3. təbiətdən səmərəli istifadənin metodlarının hazırlanması,

  4. təbiəti mühafizə tədbirlərinin iqtisadi təchizatı,

  5. təbiətdən istifadənin dövlət tənzimlənməsi.

Ətraf mühitdən istifadə prosesində müxtəlif növ təbii resursların ictimai istehlakı həyata keçirilir. Belə resurslara torpaq, meşə, faydalı qazıntılar, hava, su və s. aiddir.

Ətraf mühitin iqtisadiyyatı elminin əsas vəzifələri aşağıdakılardır:



  • təbiətdən səmərəli istifadə üsul, vasitə və formalarının tədqiqi, normal həyat fəaliyyəti üçün şəraitə nail olunması;

  • resursların hərtərəfli və kompleks istifadəsinə yönəlmiş tədbirlərin əsaslandırılıb hazırlanması;

  • iqtisadiyyatın ekolojiləşdirilməsinin əsaslandırılması;

  • gələcək nəsillərin maraqları nəzərə alınmaqla cəmiyyətlə təbiətin qarşılıqlı əlaqə və təsirinin optimallaşma üsullarının hazırlanması;

  • təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin dövlət və regional idarəetmə orqanları sisteminin yaradılması.

Ətraf mühitin iqtisadiyyatı – cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri prosesini və nəticələrini iqtisadi üsullarla öyrənən bir elmdir. Bu elm təbiətdən səmərəli istifadə ilə qarşılıqlı əlaqədə olan kompleks problemləri də nəzərdə tutur.

Ətraf mühitin iqtisadiyyatının praktiki aspektləri üç qrup problemi birləşdirir:1) təbii resursların iqtisadi qiymətləndirilməsi; 2) ətraf mühitin çirklənməsindən dəyən sosial-iqtisadi zərərin qiymətləndirilməsi ;3) cəmiyyətdə ekoloji proseslərlə bağlı qərar qəbul edilərkən təsərrüfat mexanizmlərinə ekoloji amillərin cəlb olunması üsulları.

Təbiətdən istifadə və ya Ətraf Mühitin İqtisadiyyatı – ictimai-istehsal fəaliyyət prosesi olub, cəmiyyətin maddi və mənəvi tələbatlarını ödəmək üçün müxtəlif təbiət şərtlərində müxtəlif təbii resurslardan istifa­dədir.

XX əsrin sonlarında və XXI əsrin əvvəllərində insan cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuşdur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, yavaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə əvəz olunmağa başlamışdır. Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıqlı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaqdadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına cavab verən və ətraf mühitin təbii-ehtiyat potensialının keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iqtisadiyyat formalaşdırılmalıdır. Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələcək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət arasında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlərinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehtiyatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qarşısının alınması və ya onun mənfi təsirlərinin aradan qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin aktivləşdirilməsi məsələsi gündəmə gəlir Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öyrənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması yollarını müəyyən etməkdən ibarətdir.

Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də yiyələnirlər. Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji məsələlərinə dair müstəqil fənnlər: “Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki məsələlər əhatə olunmuşdur. Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. “Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox məsələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekolojiiqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyəti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırılması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; maliyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının əsas anlayışları aşağıdakılardır: Təbiət –qapalı, özünü təmin edən, özü inkişaf edən bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyətini saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar anlayışları fərqləndirilir. Təbii mühit – insanın yaşadığı və istehsal fəaliyyəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın yaşamaq imkanını və fəaliyyət göstərməsini təmin edir.

Təbii ehtiyatlar – təbiət prosesləri nəticəsində təbii mühitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi olaraq tükənməyən və tükənən hissələrə bölünürlər. Tükənən ehtiyatlar öz növbəsində bərpa oluna bilən və bərpa oluna bilməyən növlərə bölünürlər. Təbii ehtiyatlardan optimal istifadə edilməsini idarə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib hesab edilir. Təbii ehtiyatların keyfiyyəti – ehtiyatların əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tələblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyəsi ilə ölçülür. Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə ediləcək bütün təbii ehtiyat növləri və insan həyatının təbii şəraitinin cəmi təbii rifah adlanır. Təbii rifah əməyin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyildir. Lakin insanlar üçün istehlak dəyərinə malikdir, ya istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifadə edilə bilər.

Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi – fiziki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahidə olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir. Ekoloji itki – təbii mühitin şərti ideal optimal vəziyyətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir. Ekoloji-iqtisadi itki – ətraf mühitin çirkləndirilməsi nəticəsində neqativ itkilərin pul ifadəsində qiymətidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahələrdə müxtəlif xərclərin (məsrəf və itkilərin) cəmi kimi ifadə etmək olar. İnsanın fəaliyyəti onu əhatə edən mühitlə əlaqədardır. Təbiət həm insanın istehsal fəaliyyəti üçün zəruri xammal mənbəyidir, həm də onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir.

N.F.Reymersə (1992) görə təbiətdən istifadə özündə aşağıdakıları birləşdirir: a) mü­hafizəsi, bərpaolunma və təbii resurslardan təkrar istifadə, onların çıxarılması və təkrar emalı; b) insanın həyatı üçün təbii şəraitin qorunması və istifadə olunması; c) təbii sistemlərin qorunması, bərpa olunması, ekoloji tarazlığın səmərəli dəyişdirilməsi; ç) insanların sayının idarə olunması.

Təbiətdən istifadə səmərəsiz və səmərəli ola bilər. Səmərəsiz istifadədə təbii – resurs potensialının saxlanılması təmin olunmur, təbii mühitdə yoxsullaşma yaranır, keyfiyyət dəyişir, ekoloji tarazlığın və ekosistemin pozulması təbii mühitin çirklənməsi və tükənməsi ilə müşayət olunur.




Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin